Azərbaycan Olimpiya dəyərlərinə sədaqət
nümunəsi göstərir və öz töhfəsini
verir
2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında təşkili, demək olar ki, yekdilliklə Bakıya həvalə edilən birinci Avropa Oyunlarının təntənəli açılış mərasimindən, qitənin ən yaxşı idmançılarının son dərəcə maraqlı və gərgin mübarizə vəd edən yarışlarından böyük zövq alacağımız günlərdən bizi cəmi altı aylıq bir məsafə ayırır. AOK-un qitəmizin idman hərəkatında yeni səhifə açacaq ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdiyi gündən isə artıq iki il keçir.
Hər
hansı bir başqa paytaxt şəhərin qısa müddətdə–cəmi
iki il ərzində oyunlara hazırlıq istiqamətində
Bakıdakı kimi genişmiqyaslı
işlərin öhdəsindən vaxtında və layiqincə
gələ bilib-bilməyəcəyini demək çətindir.
İstər idmanda, istərsə də başqa sahələrdə ən mötəbər
tədbirlərin arzuolunan səviyyədə
təşkili ilə yüzlərlə xarici
ölkə nümayəndələrinin rəğbətini
qazanmış Azərbaycan paytaxtında isə 2015-ci il iyunun 12-dən 28-dək
keçiriləcək Avropanın tarixində ən mötəbər,
deməli, həm də təşkili böyük zəhmət,
yüksək fəallıq tələb edən Olimpiya Oyunlarına hərtərəfli
hazırlıq işlərinə bir an belə ara verilmir və idmanın iyirmi
növü üzrə
yarışların keçiriləcəyi arenalar
bütün beynəlxalq standartlara
tam uyğun şəkildə
inşa olunur. Bu isə o deməkdir ki, Bakı ona göstərilmiş
etimadı layiqincə doğrultmaq əzmindədir.
Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri
cənab İlham Əliyevin və
“Bakı 2015” Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban xanım
Əliyevanın artıq dəfələrlə qeyd etdikləri kimi, Azərbaycan
ilk Avropa
Oyunlarını Yay Olimpiya
Oyunları səviyyəsində keçirməyi
qarşısına məqsəd qoyub. Bunun məhz belə olacağına bizim özümüzlə yanaşı, demək
olar, hər gün
qonağımız olub idman
obyektlərimizə baş çəkən
xarici ölkə mütəxəssisləri
də qəti əmindirlər.
Hamı da inanır ki,
Bakıdakı yarışlar onların ölkələrində
idmanın inkişafında yeni stimul olacaq, bu işə güclü
təkan verəcəkdir. Məsələn, Rusiya Milli Olimpiya
Komitəsinin prezidenti Aleksandr
Jukov öz ölkəsinin
mətbuatına Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Rusiya yığma komandası üçün
əhəmiyyəti barədə danışarkən demişdir ki, bizdən ötrü bu, şübhəsiz,
gələn ilə planlaşdırılmış ən
böyük idman hadisələrindən
biridir. Rusiya Oyunlarda güclü,
mötəbər komanda ilə təmsil olunacaq. Azərbaycanın qonaqpərvər
paytaxtında idman obyektləri ilə
tanışlıqdan və təşkilatçılarla bir sıra görüşlərdən sonra mən əminəm ki,
Bakıda Avropa Oyunları bizim
Olimpiada-2016-ya doğru yolumuzda
mühüm rol oynayacaq.
Artıq
yarım əsrdən də çox tarixi olan Asiya,
Panamerika Oyunlarından fərqli olaraq, zəngin idman ənənələri
ilə fəxr edə biləcək qitəmizdə Avropa Oyunları həyata yenicə vəsiqə
alır və məhz bu səbəbdən
onun təşkili hüququnun
idman ölkəsi kimi
nümunə
göstərilən, həyatın bütün
sahələrində sürətli inkişaf
sayəsində qitəmizin hüdudlarından kənarda da adı böyük
hörmətlə çəkilən Azərbaycan
Respublikasına verilməsi bizim üçün ikiqat əlamətdar
hadisədir. Təsadüfi deyil ki, ölkəmizin vətəndaşları
Bakıya göstərilən yüksək etimada
görə qürur hissi
duyurlar.
