AZƏRBAYCANIN milli intibah
dövrü və onun yeni mərhələsi
Bu, bir həqiqətdir ki, dövlətin beynəlxalq koordinatlar sistemində tutduğu mövqeni şərtləndirən parametrlər sırasında coğrafi şərait, əhalinin sayı, təbii ehtiyatlar, iqtisadi güc, müdafiə qüdrəti, milli əxlaq və diplomatiyanın rolu kifayət qədər böyükdür. Burada digər həqiqət ondan ibarətdir ki, bu parametrlər dövlətin statusunun təyinatında nə qədər əhəmiyyətli olsa da, heç də həlledici deyildir. Bu statusda məhz dövlətin şəksiz lideri olan unikal şəxsiyyət fenomeni çıxış edir. Xarizmatik lider mövcudluğu təhlükə altında qalan dövlətin xilaskarı funksiyasını yerinə yetirir, onun sonrakı inkişafının təminatçısı olur.
Azərbaycanın çağdaş tarixində bu
fenomen Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz müdrik
dövlət xadimi Heydər Əliyev Azərbaycan
dövlətçiliyini permanent xaos və böhran məngənəsindən
çıxarmış, ümummilli fəlakətin—vətəndaş
müharibəsinin qarşısını almış, döyüş cəbhəsində məğlubiyyətlər
seriyasına son qoymuş
və atəşkəs rejiminin tətbiqinə
nail olmuş, bir sözlə, xalqımızın taleyində
misilsiz xilaskar
missiyasını şərəflə yerinə yetirmişdir.
Heydər Əliyev Azərbaycan
xalqının milli sərvətidir.
Aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə
verilmiş ən lakonik
və düzgün qiyməti əks etdirir. O, xalqa
və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti
ilə indiki və gələcək nəsillərə
örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin
davamlı inkişafının uzunömürlüyünü
təmin edən təkmil irs, siyasi məktəb miras
qoymuşdur.
O,
ölkə həyatının bütün
sahələrində quruculuğun,
davamlı inkişafın və islahatların banisi
olmuşdur. İqtisadiyyatın yenidən
qurulması, kənd təsərrüfatının dirçəlişi,
peşəkar ordunun yaradılması, çevik və
balanslaşdırılmış xarici
siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm,
təhsil, mədəniyyət, incəsənət sahələrinin
tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu
məhz onun adı ilə
bağlıdır.
Təsadüfi deyildir ki, Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyev ümummilli lider Heydər
Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin
34 ilini milli intibah dövrü kimi səciyyələndirmişdir. Bu dövr bir-birindən zaman
və ictimai-siyasi formasiya
baxımından fərqlənən iki mərhələ
ilə (1969-1982 və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində, ulu öndərin Vətənə fədəkar
xidməti və hakimiyyətinin hər iki
mərhələsində ölkəmizin nəhəng miqyasda nailiyyətlər qazanması
baxımından oxşardır. Başqa
sözlə, eyni missiyanın, sadəcə,
iki mərhələsidir.
Ötən
əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur
müsahibəsində “Qoy ədalət zəfər
çalsın” deyən Heydər Əliyev özünün
milli intibah
missiyasının 1969-1982-ci illər tarixi
çərçivəsində, sözün
həqiqi mənasında, ədalətin zəfər
çalmasına nail oldu. Ölkədə
həmin illərdə 213 yeni sənaye
müəssisəsi istismara verildi. 13 il ərzində istehsal olunan sənaye məhsulu
öz həcminə görə əvvəlki
50 ilə bərabər idi.
Heydər
Əliyev 1969-1982-ci illərdə Sovet
İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti
üçün xidmət edə biləcək
bütün zəruri addımları atmağa nail oldu. 1991-ci ildə müstəqilliyini bəyan
edən Azərbaycan Respublikası, əslində, real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il
xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə
qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhəsi (1993-2003-cü illər)
başlandı. Bu dövr
ulu öndərin təbirincə desək,
“müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi”
ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi
elitasında formalaşmış mövqeyə görə, ərazisindən
hərbi bazaları çıxarılan və birmənalı
olaraq Qərbə inteqrasiya
xəttini seçən Azərbaycan regionda
Kremlin uzağagedən planları üçün birbaşa
təhlükə mənbəyi rolunu
oynayırdı. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün
həyata keçirdiyi səbatsız daxili və xarici siyasət
kursu Rusiyanın Azərbaycana münasibətdə
məlum sərt mövqeyinin
formalaşmasında az rol
oynamadı. Nəticədə məhz həmin illərdə
Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan
tərəfindən işğalı həyata keçirildi.
Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi
olaraq qeyd edək ki, Azərbaycan xalqının ən
ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə
bağlı ulu öndər Heydər
Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi
siyasətin nəticəsində bu
dövrdə erməni
millətçiləri bir dəfə də
olsun ölkəmizə qarşı ərazi
iddialarını açıq şəkildə dilə gətirməyə
cəsarət etmədilər və buna imkan verilmədi. Akademik Ramiz Mehdiyev
Heydər Əliyev fenomeni ilə
bağlı tədqiqatlarında çox düzgün olaraq qeyd edir ki,
“akademik Aqanbekyanın M.Qorbaçovun
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə
ilkin razılıq verilməsi barədə
bəyanatı və bununla da münaqişənin ilkin
qığılcımının közərməsi məhz
Heydər Əliyevin Siyasi Büro
üzvlüyündən istefasından cəmi üç
həftə sonra baş
verdi”.
Bundan savayı, Müsavat-AXC
cütlüyünün mövcud
şəraitə adekvat olmayan
məqamda “Cənubi Azərbaycan” problemini
qaldırması nəticəsində İranla
da münasibətlər son
dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində,
faktiki olaraq, Azərbaycan
həm şimaldan, həm də cənubdan
ağır təzyiq altına düşdü.
ABŞ Konqresi isə Azərbaycanı
dövlət səviyyəsində hər cür
yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.
Bu şəraitdə dövlətçiliyimiz
üçün ən təhlükəli
proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti
dəfə pozulması təhlükəsi ilə bağlı
idi. Erməni
işğalçılarının aramsız
hücumları, Cənubda “Talış Muğan
Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının
ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin
hakimiyyətə itaətsizlik göstərməsi həmin
dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində
olduğunu bir daha təsdiqləyir. Əslində
respublikamız real vətəndaş
müharibəsi astanasında idi. Ölkədə
hakimiyyətsizlik və xaos hökm sürürdü.
Yuxarıda qeyd etdiyimiz
kimi, yalnız ümummilli
lider Heydər Əliyevin 1993-cü ildə
xalqın tələbi və xahişi ilə
hakimiyyətə qayıdışından sonra
hədəfinə çevrildiyimiz bu ağır problemlər öz
həllini tapmağa başladı. Lakin bu prosesin
özü də hamar
yolla getmədi. 1994-cü ilin
oktyabr və 1995-ci ilin
mart aylarında Azərbaycanın müstəqilliyini
istəməyən xarici qüvvələrin
himayəsi ilə respublikamızda dövlət
çevrilişlərinə cəhdlər edildi.
Prezident Heydər Əliyevlə xalqın
sarsılmaz birliyi bu
sınaqlardan da uğurlu
çıxışı təmin etdi.
Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin
tarixində, əgər bir sözlə
ifadə etmək mümkünsə, məhz Xilaskar
missiyasını yerinə yetirdi.
Yuxarıda sadalanan mürəkkəb problemlərin həlli
məqsədilə Heydər Əliyev təkcə düzgün daxili siyasət
kursunu deyil, həm də
onun davamı və tamamlanması olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi.
Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet
istiqamətlərindən birini də “yeni neft diplomatiyası” təşkil
edirdi.
Azərbaycanın
yeni enerji
strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin
90-cı illərində müəllifi olduğu
iki siyasi qərar
ölkəmizin neft-qaz siyasətinin
formalaşmasında həlledici əhəmiyyətə malik oldu, eyni
zamanda, respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə
verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü il
sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12
şirkəti ilə “Əsrin müqaviləsi”nin
imzalanması ölkəmizin yeni neft strategiyasının
başlanğıcı oldu. 1996-cı il iyunun 6-da regionun və Avropanın enerji
təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə
dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.
