Xalqımız
bugünkü firavan
həyata görə ulu öndərə minnətdardır
Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək.
Heydər ƏLİYEV
Ümummilli lider
1969-1982-ci illər Azərbaycanın quruculuq tarixinin ən məhsuldar, işıqlı səhifələri olub. Həmin vaxtda yaxın və uzaq gələcəyə yönələn, müstəqilliyə yol açan, mütərəqqi ənənələrə söykənən inkişaf strategiyası müəyyənləşdirilib və uğurla həyata keçirilib. Ulu öndər Heydər Əliyev o dövrü belə xarakterizə edib: “Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaradıb”. Müasir Azərbaycan dövlətinin inkişafı məhz həmin illərdə yaradılan bünövrə üzərində qurulub.
Ümummilli lider Heydər
Əliyev ölkəyə rəhbərliyinin birinci
dövründə dilimizin, milli şüurumuzun qorunması və
inkişafını təmin edib, bu sahədə
çalışanların əməyinə yüksək qiymət
verib. Azərbaycan dilinin inkişafında Heydər Əliyevin əvəzsiz
xidməti ilə bağlı diqqəti bir fakta yönəltmək
istərdim. Belə ki, Heydər Əliyevin bilavasitə təşəbbüsü
və apardığı ardıcıl mübarizə nəticəsində
dilimizin dövlət dili olması haqqında müddəa Azərbaycanın
1978-ci il Konstitusiyasında öz əksini tapıb.
1969-1982-ci illərdə
Azərbaycanın inkişaf tarixinin dinamikası belə bir
fikri təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə
gəlişindən sonrakı dövr, əslində,
respublikamızın müstəqil dövlət quruculuğuna
aparan yol olub. Dahi öndərin böyük səyinin
nəticəsində həyata keçirilən ictimai-iqtisadi
islahatların aparılmasına görə 70-80-ci illər Azərbaycanın
tarixində ən parlaq səhifələr təşkil edib.
Ötən əsrin 70-ci illərindən başlanan iqtisadi
inkişaf, milli-mədəni dirçəliş, milli
özünüdərk və milli ruhun yüksəlişi
xalqımızın milli-azadlıq mübarizəsində əsas
hərəkətverici qüvvəyə çevrilib.
Heydər
Əliyevin gələcəyin müstəqil Azərbaycanını
nəzərdə tutaraq milli məfkurənin yüksəlişi
və xalqın dövlətçilik arzularının daha da
güclənməsi üçün dövlət
quruculuğu sahəsində gördüyü mühüm
işlərdən biri
SSRİ-nin xarici siyasəti çərçivəsində
olsa da, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi
və mədəni əlaqələrinin genişləndirilməsidir.
Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq
əhəmiyyətli tədbirlər təşkil olunur,
keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində,
eləcə də digər xarici ölkələrdə Azərbaycan
mədəniyyəti və incəsənəti günləri
keçirilirdi. Bütün bunlar son nəticədə
respublikamızın xarici ölkələrlə və orada
yaşayan azərbaycanlılarla əlaqələrinin
qurulması üçün zəmin yaradır, azərbaycanlıların
özünəməxsus tarixi, mədəni ənənələri
olan xalq kimi tanınmasını, Bakının isə həmin
dövrdə dünya miqyasında bir elm və mədəniyyət
mərkəzinə çevrilməsini təmin edirdi. Bir sözlə, böyük strateq ötən əsrin
70-80-ci illərində böyük təzyiqlərlə, təqiblərlə
üzləşsə də, heç bir riskdən çəkinməyərək
əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi,
milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri
və düşüncə sistemi barədə dolğun
təsəvvürlər formalaşdıra bilib. O dövrdə
repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində
gördüyü işlər də məhz azərbaycançılıq
məfkurəsinin güclənməsinə xidmət edib.
Dahi öndər
müstəqil Azərbaycanın xilaskarı, qurucusu kimi də
adını tarixə yazdırıb. Bu, asanlıqla başa gəlməyib.
