“Yaxşı cərrah
olmaq
Tanrının verdiyi
istedaddır...”
İnsan yaranandan bəri gözəllik daim onun ruhunun qidası olub. Sanki, Tanrı öz şah əsərini gözəllik aşiqi olaraq kodlaşdırıb. Bəli, insan gözəl olan hər şeyi sevir. Yaradanını təqlid edərək özü də gözəlliklər yaradır. Kimi bunu rənglərin köməyi ilə edir, kimi səslərin, kimi də sözlərin və s. İnsanın gözəllik yaratmaq vasitələri onun hissləri qədər saysız-hesabsızdır. Zənnimcə, bunlardan ən çətini və ən iddialısı cərrah bıçağının köməyi ilə yaradılan gözəllikdir. Ona görə ki, cərrah Tanrının şah əsəri üzərində işləyir. Yəqin ki, söhbətin plastik və rekonstruktiv cərrahiyyədən getdiyini anladınız.
Bəzən tibbin bu
sahəsinə münasibət birmənalı olmur. Bəziləri bunu gərəksiz iş hesab edir, hətta günah
olduğunu deyirlər. Onlar unudurlar ki, hər an dünyada minlərlə
insan qəzaların, xəstəliklərin qurbanı olur, xarici görkəmləri
deformasiyaya uğrayıb eybəcərləşir. Belə
insanların həyatı kökündən dəyişir.
Onlar özlərini bədbəxt, gərəksiz hiss edir,
çox zaman intihara belə əl atırlar. Belə insanlara
yalnız plastik və rekonstruktiv cərrahiyyə, bu sahədə
ixtisaslaşmış istedadlı cərrah kömək edə
bilər.
Hazırda tibbin bu sahəsi bütün dünyada sürətlə inkişaf edir, yeni üsullar tapılır, nailiyyətlər əldə edilir. Bəs bu sahə ölkəmizdə necə inkişaf edib, hansı səviyyədədir? Bu və digər suallarla Azərbaycan Plastik Cərrahiyyə Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Konfederasiyası, idarə heyətinin üzvü, bu sahənin ölkəmizdə ən məşhur mütəxəssisi olan istedadlı həkim Vaqif Qələndərə müraciət etdik:
– Plastik və rekonstruktiv cərrahiyyə dünyada son zamanlar həm dəbdə
olan, həm də yüksək səviyyədə inkişaf
edən sahədir. Burda söhbət,
əlbəttə ki, yalnız estetik əməliyyatlardan
getmir. Bu, çox geniş sahədir və plastik, rekonstruktiv və
mikrocərrahiyyədən ibarətdir. Bizim
ölkəmizdə də tibbin bu sahəsinin çox yüksək
səviyyədə inkişaf etdiyini deyə bilərik.
Çünki bir elm sahəsinin inkişaf etməsinin
meyarları o sahədə peşəkar mütəxəssislərin
olması, onların gördüyü işlərin,
apardığı əməliyyatların nüfuzlu beynəlxalq
konfranslarda dəyərləndirilməsi, həmçinin
ölkədə elmi konfransların keçirilməsidir.
Bunları nəzərə alaraq deyə bilərik ki, plastik və
rekonstruktiv cərrahiyyə sahəsi Azərbaycanda dünya
standartlarına uyğun şəkildə inkişaf edib. Məsələn,
Azərbaycan Plastik Cərrahiyyə Assosiasiyasının təşkilatçılığı
ilə bu il may ayında ölkəmizdə III Beynəlxalq
Plastik Cərrahiyyə Konfransı keçirildi. Bu konfransa Türkiyə, Almaniya,
Fransa, İngiltərə, Avstraliya, İran, Rusiya və digər
ölkələrdən
tanınmış tibb alimləri, mütəxəssislər
gəlmişdilər. Konfransın məqsədi Azərbaycanda
plastik cərrahiyyənin inkişafı, ölkəmizdə
aparılan əməliyyatlar,
dünyada aparılan əməliyyatların yeni
üsullarının birlikdə təqdimatı və dəyərləndirilməsi
idi. Tədbirin yüksək səviyyədə
keçməsi təşkilat komitəsinin sədri kimi məni
çox sevindirdi.
