“Əsrin müqaviləsi”
çərçivəsində
neft hasilatı və ixracı davam edir
Azərbaycanın neft
strategiyasının uğurla
reallaşdırılması ölkənin dinamik
sosial-iqtisadi
inkişafı üçün
möhkəm zəmin yaratmışdır. Azərbaycan
Respublikası özünün zəngin karbohidrogen ehtiyatları hesabına hazırda regionun ən sabit və dinamik inkişaf edən
ölkəsinə çevrilmişdir.
Artıq uzun illərdir ki,
özünün enerji
təhlükəsizliyini tam təmin etməyə
nail olan Azərbaycan
hazırda Avropanın enerji təhlükəsizliyinin
təminatında da mühüm
rol oynayır.
Ötən illərdə neft və qaz ixracından əldə edilən gəlirlər
hesabına Azərbaycanın iqtisadi
imkanları xeyli artmış, ölkəmiz
bir sıra regional
layihələrin təşəbbüskarı və əsas
iştirakçısına çevrilmişdir.
Bununla
yanaşı, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi,
xüsusən də qeyri-neft sektorunun inkişafı üçün
əlverişli imkan yaranmışdır.
İqtisadiyyatın şaxələndirilməsi isə öz növbəsində ölkənin neftdən
asılılığının azalmasına və yeni iş yerlərinin
yaradılmasına səbəb olur.
Bununla belə, Azərbaycanda neft-qaz
sektoru hələ uzun
illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır. Bu baxımdan ölkəmizin
karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsini
nəzərdə tutan hasilatın pay tipli sazişlər xüsusi əhəmiyyət kəsb edir. Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən
dövründə də “Azəri”, “Çıraq”
yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi – “Əsrin müqaviləsi” çərçivəsində
mühüm nailiyyətlər əldə
olunmuşdur. bp-nin
açıqladığı hesabata əsasən,
2014-cü ilin doqquz
ayı ərzində “Azəri-Çıraq-Günəşli”
layihəsinin əməliyyat xərclərinə təqribən
720 milyon dollar, əsaslı
xərclərinə isə 1 milyard 741 milyon dollar vəsait sərf
olunmuşdur. Bütövlükdə isə
il ərzində layihənin əməliyyat
və əsaslı məsrəfləri üçün
müvafiq olaraq 1 milyard 52 milyon dollar və 2 milyard 68 milyon dollar vəsaitin xərclənməsi nəzərdə
tutulmuşdur.
Məlum
olduğu kimi,
2014-cü il sentyabrın 20-də “Azəri”,
“Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair
sazişin – “Əsrin müqaviləsi”nin
imzalanmasının 20-ci ildönümü
tamam oldu. Yubiley ilində Azərbaycanın
iqtisadi müstəqilliyinin təməl
daşı sayılan bu nəhəng neft sazişi üçün daha bir əlamətdar hadisə baş
verdi. Belə ki, bu il “Əsrin müqaviləsi”
çərçivəsində yeni bir nailiyyətə imza atan konsorsium
iştirakçıları “Çıraq” neft
layihəsi üzrə ilk neftin
əldə olunmasını qeyd etdilər.
Xatırladaq ki, Azərbaycanın
yeni neft strategiyası
çərçivəsində əldə olunmuş
zəngin təcrübəyə əsaslanan “Çıraq” neft layihəsinə başlamağa
dair qərar 2010-cu ilin
mart ayında verilmişdi.
Ötən müddətdə layihə çərçivəsində
nəzərdə tutulmuş
tikinti-quraşdırma işləri uğurla
yerinə yetirilmiş, Xəzər dənizində
unikallığı ilə seçilən “Qərbi
Çıraq” platforması
quraşdırılmışdır. Bu il yanvar ayının 28-də
öncə qazılmış quyuların birindən hasilata başlanması ilə platforma
işə salınmışdır.
