Gəncə, sabahın xeyir!
Gəncə
haqqında yazmaq, burada baş verən yeniliklərdən
söhbət açmaq indi çox asanlaşıb. Bilirsiniz niyə? Çünki
şəhər göz önündədir.
Arayışa, hesabatlara, faktlara,rəqəmlərə
ehtiyac yoxdur. Çıx şəhərə, bir-iki saat gəz,
kifayətdir, qəzet üçün material var. Qəzetimizin
18 oktyabr 2014-cü il tarixli nömrəsində “Gəncəyə
bax, sonra yaz”
sərlövhəli bir replikamız dərc olunmuşdu. Burada söhbət qədim şəhərdə
aparılan nəhəng işlərə kölgə
salmağa cəhd edən üzdəniraq bəzi mətbu
orqanlarından gedirdi. Demək istəyirdik ki, böhtan,
şər yazmaq istəyəndə, qələmə
sarılmamış, bir şəhərə çıx bax,
bəlkə az da olsa, vicdanın oyanar,
“dayan!” deyər...
Gəncə elə bir şəhərdir
ki, burada yaxşı işin də sorağı tez
yayılır, pis işin də. Deyə
bilmərəm, bəlkə başqa yerlərdə də belədir.
Amma, bu, bir faktdır ki, Gəncədə kimin kim
olduğunu adamlar daha tez bilir, qədim şəhərin
inkişafı, abadlığı, sakinlərin
günü-güzaranı üçün
çalışanları görür və qiymətləndirirlər.
Son 11 ildə, yəni ölkə rəhbəri
olduğu müddətdə görün Prezident İlham
Əliyev neçə dəfə Gəncəyə gəlib. Özü də hər gəlişi onlarca obyektin
açılışı və yaxud təməlinin
qoyulması ilə yadda qalıb. Adamların sosial şəraiti əməlli-başlı
yaxşılaşıb, yeni iş yerləri
açılıb, şəhər tanınmaz dərəcədə
dəyişib, qonaqlı-qaralı olub. Belə
olan halda gəncəlilər bunu necə unuda bilərlər?!
Maraq üçün şəhərdə istənilən
müəssisə və təşkilata, hansısa
yaşayış sahəsinə, lap elə uşaq
baqçasına gedin, görün dövlət
başçımızın adı necə yüksək
tutulur, ən əziz insan kimi yada salınır. Bu yaxınlarda, daha doğrusu, Aşura günü
“İmamzadə” komleksindən qayıdırdım.
Ətrafda on minlərlə adam var idi və
nələr eşitmirdim. Yalnız
razılıq, xoş sözlər, xeyir-dua. 2010-cu ildən başlayaraq ölkə
başçısı bu əvəzsiz tarixi memarlıq
kompleksinin bərpası və yenidən qurulması ilə
bağlı bir neçə sərəncam imzalayıb, vəsait
ayrılıb. Nəticədə 1300 illik
tarixi olan “İmamzadə” özünün əsl intibah
dövrünü yaşamağa başlayıb. Bu müqəddəs məkanda işlər cənab
Prezidentimizin qayğısı və köməyi ilə indi də
davam etdirilir. Qeyd edək ki,8-ci əsrə aid olan bu
tarixi memarlıq abidəsi xalq arasında “Göy günbəz”,
“Göy İmam”, “Göy məscid” kimi tanınaraq, nəinki Gəncənin,
bütövlükdə Azərbaycanın müqəddəs
ziyarətgahına çevrilmişdir. Orta əsr
Azərbaycan memarlığının dəyərli nümunələrindən
olan maraqlı abidə kompleksi Şərqin qədim karvan-ticarət
yolunun üzərində yerləşib. Bu
abidə Gəncənin qədimliyini sübut etməklə
yanaşı, şəhərin İslam aləmindəki yerini
və nüfuzunu da göstərir. İndi
bura gələnlər tamamilə başqa mənzərə ilə
qarşılaşırlar. Kompleksin ərazisinin
10 min kvadratmetrinə asfalt örtüyü salınıb, səkilərə
bəzək daşları döşənib, müasir
işıqlandırma sistemi quraşdırılıb, mükəmməl
infrastruktur yaradılıb. Burada 42 metr
hündürlüyündə 2 minarə, namazgah və ziyarət
zalı tikilib. Ərazidə 500 avtomobil
üçün 2 dayanacaq inşa olunub. İki
zalı olan namazgahda nəfis xəttatlıq işləri
görülüb və kaşı materialla
örtülüb. Kompleksə
daxil olan mehmanxanada, 1000 nəfərlik zalda, mətbəxdə,
digər inzibati və yardımçı otaqlarda hər
cür şərait vardır...
