Qüdrətli dövlət
quruculuğunun banisi
Hər tarixi dövrün özünəməxsus sosial, siyasi, mədəni və iqtisadi çağırışları olur. Onları dərk edən xalqlar uyğun inkişaf modelini yarada bilir. Bu zaman tarixi təcrübə ilə yanaşı, cəmiyyətin yetişdirdiyi şəxsiyyətlər də böyük rol oynayır. Müasir dövr üçün bu tezisin daha ciddi əhəmiyyəti var. Çünki indi dünyada daha mürəkkəb proseslər gedir, daxili və xarici faktorlar arasında olduqca sıx bağlılıq müşahidə edilir. Təbii ki, tarixin bütün mərhələlərində həmin aspektlər arasında əlaqə mövcud olmuşdur. Lakin müasir dövrün fərqi ondadır ki, qloballaşma adlanan proses daxili və xarici reallıqları demək olar ki, vahid sistem halına gətirmişdir.
Bu səbəbdən
müstəqilliyini əldə etmiş cəmiyyətlərdə
dövlət quruculuğu ilə sosial-iqtisadi və mədəni
inkişaf modeli arasında tarixdə müşahidə edilməyən
qarşılıqlı asılılıq mövcuddur. Azərbaycan keçən əsrin 90-cı illərində
müstəqilliyinə qovuşanda məhz bu cür vəziyyətlə
üz-üzə qalmışdı. Həmin mərhələdə
bir sıra naşı siyasətçilərin yarıtmaz fəaliyyəti
ölkənin daxili vəziyyətini gərginləşdirməklə
yanaşı, beynəlxalq aləmdə də müdafiəsiz
qoymuşdu. Həqiqəti aydın təsəvvür etmək
üçün o dövrün bəzi qlobal geosiyasi əlamətlərinə
nəzər salmağa ehtiyac duyulur.
XX əsrin
90-ci illərinin əvvəllərində sosialist düşərgəsinin
dağılması ilə dünyada faktiki olaraq yeni geosiyasi mənzərə
formalaşmağa başladı. O cümlədən SSRİ,
Mərkəzi və Şərqi Avropanın sosialist dövlətlərinin
siyasi-hərbi, sosial-mədəni birliyinə son qoyuldu. Tarixi təcrübə
göstərir ki, bu cür silkələnmələrdən
sonra insanların düşüncələrindən tutmuş
böyük dövlətlərin daxili və xarici siyasətinədək
bütün sahələrdə köklü dəyişikliklər
baş verir. Siyasi, mədəni və iqtisadi təfəkkürdə
əsaslı yeniləşmələr özünü
göstərir. Həmin prosesin fərdlərin və
bütövlükdə cəmiyyətlərin həyatında
etdiyi dəyişikliklərin fonunda diqqəti çəkən
bir qanunauyğunluq da müşahidə edildi. Bu da dövlət
quruculuğu, yeni cəmiyyətin formalaşması, uğurlu
inkişaf modellərinin yaradılması kimi məsələlərdə
qarşıya yeni vəzifələr çıxardı.
XX əsr boyu sosial-mədəni,
geosiyasi, hərbi və iqtisadi mühitin getdikcə daha da
mürəkkəbləşdiyini müxtəlif kontekstlərdə
hər bir ciddi tədqiqatçı təsdiq edir. Lakin mürəkkəbləşməni
bəşəriyyət üçün ümumi tendensiya kimi
qəbul etməklə yanaşı, onun ayrı-ayrı mərhələlərdə
ön sıraya fərqli prosesləri də
çıxardığını vurğulamaq lazımdır.
Məhz bu kontekstdə demək olar ki, sosialist düşərgəsinin
dağılması bir mühüm reallığı dünya
siyasətinin, geosiyasi və humanitar-elmi nəzəriyyələrin
diqqət mərkəzinə gətirdi. Bu reallığı
“postsovet məkanı” və “yeni müstəqil dövlətlər”
terminləri ilə ifadə etmək olar. Hər iki termin
böyük siyasi, hərbi, mədəni, geosiyasi və
iqtisadi birliyin sürətlə parçalanması nəticəsində
yenə həmin məkanın birliyinə aid olan proseslərin
ifadə edilməsi məqsədi ilə formalaşdırıldı.
Bu cür yanaşma tarixin tələbi
idi. Yeni müstəqil dövlətlərin
milli qurum olaraq inkişafı, onların demokratik dünyaya
inteqrasiyası və xarici siyasətlərinin prioritetləri
ciddi maraq doğuran məsələyə çevrilirdi.
Ötən müddət ərzində qət edilmiş yola nəzər
saldıqda hər dövlətin öz tarixi
trayektoriyasının formalaşdığını
görürük: bəzi ölkələr üçün
uğurlu olmuş, digərlərinin problemləri isə
heç azalmaq bilməmişdir. Bəziləri
köhnə düşüncə tərzindən əl
çəkib, yeni modelləri qəbul etmək istəmirlər.
Bu zaman isə dövlət quruculuğu ilə
sosial inkişaf modelinin uğurlu seçilməsinin vacibliyini
nəzərdə saxlamaq lazımdır.
