Azərbaycan sənayesinin
inkişafında yeni mərhələ
Dünyanın əksər ölkələrində, o cümlədən respublikamızda sənaye iqtisadiyyatın prioritetet istiqamətlərindəndir. Azərbaycan sənayesi zəngin ənənələrə malikdir. Dünyada ilk dəfə 1848-ci ildə Bakıda sənaye üsulu ilə neft hasil edilib. Bu, həm də Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur. Dünyada ilk neftayırma zavodu və neft tankeri Azərbaycanda istifadəyə verilib, 1900-cü ildə ölkəmiz neft hasilatına görə dünyada birinci olub. İkinci Dünya müharibəsində Azərbaycan SSRİ-nin neft və neft emalı məhsullarının 70 faizdən çoxunu təmin edib. Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatını şaxələndirib. Bu dövrdə sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldilib, bir sıra iri sənaye müəssisələri qurulub, sənayenin diversifikasiyası sürətləndirilib. 1980-ci illərin əvvəllərində keçmiş SSRİ-də məişət kondisionerlərinin 100 faizi, dərinlik nasoslarının 100 faizi, digər neft-mədən avadanlığının 70 faizi, şərab məhsullarının 1/3 hissəsi, elektrik mühərriklərinin 12 faizi, elektrik-qaynaq avadanlığının 10 faizi, soyuducuların 6 faizi Azərbaycanda istehsal edilib.
Müstəqilliyin
ilk illərində ölkədə baş vermiş böhran, Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən işğalı iqtisadiyyatın digər
sahələrində olduğu kimi, sənayedə də tənəzzülə
səbəb oldu, istehsalın həcmi və
çeşidi azaldı. Sənayenin yenidən
canlanması ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra
imzalanan “Əsrin müqaviləsi” ilə
başladı. Ulu öndərin rəhbərliyi
ilə həyata keçirilən antiböhran
tədbirləri qısa müddət ərzində siyasi-iqtisadi sabitliyin bərqərar
olması və 1997-ci ildən başlayaraq
sənaye istehsalının artması ilə nəticələndi.
Sənaye müəssisələrinin özəlləşdirilməsi
həyata keçirildi, bazar
iqtisadiyyatı institutları yaradıldı, Bakı-Tbilisi-Ceyhan,
TRASECA layihələrinin əsası qoyuldu.
2003-2014-cü illərdə
sənayenin regional strukturunun
təkmilləşdirilməsi əsas prioritetlərdən biri oldu. Azərbaycan
təbii qaz və elektrik
enerjisi idxalçısından
ixracatçısına çevrildi,
Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında etibarlı tərəfdaş oldu, elektrik
stansiyalarının enerji gücləri 50
faizdən çox artırıldı,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri
reallaşdırıldı, ənənəvi istehsal sahələrinin fəaliyyəti
genişləndirildi, yeni istehsal
sahələri yaradıldı, əsas qida
məhsulları və inşaat
materialları ilə özünütəminat səviyyəsi
yüksəldildi. Nəticədə sənayenin
ÜDM-də xüsusi çəkisi
2003-cü ildəki 38 faizdən 2013-cü ildə 48 faizə
yüksəldi. Ümumilikdə, son 10 ildə
sənaye istehsalı 2,7 dəfə, o
cümlədən, tikinti
materiallarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1
dəfə, metallurgiya sənayesi 2,2 dəfə,
geyim istehsalı 2,5 dəfə artıb.
Azərbaycanda
yaradılmış əlverişli biznes
və investisiya mühiti,
zəngin təbii ehtiyatlar, enerji və nəqliyyat infrastrukturu,
yüksək ixtisaslı kadrlar, beynəlxalq
bazarlara çıxış imkanları,
institusional potensial və
s. bu gün
ölkə sənayesinin sürətli inkişafına tam əsas yaradır. Sənayenin modernləşdirilməsi
və strukturunun təkmilləşdirilməsi,
qeyri-neft sənayesinin diversifikasiyası və
iqtisadiyyatda xüsusi
çəkisinin, eləcə də ixrac
potensialının artırılması, enerjidən səmərəli
istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye
istehsalının, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi,
bilik iqtisadiyyatının
yaradılması, yeni istehsal
sahələri üçün
ixtisaslı kadrların hazırlanması Azərbaycan sənayesinin
başlıca inkişaf istiqamətləridir.