2014-cü ilin ötən dövründə müqavilə
sahəsində hasilat sabit
şəkildə davam etmiş, altı platformadan
birlikdə gündə orta hesabla 655 min 700 barrel və ya ümumilikdə 179 milyon
barrel, yəni təqribən 24,2 milyon ton neft
çıxarılmışdır. Cari ilin üçüncü
rübünün sonunadək “Azəri-Çıraq-Günəşli”
yataqlar blokunda 77 quyudan neft hasil
olunmuş, 36 quyudan isə
texniki (injektor
quyuları) məqsədlər üçün
istifadə edilmişdir. Ayrı-ayrı platformalar üzrə hasilata
gəlincə isə, ilin ötən
dövründə “Çıraq” da 11 hasilat quyusundan orta hesabla gündə 63 min 600 barrel neft çıxarılmışdır. Bundan əlavə, burada 5 suvurma quyusu istismarda olmuşdur.
İlin əvvəlindən “Azəri” yatağında
da neft hasilatı uğurla davam etdirilmişdir. Hesabat
dövründə “Mərkəzi Azəri” platformasında 17 hasilat quyusundan gün ərzində 169 min
600 barrel neft hasil olunmuş, 6 quyudan isə texniki məqsədlər
üçün istifadə edilmişdir. “Qərbi Azəri”
platformasında 19 hasilat və 6 suvurma quyusu istismarda olmuş, burada gündəlik neft
istehsalı orta hesabla
159 min 600 barrel təşkil
etmişdir.
“Şərqi Azəri” platformasında istismarda
olan 15 quyunun 11-dən
neft hasil olunmuş, 4 quyudan isə laylara su vurulmasında istifadə olunmuşdur.
Oradan ilin birinci
rübündə sutka ərzində
orta hesabla 77 min 300 barrel neft çıxarılmışdır.
Ötən dövrdə
“Günəşli” yatağının dərinlikdə yerləşən
hissəsində istismarda olan
14 hasilat quyusundan
gündəlik neft hasilatı 147 min 200 barrel təşkil etmiş, burada 14 quyudan laylara suvurma əməliyyatı həyata keçirilmişdir. “Qərbi Çıraq”
platformasında isə ilin ötən dövrü ərzində istismara
daxil edilmiş beş quyudan gündəlik
orta hesabla 38 min 400 barrel neft
çıxarılmışdır. İlin
sonunadək digər öncəqazma quyularının istismara verilməsi ilə burada
hasilat daha da artacaq.
“Azəri-Çıraq-Günəşli”
layihəsinin illik
iş proqramının bir
hissəsi olaraq “Mərkəzi Azəri”
platformasında planlaşdırılmış profilaktik işlər görülmüşdür.
Həyata keçirilən bu tədbirlər
isə platformalardakı qurğu və
avadanlıqların ümumi yüksək
səmərəliliyini təmin etməyin mühüm
hissəsidir. Xatırladaq ki,
sözügedən proqrama gəmilərin
daxili təftişi və yeniləşdirilməsi,
məşəl uclarının dəyişdirilməsi və ümumi mexaniki, cihaz, nəzarət sistemi,
eləcə də elektrik sahəsində
işlər daxil olduğundan
“Mərkəzi Azəri”
platformasında hasilat bir müddət
dayandırılmışdır. Digər hasilat
platformalarının, həmçinin
Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru
kəmərlərinin normal fəaliyyəti
davam etmişdir. Bundan əlavə, Səngəçal
terminalında əməliyyatlar və Ceyhan
terminalında tanker yükləmələri
qrafik üzrə həyata keçirilmişdir.
2014-cü
ilin ötən dövründə
müqavilə sahəsindən səmt qazının 28
düyməlik sualtı kəmər vasitəsilə Səngəçal
terminalına, oradan isə Azərbaycanın
daxili istifadəsi üçün
“Azəriqaz” İstehsalat Birliyinin
qaz şəbəkəsinə göndərilməsi
davam etmişdir. Belə ki,
“Azəri” yatağındakı üç
hasilat platformasından səmt qazı yataqdaxili sualtı boru kəmərləri
vasitəsilə “Mərkəzi Azəri” kompressor
və suvurma platformasına göndərilmiş,
burada onun bir hissəsi təzyiqi
saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal
terminalına nəql edilərək ölkənin qaz şəbəkəsinə təhvil verilmişdir. Hazırda “Azəri”
yatağındakı altı quyudan laya qazvurma əməliyyatları
davam edir. Bununla yanaşı, “Qərbi Çıraq”
platformasından hasil edilən səmt
qazının da böyük
hissəsi Səngəçal terminalına göndərilmişdir.