Başqa cür
ola da
bilməz. Bakıda Avropa Oyunları on yeddi gün davam edəcək 20 növ üzrə yarışlarda medallar uğrunda kəskin rəqabət aparacaq 6 mindən çox iştirakçıda, onların
məşqçilərində, müxtəlif beynəlxalq
idman federasiyalarının
rəhbərlərində, fəxri qonaqlarda Vətənimiz, onun qədim tarixi, zəngin ənənələri,
təbii sərvətləri,
qonaqpərvərliyi, Azərbaycanda
Olimpiya dəyərlərinin
təşviqi üçün
görülən böyük
işlər, dostluq, sülh, əməkdaşlıq
və qarşılıqlı
anlaşmanın möhkəmləndirilməsinə
xidmət etməsi üçün həyata
keçirilən tədbirlər
haqqında təəssüratı
daha da artıracaqdır.
Avropa
Oyunları kimi çox məsul yarışda əsas məqsəd ən güclülərin müəyyənləşdirilməsi
ilə yanaşı, xalqlar arasında əməkdaşlığın daha da inkişaf
etdirilib möhkəmləndirilməsi,
sülh və əmin-amanlığın təşviqi
olacaq. Beynəlxalq
Olimpiya Komitəsinin prezidenti Tomas Bax da noyabrda Bakıya
səfəri zamanı
sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayan idmanın
davamlı inkişafdakı
əhəmiyyəti, BOK-un BMT və digər beynəlxalq təşkilatlarla
əlaqələrindən danışarkən
idmanın inkişafına
xüsusi diqqət yetirməyin, Olimpiya hərəkatında fəal
olmağın vacibliyini
diqqətə çatdırıb,
bu zaman ilk Avropa Oyunları ilə bağlı təşkilati işləri
yüksək qiymətləndirib,
onun öz möhtəşəmliyi ilə
fərqlənəcəyini vurğulayıb.
Bunlar,
sadəcə gəlişixoş
sözlər deyil. Azərbaycan Milli Olimpiya Komitəsi bu gün ümumdünya olimpiyaçılar ailəsinin
ən fəal üzvlərindən biridir
və məqsədyönlü
fəaliyyəti, Olimpiya
prinsip və ideallarına sədaqəti
ilə başqalarına
nümunə göstərilir.
Ən ülvi dəyərləri hər
şeydən üstün
tutan bütün idman təşkilatlarımız
Olimpiya ideallarına sadiqdirlər və bu dəyərlər əsasında ölkəmizdə
keçiriləcək hər
bir yarışı –
istər yeniyetmə və gənclərin, istərsə də usta idmançıların
dünya və Avropa çempionatlarını,
ayrı-ayrı növlər
üzrə mötəbər
beynəlxalq turnirləri
əsl dostluq və qardaşlıq bayramına çevirmək
üçün onların
lazımi səviyyədə
təşkili işində
əllərindən gələni
əsirgəmirlər. Çünki Olimpiya dəyərləri
və prinsipləri əsasında çox şeyə, ilk növbədə
isə xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə,
daha sağlam həyat tərzinə, deməli, həm də gələcək inkişaf üçün
böyük imkanlara
nail olmaq mümkündür.
Məhz bu
səbəbdən Oyunlara
hələ yarım il qalmış cəsarətlə deyə
bilərik ki, qitəmizin ən yaxşı idmançılarının
Avropa tarixində ilk ən mötəbər yarışı zamanı
şəhərimizin qonaqları
burada aparılan hazırlıq işlərindən,
onlar üçün
yaradılan ideal şəraitdən,
insanlarımızın qonaqpərvərliyindən,
bir-birindən yaraşıqlı
idman bazalarımızdan,
xüsusən də təntənəli açılış
mərasimində çoxlarını
heyrətə gətirə
biləcək Olimpiya stadionundan məmnun qalacaqlar.
