Bir Səttar vardı...
Səttar
Bəhlulzadə – 105
Onun həyat yolu əsl nağıla bənzəyir.
Biri vardı, biri yoxdu... Bir Səttar
vardı.
Dünya malında gözü olmayan, qəlbi, ruhu büllur kimi təmiz, həyatın əzablarını
içində çəkən, bu əzablarını
kağız üzərinə tökərək çox dəyərli rəsmlərə
çevirən, ömrünün
ən qiymətli anlarını bu əsərlərlə bir yerdə keçirən bir insan, Səttar var idi. O bu dünyanın qaranlığa yox, işığa gedən yolunu seçdi və bu işığın yaratdığı rənglər dünyasında özünü
tapdı. O rənglərin
dilini, söz-söhbətini
öyrəndi, onların köməyi
ilə öz rəssam dünyasını yaratdı.
...Bir
Səttar var
idi... O, iqlimi sərt, təbiəti küləklər əlindən cana doymuş Bakının Əmircan kəndində 1909-cu ilin dekabrın 15-də, soyuq bir qış günü dünyaya göz açmışdı. Uşaqlığı
bu kənddə keçmişdi.
Bu kənddə dil öyrənmiş, təhsil
almışdı və elə rəssamlığına
da burada başlamışdı.
1931- ci ildə
Azərbaycan Rəssamlıq
Məktəbinə, 1933-cü ildə isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutuna daxil olmuşdu. 1941-ci ildə həmin
institutu bitirmişdi. Məşhur
rəssamlar V.A. Favorskinin
və Q. M. Şaqalın
tələbəsi olmuşdu.
Əmək fəaliyyətinə “Kommunist”
qəzetində Əzim
Əzimzadənin
rəhbərliyi ilə
başlamışdı. 1931-1933-cü illərdə o dövrə
uyğun ilk karikaturaları
çap edilmişdi.
Səttar
Bəhlulzadə iki Qırmızı Əmək
Bayrağı ordeni və medallarla təltif olunmuşdur. Əsərləri R.Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət Muzeyində
və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə
də Moskva və s. şəhərlərin
muzeylərində saxlanılır.
S.Bəhlulzadə 14 oktyabr
1974-cü ildə Moskva xəstəxanasında vəfat etmiş, Əmircan kəndində dəfn olunmuşdur. Qəbri üstündə böyük
sənətkarımız Ömər
Eldarovun yaratdığı möhtəşəm
abidə ucaldılıb.
Bunlar S.Bəhlulzadənin
həyatının qısa xronikasıdır.
Amma adi həyatdan fərqli olaraq, onun ömür salnaməsində əsrarəngiz
bir rənglər dünyası da var ki, bu, Səttara əbədiyaşarlıq bəxş edib, onu insanlar
arasında seçilmişlər sırasına çıxarıb. Onu bu dünyaya qovuşduran yaradıcı təxəyyülünün məhsulu olan dahiyanə əsərləridir.
S. Bəhlulzadənin bu
əsərlərini qiymətli edən onların Azərbaycanla, vətən torpağı ilə bağlılığıdır. Bu yaradıcılıq çələngindən
hansı əsəri götürürsən-götür, oradan bu torpağın ətrini, nəfəsini duyacaqsan. Səttar üstündə gəzdiyi vətən torpağının
bütün rəng
çalarlarını öz əsərlərinə gətirə bilib. İstər qrafik,
istərsə də rəngkarlıq
janrında yaratdığı əsərlərində Azərbaycan var, onun insanlarının obrazları
var. Əslində onun
yaradıcılıq predmeti təbiət idi. Yaşıl meşələr, sıldırım
qayalar, çaylar,
göllər və bir də Abşeronun sərt təbiəti.
O, bu təbiəti sevirdi, onunla nəfəs alırdı, saatlarla, günlərlə
dəniz
sahilində oturub dalğaların
melodiyasını dinləyər,
sonra da bu melodiyaların notlarını rənglərə çevirərdi.
Həzz alardı bu
peyzajlardan, ətrafında
da kimsə olmazdı ki, öz xoşbəxt dəqiqələrini
onunla bölüşsün.
Çox qəribədir ki, ilk zamanlar onun əsərlərini
cızma-qara kimi qiymətləndirənlər
də olub. Zaman
keçdikcə bu əsərlər özlərinin əsl qiymətini alanda,
daha doğrusu, böyük
muzeylərin eksponatına
çevriləndə Səttarın böyüklüyü,
ucalığı , dahiliyi ortaya
çıxıb. Onun hər bir əsəri haqqında istədiyin qədər danışmaq olar.
“Xəzər üzərində axşam”,
“Xəzər gözəli”, “Əbədi məşəllər”,
“Kəpəzin göz yaşları”, “Vətənimin
baharı”, “Azərbaycan nağılı” , “Əfsanəvi torpaq”, “Şahnabat”,
“Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Vətənimin
baharı”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”,
“Qızbənövşəyə gedən yol”,
“Əmircan”, “Neft daşları”,
“Şamaxı üzümlükləri” və s.
