Milli iftixar rəmzi
Azərbaycan regionda qüdrətli bir dövlətə çevrilməyə layiq dövlətdir. Prezident Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə aparır.
Henri KİSSİNCER,
Nikson hökumətində ABŞ Xarici Siyasət İdarəsinin rəhbəri
Ümummilli liderlər, bir qayda olaraq, millətin dar günündə, taleyüklü dönüş mərhələsində meydana çıxır və bənzərsiz xidmətləri ilə insanların qəlbində özlərinə əbədi taxt qururlar. Bu səbəbdən əsrlər ötsə də belə şəxsiyyətlər unudulmur, yaddan çıxmır. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev də məhz belə tarixi şəxsiyyətlərdəndir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev öz parlaq şəxsiyyəti, yüksək siyasi bacarığı, müdrikliyi, idarəçilik qabiliyyəti sayəsində hər bir azərbaycanlının qəlbində milli iftixar rəmzi olaraq əbədi həkk olunmuşdur.
Bu
gün Azərbaycan xalqı müstəqilliyini
yenidən onlara qaytardığına, Azərbaycan
adını dünyada
tanıtdığına görə, dövlətimizin bugünkü hərtərəfli
inkişafının təməlini qoyduğuna
görə ulu öndərə minnətdardır.
SSRİ dövründə
iqtisadiyyatı, elmi - mədəni
potensialı, təbii sərvətləri imperiya
tərəfindən istismar edilən Azərbaycanda
vəziyyət çox acınacaqlı idi. Belə bir gərgin
şəraitdə – 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana
rəhbər seçilməsi ilə respublikamızda milli əxlaq, milli şüur istiqamətində yeniləşmə,
yeni düşüncə tərzinə malik olan insanların
yetişməsi prosesi özünü
göstərirdi. Azərbaycan tarixində dönüş
ili hesab olunan 1969-cu ildə respublikanın sosial-iqtisadi və mədəni inkişafı
özünün yenidən dirçəliş
dövrünə qədəm qoydu.
“Təhsil millətin
gələcəyidir”, – deyən ümummilli
lider Heydər Əliyev Azərbaycanda
hakimiyyətə gəlişinin ilk
günündən onun inkişafına
qayğını ön plana
çəkərək, təhsilin yüksəlişinə nail olmaq üçün
bütün potensialdan
istifadəyə geniş şərait
yaratmışdır. Nəticədə ötən əsrin
70-80-ci illəri Azərbaycan təhsilinin coşqun
yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil
olmuşdur. Keçmiş SSRİ - nin ali
rəhbərliyində çalışdığı
1982-1987-ci illərdə ulu öndər
digər sahələrlə yanaşı, super
dövlətin təhsil sisteminə, eləcə də,
SSRİ-də keçirilən ümumtəhsil və peşə
məktəbi üzrə islahat prosesinə
rəhbərlik etmişdir. 70-80-ci illərdə
Heydər Əliyevin qayğısı nəticəsində
350 mindən çox şagird
yeri olan 680 ümumtəhsil
məktəbi tikilib istifadəyə verilmişdir. 1969-1982-ci illərdə məktəbəqədər
tərbiyə müəssisələrinin sayı 1875-ə
çatmış, 1979-cu ildə orta məktəblərin
şəbəkəsi 1965-ci illə müqayisədə 3 dəfədən
çox artmışdır.
Müdrik dövlət
başçısının təhsilin inkişafına
göstərdiyi misilsiz xidmətlərdən
biri də 1970-1980-ci illərdə azərbaycanlı
gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu
ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt Azərbaycandan kənarda təhsil
almağa göndərilmiş, indi xalqımızın fəxrlə “Heydər
Əliyevin kadrları” adlandırdığı 15 mindən çox gənc bu gün xalq təsərrüfatının,
elm, təhsil, mədəniyyətin
müxtəlif sahələrində uğurla
çalışır.
“Hər bir xalq öz
dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf
etdirmək və dünya mədəniyyəti
səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının,
elm, bilik xadimlərinin
fəaliyyəti nəticəsində mümkün
olur”, – deyən ulu
öndərin o zaman bütün təzyiqlərə baxmayaraq, 1978-ci il
Konstitusiyasında Azərbaycan dilini
dövlət dili kimi
qəbul etdirməsi, həqiqətən, onun
öz xalqı və Vətəni
qarşısında göstərdiyi misilsiz
xidmətdir.
