Heydər Əliyev irsi
demokratik
inkişafın təməl
daşıdır
Böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri olan Heydər Əliyev tarix üçün çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu irsi araşdırdıqca bir daha əmin olursan ki, ötən əsrin 70-ci illərindən bəri respublikamızın hərtərəfli inkişafı prosesinə güclü təkan verərək onu daim yüksəliş yoluna çıxaran bu nəhəng şəxsiyyət həm də müasir Azərbaycan dövlətinin möhkəmlənməsində müstəsna rola malikdir.
Yaxın
keçmişimizə və dövlətçilik ənənələrimizə
nəzər yetirdikdə Azərbaycan xalqının XX əsr
tarixinin ən parlaq səhifələrinin məhz ümummilli
lider Heydər Əliyev fenomeni ilə bağlı olduğunu,
bu zaman kəsiyində ölkəmizin keçdiyi böyük
inkişaf yolunun ulu
öndərin misilsiz xidmətlərinin nəticələri
kimi çıxış etdiyini bir daha aydın müşahidə
etmək olar.
Heydər
Əliyev ölkəmizin milli maraqlarına və dövlət
quruculuğu xəttinə əsaslanmış milli dövlətçilik
konsepsiyasını irəli sürərkən tarixi ənənələrin
və müasir inkişaf meyillərinin optimal vəhdətinə
nail olmuş, respublikamızın dinamik inkişaf
strategiyasının özülünü qoymuşdur. Ona
görə bu gün biz əminliklə söyləyə
bilirik ki, müstəqil Azərbaycanda modern,demokratik cəmiyyətin
formalaşması məhz onun ideyalarının təcəssümüdür."Biz
Azərbaycanda demokratik, müstəqil respublika quraraq,
sivilizasiyalı cəmiyyət uğrunda mübarizə
apararaq, ümumi, dünyəvi, bəşəri dəyərlərin
hamısından istifadə etməliyik. Biz
çalışmalıyıq ki, Azərbaycan müstəqilliyini
qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini,
milli ənənələrini nümayiş etdirə bilsin...Azərbaycan
xalqının həm tarixi, həm müasir potensialı
olduqca böyükdür. Bunların
hamısından səmərəli istifadə olunarsa, Azərbaycan
həm tam müstəqil, demokratik dövlət olacaq, həm də
cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri
dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət
olacaq" söyləməklə müstəqil dövlətimizin
gələcək inkişaf perspektivini açıqlayan
Heydər Əliyev ən dəyərli milli sərvət hesab
olunan dövlət müstəqilliyinin əbədi, dönməz,
sarsılmaz olduğuna böyük inamını ifadə
etmişdir.
Tarixin
ibrət dərsləri və əldə olunmuş nailiyyətlər
göstərdi ki, müstəqilliyini yenicə əldə
etmiş ölkə olaraq Azərbaycanda siyasi sabitliyin, dinamik
sosial-iqtisadi inkişafın təmin olunmasının yeganə
düzgün yolu məhz demokratiyanın həm elmi-nəzəri,
həm də praktiki cəhətdən düzgün dərk olunmasından
keçir. Digər tərəfdən, ötən
əsrin 90-cı illərində hakimiyyətin təmərküzləşməsi
ilə güclü və çevik idarəetmənin səmərəli
tətbiqi nəticəsində xaosdan qurtularaq rəvan təkamül
yoluna çıxış da strateji məqsədlərə
çatmaq üçün mütərəqqi ictimai baza
və möhkəm siyasi təməl rolunu
oynamışdır. Məhz bunun nəticəsidir ki, artıq
bu gün Azərbaycan cəmiyyətinin düşüncəsinə
demokratiya anlayışı hərc-mərclik və anarxiya
deyil, məhz məsuliyyət hissi ilə əhatə
olunmuş azadlıq məfhumu kimi daxil ola bilib.
