Biləsuvar - gözəlləşən qədim diyar

 

Aylardır ki, Biləsuvara çatar-çatmaz şəhərə köhnə yolla girişin bağlı olduğu nəzərə çarpır. Maşınlar dolama yolla sola burulub magistral boyunca irəliləyir və cənub istiqamətindəki girişdən şəhərə daxil olur. Elə buradaca rayon mərkəzinin gözəllik tabloları göz önündə sərgilənməyə başlayır. Zövqlə aparılan abadlıq işləri, səliqə-sahman diqqət çəkir. Köhnə yolun müvəqqəti bağlanması isə əsaslı inşaat işlərinin davam etməsi ilə əlaqədardır.

 

Yaxın illərə qədər Ələt-Astara magistral yolu ilə hərəkət edən avtomobillər bu şəhərin mərkəzindən (həm də bazar ərazisindən) keçdiyi üçün toz-torpaq, palçıq ətrafı bürüyür, səliqəsizlik “meydan sulayırdı”. Dövlət vəsaiti hesabına müasir dolama yol çəkiləndən sonra şəhərdə nəqliyyatın hərəkət intensivliyi xeyli azaldı. Rayon mərkəzi abadlaşdırıldı, yeni tikililər boy göstərdi, hətta səkilərə, yol kənarlarına çoxlu gül-çiçək əkildi və Biləsuvarın həyatında gözəlləşmə mərhələsi başlandı.

 

Yüz minə qədər əhalisi olan bu rayon Aran iqtisadi zonasında yerləşir. 1 şəhər və 25 kəndi birləşdirir. Rayonda 13 arxeoloji və memarlıq abidəsi var. Biləsuvar Böyük İpək yolunun üzərində yerləşən şəhərlərdən olub. 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölündükdən sonra bir hissəsi İranla sərhədin o üzündə qalıb. Rusiya imperiyası daxilində qalan hissəsinin əhalisi sərhəddən 20-40 kilometr bəridə ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülüb. Nəticədə burada vaxtilə rus əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla rayon təşkil edilib.  Respublikamız dövlət müstəqilliyinə qovuşandan sonra diyarın tarixi adı özünə qaytarılıb. Məhz ötən əsrin sonu-bu əsrin əvvəlləri Biləsuvarın inkişafı dövrü kimi səciyyələndirilir. Son bir neçə ildə isə qədim diyar xeyli “cavan”laşıb, -desək, heç də mübaliğə etmiş olmarıq. Konkret faktlar bu barədə çox şey deyir...  

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 avqust 2013-cü il tarixli sərəncamı ilə on üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Hazırda  yolun inşasında işlər sürətlə aparılır.

 

Cənab İlham Əliyevin 7 sentyabr  2013-cü il tarixli sərəncamı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinə başlanması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. Hazırda orada əsaslı təmir işləri görülür.

 

Həmin tarixli başqa bir sərəncamla isə rayonun Əsgərabad-Muğan avtomobil yolunun tikintisinə 2 milyon manat vəsait yönəldilib. On min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən bu yolun da tikintisi sürətlə davam etdirilir.

 

Dövlət başçısının eyni tarixli başqa bir sərəncamı isə Biləsuvarın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə önəmli təkan verib. Bu məqsəd üçün rayona daha 2 milyon manat vəsait ayrılıb. Biləsuvar şəhərində abadlıq və yenidənqurma işlərinin geniş vüsət almasına əsaslı stimul yaradılıb.

 

Nəhayət, qeyd edək ki, Prezident İlham Əliyev  bu il  iyulun 5-də  Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad kəndlərinin  yolu bağlı daha bir sərəncam imzalayıb. Rahat gediş-gəlişi təmin edəcək həmin yolun tikintisi ilə bağlı əlavə tədbirlər üçün rayona daha 2,8 milyon  manat  vəsait  ayrılıb.

 

Ötən il rayon mərkəzində  ərazisi 1,7 hektar olan Heydər Əliyev parkının müasir üslubda yenidən qurulması, həmin parkın ərazisində Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyəti aparatının və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binalarının, ümummilli lider Heydər Əliyevin abidə kompleksinin və fəvvarə kompleksinin tikintiləri başa çatdırılıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə əhalinin istifadəsinə verilib. Biləsuvar şəhərinin H.Əliyev, M.İbrahimovNizami küçələrindən keçən hissəsində hasarların tikintisiaqlay daşları ilə üzlənməsi, piyada səkilərinə üzlük tavaların çəkilməsi və yeni işıqlandırma dirəklərinn quraşdırılması başa çatdırılıb. Şəhər 2 saylı uşaq bağçası üçün birmərtəbəli 40  yerlik  və Zəhmətabad kənd uşaq bağçası üçün ikimərtəbəli 50 yerlik binaların və saatlıq gücü 380 ton olan asfalt-beton zavodunun, Xırmandalı kəndi ərazisində 2 hektar sahədə kənd təsərrüfatı məhsulları yetişdiriləcək istixanasaxlama kamera-soyuducusu tikilərək istifadəyə verilib.

