Heydər Əliyev və
cəmiyyətin mənəvi saflığı
Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz.
Heydər ƏLİYEV
Ümummilli lider
Hər bir dövlətin, xüsusən gənc müstəqil dövlətin yaşayıb fəaliyyət göstərməsi, fasiləsiz inkişaf edib təkmilləşməsi və möhkəmlənməsi üçün zəruri olan amillərdən üçü ayrıca qeyd olunmağa layiqdir: güclü iqtisadiyyat, ölçülüb-biçilmiş, sahmanlı, elmi zəminə söykənən daxili və xarici siyasət, bir də cəmiyyətin mənəvi sağlamlığı. Şübhə yoxdur ki, sıx əlaqə və vəhdət halında olan bu amillər bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini şərtləndirir. Lakin o da şübhəsizdir ki, iqtisadiyyat və siyasət sahəsində qazanılan uğurların əsasında sağlam mənəviyyat normaları və prinsipləri dayanmalıdır.
Cəmiyyətdəki
sağlam mənəvi mühitin,
vətəndaşların mənəviyyatca yetkinliyinin,
kamilliyinin hər bir
dövlətin möhkəmliyi üçün
əhəmiyyəti tarix boyu
müdriklər, siyasətçilər tərəfindən dəfələrlə
bəyan edilmişdir. Bu baxımdan böyük Azərbaycan alimi
Mirzə Kazım bəyin vaxtilə dediyi bir fikri xatırlatmaq yerinə
düşər. O yazırdı: “Roma
imperiyası iqtisadi ziddiyyətlərin və
bununla əlaqədar olan
sosial ziddiyyətlərin təsiri
altında deyil, müxtəlif siyasi qüvvələr arasındakı
didişmələrin, həmçinin mənəviyyatların
pozulması nəticəsində süqut etmişdir”.
Bu
həqiqəti yaxşı bilən ulu
öndər Heydər Əliyev mənəviyyatla bağlı
məsələləri daim diqqət mərkəzində
saxlayırdı. Onun elə bir məruzəsinin, nitq və
çıxışının adını çəkmək
olmaz ki, orada mənəviyyat, milli-mənəvi dəyər
problemlərinə
toxunulmamış olsun. Mən ilk növbədə ümummilli
liderin 1996-cı ilin fevral ayında müstəqil Azərbaycan
Respublikası gənclərinin birinci
forumundakı nitqində ifadə olunan proqram müddəanı xatırlatmaq istəyirəm.
Ulu öndər demişdir:
“Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə
qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər
zənginlik olsa da, mənəviyyat
olmayan yerdə heç
bir şey ola bilməz”.
Hər bir insan həyatda özünü müxtəlif vasitələrlə
təsdiq və ifadə etməyə çalışır. Bəziləri ağılın, kamalın, yüksək
mənəvi keyfiyyətlərin, bəziləri elmin, biliyin, bəziləri
yüksək yaradıcılıq qabiliyyətinin vasitəsilə.
Bəziləri isə özünü
var-dövləti, villaları, bahalı maşınları,
zinət əşyaları vasitəsilə təsdiq etməyə
çalışırlar. Aydındır ki,
ən yüksək özünütəsdiq,
özünüifadə forması mənəvi
özünütəsdiqdir, mənəvi özünüifadədir.
ABŞ-da Emil Poust
adına Etiket İnstitutunun
etiketə dair nəşrlərinin birində
deyilir: “Amerikalılar başa
düşməlidirlər ki, heç də hər şey
dollarla alınmır. Dollar,
funt, frank, peso, lir... Bəli, bu pullara zinət şeyləri
və ya suvenir almaq olar, lakin
nə xeyirxahlıq pulla satılır, nə
heyranlıq, nə də rəğbət”.
Cəmiyyət
üzvlərinin sağlam mənəviyyatlı
vətəndaşlar kimi yetişdirilməsi
üçün bir
sıra amillərin mövcud olması vacibdir. Onlardan birincisi, ölkədə sabitliyin bərqərar edilməsidir ki, ulu öndərin ciddi səyləri nəticəsində bu sahədə çox böyük işlər görüldü.
