Prezident İlham
ƏLİYEV:
Mən şadam ki, bizim gənclərimiz vətənpərvərdirlər
və milli ruhda böyüyürlər, tərbiyə
alırlar
İyirmi üç ildir ki, Azərbaycan Respublikası azadlıq, suverenlik, müstəqillik yolu ilə inamla irəliləyir. Hərçənd bu yolun başlanğıcı son dərəcə təlatümlü, qatma-qarışıq olmuşdur. Lakin tarixin sınaqlarından həmişə ləyaqətlə çıxan müdrik xalqımız, ən çətin məqamlarda belə öz mənliyini qoruyub saxlaya bilmiş, vəziyyətdən çıxış yolunu düzgün müəyyənləşdirmişdir.
1993-cü ilin iyun ayında ölkədə
vətəndaş müharibəsi təzəcə başlayanda xalq elliklə
ayağa qalxaraq Heydər
Əliyevi Azərbaycanın xilaskarı kimi
təkidlə hakimiyyətə dəvət etdi.
Ona
görə ki, bu xalq hələ sovetlər dönəmində tarixi şəxsiyyət kimi
tanınan dövlət xadiminin
bacarığına, insanlarla dil tapmaq qabiliyyətinə,
mürəkkəb məsələləri həll etmək məharətinə
yaxşı bələd idi.
Azərbaycana rəhbərlik
etdiyi müxtəlif illərdə ümummilli liderimiz Heydər
Əliyev böyüməkdə olan gənc
nəslə hər cür
qayğını ön planda
saxlamışdır. Azərbaycanı gənclər ölkəsi,
gəncləri isə respublikanın dayağı, gələcəyi
adlandıran ulu öndər ölkədə
gənclər siyasətini dövlətin ən ümdə vəzifəsi
hesab etmişdir. Hazırda Azərbaycana rəhbərlik edən
möhtərəm Prezidentimiz cənab İlham Əliyev də fəaliyyəti
dövründə gənclərlə iş
məsələlərinə həmişə önəm vermiş, onların problemlərinin vaxtında
həll edilməsini vacib
saymışdır. Buna görə
də Azərbaycan gəncləri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyevin rəhbərliyi ilə
böyük uğurlara
nail olurlar.
Son vaxtlar ölkəmizin müxtəlif
bölgələrində gənclər mərkəzlərinin
yaradılması çox sevindirici
haldır. Çünki ölkədə
aparılan gənclər siyasəti ardıcıldır, dəqiqdir,
olduqca səmərəlidir və gözəl
nəticələr verir. Ölkə
başçısının konkret tapşırığı var: hər bir şəhərdə
müasir Gənclər Mərkəzi tikilsin. Burada gənclər
həm istirahət etsinlər, həm öz
biliklərini artırsınlar və bir-biri
ilə ünsiyyətdə olsunlar.
Məlumdur ki, Azərbaycanda əvvəlki illərdə Olimpiya idman komplekslərinin
tikintisi ilə ciddi məşğul
olunurdu. Bu proses indi də davam edir. Qərara
alınıb ki, şəhər və
rayonların hamısında Olimpiya idman kompleksləri tikilib
istifadəyə verilsin. Artıq
bunların 40-dan çoxu fəaliyyət
göstərir. Vəzifə aydındır, gənclərimiz fiziki
cəhətdən sağlam, eyni zamanda, bilikli,
savadlı olmalıdırlar. İndi iftixarla deyə bilərik ki,
yerlərdə Olimpiya komplekslərinin
yaradılması nəticəsində bu gün Azərbaycanda peşəkar idman sürətlə inkişaf
edir, gənclər, yeniyetmələr idmana böyük maraq göstərirlər
və yüksək nəticələr əldə edirlər.
Azərbaycan hazırda dünya
miqyasında idman ölkəsi kimi tanınır. Son Olimpiya Oyunlarında böyük
qələbə — 10 medal
qazanılmışdır və komanda
hesabında Azərbaycan dünyada 30-cu yeri tutmuşdur.
