Qara qızıldan insan
kapitalına....
6
dekabr rabitə və informasiya texnologiyaları işçilərinin
peşə bayramıdır
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycanda ilk telefon
bağlantısının 125 illiyi ilə əlaqədar 2
dekabr 2006-cı il tarixli sərəncamı ilə hər il 6
dekabr rabitə və informasiya texnologiyaları işçilərinin
peşə bayramı günü kimi qeyd olunur. Son illərdə
ölkəmizdə bu sahə üzrə artım templəri
dünya artım tempini bir neçə dəfə üstələmiş,
internet xidmətlərinin qiymətləri dəfələrlə
endirilmişdir. Azərbaycan hazırda regionlararası “rəqəmsal
geriliyin” aradan qaldırılması istiqamətində bir
sıra irimiqyaslı layihələr həyata keçirir.
Ölkəmizdə telekommunikasiya və
informasiya texnologiyaları sahəsinin ardıcıl və
sistemli inkişafının bünövrəsi bütün
şüurlu həyatını xalqına və onun
inkişafına həsr etmiş ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi ilə bu
sahədə həyata keçirilmiş
uzaqgörən siyasət İKT sahəsinin gələcək
inkişafına ciddi töhfə vermiş, onun inkişafını
şərtləndirən başlıca amil
olmuşdur. Dahi strateqin bu sahədə
açdığı cığır onun
layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla genişləndirilərək,
sektorun inkişafında mühüm
nailiyyətlərə yol
açmışdır. Son 10 il ərzində ölkəmiz informasiya-kommunikasiya
texnologiyaları sahəsi üzrə dünyanın, eləcə
də Avropanın qabaqcıl ölkələri sırasına
daxil olmuşdur. Cənubi Qafqaz və Transxəzər
regionlarında respublikamızın İKT-lider
mövqeyinin təmin edilməsində “Azərbaycan
Respublikasının inkişafı naminə informasiya
və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya
(2003-2012-ci illər)”, “Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının
inkişafı üzrə 2005-2008-ci illər üçün
Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublıkasında rabitə və
informasiya texnologiyalarının
inkişafı üzrə 2010-2012-ci illər üçün
Dövlət Proqramının (Elektron Azərbaycan)”,
eləcə də digər normativ-hüquqi
aktların böyük rolu
olmuşdur. İnformasiya
cəmiyyətinin yaradılması üçün
formalaşan müvafiq
hüquqi baza ilə
yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş
kompleks və ardıcıl fəaliyyət
sayəsində İKT qeyri-neft sektorunda ən prioritet sahələrdən
biri hesab olunmuşdur.
Bu il aprelin
2-də Prezident
İlham Əliyev “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin
inkişafına dair 2014-2020-ci illər üçün Milli
Strategiya”nı təsdiq etməklə bu
sahədə növbəti mərhələnin əsasını
qoymuşdur. İKT infrastrukturu və xidmətləri, yüksək
texnologiyalar sektorunun
inkişafı, yüksək texnologiyaların inkişafı
üzrə elmi-texniki potensialın
gücləndirilməsi, “elektron hökumət”in
inkişafı, informasiya təhlükəsizliyinin
təmin edilməsi, milli kontentin
inkişaf etdirilməsi və s. bu strategiyanın əsas
istiqamətləridir.
Prezident İlham Əliyevin
hakimiyyətdə olduğu dövr ərzində
İKT sahəsinə dövlət tərəfindən
yüksək diqqət və
qayğı göstərilmiş, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata
keçirilmişdir. Son
5 il ərzində ölkənin informasiya texnologiyaları sektoru
təqribən 2 dəfə genişlənmiş və orta illik artım tempi 17 faiz təşkil etmişdir.