Qanunsuz silahlı dəstələrin,
dövlət çevrilişi cəhdlərinin
xofundan xilas olan xalq quruculuq
işlərinə başladı, iqtisadiyyatı, mədəniyyəti inkişaf etdirmək
imkanı qazandı. Demokratik, hüquqi dövlət quruculuğu
prosesi adamların vahid,
yeganə ideologiyanın təlqin etdiyi, zorla aşıladığı mənəvi norma və standartlardan yaxa qurtarmasına kömək etdi.
Özəl televiziya və radio
kanalları, informasiya agentlikləri fəaliyyət
göstərməyə, çoxlu sayda qəzet və jurnallar
nəşr olunmağa başladı. Fikir plüralizmi ən
müxtəlif mülahizə və rəylərin sərbəst
surətdə ifadə edilməsinə gətirib
çıxartdı. Adamlar öz düşündüklərini söyləməkdən
daha çəkinmədilər. Düzdür, ölkədə yaranmış demokratik şəraitdən sui-istifadə edənlər
də oldu və indi də
var. Belələri həqiqət
əvəzinə, yalanı özlərinə bayraq
edən, ən ali milli-mənəvi dəyərlərimizin
təbliği əvəzinə, insanlara mənəviyyatsızlıq
aşılamağı qarşılarına məqsəd qoyan, müstəqillik illərindəki şəksiz,
danılmaz uğurlarımıza qara yaxan şəxslərdir. Lakin
bu, artıq həmin şəxslərin mənəviyyatındakı
aşınmalardan xəbər verən bir
faktdır.
Dil mənəviyyatın ayrılmaz hissəsi
və ən mühüm atributudur.
Təəssüf ki, sovet hakimiyyəti illərində doğma Azərbaycan dilimiz
küncə sıxışdırılmış, onun tətbiq sahəsi son
dərəcə məhdudlaşdırılmışdı.
Azərbaycan Respublikasının SSRİ vaxtındakı son Konstitusiyasında Azərbaycan dili dövlət dili elan olunsa da,
əslində, buna tam
mənası ilə əməl edilmirdi. Yalnız Azərbaycan öz
müstəqilliyini bərpa etdikdən sonra
doğma ana dilimiz, sözün həqiqi
mənasında, müstəqil, tamhüquqlu
dil oldu. 1995-ci ilin noyabrında qəbul edilmiş
müstəqil respublikamızın ilk
Konstitusiyasında Azərbaycan dilinin
dövlət dili olması qəti şəkildə
bəyan edildi və təsbit olundu. Yeri gəlmişkən,
müstəqil Azərbaycanın ilk
Konstitusiyasının yaradıcısı da,
doğma dilimizin Azərbaycan
dili adı altında Əsas Qanunumuza daxil edilməsinin
təşəbbüskarı da ulu öndər Heydər Əliyevdir.
Ümummilli liderimizin öz nitq və
çıxışlarında Azərbaycan dilinə verdiyi yüksək qiymət, “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında”, eləcə də
“Azərbaycan Əlifbası və Azərbaycan Dili
Gününün təsis edilməsi
haqqında” onun imzaladığı tarixi fərmanlar doğma dilimizin inkişafına
yeni böyük təkan
verdi.
Qeyd etməyi lazım bilirəm ki, ulu öndərin hər
bir nitq və
çıxışı Azərbaycan dilinin
gözəlliyini, zənginliyini, geniş
ifadə imkanlarına malik olduğunu
əyani şəkildə nümayiş
etdirən misilsiz örnəklərdir. Bu nitq və
çıxışlar hər bir ölkə
vətəndaşında öz doğma dili üçün iftixar hissi doğurur, onu bu dili
daha dərindən sevməyə, öyrənməyə
və təbliğ etməyə həvəsləndirir.
