Milli dövlətçilik
tariximizin
Heydər Əliyev zirvəsi
Bəşər tarixində elə nəhəng şəxsiyyətlər olub ki, onların adı dünya durduqca daim yaşayacaq və nəsillərə örnək olacaqdır. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin də böyüklüyü və əzəməti, onun xalqı naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür.
Xalqımız, nəhayət,
müstəqil dövlətdə yaşadığına,
demokratik dəyərləri uca
tutan vətəndaş cəmiyyətinə qovuşduğuna,
xoşbəxt gələcəyinin sahibi olduğuna görə
ümummilli liderimiz Heydər Əliyevə borcludur. Azərbaycan
tarixinə dahi qurucu və böyük xilaskar kimi daxil
olmuş, ölkə həyatının bütün sahələrində
misilsiz nailiyyətlərin əsasını qoymuş
ümummilli lider Heydər Əliyev xalqa təmənnasız
xidmətin uca timsalına çevrilmişdir.
Azərbaycanın XX əsrdən
XXI əsrə adlayan 34 illik tarixi Heydər Əliyev şəxsiyyətinin
böyüklüyünü, uzaqgörənliyini, onun dövlətçiliyimizin
möhkəmləndirilməsi üçün göstərdiyi
misilsiz xidmətləri bir daha nümayiş etdirir.
Tale elə gətirmişdir
ki, ulu öndər birinci dəfə SSRİ-nin müttəfiq
respublikasına, ikinci dəfə isə müstəqil Azərbaycana
rəhbərlik etmişdir. Bu qüdrətli lider hər iki mərhələdə
öz Vətənini hərtərəfli inkişaf yoluna
çıxarmışdır. Ən mühümü isə
budur ki, 1993-cü ildə o, milli xilaskar kimi dövlətçiliyimizin
taleyinin həll olunduğu çətin bir vaxtda tarixi
qayıdışı ilə müstəqil Azərbaycan
dövlətini məhv olmaqdan qurtarmışdır.
Ulu öndər Heydər
Əliyev, həqiqətən, nadir şəxsiyyət, Azərbaycan
xalqının yetirdiyi ən böyük dahidir. Keçən
əsrin 70-ci illərindən bəri Azərbaycanın əldə
etdiyi uğurlar tamamilə ümummilli liderin fəaliyyəti
ilə bağlıdır. Azərbaycanın müstəqil
dövlət quruculuğuna aparan yol, əslində, 1969-cu ildən
– məhz onun hakimiyyətə gəlişindən sonra
başlamışdır. Bu mənada azərbaycançılığın
təməl səhifələri də elə həmin illərdən
yazılmışdır. Heydər Əliyev o dövrdə
mövcud olan ideologiyanın qəlibləri çərçivəsində
Azərbaycanda milli ruhun sıxışdırılmasına
yol verməmiş, əksinə, onu yüksəltmək yolunda
bütün imkanlardan istifadə etməyi bacarmışdır.
Bu baxımdan ulu
öndərin respublika rəhbərliyinə gəlməsindən
sonrakı dövr milli özünüdərkin, özünəqayıdışın
başlanğıcı kimi qəbul edilir. Heydər Əliyev
idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini
də məhz xalqın milli özünüifadəsinin
bütün forma və vasitələrinin geniş vüsət
alması, milli qürur hissinin güclənməsi və milli
şüurun yüksəlişinə təkan verən sürətli
inkişaf strategiyasının gerçəkləşdirilməsi
təşkil etmişdir.
