Heydər Əliyev Fondunun fəaliyyəti bəşəri ideallara yüksək sədaqət nümunəsidir

 

Azərbaycan cəmiyyətində özünəməxsus yeri olan Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir. Onillik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olub. Elm, təhsil,  səhiyyə, mədəniyyət sahələrini və ümumiyyətlə, cəmiyyət həyatının əksər qütblərini əhatə edən həmin layihələrin uğurla həyata keçirilməsinin əsas səbəblərindən biri də  bilavasitə fondun prezidenti Mehriban xanım Əliyevanın prinsipiallığı, təşəbbüskarlığı və  humanistliyi ilə bağlıdır. Ona görə də fondun fəaliyyəti barədə hazırladığımız bu yazının əvvəlində  bilavasitə qurumun rəhbəri barədə bir neçə cümlə qələmə almağı məqsədəuyğun hesab etdik.

 

 O,  hələ Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri seçilməzdən əvvəl də kifayət qədər tanınırdı və müəyyən üstünlüklərə sahib idi. Tale ona Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Mir Cəlal Paşayevin və milli mətbuatımızın inkişafında möhtəşəm xidmətləri olmuş böyük mətbuat xadimi Nəsir İmanquliyevin nəvəsi, XX əsr dünya siyasətinin ən nüfuzlu simalarından olan dahi Heydər Əliyevin gəlini, yeni əsrdə regionun siyasi-diplomatik proseslərinin ən aparıcı dövlət başçılarından birinə çevrilmiş Prezident İlham Əliyevin xanımı olmaq şərəfini nəsib etmişdi. Bütün bunlardan əvvəl isə şəxsi keyfiyyətlər, fərdi qabiliyyətlər amili də mövcuddur ki, Mehriban Əliyeva məhz həmin amillər nəticəsində hələ gənclik  illərindən əhatəsindəki insanların sevimlisinə çevrilmişdi. Həmin əhatə genişləndikcə isə ona olan sevgi, inam, etimad da müvafiq olaraq artır və o, sözün həqiqi mənasında, Azərbaycan xanımlığının zirvələrindən birinə çevrilirdi. Tale onu ucaltdıqca, o da öz taleyinin üz ağlığını təmin edirdi. Dövlət başçımızın sərəncamı ilə yaradılmış Heydər Əliyev Fondunun prezidenti təyin olunmaq isə onun milli-mənəvi dəyərlərimizlə yanaşı, ümumbəşəri  mədəni nümunələrin qorunması və inkişaf etdirilməsi sahəsində nə qədər təşəbbüskarlığa və  idarəçilik potensialına malik olduğunu ortaya qoydu.

 

Təsadüfi deyil ki, bu gün dünyanın əksər ölkələrində Azərbaycanla, Heydər Əliyev Fondu ilə yanaşı, məhz onun da adı çəkilir, ictimai-siyasi fəaliyyəti yüksək qiymətləndirilir. Ölkə ictimaiyyəti artıq Mehriban xanım Əliyevanın beynəlxalq aləmdən hansısa mükafat alması barədə xəbərləri dövri olaraq eşidir. Son bir neçə gündə biz həm Rusiya Federasiyasından, həm də Küveytdən bu məzmunlu xəbərləri eşitdik.  Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünya miqyaslı bir neçə mükafata layiq görülüb.

 

Məlum olduğu kimi, birinci xanımlar, əsasən, XIX əsrin əvvəllərindən ABŞ-ın ictimai-siyasi həyatında fəal rol oynamağa başlayıblar. O zaman amerikalılar  belə düşünürdülər ki, onun səs verib öz taleyini etibar etdiyi prezidentin şəxsi həyatının əsas hissəsi olan birinci xanımın mənəvi keyfiyyətləri, sosial maraqları, etiqadları prezidentə təsir göstərə bilər. Ona görə də seçki kampaniyalarında birinci xanımların ictimai obrazı önəmli bir amil kimi mütləq nəzərə alınırdı və elə indi də nəzərə alınır. Bizim tariximizdə isə birinci xanım ənənələrinin  ən parlaq başlanğıcı “Kitabi-Dədə Qorqud”dakı qadın obrazlarında görünür. Yəni,  Azərbaycan xanımının öz nəcib əməlləri ilə birinci kimi önə çıxması dövlətimizin  indiki ərazisindən qat-qat geniş coğrafiyada böyük qəhrəmanlıqlar göstərmiş qadınlarımızın ucalığını sübut edir.