Mənəvi
mədəniyyətimizin yaradıcıları olan,
cəmiyyət üzvlərinin mənəvi aləminin
formalaşdırılmasında bilavasitə iştirak
edən elm və sənət adamlarına,
istedadlı gənclərə qayğı göstərilməsi,
onlara fəxri adlar,
yüksək təqaüdlər verilməsi, onların, eləcə də
xalqımızın tarixində çox
görkəmli yer tutan
mədəniyyət, ədəbiyyat abidələrinin yubileylərinin
keçirilməsi mənəvi tərbiyədə, cəmiyyət
üzvlərinin mənəvi aləminin formalaşmasında olduqca böyük əhəmiyyətə
malikdir. Hələ sovet
dönəmində nə qədər sənətçimiz ulu öndərin köməkliyi ilə SSRİ-nin yüksək fəxri adlarına, orden və medallarına layiq
görülmüşdür. Neçə-neçə
yazıçı, şair, rəssam, bəstəkar
və müğənnimiz Sosialist Əməyi
Qəhrəmanı, SSRİ Xalq artisti fəxri adlarına layiq
görülmüş, SSRİ Dövlət
mükafatı laureatı olmuşlar.
Bu vəziyyət hətta əhalisinin
sayı bizdən çox olan
bəzi respublikaların rəhbərlərində
qısqanclıq hissi doğururdu.
Onlar deyirdilər ki,
Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı,
SSRİ Xalq artisti
adı almış sənət adamlarının sayı bizdəkindən
çoxdur. Bu, əlbəttə,
Heydər Əliyevin xidməti idi.
Sənət
adamlarının, mədəniyyət və ədəbiyyat
abidələrinin yubileylərinin keçirilməsi ən
azı iki nöqteyi-nəzərdən
faydalıdır. Əvvəla, bu prosesdə
haqqında söhbət gedən şəxslərin və ya əsərlərin mənəvi keyfiyyətləri
qabarıq surətdə nəzərə
çarpdırılır ki,bu da mənəvi tərbiyədə, xüsusən
gənclərin mənəvi cəhətdən
formalaşmasında və inkişafında mühüm
əhəmiyyətə malikdir. Digər tərəfdən, xalqımızın
tarixində müsbət rol oynayan heç bir faktın, hadisənin diqqətdən kənarda
qalmadığı hamıya bəlli olur,
nəticədə adamlarda daha
yaxşı işləmək, qurub-yaratmaq
həvəsi və əzmi artır.
Heydər
Əliyev ədəbiyyat və incəsənət aləmi ilə
daim ünsiyyətdə, təmasda
olmağı xoşlayırdı. Teatr
tamaşalarının premyeralarında, hökumət tədbirlərində
təşkil olunan konsertlərdə,
yazıçıların, rəssamların, bəstəkarların
qurultaylarında, sərgilərin
açılışında və digər tədbirlərdə ulu öndər şəxsən iştirak edirdi. Teatr
tamaşalarından və konsertlərdən sonra
səhnə arxasında aktyorlarla,
musiqiçilərlə, müğənnilərlə görüşür, onların
qayğıları və problemləri ilə maraqlanır, onlara təmsil etdikləri sənət sahələri
ilə bağlı səriştəli tövsiyələr verirdi.
Ədəbiyyat
və incəsənətin müxtəlif növləri ilə
bağlı qənaətlərində Heydər Əliyev incəsənətin
daxili qanunauyğunluqlarına və inkişaf perspektivlərinə yüksək
peşəkarlıqla yanaşan bir sənət nəzəriyyəçisi kimi çıxış edirdi.
Milli-mənəvi
dəyərlərimizə dərindən bələd olan ümummilli liderimiz xarici ölkələrə
səfərləri zamanı soydaşlarımızla
görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq
ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi
yaşatmağı, təbliğ
etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir
Vətəni var - bu,
Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını,
öz dilini, milli ənənələrini
unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla
bir vurmalıdır”.