Hazırda
ölkə iqtisadiyyatında əldə olunmuş
makroiqtisadi sabitlik, dinamik iqtisadi artım, yoxsulluğun azaldılması və əhalinin
sosial rifahının yüksəldilməsi
sahəsində qazanılan uğurlar Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən sistemli və
ardıcıl fəaliyyətin
nəticəsidir. Dövlətimizin
başçısının 2014-cü ili
“Sənaye ili” elan etməsi
keyfiyyətcə yeni mərhələdə
Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə
yüksəlməsi istiqamətində aparılan məqsədyönlü
fəaliyyətin məntiqi davamıdır.
Xatırladaq ki, respublika Prezidentinin
2014-cü il 12 mart
tarixli sərəncamı ilə Azərbaycan
Respublikasında bu ilin
“Sənaye ili” elan
edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq
edilib. Həmin planda sənaye
potensialının artırılması, təşkilati tədbirlər,
sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi,
normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi,
təbliğat və təşviqat işlərilə
bağlı tədbirlər öz ifadəsini
tapıb.
2014-cü
ilin “Sənaye ili” elan edilməsində başlıca məqsəd
ölkəmizin iqtisadi təhlükəsizliyini
təmin etmək, xarici dövlətlərdən
asılılığını minimuma
endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların
rəqabətə davamlılığını artırmaq və
ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda,
xammal və yarımfabrikat ixracatı mümkün qədər azaldılmalı,
hazır məhsul istehsalına üstünlük
verilməlidir. Məlumdur ki, adətən
sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük
verirlər.
Cənab İlham Əliyev cari ildə
qarşıda duran vəzifələrdən
danışarkən demişdir: “Bu il ölkəmizin gələcək
inkişaf dinamikasını müəyyən
edən sənaye sahəsinə daha da böyük diqqət
yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri,
ixrac yönümlü
sənaye məhsullarının istehsalı, emal
müəssisələrinin, böyük
sənaye komplekslərinin yaranması - bütün
bu işlər ölkəmizin gələcək
inkişafını təmin edəcək, neft-qaz
amilindən asılılığı daha
da azaldacaq və
ölkə iqtisadiyyatının dayanıqlı şəkildə
inkişafını müəyyən edəcəkdir”.
Sənayeləşmənin
dinamik inkişafı üçün
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanan müvafiq tədbirlər planında əsas
tezislər öz əksini tapıb. Bunlar
hazırkı mərhələdə müasir
çağırışlar və yeni təşəbbüslər
nəzərə alınmaqla sənayenin modernləşdirilməsi,
qeyri-neft sənayesinin şaxələndirilməsi,
mövcud təbii və iqtisadi
resursların təsərrüfat dövriyyəsinə cəlb
edilməsi, ənənəvi sənaye sahələri ilə
yanaşı, yeni prioritet
istehsal sahələrinin, sənaye
parklarının yaradılması və regionlarda
sənaye potensialının gücləndirilməsindən
ibarətdir.
Yuxarıda sadalananlarla bağlı bir
məqama diqqət yetirək. Bu gün sənayeləşmənin
reallaşması məqsədilə bir
sıra mühüm tədbirlər həyata
keçirilir. Onlardan biri də qeyd etdiyimiz kimi, sənaye
parklarının yaradılması və regionlarda
sənaye potensialının gücləndirilməsidir. Xatırladaq ki, ölkə Prezidenti cənab İlham
Əliyev son illərdə bir
neçə dəfə Sumqayıt şəhərində olub, burada sənaye
potensialının möhkəmləndirilməsinin, yeni iş yerlərinin
açılmasının vacibliyi ilə
bağlı dəyərli fikirlər söyləyib. Cənab
İlham Əliyev Sumqayıtın müasir sənaye mərkəzinə
çevrilməsi üçün konkret planların olduğunu
bildirib: “Biz
Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk.
Sumqayıtı müasir sənaye mərkəzinə
çevirmək üçün konkret planlar vardır.
Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır,
yaradılmışdır. İndi isə
Sumqayıt müasir sənaye şəhəri
kimi inkişaf edir. Burada yaradılan və
tikilməkdə olan, tikiləcək sənaye
müəssisələri Azərbaycanda sənayeləşmə
proqramının icrası üçün
çox vacib rol oynayacaqdır. Artıq bu
proqramın icrasının birinci mərhələsindəyik.
Burada böyük
Sumqayıt Texnologiya Parkı
yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət
göstərir. Bu müəssisələrdə
istehsal olunan məhsullar
xaricə də ixrac edilir,
ölkə daxilində də istehlak olunur. Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən
ibarət sənaye şəhərciyi yaradılacaqdır. Bu məqsədlə müvafiq
göstərişlər verilmişdir. Burada həm dövlət, həm özəl sektorun iştirakı ilə böyük
müəssisələr, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün gözəl şərait
yaradılacaqdır”.