 

Mehriban xanım Əliyevanın  ləyaqətlə yerinə yetirdiyi  tarixi missiya– ölkənin birinci xanımı  missiyası məhz həmin ənənələrin yaşadılmasıdır. O, Azərbaycanın birinci xanımı kimi  öz missiyasının icrasına başlayanda  ölkəmizdə həmin  statusu daşıyan şəxsin davranış normaları, yerinə yetirməli olduğu vəzifələrlə bağlı istinad ediləsi sistemli qaydalar, komplekslər mövcud deyildi. Üstəlik, dünyanın heç bir yerində birinci xanım statusunda necə davranmağın qaydalarını öyrədən  kurslar,  təhsil mərkəzləri yoxdur. Bizim xalqımızın mənəvi zənginliyindən qaynaqlanan, Azərbaycan qadınının ən ali insani keyfiyyətlərə malik olmasından irəli gələn nəticədir ki, Mehriban xanım Əliyeva  öz missiyası ilə bütün dünyada birinci xanımlığın mükəmməl nümunəsini, yeni meyarlarını yaratdı.

 

Bəzi konkret məqamlara diqqət yetirək. Mehriban Əliyeva 2009-cu ildə “Bakı” jurnalına müsahibəsi zamanı “Prezidenti və onun xanımını milyonlarla insan izləyir. Birinci xanım olmaq çətindirmi? – sualını cavablandırarkən demişdi: ”Belə deyərdim: asan deyil. Ancaq burada açıqlıq elementi əsas rolu oynamır. Tədricən kameralara, sənə dikilmiş baxışlara öyrəşirsən. Bunu öz həyat atributun kimi qəbul edirsən. Ölkə Prezidentinin həyat yoldaşı olmaq məsuliyyətli, çətin işdir. Sən yalnız özünü və ailəni yox, həm də haradasa öz ölkəni təmsil edirsən. Sözlər, hərəkətlər, davranış hamısı yerində olmalıdır. Xoşbəxtlikdən mən hələ uşaqlıqdan öz qarşıma sərt tələblər qoymuşam, həmişə valideynlərimə, ailəmə layiq olmağa çalışmışam. Bu gün eyni məsuliyyət bizim uşaqlarımızın üzərinə düşür və mən fəxr edirəm ki, onlar bu çətin vəzifənin öhdəsindən dəqiqliklə gəlirlər”.

 

Bəli, o, öz statusunu adi bir vəzifə kimi deyil, məsuliyyət kimi qəbul edir. O,  birinci xanım statusunun məsuliyyəti ilə yanaşı, Heydər Əliyev Fondunun yaradıldığı gündən  bu möhtəşəm quruma rəhbərlik etdiyi hər günün məsuliyyətini yaşayıb. Məlumdur ki, fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. Mehriban xanım birinci xanım statusu ilə  fonddakı işini  sistemləşdirmək, layihələrin miqyasını genişləndirmək, onların həyata keçirilməsi üçün əlavə resurslar cəlb etmək  vəzifələrinin öhdəsindən  yüksək səviyyədə gəlir.

 

 Məhz onun təşəbbüskarlıq və prinsipiallığı nəticəsində Heydər Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqət yetirir. Fond, həmçinin dünyanın məşhur mütəfəkkiri, görkəmli alimi, ensiklopedik biliyə malik Nəsirəddin Tusinin “Əxlaqi-Nasir” əsərini latın qrafikasında yenidən nəşr etdirib, “Azərbaycan” kitab-fotoalbomu və əksər türk ölkələrində populyar olan “Qabusnamə” kitabının rus variantını hazırlayıb, “Azərbaycan muğamı” multimedia məcmuəsi və “Muğam dünyası” kitabını buraxıb. Heydər Əliyev Fondunun beynəlxalq musiqi layihəsi çərçivəsində “İntizar” operasının yeni quruluşda premyerası keçirilib.

 

Məhz onun diqqəti nəticəsində bu gün dünyanın əksər ölkələrində Azərbaycanın və Heydər Əliyevin adı, demək olar ki, hər gün yada düşür, səsləndirilir. Belə ki, fondun başqa ölkələrdə  nümayəndəlikləri var və Azərbaycandan kənarda bir sıra layihələr uğurla həyata keçirilir. Belə ki, 2010-cu ilin iyununda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” mövzusunda forum keçirilib. Bundan başqa fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir.  Məsələn,  dünya irslərinin siyahısına daxil olan Parisin Versal Sarayının parkında zamanın və iqlimin təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitraclarının təmirinə də maddi kömək göstərib. İyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” imzalanıb. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.

 

 Sayı onlarca olan faktlardan birini yada salaq. Yəqin hörmətli oxucuların yadından çıxmayıb. 2012-ci il sentyabrın 18-də Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimi keçirilmişdi. Hər bir azərbaycanlı və hər bir müsəlman üçün  məmnunluq gətirən həmin mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak etmişdilər. Ertəsi gün  isə Parisdə Heydər Əliyev Fondunun və Fransada Azərbaycanın səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimi olmuşdu. Bütün dünyanın diqqət mərkəzində olan Eyfel qülləsinin yaxınlığında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi dünya mədəniyyətinin paytaxtında ölkəmizin təbliği üçün ən əhəmiyyətli addımlardan biridir. Xüsusi əhəmiyyətə malik olan bu mədəni hadisə mədəniyyətlərarası dialoq platformasının aparıcı qüvvəsi kimi dünya gündəliyinə daxil olmuş Azərbaycanın ən yüksək səviyyədə populyarlaşmasına xidmət edir. Qədim və zəngin tarixə aid olan eksponatların ölkəmizin mədəniyyətini bir məkanda təqdim etdiyi mərkəz, həmçinin Parisin mədəni həyatında fəallığı ilə fərqlənən bu sahədə Azərbaycanın həyata keçirdiyi fəaliyyətin sübutu üçün geniş imkanlar açır. Azərbaycan Mədəniyyət Mərkəzi, həmçinin bizim ölkəmizə hədsiz marağı təcəssüm etdirirdi. 