Heydər Əliyevin rəhbərliyi
dövründə cəmiyyətdə mənəvi mühitin saflaşması istiqamətində
görülən işlərin, həyata keçirilən tədbirlərin
siyahısı genişdir. Mən bunlardan yalnız bəzilərini
xatırlatdım. Lakin təəssüf hissi ilə qeyd etməyi lazım bilirəm ki, qazanılan bütün
uğurlara baxmayaraq, biz bu gün
cəmiyyətimizin, vətəndaşlarımızın tam mənəvi sağlamlığından
danışa bilmirik. Əksinə, müəyyən
hallarda milli-mənəvi dəyərlərimizin
nüfuzdan düşməsindən,
bu dəyərlərə tam
biganəlikdə ifadə olunan hərəkətlərdən,
açıq-aşkar mənəviyyatsızlıqdan
danışmalı oluruq. Xüsusən
müstəqilliyimizin ilk onilliyində bu sahədə vəziyyət qətiyyən
ürəkaçan deyildi. Təbiidir ki, cəmiyyətdə baş
verən mənəvi prosesləri həmişə diqqətlə
izləyən ulu öndər bu cür hallara
biganə qala, onlarla
bağlı narahatlıq keçirməyə bilməzdi. Onun 13 avqust 2001-ci il tarixli bəyanatı bu narahatlığının nəticəsi olaraq meydana gəlmişdi.
Həmin bəyanatda cəmiyyətin mənəvi həyat sahəsində
baş verən mənfi hallardan
danışılır, onların yaranma səbəbləri
və aradan qaldırılması
yolları göstərilirdi.
Adı çəkilən
bəyanat cəmiyyətdə böyük
əks-səda doğurmuş və geniş müzakirə obyektinə çevrilmişdi. Hər cür ixtisas və peşədən
olan adamlar, gənclər
və yaşlılar bu bəyanatda irəli
sürülən fikirlərlə həmrəy
olduqlarını bildirir, mənəvi mühiti sağlamlaşdırmaq üçün səmərəli təkliflər
irəli sürürdülər.
Yeri gəlmişkən, qeyd etməyi
lazım bilirəm ki, o
dövrdə cəmiyyət üzvlərinin müəyyən
qismində özünə yer tapan mənəviyyatsızlıq
hallarını əsasən ölkədə iqtisadi
durumun çətinliyi ilə izah etmək meyli güclü idi. Məncə, bu, o qədər də düzgün
deyildir. Əvvələn, mənəviyyatsızlıq
uçurumuna yuvarlanmış insanlar içərisində hədsiz
var-dövlətə malik olan
harınlaşmış şəxslər heç
də az deyil. Bu cür şəxslərin,
xüsusən də vəzifəli şəxslərin qudurğan övladlarının mənəviyyatsız
hərəkətlərinə cəmiyyətdə çox mənfi münasibət
formalaşmışdır. Haqlı olaraq,
möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu cür şəxsləri, vəzifə sahiblərini
və onların qudurğan
övladlarını ciddi cəzalandırır.
Bu da cəmiyyətdə
razılıqla qarşılanır. İkincisi,
insan şüura və
mənəviyyata malik yeganə canlı
varlıqdır və buna görə də
öz insanlıq ləyaqətini hər cür şəraitdə qoruyub
saxlamağa borcludur. Dahi ədibimiz Cəlil Məmmədquluzadənin
bir fikrini burada xatırlatmaq yerinə düşər.
O, hekayələrinin birində yazırdı: “İnsan
necə çətinliyə düşsə, gərək tab gətirsin və nə eləyir eləsin, amma gərək ədəbi və nazikliyi əlindən qoymasın”.
İnanıram
ki, ulu öndərin
digər məsələlər kimi, cəmiyyətin
mənəvi saflığı, milli-mənəvi dəyərlərimizin
qorunub saxlanması və daha
da inkişaf etdirilməsi
məsələsinə münasibəti də bizim
üçün həmişə bir örnək, bir
nümunə olacaq.
Ölkə
Prezidenti cənab İlham
Əliyev cəmiyyətin mənəvi cəhətdən
sağlamlaşdırılması, milli-mənəvi dəyərlərimizin
qorunması və daha da
inkişaf etdirilməsi sahəsində ulu öndərin gördüyü
işləri uğurla davam
etdirir.
O, özünü “xalqın xidmətçisi”
adlandıraraq vəzifə sahiblərinin ondan
nümunə götürməsini tələb edir.
Bu cür münasibət
və tələbkarlıq cəmiyyətdə mənəvi-psixoloji
iqlimin sağlamlaşmasına çox kömək edir.
Əlisa
ƏHMƏDOV,
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin
professoru,
fəlsəfə elmləri
doktoru
Xalq qəzeti.- 2014.- 5 dekabr.- S.3.