Heydər Əliyev - dinamik inkişaf edən
Azərbaycanın
memarı və qurucusu
Müasir dövr qloballaşma proseslərinin sürətlənməsi, dövlətlərarası inteqrativ əlaqələrin genişlənməsi və ayrı-ayrı ölkələrin siyasi-iqtisadi həyatında sürətli dəyişikliklərin baş verməsi ilə xarakterizə olunur. Müşahidələr göstərir ki, ayrı-ayrı milli təsərrüfatların beynəlxalq aləmə sürətlə inteqrasiya etdiyi və bu təsərrüfatların vahid dünya iqtisadi orqanizmi şəklində formalaşdığı bir dövrdə zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Əlverişli geostrateji məkanda yerləşən Azərbaycan Respublikasında isə bu, daha ciddi yanaşma tələb edirdi.
SSRİ-nin dağılmasından sonrakı iqtisadi çətinliklər vəziyyəti daha da
ağırlaşdırmış, xalqımız iqtisadi sarsıntılar, çətinliklər
girdabına düşmüşdü. Bir tərəfdən, istehsal
olunan məhsullar tələbata cavab vermədiyi üçün
anbarlarda yığılıb
qalırdı, digər tərəfdən blokada vəziyyətində
olduğumuz üçün
xarici bazarlara
çıxış imkanları çox
məhdud idi. Valyuta
çatışmazlığı və yolların təhlükəli
olması ilə əlaqədar əmtəə idxalı da böyük çətinliklə
həyata keçirilirdi. Sanki ölkəmiz və
xalqımız açıq-aşkar imtahana
çəkilirdi. Ərzaq anbarları boşalmış,
gündəlik tələbat mallarının istehsalı təhlükəli
dərəcədə azalmışdı. Hətta elə vaxt olurdu ki,
Qazaxıstandan yola salınmış un gecə Bakıya çatmasaydı, səhəri
gün şəhərdə aclıq
baş verə bilərdi. Ona
görə də dövlət orqanlarının bütün gücü həmin
unun Bakıya vaxtında
çatdırılmasına yönəldilirdi. Bəzi
məsuliyyətsiz vəzifəli şəxslər isə bu çətinlikdən öz
ciblərini doldurmaq üçün
istifadə edir, öz
maraqlarını milli və dövlətçilik
maraqlarından üstün tuturdular. Ölkə artıq xarici
yardımlardan asılı vəziyyətə düşmüşdü.
1992-ci ilin qışında Avropa Birliyindən alınan 300 min
ton, 1993-cü ilin
qışında isə Türkiyənin əvəzsiz verdiyi yenə 300 min ton un və taxıl
yardımı buna misal
ola bilər. Məhz belə bir sosial-iqtisadi və siyasi çətinliklər dövründə
Azərbaycan dövlətinin əsl xilaskarı 1993-cü ildə
xalqın istəyi və təkidli tələbləri ilə
yenidən hakimiyyətə gələn ümummilli
lider Heydər Əliyev oldu.
Tarixi proseslərdən və beynəlxalq təcrübədən
məlumdur ki, əgər dövlətin və
xalqın strateji, perspektiv
mənafeyi baxımından onun daxili və xarici siyasətinin
ümumiləşmiş konsepsiyasını müəyyən
edə bilən şəxsiyyət, xalqı öz
arxasınca aparmağı bacaran və nəhayət,
dövlətçiliyi
qorumağı, onun müdafiəsini təşkil
etməyi əməli sürətdə həyata keçirən
praktik siyasətçi - diplomat,
sərkərdə və komandan yoxdursa, həmin ölkənin nikbin
gələcəyindən danışmaq çətindir. Amma dahi liderin
yenidən hakimiyyətə qayıdışı,
xalqının səsinə səs verməsi Azərbaycan
dövlətinin və xalqının xoşbəxt gələcəyinin
başlanğıcı idi. Ölkə
başçısı cənab İlham
Əliyevin də qeyd etdiyi
kimi: “Belə bir
çətin anda, çətin dövrdə
xalqımızın müdrikliyi bir daha özünü
göstərdi. Xalqın təkidi və tələbi
ilə ümummilli liderimiz
Heydər Əliyev Azərbaycana qayıtdı, xalq
onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf
dövrü başlandı. Bütün xoşagəlməz meyillərə
son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu,
qeyri-qanuni silahlı dəstələr tərksilah
edildi. Bir sözlə,
Azərbaycan inkişaf yoluna
qədəm qoydu”.