Qeyd etmək lazımdır ki,
bu ilin avqust
ayında Çin Xalq
Respublikasında keçirilmiş yeniyetmələrin
Olimpiya Oyunları da
ölkəmiz üçün uğurlu olmuş, gənc
idmançılarımız böyük
qələbələr əldə etmişlər. Bu Olimpiya Oyunlarında
200-dən çox ölkə təmsil olunurdu. Azərbaycan komanda
hesabında 10-cu yeri tutmaqla,
Avropa ölkələri arasında
6-cı, müsəlman ölkələri arasında isə
1-ci yerə çıxmışdır. On
iki medal
qazanılmışdır, onlardan 5-i
qızıl medaldır. Cari ilin ortalarında Ümumdünya
Şahmat Olimpiadası da
keçirilib. Orada da Azərbaycan idmançıları ən
yüksək yerlərə qalxıblar. Fəxrlə qeyd edə bilərik ki, həm
Ümumdünya Şahmat
Olimpiadasında, həm yeniyetmələrin Olimpiya
Oyunlarında Azərbaycan mənfur qonşularımız Ermənistandan
qat-qat yüksək pillədə durmuşdur. Bu, bir daha onu
göstərir ki, ölkəmizin gəncləri
nə qədər istedadlıdır, güclüdür
və Vətənə bağlıdırlar.
Azərbaycanla Ermənistanın
iqtisadiyyatları müqayisəedilməzdir. Bizim iqtisadiyyatımız
Ermənistan iqtisadiyyatından, təxminən, 20 dəfə böyükdür. İdmanda
həm Londonda keçirilmiş
son Olimpiya
Oyunlarında, həm yeniyetmələrin Çindəki Olimpiya Oyunlarında, həm də intellektual oyunlarda - hər
yerdə biz üstünlüyü
əldə etmişik. O cümlədən,
döyüş meydanında da Azərbaycan üstündür
və təmas xəttində öz iradəsini
dəfələrlə göstərmişdir.
Azərbaycan ictimaiyyəti
yaxşı bilir ki, avqust ayının əvvəlində Ermənistan
təmas xəttində təxribat törətmək istəmişdi.
Ancaq Azərbaycan Ordusu
düşmənə layiqli cavab vermişdir. Onlarca işğalçı məhv edilmişdir və ermənilərin təxribatı
baş tutmamışdır. Həmin təxribatın
səbəbləri də aydındır. Məlum olduğu kimi, hər iki ölkə rəhbərinin Soçi
görüşü ərəfəsində
Ermənistan çalışırdı ki,
özü üçün
daha münasib mövqe əldə etsin və
Azərbaycanı qane etməyən
hansısa məsələyə razı sala
bilsin. Ancaq bu, baş tutmadı və
əksinə, Azərbaycanın mövqeyi
Soçidə daha güclü
səsləndi, qəhrəman Azərbaycan əsgərləri
və zabitlərinin cəsarəti nəticəsində
düşmənə sarsıdıcı zərbə vurulmuşdu. Elə bu
günlərdə baş verən hadisəni
götürək. Təmas xəttində təxribat törədən
Ermənistana məxsus helikopterin sərrast
atəşlə məhv edilməsi bir daha göstərdi ki, ermənilər
döyüş meydanında da Azərbaycandan zəifdir, məğlubiyyətə
məhkumdurlar.
Neçə illərdir
Ermənistanda təlaş, təşviş hökm
sürür, ən yüksək səviyyədə
etiraf olunur ki, ölkədən kütləvi şəkildə
köç başlamışdır. Təmas
xəttindəki son hadisələr isə
bu prosesi daha da sürətləndirmişdir.
On minlərlə erməni vətəndaşı
ölkəni həmişəlik tərk edir.