Biz Beynəlxalq Plastik Cərrahiyyə Asssosiasiyasının illik konfranslarında iştirak edirik. Son konfrans sentyabr ayında Braziliyada gerçəkləşdi. Tədbirin gedişatında son iki il ərzində müxtəlif ölkələrdə keçirilən konfransların elmi və sosial səviyyəsi, özəllikləri haqda məlumat verildi, 6 ölkə müsbət yöndə fərqləndirildi. Azərbaycanın bu altılığa düşməsi mənim üçün xoş sürpriz oldu. Beynəlxalq Plastik Estetik Cərrahiyyə Cəmiyyətinin rəsmi orqanı olan “ISAPS NEWS” jurnalında bizim haqqımızda, Azərbaycan Tibb Universiteti haqda çox gözəl məqalə dərc olundu. Onu da qeyd edim ki, estetik cərrahiyyənin, demək olar, vətəni sayılan Braziliyanın bir çox klinikalarında mənim metodlarımla əməliyyatlar aparılır. Bütün bunlar onu göstərir ki, ölkəmizdə plastik və rekonstruktiv cərrahiyyə sahəsində çox yüksək səviyyədə addımlar atılmış və dünya standartlarına uyğun inkişaf var.
– Amma
uğurlarla yanaşı neqativ hallar da yox deyil. Məsələn, son vaxtlar bu sahədə dırnaqarası
mütəxəssislər də yağışdan sonra
çıxan göbələklər kimi durmadan artır.
Oxucularımız üçün maraqlı olar, pasiyent bu sahə
üzrə həkim seçərkən nəyə diqqət
etməlidir?
– Belə hallara dünyanın hər yerində rast gəlmək
olur. Təbii ki, bizdə də var. Plastik və
rekonstruktiv cərrahiyyə ayrıca bir ixtisas sahəsidir.
Dünya standartlarına görə bu ixtisas
üzrə təhsilin müddəti 5 ildir. Yəni
ümumi tibbi təhsil aldıqdan sonra daha 5 il
bu sahə üzrə təhsil almaq lazımdır. Bizim ölkəmizdə artıq 3 ildir ki bu sahədə
rezidentlər hazırlanır. Onların
kuratoru mənəm. Azərbaycanda son zamanlar plastik cərrahiyyə
sahəsində çox yaxşı kadrlar yetişir. Amma bəzi
qeyri-peşəkarlar da var ki, 2-3 ay hansısa kursa gedirlər
və bununla da özlərini plastik cərrah adlandırıb əməliyyatlar
edirlər. Onlara mütəxəssis demək
olmaz. Plastik cərrahiyyə çox
çətin sahədir. Burda rekonstruktiv cərrahiyyə
var, mikrocərrahiyyə var. Bunları bilmədən estetik cərrahiyyə
əməliyyatlarını uğurla aparmaq olmaz. Bu problemlər daha çox xaricdən gəlib
ölkəmizdə əməliyyatlar edən həkimlərlə
bağlıdır. İnsanlarımız
bilməlidirlər ki, yaxşı mütəxəssisin hər
zaman kifayət qədər pasiyenti olur və onun hansısa
xarici ölkəyə getməyə nə zamanı, nə də
ehtiyacı olur.
–
Başqa ölkələrdən müraciət edən xəstələr
necə, varmı?
– Əlbəttə ki, müraciət edənlər
çoxdur. Bunların əksəriyyəti
xaricdə yaşayan həmvətənlərimizdir.
–Vaqif Qələndər “imzasını”
başqalarından fərqləndirən cəhətlər
hansılardır?
–Bu suala mən deyil, pasiyentlərim cavab
versə daha yaxşı olardı. Amma yenə də
cavab verməyə çalışacağam. Bizim bir
müəllimimiz var idi, deyərdi ki, yaxşı cərrah olmaq
üçün əsas 3 şərt
var. İlk növbədə çox dərin tibbi biliyin
olmalıdır. İkinci, xəstəylə
ünsiyyətə girməyi bacarmalısan, xəstə həkimə
etibar etməlidir. Üçüncü isə Allah səni o sahə
üçün yaratmalıdır. Yəni
anadangəlmə istedadın olmalıdır.
Mən
artıq uzun illərdir
ki, respublikamızda əməliyyatlar aparıram. İnsanlar məni tanıyır, dəyərləndirirlər.
Xalqın gözü isə, necə deyərlər,
tərəzidir.
–Onu da
deyırlər ki, estetik cərrah bir az da
psixoloq olmalıdır...