Həmin kontekstdə onu da vurğulamaq istərdik
ki, Azərbaycanın xarici təcavüzə məruz
qalması müstəqil dövlət quruculuğu məsələsini
daha da mürəkkəbləşdirmişdi. Hətta bəzi dairələrin Azərbaycan adlı
dövləti yer üzündən silmək planları ortaya
çıxmışdı. Məsələyə
qlobal miqyasda gedən geosiyasi proseslərin
işığında nəzər salanda Frensis Fukuyamanın
bir qeydini xatırlatmaq lazım gəlir. Müasir
dövrün tanınmış filosof və futuroloqlarından
olan F.Fukuyama güclü dövlətin formalaşması məsələlərini
birbaşa XXI əsrdə dünya nizamının təmini və
idarəetmə ilə əlaqələndirir. O yazır
ki, bizim dövlət quruculuğu haqqında çox
düşünməyimizə baxmayaraq,
anlamadığımız çox şeylər vardır. F.Fukuyama həmin çətin məsələlər
sırasında “güclü strukturları (dövlət
strukturları nəzərdə tutulur - N.M.) inkişaf etməkdə
olan ölkələrə necə köçürməyi”
ayrıca qeyd edir. Yəni, bir rejimin sürətlə
dağılması nəticəsində cəmiyyətin tamamilə
fərqli sosial-siyasi, hərbi və iqtisadi mühitə
düşməsi, onun bütövlüyünü saxlamaq
şərti ilə transformasiyası çox mürəkkəb
problemdir. Həmin şərtlər daxilində Azərbaycanda
müstəqil dövlət quruculuğu ilə sosial
inkişaf modelinin uyğunlaşdırılması məsələsini
sadə proses kimi təsəvvür etmək çətindir. Fikrimizcə, sualın cavabı Azərbaycanın
geosiyasi mövqeyi və təbii sərvətləri ilə
yanaşı, cəmiyyətimizin zəngin və özünəməxsus
mədəniyyətə, dövlətçilik ənənəsinə
və yüksək passionarlığa sahib olmasındadır.
Həmin potensial sayəsində Azərbaycan
zaman-zaman qəhrəman liderlər yetişdirib. Azərbaycanlılar XX əsr boyu tarixin
çağırışlarına məhz bu potensialla cavab
verib. Bir neçə dəfə
repressiyalara, deportasiyalara məruz qalmalarına baxmayaraq,
müstəqilliklərini heç nəyə dəyişməmişlər.
1988-ci ildən başlayıb 1993-cü ilin iyun
ayınadək Azərbaycanın perspektivləri ilə
bağlı ziddiyyətli mövqelər var idi. Ümumiyyətlə, söhbət dövlətin
qalıb-qalmaması məsələsindən gedirdi. F.Fukuyamanın haqqında bəhs etdiyi güclü
dövlət strukturlarını formalaşdırmadan onun
müstəqilliyini qoruyub saxlamaq mümkün deyildi. Bunun üçün isə strateji təfəkkürlü,
uzaqgörən, soyuqqanlı və qətiyyətli siyasətçi-lider
lazım idi. Azərbaycan xalqı
1993-cü ildən ikinci dəfə həmin liderinə
arxalandı. Bu, bir xalqın bir əsrdə
ikinci dəfə qəhrəmanlıq göstərməsi,
uzaqgörənlik və dövlət qurmaq qüdrətini
nümayiş etdirməsi idi. Ulu öndər
Heydər Əliyev Azərbaycanın müstəqil dövlətini
və xalqını zamanın ziddiyyətləri məngənəsindən
sözün həqiqi mənasında xilas edərək, onu
real inkişaf xəttinə istiqamətləndirdi.
Heydər Əliyev bütün fəaliyyəti
boyu Azərbaycan mədəniyyəti və tarixinin əhəmiyyətini
xüsusi qeyd edirdi. Bütövlükdə, Azərbaycanın
müstəqil dövlətçilik kursu bu məqam üzərində
quruldu. Faktiki olaraq, ümummilli lider
qısa müddət ərzində xalqın quruculuq enerjisini
dövlətin maraqlarının təmin olunması istiqamətində
səfərbər edə bildi. Heydər
Əliyev cəmiyyətin mədəni-intellektual
potensialını və mənəvi dəyərlərini
milli ideyanın reallaşdırılmasına yönəltdi.
Problemin bu aspekti elmi-nəzəri
baxımdan böyük əhəmiyyət kəsb edir. Sosialist düşərgəsinin
dağılmasından sonra meydana gələn müstəqil
dövlətlərin daxili və xarici siyasətinin təməlinə
hansı baza prinsipinin qoyulmasından onların gələcək
dövlətçiliyinin taleyi asılıdır. O zaman
bu məqamı hər kəs dərk edə bilmirdi. Azərbaycan üçün seçim anı daha
çətin amillərlə bağlı idi. Ölkəyə
təcavüz vardı, müxtəlif istiqamətlərdən
təzyiqlər ara vermir, daxildə
qeyri-müəyyənlik hökm sürürdü. Məhz belə bir mürəkkəb və ziddiyyətli
şəraitdə mədəniyyəttutumlu suverenlik
strategiyasına üstünlüyün verilməsi strateji təfəkkürlə
yanaşı, siyasi xadim müdrikliyi də tələb edirdi.
Heydər Əliyev dövlət idarəçiliyində
klassik və müasir anlamda dövlət quruculuğunun baza
prinsiplərinə əsaslanırdı. Ulu
öndər həm də zəngin şəxsi təcrübəsindən
geniş istifadə edirdi. Bu, görkəmli
dövlət xadiminə çevik siyasi qərarlar qəbul etməyə
imkan verirdi. O, hər bir böhranlı vəziyyətdən
düzgün çıxış yolu tapa bilirdi.