Göründüyü
kimi, Azərbaycan demokratiya prinsiplərinin təşəkkül
tapdığı indiki səviyyəyə heç də birdən-birə
gəlib çatmayıb. Müstəqilliyin ilk
illərində dərin siyasi və sosial-iqtisadi böhran
keçirən ölkəmiz tarixin inkişaf tendensiyası
fonunda tədricən demokratik inkişaf yoluna qədəm
qoyub. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
ölkə rəhbərliyinə qayıdışından
sonra müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi milli və bəşəri dəyərlərə
söykənən hüquqi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində real addımlar
atıldı,ölkənin gələcək demokratik
inkişaf yolu müəyyənləşdi, insan hüquq və
azadlıqlarının bərqərar olması
üçün münbit ictimai-siyasi şərait
yaradıldı, sahəvi qanunlar işlənib
hazırlandı, qanunçuluq möhkəmləndirildi,
hüquqi islahatlar həyata keçirildi. Ulu
öndərin formalaşdırdığı azərbaycançılıq
fəlsəfəsi milli dövlətçiliyimizin ideya əsasını
təşkil edərək, dünya azərbaycanlılarının
həmrəyliyi üçün zəmin yaratdı. Son
yüz ildə çox ciddi məsələ kimi
özünü qabarıq göstərən milli
dövlətçilik problemi Heydər Əliyevin gərgin və
ardıcıl fəaliyyəti nəticəsində elmdən,
nəzəriyyədən, fəlsəfədən əməli
siyasət və praktiki həyat müstəvisinə
keçirildi.
Məntiqlidir
ki, vətəndaşların rifahının, hüquq və
azadlıqlarının təmin edilməsi oturuşmuş
siyasi sistemin mövcud olduğu, cəmiyyətin tələblərinə
cavab verən ictimai-siyasi institutların tam
formalaşdığı güclü dövlətdə
mümkün ola bilər.
Bunu nəzərə alan ulu öndər dövlət
quruculuğunun əsasını təşkil edən
ictimai-siyasi təsisatlanmaya da böyük diqqət
ayırmışdır. Bu baxımdan, 1995-ci ildə
ümumxalq səsverməsi ilə müstəqil Azərbaycan
Respublikasının ilk
Konstitusiyasının qəbulunun ən önəmli cəhətlərindən
biri Azərbaycanda demokratik dövlət və vətəndaş
cəmiyyətinin qurulmasının əsas istiqamətlərinin
müəyyən edilməsidir. Dövlətin
idarə olunmasında hakimiyyət bölgüsünün
Avropa təcrübəsinə uyğun həyata keçirilməsini
özündə ehtiva edən Əsas Qanun hüquqi, demokratik
dövlət quruculuğu işində mükəmməl bir sənəd
rolunu oynayaraq, demokratik cəmiyyətin başlıca prinsip
və meyarlarını müəyyən etmişdir. Bu, eyni
zamanda, vətəndaş cəmiyyətinin və hüquqi
dövlətin bərqərar olunmasında mühüm
konseptual mənbə rolunu oynamışdır. Bununla
bərabər, həmin il çoxpartiyalılıq əsasında
seçilən ilk parlament mütərəqqi qanunların qəbul
edilməsi ilə bağlı səmərəli fəaliyyəti
ilə ölkədə həyata keçirilən demokratik
islahatların hüquqi bazasını formalaşdırdı.
Beləliklə, Konstitusiyanın qəbulu və demokratik
əsasda formalaşan parlamentin mövcudluğu Azərbaycanda
vətəndaşların siyasi azadlıqlarının təmin
olunmasına imkan verdi.