Doğrudur, Ermənistan rəhbərliyi bunu izah etmək üçün müxtəlif bəhanələrə
əl atır. Bu yaxınlarda hətta etiraf edilmişdir ki, bunun əsas səbəbi
Qarabağ münaqişəsidir. Yəni,
artıq Ermənistan rəhbərliyi etiraf
edir ki, demoqrafik böhranın başlıca səbəbi
qorxu hissidir, sabaha inamın olmamasıdır. Getdikcə
güclənən Azərbaycan, onun
qüdrətli ordusu, qəhrəman əsgəri
ermənilər üçün daim qorxu mənbəyidir. Bu qorxudan qurtarmağın
yalnız bir yolu var: Ermənistan
beynəlxalq hüquq normalarına əməl
etməli və işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını
qeyd-şərtsiz çıxarmalıdır. BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi də bunu
tələb edir. Beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir.
İftixarla demək olar
ki, bu gün
Azərbaycanın beynəlxalq nüfuzu
yüksək səviyyədədir.
Ordumuzun peşəkarlığı durmadan artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir: Azərbaycan
cəmiyyəti bir amal
uğrunda birləşibdir: bu, ölkənin ildən-ilə
inkişafı, müasir dövlət quruculuğu prosesi və işğal edilmiş ərazilərimizin
qaytarılması məsələləridir. Həmin məsələlərin
həllində gənclərin xüsusi rolu vardır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu ilin avqust ayında Beyləqan
rayonunda Gənclər Mərkəzinin təntənəli
açılış mərasimində nitq
söyləyərkən fəxrlə demişdir:
“Mən şadam ki, bizim gənclərimiz vətənpərvərdirlər
və milli ruhda
böyüyürlər, tərbiyə alırlar. Bu, çox önəmlidir,
gənclərlə çoxsaylı görüşlərim əsnasında
mən bu məsələlərə xüsusi diqqət yetirirəm. Bizim
gənclərimiz bilikli, savadlı
olmalıdırlar. Çünki müasir dünyada bilik, savad, demək olar ki, hər şeyi həll edir”.
İnkişaf etmiş ölkələrin
təcrübəsinə nəzər salsaq
görərik ki, qazanılmış
uğurların təməlində intellektual
potensial, texnoloji tərəqqi,
elmin inkişafı və təhsilin səviyyəsi
dayanır. Gələcəkdə də bu
amillər daha böyük
rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə,
şübhəsiz, sənaye istehsalının
inkişafında, hər bir sahədə müasir texnologiyalar hər
şeyi həll edir. Ona görə gənclərimiz yaxşı
oxumalıdır, hərtərəfli dərin bilik
sahibi olmalıdır, öz
işinin peşəkarı
sayılmalıdırlar. Azərbaycanda indi bütün imkanlar var. İqtisadiyyat
inkişaf edir, yeni iş yerləri, sənaye
müəssisələri, xidmət sahələri
açılır, peşəkar kadrlara tələbat
gündən-günə artır. Əgər biliyin,
savadın varsa, sən gələcəkdə
özün üçün
layiqli yer tapa bilərsən, yaxşı işlə
təmin olunarsan, yüksək maaş alarsan, həm
özünə, həm ölkəyə daha
çox fayda verərsən.
Gənclər fiziki cəhətdən sağlam
olmalıdırlar. Bu işdə həm idmanın inkişafının, həm
Olimpiya komplekslərinin tikintisinin
mühüm rolu var. Əlbəttə, hər bir
insan gənc yaşlarından öz sağlamlığına fikir verməlidir. İndi
ölkəmizin bütün yerlərində
müasir diaqnostika mərkəzləri,
xəstəxanalar fəaliyyət göstərir. Hər bir insan gərək ildə
bir dəfə tibbi
müayinədən keçsin. Bu il ölkə rəhbərinin
tapşırığına əsasən Azərbaycanda ilk dəfə olaraq yüz minlərlə insan
pulsuz həkim müayinəsindən keçmişdir. Aparılan müayinələr
nəticəsində müxtəlif xəstəliklər
aşkarlanmış və onların müalicəsi təmin edilmişdir. Unutmaq olmaz ki, fiziki
sağlamlıq, bilik, savad,
həm də mənəvi sağlamlığın əsasını
təşkil edir.
Xalqımızın
gözəl ənənələri, milli
dəyərləri mövcuddur.