Bu, ümummilli liderin gecəli-gündüzlü səyi,
ölümlə üzləşməsi ilə
reallaşıb. Fikrimin təsdiqi üçün diqqəti
bir fakta yönəldirəm. Azərbaycan müstəqilliyini
qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək
təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin
təcavüzü nəticəsində geniş miqyas alan
Qarabağ müharibəsi, digər tərəfdən,
dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz
adamların yeritdikləri səhv siyasət və daxildə
gedən siyasi çəkişmələr,
separatçılıq hərəkatı müstəqilliyin
beşiyindəcə boğulması təhlükəsini
reallaşdırmışdı. Hərc-mərclik,
başıpozuqluq bütün sahələri
bürümüşdü. Cəmiyyətdə vaxtilə böyük
hörmət və nüfuza malik olan müəllimə,
ziyalıya ehtiram, oxumağa maraq
azalmışdı. Dəyərli mütəxəssislərin
ölkədən axını başlamışdı. Lakin
xalqımızın böyük oğlu, dahi siyasətçi
və mahir dövlət xadimi Heydər Əliyevin xalqın təkidli
tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə
hakimiyyətə qayıdışından
sonra siyasi xaosun, sosial-iqtisadi sahələrdə baş
alıb gedən tənəzzülün,
dağıdıcılıq proseslərinin qarşısı
alındı. Ulu öndərin müdrik siyasəti nəticəsində
ölkəmiz parçalanmaq, dağılmaq təhlükəsindən
qurtardı.
Böyük
öndər yenidən hakimiyyətə qayıdandan sonra
bütün sahələrdə ciddi islahatlara
başlanıldı. Azərbaycanın yeni Konstitusiyası qəbul
edildi. İdarəetmə strukturları
formalaşdırıldı. Dövlət mülkiyyətinin
xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi
prosesinə başlanıldı. Bakıda dünyanın 11 transmilli neft
şirkətinin iştirakı ilə çağdaş
tariximizə “Əsrin müqaviləsi” adı ilə
düşmüş qlobal neft müqaviləsi imzalandı.
Heydər Əliyev Azərbaycan
xalqının yaddaşında qurucu dövlət xadimi, milli
lider və xalq məhəbbətini qazanan öndər kimi
qalıb. O, dünyanın nadir, unikal, seçilən
siyasət adamı idi, beynəlxalq səviyyədə
düşünməyi və təhlillər aparmağı
bacarırdı. Təkcə güclü təsərrüfatçı
deyil, həm də insanları arxasınca aparmağı,
auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi.
Dahi öndər mahir psixoloq, insan qəlbinin dərin bilicisi
kimi sevilirdi. Buna görə də onun gələcəyi
görmək qabiliyyəti həmkarlarından fərqli olaraq
daha güclü idi.
Ulu
öndər həmişə xalqın, sadə insanların
yanında idi, cəmiyyətlə nəfəs alırdı,
adamların çətinliklərinə, problemlərinə
son dərəcə həssaslıqla yanaşırdı.
Xarakterində xeyirxahlıq, alicənablıq, səmimiyyət,
diqqət kimi cəhətlər açıq-aşkar nəzərə
çarpırdı. Erməni
işğalçıları tərəfindən
yurd-yuvalarından didərgin düşənlərin
qarşılaşdıqları çətinliklərə,
ağrılara baxmayaraq, onları nikbin olmağa səsləyirdi.
Bir sözlə, ümummilli liderimizin Azərbaycana
rəhbərlik etdiyi 30 ildən çox bir zaman ərzində
fəaliyyətində insan amili özünü qabarıq
büruzə verib, nəcib keyfiyyətləri ilə
bağlı cəhətlər fərdi naturasının
özgün çalarları kimi daim diqqəti cəlb edib.
Dahi şəxsiyyət
1995-ci il mart ayının 3-də “Gülüstan” sarayında
Ramazan bayramı münasibətilə keçirilən təntənəli
mərasimdə çıxışında deyirdi: “...Biz
heç vaxt bədbinliyə qapılmamalıyıq. Həyat
həmişə inkişafdadır. Ona görə də nə
qədər ağır itkilərimiz, nə qədər
çətinliklərimiz olsa da biz həmişə nikbin
olmalıyıq, başımızı həmişə dik
tutmalı, irəliyə həmişə inamla
baxmalıyıq, ümidlə yaşamalıyıq.