Bütün fəaliyyəti
boyunca humanizm prinsiplərini rəhbər tutan Heydər
Əliyev ilk növbədə demokratik və sivil cəmiyyətin
qurulmasının fundamental əsaslarından olan qanunun
aliliyinin təmin edilməsinə daim xüsusi diqqət
yetirmişdir. Bu baxımdan o, islahatların həyata
keçirilməsi istiqamətində konkret addımlar
atmış, imzaladığı hüquqi sənədlərlə
vətəndaş cəmiyyətinin formalaşmasında
mühüm nailiyyətlərin əldə olunmasını təmin
etmişdir. Nəticədə hüquqi dövlətin
ən mühüm prinsipi olan hüququn aliliyi və onun ilk
növbədə təzahür tapdığı qanunun aliliyi
baxımından dövlət-vətəndaş münasibətlərini
sivil məcraya yönəltmək mümkün olmuşdur.
Hüquqi dövlətdən
danışarkən insan hüquqlarının müdafiəsi
və ədalət prinsipinə riayət olunması baxımından hakimiyyətin
qollarından biri kimi müstəqil məhkəmə sisteminin
formalaşmasının vacibliyi önə çıxır.
Müstəqilliyimizin
əvvəlində bu sahədə mövcud olan pərakəndəlik
və hüquqi boşluqlar Heydər Əliyevin qətiyyətli addımları sayəsində
aradan qaldırılmış, məhkəmə sistemində
həyata keçirilmiş islahatlar onun fəaliyyətinin beynəlxalq
standartlara uyğun təşkil olunması üçün
münbit şərait yaratmışdır.
Məhkəmə sisteminin təkmilləşdirilməsi
və inkişaf etdirilməsi, bu məqsədə nail olmaq və
müvafiq hüquqi mexanizmlər yaratmaq üçün
dövlətin siyasi-hüquqi və iqtisadi potensialından səmərəli
istifadə edilməsi sahəsində ölkə rəhbərliyi
tərəfindən bu gün də səmərəli
işlər görülməkdədir.
Müstəqillik dövründə
insan hüquqları və azadlıqlarının təmini məqsədilə
həyata keçirilən islahatların ən
mühümü məhz yaşamaq hüququnun təmin edilməsi
olmuşdur. Belə ki, 1993-cü ildə
ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış
və 1998-ci ildə Şərqdə ilk dəfə olaraq
ölkəmizdə ölüm cəzası ləğv
edilmişdir.Azərbaycan Respublikası “İnsan
hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında” Avropa Konvensiyasına
qoşulmuş, seçki sistemi təkmilləşdirilmiş,
mətbuat və söz azadlığının daha
etibarlı müdafiəsi təmin olunmuşdur.Bu sıraya
1998-ci ildə “İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında sərəncamın ruhuna uyğun olaraq və məhz
bu cür ali və humanist mövqeyin qanunauyğun və
məntiqi davamı, kimi ölkə rəhbərinin 2007-ci il
tarixli sərəncamı ilə 18 iyunu Azərbaycanda İnsan
Hüquqları Günü elan edilməsini aid etmək olar. Bundan əlavə,
hesab edirəm ki, 2011-ci ildə insan hüquqları sahəsində
Milli Fəaliyyət Planının təsdiqlənməsi və
2002-ci və 2009-cu illərdə keçirilmiş ümumxalq
səsverməsi - referendumlar insan və vətəndaş
hüquq və azadlıqları istiqamətində qanunvericilik
bazasının zənginləşdirilməsinə yönəlik
siyasi ardıcıllığın dəyərli nümunələrindəndir.
Qanunun aliliyinin təmin
olunması hüquqi və demokratik prinsiplərlə idarə
olunan cəmiyyətin təşəkkül tapması, o
cümlədən sosial-siyasi institutların normal fəaliyyəti
və vətəndaş cəmiyyətinin inkişafı
üçün də zəruri şərtdir. Ombudsman
təsisatının yaradılması insan
hüquqlarının müdafiəsi sahəsindəAzərbaycanda
aparılan ardıcıl demokratik və hüquqi dəyişikliklərin
vacibliyinin dəyərləndirilməsidir.Statistika göstərir
ki, vətəndaş cəmiyyətinin ən vacib komponentlərindən
olan və insan həyatının müxtəlif problemlərini
araşdıran qeyri-hökumət təşkilatlarının
sayı ilbəil artır. Bu gün respublikamızda belə QHT-lərin
sayı 5 mini ötüb.