Müstəqillik tarixinin əlamətdar hadisələrindən biri kimi diqqət çəkən
2013-cü il fevralın 8-də ilk milli peykimizin
orbitə çıxarılması da məhz
ölkə başçısının birbaşa
rəhbərliyi və dəstəyi ilə həllini
tapıb. Bu sahənin gələcək inkişafına xüsusi önəm verilərək, müvafiq dövlət proqramlarında, o
cümlədən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və
inkışafı üzrə Dövlət Proqramı”nda iqtisadi və informasiya təhlükəsizliyinin
əsas komponentlərindən olan telekommunikasiya peyklərinin
hazırlanması və orbitə çıxarılması,
Azərbaycanın regionda informasiyanın
ötürülməsi sahəsində lider
ölkəyə çevrilməsi əsas istiqamətlər kimi nəzərdə tutulur.
Artıq Azərbaycan
həm də elektron məhsullar istehsal edən yerli müəssisələrə
malikdir. Yerli istehsal potensialının genişləndirilməsi
kontekstində həm də ölkəmizdə son
texnoloji yeniliklər tətbiq olunur. İKT sektorunun
inkişafında mobil rabitə
operatorlarının rolu danılmazdır.
“Azercell” , “Bakcell” və
“Azerfon” şirkətlərinin gördüyü işlərin nəticəsi
olaraq bu gün mobil rabitə seqmenti genişlənmiş, hər 100 nəfərə
düşən mobil abunəçilərin
sayı 110-a bərabər olmuşdur. Dünyanın bir çox ölkələri hələ “3G”
texnologiyasına tam keçmədiyi halda Azərbaycan ən son
mobil texnologiyanın - “4G”
texnologiyasının tətbiqinə
başlamışdır.Dövlət idarəçiliyində
İKT-nin tətbiqi genişlənir,
dövlət orqanları tərəfindən təqdim edilən
elektron xidmətlərin sayı
gündən-günə artmaqdadır. Artıq 350-dən çox elektron xidmət
e-hökumət portalına inteqrasiya
olunub və bir pəncərə
prinsipi əsasında əhaliyə və
biznes sektoruna təqdim
olunur. Bir
sözlə, İKT sektorunun uğurlu artım tempinin bundan sonra da
təmin edilməsi üçün
artıq müvafiq texnoloji
baza formalaşdırılmışdır.
Məqsədimiz ölkənin enerji siyasətindən
əldə edilən nəticələrin bazası əsasında
diversifikasiyaya söykənən yeni, dayanıqlı, texnoloji
tutumlu, innovativ iqtisadiyyat qurmaqdır.
Bu gün ölkədə
yüksək texnologiyalara, həmçinin
bu texnologiyalar əsasında
təşkil olunan iqtısadi sektora böyük önəm
verilir.
Həyata keçirilən
layihələrin bir məqsədi də
Azərbaycanda internet infrastrukturunun
tamamilə genişləndirilməsi, bu
xidmətin hər kəndə, hər bir
evə gətirilməsidir. Nazirliyin
tabeliyində yaradılmış İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar
Parkı məhz bu işlərə dəstək
vermək məqsədi ilə yaradılmışdır. RYTN-nin
tabeliyində İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İKT sahəsi
üzrə layihələrin maliyyələşdirilməsi üçün 2014-cü ilin
dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılmışdır.
“Yüksək Texnologiyalar Parkı”nın
yaradılması üzrə işlər də davam etdirilir. Parkın tikintisi məqsədilə ayrılmış ərazinin
müvafiq sənədləşməsinin
aparılması, torpaq ayrılması
haqqında akt və inşaat
pasportu alınıb. Parkın infrastrukturunun qurulması üçün
satınalmaların keçirilməsi istiqamətində
işlər aparılır. Keçiriləcək
tender üzrə tələb olunan şərtlərin
formalaşdırılması, həmçinin qoyulacaq
tələblərin, nəzərdə tutulan
işlərin hərtərəfli əhatə edilməsi məqsədilə
bu sahədə beynəlxalq təcrübəyə
malik “Hill İnternational” şirkəti cəlb edilib və hazırda ərazidə
yerləşdiriləcək binalar və infrastruktur üçün
texniki tələblər, tenderin
şərtlər toplusu və qiymətləndirmə
metodu şirkət tərəfindən
hazırlanmaqdadır.