Heydər Əliyev strateji hədəfləri
daxili və xarici amilləri kompleks şəkildə nəzərə
almaqla, dünyada gedən mürəkkəb geosiyasi prosesləri
dərindən və hərtərəfli təhlil edərək
müəyyənləşdirirdi. Bütün
bunlar ulu öndərin dövlətçilik məfkurəsinin
başlıca siyasi, ideoloji və nəzəri əsaslarının
zənginliyini nümayiş etdirir. Göründüyü
kimi, Heydər Əliyevin dövlətçilik kursu
seçimi tarixi əhəmiyyətə malikdir. Ümummilli lider Azərbaycanın gələcəyinə
görə məsuliyyəti öz üzərinə
götürdü və “...hədsiz gərgin zəhmət
bahasına 1993-2003-cü illərdə yeni milli inkişaf
strategiyasını formalaşdırmağa müvəffəq
oldu”. Təcrübə göstərir ki,
belə fürsət heç də hər xalqa və millətə
nəsib olmur.
Beləliklə, Azərbaycanın milli
inkişaf strategiyası mədəniyyəttutumlu suverenlik
ideyasına əsaslanırdı. Mədəniyyəttutumlu
suverenlik həm də sosial yönümlü inkişaf modeli
seçmək deməkdir. Bu mənada mədəniyyəttutumlu
suverenliyin Azərbaycan Respublikasının daxili və xarici
siyasətinin özəyi olması fikrini qəbul etmək
lazımdır. Postsovet məkanı
üçün bu kurs kifayət qədər yeni olmaqla kreativ
siyasi təfəkkür tələb edir. Problemin
mahiyyəti də məhz bundadır. Çünki
müstəqilliyinə yenicə qovuşan və hər tərəfdən
əsassız ittihamlara məruz qalan gənc dövlətin
xarici siyasətinin möhtəşəm binasının
bünövrəsinə bədxahların gözünə ox
kimi batan zəngin milli mədəniyyəti qoyub, demokratik
dövlət qurmaq olduqca mürəkkəb bir iş idi. Başqa geosiyasi şərtlərlə
yanaşı, həm də ona görə ki, Azərbaycana
qarşı olan əsassız hiddətin kökündə məhz
zəngin, təkrarolunmaz milli mədəniyyət və
dövlətçilik ənənələrimizin
varlığını bəzilərinin qəbul etmək istəmədiyi
dururdu. Heydər Əliyev bütün risklərə
sinə gərərək dövlətçilik kursunun əsasına
milli mədəniyyət və sosial inkişaf amillərini
qoydu. Mədəniyyəttutumlu suverenlik
ideyası qlobal kontekstdə Azərbaycan üçün
çox əhəmiyyətli idi.
Bütün bunlar keçən əsrin
ikinci yarısından başlayaraq cəmiyyətin inkişaf
modelinin təməlində hansı ideyanın
qoyulmasının ciddi müzakirə obyektinə çevrilməsi
fonunda baş verirdi. Hərbi qüdrət, yoxsa iqtisadi
güc, güclü ideologiya, yaxud sosial inkişaf modeli və
s. kimi variantlar müxtəlif formalarda diqqət mərkəzinə
gətirilirdi. XX əsrin 90-cı illərindən
başlayaraq qabaqcıl düşüncəli insanlar mədəniyyətə
və sosial tərəqqiyə istinad edən inkişafın
daha dayanıqlı və davamlı olduğunu ümumi əsaslarla
vurğulayırdılar. Azərbaycan da tarixi şəraitin
çağırışlarına Heydər Əliyevin sayəsində
XX əsrin 90-cı illərində məhz bu tələbə
uyğun cavab verdi.
Güclü
dövlətin təşəkkülü məsələsi
F.Fukuyama zəif dövlətin milli
problemlərin də qaynağı olduğunu qəbul edir. Bu məqamda Fukuyamanı tam haqlı
görürük. Keçən əsrin
90-cı illərində postsovet məkanında, o cümlədən
Azərbaycanda cərəyan edən siyasi proseslər müstəvisində
həmin amil olduqca böyük əhəmiyyət kəsb
edir. Bəli, o zaman keçmiş sovet
respublikalarının hamısının qarşısında
“hansı yolu seçməli”, “necə bir cəmiyyət və
dövlət qurmalı?” kimi suallar dururdu. Problemin
bir tərəfi sosialist düşərgəsinin
dağılması ilə dünyadakı geosiyasi balansın Qərbin
xeyrinə kəskin dəyişməsi ilə bağlı idi.
Digər tərəfdən isə müstəqilliyə zaman
baxımından qısa müddətdə
“atılmış”, totalitar rejimin “tırtılları”
altında əzilmiş, tarixi və mədəniyyəti zədələnmiş,
dövlət strukturları, demək olar ki,
dağılmış cəmiyyətlərdə nizam-intizam
yaratmaq lazım idi.
Çoxlarının artıq
dağılmış kimi təsəvvür etdikləri Azərbaycanda
ümummilli lider Heydər Əliyev dövlət quruculuğu
proseslərinə qeyri-adi əzmkarlıqla başladı. Kiçik bir dövlətə bu güc haradan gəldi?