 

Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri də dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana təcavüzünün tarixini əks etdirən “Qarabağ reallıqları” bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən “Müharibə və mədəni-tarixi abidələrimiz”, “Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında” kitablarını qeyd etmək olar. Bundan başqa, fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edirdi.

 

Xatırladaq ki,  Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı sahəsində mühüm xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəki genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESCO-nun (İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatı) xoşməramlı səfiri seçilib.

 

Təbii ki, bu  nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsuliyyətli missiyadır. Həm UNESCO, həm də İSESCO nizamnamələrində qeyd olunduğu kimi, qeyri-siyasi institutlardır. Eyni zamanda bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır. Bu, müasir Azərbaycanın, qədim tarixə və mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması üçün fürsətdir. Bu qurumların xoşməramlı səfiri kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir. Hər bir azərbaycanlı şahiddir ki, ölkəmizin birinci xanımı həmin missiyaların öhdəsindən layiqincə gəlir.

 

Ancaq Heydər Əliyev Fondunun xeyriyyəçilik istiqamətli layihələri də az deyil. 2005-ci ildə mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban xanım Əliyeva Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunub. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı “Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi işində müstəsna xidmətlərinə görə” xüsusi mükafatı ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə Mehriban xanım Əliyeva 2007-ci ildə “Qızıl Ürək” beynəlxalq mükafatına layiq görülüb.

 

Gənc müstəqil dövlətimizin təhsil sisteminin inkişafında, dünyada milli-mədəni irsin qorunması və təbliği ilə bağlı xidmətlərinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üzrə görülən işlərə, bədii gimnastika üzrə 27-ci Dünya çempionatına hazırlığa və onun respublikada yüksək səviyyədə keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan etmişdi.

 

2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyeva bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku yarışının, 2005-ci ildə bədii gimnastika üzrə Dünya çempionatının, 2007 və 2009-cu illərdə Avropa birinciliyinin keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb. 2012-ci ilin fevralında  qəbul edilmiş qərar əsasında  2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda – Bakıda  yeni tikilmiş   Olimpiya Gimnastika Kompleksində keçirildi. Həmin qayğı və diqqətin nəticəsidir ki, bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir. İdmançılar beynəlxalq turnirlərdə lider mövqeləri tuturlar.

 

Kütləvi informasiya vasitələrindən də məlum olduğu kimi, bu il yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdı. Sərəncama görə, komitənin sədri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təyin edilib. Təşkilat Komitəsinin ikinci iclasında  komitənin sədri Mehriban xanım Əliyeva qarşıda duran vəzifələrdən danışaraq demişdir: “Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə ilk dəfə Avropa Oyunları keçiriləcəkdir. Bu vaxta qədər tarixdə belə tədbir keçirilməyib. Baxmayaraq ki, ümumiyyətlə Olimpiya hərəkatı Avropada doğulub və sonra yenidən Avropada bərpa olunmuşdur, digər qitələrdə qitə oyunları keçirilirdi, Avropada isə ilk dəfə belə oyunların keçirilməsi şərəfi bizə nəsib olub. Biz çalışmalıyıq ki, bu oyunlar ən yüksək səviyyədə hazırlansın və ən yüksək səviyyədə keçirilsin. Ümumiyyətlə, bu, Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir”.

 

Eyni  zamanda, onun siyasi fəaliyyəti də ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, müxtəlif qeyri-hökumət təşkilatlarının qeyri-rəsmi olaraq ən yaxşı deputat adlandırdığı beş-altı parlament üzvündən biri də məhz Mehriban xanım Əliyevadır.  Bundan başqa, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 2013-cü il iyunun 7-də keçirilən hakim Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın sədr müavini seçilib.

 

Yəni bu gün fəxrlə deyə bilərik ki, ulu öndərin adını daşıyan fond da, fondun dünya miqyaslı nüfuza malik sədri də  təkcə Azərbaycan həqiqətlərini və milli mədəniyyətimizin beynəlxalq həyatda təbliğini təşkil etmir, həm də dünya həqiqətlərinin və dünya məbdəniyyətinin ölkəmizə gətirilməsini təmin edir.

 

“Xalq qəzeti”.-2014.-26 avqust.-S.2.