Qaradağ rayonunun sosial-iqtisadi

inkişafı: real vəziyyət və perspektivlər

 

Bütün insanlar kimi bizim də həmişə gözəl, yaraşıqlı, səliqə-sahmanlı və dinamik inkişaf edən şəhərdə yaşamaq arzumuz olub. Elə bir şəhərdə ki, hara getsən, bu şəhərə  qayıtmaq, burada öz gələcəyini qurmaq, rahatlığını, firavanlığını tapmaq və ömrünü mənalı yaşamaq istəyirsən. Dünyanın müxtəlif ölkələrində böhran və siyasi kataklizmlərin yaşandığı indiki vaxtda isə bu arzu bütün istəklərin fövqündə dayanır, adamı seçim qarşısında qoyur. Amma düşüncələrin çəkişməsinə meydan vermədən, qəlbin istəyindən çox ağlın tapdığı ünvanda dayanırsan-Xəzərin sahili, Odlar Yurdunun paytaxtı doğma Bakı. Buna etiraz edən, üsyan qaldıran bir hiss tapılarmı? Niyə də tapılsın ki?!..

 

Tikinti, abadlıq və quruculuq sektorunun lakmus kağızı kimi istənilən şəhərdə, regionda, hətta ölkədə real vəziyyəti əks etdirən bir sahə olduğu, məncə, kimsədə etiraz doğurmaz. Əgər yeni yaşayış sahələri, sənaye obyektləri salınırsa, poliklinikalar, uşaq bağçaları, məktəblər, xidmət müəssisələri açılırsa demək, həyat qaynayır, dinamika var, demək, iqtisadiyyat da, sosial həyat da bu tempə uyğun inkişaf edir.

Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, on ildən artıqdır Bakının sosial-iqtisadi həyatında bir an belə səngiməyən gərgin ritm məhz bunu göstərir. Şəhər ildən ilə yox, aydan aya simasını dəyişir, bir boy böyüyür, gözəlləşir. Müstəqilliyin inkişaf və tərəqqi dalğası 80-90 il bundan əvvəl ucuz işçi qüvvəsinin adi məişət ehtiyaclarını ödəmək üçün tikilmiş neft qoxulu, mazutlu, bəzi yerlərdə hisli-paslı, yöndəmsiz binaları sanki kürüyüb şıltaq Xəzərin sularında  qərq edir və hansısa ilahi bir qüvvə yerində bir -birindən yaraşıqlı, əngin səmalara boy verən möhtəşəm binalar ucaldır. Beləcə, hər sabah çöhrəsinə nur ələnən Bakı getdikcə gözəlləşir

Paytaxt yeni növrağını bütün əhatəsilə – Səbaili, Xətaisi, Yasamalı, Nəsimisi, Nərimanovu, Suraxanısı, Binəqədisi, Sabunçusu və əlbəttə, Qaradağı ilə yaşayır və sosial rifahın, tərəqqinin, gözəlliyin, əmin-amanlığın və rahatlığın ünvanına çevrilir. Bu növrağın ən böyük sevincini bəlkə də Qaradağ və qaradağlılar yaşayır.   Çünki bu gün Bakının inkişafından danışarkən, fikirlərimiz gerçəyi ifadə etdiyindən, onun bir parçası olan Qaradağ rayonunun sürətlə böyük sənaye mərkəzlərindən birinə çevrildiyi də danılmaz fakt kimi qətiyyətlə səslənir.

Dinamik inkişaf edən  hər bir regionun, şəhərin, rayonun uğur resepti olduğu kimi Qaradağın da özünə aid olan uğur resepti var. Bura innovasiyaların sürətlə tətbiqi, biznesin inkişafı üçün perspektivlərin yaradılması, böyük layihələrin reallaşdırılması və təbii ki, daşınmaz əmlaka xarici investisiyaların cəlb olunması daxildir. Ancaq buna qədər rayonun uzunmüddətli sosial-iqtisadi inkişafı üçün möhkəm iqtisadi təməl yaratmaq və onu gündən-günə möhkəmləndirmək zərurəti yaranıb. Məsələn, 2007-ci ildə Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulan 300 meqavat gücündə modul tipli Səngəçal elektrik stansiyasının tikintisinə başlanılması bu özülün təməl daşlarından biri olub.

Xatırladaq ki, Səngəçal elektrik stansiyası 2008-ci il dekabrın 23-də istifadəyə veriləndən sonra Qaradağ sakinləri ilə görüşlərinin birində rayonun ümumi inkişafından razılığını bildirən Prezident İlham Əliyev haqlı olaraq deyib: “Rayonun bu sürətli inkişafını nəzərə alaraq, hələ bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qaradağ rayonunda böyük elektrik stansiyası tikilib istifadəyə verilib... Yəni, bu, gələcəyə atılmış bir addımdır. Çünki biz bilirdik ki, burada yaradılacaq yeni sənaye müəssisələri əlavə elektrik enerjisi tələb edəcəkdir”.

