Makedoniyada Azərbaycan bayrağının
işığında
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar
və şair Akif
Əhmədgil Makedoniya Respublikasında
keçirilən Beynəlxalq “Struqa şeir axşamları” festivalında iştirak ediblər. Akif
Əhmədgilin həmin ədəbi forum
haqqında təəssüratlarını oxuculara
təqdim edirik:
– Bəri başdan deyim ki, 53-cü dəfə keçirilən “Struqa şeir axşamları” festivalı Avropanın ən nüfuzlu ədəbi toplantısı hesab olunur. Belə ki, bu ədəbi müsabiqəyə qatılan şair və yazıçının şərəfinə təmsil etdiyi ölkənin bayrağı festival boyu kurort şəhəri kimi tanınan Struqada dalğalanır. Heç şübhəsiz ki, 3-cü dəfə iştirakçısı olduğum ədəbi toplantıda Azərbaycan bayrağının dalğalandığını görmək və onun kölgəsində şeir söyləmək mənim üçün qürurverici bir məqamdır.
Xatırlatmaq yerinə düşərdi ki, bu festivalda Azərbaycan şeirini ilk dəfə 1968-ci ildə xalq şairi Rəsul Rza layiqincə təmsil etmişdir. Bu mənada indiki poeziya festivalı yol yoldaşım Anar müəllim üçün xüsusi məna kəsb edirdi. Belə ki, az qala yarım əsr sonra bir zaman atasının keçdiyi yollardan keçmək, gəzdiyi yerləri görmək bir oğul kimi ona nəsib olurdu. Makedoniyada yaşayan ünlü türk şairi İlhami Emin indi bizim qaldığımız “Dirim” otelində Rəsul Rza ilə görüşü haqqında, habelə Ohri sahillərində Azərbaycan şairinin ana dilində oxuduğu şeirin hərarətlə qarşılandığı barədə mənə danışmışdır. Üstəlik, həmin vaxtlarda Makedoniyada türklərin indikindən qat-qat çox olduğunu nəzərə alsaq Rəsul Rza şeirinin necə rəğbətlə qarşılandığını təsəvvür etmək çətin deyil.
Bir daha “Struqa şeir axşamlarında” Azərbaycan dilində şeir oxumaq səadəti iyirmi il sonra 1988-ci ildə türk dünyasının ünlü şairi Məmməd İsmayıla nəsib olmuşdur. Nəhayət, müstəqillik dövründə 2004-cü və 2007-ci illərdə həmin festivalda Azərbaycan bayrağının kölgəsində bir neçə şeir oxumaq da mənə nəsib olmuşdur. Daha sonra istedadlı şairimiz Elçin İsgəndərzadə dalbadal beş dəfə həmin ədəbi foruma qatılmaqla festivalın tarixində az qala özünəməxsus bir rekord müəyyənləşdirmişdir.
Fazil Hüsnü Dağlarca hələlik festivalın baş mükafatına layiq görülən yeganə türk şairidir. O, 1974-cü ildə bu ədəbi müsabiqənin laureatı olmuşdur. Bu il isə laureat adına Cənubi Koreyalı şair Ko Un layiq görüldü.
Festivalın təşkilatçılarından olan Makedoniya Elmlər və İncəsənət Akademiyasının prezidenti xüsusi olaraq Azərbaycan və Türkiyədən gələn nümayəndə heyətinin şərəfinə ziyafət təşkil etdi. Həmin məclisdə Ankara Dövlət Opera Teatrının pianoçusu Kaya Güc və Şakir bəy klassik Azərbaycan musiqisindən parçalar ifa etdilər.
Festivalda “Mən
bir şeir ölüsüyəm”, “Kefin
necədir?..” və Qarabağ savaşında şəhid
olan, Azərbaycanın
Milli Qəhrəmanı
Allahverdi Bağırova
həsr etdiyim “Ölümün qardaşlığı”
şeirini oxudum:
Sonbeşik qardaşını qınamışdı
bir zaman,
Sinəsini göynədir yaratdığı
söz dağı.