Yuxarıdakı fikrə
bir də qayıdaq. Gəncədə boş vədlər
verən, amma heç bir iş görməyən, sakinlərin
qayğısına qalmayan, adamların səsinə-sorağına
biganə yanaşan, ən çətin anlarda qabaga
durmağı bacarmayan rəhbər işçiləri sevmirlər
və onlar haqqında hər yerdə mənfi imic
formalaşır. Cəsarətli addım, xeyirxah iş
isə toyda da danışılır, yasda da. Bu
il iyun ayının 10-da şəhərdə güclü
qasırğa ilə müşaiyət olunan leysan,
sözün əsl mənasında, Gəncədə vahimə
yaratmışdı. Tarixçilər, yaşlı nəslin
nümayəndələri danışırdılar ki, Gəncənin
tarixində zəlzələlər istisna olmaqla, hələ
belə fəlakət görünməyib. Adamlar təlaş
içərisində nə edəcəklərini bilmirdilər.
İşıqlar sönmüş, şəhər zülmətə
qərq olmuşdu. Yüz ildən çox yaşı olan
çinarlar kökündən qopub yolları
bağlamışdı, maşınların üstünə
aşmışdı, evlərin dam örtükləri
qopmuşdu, qaz xətlərinə ciddi ziyan dəymişdi,
zirzəmilər su ilə dolmuşdu. Heç yadımdan
çıxmır. Belə bir vaxtda, gecə saat
3 radələrində şəhər icra hakimiyyətinin
başçısı Elmar Vəliyev mətbuat işçilərinin
qarşısına çıxdı və onun çox sərbəst,
inamlı, təmkinli çıxışı bütün şəhər əhalisinin
sakitləşməsinə, rahatlaşmasına səbəb
oldu. Başçı şəhərin fəlakətə
düçar olan yerləri haqqında və operativ
görülən işlər barədə o qədər dəqiq,
həm də hərtərəfli məlumat verdi ki, məəttəl
qaldıq. Dedi ki, gecə-gündüz fəaliyyət göstərən
qərargah yaratmışıq, təbiətin
yaratdığı fəsadlar qısa müddətdə aradan
qaldırılacaqdır.
Mən onda bir daha hiss
etdim ki, sözün əsl mənasında, şəhərin
rəhbəri var və onu belə cəsarətli, inamlı, təmkinli
danışmasına daim dəstək olan ölkə Prezidenti
cənab İlham Əliyev var!
Sonrakı günlər
də göstərdi ki, şəhər rəhbəri həmişə
olduğu kimi, bu dəfə də gəlişigözəl
sözlər danışmağı xoşlamır, konkret
iş görür, verdiyi vədə əməl edir. Təsəvvür edin ki, gün ərzində hər
iki saatdan bir zərər çəkənlərlə
ayrı-ayrılıqda söhbətlər aparmaq, vəziyyəti
qısa zamanda nizama salmaq üçün müvafiq
qürumların rəhbərlərinə
tapşırıqlar vermək və gecədən xeyli
keçənədək davam edən müşavirələrdə
onların gün ərzində gördükləri işlərin
hesabatını dinləmək nə deməkdir?! Tezliklə şəhər öz əvvəlki ahənginə
qayıtdı. Gəncəni o vəziyyətdə görən
insanlar cəmi bir neçə gündən sonra gözlərinə
inanmaq istəmirdilər ki, şəhər artıq, necə
deyərlər, rahat nəfəs alır. Bax dövlətə,
dövlətçiliyə sədaqət belə yaranır.
Ölkə Prezidentinin etimadı belə doğrudulur.