Bu gün Azərbaycan
beynəlxalq aləmə sürətlə inteqrasiya
edən, dinamik iqtisadi
inkişafını və etibarlı siyasi
stabilliyini təmin etmiş
müstəqil bir dövlətdir.
Artıq dövlətimiz mötəbər kürsülərdən
öz sözünü
deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində
məlum səbəblərdən bərbad hala
düşmüş Azərbaycan
iqtisadiyyatında tərəqqiyə nail
olunmasına, çox kövrək və
zəif dövlət siyasətinin güclü
və aparıcı mövqeyə yüksəlməsinə,
eləcə də uzun illər ölkəmizə
məharətlə
başçılıq etdiyinə görə,
xalqımızın qəlbində əvəzsiz dövlət
xadimi qiymətini almış ulu öndər Heydər Əliyevin ölkə
rəhbəri olduğu müxtəlif
dövrlərdə müəyyən etdiyi
və həyata keçirdiyi strategiya bu gün
də bütün sahələrdə
əldə edilən uğurların əsasını təşkil
edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin
inkişaf tələblərini və
xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə
qadir olan, ölkənin
mədəni, iqtisadi və təbii
resurslarını, potensialını əhalinin rifahı və
dövlətçiliyin inkişafına yönəltməyi
bacaran şəxs olmalıdır. Bu mənada
Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı
şəxsiyyət, Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi,
demokratik inkişaf yoluna çıxarmağa qadir
olan dövlət başçısı, əsl
ümummilli lider bəxş
etmişdir.
Tarixi proseslərdən aydındır ki, müstəqilliyin 1990-cı illərin əvvəllərinə
təsadüf edən ilk dövrləri qeyri-adi bir şəraitdə
keçmiş və xeyli
çətinliklərlə xarakterizə olunmaqla
ciddi imtahanlarla
müşayiət edilmişdir. Hörmətli
akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi: “Bu dövrdə daxili siyasi inkişafın dəqiq
konsepsiyasının olmaması, bir qütblü dünyaya qovuşmaq niyyəti ilə şərtlənən
xarici siyasətin müasir
reallıqlara uyğun gəlməməsi,
siyasətdə, iqtisadiyyatda, cəmiyyət
və fərdin həyatının ənənəvi sahələrində
sovet irsindən nümayişkəranə
imtina edilməsi - bütün
bunlar milli müstəqilliyin
və dövlətçiliyin möhkəmlənməsinə
son dərəcə mənfi təsir
göstərirdi”.
Məlumdur ki, xalqımızın və dövlətimizin
son illərdəki yüksəlişi məhz
Heydər Əliyevin adı ilə bağlı olmuşdur.
Hələ 1969-cu ildə Azərbaycan Kommunist
Partiyasının birinci katibi
vəzifəsinə təyin olunmuş
Heydər Əliyev tez bir
zamanda öz gərgin
əməyi sayəsində Azərbaycan Respublikasını
digər SSRİ respublikaları arasında önə
çıxarmışdır. O, hakimiyyətinin
ilk illərindən etibarən daim öz
qayğısını xalqdan əsirgəməmiş,
istər birinci katib
işləyərkən, istərsə də keçmiş
İttifaqın rəhbərlərindən biri
olarkən Azərbaycan
xalqını, onun maraq
və mənafeyini layiqincə qorumuş və
mötəbər tribunalardan tutarlı
və kəskin fikirləri ilə düşmənləri
yerində oturtmuşdur.
Bir məsələni də qeyd etmək
yerinə düşərdi ki, sovet ordusu Azərbaycanın
müstəqilliyi ilə barışmayıb, yerli
rəhbərlərin səriştəsizliyindən istifadə
edərək Bakı şəhərində 20 Yanvar
qırğınını törətdiyi zaman
Moskvada fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə
gələrək ilk etiraz
səsini qaldıran da Heydər Əliyev olmuşdur.
