Gədəbəy:
Sərhəd kəndlərindən gedən yoxdur,
ora gələn var
Şınıx,
Fərzalı, Düzrəsullu, Çayrəsullu, Təkyemişan,
Rəhimli, Göyəmli, Qasımağalı, Bəydəmirli,
Turşsu... Gədəbəyin bir-birindən
gözəl, səfalı, dağlar qoynuna sığınmış kəndləridir.
Hamısı da bədnam
qonşularımızla sərhəddə
yerləşir. Hələ bu da hamısı deyil. Bütövlükdə,
27 kənd mənfur düşmənlə üzbəüz
dayanıb. Sərhədin uzunluğu isə
120 kilometrdən çoxdur.
Qürur hissi duyulur ki, adlarını çəkdiyim kəndlərdən bir nəfər də olsun evini-eşiyini tərk etməyib, heç hara köçüb getməyib. Əksinə, bu kəndlərə gələnlərin sayı onlarcadır. Bir fikir verin. Mutudərə və Qasımağalı kəndlərində bir neçə il qabaq evlərin düşmənlər tərəfindən yandırılmasına baxmayaraq, heç kim doğma elini-obasını tərk etməyib. Bu kəndlərdə yandırılmış evlər müvafiq qurumlar və digər təşkilatlar tərəfindən bərpa olunmuşdur. Mutudərədə 42, Qasımağalı kəndində isə 37 fərdi ev əvvəlkindən də yaxşı vəziyyətə gətirilmişdir. Burada məktəb, digər sosial obyektlər tikilib istifadəyə verilmişdir.
– Belə dövləti, belə Prezidenti olan kəs də kəndi tərk edərmi? -deyə Qasımağalı kənd sakini Fərman Eyyubov sualımıza belə cavab verdi. – Yaşım 90-ı keçib. Dəhşətli hadisələrin, iki müharibənin canlı şahidiyəm. Amma bizi heç nə sarsıtmadı. Qasımağalılar elə həmin qasımağalılardır. Kənd alınmaz səngər kimi, daha mübariz olub, daha da gözəlləşib, abadlaşıb. Erməni kimdir ki, onun qarşısından qaçaq. Bir o tərəfə baxın, evləri bom-boşdur, özləri qaçırlar. Çünki həm qorxurlar, həm də şəraitləri yoxdur, acından ölürlər. Amma bizim kəndlərə baxın, bura çəkilən yol onların prezidentlərinin hər gün gedib-gəldiyi yoldan genişdir, hamardır, rahatdır.
...Hansı kənddə olduqsa, bizə konkret faktlar, rəqəmlər söylədilər. Məsələn, Şınıx kəndindən son iki ildə bir nəfər də olsun kənddən getməyib. Amma 6 nəfər Şınıxa köçüb gəlib, özünə ev -eşik qurub. Yaxud, Çayrəsullu kəndinin 1000 nəfərə yaxın sakini olduğu halda, bir nəfər də olsun kəndi tərk etməyib. Əksinə , əlavə 4 nəfər burada yaşamağa üstünlük verib.
Düzrəsullu kəndi də onun kimi. Əhalisinin sayı 600 nəfəri keçən kənddə son iki ildə 7 nəfər ümumi sahəsi 110 kvadratmetr olan fərdi ev tikdirib. Əhalinin sayı yeni gələnlərin hesabına daha 4 nəfər artıb.
İsalı kəndinin sakini 75 yaşlı Eyvaz Mustafayev,
Dördlər kəndinin sakini, 80
yaşlı Fikrət Allahverdiyev, Cücənli
ağsaqqalı Qara Mehdiyev
və başqaları söhbət zamanı bu
kəndlərə göstərilən diqqət və
qayğıdan danışdılar, ölkə Prezidentinə,
rayonun müvafiq
strukturlarının rəhbərlərinə öz dərin minnətdarlıqlarını
bildirdilər. Dedilər ki, onlarda dövlətə, dövlətçiliyə,
Prezidentə böyük inam
var. Gədəbəyin
sərhəd kəndlərinin siması hər gün
dəyişir, desək, – yanılmarıq. Qaz, elektrik enerjisi kimi problemlər, demək olar ki, həll olunub. Elə il, ay olmur
ki, hansısa yolun və yaxud
körpünün açılışı
olmasın. Ölkə Prezidentinin müvafiq
sərəncamı ilə
uzunluğu 56 kilometr olan Gədəbəy-Novosaratovka-Qaravəllər
avtomobil yolunun tikintisinə vəsait ayrılmışdır. Orada işlər
artıq sona çatmaq üzrədir.
