Heydər Əliyev
ideyaları milli
və ümumbəşəri
dəyərlərin vəhdətidir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm tarixi qayıdışı həyatın bütün sahələrində fundamental dəyişikliklərin əsasını qoydu. Azərbaycan cəmiyyətinin köklü surətdə dəyişməsi, bütünlükdə yeni bir cəmiyyətin formalaşması gerçəyə çevrilən dəyişikliklərin mühüm hissəsini təşkil edirdi. Cəmiyyətin yeniləşməsi Heydər Əliyevin həyata keçirdiyi iqtisadi, siyasi və sosial islahatların məntiqi nəticəsi kimi qavranılır və tarixi həqiqətə çevrilirdi. Heydər Əliyev islahatlarının vüsəti, əhatə dairəsi, ölkə həyatının ümumi mənzərəsinə təsir göstərmək imkanları yeni cəmiyyət yaradılması zərurətini qaçılmaz edirdi. Bu mənada Azərbaycanda Heydər Əliyevin qayıdışından sonra tamamilə yeni bir cəmiyyətin formalaşması onun islahatçılıq missiyasının ayrılmaz tərkib hissəsi olaraq nəzərdən keçirilir.
Bəlkə
də, belə demək daha düzgün yanaşma nümunəsi olar
ki, yeni cəmiyyətin
formalaşması reallığından kənarda Heydər
Əliyevin həyata keçirdiyi
islahatların həqiqi mahiyyətini və tarixi
dəyərini dəqiqliyi ilə qiymətləndirmək mümkün deyildir. Miqyası və möhtəşəmliyi
heyrət doğuran islahatların
başlıca hədəfləri içərisində cəmiyyətin
yeni mənzərəsinin
yaradılmasının mühüm əhəmiyyət
daşıdığı şübhə doğurmur.
Sonuncu, əslində, mahiyyət etibarilə
Heydər Əliyev islahatlarının sosial
mahiyyətini, məzmun və dəyərini bütün
çılpaqlığı ilə ortaq qoymaq imkanlarına sahibdir.
Cəmiyyətin
yeniləşməsi, dövlət və vətəndaş, toplum və fərd münasibətlərinin
anatomiyasının dəyişməsi, yeni
məna və mahiyyət kəsb
etməsi, obrazlı şəkildə desək, islahatların skeletinin ətə-qana dolması effektini verir, onları
tamamlayır və məntiqi sonluğuna qovuşdurur.
Başqa
cür ifadə edilsə, cəmiyyətin
yeni sosial mənzərəsinin
yaradılması, əslində, həyata keçirilən
islahatların bir növ
yekunu kimi başa düşülə bilər. İslahatlar o zaman başa
çatmış sayılır ki,
bütünlükdə cəmiyyət dəyişsin,
“dövlət-cəmiyyət-insan” triadası harmonik vəhdət təşkil etmiş olsun.
Qeyd olunmalıdır ki, cəmiyyətin
yeniləşməsi, fərqli parametrlər kəsb etməsi
ümumilikdə ölkədə həyata keçirilən
islahatların hədəfi və ya obyekti olmaqla
yekunlaşmır, öz növbəsində
inkişafın mühüm amili rolunda
çıxış edir. Haqqında söhbət
açdığımız “dövlət-cəmiyyət-insan”
triadasının ahəngi cəmiyyətin daxili
energetikasını təşkil edir, ona yeni impuls
verir və nəticə etibarı ilə
inkişafın əlavə hərəkətverici qüvvəsi
missiyasını yerinə yetirir. Arxaik cəmiyyətlərin bəşəriyyətin
inkişaf yolundan kənarda
qalmasının bir sıra həlledici səbəbləri
sırasında sözügedən amilin rolunun az
olmadığını vurğulamamaq mümkün deyil.
Heydər Əliyevin
yeni cəmiyyət quruculuğu sahəsində
islahatları özü - özlüyündə bir bitkin, tamamlanmış
konsepsiyadır. Bu konsepsiyada
həm yeni cəmiyyət quruculuğunun
tarixi əhəmiyyəti və rolu, həm əsas hədəfləri, həm
də istinad nöqtələri öz əksini tapmışdır. Geniş spektrdə baxmalı olsaq,
müasir Azərbaycan cəmiyyətinin modeli, onun əsas sosial ölçüləri Heydər Əliyev
tərəfindən həyata keçirilən islahatların konseptual əsaslarından birini
təşkil edir.