O, heç nədən çəkinmədən
SSRİ-yə rəhbərlik edən yüksək mənsəbli
şəxsləri kəskin tənqid etmiş,
Bakı hadisələrində birbaşa onların məsuliyyət
daşıdığını bildirmişdir.
Bütün bunlar onun yüksək insani
keyfiyyətlərə, liderlik
bacarığına, zəngin dünya
görüşünə, hərtərəfli dərin savada malik olduğunu,
vətəninə və millətinə dərin sevgisini göstərirdi.
Onu da unutmaq olmaz ki, Azərbaycanın xilaskar oğlu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi
bir-birindən ciddi surətdə fərqlənən
iki müxtəlif sistemə - sosializm və demokratik cəmiyyət
quruculuğu dövrünə təsadüf
edir.
Hər iki sistemdə ölkəyə rəhbərlik
etmiş Heydər Əliyev istər sosializm, istərsə də bazar
iqtisadiyyatı şəraitində Azərbaycan
Respublikasını böhrana düşmüş vəziyyətdə qəbul
etmişdir. Eyni zamanda, hər iki sistemdə
də tezliklə böhran aradan
qaldırılmış və sürətli tərəqqiyə
nail olunmuşdur. Bütün bunlar isə ortaya belə bir sual çıxarır: bu
uğurları ölkəmizə bəxş edən hansı
amillər və səbəblərdir? Təbii ki,
müxtəlif cavablar ola
bilər, amma ölkəyə uğur gətirən başlıca amilin ümummilli lider Heydər Əliyevin
islahatçılıq məharəti və yüksək idarəçilik
keyfiyyətləri ilə bağlılığı
danılmazdır. Tək bircə faktı qeyd etmək kifayətdir ki,
cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün
1970-1980-ci illəri əhatə edən on
ili ərzində ölkəmizin yalnız
kənd təsərrüfatına ondan əvvəlki
yarım əsr ərzində, yəni 1920-1970 illərdə cəlb
edildiyindən daha çox
sərmayə qoyulmuşdur. Bu isə
hazırda da ərzaq təminatı və
təhlükəsizliyi, regional inkişaf baxımından xüsusi
əhəmiyyət kəsb edən kənd təsərrüfatında
dinamik inkişafın əsasını qoymuş, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə
çıxarmışdır.
Bazar iqtisadiyyatı isə dövlət, demokratiya, millət, kimlik,
ideologiya, siyasət və iqtisadiyyat
kimi həyati əhəmiyyətli məsələləri
yenidən qurmağı tələb edirdi.
Hörmətli akademikimiz Ramiz Mehdiyevin sözləri
ilə desək: “1993-cü ilin
ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə
qayıtdıqdan sonra milli
transformasiyanın dördüncü mərhələsi
başlandı - modernləşdirmə mərhələsinə
başlamağın əsası qoyuldu.
Onun mahiyyəti Azərbaycanın tənzimlənən
bazar iqtisadiyyatına keçməsində
və demokratik islahatların həyata
keçirilməsində idi ki, bu da
beynəlxalq aləmdə ölkənin dünya
siyasətinin subyekti kimi
tanınması ilə nəticələndi”.
Və nəhayət,
ölkəmizdə müstəqil, demokratik,
hüquqi dövlətin möhkəm təməli
ümummilli lider Heydər
Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və
1995-ci ildə qəbul edilən Azərbaycan
Respublikasının Konstitusiyası ilə qoyuldu.
Konstitusiyanın qəbulu ilə bütün
dünyaya bir daha bəyan edildi ki, öz müqəddəratını
həll etmək və öz idarəetmə
formasını müəyyənləşdirmək Azərbaycan
xalqının suveren hüququdur,
insan və vətəndaş hüquq və azadlıqlarının təmin
edilməsi dövlətin ali məqsədidir.
