Uğurlar Sabirabadı daha aydın
sabahlara aparır
Sabirabad abadlaşır, gözəlləşir.
Mən keçən dəfə iki il
bundan əvvəl olmuşam burada. Görürəm ki,
çox böyük dəyişikliklər vardır. Gözəl
binalar tikilir, köhnə binalar bərpa edilir, parklar
salınır.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
29 avqust
2013-cü il
Sabirabada hər dəfə yolum düşəndə
qeyri-ixtiyari olaraq gözlərim nəsə bir yenilik
axtarır.
Bu, xüsusilə də daha çox son illərə aiddir.
Çünki rayonu
başdan-başa əhatə edən yenidənqurma,
abadlıq-quruculuq işləri doğrudan da, əsrarəngiz
Muğan torpağının mərkəzi sayılan bu bərəkətli
diyarın həyatına “yeni nəfəs” verib.
Zəhmətdən
çəkinməyən, yayın istisindən,
qışın soyuğundan qorxmayan hünərvər
insanların qüdrəti Sabirabadı günbəgün
göz önündə dəyişdirir, təzələyir,
hüsnünə yaraşıq qatır. Bu lirik haşiyəni
çox uzatmadan, qeyd etmək istəyirəm ki, Sabirabaddan
heç zaman diqqət və qayğısını əsirgəməyən
ölkə başçısı İlham Əliyev ötən
il avqustun 29-da rayonda olarkən görülən
işlərlə daha yaxından tanış olmuş və
razılığını bildirmişdir. Bu səfərdən
keçən bir il ərzində də
rayonda xeyli iş görülmüş, mühüm
infrastruktur layihələri həyata keçirilmişdir.
...Builin aprel-may ayları idi,
Sabirabada gəlmişdim. Əzəmətli Heydər Əliyev Mərkəzinin
yerləşdiyi parkda (indi bu park sabirabadlıların ən
sevimli istirahət ünvanıdır) rayon icra hakimiyyətinin
başçısı Nazim İsmayılovla
qarşılaşdım. Sabirabadlıların doğrudan da,
çox böyük razılıqla
qarşıladıqları bu
layihənin gerçəkləşməsində onun da
xüsusi rolu var. Həm də
maraqlı həmsöhbət kimi tanınan rayon rəhbəri ilə söhbətə
“körpü salmaq”, təəssüratlarımı
bölüşmək bu dəfə də rahat alınır.
- Bu
istirahət parkı və ulu öndər Heydər Əliyevin
adını daşıyan mərkəz, ümumiyyətlə
rayonda tikilən hər bir sosial obyekt, abadlıq-quruculuq
işləri möhtərəm Prezidentimiz İlham Əliyevin
sabirabadlılara töhfəsidir, onlara göstərdiyi
xüsusi diqqət və qayğının bariz nümunəsidir,-
deyə sözə başlayır. Sonra parkla üzbəüz
tərəfi göstərir : - Bax, orda,
yolun o biri tərəfində cənab
Prezidentin göstərişi ilə “Asan xidmət”
üçün dördmərtəbəli inzibati bina tikilir.
Burada Sabirabad sakinləri ilə yanaşı ətraf rayonların əhalisinə
də xidmət göstəriləcək. Ölkə
başçısının əsas məqsədi odur ki,
insanların sosial problemləri yerində həll olunsun, həmçinin
vətəndaşlara geniş çeşidli xidmətlər
göstərilsin, bürokratik əngəllər aradan
qaldırılsın, vətəndaş - dövlət
münasibətlərində şəffaflıq təmin
edilsin. Bir sözlə, görüləsi
işlərimiz çoxdur, yəqin ki yayın axırında,
payızın əvvəlində ətraflı şəkildə
rayondan bəhs edən yazı hazırlamaq üçün istədiyiniz
qədər məlumat olacaq.
Aradan üç, ya da dörd ay
keçib və necə deyərlər, vəd edilən məqam da yetişib. Yəni Sabirabada
, bir az öncə də qeyd etdiyim kimi, avqustun
axırına kimi bir illik dövrü əhatə edən
zaman çərçivəsində xeyli işlər
görülüb.