Fikrimizcə, Heydər
Əliyevə görə, yeni cəmiyyət
modeli özündə milli-mənəvi və
ümumbəşəri dəyərləri üzvi
surətdə birləşdirməli, Azərbaycan tarixinin və müasir həyatın
bütün palitrasını əks etdirməlidir.
Tarixi
köklərdən, milli dəyərlərdən
ayrılmış cəmiyyət modelinin
birləşdirici və hərəkətverici gücə malik olduğunu
düşünmək sadəlövhlük olardı. O cəmiyyət
modeli insanları birləşdirib
özünüdərkə sahib olan toplum halına gətirə
bilər ki, tarixi
köklərə və milli dəyərlərə
söykənmiş olsun. Digər tərəfdən
isə, ümumbəşəri dəyərlərdən və
müasirlikdən kənar düşmüş
cəmiyyət modelinin inkişafa
təkan verən amilə çevriləcəyini təsəvvür
etmək mümkün deyil.
Heydər Əliyev
dühası bu mühüm
cəhətləri böyük
ustalıqla dəyərləndirməyə bilməzdi. Heç də
təsadüfi deyil ki,
onun yeni cəmiyyət
modeli, bir yandan Azərbaycan xalqının tarixi keçmişinə, köklərinə,
milli-mənəvi dəyərlərinə istinad
edir, digər tərəfdən isə ən
mütərəqqi bəşəri dəyərləri,
davranış normalarını özündə ehtiva edir və nəticə
etibarı ilə “dövlət-cəmiyyət-insan”
triadasının daxili hormoniyası təmin
edilmiş olur. Azərbaycan
xalqının daxili vəhdəti, monolit birliyi və toplum olaraq,
özünüdərki bir çox amillərlə yanaşı eyni zamanda məhz buradan qaynaqlanır.
Heydər Əliyevin yeni cəmiyyət konsepsiyasında milli-mənəvi
dəyərlər, tarixi köklərə
bağlılıq, hər şeydən əvvəl, möhkəm
və etibarlı fundament kimi
nəzərdən keçirilirdi. Digər
tərəfdən, bu cəhətlər yeni cəmiyyət modelinin
milli koloritini şərtləndirir,
onu Azərbaycan “qəlibinə” salır və
işlək hala gətirirdi. Heydər
Əliyevə görə, milli ilə
ümumbəşərinin vəhdəti yeni
cəmiyyət modelinin ilkin
şərti, onurğa sütunu
idi. Milli seqment cəmiyyətin istənilən modelinin nüvəsini təşkil edir, onun ilkin
“tikinti materialı” funksiyasını yerinə
yetirir. Bəşəri dəyərlər
isə cəmiyyət modelinə dinamizm və
dayanaqlıq verir, onun
inteqrasiya imkanlarını təmin edir.
Heydər Əliyevin yeni cəmiyyət modeli
funksionallıq baxımından da diqqəti
cəlb edir. O, hər şeydən əvvəl,
yüksək dinamikliyi ilə seçilən
struktur kimi
qavranılır. Bu cəmiyyətin bütün seqmentləri və komponentləri
fəaliyyətdədir, daxili harmoniya yüksək energetikaya
çevrilir. Dövlət-cəmiyyət,
cəmiyyət-vətəndaş əlaqələri
çoxşaxəli istiqamətlərdə reallaşır və
sistemin səmərəli
çalışmasına rəvac verir. Cəmiyyət
mobil, toplum monolit tam kimi
fəaliyyət göstərir və səmərə təmin
edilir.
Heydər
Əliyevin yeni cəmiyyət modelinin əsas tərkib hissələrinə
gəldikdə isə, onun əsasən
aşağıdakı dəyərlərdən ibarət olduğu barədə
fikir yürüdülə bilər: demokratiya; sosial ədalət;
vətəndaş cəmiyyəti: vətəndaş təşəbbüskarlığı
azadlığı; söz və fikir
azadlığı; vicdan
azadlığı.
Heydər Əliyevin yeni cəmiyyət modelində mərkəzi yer demokratiya
anlayışına mənsubdur. Ulu
öndərin demokratiya
baxışlarının təkcə siyasi
sfera ilə məhdudlaşmadığı
onun çoxsaylı fikirlərində öz əksini tapmışdır. O,
demokratiyanı daha geniş
mənada nəzərdən keçirir, onu müasir cəmiyyətin
sistemyaradan amillərindən hesab edirdi. “Yolumuz demokratiya yoludur” deyən Heydər Əliyev demokratiyaya keçidi
yalnız siyasi islahatların məqsədi
saymırdı. Eyni zamanda,
müasir cəmiyyət quruculuğunun
əsas hədəfləri sırasında demokratiya
anlayışına xüsusi yer verirdi.