Təbii
ki, Azərbaycan dövlətinin
qarşısında duran ali
məqsədə nail olunması üçün, ilk
növbədə, iqtisadi sabitlik
təmin edilməliydi. Çünki
1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya
iqtisadiyyatın əsaslarını sarsıtmış, əhalinin
maddi və sosial vəziyyətini
ağırlaşdırmışdı. Birmənalı şəkildə
aydın idi
ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti
genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə
inflyasiyanın cilovlanmasından və makroiqtisadi
səviyyədə maliyyə sabitliyinin təmin
olunmasından asılıdır. Həyat bütün
kəskinliyi ilə iqtisadi islahatların
sürətləndirilməsini tələb edirdi.
Ona görə də ölkə
iqtisadiyyatında bazar prinsiplərinin bərqərar
olmasını təmin etmək məqsədilə
liberallaşdırma istiqamətində radikal
addımların atılması bazar
iqtisadiyyatı münasibətlərindən doğan
bir zərurət idi. Məhz bu baxımdan da, 1994-1995-ci illərdə xarici
ticarət əməliyyatlarının
liberallaşdırılmasına başlandı və
açıq qapı siyasətinə uyğun
olaraq, müvafiq sahələrdə
liberallaşdırma tədbirləri önə çəkildi.
1994-cü il sentyabrın 20-də isə
“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan
Respublikası özünün yeraltı
və yerüstü sərvətlərinin
tam hüquqlu və
şəriksiz sahibi olduğunu
dünyaya bəyan etdi.
1995-1996-cı
illərdə yaranmış əlverişli makroiqtisadi
sabitlik şəraitindən istifadə
edilərək 1997-1998-ci illərdə ölkədə iqtisadi islahatların yeni mərhələsi–struktur
islahatları mərhələsi başlandı. Dövlət
Proqramına uyğun olaraq
ölkədə genişmiqyaslı özəlləşdirmə
tədbirlərinə start verildi,
iqtisadiyyatın əsas sahələrindən olan
aqrar sektorda
torpağın xüsusi mülkiyyətə
verilməsi istiqamətində radikal islahatlar aparıldı. Yeni
iqtisadi tələblərə cavab verən maliyyə sektorunun,
onun vacib hissəsi olan bank sisteminin
formalaşdırılması, dövlət banklarının
yenidən qurulması istiqamətində ciddi
addımlar atıldı.
Eyni zamanda, Bakı şəhərində
ölkəmizin beynəlxalq nəqliyyat qovşağına
çevrilməsində, dünya nəqliyyat
sisteminə inteqrasiya olunmasında mühüm rol oynayan Böyük İpək
yolunun bərpasına dair
beynəlxalq konfrans keçirildi.
İştirakçı ölkələrin və
aparıcı dünya şirkətlərinin
sayına görə
“Əsrin müqaviləsi”ndən sonra ən
irimiqyaslı tədbir olan bu
konfrans bir daha Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinə
etibarlı və əhəmiyyətli bir
tərəfdaş kimi təqdim etdi. Hazırda isə artıq ölkəmiz Avropa və Asiya
arasında ən mühüm və
aparıcı nəqliyyat qovşağına çevrilməkdədir.
Regionda həyata keçirilməsi nəzərdə
tutulan layihələrin Azərbaycanın
iştirakı və töhfəsi olmadan
reallaşması qeyri-mümkündür.
Yuxarıda qeyd olunduğu kimi, müstəqillik
illərində də ümummilli liderin hakimiyyətə dönüşü
təlatümlü və xalqımız üçün
taleyüklü bir
dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə müstəqil Azərbaycan
dövlətini dünya xəritəsindən
silinmək və hər an baş
verə biləcək vətəndaş müharibəsi təhlükəsi
gözləyirdi. Xalqımız çox
gözəl bilirdi ki,
ölkəni bu vəziyyətdən
yalnız zəngin idarəçilik təcrübəsinə malik dahi Heydər
Əliyev şəxsiyyəti xilas edə
bilər. Çünki ümummilli
liderin uzun illər ərzində
qazandığı siyasi təcrübə,
idarəçilik bacarığı və doğma
vətəninə olan məhəbbəti
onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə
gələcəyinə heç kimdə
şübhə doğurmurdu. Heç zaman seçimində yanılmayan
xalqımız bu dəfə də çox düzgün seçim etdi və ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər
edərək ölkədə baş
alıb gedən tənəzzülü dayandırdı.
