Dövlətin informasiya təhlükəsizliyi prinsiplərinə

əməl olunmaması düşmənin əl-qolunu açır

 

Məlum olduğu kimi, bu il avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə çox mühüm bir məsələyə həsr olunmuş müşavirə keçirildi. Həmin müşavirədə əsas məqsəd ölkənin informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etmək və mövzu ətrafında fikir mübadiləsi aparmaq idi.

 

Akademik R.Mehdiyev son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqi dövrünü yaşadığını, beynəlxalq nüfuzunun gündən-günə yüksəldiyini qeyd etmiş, ölkədə demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulamış, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarından danışmışdı.

Prezident Administrasiyasının rəhbəri demişdir ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisinionun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər. Hörmətli akademik əlavə etmişdir ki, müxtəlif xarici antiazərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaqdır. Bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcəkdir.

Akademik R.Mehdiyev, həmçinin, bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini kəskin tənqid etmişdi. O, cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar göstərmişdir. O, xəbərdarlıq etmişdir ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Bütün bunlara baxmayaraq, bəzi kütləvi informasiya vasitələri yenə də informasiya təhlükəsizliyinə əməl etmir, dövlət sirrini yayır və bununla da düşmənlərimizə zəruri məlumatlar əldə etməyə imkan yaradırlar.

Adlarını jurnalist qoyan bəziləri bütün bünları bilərəkdən Vətənə xəyanət edir, digərləri isə jurnalistika aləmində naşılıqlarından və bu sahəyə tamamilə yad olduqlarından düşmən dəyirmanına su tökürlər. Məsələn, “Ayna-Zerkalo” qəzetinin rəhbərliyinin vasitəsilə Türkiyədə akkreditə olunmuş Rauf Mirqədirov jurnalistlik fəaliyyətindən istifadə edərək Vətənə xəyanət yolunu şeçmişdir.

Prezident Administrasiyasının rəhbəri belə halları nəzərdə tutaraq vurğulamışdır ki, “Formasından və məzmunundan asılı olmayaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyükostitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiyamilli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlır atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır”.

Gözləmək olardı ki, Azərbaycanın bir sıra kütləvi informasiya vasitələri, qəzet və elektron media rəhbərləri bu göstəriş və xəbərdarlıqdan düzgün nəticə çıxaracaq və öz işlərini bu istiqamətdə quracaqlar. Təəssüf ki, onlar ya başa düşmədən, ya da qəsdən informasiya təhlükəsizliyi məsələsini qulaqardına vururlar. Buna bir misal. Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin öz ərazimizdə mövqeyimizə hücum edən erməni hərbi helikopterinin məhv edilməsi zamanı da bəzi kütləvi informasiya vasitələrinin nümayəndələri yenə də öz naşılıqlarını, və ya məsuliyyətsizliklərini ört-basdır edə bilmədilər.

Xatırladaq ki, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçən Ermənistan silahlı qüvvələrinə məxsus helikopter müdafiənin ön xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edərkən cavab atəşi ilə vurulub. Bu hadisədən dərhal sonra bir sıra beynəlxalq təşkilatlar bəyanat verərək guya atəşkəs rejiminin pozulmasından narahat olduqlarını bildirdilər. Ermənistan tərəfi isə işğalçılıq siyasətini ört-basdır etmək üçün hərbi təyyarənin qondarma “Daqlıq Qarabağ” respublikasına məxsus olması barədə yalan məlumat yaydı.

Azərbaycan hərbçilərinin Ermənistana məxsus hərbi vertolyotu məhv etməsi işğalçı ölkədə böyük təşviş yaratdı. Hətta, övladları Dağlıq Qarabağda hərbi xidmətdə olan valideynlər Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşaraq etiraz aksiyası da keçirdilər. Son günlər belə aksiyaların tez-tez keçirilməsindən ciddi narahat olan düşmən ölkənin rəhbərliyi bu dəfə çətin vəziyyətə düşdü. Onlar hərbi helikopterin Ermənistan ordusuna məxsus olmadığı barədə müxtəlif yalan məlumatlar yaydılar. Hətta qondarma “Dağlıq Qarabağ” respublikasının müdafiə naziri Movses Akopyanı da təcili bəyanat yaymağa vadar etdilər. Bəyanatda bildirildi ki, məhv edilmiş hərbi helikopter guya “Daqlıq Qarabağ respublikası”na məxsusdur.