Məlumdur ki, ölkə
başçısı insanlara diqqət və qayğı ilə
yanaşmağı bir nömrəli vəzifə kimi həmişə
önə çəkmişdir. Məhz buna görə
də respublikanın hər yerində olduğu kimi, Sabirabadda da əhalinin məşğulluğunu
təmin etmək prioritet vəzifə kimi qarşıya qoyulmuş,
yeni müəssisələrin və iş yerlərinin
yaradılması prosesi uğurla davam etdirilmişdir. Son illər respublikada sahibkarlığın
inkişafına yaradılan münbit şərait onların fəaliyyətlərini
daha da genişləndirmişdir.
Ötən
müddətdə rayonda sahibkarlar tərəfindən sənaye,
tikinti, xidmət, kənd təsərrüfatı və digər
sahələri əhatə edən 45 yeni kiçik müəssisə
yaradılmış, bu da yeni iş yerlərinin
açılmasına öz müsbət təsirini göstərmişdir.
Həmin dövrdə 512-si daimi olmaqla 567 yeni iş yeri
açılmışdır. Rayonda da sahibkarlığın
inkişafına diqqət xeyli artırılmışdır.
İstehsal sahələrinin daha da genişləndirilməsi və
inkişaf etdirilməsi üçün Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən cari ildə 42
sahibkara 599 min 800 manat məbləğində vəsait
verilmiş və bunun nəticəsində əlavə olaraq
91 iş yeri açılmışdır.
Məlumdur ki, Prezident İlham Əliyevin
tapşırığına əsasən fevralın 17-dən
mayın 1-dək ölkə əhalisi
tibbi müayinədən keçirilmişdir. Sabirabadda
da 112 min nəfərin tibbi müayinəyə cəlb
olunması nəzərdə tutulmuşdu. Həmin
müddət ərzində 108210 nəfər tibbi müayinədən
keçirilmiş, 3239 nəfər ambulator, 628 nəfər isə
stasionar müalicəyə cəlb edilmişdir. Müayinələr nəticəsində ciddi xəstəliyi
aşkar edilmiş 191 nəfər Bakı şəhərində
profilinə uyğun klinikalara göndərilmişdir.
Hazırda Mərkəzi Rayon Xəstəxanası
üçün 205 çarpayılıq xəstəxana
binasının tikintisi davam etdirilir, bu da səhiyyə xidmətinin
gücləndirilməsinə daha geniş imkanlar yaradacaq.
Rayon mərkəzində
çirkab sular yığınağı olan “Axmaz” adlanan ərazinin
qurudulması ilə bağlı görülən tədbirlər
də uzun illərdir ki, bu barədə sıxıntı
çəkən rayon əhalisi tərəfindən
razılıqla qarşılanmışdır desəm, səhv
etmərik. Çünki bu addımın
atılması ilə antisanitariya mənbəyi olan xoşagəlməz
vəziyyət aradan qaldırılacaqdır.
Ulu öndər Heydər
Əliyevin ciddi səyi nəticəsində ötən əsrin səksəninci
illərinin başlanğıcında rayon mərkəzində
tikilən Mədəniyyət
Sarayının, nəhayət ki, adına yaraşan bir şəkildə
əsaslı təmir olunması da 2014-cü ilin ötən
dövrü ərzində görülmüş işlərin
ən diqqət çəkənlərindən biridir.
Rayonda təhsilin
inkişafı da diqqətdə saxlanılır. Buna nümunə olaraq Çöl Beşdəli kənd
tam orta məktəbində əsaslı təmir işlərinə
başlanılmasını, Türkədi, Cəngən kənd
tam orta məktəblərinin və 3 saylı şəhər
uşaq bağçasının tikintisi üçün
hazırlıq işləri görülməsini buna nümunə
göstərmək olar. Bundan başqa, Heydər
Əliyev Fondunun dəstəyi ilə rayon mərkəzində
və Qaragüney kəndində hər biri 100 yerlik olmaqla
müasir tələblərə cavab verən uşaq
bağçalarının tikilməsi də əlamətdar hal
olmaqla sabirabadlıların ürəyincə olmuşdur.