Bu gün ölkənin
təsdiq edilmiş enerji
ehtiyatları 1,5-2 milyard tondan
artıq neft və 2,5-3 trilyon
kubmetr qazdan ibarətdir
və 7 kəmərlə Avropa və dünya bazarlarına
çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan
və Türkiyə istiqamətləri) 4-ü isə qaz ( Türkiyə, Gürcüstan, Rusiya və
İran istiqamətləri) kəmərləridir.
Bunların içərisində Heydər
Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və
Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin istifadəyə
verilməsi həm regional, həm də
Avropanın enerji təhlükəsizliyi
baxımından xüsusi əhəmiyyət
kəsb etmişdir.
Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin
də əsasını qoydu. Ölkəmizdə
şəxsiyyətin azadlığı və
toxunulmazlığı, habelə onların hüquqi
müdafiəsi təmin edildi,
çoxpartiyalı sistem üçün
əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların
hüquqları, qanun qarşısında
bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan,
onun ayrılmaz komponenti
olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi,
üçpilləli məhkəmə sistemi,
yeni məhkəmə korpusu
yaradıldı, məhkəmələrin müstəqilliyi və
prosedur qaydalarının şəffaflaşması
təmin edildi, on minlərlə
insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-nin sərbəst fəaliyyəti təmin edildi.
Azərbaycanın
qısa zaman kəsiyində demokratik inkişaf yolunda əldə etdiyi bu və sonrakı uğurların bir sıra Qərb hökumət dairələrində,
xüsusilə ABŞ-da adekvat
olaraq qiymətləndirilməməsi, əksinə
bu istiqamətdə onların real həqiqətlərə söykənməyən
bəyanatlarının meydana gəlməsi
acı təəssüf doğurur.
Əslində, ərazisinin 20 faizi Ermənistan
dövlətinin işğalı altında olan
və 1 milyondan artıq məcburi köçkünü və
qaçqını olan gənc Azərbaycan
Respublikasından əsrlərlə formalaşmış Qərb
demokratiya standartlarını tələb
etməyin özü düzgün
deyildir. Bunun üçün ən azı onilliklər
lazımdır, çünki demokratiya permanent prosesdir.
Bu
prosesdə-demokratik dövlət quruculuğu
istiqamətində ümummilli liderin miras qoyduğu
irsin öyrənilməsi, təbliği və
tətbiqində Milli Məclisin deputatı,
UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun xidmətləri
müstəsna əhəmiyyət kəsb edir. Başqa
sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində
irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək,
Azərbaycan xalqının rifahının yüksəldilməsinə
yönəldilmiş təşəbbüsləri himayə
etmək, ölkədə elm, təhsil, mədəniyyət,
səhiyyə və idmanın
inkişafını təmin edən layihələrə
yardımçı olmaq, milli-mənəvi
dəyərlərə sadiq gənclərin
yetişdirilməsinə və digər mühüm
vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı
fəaliyyətinin prioritet istiqamətlərini
təşkil edir və geniş
ictimaiyyət tərəfindən olduqca
yüksək dəyərləndirilir.
Azərbaycan xalqı
artıq 11 ildir ki, qəlbində
əbədi heykəlini qoyduğu ulu öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha
sıx və monolit birlik
nümayiş etdirərək yad edir. Xalqımız
Heydər Əliyevin fiziki itkisindən nə
qədər çox kədərlənsə
də, təskinliyini onda tapır ki, bu gün
ulu öndərin şah
əsəri olan müstəqil Azərbaycan
etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə
malikdir. Zəmanəmizin
dühasından “Ona özüm
qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini
alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək
inkişafının təminatçısıdır. O,
Azərbaycanın çağdaş
tarixinə yeni missiya
ilə daxil olmuşdur.
Cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan özünün milli dövlət quruculuğu
və idarəçiliyinin növbəti şərəfli mərhələsini
yaşayır. Son 11 ildə ölkəmiz
öz müstəqilliyini daha
da möhkəmləndirmiş, siyasi, iqtisadi və mədəni
sahələrdə çox böyük uğurlara imza atmışdır. Faktların
və arqumentlərin dili ilə desək,
11 ildə ümumi daxili
məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft
sektoru 2,6 dəfə, büdcə gəlirləri
16 dəfə artmış, həmçinin strateji
valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir.
Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə
yatırılmışdır. Həmin müddətdə 1,2 milyondan artıq iş yeri açılmışdır. İşsizliyin səviyyəsi təqribən
5 faizə düşmüşdür.
Müqayisə üçün qeyd edək ki, bir sıra inkişaf etmiş dövlətlərdə bu göstərici 15-20 faiz
səviyyəsindədir. Yoxsulluq bu müddət ərzində
5 dəfə – 500 faiz azalmışdır. Xarici
borcumuz ümumi daxili məhsulun təxminən 8 faiz-ni təşkil edir ki, bu da
olduqca yaxşı göstəricidir. Təkcə
ötən ildə ölkə iqtisadiyyatına 28 milyard dollardan artıq investisiya qoyulmuşdur ki, bunun da
təxminən 30 faizi xarici
sərmayələrdir.
Prezident İlham Əliyev
ölkəmizdə qeyri-neft sektorunun inkişafını iqtisadi
tərəqqinin prioritet istiqaməti kimi müəyyən etmişdir.
Cari ildə ölkəmizin qeyri-neft sektorunda 6-7 faiz artım gözlənilir. Ötən il 10 faiz artım qeydə
alınmışdır. Gələn il isə
iqtisadiyyatın qeyri-neft sektorunda
6 faizdən 10 faizədək artım
proqnozlaşdırılır. Prezident İlham Əliyevin bu il noyabrın 28-də Rusiyanın “Rossiya-24” informasiya kanalına müsahibəsində qeyd etdiyi kimi,
”idealda neft gəlirləri
bizim ümumi daxili məhsulun təqribən üçdəbirini
təşkil etməlidir. Artıq onda
şaxələndirmə siyasətimizin baş
tutduğunu hesab edə
bilərik. Biz buna doğru gedirik. Çünki biz bu proqramları başlayanda,
neft amili, ümumiyyətlə,
az qala 80 faiz idi, indi
isə 45 faizdir. Yəni, meyil
azalmaya doğru gedir.”
Bu gün Prezident İlham Əliyevin
rəhbərliyi altında həllini gözləyən istənilən
dövlət əhəmiyyətli məsələ ilə
bağlı konkret proqramlar
hazırlanır və onlar uğurla icra edilir. Bundan “Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı
(2003-2005-ci illər)”, “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”,
“Azərbaycan Respublikasının məşğulluq
strategiyası” (2006-2015-ci illər)”, “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf
Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət
Proqramı”, “Şəffaflığın
artırılması və korrupsiyaya
qarşı mübarizə üzrə Milli
strategiyanın həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)”,
“2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar
üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə Dövlət Proqramı”nı,
“Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2011-2013-cü illər)”, “Azərbaycan
Respublikasında Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət
Proqramı”nı və s. qeyd
etmək olar. Ümumən, Azərbaycanda
belə məqsədyönlü proqramların sayı 50-dən
artıqdır.
Bu
gün Cənubi Qafqaz
regionunun iqtisadiyyatının 75 faizini və demoqrafiyasının 65 faizini təmsil edən modernləşdirilmiş
Azərbaycan tədricən Avropa
geoiqtisadiyyatının və regional
geosiyasətin intellektual və informasiya mərkəzinə, onun
mühüm tərkib hissəsinə transformasiya olunur. Təsadüfi deyildir
ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın
mövqeyi yüksək olaraq
qalmaqdadır. Dünya İqtisadi Forumunun
son hesabatında Azərbaycan
iqtisadiyyatı öz rəqabət qabiliyyətinə
görə dünyada 37-ci, MDB məkanında
isə birinci olaraq
müəyyən edilmişdir. Ölkəmiz
informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi və
hazırlığına görə də MDB məkanında birinci mövqedədir. BMT-nin
hesabatında insan inkişafı indeksinə
görə də ən böyük
sıçrayışı məhz Azərbaycan etmişdir.