Prezident İlham Əliyev
2011-ci il 21 dekabr tarixdə
imzaladığı “Sumqayıt Kimya Sənaye
Parkının yaradılması haqqında” fərmanı
şəhərdə sənayenin inkişafına mühüm təsir göstərib. Həmin sənədin
preambula hissəsində göstərildiyi
kimi, belə bir fərmanın
imzalanması ölkədə innovativ və
yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli
sənaye istehsalının inkişafı üçün
münbit şərait yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi,
qeyri-neft sektorunun
davamlı inkişafının təmin edilməsi, əhalinin
istehsal sahəsində məşğulluğunun
artırılması məqsədinə xidmət edir. Fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkının yaradılması
nəzərdə tutulur. Həmçinin
sənəddə göstərilir ki, sənaye
parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün zəruri infrastruktura
və idarəetmə qurumlarına malik olan, müasir
texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli
məhsullar istehsalı və xidmətlər göstərilməsi
məqsədləri üçün
istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə
və inkişafına kömək edən ərazidir.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində
neft-kimya və digər prioritet
sənaye sahələri üzrə rəqabətqabiliyyətli
məhsulların (işlərin, xidmətlərin) istehsalı
və emalı müəssisələri
yaradılmalıdır.
Sumqayıtda
Kimya Sənayesi və Yüksək Texnologiyalar parklarının yaxın və
uzunmüddətli perspektivdə inkişafını
stimullaşdırmaq üçün
ölkənin vergi qanunvericiliyində sənaye
və texnologiyalar parkında
çalışan fiziki və hüquqi şəxslərə, eləcə də
parkların idarəedici təşkilat və operatorlarına gəlir,
mənfəət,
ƏDV, əmlak və torpaq vergiləri
üzrə 7 illik güzəştlər
nəzərdə tutulub.
Yeri gəlmişkən, Sumqayıt Kimya Sənaye Parkının tikintisində
işlər sürətlə aparılır. Parkın rezidenti
“Azertexnolayn” MMC-nin polad boru zavodu
burada fəaliyyət göstərir. Eyni zamanda, daha
iki zavodun
inşasına başlanılıb. Sumqayıt Kimya
Sənaye Parkının digər rezidenti olan “SOCAR Polymer” MMC tərəfindən
istehsal avadanlıqlarının gətirilməsi
başa çatdırılıb. Müəssisənin
istehsal prosesinə 2016-cı ildə
başlaması planlaşdırılır. Bunlarla
yanaşı, hazırda Sumqayıt Kimya Sənaye
Parkının sosial zonasında yerləşəcək
16 mərtəbəli inzibati binanın
inşası davam etdirilir,
yaxın vaxtlarda isə Peşə Tədris
Mərkəzinin və 3 emalatxananın tikintisinə
başlanılacaq.
2009-cu ildən fəaliyyət
göstərən Sumqayıt Texnologiyalar
Parkı (STP) da Azərbaycanın qeyri-neft sektorunda xüsusi yer tutur. 250 hektar ərazisi olan və tərkibində 17 zavodu
birləşdirən texnoparkda 4500-dən çox işçi
çalışır. Burada müəssisələrin
sayının 30-a çatdırılması nəzərdə
tutulur.
Prezident İlham Əliyev
ölkəmizdə texnologiya parkları ilə
yanaşı, sənaye klasterlərinin yaradılmasının
vacibliyinə də diqqət çəkərək demişdir: “Bu da dünyada uğur gətirən bir təcrübədir.
İnkişaf etmiş
ölkələrdə bu, vardır. Bütün
məhsulun tsikli bir
yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində
poladtökmə, metallurgiya
kombinatının, alüminium sənayesinin
inkişafı sahəsində biz bütün bu zənciri -
istehsal, emal, kiçik və orta
sahibkarlığın inkişafını təmin etməliyik
ki, Azərbaycanda son
məhsul buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə
tədbirlər də görülməlidir”.
Azərbaycanda son illər klasterlərin yaradılması ən
çox müzakirə olunan
məsələlərdən biridir. Yəni
ölkə sənayesində klasterlərin
formalaşdırılması və inkişaf
etdirilməsi nəzərdə tutulmaqdadır. Klaster
həm onu əhatə edən sahələrin
bir-biri ilə əlaqələrini
möhkəmləndirir, həm də həmin sahələrin
inkişafına təkan verir.