Şübhəsiz,
ən böyük arzumuz, ən böyük ümidimiz, ən
böyük istəyimiz müharibəyə son
qoyulmasıdır, torpaqlarımızın azad edilməsidir, əsirlikdə
olan vətəndaşlarımızın geri
qayıtmasıdır. Ən böyük arzumuz Azərbaycanın
ərazi bütövlüyünün, respublikamızın sərhədlərinin
toxunulmazlığının, ölkəmizin suverenliyinin təmin
olunmasıdır. Güman edirəm ki, o günlər də
uzaqda deyil. Biz o günlərə gəlib
çatacağıq. Çatacağıq ona görə ki,
xalqımızda olan mərdlik, cəsarət, qəhrəmanlıq,
tariximizdə xalqımızın göstərdiyi qəhrəmanlıq
nümunələri bizim bu ağır vəziyyətdən
çıxmağımıza şübhəsiz ki, kömək
edəcəkdir. Tam imkanımız vardır ki, bu ağır
vəziyyətdən çıxaq və bütün məqsədlərimizə
nail olaq...”.
Dahi şəxsiyyət
həmin mərasimdə daha sonra deyirdi: “...Əmin ola bilərsiniz
ki, Azərbaycan dövləti hər bir vətəndaşın
hüquqlarının keşiyində durub, onun
hüquqlarının toxunulmazlığını təmin
edir və edəcəkdir. Azərbaycan Prezidenti kimi mən
verdiyim anda həmişə sadiq qalacağam, hər bir Azərbaycan
vətəndaşının hüquqlarının
qorunmasına çalışacağam və bunun
üçün bütün imkanlarımdan istifadə edəcəyəm.
Gərək
hər bir vətəndaş da dövlətinə,
torpağına sədaqətli olsun, sədaqətlə
yaşasın, xidmət etsin və çalışsın ki,
xalqla dövlətin vəhdəti möhkəmlənsin,
respublikamız bu ağır vəziyyətdən
çıxsın. Mən
buna inanıram və əminəm ki, belə də
olacaqdır...”.
İnsani keyfiyyətləri
bütün vəzifələrdən uca tutan ulu öndər
bildirirdi ki, vəzifə insana heç bir şey vermir, sadəcə
olaraq, səlahiyyət verir. Qalan hər bir şey onun
ağlından, zəkasından, biliyindən, mədəniyyətindən
asılıdır. Əgər bunlar varsa, vəzifə səlahiyyətindən
dövlətin, insanların mənafeyinə, özünün
xeyrinə istifadə edə bilər. Yoxdursa, edə bilməyəcək,
insanları şikəst edəcək, insanların
qayğılarına, problemlərinə laqeyd, biganə
yanaşacaq. Belə hala dözmək olmaz. Vəzifəli
şəxs hər bir insanın
qarşılaşdığı çətinliyin aradan
qaldırılması üçün əlindən gələn
səyi əsirgəməməlidir...
Ümummilli lider
törədilmiş əmələ görə cəzanın
labüdlüyü prinsipinin əhəmiyyəti ilə
yanaşı, humanizm prinsiplərindən bir addım belə
geri çəkinməyin yolverilməzliyini, insan taleyinə həssas
münasibətin vacibliyini daim rəhbər tuturdu. Məhz elə
buna görə də 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
ilə qəbul edilən müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası insan hüquq və
azadlıqlarının qeyd-şərtsiz təmin
olunmasını təsbit edib. Həmin Əsas Qanun ədalət
mühakiməsinin keyfiyyətcə yüksəldilməsinə
təkan verib.
Uli öndərin insan
amilinə, şəxsiyyət probleminə həssaslıqla
yanaşması ilə bağlı bir məqama da diqqət
yetirək. Yüksək humanizm, insanpərvərlik
prinsiplərini prioritet sayan Heydər Əliyev Avratlantik məkana
inteqrasiya yolunda olduqca cəsarətli addımlar atıb.
1998-ci ildə həm Şərqdə, həm də MDB məkanında
ilk dəfə olaraq ölüm hökmünün ləğv
edilməsi ulu öndərin yüksək humanizmini
xarakterizə edən amil kimi tarixə yazılıb.
