Ümummilli lider Heydər Əliyevin
idarəçilik sistemində hərtərəflilik
prinsipi
Mən həmişə həqiqəti sevmişəm və
həyatım da həqiqət üzərində
qurulmuşdur.
Heydər ƏLİYEV,
Ümummilli lider
Heç kim
üçün sirr deyil ki, ölkəmizdə gedən
quruculuq proseslərinin ana xətti, təməli böyük
öndər Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Onun rəhbər tutduğu dövlətçilik kursu və
azərbaycançılıq fəlsəfəsi öz bəhrəsini
bu gün də verməkdədir. Üstündən neçə
illər keçdikdən sonra ümummilli lider Heydər
Əliyevin irəli sürdüyü prinsiplərin, verdiyi qərarların
nə dərəcədə düşünülmüş və
uzun müddətə hesablanmış olması
özünü daha aydın göstərir.
Prezident İlham Əliyev öz
çıxışlarında ulu öndər Heydər
Əliyevin azərbaycançılıq fəlsəfəsinin
müasir quruculuq fəaliyyətinin də təməlində
dayandığını vurğulamaqla Azərbaycan dövlətçiliyində
siyasi və mədəni-mənəvi varislik prinsipinin
sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Konkret situasiyadan asılı olan siyasi və iqtisadi
islahatlar təbii ki, dəyişir. Hər
bir inkişaf mərhələsində zamanın diqtə
etdiyi ən düzgün mövqeyin seçilməsi siyasi rəhbərlikdən
məsələlərə yaradıcı münasibət tələb
edir. İqtisadi inkişafın yüksək
tempi, vətəndaş cəmiyyətinin formalaşması
ölkəmizdə əvvəllər həyata keçirilməsi
mümkün olmayan yeni keyfiyyətli layihələrin irəli
sürülməsinə və reallaşdırılmasına
imkan yaradır.
Daha böyük miqyaslı, mütəşəkkil
ictimai sistemin özünüdərk səviyyəsindən
baxdıqda bəşəriyyətin tarixən keçmiş
olduğu yola bir işıq düşür, ayrı-ayrı
xalqların, məmləkətlərin bəlkə də
özünü dərk etmədən keçdikləri yollar
indi artıq ilkin bir ideyanın reallaşması prosesi kimi,
ictimai-tarixi zərurət kimi nəzərimizdə canlanır. Böyük
mütəfəkkir Kantın bəşəriyyətin
inkişaf tarixinə təbiətin özünüdərk və
özünütəsdiq prosesi kimi yanaşması, Hegelin
ictimai inkişafı mütləq ideyanın reallaşma
aspektlərindən biri kimi təqdim etməsi, Hegelin
ümumdünya tarixinin vahid konseptual sistemini yaratmaq cəhdləri
ona görə real, pozitiv nəticələrə gətirə
bilmirdi ki, bəşəriyyət hələ
özünüdərk üçün yetişməmişdi.
Bu təfəkkür nəhəngləri sadəcə
olaraq zamanı qabaqlamağa çalışırdılar.
Zaman isə öz ritmindən kənara
çıxmırdı.
Lakin indi bu böyük ideyaların
reallaşması vaxtı artıq gəlib
çatmışdır.
Tarixi sınaq məqamında əhalinin
çoxluğu, məmləkətin böyüklüyü
deyil, onun sükanı arxasında kimin dayanması daha önəmli
olur. Əsas məsələ həmin tarixi
sınaq məqamında xalqın içərisindən
çıxmış və onun milli mənafeyini dərk etmək
və qoruyub-saxlamaq iqtidarında olan mütəfəkkir
liderin mövcud olmasıdır və bu liderin uzun müddətli
proqramları həyata keçirə bilməsi
üçün böyük siyasi ömür tələb
olunur. Azərbaycanın qismətindən Heydər
Əliyev şəxsən özü də möhkəm təməl
yaratmağa kifayət edəcək dərəcədə
üzün ömür yaşadı, düz 10 il
müstəqil Azərbaycan dövlətinin sükanı
arxasında dayandı.