Necə oldu ki, bəzi xarici dairələrin onu
dağıtmağa çalışdığı tarixi bir mərhələdə
zaman Azərbaycanın xeyrinə işləməyə
başladı? Bu suallara cavab cəmiyyətdə
güclü dövlət quruculuğu konsepsiyasının və
sosial inkişaf modelinin həyata keçirilməsi ilə
verildi. Nəzəriyyə öz yerində,
ancaq praktiki cəhətdən çox mürəkkəb xarici
və daxili situasiyada dövlət qurmaq tarixi hadisədir.
Məlumdur ki, 1988-1993-cü illərin yayına
qədər olan müddətdə Azərbaycan parçalanma
astanasında dayanmışdı, xarici təcavüz sistemli
xarakter almışdı, daxildə böyük xaos hökm
sürürdü. Ölkə üçün bu vəziyyətdən
yeganə optimal çıxış yolu sabitlik yaradıb,
dövlət qurmaqdan ibarət ola bilərdi.
Cəmiyyəti və dövləti xilas etmək
məqsədi digər bütün maraqlardan üstün
tutulmalı idi. Burada F.Fukuyamanın belə
bir situasiya üçün təklif etdiyi ideyanı
xatırlatmaq yerinə düşər. F.Fukuyama
milli dövlət quruculuğu prosesinin üç mərhələdə
həyata keçirilməsini doğru sayır. Birinci mərhələni o, münaqişədən
sonrakı yenidənqurma adlandırır. Bu
mərhələ ölkənin münaqişəli vəziyyətdən
çıxmasından sonra başlayır. İkinci mərhələ cəmiyyətdə
sabitlik bərqərar olunduqdan sonra işlək dövlət
strukturlarının yaradılmasını nəzərdə
tutur. Xarici təcavüz sona çatandan sonra bu proses
özünün mükəmməl səviyyəsinə
çatmalıdır. Üçüncü mərhələ
hakimiyyətin geniş miqyasda sabitləşməsindən
başlayır və zəif dövlətdən güclü
dövlətə keçidi əhatə edir. Bunun əlamətləri
sırasında dövlətin öz vətəndaşlarının
hüquqlarını, xüsusi mülkiyyətini, təhsil
haqlarını və s. qoruya bilməsini göstərmək
olar. Bir sözlə, üçüncü mərhələdə
dövlət strukturları lazımi qədər səmərəli
işləməlidir. F.Fukuyamanın təklif
etdiyi modelin ana xəttini cəmiyyətdə sabitliyin
yaradılması və dövlət strukturlarının səmərəliliyi
təşkil edir. Bəs bunu necə təmin
etməli? Afrika və ya Əfqanıstan
modeli postsovet məkanına aid edilə bilərmi? Təcrübə göstərdi ki, bu məsələdə
çox ehtiyatlı davranmaq lazımdır. Hər bir cəmiyyətin öz tarixi yolu, təcrübəsi,
xalqın mental xüsusiyyətləri və konkret yerli
sosial-siyasi, mənəvi, iqtisadi və mədəni şərtləri
var.
Bütün bunlar həmin dövrdə Azərbaycan
üçün iki problemin aktuallaşdığını
göstərir. Birincisi, ölkədə
sabitliyi necə təmin etməli? İkincisi,
müstəqil dövlət quruculuğunu uğurla aparmaq
üçün hansı kursu seçməli? Bu aspektlər reallıqda bir-biri ilə sıx
bağlı idi. Hər ikisi
üçün də düzgün ideologiyanın müəyyənləşdirilməsi
həyati əhəmiyyət daşıyırdı. Çünki seçiləcək ideoloji konsepsiya Azərbaycanın
strateji yolunu müəyyənləşdirəcək, dövlət
quruculuğunun fəlsəfəsini aydınlaşdıracaq və
cəmiyyətin birləşməsi xəttini ortaya
qoyacaqdı. Söhbət Azərbaycanda
müstəqil dövlət quruculuğunun gerçək fəlsəfəsini
formalaşdırmaqdan gedirdi.
Mahir siyasət ustası şahmat
taxtasında bir neçə rəqibi ilə oynamalı və
qalib gəlməli idi. Ümummilli lider bunu
bacardı. Amma beynəlxalq və daxili vəziyyət
isə onun və Azərbaycanın xeyrinə deyildi. Siyasətçi dövlət quruculuğunun fəlsəfəsini
sürətlə, ölkənin ziddiyyətli problemlərini həll
edə-edə yaratmalı idi. Dövlət
quruculuğunda ən böyük maneələrdən biri həmin
ərəfədə xaricdən idxal edilmiş və
bütün postsovet məkanı üçün şirnikdirici
görünən ideologiyanın beyinlərə hakim kəsilməsi
idi. Müxtəlif istiqamətlərdən
gələn gözqamaşdırıcı, şirnikdirici və
bəzən təhrikedici ideoloji konsepsiyalar insanlarda
çaşqınlıq yaratmışdı. Burada həm radikal milliyyətçiliyin
avantürist cəzbetmə sahəsinə, həm də liberal
demokratiyanın ifrat cəlbedici azadlıq xülyasına
düşmək ehtimalı var idi. Bu ifrat
tendensiyaların hər ikisi, əslində, 1993-cü ilə qədər
özünü büruzə verirdi. Qərbdən
gələn təsirlərin arxasında hansı məqsədlərin
durduğunu müəyyən etmək asan məsələ
deyildi. Çünki Qərb məhz
liberalizm, azadlıq, demokratiya kəlmələri ilə
gerçək geosiyasi maraqlarını gizlədə bilirdi.