Həmin
avtomobil yolu üzərində Novosaratovka
kəndi ərazisində,
Fındıqlı çayı
üzərində mühüm
strateji əhəmiyyətli
nəhəng körpü
tikilmiş və istifadəyə verilmişdir.
Hazırda Çayrəsullu kəndi ərazisində də ikiaşırımlı
körpünün tikintisi
aparılır. Bundan əlavə,
sahibkarların və digər maliyyə mənbələrinin hesabına
Arabaçı kəndində
dəmir körpü,
Düzrəsullu kəndində
həkim məntəqəsi
və digər sosial obyektlər də tikilib istifadəyə verilmişdir.
Əhalinin elektrik enerjisinə
olan tələbatını
tam ödəmək üçün
Düzrəsullu kəndində
35/10 kilovoltluq yarımstansiya
tikilmiş və artıq istismara buraxılmışdır. Bu il digər
sərhəd kəndi
olan İsalıda inşa olunan 180 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatdırılacaqdır.
Həm sərhəd
kəndlərinin, həm
də bütövlükdə
Gədəbəyin hər
bölgəsində aparılan
abadlıq-quruculuq işləri
elə geniş vüsət alıb ki, bu ucqar
dağ rayonunu tanımaq olmur. Arıxdam
kəndində 480 şagird
yerlik tam orta məktəb, Gədəbəy
şəhərində Uşaq
Yaradıcılıq Mərkəzi,
Heydər Əliyev Parkında möhtəşəm
amfiteatr, ayrı-ayrı
küçə və
xiyabanlar, yeni yollar, digər sosial obyektlər bu il istifadəyə
verilmiş tikililər
sırasındadır. Bir çox
nazirlik və baş idarələrin rayondakı təşkilatları
üçün bir-birindən
gözəl inzibati binalar tikilir və tezliklə istifadəyə veriləcəkdir.
...Sərhəd kəndlərində olarkən adamların ruh yüksəkliyi, yerli icra orqanlara olan inamı diqqətimizi daha çox cəlb etdi. Dedilər ki, elə ay olmur ki, rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov bizimlə görüşüb söhbət etməsin, müraciətlərimizi dinləməsin. Problemlərimizin bir çoxunu elə yerindəcə həll edir.
Rayon icra hakimiyyəti başçısının təkcə bu ilin aprel ayında Düzrəsulluda, mayda Göyəllidə, iyunda Mormor və Çayrəsulluda, avqustda Qaravəllilərdə və Göyəllidə keçirdiyi səyyar qəbul–görüşlərin böyük təsiri olub. Ötən ayın 6-da Şınıx zonasının sakinləri ilə Göyəlli kəndində keçirilən görüşdə kənd sakini Firudin İsmayılovun çıxışını olduğu kimi veririk: “Siz bu kəndə gələndə özümüzü daha cəsarətli, inamlı hiss edirik. Bilirik ki, biz rayon mərkəzindən nə qədər uzaq olsaq da, hər gün düşmən gülləsinin səsini eşitsək də, tək deyilik, arxamızda siz varsınız, ölkə Prezidentimiz var, güclü ordumuz var. Buna görə sağ olun. Hər gəlişiniz bizi göylərə qaldırır”.
...Gədəbəy indiyədək düşmənə bir qarış torpaq verməyib. Necə deyərlər, burada onların ağzı yanıb və bir də bu rayonun ərazisinə müdaxiləsi mümkün deyil. Bir də ki, ən ucqarda olan kiçik bir yaşayış yeri belə unudulmur. Bax elə həm də buna görə sərhəd kəndlərindən gedən yoxdur, gələn isə çoxdur.
Hamlet QASIMOV,
“Xalq
qəzeti”.- 2014.- 2 sentyabr.- S. 7.