Siyasi varisi İlham Əliyevin şəxsində
onun ömrü sanki daha da uzanmış oldu. Başladığı bütün işlər
İlham Əliyevin səyləri nəticəsində
uğurla davam etdirildi və üstəlik yeni dövrün tələblərinə
uyğun olaraq yeni ideyalar irəli sürüldü. Başqa sözlə desək, İlham Əliyev ulu
öndərin irsini qoruyub saxlamaq və onun ideyalarını həyata
keçirməklə kifayətlənmir. O, Heydər
Əliyevin azərbaycançılıq fəlsəfəsini,
onun siyasi-iqtisadi və mənəvi-mədəni quruculuq
işləri ilə bağlı strategiyasını
yaradıcı surətdə inkişaf etdirir. Ötən on
bir il ərzində Prezident İlham
Əliyev açılmış imkanların realizasiyası
sahəsində böyük əzm və yüksək vüsət
nümayiş etdirmişdir.
Planetin bugünkü mənzərəsində
heç də yalnız siyasi və iqtisadi maraqlar kəsişmir. Bu meydanda həm də milli ideyalar
qarşılaşır. Ən
böyük qabiliyyət də siyasi, iqtisadi maraqlarla
yanaşı milli maraqların da qorunub saxlanmasına nail olmaq
və millətlər birliyinə öz simasını itirmədən
daxil olmağı bacarmaqdır. Düzdür,
bunu əngəlləyən qüvvələr çoxdur.
Lakin şəxsiyyətin
böyüklüyü də özünü məhz belə
çətin vəzifələrin həllində göstərir.
Ümummilli lider Heydər Əliyev ilk dəfə
azərbaycançılıq ideyasını dövlətin
strateji xətti kimi irəli sürəndə bu ideyanın həqiqi
böyük mənası çoxları üçün
anlaşılmaz idi. Bu gün də qismən
belədir. Çünki bu ideya adi
şüur səviyyəsində üzə
çıxmayıb, yaxud deklarativ bir şüar olmayıb,
çox dərin köklərə malik olan mükəmməl
bir fəlsəfi-konseptual sistemin ifadəsidir.
Akademik Ramiz Mehdiyevin sözləri ilə desək: “Heydər
Əliyevin sayəsində Azərbaycanda dövlətçilik
özünü təkcə siyasi-hüquqi hadisə kimi deyil,
həm də konkret milli-mənəvi gerçəkliyin təsbit
olunması kimi göstərir. Bu gerçəkliyin
milli ideologiya səviyyəsində təzahürü isə
azərbaycançılıq təlimidir”.
Məqsəd bu təlimi hərtərəfli
şərh etmək və bütün xalqın, bütün
dünyada yaşayan azərbaycanlıların bu ideyaya yiyələnməsinə
çalışmaqdır.
Bu gün Azərbaycana təkcə öz
daxili problemləri çərçivəsində baxmaq
düzgün deyil. Azərbaycanın seçdiyi, həyata
keçirməyə çalışdığı siyasi
kurs, inkişaf yolu – onun Şərq dünyasında, xüsusən,
islam ölkələri içərisində
mövqeyinin və rolunun ilkin müəyyənliyini tələb
edir. Şərq ilə Qərb arasında vəhdət
modelinin təbii nümunəsi olmaqla, Azərbaycan xüsusi
strateji mövqeyə malikdir.
Bu günlərdə Bakıda keçirilən “Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır” mövzusundakı
beynəlxalq konfransda Prezident İlham Əliyev demişdir:
“...Bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız,
ana dilimiz - bu amillər azərbaycanlıları bir millət
kimi assimilyasiyadan qorudu və bu gün müstəqil ölkəmizdə
Azərbaycan xalqı öz taleyinin sahibidir”.
Müstəqillik əldə etmiş, öz xarici və
daxili siyasətini öz milli mənafelərinə,
ümumxalq, ümumdövlət mənafeyinə uyğun olaraq
qurmaq imkanı qazanmış xalq, heç şübhəsiz,
birinci növbədə təhlükəsizlik və maddi təminatla
yanaşı, öz dilini, milli mədəniyyətini, adət-ənənələrini
də inkişaf etdirməyə – özünə qaytarmağa
çalışır. Lakin bu işi görməyə
ilk müstəqillik illərində olduğu kimi, budaqdan deyil,
kökdən, gövdədən başlamaq lazım idi.
Əvvəlcə dövlətçiliyi möhkəmləndirmədən,
xarici ölkələrlə münasibətləri ümumbəşəri
dəyərlər və beynəlxalq normalar əsasında
quraraq dünya birliyinə bərabər hüquqlu üzv kimi
daxil olmadan, yeni iqtisadi münasibətlərə keçid
strategiyasını müəyyənləşdirmədən,
hər şeydən öncə milli mədəniyyəti,
milli dili və s. inkişaf etdirmək mövqeyi real ictimai tərəqqi
üçün təməl ola bilməzdi.