Ümummilli
lider Heydər Əliyevin siyasi irsində demokratik dövlət
quruculuğu məsələlərindən bəhs edərkən,
şübhəsiz, siyasi sistemin inkişafına mühüm
töhfələr verən proseslərə də ayrıca
diqqət yetirmək lazımdır. Onun həyata keçirdiyi səmərəli
daxili siyasətin əhəmiyyətli nəticələrindən
biri də siyasi plüralizmin təmin olunmasıdır. Bu,
özünü müxtəlif siyasi institutların, o cümlədən
siyasi partiyaların fəaliyyəti üçün əlverişli
şəraitin yaradılmasında daha çox büruzə
verir. Bu gün Azərbaycanda siyasi plüralizm ən yüksək
səviyyədə təmin edilib. Respublikada 55 siyasi partiya fəaliyyət
göstərir, hazırda 10 partiya ölkə parlamentində təmsil
olunur. Siyasi partiyaların dövlət büdcəsindən
maliyyələşməsi və bu məqsədlə
ayrılan vəsaitin ilbəil artması onu göstərir ki,
ölkə rəhbərliyi bu qurumların daha səmərəli
fəaliyyəti üçün şəraitin
yaradılmasında maraqlıdır.
Lakin,
eyni zamanda, burada mühüm bir haşiyə
çıxılmasına zərurət duyulur.Unutmaq olmaz ki,
Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan
Partiyasının ideya əsasları və milli maraqlara
söykənən fəaliyyəti demokratik dövlət
quruculuğuna töhfələr verən ən mühüm
amillərdəndir. Ötən əsrin 80-ci illərinin sonu,
90-cı illərinin əvvəllərində ölkəmizdə
meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili
məntiqindən, zamanın təxirəsalınmaz tələbindən,
həmçinin Azərbaycan xalqının arzu və istəklərinin
ifadəçisi kimi yaranmış bu partiya həmişə
siyasi mübarizənin önündə gedərək
demokratiya prinsiplərinə və sivil qaydalara sədaqət
nümunəsi sərgiləmişdir. Elə ilk
dövrdən YAP-ın əsas məramı Azərbaycanın
dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən,
ərazi bütövlüyünün təmin edilməsindən,
demokratik, hüquqi, dünyəvi dövlət qurulmasından,
əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik,
güclü və sosialyönümlü iqtisadiyyat
yaratmaqdan ibarət olub və o, fəaliyyətdə olduğu
20 ildən artıq bir zaman kəsiyində öz proqram məqsədlərinə
uyğun şəkildə fəaliyyət göstərib. Azərbaycan
bu gün məhz həmin prinsiplərə uyğun inkişaf
edir. Yeni Azərbaycan Partiyası ölkədə
ictimai-siyasi mühitin sağlamlaşmasının və əhalinin
sosial rifah səviyyəsinin yüksəlişinin ideoloji əsasına
çevrilərək, bu tarixi vəzifənin öhdəsindən
layiqincə gəlmiş və əsl ümumxalq partiyası
olduğunu sübut etmişdir.