Müasir
dövrün görkəmli siyasətçilərindən
biri kimi Heydər Əliyev, şübhəsiz ki, zəmanəmizin
tarixi simaları sırasında xüsusilə seçilirdi.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev ulu öndərin bənzərsiz fəaliyyəti barədə
demişdir: “Öz tənqidçilərindən və siyasi
opponentlərindən fərqli olaraq, Heydər Əliyev ölkənin
bir çox problemlərinin – siyasətin, iqtisadiyyatın və
ictimai həyatın məğzini və mahiyyətini müəyyənləşdirən
problemlərin həllinin açarını
tapmışdır. Yalnız həmin problemlərin həllindən
sonra Azərbaycan üçün gələcək
inkişafın perspektivləri açılmış və
bu perspektivlər bizdən ötrü nikbinlik və daha
yaxşı gələcək üçün ümidlər
mənbəyi olmuşdur. Onun şəxsiyyətinin və fəaliyyətinin
mahiyyətinin dərk olunması on illərlə Azərbaycan ətrafında
cərəyan etmiş hadisələrin təbiətinə,
son dərəcə mürəkkəb ümummilli problemlərin
həlli yollarına işıq salır. O, azərbaycanlıların
necə güclü iradəyə və ruha malik
olduqlarını, onun xalqının necə böyük enerji
potensialına və intellektual potensiala sahib olduğunu öz
timsalında bütün dünyaya nümayiş
etdirmişdir”.
Yada salaq ki, 1993-cü
ildə Heydər Əliyevin hakimiyyətə
qayıdışı ərəfəsində ölkədə
baş verən ictimai-siyasi proseslər çox mürəkkəb
və təhlükəli xarakter daşıyırdı. Azərbaycanın
bu təhlükələrdən qurtulmasına ən təcrübəli
dövlət xadimləri də inana bilmirdilər. Artıq
parçalanmaqda olan ölkəni yaxınlaşan fəlakətdən
qurtarmaq çox çətin bir vəzifə idi. Lakin ulu
öndər nəinki Azərbaycanın
bütövlüyünü qoruyub saxladı, həm də
ölkəni sabit inkişaf yoluna çıxardı.
İnkişafımızın konsepsiyasını,
strategiyasını işləyib hazırladı.
Bu yolda ən
uğurlu addımlardan biri “Əsrin müqaviləsi” oldu.
1994-cü ildə imzalanmış bu müqavilə görkəmli
siyasətçi kimi Heydər Əliyevin uzaqgörən neft
strategiyasının məhsulu idi. “Əsrin müqaviləsi”ndən
sonra dünya ölkələrinin Azərbaycan
iqtisadiyyatına marağı artdı. Alternativ enerji mənbələri
axtarışında olan müasir dünyanın yeni geoiqtisadi
xəritəsinin müəyyənləşməsinə əsaslı
təsir göstərən “Əsrin müqaviləsi” Azərbaycanın
siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə,
beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli
inteqrasiyasına da təkan vermişdir.Çox qısa zaman kəsiyində
bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə
keçdiyi inkişaf yolunu inamla qət edən
respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin
bazisinə çevrilən bu layihə, eyni zamanda, Azərbaycanın
yüksək siyasi iradəsini, milli maraqlarını sonadək
müdafiə etmək, təbii sərvətlərinə sahib
çıxmaq əzminin təntənəsi kimi tarixə
düşmüşdür.
Heydər Əliyevin rəhbərliyi
ilə Azərbaycan xalqı
öz strateji seçimini və inkişaf yolunu – insan
hüquq və azadlıqlarının ali dəyər hesab
edildiyi demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu yolunu seçdi və bu məqsədə nail
olunması üçün qısa müddətdə dövlət
və cəmiyyət həyatının bütün sahələrində
köklü islahatlar aparıldı.
Ulu öndərin banisi olduğu, onun bilavasitə
iştirakı ilə ərsəyə gəlmiş və
ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də
qəbul edilmiş ilk milli konstitusiyamız, şübhəsiz
ki, bütün bu islahatların istiqamətini müəyyənləşdirmişdir.
Bu ali siyasi-hüquqi sənəd Azərbaycanın müstəqillik
yolunda daha inamla addımlamasının, ərazi
bütövlüyümüzün, təbii sərvətlərimizin,
dinimiz və ana dilimizin, mədəniyyətimizin və digər
dəyərlərimizin toxunulmazlığının, insan və
vətəndaş azadlığının,
firavanlığın çağdaş təminatçısı
olmuşdur.