Keçid dövründə, böyük
ictimai təbəddülatlar dövründə imperiya
buxovlarından yenicə azad olaraq müstəqillik əldə
etmiş xalqda milli hisslərin aktivləşməsi təbii
hal idi. Üstəlik başqa bir
dövlət tərəfindən qatı millətçi
ideologiyanın təsiri ilə istəmədən müharibəyə
cəlb olunan, ərazisinə, əhalisinə qəsd olunan bir
xalqda milli hisslərin inkişafı öz normal axarından
çıxır, yatağına sığmırdı.
Lakin hələ hissiyat səviyyəsindən yüksəyə
qalxmamış, milli ideya kimi formalaşmamış, milli
dövlətçilik prizmasında sınaraq siyasi və
iqtisadi düşüncə ilə
çulğalaşmamış onun faydası çox az ola bilərdi. Ona görə də,
Heydər Əliyev quruculuğa əvvəlcə bazisdən,
siyasi-iqtisadi təməlin möhkəmləndirilməsindən
başladı.
Milli ruhun inkişafı üçün
konkret ictimai gerçəkliyin öz inkişaf məntiqindən
doğan milli bir ideologiya tələb olunur. Burada milli
siyasi liderin üzərinə Şərq düşüncə
tərzi ilə Qərb düşüncə tərzinin vəhdətinə
nail olmaq, milli ideologiyanı ümumbəşəri dəyərlər
kontekstinə salmaq kimi çətin bir vəzifə
düşür. Bu vəzifə Şərqlə
Qərb arasında İpək yolunu bərpa etmək qədər
və bəlkə ondan daha çətindir. Biz bu müqayisəni təsadüfi olaraq
aparmırıq.
Məsələ burasındadır ki, əslində
İpək yolunun bərpası ideyası da, Bakı-Ceyhan
layihəsi də məhz qlobal miqyas almış
ideologiyanın tərkib hissələridir və bu qlobal
ideologiyanın müəllifi Heydər Əliyev olmuşdur. Çünki o özü universal sintetik bir fenomen
idi. O, şərqçilik və qərbçiliyin,
millilik və ümumbəşəriliyin, ənənəvilik
və novatorluğun vəhdəti, sintetik azərbaycançılıq
məfkurəsinin ən parlaq nümunəsi, ən ali daşıyıcısı, qloballaşan
dünyada milli müəyyənliyin qarantı, azərbaycançılığın
simvolu idi.
Bəli, azərbaycançılıq – məfkurədir. Lakin bu məfkurə fəlsəfi idrakın, elmi-məntiqi
təfəkkürün məhsulu olan mükəmməl bir
konseptual sistemin yolu birinci keçmək istəyən bir millət
üçün konkretləşmiş variantıdır.
Azərbaycançılığın mahiyyətini
dərk etmək üçün bir etnosun, xalqın, millətin
qarşısında duran vəzifələri ümumiləşdirmək
kifayət etmir. Məsələyə
bütün bəşəriyyətin inkişaf
qanunauyğunluğu kontekstində baxmaq lazım gəlir.
Azərbaycançılıq həyat tərzində,
əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda
- mənəvi mədəniyyətin bütün sahələrində
əsas istiqamətləndirici məfkurə kimi
çıxış edir. Şifahi
xalq ədəbiyyatı, el sənəti, milli musiqi, millətin
mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri
bu gün vahid bir ideya ətrafında sıx surətdə birləşməkdədir.
Əsrlərdən bizə miras qalmış
milli-mənəvi dəyərlər nəinki təkcə
müasir milli mövcudluğumuzun, həm də siyasi
mövcudluğumuzun, dövlətçiliyimizin qarantına
çevrilir. Və əksinə. Milli-mənəvi varlığımızın
qorunub saxlanması da dövlətin ən əsas
funksiyalarından biridir. Azərbaycançılıq
Azərbaycan dövlətinin milli-siyasi məfkurəsi kimi formalaşır.
Bütün bunları bizə müasir Azərbaycan
dövlətinin banisi Heydər Əliyev öyrətmişdir. Sözləri və əməlləri ilə. Bu xətti qoruyub saxlamaq və inkişaf etdirmək
harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının
milli şərəf borcudur.