Xatırladım ki,
ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyi
dövründə 32 əfv fərmanı imzalayıb. Dahi öndərin məhbusların cəzasının
çəkilməyən hissəsindən azad edilməsi barədəki
fərmanları insanların cəmiyyətə inteqrasiya
olunmalarına, sivil Azərbaycan dövlətinin layiqli vətəndaşı
kimi uca adı daşımalarına bir daha imkan yaradıb.
Bu, eyni zamanda, vətəndaşların qanunlara hörmətlə
yanaşmasına müsbət təsir göstərib və
ulu öndərin insanpərvərliyini əks etdirib.
Heydər
Əliyevin ədalət və insanpərvərlik ideyaları
ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva deyib: “Əsası dahi
Heydər Əliyev tərəfindən 1994-cü ildə
qoyulan bu siyasət nəticəsində minlərlə insan
azadlığa buraxılaraq normal həyata qayıdıb və
bu gün də bu ənənələr
davam edir. Allah vergisi olan insan ömrü hər bir şeydən
uca və dəyərlidir. Hər bir insan ləyaqətlə və
azad yaşamağa layiqdir. Eyni zamanda, hər bir insan öz
ömrünün, öz taleyinin hökmdarıdır. Səhv edən, yolunu azan insanlara həyatda yeni
şans verməklə, onları bağışlayıb cəmiyyətimizə
qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın
dəyərini dərk etməyə, öz səhvlərini
anlayıb doğru yola qayıtmağa kömək edirik.
Hər zaman mərhəmətlilik, geniş qəlblilik,
xeyirxahlıq, bağışlamaq bacarığı ən ali
və insani keyfiyyətlər kimi qiymətləndirilib”.
Heydər
Əliyev məmurlardan müxtəlif səviyyəli
görüşlərdə, qəbullarda vətəndaşların
səmimi qarşılanmalarını qətiyyətlə tələb
edirdi. İnsanlara yuxarıdan aşağı baxan bəzi vəzifəli
şəxslərə kəskin münasibət bəsləyirdi. Ulu öndər deyirdi: “Görülən
işlər hamısı insanlar üçündür.
İnsana hörmət göstərilmirsə, o görülən
işin əhəmiyyəti yoxdur. Azərbaycan vətəndaşlarına,
hər bir insana hörmətlə yanaşılmalıdır,
onun problemləri dinlənilməlidir, onlara qulaq
asılmalıdır, onlarla görüşlər
keçirilməlidir və problemlər həll
olunmalıdır. Kimliyindən asılı olmayaraq, hər kəs
millətə, xalqa, dövlətə xidmət etməlidir”.
Ulu öndərin
dövlət siyasətinin təməlində insan amilinin
dayanması, Azərbaycanda insan amilinə ciddi diqqət yetirilməsi
və bu sahədə müsbət nəticələr əldə
edilməsi beynəlxalaq aləmdə də təsdiqlənirdi.
Bu məqam BMT-nin İnkişaf Proqramında da
öz ifadəsini tapmışdı. BMT-nin 20 illik yubileyi
münasibətilə hazırlanan hesabatında qeyd edilirdi ki,
1993-cü ilin yayından sonra Azərbaycan rəhbərliyi
dövlət siyasətini bilavasitə insan amili, insana
qayğı göstərilməsi prinsipi üzərində
qurub. Cəmiyyət həyatının elə bir sahəsi
yoxdur ki, Azərbaycan dövləti orada insana
qayğının özünəməxsus nümunəsini
yaratmamış olsun. Eləcə də son 20 ildə Birləşmiş
Millətlər Təşkilatı özünün müxtəlif
tədbirlərində dönə-dönə vurğulayıb
ki, milli inkişafın əsasında insan amilinə
qayğı və diqqət dayanıb. Yəni, insan amilinə
münasibət məsələsində Azərbaycanın
mövqeyi BMT-nin mövqeyi ilə tamamilə üst-üstə
düşür.