M.Akopyanın yaydığı bəyanatın mürəkkəbi qurumamış bəlli oldu ki, Azərbaycanın hava məkanını pozub, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücüm edərkən zərərsizləşdirilən  hərbi helikopter Ermənistan ordusuna məxsusdur. Helikopterin ekipajının komandiri mayor Sergey Saakyan Ermənistan ordusunun hərbi qulluqçusu olub. Məlumatdan aydın olur ki, hərbi helikopter, əslində, Ermənistan silahlı qüvvələrinə məxsusdur, ekipaj üzvləri - baş leytenant Sarkis Nazaryanleytenant Azat Saakyan da Ermənistan ordusunun üzvləri olub.

Göründüyü kimi, Ermənistan rəhbərliyi dünya təcrübəsində mövcud olan bütün normalara zidd davranış nümayiş etdirmiş, danışıqlar prosesini pozmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışmışdır. Hazırda Ermənistan rəsmiləri və erməni lobbisi həm də informasiya təxribatına keçərək baş vermiş hadisənin məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa çalışır.

Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrimiz, xüsusi ilə elektron media naşılıqdanmı, yaxud qəsdən onlara kömək etdi. Düşmən helikopterinin vurulma görüntüsünü cib telefonu ilə çəkən əsgərimiz, yaxud zabitimiz həmin videonu internetə ötürdü və dərhal bütün dünya bundan xəbər tutdu.

Bizim bəzi mətbuat orqanlarımızda, sosial şəbəkələrdə tələm-tələsik, şərhsiz, izahatsız yayımlanan bu görüntülər, informasiyalar kimin haqlı, kimin haqsız olduğunu bildirmədi. Nəticədə, Ermənistanın hərbi helikopterinin mövcud atəşkəs rejimini və müstəqil Azərbaycan dövlətinin hava məkanını kobudcasına pozaraq, mövqelərimizə hücum edərkən beynəloxalq qanunlara uyğun olaraq, Milli Ordumuzun döyüşçüsü tərəfindən zərərsizləşdirməsi çox ciddi hay-küyə səbəb oldu. Ermənilər və onlara havadarlıq edən beylnəlxalq təşkilatlar əvvəlcə bəyənat verdilər ki, helikopter, guya təmas xəttindən uzaqda, hətta “neytral ərazidə” (?!) vurulub. Sonra isə özlərini təkzib etdilər.   

Qondarma “DQR”in müdafiə naziri Movses Akopyan jurnalistlərlə söhbəti zamanı noyabrın 12-də təmas xəttinin Ağdam istiqamətində vurulan Mi-24-in Azərbaycan mövqelərinə həmlə etdiyini təsdiqləyərək deyib: “Vertolyot düşmən mövqelərindən cəmi 20 metr məsafədə vurulub. Hazırda həmin əraziyə yaxınlaşmaq mümkün deyil. Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edərək ekipaj üzvlərinin taleyinin aydınlaşdırılmasını xahiş etmişik. Təşkilat cavab verib ki, hazırda bu məsələ ilə məşğuldur”. Halbuki, Ermənistan Müdafiə Nazirliyi israrla bildirirdi ki, vertolyot Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmayıb və təhlükəli manevrlər etməyib, yalnız təlim-məşq uçuşları həyata keçirib. Lakin indi düşmən qüvvələrinin generalının vertolyotun Azərbaycan mövqelərindən cəmi 20 metr məsafədə vurulduğunu etiraf etməsi Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın yalan olduğunu təsdiqlədi.

Məgər düşmənin Mi-24 hərbi helikopteri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin “cəmi 20 metrliyinə” yaxınlaşması hücum deyilmi?

Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edən Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin məhv edilməsi bəzi beynəlxalq təşkilatların narahatlığına səbəb olub. Fikir verin, Avropa İttifaqının xarici siyasət fəaliyyəti xidməti münaqişə zonasında Ermənistan hərbi helikopterinin vurulmasından sonra münaqişə tərəflərini təmkinli olmağa çağırıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri də insidentlə bağlı narahatlığını bildirib, hətta bəyanat da yayıblar. Onlar ölüm hallarından təəssüfləndiklərini qeyd edərək, ölənlərin ailələrinə baş sağlığı veriblər. Həmsədrlər münaqişə tərəflərini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına gətirib çıxara bilən addımlardan qaçmağa çağırıblar. Həmsədrlərin fikrincə, region üçün bu yay müşahidə olunan güc tətbiqinin növbəti raundu dözülməz olardı. Qeyd ediblər ki, 12 noyabr insidenti onlara münaqişədəki hazırkı vəziyyətin qeyri-sabitliyini nümayiş etdirir və münaqişənin davamlı həllini tapmaq üçün səyləri intensivləşdirməyin təxirəsalınmazlığını göstərir. Bu məqsədlə də həmsədrlər mümkün olan istənilən yollarla münaqişə tərəflərinə dəstək göstərməkdə qətiyyətli olduqlarını ifadə ediblər. Bəyanatın sonunda həmsədrlər tərəflərə atəşkəs rejiminə riayət edilməsi və münaqişənin dinc yolla həlli üçün Soçi, Nyuport və Parisdə götürdükləri öhdəliklərini xatırladıblar. Onu da qeyd edək ki, son 20 ildə ATƏT-in Minsk qrupunun əsas vəzifəsi belə ümumi sözlərlə dolu olan bəyanatlar verməkdən ibarət olub. Görünür, onlar belə əhəmiyyətsiz bəyanatlarla öz vəzifələrini bitmiş hesab edirlər. Ancaq unutmamalıdırlar ki, üzərilərinə götürdükləri missiyanı 20 ildən artıqdır ki, yerinə yetirə bilmirlər.

Bizim əksər kütləvi informasiya vasitələrinin nümayəndələri ölkəmizə qarşı belə qərəzli faktları ictimailəşdirmək əvəzinə, dövlət sirrini yaymaqla məşğul olurlar. Bu da onların sətiştəsizliyindən irəli gəlir. Artıq mətbuatda kütləvi hal almış qeyri-peşəkarlığın qarşısı alınmalıdır.

Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının, Müdafiə Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyində medianın rolumövzusunda keçirilən tədbirdə də son dövrlərdə çəbhəboyu zonada baş verən hadisələrlə bağlı bir sıra kütləvi informasiya vasitələrinin cəmiyyətə düzgün informasiya çatdırmaması qeyd olunub. Bu sahədə mühüm işlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Siyasi riyakarlıq nümayiş etdirən bir sıra beynəlxalq təşkilatlar özləri də yaxşı bilirlər ki, hazırda Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdakı separatçı rejimlə birgə işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimlər keçir. Təlimlərə 40 mindən artıq hərbi qulluqçu, 550 artilleriya qurğusu, 250 zirehli hərbi maşın, 150 hava hücumundan müdafiə sistemi, tank əleyhinə 330 texnika, 100-ü xüsusi təyinatlı olmaqla 1300 avtomobil cəlb edilib. Bu özbaşınalıq  Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin bu günlərdə mətbuatda dərc olunmuşİkili standarların dünya nizamı və müasir Azərbaycan” əsərində də öz əksini tapıb. Akademik Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini görməzliyə vuran Qərbi və beynəlxalq təşkilatları kəskin tənqid edib. Müəllif qeyd edir ki, ABŞ 1992-ci ildən bəri Ermənistana iki milyard dollardan artıq, Dağlıq Qarabağ separatçılarına isə 1998-ci ildən bəri 83 milyon dollardan çox maliyyə yardımı göstərib. Göründüyü kimi, Amerika əsla gizlətmir ki, o, Ermənistanın yürütdüyü, bu uzanan münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət xəttini dəstəkləyir.

Dağlıq Qarabağla əlaqədar münaqişədə Ermənistanın haqsız olduğunu sübut edən kifayət qədər fakt var. Azərbaycan mətbuatı, kütləvi informasiya vasitələri əsas diqqəti bu məsələyə yönəltməlidir. Cəbhədəki durumla, milli təhlükəsizlik, informasiya təhlükəsizliyi kimi həssas məsələlərdən bəhs edərkən son dərəcə ehtiyatlı davranmalıdırlar. Burada əlaqədar hüquq-mühafizə orqanları da kənar müşahidəçi olmamalı, hərəkətə gəlməli, xüsusən, cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atmalıdırlar.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 13 dekabr.- S.8.