Heydər Əliyev azərbaycançılığın
iki mühüm tərkib hissəsini: milli dövlətçilik
xəttini və mədəni-mənəvi dəyərlər
sistemini qarşılıqlı əlaqədə və vəhdətdə
götürürdü. Mədəni-mənəvi
dəyərlər içində ən mühüm yeri isə
dil tutur. Heydər Əliyev Azərbaycan dilini milli varlığımızın
əsas inteqrativ amili və azərbaycançılığın
təməl daşı hesab edirdi: “Müstəqil Azərbaycan
Respublikasının gələcəyi üçün ən
əsas vasitələrdən biri ana dilimizin, dövlət
dilimizin inkişaf etdirilməsidir”.
Azərbaycan dili zəngin dildir və Azərbaycanda
bəlağətlə danışan gözəl natiqlər
çoxdur. Bədii qiraət ustaları,
toylarda, məclislərdə, mərasimlərdə
çıxış edənlər çoxdur. Lakin rəsmi
dövlət dilinin, diplomatik dilin özünəməxsus incəlikləri
var... Hər sözə xüsusi diqqət verilməsi,
hər sözün hətta yaxın mənalı sözlər
içərisindən daha dəqiq seçilib
tapılması, incə mətləblərin maksimal bir dəqiqliklə
çatdırılması üçün dilin bütün
imkanlarının səfərbər edilməsini
çoxları ancaq daha mükəmməl dil
axtarışı kimi, natiqlik məharətinin nümayiş
etdirilməsi kimi izah edirlər. Lakin bu belə
deyil. Dilin kamilliyi məqsəd deyil, məqsədə
çatmaq üçün vasitədir. İncə
mətləblər ancaq mükəmməl dillə
çatdırıla bilər.
Ulu öndər Heydər Əliyev milli dilin inkişaf
etdirilməsini, dövlət dilinin bir dil üslubu kimi
formalaşdırılmasını ayrıca bir iş kimi
deyil, bütöv dövlət quruculuğu prosesinin bir tərkib
hissəsi kimi həyata keçirirdi. O, dövlət işini
görərkən, dövlətin siyasi xəttini müəyyənləşdirərkən
və bu xətti icraçılara, dövlət
işçilərinə, xalqa və bütün dünyaya bəyan
edərkən, istər-istəməz dili də inkişaf
etdirir, dövlət dilini xüsusi üslub kimi
formalaşdırır və bu mühüm işi ən
yüksək səviyyədə şəxsən özü həyata
keçirirdi. Zira düşünən kimdirsə,
quran, yaradan kimdirsə, yaradıcı təfəkkürün
dəqiq şərhi üçün daha mükəmməl
dil arayan da məhz həmin şəxs olmalıdır. Çünki dil təfəkkürlə,
yaradıcılıqla vəhdətdədir. Və əksinə, dilin imkanları genişləndikcə
həmin dildə danışan adamların düşüncə
diapazonunun genişlənməsi, siyasi mədəniyyətin
artması üçün də yeni imkanlar
açılır.
Burada biz başqa bir sualın da
cavabını tapmış oluruq. Belə
ki, Heydər Əliyevin qeyri-adi natiqlik qabiliyyətinin səbəbini
dilçiliyin təfərrüatında deyil, dövlətçiliyin
inkişaf yollarında axtarmaq lazımdır. Çünki onun təfəkkürü,
düşüncələri ən çox bu istiqamətdə
köklənmişdi.
Millət öz poeziyası, ədəbiyyatı,
hətta elmi ilə nə qədər qabağa getsə də,
onun dövlətçilik təcrübəsi yoxdursa, deməli
milli dövlət dili də hələ formalaşmayıb. Yaxşı bələdçilər, yol
açanlar olmazsa, dövlətçiliyin və milli dövlət
dilinin formalaşması prosesi çox uzun sürə bilər.
Yalnız milli dövlətçilik ənənələrimizin
tarixinə yaxşı bələd olan və irəlicədən,
neçə onilliklər ərzində başqa bir dövlətin
tərkibində müasir dövlətçilik təcrübəsini
mənimsəmiş olan yaradıcı dövlət xadimi
qısa bir tarixi dövrdə müstəqil milli dövlət
formalaşdırmağa nail ola bilərdi. Təsadüfi deyil ki, məhz ümummilli lider Heydər
Əliyev bu vəzifəni qısa bir müddətdə
çox böyük əzmlə həyata keçirdi və rəsmi
dövlət dilinin inkişaf etdirilməsi işini də
dövlətçiliyin atributlarından biri kimi ön plana
çəkdi. Sonrakı illərdə bu iş Prezident
İlham Əliyev tərəfindən də uğurla davam
etdirildi və hazırda bu sahədə əldə edilmiş
nailiyyətlər dövlət dili ilə dövlətçilik
təfəkkürünün daha sıx birliyinə dəlalət
edir.