Heydər Əliyev Azərbaycana
rəhbərlik etdiyi illər ərzində
iqtisadiyyatımızın sürətli inkişafı ilə
yanaşı, böyük intellektual, kadr, iqtisadi və enerji
potensialının yaradılmasına da nail olmuş, ölkəmizin
müstəqil yaşaması üçün möhkəm təməl
qoymuşdur. Məhz buna görə də Azərbaycan xalqı
qazandığı müstəqilliyə və onun qorunub
saxlanılması sahəsində əldə etdiyi
bütün nailiyyətlərə görə ulu öndərə
minnətdardır.
Xarizma, yüksək
nüfuz, təşkilatçılıq bacarığı,
müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin
daim uca tutulması, novatorluq, qətiyyətlilik,
prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər
həm də ümummilli liderin ölkəmizin
inkişafında oynadığı rolu müəyyən edən
əsas dəyərlərdir. Fəaliyyəti ilə tarix
yaradan bu dahi şəxsiyyət beynəlxalq siyasətdə də
heyranlıqla qarşılanmış, daim böyük
hörmət və ehtiramla anılmışdır. Bu mənada
Azərbaycan xalqı
özünü xoşbəxt saya bilər ki, kifayət
qədər mürəkkəb və ziddiyyətlərlə
dolu dövr kimi xarakterizə edilən XX əsrdə 34 illik
müddətdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə
rəhbərlik etmişdir.
Məhz bu dahi insanın yorulmaz fəaliyyəti,
gərgin zəhməti sayəsində Azərbaycan sürətli, dönməz inkişaf yoluna qədəm
qoymuşdur. Müstəqil Azərbaycanın qurucusu və
banisi, dövlətçiliyimizin qarantı olmuş bu əzəmətli
şəxsiyyətin ölkəmiz və xalqımız
üçün etdikləri əsrlər keçsə də
tarixi dəyərini itirməyəcəkdir. Heydər
Əliyev siyasi-mənəvi irsi təkcə
xalqımızın deyil, eyni zamanda, bəşəriyyətin
zəngin xəzinəsinə çevrilmişdir.
Heydər Əliyevin
böyüklüyünü, Azərbaycan üçün
gördüyü işləri dünyanın
tanınmış şəxsləri yüksək qiymətləndirirlər.
Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl onun mənalı
fəaliyyətini belə qiymətləndirmişdir: “Heydər
Əliyev Azərbaycanı israrla demokratik yollarla müstəqil
olaraq məqsədinə çatdırmaq üçün
canını sipər edib qeyrət göstərən
oğuldur”. Türkiyənin hazırki Prezidenti Rəcəb
Tayyib Ərdoğan isə demişdir: “Heydər Əliyev Azərbaycanda
deyil, bütün türk dünyasında tanınan və
sevilən lider idi”.
Böyük
Britaniyanın sabiq Baş naziri Toni Bleyer də Heydər
Əliyevdən danışarkən qeyd etmişdir: “Heydər
Əliyev Azərbaycanın böyük lideri idi. O,
böhranlar dövründə öz ölkəsinə sabitlik
gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr
edə bilər”. ABŞ, Rusiya, Gürcüstan və digər
ölkələrin də dövlət
başçıları Heydər Əliyevi dahi şəxsiyyət
və siyasətçi, böyük dövlət xadimi kimi
qiymətləndirmişlər.
Ümummilli lider Heydər
Əliyev deyirdi: “Doğma, canım, varlığım qədər
sevdiyim Azərbaycanım mənim qibləgahımdır.
Bütün şüurlu ömrümü onun
inkişafına, tərəqqisinə həsr etmişəm.
Bundan sonrakı ömrümü də onun işıqlı
sabahları uğrunda qurban verməyə hazıram”. Bu gün
əminliklə demək olar ki, Azərbaycanın siyasi
suverenliyinin, iqtisadi müstəqilliyinin əsası məhz
70-80-ci illərdə qoyulmuş möhkəm təmələ,
güclü intellektual və iqtisadi potensiala söykənir. Bu
potensial müstəqillik illərində də möhkəmlənmiş,
qüdrətli Azərbaycan dövlətinin yaradılmasına
güclü təkan vermişdir.