Ötən il aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Bakıda qonaq olmuş Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini
qəbul edərkən
ilk Avropa Oyunlarının
hər bir qonağın xatirəsində
əbədi qalacağına
əminliyini belə ifadə etmişdi: – Avropa Oyunlarının Bakıda keçirilməsi
Avropa irsinin burada əsrlər boyu mövcudluğunu göstərir. Eyni zamanda, onu göstərir ki, nəinki “Eurovision” mahnı
müsabiqəsi, eləcə
də Avropa Oyunları Azərbaycanda keçirilə bilər.
Bizim əsas məqsədlərimizdən
biri şəhərdə
elə bir atmosfer yaratmaqdır ki, Bakıya ilk dəfə təşrif buyuran istər idmançı, istər qonaq, istərsə də turist özünü evindəki
kimi rahat, təhlükəsiz hiss etsin
və bu möhtəşəm beynəlxalq
tədbirdən zövq
alsın.
İndiyə
qədər paytaxtımızda
keçirilmiş istisnasız
olaraq bütün beynəlxalq yarışlarda
məhz belə olmuşdur. Lakin həmin
startların iştirakçıları
qələbə və
medallar uğrunda hər hansı bir ayrıca növdə mübarizə
aparmışlar. Avropa
Oyunlarında isə, təkrar edək, altı mindən çox idmançı nə az,
nə də çox – iyirmi növdə öz ustalığını nümayiş
etdirəcək. Şübhəsiz ki, onların hər biri ilk Avropa Oyunlarının qalibləri sırasında
fəxri kürsüdə
təbrikləri qəbul
etmək üçün
Bakıya əsl idman qəhrəmanlığı
göstərmək əzmi
ilə gələcək.
Axı, kim
istəməz ki, tarixdə ilk idman hadisəsində baş rollardan birini məhz o, özü oynamasın?! Həqiqətən
tarixi fürsətdir.
Gələn
ilin yayında əzəmətli Olimpiya Stadionunda, Milli Gimnastika Arenasında,
Su İdmanı Sarayında, Heydər
Əliyev Arenasında, Tofiq Bəhramov
adına Respublika Stadionunda
və digər idman
qurğularımızda keçiriləcək yarışlarda
çətin sınaqlardan kimin şərəflə
çıxacağını, medalların sevincini
kimin yaşayacağını zaman göstərəcək.
Lakin başlıcası budur
ki, qarşıdakı yarışlarda uduzan olmayacaq, dostluq qalib gələcək,
mükafatçılarla yanaşı məğlublar da Avropa Oyunları kimi böyük
bayramın iştirakçısı olmaları ilə qürur duyacaqlar.
Gündən-günə
libasını dəyişib dünyanın ən gözəl
paytaxt şəhərlərindən biri kimi beynəlxalq dairələrdə
özünə rəğbəti durmadan
artıran Bakı, sürətli inkişafı ilə diqqət
mərkəzində olan, Olimpiya
ənənələrinə sədaqət, sabitlik
və tərəqqi
nümunəsi göstərən, qüdrətli idman ölkəsi olmasına heç
bir şəkk-şübhə yeri qoymayan Azərbaycan
Respublikası öz tarixində ən mühüm idman hadisəsinə
səylə, böyük ruh
yüksəkliyi şəraitində hazırlaşır. Bütün
hazırlıq işləri dövlətimizin, şəxsən
cənab Prezident İlham
Əliyevin gündəlik nəzarətindədir və
onların vaxtında, yüksək səviyyədə həyata
keçiriləcəyinə möhkəm inam
hissi heç vaxt bizi tərk etmir.
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə “Bakı 2015” Avropa
Oyunlarının təqdimat mərasimlərinin keçirildiyi şəhərlərin
siyahısı getdikcə genişlənir. Kann, Afina,
Berlin, İstanbul və
Parisdə bu tədbirlərdə iştirak edənlər paytaxtımızda gələn
ilin ən mötəbər idman hadisəsinə hazırlığın
yüksək səviyyədə, mütəşəkkil surətdə
davam etdiyini artıq
yaxşı bilirlər. Qitənin idman
hərəkatında ən böyük
hadisəyə çevriləcək Avropa
Oyunlarının tarixi Bakıda
keçiriləcək yarışlardan hesablanacaq.
Paytaxtımız, bütün ölkəmiz
üçün bu, böyük şərəfdir!
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2014.- 10 dekabr.- S.1.