Azərbaycanın gələcək
inkişafının elm və təhsillə bağlı
olması strategiyasının təməlləri də hələ
o vaxt ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuşdur. O nəinki bu iki sahənin əhəmiyyətini
xüsusi vurğulayırdı, həm də onların daxili əlaqəsini,
bir-birini tamamlama şərtlərini də özünəməxsus
bir fəhmlə hiss edirdi: “Elm, təhsil, mədəniyyət
sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan
xalqının bugünkü yüksək təhsil, elm, mədəniyyət
səviyyəsi, şüur səviyyəsi - bunların
hamısı ilk növbədə müəllimlərin xidmətlərinin
nəticəsidir”. Müəllimə olan
xüsusi diqqət və sayğı da buradan irəli gəlirdi.
Lakin yüksək səviyyəli müəllim
kadrlarının yetişdirilməsi üçün də
ilk öncə pedaqoji ali məktəblərdə
tədrisin yüksək səviyyəsi və onu təmin etmək
üçün yüksək elmi hazırlıq tələb
olunur. Yəni təhsildən başlanan dövrə
elm mərhələsini keçərək yenidən təhsildə
qapanır.
Heydər Əliyev deyirdi: “Ümumi çətinliklər
nə qədər çox olsa da, biz elmə, təhsilə
daim qayğı göstərməliyik və elmin
inkişafı üçün mövcud imkanlardan daha da
çox istifadə etməliyik.”Lakin indi çətinliklər
dövrü arxada qalmışdır və ölkəmiz
dünyanın ən sürətlə inkişaf edən
dövlətləri sırasında olduğu üçün
elm təhsilə qayğı üçün də daha
böyük şans yaranmışdır.
Ölkəmizdə iqtisadi inkişaf sahəsində
keçid dövrü başa çatdıqdan sonra gələcək
inkişaf yolunun əsas hərəkətverici qüvvələri
olmaqla elm və təhsil məsələləri Azərbaycan
dövlətçiliyinin diqqət mərkəzindədir. Prezident
İlham Əliyevin BDU-nun 90 illiyinə həsr olunmuş təntənəli
yubiley mərasimində qeyd etdiyi kimi, yeni mərhələdə
elm və təhsilin prioritetliyi vacibdir: “Qabaqcıl ölkələrin
təcrübəsinə nəzər salsaq, görərik ki,
onların tərəqqisini elm müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki,
coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz
elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə
çevirir”.
Bu günün təhsili cəmiyyətin
sabahına xidmət etdiyindən ictimai tərəqqinin proqnozu
verilmədən, inkişaf strategiyası müəyyənləşdirilmədən,
təhsil sahəsində heç bir islahat aparıla bilməz. Başqa
sözlə, təhsil sistemində hər hansı bir islahat
aparılması ancaq təhsilin öz daxili məntiqinə əsaslana
bilməz və deməli, ancaq təhsil işçilərinin
vəzifəsi ola bilməz.
Bütün ölkə, cəmiyyət
miqyasında həyata keçirilən sosial-iqtisadi və
ideya-siyasi islahatların elmi-nəzəri əsasları
işlənib hazırlandıqca, təhsilin
qarşısında duran əsas vəzifələr və
onların yerinə yetirilməsinin yolları da getdikcə daha
çox aydınlaşmış olur. Müstəqil
Azərbaycanda dövlət quruculuğunu əzmlə həyata
keçirməklə bərabər, onun ideya-nəzəri əsaslarını
da, milli ideologiyamızın prinsiplərini də müəyyən
edən Heydər Əliyev, heç şübhəsiz, təhsil
sahəsinin qarşısında duran vəzifələrə də
biganə qalmamışdır. Təhsil sisteminin təşkilati
məsələlərini çox gözəl bilən,
keçmiş SSRİ-də təhsil islahatına bilavasitə
rəhbərlik etmiş olan Heydər Əliyev, digər tərəfdən,
cəmiyyətə və dövlət quruculuğuna bir sistem
halında yanaşarkən, burada təhsilin də yerini müəyyənləşdirməyi
heç vaxt unutmurdu: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək
üçün insan müasir tələblərə
uyğun olan təhsilə malik olmalıdır”. Göründüyü kimi, Heydər Əliyev təhsilə
son məqsəd kimi, nəticə kimi deyil, vasitə kimi
baxırdı. Həyatda uğur
qazanmağın vasitəsi kimi. Həyatın
sahələri çoxdur. Onların hər
hansı birində uğur qazanmaq üçün müvafiq
yönümlü ixtisas biliklərinə yiyələnmək
tələb olunur. Müxtəlif ixtisas sahələrində
kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi
nəticə etibarı ilə iqtisadiyyatın inkişafına
və dövlətçiliyin möhkəmləndirilməsinə
xidmət edir. Fərəhləndirici
haldır ki, “xalqımızın elmi potensialı, təhsil
potensialı bütün sahələrdə yüksək
mütəxəssislərlə təmin olunmaq potensialı
get-gedə artır. Bu da bizim müstəqillik
dövründə əldə etdiyimiz əsas nailiyyətlərdən
biridir” (Heydər Əliyev).