İki aydan sonra 4 il
olacaq ki, Elmar Vəliyev Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısıdır. Bu müddətdə
onun iş otağında cəmi iki dəfə
görüşüb söhbət etmişik. Görüləcək
işlərdən danışıb. Dönə-dönə
deyib ki, Gəncənin bu inkişafı yalnız cənab
Prezidentimizin adı ilə bağlıdır və biz
hamımız icraçılarıq.
Bu dəfə isə
özümüz belə bir görüşə ehtiyac
duymadıq. Əvvəla, şəhərdə hər gün,
hətta hər saat o qədər işlər görülür
ki, adam qıymır ki, onun vaxtını alsın. Digər tərəfdən,
yuxarıda qeyd etdiyimiz kimi, Gəncə haqqında yazmaq
üçün heç kimə müraciət etmədən
şəhərə çıxmaq kifayətdir. Elə
biz də belə etdik, şəhərə
çıxdıq ki, görək ilin sonuna yaxın qədim
Nizami yurdunda nə yeniliklər var,nələr gözlənilir.
... Heydər Əliyev
Park Kompleksindəyik. Ucu-bucağı görünmür.
İlk dəfə mən bu kompleksin layihəsi ilə
tanış olarkən inana bilməmişdim ki, onu belə
qısa vaxt ərzində, həm də çox yüksək
səviyyədə istifadəyə vermək mümkün olacaq.
Bəli, bu, o parkdır ki, ölkə rəhbəri bu ilin
yanvarında onun açılışını edərkən
“Dünyanın beş ən böyük parkı arasında
artıq Gəncə parkı da vardır. Bu, əlbəttə
ki, bizim hamımızı-nəinki gəncəliləri,bütün
Azərbaycan xalqını sevindirir. Bu, doğrudan da
möcüzədir”, – dedi. İndi bu kompleks elə bir yerə
çevrilib ki, istər yay olsun, istər qış, az qala
bütün Gəncə bura axışır. Biz parkda olarkən
də havanın xeyli soyuq olmasına baxmayaraq, xeyli adam var idi
burada. İstirahət, gəzinti, idman üçün isə
hər bir şərait var. Bir qədər də keçəcək,
bu ərazidə, təxminən 4 min kvadratmetr sahədə
Əyləncə Mərkəzini və Qış
Parkını, həmçinin Gəncə Olimpiya
Parkını görə biləcəyik. Deyirlər
onların da tayı-bərabəri olmayacaq.
Parklardan söhbət
düşmüşkən Gəncə tədricən başdan-başa
parklar, yaşıllıqlar şəhərinə
çevrilir. Görün son 2-3 il ərzində nə qədər
yeni park, xiyaban yaradılıb, müxtəlif yerlərdə,
o cümlədən yol kənarlarında yüz minlərlə
ağac əkilib. Təkcə ulu öndərin anadan
olmasının 91-ci ildönümü ilə əlaqədar
ümumşəhər iməciliklərində 91 min ağac əkilib.
Elə şəhəri gəzərkən də iməciliyə
çıxıb ağac əkən çoxlu sayda şəhər
sakini gördük. Dedilər ki, dekabrın 24-dək daha 53 min
ağac əkiləcək. Parkların sayı isə, dediyimiz
kimi, nəinki ilbəil, aybaay artır. Nəhəng parkın
adını yuxarıda çəkdik. Bundan başqa, Hacı
Zeynalabdin Tağıyev, Fikrət Əmirov, Məhsəti,
İstiqlal parkları və digər park və xiyabanlar həm
şəhərə ğözəlliklər gətirib, həm
də adamların mənalı istrahəti üçün
gözəl şərait yaradıb. Qarşıdan Əziz
Əliyev, Vazeh, Abbas Səhhət, Cavad xan, Məhəmməd
Hadi parklarının... açılışı gəlir.
Özü də elə parklardır ki, gözəlliyi ilə
göz oxşayır, müasirliyi ilə seçilir, şəraiti
ilə adamları razı salır.
Budur, “İstiqlal”
Parkındayıq. Yaxınlarda istifadəyə verilib. Nələr
yoxdur?! Müasir, milli ornamentli işıq dirəkləri,
oturacaqlar, iki bulaq, fəvvarələr, qranit pilləkənlər,
“İstiqlal” abidəsi, gül-çiçək kolları...