Demokratiya müasir cəmiyyətin
təşkilinin məhək daşı rolunu
oynadığını isbata yetirən
kifayət qədər dəlillər gətirilə bilər.
Dövlət-vətəndaş, cəmiyyət-vətəndaş
münasibətlərinin xarakteri demokratiya dəyərlərinin mənimsənilməsindən
birbaşa asılıdır. Həm də
demokratiya, sadəcə siyasi
münasibətlərin deyil, eləcə
də ictimai münasibətlərin tənzimlənməsində
əhəmiyyətli rol oynayan
norma qismində qavranılmaqdadır. Müasir cəmiyyətdə həyat tərzini,
cəmiyyətdaxili qarşılıqlı əlaqələri
demokratiya kimi fundamental bəşəri dəyərdən
ayrı təsəvvür etmək qeyri-mümkündür.
Müasir cəmiyyətin təşkilində
demokratiyanın üzərinə düşən əsas yük cəmiyyətdaxili və dövlət-cəmiyyət
münasibətlərinin azad,
açıq və şəffaf mahiyyətini təmin etməkdə
ifadə olunur. Demokratik
başlanğıcdan məhrum olan cəmiyyətin
azad, şəffaf və açıq
ölçülər kəsb etməsi mümkün
deyil.
Cəmiyyətin
demokratikləşməsinin kökündə siyasi
sistemin demokratik dəyərlər
üzərində köklənməsi dayanır. Siyasi islahatlar, demokratik təsisatların yaradılması demokratiya dəyərlərinin cəmiyyətin
həyat normasına çevrilməsinin ilkin
və həlledici mərhələsidir. Demokratiya
dəyərləri cəmiyyət səviyyəsinə
qavranılmazdan əvvəl, siyasi norma kimi qəbul edilir və həyata keçirilir.
Digər tərəfdən, demokratiyanın cəmiyyət səviyyəsində
qəbul edilməsi və həyat normasına çevrilməsi
onun sırf siyasi dəyər
kimi daha dərindən
kök atmasına birbaşa
kömək edir. Cəmiyyətin həyat
norması, davranış qaydası səviyyəsinə
yüksəlmiş demokratiya geriyədönməz
xarakter kəsb edir və
siyasi sistemin mahiyyətini
müəyyən və təyin edən amil
olur. Demokratiyanın gücü,
geriyədönməzliyi onun
bütünlükdə cəmiyyət səviyyəsində həlledici
dəyər kimi qavranılmasından və
qəbul edilməsindən asılıdır.
Yeni cəmiyyət quruculuğunda
demokratiyaya xüsusi
önəm verilməsi, eyni zamanda, cəmiyyət modelinin
müasir ölçülərinin təmin
edilməsi ilə də şərtlənməkdədir. Müasir cəmiyyət demokratiya
kimi mühüm tərkib
hissəsi formalaşmadan mövcud
ola bilməz. Demokratiya
komponentlərinə malik olan
cəmiyyət müasir dünyanın
ayrılmaz hissəsi hesab olunur
və onun inteqrasiya
proseslərinə qoşulması üçün
yaşıl işıq yandırılır. Bu mənada Heydər
Əliyevin müasir cəmiyyət modelində
demokratiyanın mühüm yer tutmasını gənc Azərbaycanın dünya inteqrasiya prosesinə
qoşulmasını sürətləndirmək kimi strateji məqsəd
daşıdığını da xüsusi vurğulamağa
ehtiyac duyulur.
Sosial ədalət prinsipi
Heydər Əliyevin yeni cəmiyyət modelinin digər fundamental
dayağı olaraq qəbul edilməkdədir.
Heydər Əliyevin çoxillik siyasi fəaliyyətində
və zəngin nəzəri irsində sosial
ədalət anlayışı daim həlledici
yer tutub. Onun sözügedən problemə həssas
münasibəti hələ Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edən
məşhur “Qoy ədalət zəfər
çalsın” çağrışında qabarıq şəkildə
əks olunurdu. Cəsarətlə demək
mümkündür ki,
sosial ədalət prinsipi
Heydər Əliyevin siyasi rəhbərliyinin
başlıca leytmotivi olmuş,
onun əsas qayəsini və məzmununu təşkil
etmişdir.