Bundan əlavə,
1973-cü ildə ümummilli liderin təşəbbüsü ilə
Bakıda yaradılan Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb Azərbaycanda milli hərbi kadr
hazırlığı üçün baza rolunu
oynamışdır. Bu hərbi məktəb
Azərbaycanda ordu quruculuğunda
əsas bazalardan birinə çevrilib
və bu gün də
hərbi kadr hazırlığı sahəsində
mühüm rol
oynayır.
Məlumdur ki, Sovet hakimiyyəti illərində
görülən bu işlər daha sonralar xalqda
milli özünüdərk prosesinin qüvvətlənməsinə,
müstəqillik arzularının qabarmasına çox böyük təsir
göstərmişdir. Nəticədə, Heydər
Əliyevin son dərəcə yüksək
məharəti, uzaqgörənliyi ilə həyata keçirilən
tədbirlər sayəsində ötən əsrin 80-ci illərinin
sonu, 90-cı illərinin əvvəllərində,
yəni, müstəqillik hərəkatının geniş vüsət aldığı dövrdə
xalqımızın mübarizlik ruhu formalaşmışdır. Bununla da xalqımızda milli özünüdərk hissi
daha da güclənmişdir.
Beləliklə,
90-cı illərdə yaşanmış bütün
çətinliklərdən sonra
xalqımızın yenidən hürriyyətə
qovuşması da böyük
siyasətçinin düşünülmüş
addımları sayəsində oldu. Lakin bu, bir
həqiqətdir ki, müstəqilliyi qoruyub saxlamaq və inkişaf etdirmək onu qazanmaqdan çətindir. O
dövrdə mövcud olan
iqtisadi böhran, səriştəsiz
siyasətçilərin hakimiyyət davası, xarici qüvvələrin hərbi və psixoloji hücumları respublikamızın
müstəqilliyini tam təhlükə
altına almışdı. Belə bir vəziyyətdə
xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər
Əliyevin böyük
siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən
çıxarmaq mümkün oldu.
Heydər Əliyevin
1993-cü ilin iyun
ayında hakimiyyətə gəlməsi təkcə xalqın
deyil, həm də zamanın tələbi
idi. O, dövlət zəkası və
uzaqgörənliyi, çox böyük səyləri sayəsində
ölkəmizdə sabitliyə nail oldu. Ümummilli lider öz adını Azərbaycan
tarixində müstəqil dövlətin müdrik
banisi kimi əbədiləşdirdi.
Daha sonra Heydər Əliyevin diplomatik səyləri sayəsində
1994-cü ilin mayında Ermənistan-Azərbaycan
müharibəsində atəşkəsə nail
olunması və Azərbaycan həqiqətlərinin,
xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin
dünya ictimaiyyətinə olduğu kimi
çatdırılması ölkəmizin təhlükəsizliyi, ərazi bütövlüyünün təmin
olunması baxımından çox mühüm addımlar oldu.
Onun fəal diplomatiyası nəticəsində
dünyanın demokratik dövlətlərinin
və aparıcı ictimai təşkilatlarının
ölkəmizə, onun zorla
cəlb edildiyi silahlı münaqişəyə
münasibətinin əsaslı surətdə dəyişməsinə
nail ola bilmişdir.
Müstəqillik
qazandıqdan dərhal sonra dövlətimiz
qısa müddətdə BMT, Avropa Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı,
Müstəqil Dövlətlər Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı,
Beynəlxalq Valyuta Fondu,
GUAM, Dünya Bankı, Avropa
Yenidənqurma və İnkişaf Bankı, Avropa
Şurası, Avropa Birliyi,
NATO və başqa beynəlxalq təşkilatlarla
qarşılıqlı əməkdaşlığa nail olmuşdur.
Ümummilli liderin müstəqil
Azərbaycan dövləti qarşısında göstərdiyi
ən böyük xidmətlərdən biri də ölkənin iqtisadi
yüksəlişinin təməlini qoyan
“Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. Bu müqavilənin gerçəkləşdirilməsi
Heydər Əliyev tərəfindən işlənib
hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf
konsepsiyasının əsasını təşkil edən,
ölkəmizin zəngin təbii sərvətlərindən
xalqın rifahı naminə daha da səmərəli istifadə etmək
məqsədi güdən neft
strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi.
