Görkəmli dramaturqun xatirəsi Xızıda anıldı
Cəfər Cabbarlı-115
Cəfər Cabbarlı o sənətkarlarımızdandır ki, onun çoxşaxəli yaradıcılığı bir sıra sahələrin inkişafına təsir göstərmişdir. O, dramaturgiya, nəsr, poeziya, tərcümə, teatr, eləcə də kino sahəsində uğurla fəaliyyət göstərmiş, yaddaqalan əsərlər yazmışdır.
1899-cu il martın 20-də Xızıda dünyaya göz açan Cəfər Cabbarlının
sonrakı həyat və fəaliyyəti daha
çox Bakının Dağlı məhəlləsində
keçmişdir. Böyük
dramaturqun anadan
olmasının 115-ci ildönümü də
məhz onun doğulduğu
Xızı rayonunda təntənə ilə
qeyd edildi.
Xızı
Rayon İcra Hakimiyyətinin,
Azərbaycan Yazıçılar Birliyinin,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun və C.Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı
ilə keçirilən tədbirə respublikanın bir sıra
ziyalıları, C.Cabbarlı
yaradıcılığını tədqiq edən alimlər,
eləcə də ədəbiyyatsevərlər qatılmışdılar. Tədbir Xızı şəhərinin
Heydər Əliyev Mərkəzində baş
tutdu. Tədbir
iştirakçıları əvvəlcə ulu
öndər Heydər Əliyevin və Cəfər
Cabbarlının Xızıda ucaldılmış abidələrini
ziyarət etdilər.
Tədbiri
açıq elan edən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, filologiya
elmləri doktoru, professor
Asif Rüstəmli sənətkarın ədəbiyyatımızdakı
rolundan və ədəbi-ictimai fəaliyyətindən
söz açdı. Bildirdi
ki, C.Cabbarlının dramaturgiyası Azərbaycan
teatrı və kinosunun inkişafına öz töhfələrini
vermişdir. Onun nəsr,
poeziya, teatr və
kinodakı uğurları, eləcə də ictimai
fəaliyyəti sənətkarın daxili
dünyasını anlamağa imkan verir.
Xızı
Rayon İcra Hakimiyətinin
başçısının müavini Arzu Əzizov bildirdi ki, sənətkarın yubileyinin
Xızıda, məhz Heydər Əliyev Mərkəzində
keçirilməsi rayon ictimaiyyəti üçün əlamətdar hadisədir. Çünki mərkəz ilk
dəfədir ki, belə möhtəşəm
tədbirə ev sahibliyi edir.
Azərbaycan
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi sənətkarın
dramaturgiyasının özəlliklərindən, onun ictimai əhəmiyyətindən
söz açdı. AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, filologiya
elmləri doktoru, professor
Şirindil Alışanlı
C.Cabbarlını romantizm ədəbi
cərəyanının nümayəndəsi kimi xarakterizə etdi, əsərlərinin
ideya və məzmun yükündən
danışdı.
C.Cabbarlının
bir sıra pyeslərində rol almış, xüsusilə də
“Aydın”da Gültəkin
obrazını canlandırmış Xalq artisti Məleykə Əsədova
çıxışını Gültəkinin monoloqu ilə başladı və C.Cabbarlı
dramaturgiyasının onun səhnə fəaliyyətində
mühüm rol
oynadığını qeyd etdi.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, filologiya
elmləri doktoru, professor
Tahirə Məmməd, institutun
aparıcı elmi işçiləri filologiya üzrə
fəlsəfə doktoru Qurban
Bayramov və
filologiya üzrə fəlsəfə
doktoru Elnarə Akimova, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
professoru Rafiq Sadıqov, şair Oktay Rza sənətkarın
əsərlərinin ictimai məzmununu
yüksək dəyərləndirdilər.
Yubiley tədbirində Xalq
artisti Mələkxanım Əyyubova
sözləri C.Cabbarlıya məxsus “Gərək Günəş
dağları aşıb sönməyəydi”
mahnısını ifa etdi.
Müğənnilər Rəşad İlyasovun və Mehri
Əsədullayevanın ifa etdikləri C.Cabbarlının şeirlərinə
bəstələnmiş mahnılar iştirakçılarda xoş ovqat yaratdı.
C.Cabbarlının 115 illiyinə həsr edilmiş
şeir müsabiqəsində birincilik qazanmış istedadlı şagird Toğrul
Baxışlının ifası da
alqışlarla qarşılandı.
Dramaturqun yaradıcılığını tədqiq
edən, onun irsini yaşadan bir sıra şəxslər,
o cümlədən C.Cabbarlının ev muzeyinin direktoru,
ədibin nəvəsi Qəmər Seyfəddinqızı diplomla təltif edildilər.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2014.- 4 dekabr.- S.10.