Dünyanın inkişaf etmiş
ölkələrinin təcrübəsi göstərir ki, ölkə iqtisadiyyatının, sənayenin
inkişafında klasterlərin rolu
danılmazdır. Belə ki, klaster müəyyən bir
coğrafi ərazidə yerləşən,
tamamlayıcı, ortaq xüsusiyyətlərə
malik müəssisələrin və əlaqəli
institutların toplusudur. Daha
dəqiq desək, son məhsul istehsal edən müəssisələr, təchizatçı
firmalar, əlaqədar xidmət sahələri,
elmi-tədqiqat institutları və digər qurumlar
adətən klasteri təşkil edən əsas
subyektlər hesab olunur.
Son illərdə Sumqayıt
Kimya Sənaye və Sumqayıt Texnologiyalar parkları ilə yanaşı bir sıra digər
iri sənaye müəssisələri-Gəmiqayırma
zavodu, Naxçıvan avtomobil
zavodu, bərk məişət
tullantılarının yandırılması zavodu,
Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy
qızıl-mis emalı, Gəncə
alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit”
müəssisəsi, Qəbələ piano,
“M-Line”, AZMDF, EMBAWOOD mebel
fabrikləri və digər müəssisələr istifadəyə
verilib.
Gəmiqayırma
zavodunun fəaliyyəti ölkənin sənaye
potensialının daha da
artırılmasına böyük
töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə,
idxaldan asılılığın
azalmasına, qeyri-neft sənayesi sahələrinin
inkişafına ciddi təkan verəcək.
Sənayenin
inkişafında mühüm məqamlardan
biri də ölkədə müasir nəqliyyat infrastrukturunun
yaradılmasıdır. Ötən illər ərzində Azərbaycanda
7 aeroport tikilib və
yenidən qurulub, 10 min
kilometrə yaxın avtomobil yolu inşa olunub. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub
beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması,
Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər
sahilində ən iri dəniz
limanının inşası layihələri xüsusi
əhəmiyyət kəsb edir.
Dünyanın nəhəng enerji layihələrindən
olan “Şahdəniz-2", TANAP və TAP
layihələrinin reallaşdırılması uzunmüddətli
perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə,
sənayenin inkişafına öz töhfəsini
verəcək.
Artıq Azərbaycan kosmik sənayeyə malik
ölkələr sırasına daxil olub. İndi Azərbaycanın
öz peyki var və bu, tarixi nailiyyətdir. Həmçinin ölkəmizdə
ilk dəfə olaraq
müdafiə, kosmik və alternativ
enerji sənaye sahələri yaradılıb.
Azərbaycan
Respublikasının Müdafiə Sənayesi Nazirliyi
müəssisələrinin elm tutumlu texnologiyalar əsasında
inkişafı dövlətin yüksək prioritetlərindən
biridir və müdafiə-sənayesi kompleksi qarşısında qoyulmuş
məsələlərin reallaşdırılmasında səmərəli
iştirak edə bilən yüksək ixtisaslı mütəxəssislərin
yeni nəslinin hazırlanmasını tələb
edir. Müdafiə sənayesi
kompleksinin inkişaf səviyyəsi
ölkənin milli təhlükəsizliyinin
qarantı olmaqla bərabər
iqtisadiyyatın maşınqayırma, cihazqayırma, nəqliyyat,
rabitə, yanacaq-enerji kompleksi
kimi vacib sahələrində
də elmi-texniki tərəqqinin səviyyəsini
müəyyənləşdirir.
Sənayenin dinamik inkişafı sözügedən sahədə
məhsul istehsalına da öz
müsbət təsirini göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə,
2014-cü ilin on
ayında ölkə iqtisadiyyatında 49,2 milyard
manatlıq ümumi daxili
məhsul (ÜDM) istehsal edilib,
onun həcmi əvvəlki ilin
eyni dövrünə nisbətən 2,8 faiz artıb. ÜDM-in 61,1
faizi istehsal sahələrində,
o cümlədən 43,6 faizi
sənayenin payına düşüb. Cari ilin yanvar-oktyabr
aylarında ölkə sənayesinin təsərrüfat
subyektləri tərəfindən 27,8 milyard
manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Emal bölməsində
istehsalın həcmi sənayenin ümumi
məhsulunun 22,8 faizini təşkil edib, qida, tütün
məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti
materiallarının, hazır metal məmulatlarının,
elektrik avadanlıqlarının, avtomobil və qoşquların və s. məhsulların istehsalında artım müşahidə
olunub. Ümumi sənaye məhsulunun 80,6 faizi
özəl bölmədə istehsal olunub.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 11 dekabr.- S.1.