Hazırda şəhərin
20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli
yaşayış binalarının fasad hissələri plitələrlə
üzlənir, dam örtükləri dəyişdirilir. Bu işlərin digər ictimai yaşayış
binalarında aparılması da nəzərdə tutulur.
Bundan əlavə, Heydər Əliyev prospektindən Kürkəndi
kəndi istiqamətində abadlıq işləri
aparılmaqla 22 ədəd işıq dirəyi
quraşdırılmış, 600 kvadratmetr yerə metlaq
döşənmiş, 270 poqonometr bardür
düzülmüşdür. Sözsüz ki,
bütün bu işlərin həyata keçirilməsi ilə
şəhərin siması da əsaslı şəkildə
yenilənəcək.
Rayon ərazisindəki
yolların əsaslı şəkildə təmir olunması
üçün müvafiq addımların atılması da
ölkə başçısının Sabirabada
qayğısına bir nümunədir. Dövlət
başçısının sərəncamına əsasən
uzunluğu 46 kilometr olan Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli
avtomobil yolunun 30 km-nin tikintisi başa
çatdırılmış, qalan hissəsinin tikintisi davam
etdirilir. 46 kilometrlik Şirvan-Həşimxanlı-Sabirabad
avtomobil yolunda əsaslı təmir işlərinə
başlanmış, cari ildə yolun 20 kilometrlik hissəsinin
istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Şirvan-Noxudlu-Salyan və uzunluğu 43 kilometr olan
Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Nərimankənd-Həşimxanlı,
Xəlfəli, Şəhriyar, Axtaçı avtomobil
yollarının tikintisi ilə bağlı da hazırlıq
işləri görülür.
Bundan
başqa, qeyri hökumət təşkilatının xətti
ilə Əhmədabad kəndi ərazisində 5 km asfalt yol
çəkilmiş, 35 saylı Yol İstismar İdarəsi tərəfindən
Şirvan-Noxudlu-Salyan avtomobil yolunun Sabirabad rayonu ərazisindən
keçən 33 km-lik hissəsində, Xəlfəli, Yastıqobu kəndlərinin
giriş yolları, Qaralar-Əsədli-Suqovuşan, Həşimxanlı,
Türkədi, Surra-Qarasu və Surra-Padar kənd avtomobil
yollarında cari təmir işləri
aparılmışdır.
Azərbaycan Kənd
İnvestisiya Layihəsi tərəfindən Cavad, Ulacalı,
Qaralı, Qaraağac, Şıx Salahlı kəndlərində
kəndarası yollara çınqıl döşənməklə
cari təmir işləri görülmüşdür.
Məlumdur ki, rayonun iqtisadiyyatının əsasını
kənd təsərrüfatı təşkil edir.
İlin ötən dövrü ərzində 23850 hektar
sahədən 82233 ton taxıl istehsal edilmişdir ki, bunun 47907
tonu buğda, 28780 tonu arpa məhsuludur. Ötən
illə müqayisədə taxıl istehsalı 5546 ton
çox, hər hektardan məhsuldarlıq 345 sentner
olmuşdur. Həmçinin ötən ilin müvafiq
dövrü ilə müqayisədə 4965 ton çox olmaqla
17001 ton tərəvəz, 1081
ton çox olmaqla 5241 ton bostan, 167 ton çox olmaqla 9143 ton kartof, 14 ton çox olmaqla
786 ton meyvə istehsal olunmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin “2008-2012-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair Dövlət Proqramı” haqqında sərəncamına
əsasən dövlət torpaq fondu hesabına iri özəl
taxılçılıq təsərrüfatlarının
yaradılması məqsədilə rayonda müəyyən
işlər görülür. Bu məqsədlə
11,667 hektar ərazi ayrılmış, ilkin mərhələdə
meliorativ tədbirlər aparılacaq 5 min hektar ərazi
seçilmişdir. Layihəyə əsasən
mənbəyi Kür çayından götürülməklə
12 km uzunluğunda suvarma kanalının çəkilməsi, ərazidə
2 meliorativ nasos stansiyanın tikintisi nəzərdə
tutulmuşdur.