Prezident İlham Əliyevin müəyyən
etdiyi inkişaf kursuna müvafiq olaraq, ölkəmizdə informasiya-kommunikasiya
texnologiyaları da sürətli inkişaf dinamikasına və böyük
gələcəyə malikdir. 2003-cü
ildə Milli İKT Strategiyasının,
sonrakı illərdə isə “Elektron Azərbaycan”
Dövlət Proqramının qəbul olunması bu sahənin
inkişafına böyük təkan vermişdir. Müstəqillik illərində
Azərbaycanda İKT-nin inkişafına 3
milyard ABŞ dollarından artıq vəsait
yatırılmışdır. Nəticədə son 10 ildə informasiya və
rabitə sahəsinin inkişafı 8,2 dəfə
artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması və ölkədə
kosmik sənayenin əsasının
qoyulması tarixi hadisədir. Növbəti
illərdə daha iki peykin orbitə buraxılması ilə
bağlı işlər aparılır.
Azərbaycan rəhbərliyi
ölkəni artıq 2021-ci ilə-müstəqilliyin bərpa
edilməsinin 30-cu ildönümünə qədər vətəndaşların
yaşayışı üçün daha firavan məkana
çevirməyi qarşısına məqsəd qoymuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu,
“ölkəmizin daha yaxşı
olması, insanların daha yaxşı
yaşaması, Azərbaycanın şöhrətinin
artması” üçün ediləcəkdir.
Heç şübhəsiz, dövlət idarəçiliyi
və onun müxtəlif istiqamətləri
üzrə əldə edilən bu uğurlar Ermənistanın ölkəmizə
qarşı xarici havadarlarının dəstəyi
ilə həyata keçirdiyi
işğalçılıq siyasəti olmasaydı, daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı prinsipial mövqeyi vardır və bu
mövqe həm tarixi
həqiqətə, həm də beynəlxalq hüquq
normalarına əsaslanır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
Azərbaycanın ərazi bütövlüyü
danışıqların predmeti
olmayıb və heç zaman
da olmayacaqdır. Danışıqlar
prosesində konkret nəticə olmasa da, son
dövrlərdə beynəlxalq vasitəçilərin
münaqişə ətrafında formalaşmış status-kvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı davamlı bəyanatlar
səsləndirməsi təqdirəlayiq haldır.
Münaqişə dondurulmuş
münaqişə deyil və status-kvonun dəyişdirilməsi ilk növbədə Azərbaycan
torpaqlarının işğaldan azad edilməsini tələb edir
və münaqişənin həlli yolu
yalnız bundan keçir.
Cənab Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə, hərbi güc münaqişənin tezliklə həll
olunması üçün öz rolunu oynayır və
oynayacaqdır.
20 il
əvvəl Azərbaycan beynəlxalq koordinatlar
sisteminin subyekti idisə,
indi onun fəal aktoruna çevrilmişdir.
Azərbaycan bu gün
bölgədə və dünyada
etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan
Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT TŞ-ya
2012-2013-cü illər üzrə qeyri-daimi
üzv seçilməsi bu
həqiqəti bir daha
təsdiqləmişdir. 155 ölkənin Azərbaycanın
lehinə səs verməsi, əslində, dünya
ictimaiyyətinin ölkəmizə olan
münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də
beynəlxalq arenada artan
nüfuzunun, dünyada
cərəyan edən beynəlxalq proseslərdə yaxından
iştirakının və eyni zamanda, sülhün və
əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz
nümunəsidir.
Bir çox beynəlxalq
tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin
artıq regionun siyasi,
iqtisadi və mədəni mərkəzinə
çevrildiyinin sübutudur.
Bakı şəhərinin mühüm
beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını
almışdır. Təkcə son
iki ildə İslam
Əməkdaşlıq Təşkilatı çərçivəsində
Fələstinə yardım məqsədilə beynəlxalq
konfransın, III və İV Beynəlxalq humanitar
forumların, İkinci Mədəniyyətlərarası
Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və
digər yüksək səviyyəli qlobal
tədbirlərin keçirilməsi bunu
bir daha təsdiq edir.
Beynəlxalq
arenada qazanılan bu möhtəşəm uğurun
əsasında ümummilli lider
Heydər Əliyevin müəyyən etdiyi
balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla, Prezident İlham Əliyev
tərəfindən novatorcasına davam
etdirilməsi kursu dayanır.
Elman
NƏSİROV,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun
direktoru,
YAP-ın beynəlxalq əlaqələr komissiyasının
katibi,
siyasi elmlər doktoru, professor
Xalq qəzeti.- 2014.- 12 dekabr.- S.4.