Azərbaycanda
siyasi plüralizmin təmin olunması və demokratik dəyərlərin
təşəkkül tapması məqsədilə
“dördüncü hakimiyyət” hesab olunan kütləvi
informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin
olunması dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Bu ənənənin
də əsasını məhz mətbuatın fəaliyyətinə
daim həssaslıqla yanaşan, hətta siyasi
yönümündən və mövqeyindən asılı
olmayaraq, hər kəsə diqqət ayırmağı bacaran
ümummilli lider Heydər Əliyev qoyub. Məhz
onun səyi nəticəsində ötən əsrin
sonlarında senzura ləğv olunub, söz və məlumat
azadlığını məhdudlaşdıran suni maneələr
aradan qaldırılıb, KİV haqqında Qanun qəbul
olunub, müvafiq qanunvericilik beynəlxalq standartlara
uyğunlaşdırılıb. Bu siyasətin
məntiqi davamı kimi yaradılmış Mətbuat
Şurası artıq 10 ildən çoxdur ki, medianın
dövlət və cəmiyyətlə
qarşılıqlı münasibətlərinin müasir beynəlxalq
səviyyəyə uyğun nizamlanmasında əhəmiyyətli
fəaliyyət göstərməkdədir.
Cənab
İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondunun yaradılması da məhz bu istiqamətdə həyata
keçirilən ardıcıl islahatların maddi təminatı
olmaqla yanaşı, müstəqil medianın, azad mətbuatın inkişafı
üçün vacib stimul rolunu oynayır. “...Azərbaycan
hökuməti redaksiyaların maddi-texniki bazasının
möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin
təmin edilməsi və digər istiqamətlər üzrə
ardıcıl tədbirlər həyata keçirir. KİV-ə dövlət dəstəyinin əsas məqsədi
müstəqil, peşəkar, rəqabətədavamlı,
eyni zamanda milli şüur və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl edən media
resurslarının formalaşmasıdır...” Ölkə
başçısının ötən il Azərbaycan
jurnalistlərinin VI qurultayına ünvanladığı
təbrik məktubunda yer almış bu fikir azad mətbuatın
inkişafına yönəlik diqqətin ifadəsidir. Məhz
müstəqil medianın inkişafı üçün
yaradılmış münbit şərait sayəsində bu
gün Azərbaycanda 4600-dən artıq kütləvi
informasiya vasitəsi ictimai tribunaya çıxış
imkanı əldə edib.
Azərbaycanda
tolerantlıq amili, hətta din dövlətdən ayrı olsa
belə, müştərək şəkildə inkişaf edərək,
digər ölkələrdən müsbət fərqliliyi ilə
seçilir. Belə ki, çoxmillətli Azərbaycan
xalqı dinindən və inancından asılı olmayaraq, bir
faktor kontekstində – dövlətçilik maraqlarının
qorunması ətrafında birləşmişdir. Əlbəttə
ki, bu ənənənin yaşadılması və inkişaf
etdirilməsi arxasında da mühüm siyasi dəyərləndirmələr
və xüsusiyyətlər mövcuddur. Bu baxımdan
ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasi kurs da həmin amillərin qorunub saxlanmasında müstəsna
rol oynamışdır. Məhz 1993-cü ildən başlayaraq dini abidələrə,
məscidlərə, kilsə və məbədlərə
böyük həssaslıqla qayğı göstərilməyə
başlandı, ölkədə dini, milli, etnik münasibətlərin
siyasi və psixoloji amillər baxımından tənzimlənməsi
prioritet vəzifə kimi qarşıya qoyuldu,
çoxmillətli Azərbaycan xalqının milli təhlükəsizlik
maraqları kontekstində bu sahəyə diqqətlə
yanaşılmağa başlandı.Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin yaradılması ilə
dövlət-din münasibətlərinin hüquqi bazası
formalaşdı, dini təşkilatların fəaliyyəti
üçün geniş imkanlar yaradıldı.