Ölkə ərazisində universal
rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi
istiqamətində işlər əsasən başa
çatdırılıb və artıq
ölkənin bütün
yaşayış məntəqələri üçün
rabitə xidmətləri təşkil olunub.
Əhalinin artım tempi və yeni yaşayış massivlərinin
salınması nəzərə alınmaqla, əhalinin tələbatına
uyğun olaraq, universal rabitə xidmətlərinin tətbiqi
və inkişafı istiqamətində işlər davam etdirilir. Respublika üzrə əhalinin hər 100 nəfərinə
düşən telefon aparatlarının
sayı 18,65 ədəd, hər 100 ailəyə düşən
telefon aparatlarının sayı 69,01 ədəddir.
Hər 100 nəfərə düşən mobil
abunəçilərin sayı isə 110-a bərabərdir.
Bu gün ölkəmiz
İKT sahəsində bir çox
layihələrin birbaşa təşəbbüskarı
kimi çıxış edir.
Bu layihələrdən
biri olan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM)
layihəsi BMT Baş Məclisinin qətnamələri
ilə dəstəklənmişdir. 2013-cü il
sentyabr ayının əvvəllərində
BMT Baş Assambleyasının 67-ci
sessiyasında layihənin həyata keçirilməsi üçün Avrasiya Rabitə
Alyansı yaradılmış, “Bakutel-2013” sərgi-konfransı
çərçivəsində layihə ilə bağlı beş Avrasiya
operatorlararası Anlaşma Memorandumu da
imzalanmışdır.
Nüvə
texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun
dinc məqsədlərlə istifadəsi
də qarşıya qoyulan əsas mqəsədlərdən
biridir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Milli
Nüvə Tədqiqatları Mərkəzi QSC
yaradılması məhz bu sahədə fəaliyyətin, kadr hazırlığının genişləndirilməsi məqsədini
daşıyır. “Milli Nüvə Tədqiqatları
Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə
və struktur layihəsi aidiyyəti
dövlət orqanları ilə razılaşdırılmaqla
Nazirlər Kabinetinə təqdim olunub,
habelə Milli Elmlər
Akademiyasının Radiasiya Problemləri İnstitutunun balansından QSC-yə veriləcək
əmlakın siyahısı Nazirlər Kabinetinin
sərəncamı ilə təsdiqlənib. QSC-nin
fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.
Mövcud resurslardan və coğrafi mövqelərdən
istifadə olunmaqla, Azərbaycan Respublikasının
bütün bölgələrinin sosial-iqtisadi
inkişafının müasir tələblər səviyyəsində
təmin edilməsi və iqtisadiyyatımızın rəqabət
qabiliyyətinin yüksəldilməsi milli məhsulların
dünya bazarında layiqli yer tutmasına şərait
yaradacaqdır. Bu məqsədlər Azərbaycan
Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış - İnkişaf
Konsepsiyası”nda öz əksini tapmışdır. Konsepsiyada əsas
hədəf qarşıdakı
səkkiz-on ildə Azərbaycan Respublikasında əsasən qeyri-neft sektorunun
inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə
artırılması və bu
artımın respublikada innovasiyayönlü
və biliyə əsaslanan iqtisadiyyatın qurulması
hesabına həyata keçirilməsidir. Belə
inkişafın əsas dayaqlarından biri
informasiya və kommunikasiya
texnologiyalarıdır. İKT
yüksək artım tempinə malik yeni iqtisadi sektor
kimi müasir və
çoxtəyinatlı infrastruktur, habelə
hərtərəfli sosial-iqtisadi tərəqqinin
aparıcı qüvvəsi rolunu
oynayır.
“Elektron-hökumət”
portalına gəlincə, buraya 45 qurum fiziki olaraq
qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 446 elektron xidmətdən
291-i, ümumilikdə isə 374 xidmət portalda
yerləşdirilib və vahid portal (bir pəncərə
prinsipi) vasitəsilə əhaliyə təqdim
olunur. İlin əvvəli
ilə müqayisədə
dövlət orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə
verilmiş elektron
imzaların sayı 6748 ədəd artırılaraq 24 386 ədədə
çatdırılıb. Bundan 15310-u
dövlət orqanlarına, 3583-ü hüquqi
şəxslərə, 5493-ü isə vətəndaşlara verilib. E-imza sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyinin
təmin edilməsi və istifadəçilərin rahat əldə edə bilməsi üçün müvafiq
proqram təminatları yazılmış
və digər tədbirlər görülmüşdür.
