Humanizm prinsipləri
ölkəmizin daxili siyasətinin prioritetlərindən biridir
Demokratik cəmiyyət və ya
hüquqi dövlət dedikdə, ilk növbədə, insan
hüquq və azadlıqlarının müdafiəsi yada düşür. İnsan hüquqları müasir
dünyamızın hər bir demokratik dövləti tərəfindən
prioritet hesab edilən mövzulardan hesab edilir. Müstəqil
Azərbaycanda da insan hüquq və azadlıqlarının təmin
edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi
dövlətin ən ali məqsədi elan
edilib.
Ulu öndər Heydər Əliyev Azərbaycanın
müasir dövlətçiliyinin banisidir. Həm də ona görə
ki, Azərbaycanda
əfv, amnistiya və humanizm siyasətinin
başlanğıcı məhz Heydər Əliyev tərəfindən
qoyulub. Düzdür, 1993-cü ilə qədər
də əfv və amnistiya aktları tətbiq olunurdu. Amma, hansı formada? Təsəvvür edin ki,
1992-ci ilin dekabrında o zamankı Prezident Əbülfəz
Əliyev və qısa bir müddətdə prezident səlahiyyətlərini
icra edən İsa Qəmbər tərəfindən 1993-cü
ilin fevral ayında ölüm cəzasının
bağışlanması barədə müraciətlər ləğv
olundu və özü də bu, tələm-tələsik,
heç bir ehtiyac olmadan edildi. Nəticədə
həmin dövrdə bir neçə şəxs haqqında
ölüm cəzası icra olundu. Onu da qeyd edək ki,
Azərbaycanın ictimai-hüquqi mühiti 1992-1993-cü il ölüm cəzası ilə yadda
qalıb.
AXC-Müsavat hakimiyyəti dövründə əfvlə
bağlı ikinci qanunsuz bir addım 1992-ci ildə o zamankı
Daxili İşlər Nazirliyi tərəfindən edildi. Bu haqda
parlamentin heç bir amnistiya qərarı olmadan ağır
cinayət törətmiş 600-dən çox şəxs
azadlığa buraxıldı. 1992-93-cü
illər mühiti bu idi - ölüm cəzasının
icrası və... bir qədər də şübhəli
icrası. Sonradan o insanların valideynləri
bu məsələni araşdırdılar və məlum oldu
ki, bu cəzanın tələm-tələsik icrasında o
vaxtkı məmurlardan kiminsə şəxsi marağı
olub. Digər tərəfdən, o amnistiya
qeyri-qanuni bir amnistiya idi. Ağır cinayət
törətmiş yüzlərlə şəxs
azadlığa çıxdı, yenidən amansız cinayətlər
törətdilər. Onların çoxunu
heç 90-cı illərin sonuna qədər axtarıb tapmaq
mümkün olmadı. Çünki əksəriyyəti
başqa ölkələrə qaçmışdı.
Təsəvvür edin ki, belə bir mühitdə Heydər
Əliyev xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə
gəldi və onun ilk qərarlarından biri də ölüm
cəzasının icrasına monitorinq tətbiq edilməsi
oldu.
Azərbaycan Respublikasında 1993-cü ildən etibarən
ölüm cəzasının icrasına veto qoyulmuş,
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə 1998-ci ildə isə Şərqdə ilk dəfə
olaraq, Azərbaycanda bu cəza növü ləğv
edilmiş, respublikamız dünya birliyinin tamhüquqlu subyekti
kimi insan hüquq və azadlıqlarının qorunması sahəsində
bütün əsas beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu,
ümummilli lider Heydər Əliyevin humanist ideyalara sadiqliyini
bir daha təsdiq edir.
Ulu öndər Heydər Əliyev tərəfindən təsis
olunan əfv institutu 1995-ci ildə yenidən, tamamilə fərqli
şəkildə bərpa olundu. İlk dəfə hərbi xidmətdən, xidmət
yerlərindən yayınan təxminən 1000-ə yaxın əsgər
əfv olundu. Onlar fərariliyə görə
məhkum olunmuşdular. Amma,
araşdırmalar göstərirdi ki, onların fərariliyinin
əsasında o dövrdə ordudakı hərc-mərclik,
özbaşınalıq və intizamsızlıq dururdu.
Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra Azərbaycanda fərariliyə
son qoyuldu. Söz yox ki, hərbi hissələrdə
nöqsanlar olur, ona qarşı isə dərhal tədbir
görülür. Amma orduda artıq fərarilik
cinayəti yoxdur. Halbuki, AXC-Müsavat hakimiyyəti dövründə bu,
kütləvi hal almışdı. Nəticədə
gənclər uzun müddətlik məhkum olunurdular.
İnsan
hüquqları sahəsində məqsədyönlü həyata
keçirilən tədbirlər çərçivəsində
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevral
ayının 22-də imzaladığı “İnsan və vətəndaş
hüquqları və azadlıqlarının təmin edilməsi
sahəsində tədbirlər haqqında” fərmanı
mühüm rol oynamış, ölkəmizdə “İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramı” təsdiq edilərək həyata keçirilməyə
başlanılmışdır.
Azərbaycanda humanist siyasətin əsasını
qoyan ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü
əsasında Milli Məclis 1996-2003-cü illərdə
amnistiya haqqında 7 qanun imzalamış, 21325 məhkum
azadlığa buraxılmış, ümumilikdə 78 mindən
artıq məhkuma bu amnistiya aktları şamil edilmişdi. Bəzi iddiaların əksinə olaraq bu humanist
addımlar ciddi tərbiyəvi əhəmiyyət
daşıdı, ölkədə cinayətkarlığın
səviyyəsinin daha da azalmasını təmin etdi.
1995-ci ildən
bəri imzalanan 54 əfv sərəncamı 60 mindən artıq məhkuma
şamil edilib. Heydər Əliyev cəzanın
adekvatlığı və humanistliyi məsələlərinə
daim diqqətlə yanaşıb, bu məqsədlə
hüquq-mühafizə orqanlarında yeni dövrün tələblərinə
cavab verən mütərəqqi islahatların
aparılmasını daim nəzarətdə saxlayıb.
İnsanlara böyük sevinc bəxş edən,
onlara səmimi, ülvi hisslər aşılayan əvf və
amnistiya aktları ümummilli lider Heydər Əliyevin xalq və
dövlət maraqları naminə reallaşdırdığı
misilsiz işlər sırasında daim xüsusi qeyd olunur.
Heydər
Əliyevin humanizm siyasəti sahəsində ən
böyük əməyi məhz müstəqil Azərbaycanın
ilk konstitusiyasının hazırlanması və qəbuludur.
1995-ci il noyabrın 12-də xalq
ümummilli liderin bu təşəbbüsünü dəstəklədi.
Müstəqil dövlətimizin ilk
Konstitusiyası keçmiş sovet konstitusiyalarından əsaslı
surətdə fərqli oldu. İlk dəfə
Konstitusiyamızda dövlət hakimiyyətinin
bölgüsü prinsipi həyata keçirilib.
Ümumiyyətlə, Konstitusiyanın III fəsli bütövlükdə, yəni
158 maddədən 48-i insan və vətəndaş
hüquqlarına və azadlıqlarına həsr edilib. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş
hüquqlarına və azadlıqlarına təminat verilir.
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş
hüquqlarını və azadlıqlarını gözləmək
və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının borcu hesab edilir. Həmin
maddədə daha sonra göstərilir ki, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata
keçirilməsini heç kəs məhdudlaşdıra,
konstitusiyanın heç bir müddəası insan və vətəndaş
hüquqlarının və azadlıqlarının ləğvinə
yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
Azərbaycan Respublikasının ərazisində
insan və vətəndaş hüquqları və
azadlıqları birbaşa qüvvədədir. Beləliklə, Konstitusiyanın qeyd edilən
normalarının təhlili göstərir ki, bu normalar
hüquqi dövlət quruculuğu prinsipinin mahiyyətindən
irəli gəlməklə cəmiyyətdə qanunun aliliyinə
xidmət edir. Ölkəmizdə həmin
vaxtdan başlayaraq, ciddi sosial-iqtisadi islahatlarla yanaşı,
hüquq islahatı, həmçinin onun tərkib hissəsi
olan məhkəmə-hüquq islahatı həyata
keçirilməyə başlayıb. İlk
dəfə olaraq üçpilləli məhkəmə sistemi
yaradılıb.