Həmin bu siyasət
bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Azərbaycan
Prezidenti xalqın, o cümlədən etnik qrupların
özünəməxsusluğunu şərtləndirən
milli və dini dəyərlərin qorunmasına xüsusi diqqət
yetirir. Ölkə başçısının müqəddəs
dini sitayiş və inanc yerlərinin təmiri və bərpası
ilə bağlı xüsusi sərəncamları,
din xadimləri ilə mütəmadi görüşləri,
müxtəlif dini bayram və mərasimlərdə şəxsən
iştirak etməsi, habelə milli icmaların fəaliyyəti
üçün əlverişli şəraitin
yaradılması, etnik dillərə mətbuatda və
televiziyada geniş yer ayrılması və bu istiqamətdə
mütərəqqi təşəbbüslərə
dövlət səviyyəsində dəstək verilməsi cəmiyyətdə
etnik-dini dözümlülüyün təbliğində və
təşviqində mühüm stimul rolunu oynayır. Bu
gün Azərbaycanda dini icmalar ənənəvi şəkildə qarşılıqlı etimad və
əmin-amanlıq şəraitində fəaliyyət göstərir,
öz inanclarını və etiqadlarını azad və sərbəst
şəkildə icra edirlər. Son illərdə ölkədə
çoxsaylı dini icmanın dövlət qeydiyyatından
keçməsi də tolerantlığın bariz təcəssümü
kimi qiymətləndirilməlidir.
İrqçiliyə
və ksenofobiyaya yer olmadığı, müsəlmanların,
xristianların və katoliklərin dinc və əmin-amanlıq
şəraitində birgə yaşadığı, məscid,
kilsə və sinaqoqların fəaliyyəti üçün
bərabər şəraitin yaradıldığı,
çoxsaylı millətlərin hüquq və
azadlıqlarının fərq qoyulmadan təmin olunduğu,
xarici vətəndaşların rahat və maneəsiz şəkildə
özəl bizneslə məşğul olmalarının adi
normaya çevrildiyi unikal bir məkan kimi Azərbaycan bu
gün həqiqətən də istər dini, istərsə də
milli zəmində bütün dünya üçün
açıq bir dövlətdir. Təsadüfi
deyil ki, hətta BMT, Avropa Şurası, ATƏT və bir
sıra digər beynəlxalq təşkilatların
hesabatlarında və rəylərində ölkəmizdə
tolerantlığın böyük tarixi ənənələri
olduğu və Azərbaycanın bu baxımdan model kimi
nümunə sayıla biləcəyi ciddi etiraf olunur.
Heydər
Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanda
qadın hərəkatına, onun ailədəki, cəmiyyətdəki
və siyasətdəki roluna, gender bərabərliyi məsələlərinə
də böyük önəm verib. Ötən əsrin 80-ci
illərinin sonu - 90-cı illərinin əvvəllərində hökm
sürən siyasi qarışıqlıq, hərc-mərclik,
qeyri-müəyyənlik şəraitində yalnız ailəsinə
qapanmış Azərbaycan qadını Heydər Əliyevin
hakimiyyətə tarixi dönüşündən sonra dar
çərçivədən çıxaraq qaynar
ictimai-siyasi proseslərin aparıcı qüvvələri
sırasına qoşuldu, öz potensialını
dövlət və dövlətçilik naminə tətbiq
etmək imkanına malik oldu. Ədalət naminə qeyd etmək
yerinə düşər ki, bu prosesdə yenicə
formalaşmağa başlamış Yeni Azərbaycan
Partiyası qadınların daha mütərəqqi hissəsini
sağlam əqidə və xoş amallar ətrafında birləşdirməklə
onların gücünü və qüdrətini özlərinə
qaytarmış oldu. Heydər Əliyevin təşəbbüsü
ilə araya-ərsəyə gəlmiş Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə dövlətin bu məsələlərin
həm də hüquqi müstəvidə
həllində israrlı olduğuna dəlalət edir. Əvvəllər
yalnız humanitar sahədə
üstünlük təşkil edən Azərbaycan qadını
indi parlamentdə getdikcə daha çox sayda uğurla təmsil
olunur, beynəlxalq tribunalarda öz ölkəsinin mövqeyini
müdafiə edir, Azərbaycan və Qarabağ həqiqətlərini
dünyaya çatdırır, qeyri-hökumət təşkilatlarında,
ictimai birliklərdə, siyasi qurumlarda və digər təşkilatlarda
öz bilik və bacarığını müvəffəqiyyətlə
tətbiq edir, ailə institutunun əsas dayağına
çevrilir. Odur ki, ölkənin siyasi və inzibati idarəetmə
sistemində qadınların rolu getdikcə artmaqda davam edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə
icra strukturlarının rəhbərliyində qadınlara daha
geniş yer verilməsi isə son illərin ənənəsinə
çevrilib.
