Hər bir azərbaycanlının qəlbində ulu
öndər
Heydər Əliyevin əbədiyaşar obrazı var
Azərbaycan
xalqının XX əsrdə yetirib dünya siyasətinə pərvazlandırdığı
ideya və əməl nəhəngi, müstəqil Azərbaycanın
qurucusu Heydər Əliyevin adı zəmanəmizin ən
böyük siyasət və dövlət xadimlərinin, nadir
şəxsiyyətlərinin sırasında yer
almışdır. O, bənzərsiz həyatı və zəngin
fəaliyyəti ilə dünya tarixinə öyünclü səhifələr
yazmış qədim bir xalqın ümummilli lideri səviyyəsinə
yüksəlmişdir.
Ulu öndər Heydər Əliyev
ömrü mübarizə və qələbələrdən
keçən, öz xalqının tarixi taleyində müstəsna
rol oynayan, uca məramı və möhtəşəm əməlləri
ilə əbədiyyət qazanan dahi şəxsiyyətdir. Bu qüdrətli insan onu tanıyan hər bir kəsin
qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı,
vətənpərvərliyi və bütün digər
yüksək keyfiyyətləri ilə unudulmaz izlər
buraxmışdır. Onun adı
xalqımız üçün ucalıq rəmzinə, əməlləri
hünər timsalına çevrilmişdir. Hələ sağlığında əfsanələşmiş
böyük rəhbərin həyat və fəaliyyəti
doğma xalqına xidmət, ulu dəyərlərə sədaqət
meyarı olmuşdur.
Azərbaycana bir qərinəlik rəhbərliyi
dövründə ulu öndərin respublikanın tərəqqisi
yolunda yorulub- usanmadan çalışması, xalqın
köklü maraqlarını ardıcıl qoruması ölkəmizin
çağdaş dünya düzənində layiqli yerini təmin
etmişdir. Milli dövlətçiliyimizin
ideya təməlini, müstəqil Azərbaycanın yeni
arxitekturasını məhz Heydər Əliyev
yaratmışdır. Müasir Azərbaycan
dövlətinin memarı, dünya azərbaycanlılarının
ümummilli lideri mərtəbəsinə yüksəlmiş
bu insanın müəyyən etdiyi strateji yol
xalqımızı daim uğurlara qovuşdurur.
Heydər Əliyevin cəmiyyətin
iqtisadi, siyasi, sosial, mədəni sahələrinin ən
müxtəlif aspektlərini əhatə edən geniş
diapazonlu fəaliyyəti, müasir dövrün ən aktual
problemlərinə yaradıcı münasibəti onu milli
liderdən, çağdaş rəhbər və siyasi xadimdən
bəşəri dəyərləri zənginləşdirən
fövqəlinsana çevirmişdir. Bu
böyük insan öz xidmətləri ilə hələ
sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş
ən böyük azərbaycanlıdır.
Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək
cəhdində olmaq tarixə, zamana, gələcəyə qiymət
vermək iddiası qədər çətindir. Böyük şəxsiyyətlərin əsl qiymətini
verən ən ədalətli münsif zamandır. Zaman keçdikcə ulu öndərin şəxsiyyətinin
böyüklüyü daha dərindən dərk olunur. Bu mənada onun cismani yoxluğundan ötən illər
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixindəki
yeri və rolu, xalqı və dövləti
qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti
barədə düşünmək üçün vaxt
imkanıdır.
Ümummilli lider Heydər Əliyevin
respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə
Vətəni və xalqı qarşısında müstəsna
xidmətlər göstərmişdir. Dövlət
müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində,
ölkəmizin beynəlxalq aləmdə böyük
uğurlar qazanmasında millət atasının əvəzsiz
rolu və misilsiz fəaliyyəti ölkəmizdə həmişə
dərin minnətdarlıq hissi ilə yad edilir. Bu günlərdə on minlərlə insan ulu öndərə
ehtiramını ifadə etmək üçün Fəxri
xiyabana gəlir, onun müqəddəs məzarını ziyarət
edir. Azərbaycan vətəndaşları
dünyanın harasında yaşamasından asılı
olmayaraq bu günlərdə bir daha Heydər Əliyevi
anır, onun əziz xatirəsi önündə baş əyirlər.