Müasir dövrdə ölkələrin
inkişafı təkcə iqtisadi göstəricilərlə,
təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi
ilə deyil, həm də insanla cəmiyyət
arasındakı münasibətin forması, cəmiyyətdəki
demokratiklik və insanların azadlıq dərəcəsi ilə
müəyyən olunur. Əgər iqtisadi
dirçəliş, elmi-texniki tərəqqi daha çox
rasional düşüncə, intellektual potensialla şərtlənirsə,
insanın sosial və mənəvi yüksəlişi daha
çox siyasi mədəniyyət və hüquqi təfəkkürlə
şərtlənir.
İnformasiyanın sürətlə
artması, biliklərin həcminin insanın aktiv hafizəsi ilə
müqayisədə hədsiz dərəcədə çox
olması, cəmiyyətdə hadisələrin tempinin həddindən
artıq böyüməsi, lakin insanın zaman
koordinatının buna adaptasiya oluna bilməməsi
qarşıya bir sıra problemlər qoyur. Bu problemlərin həlli insanın və cəmiyyətin
inkişafı arasındakı fərqlə
bağlıdır. Əsrlər boyu cəmiyyətin
inkişafı ilə ayrıca götürülmüş bir
insanın keçdiyi inkişaf arasında bir əlaqə və
uyğunluq olmuşdur. Lakin müasir
dövrdə cəmiyyət elə yüksək inkişaf
tempi götürmüşdür ki, insan onu haqlamaqda çətinlik
çəkir.
Ona görə də, müasir dövrdə
qarşıda duran ən böyük problem insanın
inkişaf tempini cəmiyyətin inkişaf tempinə
uyğunlaşdırmaqdır. Təhsil
elə qurulmalıdır ki, ilkin ümumi əsaslardan sonra dar
ixtisaslaşma getsin. Çünki müasir
informasiya bolluğu şəraitində insanın aktiv hafizəsi
ancaq dar ixtisas sahəsini əhatə edə bilər.
Beləliklə, təhsil bir tərəfdən
insanların ümumi rasional dilə malik olmasını, o biri
tərəfdən də insanların müxtəlifləşməsini,
fərqli peşə və sahələr üzrə
ixtisaslaşmasını təmin etməlidir. Həm də
bu proses elə həyata keçirilməlidir ki, müxtəlif
qruplara ayrılmış insanların əldə etdikləri
nailiyyətləri əlaqələndirmək və toplamaq
mümkün olsun.
Sovet dövründə Azərbaycanda elmin və təhsilin
inkişafında böyük xidmətləri olmuş Heydər
Əliyev müstəqillik şəraitində açılan
yeni imkanlardan istifadə etməklə əvvəl
qazanılmış nailiyyətləri daha da möhkəmləndirmək
və inkişaf etdirmək mövqeyindən
çıxış edirdi: “İndi bizim təhsil sistemimiz
müstəqil Azərbaycanın gələcək
inkişafını təmin etməlidir. Bu yolda
keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın
milli mənafelərinin inkişafına yönəldilsin.
Güman edirəm ki, bizim alimlər, müəllimlər
təhsil sahəsində ixtisaslaşmış institutlar bu
işlərin öhdəsindən gələcəklər”.