İnsanlar bu şirnikdirici və ümidverici
terminlərlə dolu ideoloji sistemin çarxına
düşür və oradan çıxa bilmirdilər.
Azərbaycan üçün
situasiyanı çətinləşdirən başqa məqam
cəmiyyəti etnik mənsubluğun məhdud dairəsinə
sürükləyə bilən, qlobal səviyyədə cərəyan
edən hadisələrə zidd ultramillətçi
düşüncənin mövcudluğu idi. Digər bir problem sosial ədalət məsələsi
ilə bağlı idi. Sosial ədalət
müxtəlif cür izah edilirdi. Sosial ədalət
mövzusu liberalizmi digər ideoloji sistemlərlə (məsələn,
konservatizm, millətçilik, neokonservatizm, sosializm və s.)
toqquşduran əsas məsələ oldu. Liberalizmə qarşı iddialar əsassız
deyildi. Çünki doğrudan da
müasir cəmiyyət üçün sosial ədalət
olduqca həssas bir mövzu olmaqla demokratik həyat tərzinin
mühüm tərkib hissəsini təşkil edir. Bu məsələdə liberalizmin qüsurları
ona tənqidi yanaşmağı tələb edirdi. Amma sosial ədalətlə yanaşı, müstəqilliyini
yaxın keçmişdə əldə etmiş cəmiyyətlər
üçün sabitlik və təhlükəsizlik də həyati
əhəmiyyətli məsələlərdən idi. Bu məqam neokonservatizmi xeyli cəlbedici edirdi. Neokonservatorlar “hüquqi sosial dövlət”
konsepsiyasına üstünlük verirdilər. Bu da avtomatik olaraq güclü dövlət konseptini
aktuallaşdırırdı. Güclü
dövlət cəmiyyətdə nizam-intizamı təmin edə,
sabitliyi saxlaya və təhlükəsizliyi qoruya bilərdi.
Dövlət quruculuğuna yenicə
başlayan cəmiyyətlər üçün bu ideya
çox maraqlı idi. Lakin onu kor-koranə qəbul
etmək də riskli idi. Çünki hər bir cəmiyyətin
öz təkamül yolu var. Heydər Əliyev postsovet məkanında
bütün bu kimi məqamları nəzərə alaraq Azərbaycan
üçün neokonservatizmə çox yaxın olan, lakin
liberal demokratiyanın əsas müddəalarını da
özündə ehtiva edən ideoloji konsepsiya
formalaşdırdı. Akademik Ramiz Mehdiyev
yazır ki, bu kontekstdə ideya-nəzəri və siyasi
baxımdan azərbaycançılıqla neokonservatizm
arasında əlaqə olduğunu demək olar. Beləliklə, Azərbaycanın
çıxış yolu güclü dövlət konseptində
idi. Azərbaycançılıq
ideologiyasına bu vəzifələrin işığında
nəzər saldıqda, dövlət müstəqilliyinin təmini
və demokratik cəmiyyət quruculuğunun reallaşması
prosesinin möhkəm ideya təməli aydın
görünür. Azərbaycançılıq
ideologiyasına hər iki ifrat qanaddan kənarda, dövlətçilik
və real demokratiya sahəsində məzmun verməklə
Heydər Əliyev tarixi missiya yerinə yetirdi. Bu aspektdə Mehriban Əliyevanın bir fikri çox
maraqlıdır. Mehriban Əliyeva “Həyat dərsi” əsərində
qeyd edir: “Heydər Əliyev tarix salnaməsinin XX əsr
üçün taleyüklü səhifələrinin
iştirakçısı, yaradıcısı,
aparıcısıdır”. Dəqiq və lakonik
ifadə edilmişdir. Görkəmli
dövlət xadimi elə bir ideoloji mövqe seçdi ki, həm
qlobal səviyyənin aparıcı trendləri ilə
uzlaşma təmin edildi, həm də cəmiyyətin daxili
potensialını maksimum səmərəliliklə müstəqil
dövlət və demokratik cəmiyyət quruculuğuna
yönəltmək imkanı yarandı.
Onu demək gərəkdir ki, güclü
dövlət konseptinin reallaşması müasir tarixi şəraitdə
kifayət qədər sanballı və
ölçülü-biçili yanaşma tələb edirdi. İlk növbədə, dövlət
quruculuğunun konkret mexanizmlərini işləyib
hazırlamaq lazım idi. Dövlətin
bütün fəaliyyət istiqamətlərini bu məqsəd
ətrafında sistemləşdirmək gərəkdi. Unutmaq olmazdı ki, Azərbaycan tarixin hökmü ilə
son 300 ildə mürəkkəb təkamül yolu keçib.
Müstəqil dövlətçiliyindən
uzaq düşmüş xalqın psixologiyasında
özünəinamı qaytarmaq mühüm şərt idi.
Böyük dövlətçilik ənənəsinin
olması təbii ki, Azərbaycanı daha şanslı
göstərirdi. Lakin müasir dünyada
üstünlük təşkil edən geosiyasi proseslərin məzmun
və mahiyyəti Azərbaycanın qarşısında
çətin problemlərin durduğunu hər an
anladırdı.