Böyük öndərin müəllifliyi ilə
hazırlanmış və ümumxalq səsverməsi
nəticəsində 1995 - ci ildə qəbul
olunmuş, dövlət quruculuğunun
hüquqi bazasının əsasını
təşkil edən müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası onun milli dövlətçilik
qarşısında tarixi xidmətlərindən biridir.
Qeyd edək ki, Heydər Əliyevin Azərbaycanda
hakimiyyətə qayıdışından sonra
da Azərbaycan təhsilinin
inkişafına qayğısını, diqqətini əsirgəməmişdir.
1998-ci ildə “Təhsil sahəsində islahat
Proqramı”nın hazırlanması üçün
yaradılan xüsusi dövlət
komissiyası Azərbaycan təhsilinin gələcək inkişaf
konsepsiyasını müəyyənləşdirdi.
Ümummilli liderin Azərbaycan
elminə ən böyük töhfələrindən
biri də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının (DİA) yaradılması barədə tarixi qərarıdır. Prezidentin 1999-cu il 3 yanvar tarixli
fərmanı ilə yaradılmış DİA müstəqil
Azərbaycanda demokratik ölkələrin
zəngin təcrübəsinə əsaslanan mükəmməl,
çevik və mütərəqqi
dövlət idarəçilik sistemi
formalaşdırmaq niyyətindən irəli gəlir.
Bundan başqa, ümummilli
liderin 1998-ci il
fevralın 10-da ölkəmizdə ölüm
hökmünü ləğv etməsi onun insan hüquq
və azadlıqlarına verdiyi yüksək
dəyərin əyani təzahürüdür. 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlu
üzv qəbul edilən Azərbaycan
Respublikası artıq 13 ildir ki, bu
təşkilatın tribunasından istifadə edərək, öz həqiqətlərini dünya
ictimaiyyətinə çatdırır.
Həmçinin
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə başlıca qayəsini müstəqillik,
azərbaycançılıq, dövlətçilik, ədalətlilik,
demokratiya, milli tərəqqi,
dünyəvilik kimi ümumbəşəri
dəyərlər təşkil edən yeni
bir ideologiyanın əsası qoyulmuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq
ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən
etmiş, milli dövlətçiliyimizin
ideya əsasını təşkil edərək,
dünya azərbaycanlılarının həmrəyliyi
üçün möhkəm zəmin
yaratmışdır. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş
Dünya Azərbaycanlılarının
1-ci Qurultayı ölkənin ictimai-siyasi
həyatında və dünya azərbaycanılarının
həmrəyliyinin güclənməsi işində əlamətdar
hadisə olaraq, Heydər Əliyevin azərbaycançılıq
ideyalarının təntənəsinə çevrilmişdir.
Ulu öndərin ən çox
diqqət göstərdiyi əsas məsələlərdən
biri ana dili məsələsi olmuşdur.
Bununla
bağlı 1995-ci ildə Azərbaycan dilinin
dövlət dili kimi Konstitusiyada öz əksini
tapması, 18 iyun 2001-ci il
tarixli “Dövlət dilinin
tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” fərmanı ilə latın qrafikasına
keçmək barədə qərarın qəbulu və 9 avqust 2001-ci il tarixli “Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” fərman Azərbaycan dövlətinin milli simasını müəyyən etmişdir.
Təbii ki, onun Azərbaycan
xalqı üçün, Vətəni üçün həyata keçirdiyi
fəaliyyətini sadalamaqla bitməz. Mənalı
ömrünün tam bir qərinəsini siyasətə, qurub-yaratmağa həsr etmiş
Heydər Əliyevin Vətən və xalq
qarşısındakı xidmətlərini heç
nə ilə müqayisə etmək olmaz.
O, elə bir şəxsiyyətdir ki, istər ölkə daxilində, istərsə
də, onun hüdudlarından çox - çox uzaqlarda daim mənsub olduğu xalqa
başucalığı, nüfuz və
hörmət gətirmişdir. Heydər Əliyev Azərbaycan
üçün o qədər
tarixi əhəmiyyətli işlər görmüşdür ki,
onları əvvəlki rəhbərlərin gördükləri
ilə nə müqayisə etmək mümkündür,
nə də mahiyyətcə eyniləşdirmək. Ulu öndərin Azərbaycan naminə gördüyü misilsiz
işlər heç vaxt
yaddaşlardan silinməyəcəkdir.
Ləman
XƏLİLOVA,
“Azerbaijan
Realities” analitik təhlil
qrupunun üzvü
Xalq qəzeti.- 2014.- 13 dekabr.- S.4.