Müstəqil dövlət quruculuğu
şəraitində həmçinin müstəqil təhsil
siyasəti yeridilməsinə, sovet təhsil sisteminin stereotiplərindən
uzaqlaşaraq ölkəmizin yeni miqyası, daxil olduğu yeni
ictimai-iqtisadi münasibətlər, habelə milli və
regional xüsusiyyətlər əsasında vahid elm və təhsil
konsepsiyası hazırlanması zərurəti
qaçılmazdır. Yeni imkanlar şəraitində
Respublikamızın təhsil sistemində artıq müəyyən
dəyişikliklər edilmiş, müasir tipli kolleclər,
liseylər açılmış, ali məktəblərdə
bir sıra yeni ixtisaslar üzrə kadr
hazırlığına başlanmışdır. Ali təhsildə ikipilləli sistemə
keçilmiş, qabaqcıl universitetlərdə magistraturalar
açılmışdır. Bizcə, bu
istiqamətdə tədbirlərin davam etdirilməsinə və
bu işdə xarici ölkələrin təcrübəsindən
geniş istifadə olunmasına böyük ehtiyac vardır.
Heydər Əliyev dünya praktikasını və yerli
xüsusiyyətləri nəzərə almaq, bu sahədə
hər hansı bir islahatı hərtərəfli və
mütəşəkkil şəkildə həyata keçirmək
zərurətini qeyd edərək deyirdi: “Biz təhsil sahəsində
yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən
səmərəli istifadə etməyinizi sizdən tələb
edirik. Ancaq bu işlər gərək sistemli
olsun. Bu işləri görərkən,
qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini
mütləq nəzərə almalısınız. Müasir texnikanın, texnologiyanın, müasir bazar
iqtisadiyyatının bütün yollarını mənimsəmək,
respublikada tətbiq etmək üçün gələcək
nəsli hazırlamaq və keçmiş dövrə nisbətən
bir çox yeni ixtisaslar üzrə kadr hazırlamaq
lazımdır və bunların əsası orta təhsil illərində
qoyulmalıdır”.
Fərəhli haldır ki, Heydər
Əliyevin ideyalarının həyata keçirilməsi sahəsində
ən böyük işlər də məhz onun adını
daşıyan fondun geniş və hərtərəfli fəaliyyəti
ilə həyata keçirilir. Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə
ölkəmizdə yüzlərlə yeni məktəb
binası tikilib istifadəyə verilmiş, təhsilin
maddi-texniki bazasını yaxşılaşdırmaq
üçün misilsiz işlər
görülmüşdür.
Müstəqilliyimiz möhkəmləndikcə
təhsil sahəsində də daha inamlı addımlar
üçün şans yaranır. Heydər Əliyev Azərbaycan
müəllimlərinin qurultayında dövlətin təhsil
sahəsinə münasibətini belə ifadə etmişdi:
“Biz müstəqil dövlət olaraq özümüzün təhsil
sistemimizi istədiyimiz kimi qururuq. Bütün
dünya ölkələrinin mütərəqqi təcrübələrindən
istifadə edirik. Hesab edirəm ki, indiyə qədər
yaranmış təməlin, əsasın üzərində
Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək...”
Heydər Əliyev qazanılmış hər
hansı bir nailiyyətlə kifayətlənmirdi.
Xüsusən elm və təhsil sahəsində görüləcək
işlərin çoxunun hələ qabaqda olduğunu da
tez-tez vurğulayırdı: “Bu gün biz müstəqil Azərbaycanda
bütün təhsilin - orta, texniki peşə, orta ixtisas məktəblərinin
və ali məktəblərin işinin
yaxşılaşdırılması sahəsində ciddi tədbirlər
görməliyik. Mən hesab edirəm ki, bunlar həm
qəbul olunacaq təhsil qanununda, həm də təhsil
islahatı ilə əlaqədar qəbul ediləcək qanunda
və qərarlarda öz əksini tapacaqdır.”
İstər hər hansı bir ixtisas sahəsində,
istərsə də ictimai həyatda fəallıq müvafiq
elmi biliklərə əsaslanmalıdır. Heydər
Əliyev deyirdi: “Gənclərimizi elmə, mədəniyyətə
daha da çox cəlb etmək lazımdır. Gənclərimizdə
elmi-tədqiqat işlərinə həvəs oyatmaq
lazımdır. Azərbaycan elminin gələcəyi
müasir gəncliyin elmi tədqiqat işinə necə cəlb
olunmasından, onlar üçün müvafiq elmi mühit
yaradılmasından asılıdır”.