Heydər Əliyevin Azərbaycanda
insan hüquq və azadlıqlarının təmini və
müdafiəsi istiqamətində gördüyü işlərin
ən vaciblərindən biri də “İnsan Hüquqları
üzrə Müvəkkil (ombudsman) haqqında” Qanunun qəbul
edilməsi və Ombudsman Aparatının
yaradılmasıdır. Ölkədə
Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların
hüquqlarının müdafəsi sahəsində daha ciddi
nailiyyətlər əldə edilməyə başlandı.
Ulu öndərin möhkəm təməllər üzərində
əsasını qoyduğu siyasəti bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyev də əfvetmə
institutunun çevik və işlək mexanizmlər əsasında
fəaliyyətini təmin edir. Hər bir Azərbaycan vətəndaşının
Prezidenti olduğunu qısa müddətdə tam sübuta
yetirmiş dövlətimizin başçısı, hətta
cinayət əməlinə yol vermiş insanların da taleyinə
biganə deyildir: məhkum olunmuş bir sıra şəxslərin,
onların ailə üzvlərinin, İnsan Hüquqları
üzrə müvəkkilin müraciətlərinə əsaslanan,
məhkumların səhhətini, ailə vəziyyətini, bu
müddətdə davranışlarını nəzərə
alan, cəzadan azad etmənin tərbiyəvi
əhəmiyyətini önə çəkən Prezident
İlham Əliyev vaxtaşırı əfv sərəncamları
imzalayır.
Dövlət
başçısı həmişə vurğulayır ki,
insan hüquq və azadlıqlarının, o cümlədən,
fikir azadlığının müdafiəsi Azərbaycan
dövlətinin ali məqsədi və fəaliyyətinin
ən mühüm istiqamətlərindən biridir. Prezident bu
sahənin inkişafı üçün dövlət tərəfindən
hər cür şəraitin yaradılmasına nail olub və
bu məsələləri şəxsən diqqətində
saxlayır. Müxtəlif cinayət əməllərinə
görə məhkum edilmiş jurnalistlərin əfv edilməsi
ilə bağlı dövlət başçısının
fəaliyyəti təqdirəlayiqdir.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin
inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və
hüquq müdafiə sisteminin təkmilləşdirilməsi
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin
əsasını təşkil edir.
2006-cı
il dekabrın 28-də qəbul edilmiş “Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planı” insan
hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə
yeni müstəviyə keçməsinə, universal və
regional səviyyədə yeni əməkdaşlıq
strategiyasının qurulmasına, dövlətlə vətəndaş
cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin
yaradılmasına xidmət edir.
Milli Fəaliyyət Planında əhalinin müxtəlif,
o cümlədən həssas qruplarına aid olan şəxslərin
- qaçqın və məcburi köçkünlər, məhkumlar,
hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər
və başqalarının hüquqlarının təmin
edilməsində səmərəliliyin artırılması məqsədilə
fəaliyyət istiqamətləri müəyyən olunur. Və bu
baxımdan qeyd olunur ki, yoxsulluğun azaldılması, məşğulluğun
təmin olunması, qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması, ahıl vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi və digər
sahələrdə artıq qəbul olunmuş müvafiq
xüsusi dövlət proqramlarının icrasına Milli Fəaliyyət
Planı kontekstindən yanaşılmalıdır.