Bu, bir həqiqətdir
ki, iqtisadi inkişaf olmadan azad, demokratik cəmiyyət
quruculuğu mümkün deyil, yəni demokratik inkişaf
möhkəm iqtisadi təmələ əsaslanmalıdır.
Tarixi araşdırmalar və çoxillik müşahidələr
də iqtisadiyyatı zəif olan ölkələrdə
demokratik proseslərin, bir qayda olaraq, çox ləng getdiyini
göstərir. Müstəqil Azərbaycanın
rəhbərliyinə tarixi qayıdışından sonra Heydər
Əliyev ölkənin prioritet inkişaf yoluna
çevrilmiş iqtisadi modelini özünəməxsus
uzaqgörənliklə əsaslandırmış, eyni zamanda,
bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan
möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı
nəticələr verə biləcəyini
vurğulamışdır. Böyük strateq mərkəzi
planlaşdırma və bölgü prinsiplərinin hakim
olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına
optimal keçid düsturunu müdrikliklə irəli
sürmüş, onun mərhələlərlə həyata
keçirilməsinə çalışmışdır.
Ümummilli liderin
siyasi irsinin davamı olaraq Azərbaycan demokratiya yolunun iqtisadi
bazisə əsaslanan təkamül modelini bu gün də
özünün alternativsiz inkişaf strategiyası hesab edir. Prezident İlham Əliyev həmişə sağlam
məntiqə söykənərək iqtisadi islahatların
siyasi islahatlarla paralel getməli olduğuna və bu iki amilin
bir-birini tamamlamasının zəruriliyinə, əks halda əldə
olunan uğurların müvəqqəti olacağına dair əminliyini
ortaya qoyur.
Şübhə
yoxdur ki, məhz Heydər Əliyevin siyasi irsinə,
düşüncə və baxışlarına əsaslanan
iqtisadi inkişaf strategiyası və enerji resurslarından əldə
olunan gəlirlərin insan amilinə və modernləşməyə
yönləndirilməsi ilə səciyyələnən
ideoloji kurs sonda Azərbaycanı dünyanın ən qlobal və
müasir ölkələri
sırasına qoşulmasını təmin etmiş, ölkəmizi
regionun liderinə çevirmişdir. Lakin Azərbaycan
hökuməti bu vaxtadək görülən işlər və
yüksək nailiyyətlərlə kifayətlənmir, yəni
vətəndaşların hüquq və
azadlıqlarının daha etibarlı şəkildə
qorunması, qanunun aliliyinin tam təmin edilməsi və
bütün məsələlərə məhz insan
amilinə təsir prizmasından yanaşılması istiqamətində
işlər bu gün də davam etdirilir. Son
zamanlar korrupsiya və rüşvətxorluğa, insan alveri,
beynəlxalq cinayətkarlıq və
qaçaqmalçılığa qarşı mübarizənin
gücləndirilməsi, elektron hökumətin, “ASAN” xidmət
şəbəkəsinin qurulması, qeydiyyat və vergi ödəmələri
prosedurlarının sadələşdirilməsi, müxtəlif
sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi
və digər addımlar bunu
bir daha təsdiq edir.
Bu mənada
Prezident İlham Əliyev tərəfindən irəli
sürülmüş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası və digər qlobal
miqyaslı dövlət proqramları Azərbaycan
Respublikasının hazırki və gələcək
inkişafını təmin edən, habelə yeni quruculuq
siyasətinin təşəkkül
tapmasına mühüm töhfələr verən sənədlərdir.