Azərbaycanı öz siyasi iradəsi və
uzaqgörən dövlətçilik təcrübəsi ilə
firavan həyata qovuşduran ümummilli lider Heydər
Əliyevin vəfatının on birinci
ildönümünü Bakının Səbail rayonunun
ictimaiyyəti də dərin hüzn və sonsuz ehtiram hissi ilə
qeyd edir. Bu münasibətlə
rayonumuzun bütün kollektivlərində anım tədbirləri
keçirilir. Orta məktəblərdə
günün ilk dərsi Heydər Əliyevə həsr edilib,
müxtəlif ədəbi-bədii kompozisiyalar təşkil
olunub, əbədiyaşar liderin zəngin həyatından,
misilsiz fəaliyyətindən bəhs edən stendlər
hazırlanıb. Özünü azərbaycanlı sayan
hər bir adam üçün Heydər
Əliyevin tarixdəki yerini müəyyən etməkdən
ötrü hüdudsuz material, üsul və vasitələr
var. Fikrimcə, onun ömür nümunəsi bunların
hamısından öndə gəlir. Heydər
Əliyev dünyadakı bütün soydaşlarımız
üçün zəmanəmizdə ən yüksək məqama
çatmış mükəmməl azərbaycanlı
nümunəsidir. Hər bir azərbaycanlı
uğur əldə etməyi də, həyatın hər bir
gözlənilməzliyinə hazır olmağı da məhz
Heydər Əliyevin həyat və mübarizə nümunəsindən
öyrənə bilər.
İstedad və iradə Heydər Əliyev şəxsiyyətinin
ali keyfiyyətləri idi. Bunu
onun özünə qarşı son dərəcə tələbkarlığı
və əməli işlərdə mütəşəkkilliyi
tamamlayırdı. Xalqla bu qədər vəhdət, birgəlik,
yəqin ki, çox az dövlət
adamına nəsib olur. O, təmsil etdiyi xalqın
simasını, istək və arzularını,
ideyalarını, məqsədlərini öz obrazında
yüksək mükəmməlliklə təcəssüm
etdirə bilmişdi. Heydər Əliyevi dinləyərkən
onda xalqın ululuğunu, müdrikliyini, hər şeyə
qadirliyini görürdün. Onun qərarlarında
xalqın arzuları, istəkləri hər şeydən
üstün idi.
Heydər Əliyev yüksək savadlı
ziyalı, müdrik dövlət adamı kimi həyatı boyu
çox nəzəriyyələr öyrənmişdi,
çeşidli ideyalara vaqif olmuşdu. Amma
bütün bunlar onu bir mərama gətirib
çıxarmışdı: milli amil bütün
şüar və prinsiplərdən öndədir. Bunu tarix özü də sübuta yetirdi və
çağdaş reallıqlar hər gün təsdiqləməkdədir.
Ona görə də Heydər Əliyev
xalqın milli ideyalar mühitində səfərbərliyi
prosesinə hələ ötən əsrin 60-cı illərinin
sonunda - Azərbaycana birinci rəhbərliyi dövründə
başlamışdı. Həmin dövrdə
Heydər Əliyevin rəhbərliyi altında
görülmüş işlər barədə təfsilatı
ilə söhbət açmaq üçün günlər-
aylar belə yetməz. Bir yazıya sığacaq təəssüratı
ümumiləşdirsək, deyə bilərik ki, Azərbaycanın
sosial-iqtisadi yüksəlişinin təmin olunması, milli
ruhun oyanışı, milli kadr potensialının
formalaşması yönündə işlərə Heydər
Əliyev həmin illərdə ona görə o qədər
böyük əzmlə zəhmət sərf edirdi ki,
bunların yaxın tarixdə Azərbaycana lazım
olacağını uzaqgörənliklə yəqin edirdi.
Heydər Əliyev onda da
düşünürdü ki, azərbaycanlılar
dünyanın yaxşı yaşayan xalqlarından biri
olmalıdır. O bilirdi ki, Azərbaycan dəyərləri
ədəbi incilərimizin, musiqi sərvətimizin
işığında dünyanı dolaşmalıdır. Ulu öndər bütün varlığı ilə
çalışırdı ki, Azərbaycan adlı bir
xalqın varlığından dünyada hər kəs xəbər
tutsun. O qərara almışdı ki, Azərbaycan
balaları o illərin imkanları çərçivəsində
SSRİ-nin ən nüfuzlu ali məktəblərində
təhsil alsınlar.