– Doğru fikirdir. Ümumiyyətlə,
hər hansı bir həkimin müalicədəki ilk uğuru
xəstə ilə ünsiyyətə girə bilməkdən
ibarətdir. Xəstənin psixoloji durumunu
anlamadan dərdinə dərman tapmaq çətindir. Bizim sahədə isə bu, xüsusilə önəmlidir.
Çünki insanın xarici görkəmində
yaranan qüsurlar çox vaxt psixoloji narahatlıqlara səbəb
olur. Biz o qədər belə xəstələrlə
ünsiyyətdə oluruq ki, artıq onların xarakterini,
psixoloji vəziyyətini anlaya bilirik və onlara xüsusi həssaslıqla
yanaşırıq. Bəzən elə hallar da olur ki,
psixoloji baxımdan zəif olan, depressiyada olan pasiyent heç
bir ehtiyac duyulmadan xarici görkəmində dəyişiklik
etdirmək istəyir. Əlbəttə, bizə müraciət edən
insanların hamısını əməliyyat etmirik. Bəzən mütəxəssis gözü ilə
pasiyentin əməliyyata ehtiyacı olmadığını
görüb onu çəkindirməyə
çalışırıq. Hətta bəzi
hallarda onu psixoterapevtə yönəldirik.
– Əməliyyatın uğurlu alınması, pasiyentin
arzuladığı görkəmə qovuşması həkimin
peşəkarlığından başqa, daha hansı amillərdən
asılıdır? Həkim nəticə üçün əvvəlcədən
təminat verə bilərmi?
- Ümumiyyətlə, həyatda heç
nəyə 100 faiz təminat vermək mümkün deyil. Eləcə də təbabətdə. Əlbəttə,
müəyyən şeyləri əvvəlcədən
görmək mümkündür. Amma tam təminat
vermək olmaz. Çünki burada orqanizmin
fərdi xüsusiyyətləri də böyük rol
oynayır. İnsanlar xarici görkəmcə,
xaraktercə müxtəlif olduğu kimi, orqanizmlərin də
xüsusiyyəti fərqlidir. Elə orqanizm var ki,
toxuması çapığa meyillidir, regenrasiya prosesi ləng
gedir, gec sağalır. Təbii ki,
bütün bunları maksimum müəyyən etmək
üçün əməliyyatdan qabaq müxtəlif
müayinələr, təhlillər aparılır.
– Siz həm
də xeyriyyəçi həkim kimi
tanınırsınız...
– Xeyriyyəçilik, yaxşılıq eləmək hər
birimizin insanlıq borcumuzdur. Biz həkimlər
isə bu borcu ikiqat daşıyırıq. Çünki insanlar həyatını və
sağlamlığını bizə etibar edirlər. Bəzən elə pasiyentlər olur ki, maddi vəziyyəti
yaxşı olmur. Onlara klinikamızda
çox böyük güzəştlər edilir. Bəzən də elə ağır durumda xəstələr
gəlir ki, təmənnasız əməliyyat eləyirik.
Bir uşaq gətirmişdilər rayondan. Anadangəlmə ağız qüsuru ilə
doğulmuşdu. Qidalana bilmirdi. Valideynləri çox çarəsiz durumdaydı.
Onu təmənnasız əməliyyat elədik.
Kaş ki, valideynin sevincini görə biləydiniz.
Bu sevincin verdiyi xoş enerjini heç bir
madiyyatdan almaq mümkün deyil. Əlbəttə,
maddi dəyəri olan estetik əməliyyatlar da var. Amma
rekonstruktiv əməliyyatlar həyati əməliyyatlardır.
Heydər Əliyev Fondu tərəfindən
bizə mütəmadi olaraq xəstələr göndərilir. Mən həm bir həkim, həm də vətəndaş
kimi onları təmənnasız əməliyyat eləyirəm.
– Kimisə,
sanki, yenidən yaradanda hansı hissləri keçirirsiniz?
– O hissləri sözlə ifadə etmək mümkün
deyil. Sanki, kiməsə yenidən həyat verirsən
. Bu hissləri necə sözə sığdırmaq
olar ki...
– Ən çətin əməliyyatınızı
xatırlayırsınızmı?
–Əməliyyatların
hamısının çətinlik dərəcəsi var.