Güclü dövlət qurmaq öncə cəmiyyətdə
sabitliyə nail olmağı tələb edirdi. Keçən
əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətdə
sabitliyi pozan çoxlu sayda amillərin olduğunu qeyd
etmişdik. Həmin dağıdıcı
amillər havadarları tərəfindən üstümüzə
qısqırdılan Ermənistanın təcavüzkar
davranışları ilə daha da aqressiv xarakter
alırdı. Azərbaycanın 90-cı
illərdə sui-qəsd planlarına, dövlətçiliyə
qarşı çıxışlara səhnə olması təsadüfi
deyildi. Bu səbəbdən də Heydər Əliyevin
dövlət quruculuğu prosesində ictimai-siyasi sabitliyə
nail olması strateji xarakter daşıyırdı.
Nəticədə Azərbaycan mütərəqqi
dünyəvi dövlət perspektivini aydın dərk edən
ölkəyə çevrildi. Bu kursun Azərbaycana islam dünyası üçün mədəni
inkişaf nümunəsi olmaq şansını verdiyini çəkinmədən
demək olar. Heydər Əliyevin güclü
dövlət konseptində mədəniyyətin və sosial
inkişafın yeri və rolu bu strateji məqsəddə
öz əksini tapmışdır. Azərbaycan
mahiyyət etibarilə dünyəvi dövlət kimi inkişafda
olmalıdır, lakin o, güclü mədəniyyət ənənəsini
özündə ehtiva etməlidir. Mədəniyyət
mənsubluğu bütövlükdə cəmiyyətin
kimliyini müəyyənləşdirməklə
yanaşı, dövlətçiliyin əsas komponentlərindən
birinə çevrilməlidir.
Təsadüfi deyil ki, Azərbaycan
dövlət səviyyəsində mədəniyyətlər
və dinlərarası dialoqu təşkil edən, cəmiyyətdə
onu praktiki şəkildə həyata keçirən yeganə
Qafqaz ölkəsidir. Dünyanın müxtəlif
guşələrindən ölkəmizə gələn fərqli
mədəniyyətlərin nümayəndələrinin
qatıldığı həmin tədbirlər Azərbaycanda
dövlət quruculuğunun mahiyyətində mədəni və
dini tolerantlığın varlığını sübut edən
konkret faktlardandır. Azərbaycan artıq
islamlaşma ilə müasirləşmənin (intellektual sərvətə
əsaslanan sosial-iqtisadi və mədəni inkişaf modeli) səmərəli
sintezini reallaşdıran ölkə olaraq tanınır.
İndi bu istiqamətdə Azərbaycan modelinin
nümunə kimi öyrənilməsi haqqında yüksək
səviyyələrdən təkliflər eşidilməkdədir.
Bunların kökündə ulu öndər Heydər
Əliyevin azərbaycançılıq ideologiyasında nəzəri
şəkildə yer almış prinsiplərin dövlət
quruculuğuna tətbiqi mexanizmlərinin işlənməsi
durur.
Sabit və
dinamik cəmiyyət:
sosial-iqtisadi inkişaf modeli
Güclü dövlət quruculuğunun təməlində
güclü iqtisadi infrastrukturun formalaşdırılması
durur. Ümummilli lider bu aspektə çox
böyük diqqət yetirirdi. O, iqtisadi gücü
bütün digər məsələlərin təməlinə
qoydu. Beynəlxalq enerji layihələri, xarici sərmayələrin
ölkəyə cəlb edilməsi, qabaqcıl
texnologiyaların mənimsənilməsi, yeni istehsal sahələrinin
yaradılması və iş yerlərinin açılması
Azərbaycanda ardıcıl surətdə həyata
keçirilir.
2003-cü ildə iqtisadi islahatlarda
çox böyük uğurlar əldə etmiş Azərbaycan
vardı. Vətəndaş cəmiyyəti
quruculuğunun təməli hazırlanmışdı. Bunun sayəsində Azərbaycan modernləşmənin
yeni mərhələsinə keçid edə bilərdi.
Bunun üçün xarici sərmayələrin
cəlb edilməsinə əsaslanan modernləşmə cəmiyyətin
daxili potensialına əsaslanan müasirləşmə kursu
ilə əvəz olunmalı idi. Əgər
Heydər Əliyev 1993-2003-cü illər ərzində səbir,
inam və qətiyyətlə və ardıcıl olaraq
dövlət quruculuğu siyasətini həyata keçirməsəydi,
modernləşmənin birinci mərhələsi başa
çatmayacaqdı. Həmin illərdə
Azərbaycan iqtisadiyyatının bütün sahələrində
sistemli islahatlar həyata keçirildi. Qeyri-neft
sektorunun inkişafı üçün ayrıca proqramlar
reallaşdırıldı.
Enerji layihələrinin həyata
keçirilməsi bu prosesdə xüsusi yer tuturdu. Azərbaycan enerji siyasətini o dərəcədə
səmərəli apardı ki, tarixi baxımdan qısa zamanda
dünyanın aparıcı geosiyasi gücləri
Bakını regionun lideri kimi qəbul etməli oldu. Azərbaycan artıq enerji təhlükəsizliyi sahəsində
sözünü deyən, müstəqil maraqları ilə
çıxış edən, regionun lideri qismində geosiyasi
statusunu fəaliyyəti ilə təsdiqləyən dövlətdir.
Güclü dövlət konseptinin həyata
keçirilməsinin birbaşa nəticəsi olan bu nailiyyət
tarixi əhəmiyyət daşıyır. Güclü dövlət konseptinin iqtisadi aspektinin də
sıx bağlı olduğu başqa bir məqamı qeyd etmək
gərəkdir.