Ölkədə mövcud olan
problemlər tədricən həllini
tapdı, iqtisadi və siyasi
stabillik təmin olundu
və beləliklə, iqtisadi
inkişafın sürətləndirilməsi, ölkəmizin
beynəlxalq arenada nüfuzunun
artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya
çatdırılması və s. istiqamətlərdə
konkret proqram və
layihələrin işlənib hazırlanmasına
başlanıldı.
Başqa sözlə desək, siyasi-iqtisadi
stabilliyə nail olmaq
və Azərbaycanı dünyaya
tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə
edilmiş nailiyyətlər ölkə
daxilində milli birliyin
təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin
güclənməsinə səbəb olmuşdu.
Bu isə,
öz növbəsində, müxtəlif
ölkələrdə yaşayan
soydaşlarımızı daha da ruhlandırar, onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri
üçün ciddi
zəmin yaradırdı. Artıq ənənəvi olaraq, Bakı şəhərində Dünya Azərbaycanlılarının
qurultayları keçirilir
ki, bu da
xaricdə yaşayan
soydaşlarımızın azərbaycançılıq
ideyası ətrafında birləşərək təşkilatlanması
istiqamətində mühüm əhəmiyyət
kəsb edir.
Ümumilikdə
neft strategiyası ilə sürət
götürən inkişaf dinamikası
sonrakı illərdə daha geniş formada davam etdirildi. 1995-1998-ci illər
əsasən müvafiq normativ
hüquqi bazanın yaradılması ilə
yadda qalsa da, bu dövrdə həm
də dövlət mülkiyyətinin özəlləşdirilməsi,
kiçik və orta sahibkarlığın dəstəklənməsi
və s. istiqamətində bir neçə
Dövlət Proqramı da qəbul edildi. Bazar iqtisadiyyatı şəraitində iqtisadi
inkişafın əsas amilinin özəl
mülkiyyət və sahibkarlığın müxtəlif
formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi Heydər Əliyev ölkədə sahibkarlığın
inkişaf etdirilməsinə xidmət edən
mühüm qərarlar qəbul etdi. Bu sahədə
görülən işlərin əsl mahiyyətini qiymətləndirmək
üçün ümummilli
lider Heydər Əliyevin hələ
1996-cı ildə söylədiyi bir fikri yada salmaq
məqsədəuyğun olardı: “Bir Prezident kimi mən iqtisadiyyatda dövlət siyasətini artıq
müəyyən etmişəm. Bu, islahatlar yoludur,
islahatlar vasitəsilə istehsalın
artırılması, inkişaf etdirilməsi,
mülkiyyətin özəlləşdırilməsi, özəl
bölmənin inkişafına geniş yer verilməsi, bazar
iqtisadiyyatı, insanlara sərbəstlik
verilməsi, sahibkarlığa, təşəbbüskarlığa
şərait yaradılmasıdır. Bu,
dövlət siyasətimizin əsas prinsipləridir”.
Məhz
bu diqqət və qayğının nəticəsi
idi ki, ölkədə
yerli sahibkarlıq fəaliyyəti ilbəil
genişlənir, möhkəmlənir və dövlət
büdcəsinin əsas gəlir mənbələrindən
birinə çevrilirdi. Ölkədə
sahibkarlıq fəaliyyətini daha da genişəlndirmək üçün təkcə 2002-ci ilin avqust-sentyabr
aylarında altı mühüm fərman
imzalanmışdı. Bu tarixi
fərmanların qəbul edilməsində əsas məqsəd
ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni
inkişaf mərhələsinə
qalxmasında böyük potensiala
malik milli
sahibkarlığın həlledici rolunu daha da artırmaq idi. Məhz həmin
dövrdə həyata keçirilən ardıcıl tədbirlərin
nəticəsidir ki, artıq sahibkarlıq
iqtisadiyyatın aparıcı sahələrindən birinə
çevrilərək istər məşğulluğun təmin
olunması, istərsə də büdcə gəlirlərinin
artırılması istiqamətində öz
bəhrəsini verməkdədir.