Rayonda 7
hektar sahədə yaradılmış istixana kompleksində
1200 ton pomidor istehsal edilmiş, məhsulun satışında
heç bir çətinlik olmamış, əksəriyyəti
qadın olmaqla müəssisədə 40 nəfər
işçi çalışır.
Yeri gəlmişkən,
qeyd etmək lazımdır ki, kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət tərəfindən
güzəştli şərtlərlə gübrə
satışı təşkil olunmuş, subsidiyalar
verilmişdir.
Ötən dövr ərzində
heyvandarlıq sahəsinin inkişafına da diqqət
artırılmış, nəticədə qaramalın
sayı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 1733 baş artaraq 113968 baş,
qoyun-keçinin sayı 4381 baş artaraq 199766 baş
olmuşdur. Mal-qaranın cins tərkibinin daha da
yaxşılaşdırılması üçün
Türkiyə Respublikası tərəfindən əvəzsiz
olaraq ailə fermer təsərrüfatlarına 30 baş cins
heyvan verilmişdir.
Bitkiçiliyin inkişafında və məhsuldarlığın
artırılmasında torpaqların suvarılması və
digər meliorativ tədbirlərin görülməsi
mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə su idarələri
tərəfindən 649,7 kilometr uzunluqda su
kanalları, Meliorasiya İdarəsi tərəfindən 213,8
kilometr uzunluğunda dren-kollektorlar lildən təmizlənmişdir.
Gələcəkdə baş verə
biləcək sel daşqınlarının
qarşısını almaq məqsədilə Kür-Araz
çaylarında Bəndlərin İstismarı İdarəsi
tərəfindən
rayon ərazisində bəndlərin təmiri, qayakəsmə
işləri aparılmış və 600 kubmetr həcmində
sahilbərkitmə işləri görülmüşdür.
Rayon əhalisini dayanıqlı
elektrik enerjisi ilə təmin etmək məqsədilə
müəyyən tədbirlər həyata keçirilmiş,
şəhər və rayonun 13 kəndində elektrik təsərrüfatının
yenidən qurulması ilə bağlı dövlət tərəfindən
26 milyon manat vəsait ayrılmış, görülən
işlər sürətlənmiş, Bulaqlı, Əsgərbəyli,
Yuxarı Axtaçı, Qasımbəyli və Muradbəyli kəndlərində
işlər davam etdirilir. 2014-cü ilin birinci yarısında
854 ədəd “Smart” kart tipli sayğac
quraşdırılmışdır. Hazırda 12756 abonent
“Smart” kart tipli sayğacdan istifadə edir.
Sabirabad şəhərinin içməli
su ilə təminatını yaxşılaşdırmaq məqsədilə
Hacıqabul rayonunun Talış kəndi ərazisində yerləşən
Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə
su xəttinin çəkilişinə
başlanılmış, gələcəkdə əhalini
fasiləsiz içməli su ilə təmin olunması
üçün hər birinin tutumu 5 min kubmetr olan iki su anbarının tikintisi
aparılır. Küçələrdə
magistral xətlər və evlərə su xətləri
çəkilir. Rayonun Əsgərbəyli, Osmanlı, Rüstəmli,
Qardaşkənd və Çöl Ağammədli kəndlərində
modul tipli su durulducu qurğular tikilib istifadəyə
verilmişdir.
Əhalinin genişzolaqlı internet xidmətinə olan tələbatı
nəzərə alınaraq mərkəzi elektron ATS-də əlavə
olaraq 2 DSLAM tipli avadanlıq quraşdırılmış və
nəticədə montaj tutumu 1224-ə
çatdırılmışdır. Kəndlərdə
genişzolaqlı internet şəbəkəsinin
yaradılması və rabitə xidmətinin
yaxşılaşdırılması məqsədilə Zəngənə,
Qaragüney, Həşimxanlı və Şıx Salahlı kənd
ATS-lərində 48 portallıq DSLAM tipli avadanlıq
quraşdırılaraq abunəçilərə yüksək
sürətli internet xidməti göstərilir.