Heydər Əliyev sosial ədaləti cəmiyyətin təşkilinin
fundamenti, onun
harmoniyasının özəyi hesab edirdi. Dövlət-vətəndaş
münasibətlərinin sarsılmazlığına sosial ədalət prinsipi
qədər heç bir
digər sosial norma təsir
göstərə bilməz. Sosial ədalət
iqtisadi kateqoriya olduğu qədər də mənəvi
kateqoriyadır. Eyni dərəcədə
sosial, eyni dərəcədə
hüquqi aspektləri olan
çoxşaxəli anlayışdır, insanın, cəmiyyətin,
dövlətin həyatının bütün
tərəflərinə sirayət edir.
Ulu öndərin sosial ədalət
haqqında baxışları, hər şeydən əvvəl,
dövlətin vətəndaşa münasibəti kontekstində
nəzərdən keçirilə bilər. Dövlət siyasi təsisat olduğu qədər
də, bəlkə daha çox,
vətəndaşın qayğı və ehtiyaclarının
ödənilməsi yönümündə fəaliyyət
göstərən təsisat olmağı bacarmalıdır.
Deməli, cəmiyyət o zaman
sosial ədalət prinsipləri üzərində
qurulub fəaliyyət göstərə
bilər ki, dövlət təsisatları
sosial ədalət dəyərlərini mənimsəmiş
olsun.
Müdrik şəxsiyyət Heydər Əliyev sosial ədalətin pozulmasını cəmiyyətin
və dövlətin üzləşdiyi ən böyük
bəla sayırdı. “Dövlət o zaman zəifləyir ki, ədalət
pozulur” sözləri ulu
öndərin ədalət haqqında
baxışlarının geniş prizmaya malik olduğunu
sübuta yetirir. Sosial ədalət prinsipinin
qorunması cəmiyyətin harmoniyasının təmin edilməsi
baxımından əhəmiyyətli olduğu
qədər də, siyasi sistemin
dayanıqlılığının vacib
şərtidir.
Tarixi inkişafın müxtəlif dövrlərində
sosial münasibətlərin mahiyyətini
ifadə edən ədalət anlayışı müasir cəmiyyətin
strukturlaşmasında həlledici rol oynayaraq, xeyli dərəcədə
ciddi dəyişikliklərə məruz
qalmışdır. Uzun müddət bərabərlik anlayışı ilə
qarşılıqlı əlaqədə qavranılan ədalət
məfhumu indi cəmiyyətin
formalaşması prinsipi kimi
daha çox “sosial ədalət” formasında başa düşülür.
“Ədalət” anlayışının “sosial
ədalət” anlayışına transfer
etməsi onun məzmununu həm genişləndirmiş,
həm də daha aydın və dəqiq
ifadə etmək imkanı yaratmışdır. Hazırda “sosial ədalət” cəmiyyətin və siyasi sistemin əsasını
təşkil edən fundamental dəyərlərdən
hesab edilir. Müasir cəmiyyətin sözügedən dəyərdən
ayrı təsəvvür edilməsi
mümkün deyil.
Müasir cəmiyyətlərdə “sosial ədalət” fundamental
dəyər olmaqla yanaşı, eyni zamanda, təsisatlanmış
struktur formasında özünü
büruzə verir. Sosial
ədalətin strukturlaşması onu cəmiyyətin
həyat fəaliyyəti normasına çevirir
və konkret fəaliyyət forması kəsb
edir. Müasir anlamda sosial ədalət
insanların həyati tələbatlarının etibarlı
şəkildə ödənilməsinin səmərəli mexanizminin yaradılmasını nəzərdə
tutur. Beləliklə, siyasi
sistemin cəmiyyətlə ahəngdar təması
təmin edilmiş olur.
Sosial ədalət əhalinin etibarlı sosial
müdafiəsinin, ləyaqətli həyat şəraitinin
yaradılmasından tutmuş onların ən
müxtəlif fəaliyyət sahəsində
özünüifadəsi üçün
əlverişli şəraitin və zəruri sərbəstliyin
təmin edilməsi kimi geniş spektrə
malikdir. Müasir cəmiyyət üçün sosial ədalət
anlayışının məzmununun daim
genişlənməsi, daha şaxələnmiş
strukturlanması səciyyəvidir. Müşahidə olunan meyilin dövlətin
sosial funksiyasının getdikcə
artmasında özünü göstərdiyi
diqqətdən qaçırılmamalıdır. Dövlətin
daha çox sosial təsisata
çevrilməsi müasir ictimai inkişafın başlıca meyillərindən
biridir.