Eyni zamanda, ötən dövrdə TV
və FM radioproqramlarının yayım keyfiyyətinin
yoxlanılması, ölkə ərazisində qonşu
dövlətlərdən yayımlanan radio
və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsinin
ölçülməsi və Mərkəzləşdirilmiş
Avtomatik Radiomonitorinq
Şəbəkəsinin yaradılması üzrə işlər aparılıb. Televiziya və radio proqramlarının yayım keyfiyyətinin
və əhatə zonasının genişləndirilməsi məqsədilə
28 ədəd müxtəlif təyinatlı radio-TV
avadanlığı istismara (bundan 16-sı DVB-T standartlı, 4-ü isə
DVB-T2 standartlıdır) keçirib.
Ölkə əhalisinin yaşadığı ərazilərin
98 faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya
yayımı ilə təmin edilib.
“Bakı-2015” I Avropa
Oyunlarına hazırlıq işləri davam
etdirilib. Bu çərçivədə BTRİB tərəfindən
yarış və təşkilati məkanlara fiber-optik
və mis kabellərin alınması və
çəkilməsi, eləcə də DRİ tərəfindən
radiotezliklərin monitorinqi və müdafiəsi,
radioelektron avadanlıqların sınaqdan
keçirilməsi və parametrlərinin yoxlanılması məqsədilə
lazımi avadanlıqların alınması üzrə
aidiyyəti şirkətlərlə müqavilələr
imzalanıb və ölkəyə gətirilməsi üzrə
işlər davam etdirilir.
Ölkəmizdə
İKT sektorunun sürətli
inkişafı beynəlxalq aləmin də diqqət mərkəzindədir.
Təsadüfi deyil ki,
bu təşkilatların hesabatlarında
Azərbaycan öz mövqeyini
daha da möhkəmləndirməkdədir.
Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014”
hesabatında Azərbaycan “Şəbəkələşmə
Hazırlığı İndeksi”nə görə əvvəlki
mövqeyindən 7 pillə irəliləyərək
dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib.
Bu göstəriciyə görə Azərbaycan
MDB ölkələrindən Rusiyanı qabaqlayaraq,
Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb.
Həmçinin, hesabatda Azərbaycan
hökumətinin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin
səmərəliliyində İKT-dən istifadə üzrə
isə 11-ci yeri tutur.
BMT-nin “E-hökumət müayinəsi
2014" adlı hesabatında Azərbaycan 193 ölkə
arasında “Elektron hökumətin
inkişafı indeksi” üzrə əvvəlki
mövqeyini 28 pillə artıraraq 96-cı
yerdən 68-ci yerə yüksəlib. Dünya İqtisadi Forumunun dərc
etdiyi “Qlobal rəqabətqabiliyyətlilik
2014-2015" hesabatına əsasən, Qlobal
Rəqabətqabiliyyətlilik İndeksi
üzrə Azərbaycan əvvəlki mövqeyini
1 pillə artıraraq dünyanın 144 ölkəsi
arasında 38-ci yeri tutub.
Azərbaycan builki hesabatda
da MDB məkanında öz
liderliyini qoruyub saxlaya bilib.
Azərbaycanın
rabitə və informasiya
texnologiyaları peşə bayramı ərəfəsində ”BakuTel-2014" XX Azərbaycan Beynəlxalq
telekommunikasiya
və informasiya texnologiyaları sərgisinin
yüksək səviyyədə keçirilməsi və cənab
Prezident İlham
Əliyevin sərgidə iştirakı bu
sahənin inkişafına dövlət
qayğısının bariz nümunəsidir.
Müşfiq ƏMİROV,
Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri
Xalq
qəzeti.- 2014.- 6 dekabr.- S.5.