Aydındır ki, istənilən sahədə hansı normativ sənədin qəbul edilməsindən
asılı olmayaraq, görülən
işlərin nəticəsi icraçı kadrların təcrübə
və dünya görüşündən
çox asılıdır. “Hər şeyi kadrlar həll edir” prinsipinə əsaslanaraq ixtisaslı və
bacarıqlı kadrların
yetişdirilməsi, eləcə də bir
komanda halında səfərbər edilməsi
xüsusi idarəçilik qabiliyyəti tələb
edir. Hazırda Azərbaycan
dövlətinin möhkəmlənməsi, inkişaf
etməsi və dünyada nüfuzlu
söz sahibinə çevrilməsi istiqamətində
ölkə başçısı cənab İlham
Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən,
hökumətin müxtəlif strukturlarına rəhbərlik
edən insanların əksəriyyəti
1960-70-ci illərdə, məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
qayğısı sayəsində keçmiş
SSRİ-nin aparıcı universitetlərində
dərin biliyə, geniş dünya görüşünə və zəngin
idarəçilik qabiliyyətinə yiyələnmiş
insanlardır.
Azərbaycan xalqı ümummilli lider Heydər
Əliyevə həm də ona görə
minnətdar olmalıdır ki, o, özündən sonrakı Azərbaycanı
təsadüflərin ixtiyarına buraxmadı, layiqli
davamçısı olan gənc lideri - İlham Əliyevi yetişdirdi. Bu gün ölkə Prezidenti cənab İlham
Əliyev Azərbaycan dövlətini inkişaf
etmiş ölkələrin səviyyəsinə
çatdırmaq və bu inkişafı
davamlı inkişafa çevirmək
istiqamətində kompleks tədbirlər
həyata keçirir. Son illərdə ölkədə
aparılan uğurlu islahatlar,
sosial-iqtisadi sahədə əldə edilən
böyük nəticələr ümummilli lider Heydər
Əliyevin böyük məktəbini keçmiş cənab İlham
Əliyevin yüksək idarəçilik keyfiyyətləri
ilə bağlıdır.
Təbii
ki, Azərbaycan xalqının xilaskar oğlu, dünya şöhrətli siyasətçi
Heydər Əliyevin ölkəmizin və xalqımızın
inkişafına xidmət edən fəaliyyətini, nəinki bir məqalədə, hətta cild-cild
kitablarda belə tam əhatə
etmək qeyri-mümkündür. Yuxarıda qeyd edilənlər
isə ümummilli liderin
xidmətləri qarşısında “dəryadan bir damla” kimi
qiymətləndirilə bilər. Azərbaycan
Respublikasında ayrı-ayrı elm sahələrinin,
təhsil, səhiyyə, kənd təsərrüfatı və
sənayenin inkişafı məhz ulu
öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Ölkə başçısı cənab
İlham Əliyevin qeyd
etdiyi kimi: “Ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində
Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq
aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların
üzvüdür, onlarda
fəal iştirak edir.
Bütün dövlətlər tərəfindən
tanınır. Azərbaycanın böyük
hörməti var. Artıq demək olar ki, regional
məsələlərdə Azərbaycanın sözü
həlledici sözdür. Azərbaycanın
iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz.
Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz
artır. Bu, bizə imkan
verəcək ki, qarşımızda duran bütün məsələləri
öz xeyrimizə həll edək. Bütün bunlar Heydər
Əliyevin xidmətləridir”.
Bəli, bütün mənalı həyatını öz xalqına bəxş etmiş
ulu öndər Heydər Əliyev Azərbaycan
tarixində dərin iz buraxaraq,
əsl dövlət idarəçiliyi məktəbini
yaratmışdır. Azərbaycan xalqının hələ
neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər
Əliyevin zəngin siyasi irsindən
ölkəmizin inkişafı, xalqımızın rifahı
naminə faydalanacaqdır.
Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,
iqtisad üzrə fəlsəfə
doktoru, dosent
Xalq
qəzeti.- 2014.- 11 dekabr.- S.3.