Yaxın keçmişdə kommunist ideologiyası cəmiyyətşünaslıq
sahəsindəki tədqiqatları məhdudulaşdırdığından,
cəmiyyətin obyektiv tədqiqinə yol verilmədiyindən
bütün intellektual potensial əsasən təbiət elmləri və riyaziyyata yönəldilirdi. Ona görə də cəmiyyətin, iqtisadiyyatın,
təsərrüfatın elmi əsaslarla idarə olunması,
menecmentin, tətbiqi sosiologiyanın bir elm kimi təşəkkül
tapması ancaq kapitalist ölkələrinə xas bir hadisə
idi. İndi ictimai elmlərin həqiqi bir
elm kimi inkişafı üçün meydan
açılmışdır. Həm də milli dövlət
quruculuğu bu
sahədəki tədqiqatların aktuallığını
daha da artırır və intellektin daha çox bu sahəyə
yönəldilməsini tələb edir. Təsadüfi deyil
ki, Heydər Əliyev məhz humanitar elmlərə xüsusi
diqqət verir və onların real ictimai həyatdakı rolunu
yüksək qiymətləndirirdi: “Məlumdur ki, geniş
kütlə, xalq, millət üçün ən çox təsirlisi
humanitar elmlərdir”.
Özünün məhz quruculuq, yaradıcılıq ənənələri
ilə Azərbaycan xalqının qəlbində dərin iz
buraxmış Heydər Əliyevin hakimiyyətə
qayıdışı Azərbaycanın sosializm dövründən
qalmış iqtisadi və mədəni-mənəvi sərvətlərin
dağıdılması proseslərinə son qoydu və yeni
quruculuq işləri varislik prinsipi əsasında, əvvəlki
mərhələlərdə xalqımızın əldə
etdiyi nailiyyətlərin davamı kimi həyata keçirilməyə
başlandı.
Müəyyən bir xalq və ya ölkə
üçün elm ayrı-ayrı adamların mənəvi tələbatı,
intellektual əyləncəsi olmayıb, sənayenin, təsərrüfatın,
ümumiyyətlə, istənilən ictimai fəaliyyət sahəsinin
inkişafına xidmət edən ideya-nəzəri təminat
mənbəyidir. Elmi-tədqiqat sahələri
ilə müxtəlif ictimai fəaliyyət sahələri
arasında isə bir körpü olaraq müvafiq texnika və
texnologiya sahəsi dayanır. Bu olduqca
böyük, bütün ölkə miqyasında həyata
keçən mürəkkəb ictimai prosesdir. Heydər
Əliyev deyirdi: “İndi dünya mədəniyyət
dünyasıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi
dünyasıdır”.
Müasir dövrdə Azərbaycanda elmi
potensialdan səmərəli istifadə etmək və onu
ictimai tərəqqinin mühüm hərəkətverici
qüvvələrindən birinə çevirmək
üçün qarşıda duran vəzifələrdən
biri elmin təşkilati strukturunu yeni tələblərə
uyğun surətdə optimallaşdırmaqdan ibarətdir. Əlbəttə, biz bütün dünya alimlərinin
birgə səyi ilə yaradılan və inkişaf etdirilən
və bütün sahələri əhatə edən
böyük elmdən danışmırıq. Hər bir ölkə elmin inkişafı və
istifadəsi prosesinə öz xüsusiyyətlərinə və
imkanlarına uyğun olaraq qoşulur.
Bu gün akademiyanın daha mobil, daha
çevik və daha məqsədyönlü bir quruma
çevrilməsi tələb olunur. Əgər biz elmi
potensialımızın bazasında həqiqətən
rentabelli, işlək bir elm modeli qura bilsək, dövlət də
bu sahəyə ayrılan pulun hədər getməyəcəyinə
əmin olar, “fundamental elm - tətbiqi elm - texnoloji ideya -
mühəndis-konstruktor layihəsi - istehsal” zəncirində hər
bir halqanın yekun nəticə üçün zəruriyyəti
heç kimdə şübhə doğurmaz.
Hal-hazırda Azərbaycanda elmin inkişaf
strategiyası, elmin müasir tələblərə cavab verən
təşkilati strukturunun formalaşdırılması ilə
bağlı tədqiqatlara böyük ehtiyac vardır. Həm də bütün
bu tədqiqatların əsasında məhz Heydər Əliyev
ideyaları dayanmalıdır. Çünki onun uzaqgörən
siyasəti və qeyri-adi intuisiyası bizim bugünkü və
bütün gələcək uğurlarımızın da
yoluna işıq saçır!
Səlahəddin XƏLİLOV
AMEA-nın müxbir üzvü,
Azərbaycan
Universitetinin professoru
Xalq qəzeti.- 2014.- 12 dekabr.- S.1-2.