Prezident İlham Əliyevin 21 yanvar
2013-cü il tarixli “Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında
deyilir: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın
müasir simasını müəyyənləşdirmiş və
xalqımızın taleyində silinməz izlər
qoymuşdur. Onun siyasəti nəticəsində əldə
olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu
uğurlar paytaxtımızın daim yeniləşən
görkəmində, şəhər və
rayonlarımızın sürətlə modernləşməsində,
iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və
səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda
öz əksini tapmışdır”.
Gündən-günə
inkişaf edən ölkəmizin çiçəklənməsi
göz qabağındadır. Əsası odur ki, Heydər
Əliyevin dövlətçilik ənənələri
yaşayır və inkişaf edir. Xoşbəxtik ki, ulu
öndərimiz Heydər Əliyevin müdrik siyasəti bu
gün onun ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən müasirləşən
dünyanın tələblərinə uyğun olaraq yeni
keyfiyyətdə uğurla davam və inkişaf etdirilir.
Ölkəmiz günbəgün müasirləşir,
inkişaf dinamikası sürətlənir. Siyasi və iqtisadi
islahatları uğurla reallaşdıran Azərbaycan son on bir
ildə regionun aparıcı dövlətlərindən olmaqla, transmilli layihələrin fəal
iştirakçısıdır.
Müstəqil Azərbaycan dövlətinin
sürətli inkişafında, dünyaya inteqrasiyasında nəqliyyat
sektorunun əhəmiyyəti danılmazdır. Azərbaycan nəqliyyatında
həm sərnişin, həm də yükdaşıma sahələrində
əsas yerlərdən birini də dəmir yolu tutur. Ölkəmizin
müstəqilliyinin ilk illərində digər sahələrlə
yanaşı, dəmir yolu nəqliyyatı da böyük maddi
çətinliklərlə üzləşmişdi.
1993-cü ilə qədər respublikamıza rəhbərlik
edən o zamankı səriştəsiz iqtidarlar bu
mühüm sahənin inkişafı üçün, əslində,
heç bir iş görməmişdilər. Belə ki,
bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında
da ağır böhran yaşanırdı.
Ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə
olduğu kimi, dəmir yolu nəqliyyatında da canlanma
başladı. Həm tikilən yeni dəmir yolu
stansiyaları, həm də alınmış yeni lokomotivlər,
sərnişin və yük vaqonları bu sahənin dirçəlməsinə
və inkişafına güclü təkan verdi. Az bir müddət
ərzində nəqliyyat sektoru öncül yerlərdən
birini tutdu. Uzaqgörən dövlət xadimi Heydər
Əliyev yaxşı bilirdi ki, nəqliyyat sistemi iqtisadi
inkişaf üçün olduqca vacibdir. Məhz bu səbəbdən
də nəqliyyatın bütün sahələrinə
qayğı göstərirdi.
Nəqliyyat sektoruna,
onun əsas strukturlarından olan dəmir yoluna diqqət və
qayğı, sahənin inkişafı üçün həyata
keçirilən işlər hazırda Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən daha intensiv şəkildə
davam etdirilir. Azərbaycanın sürətli inkişafı bu
sahənin müasir tələblər səviyyəsində təkmilləşdirilməsinə
güclü təkan verib. Prezident İlham Əliyev nəqliyyat
sistemi haqda danışarkən bildirmişdir: “Neft sektorundan
sonra nəqliyyat ölkə üçün ən
mühüm sahədir və burada inkişaf perspektivləri
çox gözəldir. Biz bütün imkanlarımızdan
istifadə edərək nəqliyyat sektorunu daha sürətlə
inkişaf etdirəcəyik.
Azərbaycan Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin
həyata keçirilməsində fəal rol oynayır. Hesab
edirəm ki, gələcəkdə tranzit ölkə kimi
bölgədəki və dünyadakı mövqelərimiz
daha da möhkəmlənəcəkdir. Beləliklə, indi Azərbaycanda
bütün sferaların, o cümlədən də nəqliyyatın
inkişafı üçün münbit şərait
var”.