əsərləri
tamaşaçını
Səttarın sehrli dünyasına aparır, onu təbiətin görünməz sirləri ilə
qarşılaşdırır. O, bu əsərlərini
Moskvada sərgiləməyi çox
arzulayırdı. Amma bu arzusu çox sonralar, ağır
xəstəlik
dövrünə təsadüf
etdi. Onu bu sərgiyə aparmamışdılar. Dostlarının köməyi ilə
sonra böyük
çətinliklə bu sərgiyə
özünü
çatdırmış və həmin vaxt orada əməliyyat
olunmuşdu.
Əvvəllər sosialist realizmi cərəyanına meyillənən rəssam
sonralar fransız impressionistlərinin yolu ilə gedərək öz sənət dünyasını yaratdı. Və
o vaxtdan ömrünün sonuna kimi həmin üsluba sadiq qaldı. Sənətşünaslardan birinin dediyi kimi, Səttarın
meşələri yamyaşıl, çayları dumdurudur. Səttarın
ağacları çiçəkli, torpağı rayihəlidir.
Səttar torpaq adamıdır. Bəli, Səttar
Bəhlulzadə təpədən dırnağa kimi rəssam idi. Əsərlərinə tamaşa edəndə adam daxili bir qürur hissi keçirir. Azərbaycanın belə
dahilər diyarı olduğuna
görə fəxr edirsən.
Səttarın
yaradıcılığı romantikdir. Onun əsərləri lirikayla
doludur. Səttarın rəsmlərində
ağrı, əzab, problem yoxdur. Qara rəng yoxdur. Bu əsərlərdə
hər şey idealdır, hər şey gözəldir. Təbiət dumduru, insanlar tərtəmizdir.
Bu yazını
hazırlayarkən saytlardan birində bir fakt diqqətimi çəkdi. Səttar müəllim danışırmış ki,
altmışıncı illərin əvvəllərində
Moskvada təşkil olunmuş Ümumittifaq sərgisində
Qazaxıstan Mədəniyyət Nazirliyinin
əməkdaşları onun orada nümayiş etdirilən
“Xəzər gözəli” (1960) adlı əsərini görüb müəllifin ardınca
Bakıya gəliblərmiş. Onlar
rəssamla görüşdükdən sonra
həmin əsəri Qazaxıstan Dövlət Rəsm
Qalereyası üçün almaq istədiklərini bildiriblər. O isə artıq əsərin Azərbaycan
Dövlət İncəsənət Muzeyi
üçün
alındığını
söyləyib. Bu cavabı eşidən qonaqların əhvalı
pozulur. Söhbət vaxtı onlar maraq xatirinə rəssamdan
əsərin neçəyə alındığını
öyrənməyə çalışırlar. Səttar isə
bunu gizli saxlamağa çalışir.
Qazaxıstanlılar əsərin geri
alınmasının mümkünlüyünü
dilə gətirməklə ona 25 min rubl (o
vaxt üçün şox böyük məbləğ idi) verməyə hazir
olduqlarını bildiriblər. Bunun üçün onun
razılığını istəyiblər. Buna
nail ola bilməyəndə
onlar rəssamdan heç
olmasa ona əsər üçün verilən qonorarın
miqdarını söyləməyi xahiş
ediblər. Səttarın “600 rubl” sözündən
sonra qazaxıstanlı qonaqlar
uzun müddət
çaşqınlıqdan özlərinə gələ bilməyiblər.
Ən sonda onlar heç olmazsa bu əsəri rəssamdan təkrar çəkməyi
xahiş ediblər. O isə “Təkrarçılıqla
məşğul olmuram” cavabını verib. Səttar belə insan idi. Hətta ona verilən Dövlət
mükafatından da imtina etmişdi. Gürcülər də onu Tiflisə dəvət
etmişdilər. Amma o,
Azərbaycandan, doğma
torpaqdan heç vaxt aralı
yaşamadı. Vətən sevgisi onun əsərlərinə
də hopmuşdu. Hansı əsərinə
baxırsan, orada
Azərbaycan var, bu
torpağın tarixi qəhrəmanları, qurub- yaradan insanları, dağları, dərələri,
çayları, füsunkar təbiəti var. Vaxtilə doğma yurdu Azərbaycan onu sona qədər dünyaya
tanıda bilməsə də, onun özü Azərbaycanı tanıtdı.
2009-cu ildə UNESCO-nun qərarı ilə
Səttar Bəhlulzadənin 100 illik yubileyinin bütün dünyada qeyd olunması da bunun təsdiqidir...
Bəli,
bir Səttar
vardı. O, rənglərin dili ilə
danışar, rənglər aləmində rahatlıq tapardı. Amma nağılın sonunda göydən düşən üç
almadan heç biri ona qismət olmadı.
Vaxtilə işığa doğru getdiyi yol onu əbədiyyətə qovuşdurdu.
İşıqlı dünyada isə onun nəsillərə yadigar olan əsərləri
qaldı.
Elçin ORUCOV,
Əməkdar mədəniyyət işçisi, rəssam
Xalq
qəzeti.- 2014.- 5 dekabr.- S.6.