Ulu
öndər Heydər Əliyevin sosialyönümlü siyasəti,
eyni zamanda, cəmiyyətdə ayrı-ayrı sosial
qrupların həyat keyfiyyətinin yüksəldilməsinə,
iqtisadi stimulun, insan amilinə hörmətin
formalaşmasına, ümumilikdə ictimai rifahın, siyasi
sabitlik və sosial sülhün bərqərar olmasına
etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilmişdi. Bu
siyasət Azərbaycan vətəndaşının həyati
tələbatlarının ödənilməsini təmin edən
əlverişli sosial-mənəvi iqlimin və həmrəylik
şəraitinin, ümumilikdə ölkədə etibarlı
sosial müdafiə sisteminin yaradılmasını təmin
etmişdi. Həmin sistem vətəndaşların sağlam
mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və
digər hüquqlarının da etibarlı müdafiəsinə
mükəmməl institusional-qanunverici təminat mexanizmləri
formalaşdırmışdı.
* * *
Ulu
öndər Heydər Əliyevin ideyalarının
başlıca qayəsini təşkil edən Azərbaycanın
dövlət müstəqilliyinin qorunması bu gün Prezident
İlham Əliyev tərəfindən həyata keçirilən
dərin məzmunlu və çoxşaxəli siyasi kursla daha
da möhkəmləndirilir.
Dövlət başçısının qətiyyəti
sayəsində ulu öndərin yeni neft strategiyasının
uğurla reallaşması, iri enerji layihələrinin işə
düşməsi və yeni iqtisadi layihələrə start
verilməsi, eləcə də regionda cərəyan edən
proseslərlə bağlı ölkə
başçısının müdrik siyasi
baxışları sarsılmaz dövlətçiliyimizin daha
da qüdrətlənməsinə xidmət edir.
Yeri gəlmişkən,
müasir dünyada dövləti lazımi səviyyədə
idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi
böhranlardan çıxarmaq üçün çox
yüksək səriştə və siyasi iradə
lazımdır. Azərbaycan xalqı üçün
tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham
Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə
malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri
yaxşı bilən siyasətçi və dövlət
xadimi rəhbərlik edir. Cənab İlham Əliyev
öz vətənini, xalqını sevən, azərbaycançılıq
amalını qəlbində daşıyan bir rəhbərdir.
Cənab İlham
Əliyevin rəhbərliyi ilə son 11 ildə Azərbaycanda əldə
edilən sosial-iqtisadi uğurların əsasında dahi Heydər
Əliyevin siyasi kursu dayanır. Dövlət
başçımız ölkəyə rəhbərliyə
başladığı 2003-cü ilin oktyabrından daim Heydər
Əliyev siyasi kursuna sədaqətini nümayiş etdirib,
xalqın etimadını əməli fəaliyyəti ilə
doğruldub. Xalqımız və müstəqil dövlətimiz
üçün alternativsiz olan bu siyasi kurs dövlət
başçısının uğurlu fəaliyyətinin
başlıca amili sayılır.
Xatırlatmaq yerinə
düşər ki, möhtərəm İlham Əliyev
hakimiyyət sükanı arxasına keçərkən bu
siyasəti dönmədən davam etdirəcəyini də bəyan
etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər
Əliyevin siyasətini davam etdirəcəyəm,
çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət
ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik,
vətəndaş müharibəsi vəziyyətindən
quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə
keçdi. Mən ondan çox şeyi öyrənmişəm
və onun təcrübəsini, məsələlərə
baxışını öyrənməklə hələ
çox şeyi əxz edəcəyəm. Hər
hansı bir qərar qəbul etməzdən əvvəl
düşünürəm ki, bu vəziyyətdə Heydər
Əliyev necə hərəkət edərdi.
Çalışıram ki, mənə inanan, mənə səs
verən adamlar məndən razı qalsınlar. Prezident
üçün ən yüksək mükafat onun ideyalarına
inamdır, bunsuz işləmək çox çətindir,
ona görə də mən çalışacağam ki, Heydər
Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü
tapmaqda davam etsin”.