Qeyd etmək
lazımdır ki, ötən dövr ərzində
keçirilən bir-birindən maraqlı tədbirlər əhali tərəfindən rəğbətlə
qarşılanmışdır. Məsələn, Heydər
Əliyev Mərkəzində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü, Gənclər
Mərkəzində isə 28 May Respublika Günü və Gənclər
Günü, 8 Mart – Beynəlxalq Qadınlar bayramı, 20 Yanvar
və Xocalı faciələri ilə bağlı xatirə
gecələri keçirilmişdir. 20 Yanvar və
Xocalı faciələri ilə bağlı keçirilən
tədbirlərdə şəhidlərin xatirəsinə həsr
olunmuş film nümayiş etdirilmiş və gənclər
arasında rəsm müsabiqəsi təşkil olunmuşdur.
Müsabiqənin qalibləri Gənclər və
İdman İdarəsi tərəfindən
mükafatlandırılmışlar. 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar Tarix və
Diyarşünaslıq Muzeyində tədbir
keçirilmişdir. Tədbirdə gənclərə
soyqırımla bağlı məlumat verilmiş və sərgi
nümayiş olunmuşdur.
Son illər rayonda idmanın inkişafına diqqət
daha da artırılmışdır. Respublikada həvəskarlar
arasında keçirilən futbol turnirində rayonun
Çığırğan kəndindən olan həvəskar
idmançılar respublika çempionu olmuşlar. Onlar cari ilin oktyabr ayında Xorvatiyada keçiriləcək
Avropa birinciliyində ölkəmizi təmsil edəcəklər.
Yeri gəlmişkən, bir qədər də ölkə başçısının regionların sosial-iqtisadi inkişafına verdiyi xüsusi əhəmiyyətin bariz nümunəsi olan dövlət proqramı barədə haşiyə çıxmaq istəyirəm. Məlumat üçün qeyd edək ki, yeni tamamlanmış İkinci Dövlət Proqramı respublikada olduğu kimi Sabirabad rayonunda da uğurla həyata keçirilmişdir. Həmin dövrdə 6 məktəb binası, 1 xəstəxana, 3 həkim və tibb məntəqəsi tikilmişdir. 23 məktəb, 4 xəstəxana, 5 həkim və tibb məntəqəsi, 17 mədəniyyət obyekti əsaslı təmir edilmişdir. Ulu öndərin adını daşıyan parkda yenidənqurma işləri aparılmış, parkın ərazisi 4 hektar genişləndirilmiş, həmin ərazidə sahəsi 4 min kvadratmetr olan Heydər Əliyev Mərkəzi inşa olunmuşdur. Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, Maliyyə İdarəsi üçün yeni üçmərtəbəli bina tikilmiş, Dövlət Bayrağı Meydanı yaradılmışdır. Rayon icra hakimiyyətinin və dövlət müəssisələri yerləşən inzibati binalarında, həmin ərazidəki meydanda əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış, Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən keçən hissəsində yenidənqurma və əsaslı təmir işləri başa çatdırılmışdır. Cavad kəndi ərazisində Kür çayı üzərində körpü tikilib istifadəyə verilmişdir. 88 kilometr kəndarası yollara asfalt döşənməklə əsaslı təmir işləri görülmüşdür. Müasir tələblərə cavab verən 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının tikintisi aparılır. Şəhərdə su və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.
... Yay vaxtı Günəş gec batır. Bu da insanlara öz vaxtlarını daha mənalı keçirmək üçün əlavə imkanlar yaradır, hərə bir məkanda rahatlığını-dincliyini tapır. İndi sabirabadlıların çox rahatlıqla üz tutacaqları belə ünvanlar var və bunların sayı artmaqdadır. Çünki burada hər gün günəşin doğuşu ilə yeni- yeni ideyaların, fikirlərin də üfüqü genişlənir, meydanı böyüyür. Bütün bunlar isə Sabirabadı daha aydın sabahlara aparır.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”.- 2014.- 31 avqust.- S. 5.