Bütövlükdə isə 2014-cü ilin doqquz ayı ərzində
“Əsrin müqaviləsi” çərçivəsində xam neftlə bərabər
çıxarılan səmt qazının 2 milyard
kubmetri (gündə təqribən 7,3 milyon kubmetr) təmənnasız
olaraq Dövlət Neft
Şirkətinə təhvil verilmişdir.
Ötən müddətdə
“Qərbi Çıraq”
platformasında qaz kondensasiya
və kompressiya sistemlərinin istismar sınaqları uğurla
başa çatdırılaraq yenidən
istifadəyə verilmişdir. Bu da öz növbəsində
“Qərbi Çıraq” qazının tam
həcmdə terminala göndərilməsini
təmin etmişdir. İlin
ötən dövründə “Çıraq” platformasında hasil edilmiş səmt
qazının əksər hissəsi isə mövcud
16 düyməlik sualtı boru kəməri
vasitəsilə Neft Daşlarındakı
kompressor stansiyasına göndərilmişdir.
Layihənin əməliyyatçısı olan
bp şirkəti buxarlanan
qaz kompressorları və boru
kəmərləri üçün cari ilə planlaşdırılmış
işləri də uğurla başa çatdırmışdır. Bu isə “Çıraq” platformasında məşəldə
yandırılan qaz həcminin xeyli azalmasına imkan
yaratmışdır.
“Azəri-Çıraq-Günəşli”
yataqlar blokunda qazma və tamamlama fəaliyyətləri
də qrafik üzrə davam
etdirilmiş, yanvar-sentyabr
ayları ərzində burada 10 neft və 3 suvurma quyusu qazılmışdır. Ayrı-ayrı
yataqlara gəldikdə isə, mart ayında “Çıraq”da A06X hasilat quyusu tamamlanaraq istismara verilmiş, apreldə
isə yoxlama və intervensiya
əməliyyatları, eləcə də bir
aylıq profilaktika işləri
aparılmışdır. Sonra isə A05y
quyusunda qazma işləri
başlanmış və ötən ay
tamamlanmışdır. Hazırda
platformada iki
aylıq profilaktik işlər proqramı
həyata keçirilir.
May ayında “Mərkəzi Azəri” də
B28 hasilat quyusu tamamlanaraq istismara verildikdən sonra dörd quyuda intervensiya əməliyyatları və qazma qurğusunda profilaktik işlər aparılmış, dörd ötürücünün
quraşdırılması həyata keçirilmişdir.
Daha sonra B29 quyusunda ilkin dərinlikdə
qazma əməliyyatları
aparılmışdır. Bu quyunun lay hissəsində qazma işləri və tamamlama
əməliyyatları isə gələn il
davam etdiriləcək. Bundan
əlavə, “Qərbi Azəri” platformasında C28 hasilat quyusu tamamlanaraq 2014-cü ilin mart ayında istismara verilmiş, daha sonra isə bir sıra intervensiya və digər quyu
əməliyyatları aparılmışdır. Hazırda C06 quyusunda qazlift və ötürücünün
quraşdırılması əməliyyatları həyata keçirilir. “Şərqi Azəri”
platformasında bu ilin
ilk ayında D03 quyusunda
intervensiya əməliyyatları bitirildikdən
sonra oktyabr ayında
D25 hasilat quyusunda qazma işləri tamamlanmışdır.
Yanvar ayında “Dərinsulu Günəşli”
platformasından bəzi quyularda lazımi texniki tədbirlər başa
çatdırıldıqdan sonra E09y quyusunda yanaqazma və tamamlama işləri aparılmış, eləcə
də qazma qurğusunun
profilaktikası və əlavə intervensiya
əməliyyatları həyata keçirilmişdir. Avqust ayında isə
E19 suvurma quyusunun
qazılması tamamlandıqdan sonra E14 quyusunda yoxlama işləri
aparılmış və E20 hasilat quyusunun qazılmasına
başlanmışdır. Həmin quyunun
gələn ilin yanvarında
tamamlanacağı gözlənilir.
Bu ilin yanvar
ayında istismara verilmiş
“Qərbi Çıraq” platformasında altı hasilat quyusu
tamamlanmış və istismara verilmişdir. Hazırda isə şlamların
laya vurulması üçün
nəzərdə tutulmuş quyuda qazma əməliyyatları
davam etdirilir.