O indi anlayır ki, həyatın əzabından
Müqəddəsdir, əzəldir ölümün
qardaşlığı.
Yeri gəlmişkən,
həmin şeiri Makedoniya radiosunun türk redaksiyasının
hazırladığı bir
saatlıq ədəbi
proqramda canlı efirə də söylədim.
Struqa festivalı yalnız
şairlərin şeir
oxuması ilə yadda qalmır, həm də ədəbi əlaqələrin
möhkəmlənməsi baxımından
xüsusi əhəmiyyət
kəsb edir. Bu mənada ədəbi toplantıda iştirak edən Serbiya Yazıçılar Birliyinin
sədri Radomir Andri və “Novi Sad” kitab evinin direktoru
Selimir Rodulovski ilə serb
dilində Azərbaycan
şeir antologiyasının
nəşri ilə bağlı ilkin anlaşmamız oldu.
Festivalda kitab nəşrindən,
poliqrafiya mədəniyyətinin
zəruriliyindən söhbət
açıldı. Türkiyəli
şair Heydər Elgüvən “Kırmızı
Kedi” nəşriyyat evinin iş təcrübəsindən danışdı.
Amma təəssüf hissi ilə qeyd etməliyəm
ki, Rusiyanı təmsil edən sənətşünas Nadejda
Reynin kitab nəşri və poliqrafiya mədəniyyəti
ilə bağlı hazırladığı çıxış
festival proqramına salınsa
da, sonradan qeyri-müəyyən səbəblərə
görə ləğv
olundu. Bundan hədsiz dərəcədə
pəjmürdə olan
xanımın könlünü
almaq üçün
onun çıxışının
mətnini tərcümə
edib Bakıda Azərbaycan və rus dillərində çap etməyə söz verdim.
Bəlkə də şeir
festivalı ilə bağlı yol qeydlərimə burada nöqtə qoymaq olardı. Amma həmişə olduğu
kimi, başıma Hüseyn Arifsayağı bir əhvalat gəlməsəydi...Belə
ki, Struqadan ayrılıb aeroportun yolunu tutanda məlum oldu ki, tələskənlik ucbatından və başım yeni tanış olduğum şeir sərrafları ilə söz-söhbətə qarışdığından
makedon dilində çap olunan şeir kitabımı mehmanxanada unutmuşam. Bir qayda olaraq, festivala
qatılan şairlərin
şeirlərindən ibarət
“Kim Kimdir?” adlı almanax makedon və ingilis dillərində nəşr
olunur, festival iştirakçılarına
paylanır. Yolboyu evə
dönüşdə Skopyedən
İstanbula uçanda
təyyarədə belə
beynimdə bir fikir dolaşmaqda idi. Mən indi Bakıda
dost-tanışa necə
izah edim ki, kitabı mehmanxanada unutmuşam.
Belə çıxır
ki, bir həftə
boş-boşuna gəzib
dolaşmısan... Necə deyərlər,
Makedoniyada papağı
günə yandırmısan.
Adama deməzlərmi, səni ora nəyə göndərmişdik? Düzdü, əlimdə tutarlı bir bəhanə vardı. Uzağı, demək olardı
ki, səhər-səhər
tələskənlik ucbatından
Anar müəllim də oteldə cib telefonunu unutmuşdu. Amma telefon hara, kitab
hara?!. Çətin
bir də səni “Struqa şeir axşamlarına” dəvət eləsinlər...
İstanbulun Atatürk hava
limanında dondurma və çərəz ziyafəti verəndə Anar müəllim nigarançılığımın və həyəcanımın
üstünə bir qədər sərin su səpdi. Məlum oldu ki, makedon
dilində onun və mənim şeirlərim çap olunan kitabı Anar müəllim götürüb. Deyirəm, yaxşı
ki, varsan, Anar müəllim. Heç olmasa həmin kitabdan şəklim və şeirlərim çap olunan səhifələrin
üzünü çıxarıb
dost-tanışa göstərmək
olar...
Akif
ƏHMƏDGİL
Xalq qəzeti.- 2014.- 30 avqust.- S. 11.