Təxminən 5 hektar sahəni əhatə edir. Əsasən
“Gülüstan” yaşayış sahəsinin sakinləri
üçün nəzərdə tutulan park sakinlərə əvəzsiz
bir hədiyyədir. İndi qalır onu qoruyub saxlamaq.
Şəhərin mərkəzində
– Baş meydana yaxın ərazidə inşa edilən
Filarmoniya binasının qarşısındayıq. Gəncənin
özünəməxsus memarlıq kompleksinə yeni
çalarlar gətirəcək və şəhərin mədəni
həyatında mühüm hadisəyə çevriləcək
Filarmoniya binasının tikintisində işlər xeyli
sürətlənib. Bu ilin oktyabr ayında Prezident İlham
Əliyev burada işlərin gedişi ilə şəxsən
tanış olub, filarmoniya binasının vaxtında və
keyfiyyətlə istifadəyə verilməsi üçün
öz tövsiyə və tapşırıqlarını
verib. Məlumat üçün qeyd edək ki, qülləsi
ilə birlikdə hündürlüyü 26 metrə
çatan filarmoniya binası 6 mərtəbəlidir. Burada
1200 tamaşaçı yeri olan
zaldan əlavə, açıq havada yay kino-teatrı, rəsm
qalareyası, urban mərkəzi, baxış qülləsi və
sair yaradılır. Binada iaşə obyektləri, yeraltı
qaraj, yardımçı xidməti otaqlar olacaq. Bir sözlə,
obyekt ölkə rəhbərinin Gəncənin musiqisevərlərinə
elə bir töhfəsidir ki, onun möhtəşəmliyi
tezliklə hamını heyran edəcəkdir.
Açıq havada
muzeyə çevrilən Cavadxan küçəsi ilə bir
qədər yuxarı qalxıb Gəncəçayın
sağ sahilinə enirik. Burada isə daha bir nəhəng mədəniyyət
obyekti tıkilir. Bünövrəsinin qoyuluşunda ölkə
başçısı iştirak edib, xeyir-duasını verib.
Onun ümumi sahəsi 13 min kvadratmetr olacaq. Bu, yeni teatr
binasıdır və ən müasir standartlara cavab verəcək.
Burada 520 nəfərlik zal, 150 yerlik yeraltı avtomobil
dayanacağı olacaq. Birinci mərtəbədə 100 yerlik
restoran, çayxana, kafe və sair nəzərdə tutulub.
Ümumiyyətlə,
son vaxtlar Gəncənin mədəni həyatı çox zənginləşib.
Dahi şair Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin
900, Mirzə Şəfi Vazehin 220 illik yubileyləri
keçirilmişdir. Həmin tədbirlərdə
dünyanın ən müxtəlif yerlərindən
qonaqların iştirakı artıq ənənə şəklini
alıb. Özü də təqdirəlayiq haldır ki,
yubileylər, tarixi günlər təkcə ədəbi-bədii
gecələr, yığıncaqlar, konsertlərlə
yekunlaşmır. Bu sənət adamlarının, tarixi
şəxsiyyətlərin, ədiblərin adlarına muzeylər,
parklar yaradılır, dünyanın ən müxtəlif
kitabxanalarından onların əlyazmaları gətirilir,
kitablar dərc olunur, bukletlər buraxılır. Mirzə Şəfi Vazehin Gəncədə
yaratdığı “Divani-Hikmət”məclisi 100 illik bir
dövrü əhatə edən fasilədən sonra şəhər
icra hakimiyyətinin təşəbbüsü və dəstəyi
ilə yenidən fəaliyyətə
başlamışdır. İlin əvvəlindən “Şah
Abbas” və “Uğurlu xan” karvansaralarında, “Qızıl
Hacılı” məscidində milli-memarlıq ənənələrimizə
uyğun şəkildə əsaslı təmir və bərpa
işləri uğurla davam etdirilir. AMEA-nın Gəncə
bölməsinin sədrı, Əməkdar elm xadimi, akademik
Fuad Əliyev deyir ki, Gəncənin elmi,mədəni, ictimai həyatı
o qədər mənalı, rəngarəng, maraqlı,
işgüzar olur ki, günlərin necə sürətlə
gəlib keçdiyini hiss etmirsən.