Son 11 ildə həyata
keçirilən tədbirlərə nəzər salanda,
görülən işləri müqayisəli şəkildə
təhlil edəndə yuxarıda qeyd edilən fikirlər bir
daha öz təsdiqini tapır. Sözügedən
dövrdə neft gəlirləri əsasında yaradılan
möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun
dinamik inkişafı və ölkə iqtisadiyyatının
diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli
dövlət dəstəyi, regionların tarazlı
inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq
iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına
inteqrasiya və son nəticədə ölkəmizin hər
bir vətəndaşının rifahının yüksəldilməsi
ilə bağlı müsbət dəyişikliklər baş
verib. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində
öz dinamik inkişafını qoruyub saxlayıb. İqtisadi
inkişaf tempinə görə, dünyanın 10
aparıcı ölkəsi sırasında qərarlaşıb.
Orta gəlirli ölkələr siyahısında öz
mövqeyini daha da möhkəmləndirib. Azərbaycanda
yoxsulluğun səviyyəsi xeyli aşağı
düşüb. Təxmini olaraq bu göstərici 49 faizdən
5,1 faizə qədər enib. Azərbaycan Cənubi Qafqazın
lider ölkəsinə çevrilib.
Cənab İlham
Əliyev respublikaya rəhbərliyinin ötən
dövründə müasir düşüncəli siyasi lider
kimi modernləşməyə xidmət edən islahatları
uğurla reallaşdırıb. Dövlət
başçısı keyfiyyətcə yeni mərhələdə
Azərbaycanın müasir dövlətə çevrilməsini,
tam müstəqil siyasət yürüdərək inkişaf
etmiş ölkələr səviyyəsinə yüksəlməsini
milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib.
Bu ilin
ötən aylarının sosial-iqtisadi yekunları Azərbaycanın
dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir.
Ötən müddətdə ölkədə həyata
keçirilən sosial-iqtisadi siyasət iqtisadiyyatın
davamlı inkişafı üçün zəmin yaradıb,
makroiqtisadi tarazlığı təmin edib, inflyasiyanın birrəqəmli
olmaqla aşağı səviyyədə
saxlanılmasına nail olunub. Avrozonada
böhranın davam etdiyi bir şəraitdə Azərbaycanda
ÜDM 2,5 faiz, qeyri-neft sektoru 6 faiz, artıb, ölkəmizin
maliyyə mövqeyi daha da güclənib, məcmu valyuta
ehtiyatları 2014-cü il 1 oktyabr tarixinə 53 milyard ABŞ
dolları səviyyəsinədək yüksəlib. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8 faiz
artım əldə edilib, məcmu valyuta
ehtiyatlarımızın xarici dövlət borcuna nisbəti 8
dəfədən artıq olub. Ölkənin xarici dövlət
borcunun ümumi daxili məhsula nisbəti isə 8,5 faiz səviyyəsində
qərarlaşıb ki, bu da dünyada ən yaxşı
göstəricilərdən biri hesab olunur.
Qeyri-neft
sektorunun inkişafının mühüm göstəricilərindən
biri də investisiya qoyuluşlarının həcminin və
keyfiyyətinin yüksəlməsidir: bu ilin ötən
aylarında ölkə iqtisadiyyatına 19 milyard dollar
investisiya qoyulub, bunun 11 milyard manatı daxili investisiyalar olub. Bu prosesdə artıq yerli sərmayədarların
üstünlüyü də qabarıq duyulur. Sərmayələrin
təqribən 60 faizinin daxili investisiyalar təşkil etməsi
isə dövlətin investisiya siyasətinin uğurlu
olduğunu göstərir. Bu, bütün dünyada maliyyə
resurslarının məhdudlaşdığı,
sahibkarların investisiya qoyuluşlarına son dərəcə
ehtiyatlı yanaşdığı bir şəraitdə kifayət
qədər normal göstərici sayıla bilər. Həmin göstərici, eyni zamanda, regionlarda əlverişli
biznes və investisiya mühitinin formalaşması, iş
adamlarının fəaliyyət imkanlarının genişlənməsi,
bölgələrin istehsal potensialının səmərəli
realizəsi, daxili istehsalın təşviq edilməsi ilə
şərtlənir. Daxili investisiya
qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə
artması, xaricdən maliyyə
asılılığının minimuma endirilməsi,
istehsalla məşğul olan müəssisələrin hərtərəfli
dəstəklənməsi, daxili bazarın qorunması bu
baxımdan xüsusi əhəmiyyət kəsb edir.