Ötən
il özünün ilk süni peykini orbitə çıxaran
respublikamız artıq kosmik dövlətlər
sırasındadır. Ölkəmiz Cənubi Qafqazda informasiya
cəmiyyətinə keçid strategiyası qəbul etmiş
yeganə dövlətdir, internetdən istifadəyə görə
70 faiz göstərici ilə MDB-də liderdir ki, bu da dünya üzrə orta səviyyəni
2 dəfə üstələyir. Bu ilin fevralında
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının icrasına həsr olunmuş konfransda
Prezident İlham Əliyev Azərbaycanın iqtisadi yüksəliş
və tərəqqi yolunda olduğunu real faktlarla belə əsaslandırmışdır:
“Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər
inkişaf edən ikinci ölkə olmamışdır və
bu rekord göstəricidir, analoqu olmayan inkişafdır”.
Demokratik
inkişaf, sosial-iqtisadi və elmi tərəqqi son nəticədə
Azərbaycanın dünya
ölkələri arasında söz və nüfuz sahibi
olmasını təmin etmiş, onun Avropaya inteqrasiyasına
etibarlı zəmin yaratmışdır. 2001-ci ildə Avropa
Şurasına qəbul edilmiş Azərbaycan Respublikası
2011-ci ildə 155 dövlətin
dəstəyi ilə dünyanın ən mötəbər
qurumu olan BMT Təhlükəsizlik Şurasının növbəti
2 il üzrə qeyri-daimi üzvü seçilmişdir. Bu,Azərbaycan dövlətinin ulu öndər Heydər
Əliyevdən miras qalmış müstəqil və səmərəli
xarici siyasət kursunun beynəlxalq miqyasda bizə bəxş
etdiyi ən möhtəşəm nailiyyətlərindən
biridir.Digər tərəfdən, bu, həm də o deməkdir
ki, əldə olunmuş uğular fonunda
özünün intibah dövrünü yaşayan Azərbaycan
Respublikası demokratik inkişaf yolunda irəliləyən
ölkələr sırasında daha yüksək pillələrə
iddialıdır.
“...Biz ölkəmizdə
demokratiyanın, insan hüquqlarının inkişafına və
qorunmasına çox böyük əhəmiyyət veririk...
Biz, əlbəttə, gələcək fəaliyyətimizdə
də insan hüquqlarının qorunması üçün
bütün lazımi tədbirləri görəcəyik”.
– Özünün
xalqın birinci xidmətçisi olduğunu bəyan etmiş
cənab İlham Əliyevin söylədiyi bu fikir ölkə
başçısının məhz Heydər Əliyev
ideoloji kursuna, onun siyasi irsinə sədaqətinin göstəricisidir.
Məhz
öz dövlətinin və xalqının potensialından bəhrələnən
belə bir optimist mövqeyin 2003-cü ildən bəri getdikcə
daha da möhkəmləndirilməsinin nəticəsidir ki, bu
gün ölkə rəhbərliyinin respublikamızın
dinamik inkişafını təmin edən fundamental istiqamətlərin reallaşdırılmasına
dair siyasi iradəsi ortadadır.
Bu inam
xalqda belə bir əminlik yaradır ki, Azərbaycan
xalqının rəhbəri və partiyamızın lideri
İlham Əliyevin rəhbərliyi ilə təkcə
özümüzün deyil, bütün tərəqqipərvər
dünyanın, hətta uğurlarımıza
qısqanclıqla yanaşan rəqiblərimizin də etiraf etdiyi nailiyyətlərimiz
bizə hər dəfə daha yüksək zirvələr fəth
etməyə imkan verəcəkdir.
Bahar
MURADOVA,
Milli Məclis
sədrinin müavini,
YAP
İdarə Heyətinin üzvü
Xalq
qəzeti.- 2014.- 12 dekabr.- S.5.