Prezident İlham
Əliyevin yürütdüyü məqsədyönlü
siyasət artıq bir çox mühüm sahələr
üzrə Azərbaycanı dünya birincisinə
çevirib. Son illər iqtisadi artım dinamikasına, sürətli
inkişaf səviyyəsinə görə Azərbaycan
dünya dövlətlərinin reytinq cədvəlinə
başçılıq edir, aparılan iqtisadi islahatlarda yenə
də Azərbaycan ən islahatçı ölkə elan
olunub. Qlobal maliyyə böhranı başlandıqdan sonra Azərbaycan
iqtisadiyyatı yenə də dayanıqlığına və
inkişaf səviyyəsinə görə fərqlənənlər
sırasında idi. Elə bu da böhran şəraitində
belə ölkə əhalisinin maddi rifah halının əvvəlki
kimi yüksələn xətt üzrə inkişaf etməsinə
səbəb olub.
Ölkəmizin nəqliyyat-yol
kompleksinin müasir səviyyədə qurulması, bu sahədə
islahatların aparılması, nəqliyyat qurumlarının fəaliyyətinin
səmərəliliyinin yüksəldilməsi, ölkə
iqtisadiyyatının və əhalinin daşımalara olan tələbatının
ödənilməsi, nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsi,
texniki yeniləşmə və müasir texnologiyaların tətbiqi
üzrə müəyyən edilmiş tədbirlər ötən
illər ərzində ardıcıl olaraq davam etdirilmişdir.
Azərbaycanın Cənubi
Qafqazda mühüm nəqliyyat qovşağı və dəhlizlərin
keçdiyi məkan olduğunu nəzərə alsaq, regionda həyata
keçirilən layihələr həm də mühüm beynəlxalq
mahiyyət daşıyır. Avropa və Asiyanı birləşdirən
dəmir yolu xəttinin çəkilməsi də regional əməkdaşlığı
daha da sürətləndirir. Azərbaycan müstəqillik
qazandıqdan sonra müxtəlif növ nəqliyyat şəbəkələrinin
yaradılmasını təmin edən qlobal layihələr
reallaşmağa başlamışdır.
Dəmir yolu nəqliyyatı
sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə
çatdırılması məqsədilə Azərbaycan
Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu il tarixli “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması haqqında" sərəncam imzalaması bu
istiqamətdə yeni bir mərhələnin
başlanğıcı idi. 15 fevral 2010-cu ildə Nazirlər
Kabineti tərəfindən “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsi və
strukturu təsdiq olundu və bu işlər sürətləndi.
Bununla da gələcəkdə Azərbaycanın dəmir
yolunda islahatların aparılması və
restrukturizasiyası, habelə dəmir yolu nəqliyyatında
mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin
müasirləşdirilməsi istiqamətində yeni islahatlar
prosesinə start verildi.
Görülən
işlərin məntiqi davamı kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin
2010-2014-cü illərdə inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam
imzaladı. Proqramda Azərbaycan polad magitstralının
sürətli inkişafını təmin edən
bütün məqamlar nəzərə alınıb. Vaqon və
lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı,
işarəvermə, rabitə və digər təsərrüfatların
əsaslı təmiri, sabit cərəyandan dəyişən
cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi
və digər mühüm vəzifələr Dövlət
Proqramının icrası üçün tədbirlər
planında öz əksini tapıb. Dövlət
Proqramının əsas məqsədi əhalinin və
iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə
artan tələbatının və dövlətin müdafiə
ehtiyaclarının təmin olunması, Azərbaycanın
tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında
xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin
və yük daşımalarında nəqliyyat xərclərinin
azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli
fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində
daha fəal iştirakını təmin etməkdir.
“Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü
illərdə inkişafına dair Dövlət Proqramı” dəmir
yolunda aparılan islahatların sürətlə başa
çatdırılması üçün çox
böyük imkanlar açır. Proqramda nəqliyyat sisteminin əsas
sahələrindən olan dəmir yolunun bütün təsərrüfatlarının
inkişaf etdirilməsi, modernləşdirilməsi nəzərə
alınıb. Bütün bu
görüləcək işlər nəticəsində
qatarların hərəkətnin təhlükəsizliyi təmin
ediləcək və hərəkət sürətinin yüksəldilməsi
təmin olunacaqdır. Azərbaycan bu gün Bakı-Tbilisi-Qars
və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin
reallaşması prosesində fəal iştirak edir.