İqtisadiyyatın
aynası, davamlı inkişafın barometri sayılan büdcənin
real göstəriciləri və artım səviyyəsi istənilən
dövlətdə təkcə vətəndaşların
yaşayış səviyyəsini deyil, ümumən hökumətin
fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını
dəyərləndirməyə
imkan verir. Müstəqil Azərbaycanın son
illər dinamik inkişaf yolunda olması, ilk növbədə,
onun dövlət büdcəsində yer alan makroiqtisadi
göstəricilərində real əksini tapır. İqtisadi
mahiyyətinə görə dövlət maliyyəsi dövlətin
və dövlət müəssisələri və təşkilatlarının pul vəsaitləri fondlarının
yaradılması və onların geniş təkrar
istehsalının davam etdirilməsi, əhalinin sosial-mədəni
ehtiyaclarının ödənilməsi, ölkənin
müdafiəsinin təmini, cəmiyyətin idarə edilməsi
məqsədilə milli daxili məhsulun və milli sərvətin
bir hissəsinin bölüşdürülməsi və
yenidən bölüşdürülməsi ilə əlaqədar
pul münasibətlərindən ibarətdir. Dövlət
büdcəsi əsas gəlir və xərcləri
özündə ehtiva etməklə yanaşı, dövlətin
hüquqi qüvvəyə malik olan əsas maliyyə
planını təcəssüm etdirir. Büdcə vasitəsilə
dövlət və bələdiyyə orqanları öz
üzərlərinə düşən vəzifə və
funksiyaları yerinə yetirir.
Son 11 il ərzində
Azərbaycanın dövlət büdcəsi gəlirlərinin
strukturu real inkişaf dinamikası barədə dolğun mənzərə
yaradır. Səmərəli iqtisadi islahatların nəticəsi
olaraq dövlət büdcəsi gəlirlərinin illik
artım tempi dünya üzrə ən yaxşı göstəricilərdən
sayılır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına
görə, 2003-cü ildən Azərbaycanda büdcə gəlirlərinin
orta illik artımı 20-30 faiz təşkil edib və bu da
regionda ən yüksək göstəricilərdən
sayılır. Hazırda respublikamızın 2014-cü ilin
dövlət büdcəsi Cənubi Qafqazın ümumi
büdcəsinin 76 faizini təşkil edir.
Cənab
İlham Əliyevin rəhbərliyi ilə ötən müddət
ərzində regionlarda infrastrukturun yenidən qurulması və
inkişafı, səhiyyə və təhsil müəssisələrinin
tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması
istiqamətində mühüm əhəmiyyətli tədbirlər
həyata keçirilib. Azərbaycan öz iqtisadiyyatını sadəcə
neft amili üzərində qurmayıb, əldə olunan
uğurlu nəticələrdə qeyri-neft sektorunun da
mühüm paya malik olduğunu təsdiqləyib.
İqtisadiyyatın şaxələndirilməsi,
sahibkarlığın inkişafı, investisiya mühitinin
daha da yaxşılaşdırılması nəticəsində
ölkəmizdə qeyri-neft sektorunun inkişafı
dinamik xarakter alıb.
Mən sahibkar
olduğuma, tanınmış bir şirkətə rəhbərlik
etdiyimə görə, ölkədə özəl bölmənin
vəziyyəti barədə də fikirlərimi bildirmək
istərdim. Azərbaycanda sahibkarlığın
inkişafı sahəsində nailiyyətlərin əldə
olunmasında ümummilli lider Heydər Əliyevin müvafiq fərmanları
ilə təsdiq edilmiş qanunlar və dövlət
proqramları xüsusi əhəmiyyətə malikdir. Qəbul olunmuş dövlət proqramları,
qanunvericilik aktları və digər mühüm tədbirlərin
bu sahənin tərəqqisində xüsusi rolu olub,
sahibkarlığın inkişafı üzrə dövlət
tədbirlərini Azərbaycanın iqtisadi siyasətinin
prioritet istiqamətlərindən birinə çevirib.