Müasir tarixi mərhələdə
güclü dövlət və güclü cəmiyyət
anlayışları sıx bağlıdır. Fərdlərin və cəmiyyətin
gücünün bir tərəfi iqtisadi amillə
bağlıdırsa, digər tərəfi mənəviyyatla əlaqəlidir.
Bu səbəbdən Heydər Əliyev milli-mənəvi
dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə
ciddi önəm verirdi. Azərbaycan dilinin
inkişafı, adət-ənənələrin qorunması, mədəni-tarixi
abidələrin saxlanması və təbliği, mənəvi
irsin öyrənilməsi, tariximizin tədqiqi və təşviqi
kimi məsələlər onun siyasətinin mərkəzində
duran məqamlardan idi. Milli-mənəvi dəyərlərinə
sadiq qalan cəmiyyət həqiqi mənada müasirləşə
bilər. 2001-ci il noyabrın 9-da
Dünya Azərbaycanlılarının I qurultayında ulu
öndər deyirdi: “Hər bir Azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq”.
Milli-mənəvi dəyərlər cəmiyyətin
gücünü qidalandıran mənbədirsə, müasirləşmə
onun daim dəyişən ətraf aləmə
adaptasiyasını təmin edən prosesdir. Müasir tarixi mərhələdə cəmiyyətin
yeniləşməyə açıq olması
inkişafın mühüm amili sayılır. Bu mənada azərbaycançılıqda yer almış
müasirləşmə prinsipi ciddi fəlsəfi məzmuna
malikdir. Güclü dövlətin
demokratik cəmiyyətlə harmoniyasının əsas qayəsini
məhz müasirləşmə təşkil edir. Azərbaycan cəmiyyətinin müasirləşməsi
konkret olaraq modernləşmə proqramında öz ifadəsini
tapır. Dövlət quruculuğu çərçivəsində
müasirləşməyə diqqət yetirsək, burada
demokratik təsisatların formalaşmasının
mühüm yer tutduğunu görərik. Demokratik
institutlar cəmiyyətdə sosial-siyasi münasibətləri
tənzimləyən əsas mexanizmdir.
Azərbaycan demokratik təsisatların
formalaşması məsələsində postsovet məkanında
öncül yerdə olan ölkələrdəndir. Təbii ki, cəmiyyətin yeniləşməsi
prosesi heç zaman dayanmamalıdır. Təkmilləşmənin,
daha yüksək demokratik yaşam tərzinə sahib
olmanın sonu yoxdur. Azərbaycan cəmiyyətinin
müasirləşməsi də fasiləsiz gedən prosesdir.
Dövlətin gücü ilə cəmiyyətin
gücünün uzlaşdığı müasirləşmə
prosesi özündə varislik prinsipini də ehtiva edir.
Beləliklə, keçən əsrin
90-cı illərində Azərbaycan milli, regional və qlobal
maraqları uzlaşdıran inkişaf strategiyasını
formalaşdıra bildi. Bu strategiya həm müstəqil
demokratik dövlət quruculuğunun uğurla həyata
keçirilməsi, həm Azərbaycanın Cənubi
Qafqazın aparıcı dövlətinə, həm də
regional liderə çevrilməsi üçün imkan
yaratdı. Bu uğurun təməlində
dövlət quruculuğu ilə yeni cəmiyyət
formalaşdırılmasının vəhdət təşkil
etməsi durur. Həmin aspektdə əvvəlcə
cəmiyyətdə sabitliyin yaradılması, sonra isə
davamlı sosial-iqtisadi və mədəni inkişaf xəttinə
çıxarılması mərkəzi yer tutur. Təcrübə göstərdi ki, Azərbaycan Cənubi
Qafqazda bu modeli ən yaxşı şəkildə
reallaşdıran dövlətdir.
Bunlardan belə nəticə
çıxarmaq olar ki, Azərbaycanda sosial inkişaf modelinin həyata
keçirilməsi Heydər Əliyev tərəfindən dərin,
hərtərəfli və müasir tarixi dövrün tələblərini
nəzərə almaqla elmi yanaşmaya əsaslanır. Sosial inkişaf bir tərəfdən müstəqil
dövlət quruculuğu kursu, digər tərəfdən cəmiyyətin
mənəvi-əxlaqi yeniləşməsi ilə sıx
bağlı halda həyata keçirilir. Bu
məqamın əhəmiyyəti böyükdür. Çünki müasir cəmiyyətlərin bir
çoxunda güclü dövlət qurulur, lakin sosial
inkişaf zəifdir. Yaxud sosial-iqtisadi
inkişaf kifayət qədər yüksəkdir, fəqət
cəmiyyət ziddiyyətlər içərisində
sıxılır. Deyək ki, bir sıra Qərb
dövlətlərindəki cəmiyyətdə müxtəlif
sosial, mənəvi, əxlaqi-ideoloji problemlər mövcuddur.
İnsan tərbiyəsi məsələsi xeyli
aktuallaşıb. Bu da özlüyündə
təhsil sisteminin yeniləşməsi və təkmilləşdirilməsi
ehtiyacını ortaya qoyur. Həmin məsələnin
kökündə isə sosial inkişaf modeli durur.