Ölkə
iqtisadiyyatı üçün çox vacib sahələrdən
birinə çevrilmiş nəqliyyat sektoru əsas
infrastrukturlardan biri olaraq hazırda sürətlə
inkişaf edir. Azərbaycan Respublikasının Nəqliyyat
naziri Ziya Məmmədovun rəhbərliyi ilə bu sahədə
böyük nailliyyətlər əldə olunur. Əvvəlki
illərdə olduğu kimi, 2014-cü ilin 10 ayında da yol-nəqliyyat
sektoruna investisiyaların yönəldilməsi, körpülərin
və yol qovşaqlarının dövlət nəzarətində
olduğunun təsdiqidir.
Müstəqil Azərbaycan
hazırda öz siyasi və iqtisadi qüdrətilə
seçilən dövlətlər sırasındadır. Siyasət,
iqtisadiyyat, nəqliyyat-yol infrastrukturu, mədəniyyət, təhsil,
səhiyyə, idman və digər sahələrdə də
görülən işlər Azərbaycanın beynəlxalq
arenada mövqelərinin daha da güclənməsinə gətirib
çıxarıb. Bu siyasətə Azərbaycanda alternativ
yoxdur.
Heydər Əliyev Azərbaycanda elə
bir dövlətçilik ənənəsinin əsasını
qoymuşdur ki, bu prinsiplər əslərlə yaşayacaq və
müstəqil dövlətimizi uğurlu gələcəyə
doğru aparacaq. İndi ölkəmizdə bütün sahələrdə
əldə olunan uğurlar məhz ulu öndərin müəyyənləşdirdiyi
düşünülmüş siyasi və iqtisadi kursun nəticəsidir.
Müxtəlif sahələrdə müəyyənləşdirilmiş
konsepsiyalar Azərbaycanın davamlı inkişafının
sarsılmaz təminatıdır.
Heydər Əliyevin
adı və şərəfli həyatı öz Vətəninə,
xalqına məhəbbətin təkrarsız təcəssümü,
millətə xidmətin əsl nümunəsi kimi daim
yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə
əbədi örnək olacaqdır. Ulu öndər dəfələrlə
bəyan etmişdir ki, bütün varlığı ilə Vətəninə,
onun insanlarına bağlıdır: “Azərbaycan
Respublikasının dövlət müstəqilliyini
qorumağı, möhkəmləndirməyi özüm
üçün ən əsas vəzifələrdən biri
hesab edirəm. Heç kəsin şübhəsi olmasın
ki, ömrünün bundan sonrakı hissəsini harda
olursa-olsun, yalnız və yalnız Azərbaycan
Respublikasının müstəqil dövlət kimi inkişaf
etməsinə həsr edəcəyəm. Azərbaycan
Respublikası bundan sonra da onun başına nə gəlirsə
gəlsin, müstəqilliyini itirməyəcək, yenidən
heç bir dövlətin tərkibinə daxil olmayacaq,
heç bir dövlətin əsarəti altına düşməyəcək”.
Bu gün ulu öndər
Heydər Əliyev cismən aramızda olmasa da onun əziz
xatirəsi hər bir azərbaycanlının qəlbində
yaşayır, Azərbaycana təmənnasız xidmət
nümunəsi kimi milyonları nəhəng quruculuq işlərinə
səfərbər edir.
12 dekabr ulu öndərin
xatirəsinin rəsmi anım günüdür. Amma türk
dünyasının böyük oğlunun xatirəsini hər
gün yad edirik, müstəqil Azərbaycan dövlətinin
qurucusunun Vətən və xalq qarşısındakı xidmətlərinihər
an anırıq. Biz hamımız bu gün böyük
qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan
dövləti ulu öndərimizin şah əsəridir, onun
öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir.
Heydər Əlıyev məhz adı və əməlləri ilə də müstəqil dövlətimiz yaşadıqca, dünnya durduqca daim xatırlanacaq.
Məhərrəm MƏMMƏDOV,
iqtisadçı-ekspert, respublikanın fəxri dəmiryolçusu
Xalq qəzeti.- 2014.- 3 dekabr.- S.5.