Proqrama
uyğun olaraq, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın təmin edilməsi, korrupsiya ilə
mübarizənin gücləndirilməsi potensialının
artırılması və bu sahədə institusional
islahatların həyata keçirilməsi, əhaliyə
elektron xidmətlərin göstərilməsinin təşkil
edilməsi, hakimlərin və hakimliyə namizədlərin,
hüquq-mühafizə orqanları əməkdaşlarının
və vəkillərin tədrisində insan hüquqları sahəsində
beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş
istifadə olunması, məhkəmə qərarlarının
vaxtında və dəqiq icra edilməsi üçün icra
işinin səmərəliliyinin yüksəldilməsi, habelə
vəkillik institutunun gücləndirilməsi üzrə tədbirlərin
davam etdirilməsi məsələləri mühüm istiqamətlər
sırasındadır.
Milli Fəaliyyət
Planında insan hüquqları sahəsində tədris,
elmi-analitik və maarifləndirmə işlərinin həyata
keçirilməsinə xüsusi diqqət yetirilərək əhalinin
hüquq düşüncəsinin və hüquq mədəniyyətinin
inkişaf etdirilməsi məqsədilə
ixtisaslaşmış beynəlxalq elmi-tədqiqat və tədris
müəssisələri ilə əməkdaşlığın
təkmilləşdirilməsi, bu sahədə beynəlxalq sənədlərin,
xüsusilə də İnsan Hüquqlarına dair Avropa Konvensiyasının,
İşgəncələr əleyhinə Konvensiyanın
dövlət qulluqçuları, hüquq-mühafizə
orqanlarının əməkdaşları tərəfindən
öyrənilməsinin təmin edilməsi nəzərdə
tutulub. Bunlarla yanaşı, proqramda BMT-nin müxtəlif təsisatları,
o cümlədən insan hüquqları sahəsində
ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali
Komissarlıq, UNESCO, UNİCEF, habelə Avropa Şurası,
Avropa İttifaqı, ATƏT, İslam Əməkdaşlıq
Təşkilatı və digər regional təşkilatlarla
birgə layihələrin həyata keçirilməsinin zəruriliyi
vurğulanır.
Onu da qeyd
edək ki, nüfuzlu beynəlxalq təşkilatlar qarşısında
götürdüyü öhdəlikləri tam
yerinə yetirən Azərbaycanda insan hüquq və
azadlıqlarının təmini, demokratik hüquqi dövlət
quruculuğu ölkəmizin prioritet seçimlərindən
biridir. ATƏT-in Bakı ofisinin rəhbəri də
Azərbaycanda insan hüquqlarının müdafiəsi
yönündə görülmüş işləri müsbət
qiymətləndirmiş, bu sahədə Avropa
Şurasının tövsiyə və məsləhətlərinə
əməl olunduğunu xüsusi vurğulamışdır.
Prezident İlham Əliyevin 10 ildə 35 min 160 nəfərdən çox məhkumu azadlığa buraxması, bu müddət ərzində çoxlu sayda amnistiya aktlarının və əfv sərəncamlarının imzalanması ölkəmizdə humanizm prinsiplərinə sadiqliyin bariz nümunəsidir. Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirilməsi dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları tərəfindən də yüksək dəyərləndirilir və dövlətimizin başçısı İlham Əliyevin insanpərvər dövlət başçısı olduğu bildirilir.
Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən də davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın son 3 ildə iki dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi bunun əyani təcəssümüdür.
Respublikamızın rəhbəri İlham Əliyev ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının reallığı, təminatı və müdafiəsi prinsiplərinə sadiq qalaraq, vətəndaş cəmiyyəti, demokratik, hüquqi, dünyəvi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılmasını daxili siyasətin prioriteti kimi bəyan edib. Məhz buna görə də insan hüquqlarına hörmət ölkəmizi demokratik, hüquqi dövlət kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri hesab olunur. Çünki hüquqi dövlət quruculuğunun ən vacib şərti ölkədə insan hüquqlarının və azadlıqlarının təmin edilməsindən ibarətdir. Biz bunu gündəlik həyatımızda görürük.
Əliqismət
BƏDƏLOV,
Xalq qəzeti.-2014.-28 avqust.-S.4.