Hamısının məsuliyyəti var. Ən çətin və
ən qürurlandığım əmliyyatım isə
Türkiyə vətəndaşı üzərində
apardığım ilk qol replantasiyası idi. Xəstəxanalar
qəza nəticəsində qolu bədənindən ayrılmış bu
xəstəni qəbul etməmişdi.
Mənim üçün çox önəmli əməliyyat
oldu bu. O zaman Türkiyədə aparıcı qəzetlər
manşet xəbəri etmişdilər bu hadisəni.
–
Heç riskə getdiyiniz olubmu?
– İnsan həyatıyla risk
eləmək olmaz.
– Bəs
peşə marağı?
– Əgər həyati təhlükə
yaranmırsa və vəziyyətdən alternativ
çıxış yolu yoxdursa, bunu etmək olar. Məsələn, Saatlı rayonundan bir uşaq gətirmişdilər
klinikamıza. Valideynlərinin 21 illik
övlad həsrətindən sonra doğulan körpənin ana
bətnində ayağına göbək ciyəsi
dolandığından limfastaz olmuşdu. Çox
xəstəxanaları gəzmiş, tanınmış xarici
mütəxəssislərə müraciət etmişdilər.
Cavab isə bir idi-ayaq kəsilməlidir. Mən əməliyyatla şişi götürdüm. Ayaq xilas olundu. Valideynlərinin sevinci yerə-göyə
sığmırdı.
Bu yaxınlarda keçirilən Bakı
elm festivalında çıxış edərkən bu əməliyyat
barədə də danışdım. AMEA-nın
prezidenti, akademik Akif Əlizadə çox təəccübləndi.
İnana bilmirdi ki, bu cür unikal əməliyyat
bizim respublikamızda baş tutub.
O əməliyyat zamanı mən doğrudan da, riskə
getmişdim. Ananın illərdən sonra
tapdığı tək övladı, narkoz riski var, əməliyyat
prosesi bir neçə mərhələdən ibarətdir.
Çox çətin əməliyyat idi. Bilirsiniz, əgər içimdəki hiss mənə
bacaracağımı deyirsə, riskə gedirəm. Görəndə ki, o da tərəddüd edir,
getmirəm.
– Yetirmələriniz
arasında özünüzə rəqib olaraq gördükləriniz
varmı?
– Mənim yetişdirdiyim və hazırda müstəqil
şəkildə fəaliyyət göstərən mütəxəssislər
var. Hazırda rezidentlərim də
var. Vaxtilə müəllimlərimin mənə dediyi söz
var ki, mən də indi öz tələbələrimə
deyirəm. Mən istəyirəm ki, yetişdirdiyim mütəxəssis
ən azı mənim qədər, hətta məndən daha
bacarıqlı olsun.
Çünki bu həm də mənim adımdır.
Onlar mənə
övladlarım qədər
əzizdirlər. Mənim üçün rəqib yox, qürur mənbəyidirlər.
Hazırda ATU-nun plastik və rekonstruktiv cərrahiyyə
üzrə rezidentlərini mən
hazırlayıram. Çox gözəl yetişirlər,
çox razıyam onlardan. Onları əməkdaşlıq
etdiyim universitetlərə də göndərirəm. Məsələn,
biri bu yaxınlarda Almaniyaya getmişdi. Bir başqası
İstanbul Universitetində təcrübədə oldu. Orada
bir-iki il təhsillərini
artırıb dönürlər. İstəyirəm ki,
mənim keçdiyim
yolları onlar da keçsinlər.
– Son dövrlər plastik və rekonstruktiv cərrahiyyə sahəsində dünyada hansı mühüm yeniliklər baş verib?
– XXI əsr başqa
sahələrdə olduğu kimi, tibbdə də inqilablara imza
atır. Hazırda dünyada təbabət sahəsində
çox önəmli yeniliklər
var. Bunlardan ən əhəmiyyətlisi kök hüceyrələrinin
orqanizmdə rolunun öyrənilməsi və onların xəstəliklərin,
toxumaların deformasiyalarının aradan
qaldırılmasında tətbiqi ilə bağlıdır. Mən
hesab edirəm ki, bu əsrin ən önəmli
inqilablarından biri kök hüceyrələri ilə
bağlı olacaq.
-Maraqlı söhbət üçün təşəkkür edirik.
Müsahibəni hazırladı:
Aida AYSA
Xalq qəzeti.- 2014.- 3 dekabr.- S.9.