Əvvəlki
dövrlərdə olduğu kimi, cari ilin
ötən dövründə də “Əsrin müqaviləsi”
çərçivəsində xam neftin sualtı boru kəməri
vasitəsilə Səngəçal terminalına göndərilməsi
davam etmişdir.
Xatırladaq ki, terminalın texniki emal sistemlərinin
gündəlik gücü hazırda 1,2 milyon barrel nefti
qəbul edib ixrac
sisteminə vurmağa
imkan verir. Bu ilin doqquz ayında
Səngəçal terminalından
227 milyon barreldən çox neft ixrac olunmuşdur. Xam neftin 198 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 24 milyon barreli Bakı-Supsa ixrac boru kəmərləri, 4 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır. Bundan
əlavə, cari ilin doqquz ayında
Azərbaycandan dünya
bazarına 1,4 milyon barrel kondensat ixrac edilmişdir.
Göründüyü
kimi, Azərbaycan neftinin dünya bazarına daşınmasında
əsas yeri Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri
tutmuşdur. Yeri
gəlmişkən, cari
ilin yanvar-sentyabr ayları ərzində sözügedən kəmər
üzrə əməliyyat
xərclərinə 152,4
milyon dollar, əsaslı
xərclərə isə
84,3 milyon dollar vəsait
sərf olunmuşdur.
2014-cü il üçün isə kəmərin əməliyyat
xərclərinin təxminən
230 milyon dollar, əsaslı
xərclərin 119 milyon
dollar təşkil edəcəyi
gözlənilir.
Xatırladaq ki,
uzunluğu 1768 kilometr
olan Bakı-Tbilisi-Ceyhan ixrac boru
kəməri 2006-cı ilin iyun ayında
istismara verilib. Hazırda kəmərin gündəlik ötürmə
gücü 1,2 milyon barrel təşkil edir. 2014-cü ilin doqquz ayı ərzində Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə təqribən
26,4 milyon ton (199 milyon
barrel) xam neft ixrac olunaraq
Ceyhanda 276 tankerə yüklənmişdir. Yeri gəlmişkən,
avqust ayında kəmərlə daşınmış
2 milyardıncı barrel xam
neft Türkiyənin Ceyhan terminalından dünya bazarına yola salınmışdır.
Bütövlükdə isə
2006-cı ilin yayından
indiyədək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
vasitəsilə Ceyhan
terminalına təxminən
2 milyard 30 milyon barrel
(272 milyon ton) xam neft nəql edilmiş, oradan da 2665 tankerə yüklənərək dünya
bazarlarına göndərilmişdir.
Hazırda sözügedən
boru kəməri ilə Azərbaycandan, əsasən, “Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan çıxarılan xam neft və “Şahdəniz”
yatağından hasil edilən kondensat daşınır. Bundan əlavə,
kəmər vasitəsilə
Türkmənistan nefti
də nəql olunur. 2013-cü ilin oktyabr ayından
başlayaraq BTC vasitəsilə
müəyyən həcmlərdə
“Tengiz” neftinin nəql olunması bərpa olunmuşdur.
Eyni zamanda, 2014-cü ilin fevral ayında ARDNŞ-in əməliyyatçısı olduğu Şimal boru kəmərinin axın istiqaməti uğurla dəyişdirilmişdir.
Bu, bp ilə
ARDNŞ-in adıçəkilən boru kəməri boyunca bir neçə
obyektin yenidən işə salınması
üçün birgə
səylərinin nəticəsi
idi. Kommersiya razılaşmalarının uğurla yekunlaşması
isə öz növbəsində Şimal
boru kəmərindən
neft həcmlərinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixracına
imkan yaratmışdır.
Göründüyü kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının
əsasını təşkil
edən “Əsrin müqaviləsi” çərçivəsində
neftin hasilatı və ixracı uğurla davam etdirilir. Bununla yanaşı, ulu
öndərin adını
daşıyan Bakı-Tbilisi-Ceyhan kəməri ilə Qazaxıstan və Türkmənistan neftinin daşınmasına
marağın getdikcə
artması Azərbaycanı
regionun tranzit ölkəsinə çevirir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 5 dekabr.- S.3.