Gəncədə
keçirilən tədbirlər öz səviyyəsinə
görə seçilir. Ənənəvi Beynalxalq Şərab
Festivalı, müxtəlif elmi-mədəni festivallar,
simpoziumlar, toplantılar hamının böyük
marağına səbəb olur.
...Gəncə çox dəyişib və inkişaf
bir an belə dayanmır. Bir
də baxırsan ki, gözəl, möhtəşəm bir
bina ucaldılıb. Öz-özünə sual verirsən
ki, görəsən
bunu nə vaxt tikib başa çatdırdılar? Təkcə bu ilin əvvəlindən tikilib istifadəyə
verilən və ya tikintisi yekunlaşmaq üzrə olan obyektlərin
adlarını sadalasaq, uzun bir siyahı alınar. Elə bir sahə yoxdur ki, onun üçün bina
tikilməsin. Hətta jurnalistlər də
unudulmayıb. Tezliklə burada möhtəşəm
bir Mətbuat evi istifadəyə veriləcəkdir.
Belə getsə, şəhərdə bir
dənə də bina qalmayacaq ki, bərpa olunmasın, dam
örtükləri yenidən qurulmasın, kommunikasiya sistemi
yenilənməsin. Düzəldilənlərin
sayı-hesabı yoxdur. Şəhərin su və
kanalizasiya kimi çox mürəkkəb və çətin
bir sistemi tamamilə yenidən qurulur və tezliklə bu iş
də başa çatdırılacaqdır. Artıq
Göygöl-Gəncə su xətti istifadəyə verilib,şəhərə saniyədə 200 litr təmiz
dağ suyu gəlir. Bir qədər də
keçəcək “Qızıl Qaya”dan, Şəmkirdən
çəkilən xətlər vasitəsilə gəncəliləri
sutka ərzində fasiləsiz su ilə təmin etmək
mümkün olacaq.
Gəncə böyük sənaye şəhərinə
çevrilir, yeni iş yerləri açılır,
buraxılan məhsullar dünyanın bir çox ölkələrinə
gedib çıxır. Oktyabrda nəhəng
vaqon zavodunun bünövrəsi qoyulub. Neçə-neçə
ölkəyə də vaqonlar sata biləcəyik. Bu
günlərdə 10 yaşı təntənə ilə qeyd
olunan Gəncə Avtomobil Zavodunun, “Gəncə-Şərab-2”nin
və digər müəssisələrin məhsulları
artıq sərhədləri aşır və bu, bizim hər
birimizi sevindirir.
Bəli, Gəncədə həyata
keçirilən tədbirlər hər birimizin sevincinə səbəb
olur. Şəhərə gələn
saysız-hesabsız qonaq-qaranın yanında
öyünürük və buna haqqımız da var. Avropa Gənclər
Forumunun prezidenti Piter Matyasiç görün söhbətimiz
zamanı nə dedi:
–Gəncədə iki
il qabaq olmuşdum. İnanırsınız, şəhəri
tanımadım. Siz bunları necə çatdıra bilirsiniz?
Mən indi çox sevinirəm ki, Gəncə nə
yaxşı 2016-cı ildə Avropanın Gənclər
Paytaxtı elan edilib. Gələn bütün qonaqları heyrətləndirəcəksiniz.
...Səhərin
gözü yenicə açılıb. Çiskin
yağış yağır. Şəhər öz
libasının rəngini sanki bir qədər dəyişir. Təbiidir,
yagışdan sonra həmişə belə olur. Amma son
üç-dörd ildə Gəncənin dəyişməsi
təbiətin hesabına deyil, bu qədim şəhəri sevən,onun
hər qarış torpağına, daşına həssaslıqla
yanaşan, can yandıran insanların hesabına olub.
Qeyri-ixtiyari doğma şəhərimizi və gəncəliləri
salamlamaq hissi keçir ürəyimizdən:
– Gəncə, sabahın xeyir! Salam, doğma gəncəlilərim!
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
Xalq qəzeti.- 2014.- 9 dekabr.- S.6.