Heydər Əliyevin sosial ədalət prinsipinə xüsusi
önəm verməsi bu dahi
şəxsiyyətin müdrikliyinin və
uzaqgörənliyinin növbəti nümunəsi
sayılmağa layiqdir. Təsadüfi deyil ki, Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı İlham
Əliyevin dövlət idarəçiliyi konsepsiyası sosial ədalət prinsipinin
ön planda
saxlanılmasını nəzərdə tutur.
Azərbaycan dövlətinin sosial
rolunun durmadan
artması, əhalinin sosial müdafiəsinin
gücləndirilməsinə yönəlmiş layihələrin
miqyaslarının genişlənməsi və bu
qəbildən olan digər hadisələr
fikrimizi təsdiq edən tutarlı dəlillər
sayıla bilər. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin “sosial ədalət bizim üçün xüsusi önəm daşıyır” fikirləri
cəmiyyətimizin həyat fəaliyyətində sosial ədalət prinsipinin
nə dərəcədə vacib rol oynadığını sübuta
yetirir.
Ümummilli liderin yeni cəmiyyət modelini
formalaşdıran növbəti dəyərin vətəndaş
cəmiyyəti anlayışı ilə əlaqədar olduğunu onun
sözügedən problemə kifayət qədər həssas
yanaşmasından ayırd etmək mümkündür. Hər bir vətəndaşın
təşəbbüskarlıq azadlığı demokratik dəyərlərə söykənən
cəmiyyətin vacib şərtlərindəndir.
Eyni zamanda, vətəndaş
təşəbbüskarlığı azadlığı
demokratiyanın daha qətiyyətlə cəmiyyətə
sirayət etməsini təmin edən həlledici amil sayılır.
Heydər Əliyevin
formalaşdırdığı yeni cəmiyyətdə
insan, vətəndaş mərkəzi fiqur, başlıca anlayışdır. Cəmiyyətin həyatında vətəndaşın
yaxından iştirakı iqtisadi, sosial, mədəni və digər sahələrdə
davamlı inkişafın əsasını təşkil etdiyi kimi, siyasi
sabitliyin və demokratiyanın da möhkəmlənməsinin rəmzi
funksiyasını da yerinə yetirir. Cəmiyyətdə mövcud olan problemlər
insanların həyatında öz əksini tapır, ona
mənfi və ya müsbət təsirini
göstərir. Vətəndaş və onun
həyatı sanki ictimai
problemlərin əks olunduğu
linzadır. Fərdi problemlərin ictimai xarakteri və ya ictimai problemlərin fərdi həyatda əks
olunması məhz həmin linza vasitəsilə
baş verir. Digər tərəfdən, mövcud
problemlərin həm mahiyyətinin dərk olunması, həm
də onların səmərəli həlli yollarının
axtarılıb tapılması vətəndaşların iştirak marağından və fəallığından
bilavasitə asılıdır. Bir
sıra vacib sosial
problemlərin həlinin həmin problemlərin
yaşandığı səviyyəyə endirilməsinin daha təsirli effekt verdiyi müasir cəmiyyətlərin
təcrübəsindən aydın görünür.
Bu mənada vətəndaş təşəbbüskarlığı
azadlığı müasir cəmiyyət
anlayışının mühüm
elementlərindən biri kimi
çıxış edir.
Azərbaycanda
inkişaf etmiş vətəndaş
cəmiyyəti təsisatlarının yaradılması, vətəndaş
təşəbbüskarlığının sosial
xarakterli problemlərin həllində mühüm rol oynaması
Heydər Əliyev ideyalarının ardıcıl olaraq həyata keçirilməsinin bariz ifadəsidir. Yüzlərlə qeyri-hökumət təşkilatının
fəaliyyət göstərməsi, siyasi,
hüquqi və maliyyə baxımından
dövlət tərəfindən onlara dəstək
verilməsi bu sahənin inkişafına
diqqətin miqyasından xəbər verir.
Açıq cəmiyyət əlamətlərinin
gündən - günə möhkəmlənməsi, vətəndaş
təşəbbüskarlığının geniş
vüsət alması və siyasi sistem elementləri ilə səmərəli
qarşılıqlı fəaliyyət göstərməsi Azərbaycanın
yeni cəmiyyət modelinin
fərqləndirici xüsusiyyətidir.