Böyük rəhbər tələb
qoyurdu ki, Azərbaycanın ictimai fikir tarixində böyük
rolu olmuş insanların xatirəsi uca tutulmalıdır,
milli-mənəvi dəyərlər göz bəbəyi kimi
qorunmalıdır. O belə hesab edirdi ki, ana dili hər bir
azərbaycanlının ümumişlək ünsiyyət
vasitəsi, hər bir ziyalının təfəkkür dili
olmalıdır. Ulu öndər ona can atırdı ki, insanlar
Azərbaycanda yaşamalarından zövq alsınlar. Heydər Əliyevin böyüklüyü onda idi
ki, o, bütün bunların, sadəcə, kağızlarda,
gurultulu manifestlərdə öz əksini tapmış arzular
olmasını istəmirdi, reallığa dönməsi
üçün gecə-gündüz
çalışırdı və buna zərrə-zərrə
nail olurdu.
Heydər Əliyev öz əməlləri,
mövqeyi ilə cəmiyyətə daim ədalət gətirirdi. Ulu öndər öz ədaləti ilə Azərbaycana
həmişə ümid gətirirdi. O, həmin illərdə
gördüyü işlərlə insanlarda milli qürur hissi
yaratdı, milli özünüdərk prosesinə təkan verdi. Heydər Əliyev
insanların nəzərində dövlətin onlara xidmət
edən, səslərini eşidib harayına yetişən bir
təsisat obrazını formalaşdırdı.
Müstəqil Azərbaycan dövlətinin
bu bünövrə üzərində qərar tutub gələcəyə
doğru istiqamətlənməsini təmin etmək məhz
onun taleyinə yazılıbmış. Heydər Əliyevin müstəqillik dövründə
Azərbaycan xalqı, dövləti üçün
gördüyü işlər mahiyyət etibarilə onun sovet
dövründə vətənimizin rifahı naminə
ardıcıl fəaliyyətini tamamlayırdı. Üstəlik, Azərbaycan indi öz taleyinin, halal sərvətlərinin
sahibinə çevrilmişdi və bu üstünlüyün
verdiyi güc əvvəllər mümkünsüz
görünənlərə belə yetərli imkanlar
yaradırdı.
Heydər Əliyev vətəndaş
qarşıdurmasını aradan qaldırıb, ölkənin
parçalanmasının qarşısını almaqla milli
qurtuluşu təmin etdi. Onun sayəsində
xalqımız yeni yüzilliyə, həm də yeni minilliyə
müstəqil dövlət kimi qədəm qoydu, ən yeni
tariximizdə tərəqqini aparıcı prosesə
çevirdi. “Mənim həyat amalım
bütün varlığım qədər sevdiyim Azərbaycan
xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən
ulu öndərin dövlətçiliyimizin ən ağır
günlərində göstərdiyi qətiyyət bu sözlərdəki
gerçəkliyi dəfələrlə təsdiqləmişdir.
Ulu öndər müstəqil Azərbaycanın
sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində,
dünyanın aparıcı dövlətlərinin etibarlı
tərəfdaşına çevrilməsində, sözün
həqiqi mənasında, böyük işlər
gördü. O, dövlətçiliyimizin inkişafı,
demokratiyanın genişləndirilməsi, xalqın
rifahının daha da yaxşılaşdırılması
üçün mümkün ola bilən
hər bir işi gerçəkləşdirdi. Əsl
vətəndaş, tarixi şəxsiyyət və ümummilli
lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən
qurtardı, onu çevriliş, qiyam cəhdlərindən hifz
edərək dirçəliş və inkişafa doğru
yönəltdi, ölkəmizdə sabitlik və
firavanlığa təminat yaratdı. Bütün
dünyanın etiraf etdiyi böyük dövlət xadimi,
görkəmli siyasətçi Heydər Əliyev çox zəngin
irs qoyub getmişdir. Heydər
Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin
yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır.
Bu əsərlər siyasi tarix, azərbaycançılıq,
vətəndaşlıq, dövlət quruculuğu, Vətənə
hədsiz məhəbbət dərsliyidir. Əsrlər
keçəcək, illər bir-birini əvəz edəcək,
nəsillər dəyişəcək, bu əsərlər isə
yaşayacaq. Bu nadir irs neçə-neçə
nəsillərə, Azərbaycan xalqının gələcəyinə
xidmət edəcəkdir. Çünki bu əsərlər
zamanın sifarişlərinə ulu öndərin
cavablarıdır, xalqın çağdaş tarixidir, gələcəyə
yönəlik salnaməsidir.
Böyük natiqlik qabiliyyəti, dərin
zəkası, möhkəm yaddaşı olan ümummilli lider
öz əsərlərini xalq qarşısındakı
çıxışlarında, dinləyicilərlə üzbəüz,
onların iştirakı ilə yazmışdır. Heydər Əliyevin hər bir nitqi, əsəri
xalqla təmasda, ictimai-siyasi yığıncaqlarda,
izdihamlı mitinqlərdə, əsgər səngərlərində,
rəsmi dövlət tədbirlərində, beynəlxalq məclislərdə
yaranmış və Azərbaycanda dövlət quruculuğu
proqramının, milli dövlətçilik
ideologiyasının əsasını təşkil
etmişdir.