 

Bu il 1176 şagird yerlik Ağalıkənd kənd tam orta məktəbi əsaslı təmiri və  Amankənd tam orta məktəbi üçün 220 yerlik yeni binanın tikintisi başa çatdırılaraq istifadəyə verilib. Hazırda mərkəzi xəstəxananın əsaslı təmiri və inventarla təchizatı, Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və Əsgərabad-Muğan avtomobil yolunun tikintisi, Xırmandalı kənd 2 saylı və Aşağı Cürəli kənd tam orta məktəbləri üçün yeni binaların,  kənd təsərrüfatı məhsullarının saxlanması üçün soyuducu anbar kompleksinin,   Toxumculuq idarəsi və DSMF-nin rayon şöbəsi üçün inzibati binaların, şəhərin M.İbrahimov küçəsində 200 yerlik və C.Cabbarlı küçəsində 100 yerlik uşaq bağçalarının, Səmədabad kəndində Heydər Əliyev adına parkın, şəhər ərazisində  kanalizasiya sisteminin tikintisi və H.Əliyev küçəsinin qalan hissəsində hasarların inşası, aqlayla üzlənməsi və yeni işıqlandırma dirəklərinn quraşdırılması işləri davam etdirilir. Aparılan işlərin il ərzində tamamlanması nəzərdə tutulub.

 

Son illərdə rayonun 6 kəndində müasir səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olub. Olimpiya İdman Kompleksindən və digər idman  qurğularından  səmərəli istifadə edən idmançılar müxtəlif yarışlarda ilbəil  uğurlarını artırırlar. Boksçu və güləşçilərin parlaq qələbələri az olmayıb. Bu günlərdə isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əmisi oğlu Adəm İbrahimov İranda enşin-karate üzrə beynəlxalq turnirdə 2-ci yeri tutaraq gümüş medal qazanıb.

 

Biləsuvarda bütün səylər doğma diyarın abadlaşmasına, gözəlləşməsinə, əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına yönəldilib.  Dövlət qayğısının fərəhli nəticələri, demək olar ki, hər addımda nəzərə çarpır.

 

Elə buradaca bir amilivurğulayaq ki, ilbəil, aybaay gözəlləşən Biləsuvarda abadlıq-quruculuq tədbirləri rayon rəhbərliyinin ciddi nəzarəti ilə həyata keçirilir. Bu, o demək deyil ki, icraçılara etibar edilmir. Sadəcə olaraq, yerli rəhbərlik ayrılmış dövlət vəsaitinin təyinatı üzrə, tam dolğunluğu ilə sərf edilməsini, işlərin yüksək zövqlə, keyfiyyətlə görülməsini istəyir ki, çəkilən zəhmət hədər getməsin, tikilib-qurulanlar göz-könül oxşasın və uzunömürlü olsun. Bu isə əsl təəssübkeşlikdir, örnək yurdsevərlikdir.

 

...Biləsuvarın şöhrətli oğullarından olan mərhum şair Zamin Mahmudov əyilməzlik mövzusunda qələmə aldığı bir şeirində yazırdı ki, “gözəlliyin önündə insan əyilsin təki”. Bu gün şəfəqlər içində sayrışan Muğan şəhəri Biləsuvarda insanı əyilməyə vadar edən gözəlliklər çoxdur. “Biləsuvar töhfələri” ədəbi birliyinin üzvləri bu gözəl yurdun vəsfini layiqincə qələmə alırlar. Axı, yaradıcı adamların ilkin ilham qaynağı məhz gözəllikdir. Müğənnilər də Biləsuvarı tərənnüm edən nəğmələri böyük həvəslə oxuyurlar. Bu mahnılar rayonda keçirilən şənliklərin proqramlarını bəzəyir:

 

İlkimsən, əzəlimsən,

 

Şeirimsən, qəzəlimsən.

 

Qəhrəmanlar obası,

 

Mübarizlər anası,

 

Fəxrim, vüqarım mənim!

 

Biləsuvarım mənim!

 

Biləsuvarda yaşayan hər kəs doğma yurdu-yuvası, sevimli ünvanı ilə beləcə qürur duyur.

 

 

 

Əli NƏCƏFXANLI,

 

Xalq qəzeti”.- 2014.- 2 sentyabr.- S. 6.