Açıq cəmiyyət,
insan hüquq və
azadlıqları sistemi də söz və fikir azadlığı ilə bilavasitə təmasda
fəaliyyət göstərir. Heydər Əliyev söz və fikir
azadlığına fundamental insan hüquqları kontekstində
yanaşır, müasir cəmiyyətin həm
təşkilində, həm də həyati fəaliyyətində
həlledici rol oynadığını
ayrıca vurğulayırdı.
Ölkəmizdə müasir söz və fikir azadlığı sisteminin
formalaşması haqlı olaraq Heydər
Əliyevin xidməti sayılır. Onun bilavasitə təşəbbüsü
ilə söz və fikir
azadlığı həm hüquq müstəvisində,
həm də real təsisatlar nöqteyi-nəzərindən
həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildi, onun ifadə
olunması üçün əlverişli
mühit və imkanlar
təmin edildi. Senzuranın ləğvi,
azad mətbuatın yaradılması
yönümündə dövlət dəstəyinin həyata
keçirilməsi və sair bu qəbildən olan tədbirlər
cəmiyyətin yeni simasının
yaradılmasında mühüm rol oynadı.
Heydər Əliyevin
fikrincə, yeni cəmiyyət hər
şeydən əvvəl, azad cəmiyyət
olmalıdır. Cəmiyyətin azadlıq ölçülərinin
müəyyən edilməsində söz
və fikir azadlığının rolu böyükdür. Azad cəmiyyətdə insan
fikir və düşüncələrini
ifadə etməkdə məhdudiyyətlərlə üzləşə
bilməz. Öz növbəsində, söz və fikir
azadlığı müvafiq təsisatlanmanı
nəzərdə tutur. Fikir
azadlığı fikrin ifadə
azadlığı deməkdir və Heydər Əliyevin yeni cəmiyyət modelində fundamental
insan azadlıqlarından olan
söz və fikir
azadlığı məhz bu kontekstdə
nəzərdən keçirilir.
Ölkəmizin yeni cəmiyyət modelinin
fərqləndirici xüsusiyyətləri içərisində
vicdan azadlığı ayrıca yer tutur.
Vicdan azadlığı gənc Azərbaycan dövlətinin
demokratik mahiyyətini qabarıq şəkildə
əks etdirir. Çoxmillətli və
çoxkonfessiyalı tərkibə malik olan ölkəmiz üçün
vicdan və etiqad
azadlığı cəmiyyətin daxili birliyinin və harmoniyasının təmin
edilməsində lazımi təsir gücünə malik amillərdən sayılır. Heydər Əliyevin yeni
cəmiyyət modelində bu dəyərə
xüsusi önəm verməsinin səbəbləri
içərisində Azərbaycanın çoxkonfessiyalılığı
da az rol
oynamamışdır. Bu gün
Azərbaycan bütün dünyada
tolerantlığın xüsusi dəyər
səviyyəsinə yüksəlmiş ölkələrdən
sayılır. Daha dəqiq ifadə etsək,
Azərbaycan cəmiyyəti tolerantlıq nümunəsi kimi qəbul edilməkdədir. Dinlərin,
mədəniyyətlərin, müxtəlif inancların
daşıyıcısı olan
insanların sülh,
qarşılıqlı anlaşma və
hörmət şəraitində yaşaması təkcə cəmiyyətdaxili
deyil, daha qlobal miqyasda təsirli amil kimi özünü
təqdim etməkdədir. Narahat dünyanın qlobal
çağırışları fonunda
Azərbaycan cəmiyyətinin tolerantlıq modeli
bəşəriyyəti ağır fəlakətlərdən
xilas etmək resepti olaraq nəzərdən keçirilməyə
layiqdir. Ölkəmizdə mütəmadi
olaraq dinlərarası dialoq,
multikulturalizm, dini və
milli dözümlülük
mövzularında beynəlxalq forumların keçirilməsi
bu sahədə Azərbaycanın nümunəsinə
və təcrübəsinə dünyanın artan
diqqətinin bilavasitə təzahürüdür.
Beləliklə, Heydər
Əliyevin yorulmaz səyləri sayəsində
Azərbaycanda cəmiyyətin yeni modelinin əsası qoyulmuşdur.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında
cəmiyyətin yeni modeli
daha da kamilləşir,
müasir dünyanın başlıca dəyərlərini
dərindən mənimsəyir və ölkəmizin dünya birliyinə inteqrasiyasına öz müsbət təsirini göstərir.
Əli ƏHMƏDOV,
Azərbaycan Respublikası Baş nazirinin müavini,
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi
Xalq qəzeti.- 2014.- 12 dekabr.- S.3.