Xüsusilə dövlət proqramları çərçivəsində
iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi
sahəsində mühüm tədbirlər həyata
keçirilib, sahibkarlara dövlət maliyyə köməyi
sistemi formalaşdırılıb. Dövlət
proqramları, eyni zamanda, sahibkarlığın inkişafı
istiqamətində həyata keçirilən tədbirlərin
sistemliliyini təmin edib, bu tədbirləri vahid
strategiyanın həyata keçirilməsinə yönəldib.
Ölkəmizdə dövlət-sahibkar münasibətlərini
tənzimləyən əsas prinsiplər müəyyənləşdirilib,
bu münasibətlərin
institusionallaşdırılması baş verib. Ümumiyyətlə,
sahibkarlığın inkişafı sahəsində qəbul
edilmiş normativ-hüquqi sənədlər,
sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi
iş adamlarında özünəinam hissini artırıb,
sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə,
xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin
fəaliyyətə başlamasına təkan verib. Artıq
ölkədə fəaliyyət göstərən
sahibkarlıq subyektləri sosial təşəbbüslərə
daha fəal qoşulmaqdadırlar.
Dövlət
başçısı İlham Əliyevin uğurla
reallaşdırdığı inkişaf strategiyası bu
gün özünün növbəti - üçüncü
mərhələsi ərəfəsindədir. 2013-2023-cü
illəri əhatə edəcək bu mərhələdə
Azərbaycanın inkişaf edən ölkələr
sırasına çıxarılması və əhalimizin
yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft
sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli
inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə
artırılması, dövlət və özəl
qurumların birgə fəaliyyəti üzrə yeni
strategiyanın hazırlanması, ən müasir
texnologiyaları tətbiq etməklə
iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara
əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik
prinsiplərinin, insan hüquq və azadlıqlarının tam
bərqərar edilməsi-Prezident İlham Əliyevin
qarşıya qoyduğu başlıca hədəflərdir.
Azərbaycanda
ardıcıl və dinamik inkişafı, rəqabətə
davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu
iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən
beynəlxalq birlik tərəfindən ciddi təhlil edilir və
yüksək qiymətləndirilir. BMT-nin İnsan
İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə
görə, Azərbaycan 169 ölkə arasında 101-ci
mövqedən 68-ci yerə qalxaraq “Yüksək insan
inkişafı” ölkələri kateqoriyasına daxil olub.
Hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə
görə MDB məkanında 1-ci, dünya miqyasında isə
38-ci yerdədir. Bütün bunlar Heydər Əliyev siyasi
kursunun təntənəsi və Azərbaycanda həyata
keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz
faktlarıdır. Bu nailiyyətlərin təməlində
Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
“düşünülmüş siyasət, ölkəmizdə
mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi
islahatlar dayanır”.
Yuxarıda
qeyd edilənləri yekunlaşdırıb qətiyyətlə
deyə bilərəm ki, Prezident İlham Əliyev çox
qısa müddətdə Azərbaycanın inkişafına,
beynəlxalq nüfuzunun yüksəlməsinə nail olmaqla
ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə
yazılan uğurların müəllifidir.
Möhtərəm dövlət başçımızın
timsalında hər bir Azərbaycan vətəndaşı
ölkənin tərəqqisinin simvolunu görür, bu
böyük şəxsiyyəti inkişafın təminatçısı
kimi dəstəkləyir. Fəaliyyəti ilə
ölkə cəmiyyətindən daim dəstək alan, ənənə
ilə novatorluğun, keçmişlə gələcəyin
üzvi vəhdətinə nail olan, müasir qloballaşma
dövründə istənilən məsələ üzrə
Azərbaycanın milli maraqlarının sadiq təminatçısı
kimi çıxış edən Prezident İlham
Əliyev ulu öndərin layiqli davamçısı olaraq
beynəlxalq miqyasda da ölkəmizin yeganə və
alternativsiz lideri kimi qəbul edilir.
Elşad ABBASOV,
“Embawood” şirkətinin prezidenti
Xalq qəzeti.- 2014.- 12 dekabr.- S.7.