Şübhə yoxdur ki, müstəqilliyini
əldə etmiş dövlətlər üçün sosial
inkişaf modeli yaradıcı yanaşma tələb edən məsələdir. Şübhəsiz, yüksək inkişaf etmiş
ölkələrin təcrübəsini burada nəzərə
almaq lazımdır. Lakin son halda inkişaf
modelini hər bir cəmiyyətin özünəməxsus
tarixi təkamül yolu keçməsi əsasında müəyyənləşdirmək
lazım gəlir. Bütün bunlarla
yanaşı, müasir dövr üçün xarakterik olan və
heç bir cəmiyyətin yan keçə bilmədiyi bir
özəlliyi unutmaq olmaz. Söhbət
qloballaşma şəraitində konkret cəmiyyətin
inkişaf modelinin dayanıqlığından və
özünəməxsusluğunu saxlamaq imkanlarından gedir.
Çünki müasir tarixi mərhələdə
faktiki olaraq sivilizasiya geosiyasəti yeridilir. Sivilizasiya geosiyasəti isə hər şeydən əvvəl
mədəni kodlara və arxetiplərə yönəlir.
Problemə böyük dövlətlərin maraqları
prizmasından baxdıqda yerli mədəniyyət sistemlərini
təhdid edə bilən təhlükələri nəzərə
almaq lazım gəlir. Samuel Hantinqton məşhur əsərində
vurğulayır: “...Qlobal siyasət - sivilizasiya siyasətidir. Fövqəldövlətlərin rəqabəti
sivilizasiyaların toqquşması ilə əvəz olunub”.
Digər ABŞ siyasətşünası və ideoloqu Henri
Kissincer deyir ki, “...Üçüncü dünyaya münasibətdə
Amerika xarici siyasətinin ali prioriteti
depolulyasiya olmalıdır”. Xatırladaq ki,
H.Kissincer 1975-ci ildə Prezident Cimmi Karter üçün depolulyasiya
haqqında “GLOBAL 2000” adlı sənəd
hazırlamışdı.
Bu fikirlər nəyi ifadə edir? İlk növbədə bu, müasir
sivilizasiya geosiyasətində əsas hədəfin insan beyni,
qəlbi və xalqların mədəniyyətləri
olmasına işarədir. Əsas təsir vasitəsi mədəniyyətlərin
tranziti kanalları, yəni mediadır. Media vasitəsi ilə
milyonların şüurunu manipulyasiya etmək olar. Sosialist
düşərgəsinin dağılması ilə həmin
tendensiya daha da güclənmişdir. Təsadüfi
deyil ki, məhz keçən əsrin 90-cı illərinin əvvəllərində
qlobal miqyasda fəaliyyət göstərən bir neçə
informasiya vasitəsi formalaşdı. Onlardan CNBC (1989-cu il), VVS
World News (1991-ci il), Euronews (1993-cü il), Bloomberg TV (1994-cü
il), Al-Jazeera (1996-cı il) və başqalarını göstərə
bilərik. Həmin prosesin vüsət almasının geosiyasi
şərtləri aydındır. Qloballaşan dünyada
informasiyanın sürətli və genişmiqyaslı
yayılması zərurətə çevrilir. Eyni zamanda,
müxtəlif sahələrdə çalışan
insanların anında informasiya almaq ehtiyacı ödənməlidir.
Deyək ki, bizneslə məşğul olan adamın daha
çox uğur qazanması informasiya təminatı ilə
sıx bağlıdır. O cümlədən, tansmilli
şirkətlərin dünya miqyasında fəaliyyəti
qlobal səviyyədə informasiya vasitələrinin fəaliyyətindən
birbaşa asılıdır. Beləliklə, media vasitələri
qlobal miqyasda insanların həyat tərzinə,
düşüncəsinə, siyasi və iqtisadi proseslərə
və mədəniyyətə ciddi təsir edir.
Dünyanın demək olar ki, bütün regionlarını əhatə
edən qlobal informasiya vasitələri konkret məsələlər
haqqında rəy yaratmağa qadirdir. Bu üsuldan Qərb
ictimai rəyi idarə etməkdə geniş miqyasda
yararlanır. Beləliklə, müasir təbliğat və təşviqat
vasitələri ilə bütöv bir cəmiyyətin “beynini
və qəlbini yumaq” mümkündür. Deməli, milli
dövlət üçün mədəniyyət sistemini
qorumaq və inkişaf etdirmək, ilk növbədə siyasi məsələdir.
Bu amili dövlət quruculuğu fəlsəfəsinin əsasına
qoymaq isə konkret geosiyasi kurs götürmək
anlamını verir. Konkret ifadə etsək, Heydər
Əliyevin sosial inkişaf modeli, o cümlədən mədəniyyəttutumlu
suverenlik prinsipi müasir tələblərə cavab verən
dövlətçilik kursunun seçilməsini şərtləndirir.
Bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Şübhə yoxdur ki, bu proses Azərbaycanı
XXI əsrin yüksək inkişaf etmiş dövlətlərindən
birinə çevirəcək.
Bu
gün beynəlxalq aləmdə baş verən mürəkkəb
və narahatlıq doğuran prosesləri nəzərdən
keçirərkən çıxardığımız ən
mühüm nəticə budur ki, müstəqilliyini
qazanmış dövlətin ən böyük sərvəti
onun sabitliyidir. Və əgər
bu sabitlik eyni zamanda ölkənin dinamik inkişafını da
təmin edə bilirsə, onda onu dövlətin öz gələcəyini
təmin etmək üçün əldə etdiyi
böyük tarixi nailiyyəti hesab etmək lazımdır.
Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini,
Xarici əlaqələr şöbəsinin müdiri,
YAP Siyasi Şurasının üzvü
Xalq qəzeti.- 2014.- 13 dekabr.- S.3.