Yaşlı nəsil onları qoruyub
saxlayırsa, gənclər bunu
yaşatmalıdırlar. Milli-mənəvi dəyərlər ata-babalardan qalan böyük bir
mirasdır, mədəni irsdir,
xalqımızın zənginliyidir. Azərbaycanın musiqisi, xalçaçılıq sənəti,
incəsənəti, ədəbiyyat, ana dili - bütün bunlar xalqımızın ən qədim sərvətləridir.
Biz bu sərvətləri
bütün dövrlərdə - çar Rusiyası, Sovet
İttifaqı zamanı qoruyub
saxlamışıq, inkişaf etdirmişik. Gənclərin də vəzifəsi
onları gələcək nəsillərə layiqincə
çatdırmaqdır. Bütün sərvətlərinin
qədir-qiymətini bilən bir xalq kimi biz
bu gün inkişaf edirik, özümüzü dünyaya
tanıtmışıq. Müstəqillik dövründə
milli-mənəvi dəyərlər, adət-ənənələr
daha sanballı şəkildə
qorunmalıdır. Dövlət siyasəti var,
Prezident İlham
Əliyev bu məsələlərə xüsusi diqqət yetirib, bütün dövlət qurumları, eyni zamanda, ictimai
təşkilatlar bu işlərlə məşğul
olurlar. Burada yalnız
ardıcıllıq təmin edilməlidir. Bu
məsuliyyət də gənclərin öhdəsinə düşür. Ona
görə gənclər milli ruhda tərbiyə almalıdırlar, məktəblərdə,
ailələrdə bu iş
yüksək səviyyədə təşkil edilməlidir.
Gənclər Vətənə
bağlı olmalıdırlar. Bu gün Azərbaycan o qədər
sürətlə inkişaf edir ki, Vətəni sevən
hər bir insan qürur hissi ilə deyir: “Fəxr edirəm ki,
mən Azərbaycan vətəndaşıyam!” Ümumiyyətlə,
hər bir insan öz Vətənini sevməlidir. Vətənpərvərlik,
bilik, savad, fiziki hazırlıq, öz
keçmişinə bağlılıq, milli
ruhda tərbiyə gənclərimiz üçün əsas amillər
olmalıdır. Ölkəmizdə gənclər dövlət
siyasəti bu istiqamətdə
aparılır. Azərbaycanda azad cəmiyyət
formalaşıbdır, bütün demokratik təsisatlar var və
onlar uğurla fəaliyyət
göstərirlər. Bütün
azadlıqlar - söz, vicdan,
mətbuat, internet azadlığı var, heç bir senzura yoxdur.
İndi bir milyondan artıq Azərbaycan vətəndaşı
internetdə fikirlərini paylaşır və yaxud
hansısa məlumat əldə edir. Heç də hər ölkədə belə
deyil, senzuralar, məhdudiyyətlər
vardır. Bizdə isə bu, sərbəstdir,
azaddır. Çünki Azərbaycan cəmiyyəti
azad cəmiyyətdir və bu, bizim böyük
nailiyyətimizdir.
Ermənistandan fərqli
olaraq Azərbaycanda demoqrafik
vəziyyət çox müsbətdir. Hər
il orta hesabla
170-180 min körpə dünyaya
gəlir. Əhalinin artımı xalqımız üçün böyük
güc mənbəyidir. Demoqrafik
vəziyyətin ildən-ilə yaxşılaşması
hökuməti də düşündürür.
Çünki iş
yerlərinin, yeni müəssisələrin
açılması gərək elə sürətlə getsin ki, işsizlik
həmişə aşağı səviyyədə olsun. Hazırda ölkəmizdə işsizlik beş faiz səviyyəsindədir, bəzi bölgələrdə
bu rəqəm bir qədər
yüksəkdir. Hökumət bunu bilir, bu məsələlər
üzərində işləyir. Yəni, bütün
sahələr üzrə islahatlar
aparılır və ölkəmizin uğurlu
inkişafı təmin edilir.
Telman ƏLİYEV,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə təqdim olunur.
Xalq qəzeti.- 2014.- 2 dekabr.- S.3.