Heydər Əliyev zəmanəsinin
böyük filosofu idi. Onun fəlsəfəsi
sülh, quruculuq, tərəqqi fəlsəfəsi idi. Heydər Əliyevin idarəetmə fəlsəfəsinin
başlıca ideya-siyasi istiqamətini məhz xalqın milli
özünüifadəsinin bütün forma və vasitələrinin
geniş vüsət alması, milli qürur hissinin güclənməsi
və milli şüurun yüksəlişinə təkan verən
sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi
təşkil edirdi.
Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin tərəqqisi üçün bir insanın
həyatı boyunca edə biləcəyi hər şeyi etdi və
ən möhtəşəm əsərini - müstəqil Azərbaycanı
etibarlı əllərə tapşırıb rahatlıq hissi
ilə dünyadan köçdü. O, bütün
ömrünü Azərbaycanın indiki nailiyyətlərinə
həsr etmişdi. Gündən-günə
inkişaf edən müstəqil Azərbaycan dövlətinin
qazandığı hər bir uğur Heydər Əliyevin
ömrünün davamıdır. Bu həqiqət
Heydər Əliyevsiz ötən illərin nisgil və xiffətini
unutduran təsəllidir.
İllər keçəcək,
çiçəklənən Azərbaycanın vətəndaşları
müdrikliyi və mətinliyi sayəsində Azərbaycanın
gələcəyini təmin etmiş bu dahi insanı
unutmayacaqlar. Əsası ümummilli lider
Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu
dayanıqlı inkişaf Prezident İlham Əliyevin ulu
öndərin ideya və əməllərinə sonsuz sədaqəti
ilə davam etdirilir. Heydər Əliyev idarəetmə
məktəbinin ən layiqli davamçısı İlham
Əliyevin müstəqil, suveren, azad Azərbaycan uğrunda
mübarizəsi xalqımızın dərin rəğbət
və ehtiramını qazanmışdır.
Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət nəticəsində Azərbaycanın
regionun lider dövlətinə çevrilməsi, beynəlxalq
birlikdəki yerini möhkəmləndirməsi dünya
miqyasında qəbul edilən reallıqdır. Qəti əminliklə deyə bilərik ki,
dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının
üzvü olan Azərbaycanda əldə edilən bu
uğurlar dövlətimizin apardığı düzgün
siyasət və xalqımızın zəhməti, əzmi,
iradəsi hesabına qazanılmışdır. Əldə etdiyimiz inkişafın ən parlaq nəticəsi
ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl
mənasında, tam müstəqil dövlətdir. Ölkəmizdə gerçəkləşdirilən
siyasət daim xalqın maraqlarına xidmət göstərir.
Azərbaycan bu illərdə qazandığı
uğur və nəticələrə əsaslanaraq XXI əsrin
daha möhtəşəm tarixini yazmağı, miqyaslı və
nəhəng vəzifələrin həllini hədəf
götürür. Bu inkişafın başlıca
yekunları dövlət başçısı İlham
Əliyevin bu sözlərində bariz ifadəsini
tapmışdır: “Azərbaycan bu illər ərzində həm
öz vətəndaşlarına, həm də dünyaya
sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi
yaşayırıq və yaşaya bilərik!
Müasir Azərbaycan dövlətinin
memarı və qurucusu, dünya şöhrətli siyasi xadim,
xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının
ildönümü ərəfəsindəyik.
Heydər Əliyevin adı Azərbaycan
tarixində təkrarolunmaz siyasətçi, qüdrətli
dövlət başçısı, əfsanəvi şəxsiyyət,
xalqının sevimli övladı kimi qalacaqdır. Qədirbilən hər bir azərbaycanlının qəlbində
ulu öndərin ölməz obrazı daim yaşayır.
Heydər Əliyevin dövlətçilik
ideyaları xalqımızı işıqlı gələcəyə
aparır. Nə qədər Azərbaycan
xalqı və dövləti varsa, Heydər Əliyevin parlaq
xatirəsi də Tanrının bizə yazdığı tale
kimi, əməllərlə yüksəldilmiş əbədiyyət
abidəsi kimi daim yaşayacaqdır.
Asif
ƏSGƏROV,
Səbail
Rayon İcra Hakimiyyətinin başçısı,
Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü
Xalq qəzeti.- 2014.- 10 dekabr.- S.3.