Həqiqətən, Səngəçal elektrik stansiyasının tikintisindən sonra,  Qaradağda müasir Gəmiqayırma zavodunun,  Beynəlxalq Dəniz Ticarəti Limanının, Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən olan Metanol zavodunun, “Holcim-Azərbaycan” , “Norm” yeni sement zavodlarının və bir sıra digər sənaye obyektlərinin  tikintisi reallaşdırılıb və bununla da dövlət başçısının düşündüyü tam yeni və müasir infrastruktura malik bir sənaye mərkəzinin gerçək yaradılmasının əsası qoyulub.

Çəkilən zəhmətin bəhrəsini göstərən kiçik bir statistika: 2014-cü ilin doqquz ayının yekunlarına görə, rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447 milyon manatdan çox olub. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 430 min ton xam neft və 653,3 milyon kubmetr təbii qaz hasil edilib. Rayon üzrə 1,4 milyon ton sement, 97,2 min ton mişar daşı  istehsal olunub.

Şübhəsiz, 11 qəsəbənin  daxil olduğu Qaradağın sürətli inkişafına  geniş imkanlar açan  amillərdən biri də bu rayonun respublikanın əsas nəqliyyat arteriyası üzərində bərqərar olmasıdır. Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq Ələt Beynəlxalq Dəniz Ticarəti Limanının bu rayonda inşaası isə rayonu, sözün həqiqi mənasında, nəqliyyat-loqistika mərkəzinə çevirib. Bu infrastrukturların tam gücü ilə işləməsinin zamana ehtiyacı olduğuna baxmayaraq, bu ilin üçüncü rübünün yekunlarına görə nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manata çatıb.

Əlbəttə, rayonun inkişafını təkcə sənaye məhsulu istehsalının sürətli artımı müəyyənləşdirmir. Yeni tikilən və istehsal gücü ilə rayonun iqtisadi potensialını artıran sənaye nəhəngləri ilə paralel olaraq Qaradağın sosial-məişət infrastrukturu da yenidən qurulur və o, yaxın bir neçə onilliklərə qaradağlıların ehtiyaclarının ödənilməsinə hesablanır. Bu işlərə qapı açan isə Azərbaycan Prezidentinin təşəbbüsü və iştirakı ilə işlənib hazırlanan və artıq uğurla həyata keçirilən 2006-2007-ci və 2011-2013-cü illəri əhatə edən  Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı olub. Dövlətimizin başçısı çıxışlarında bu proqramların reallaşmasında Bakının meqapolisə çevrilməsinin prioritet məqsəd olduğunu vurğulayraq, bunu kompleks şəkildə həyata keçirməyi vacib hesab edir. Yəni tək Bakı deyil, ətraf rayon və qəsəbələr də bu məqsədlərə uyğun inkişaf etdirilməlidir. Məsələn, irəli sürülən layihələrdə paytaxtın əsas sənaye müəssisələrini Qaradağ rayonuna köçürülməklə, buranın sosial-iqtisadi mənzərəsinin, ümümi görkəminin, əhalisinin yaşayış səviyyəsinin də ən müasir standartlara cavab verməsi vəzifə olaraq qarşıya qoyulur.

Bu baxımdan iki Dövlət Proqramının əhatə etdiyi dövrdə elektrik enerjisi, qaz, içməli su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsi, qəsəbələrarası və qəsəbədaxili yolların müasir səviyyəyə çatdırılması istiqamətində Qaradağ rayonunda həyata keçirilən işlər bu gün həqiqətən qürur doğurur. İqtisadi rəqəmlərinə nəzər salsaq, görərik ki, bu ilin doqquz ayında sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilib ki, bunun 312,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.  Əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün altı yeni kompleks transformator məntəqəsi quraşdırılıb, 61,2 min metr müxtəlif diametrli kabel və hava xətti çəkilib. Qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə müxtəlif diametrli 16,7 min metr mövcud qaz xətti yenisi ilə əvəz edilib.

Rayonda əhalinin rifah halının yaxşılaşmasını göstərən və əslində inkişafın barometri olan pul gəlirləri də iqtisadi yüksəlişin dinamikasına uyğun olaraq artır. Statistika göstərir ki, cari ilin doqquz ayında orta aylıq əmək haqqı 765 manat olub. Bu dövrdə 1086 yeni iş yerinin açılması isə şübhəsiz, yeni müəssisələrin işə başlaması, sahibkarlığın inkişafı ilə bağlı olan bir göstəricidir.

Yaxın gələcəkdə sənaye mərkəzinə çevriləcək Qaradağda əhalinin artimı nəzərə alınaraq, sosial təyinatlı müəssisələrin tikintisi yüksək sürətlə həyata keçirilir. Həyata keçirilən tədbirlər sırasında 2014-2016-cı illlər üzrə Dövlət Proqramına əsasən cari ilin 9 ayında 8  körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri başa çatıb, 2 uşaq bağçası üçün yeni bina və 2 məktəb üçün isə əlavə tədris korpusu tikilib, 7 nömrəli Bakı peşə məktəbi üçün yeni binanın tikintisi başa çatdırılıb. Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçasında  isə əsaslı təmir işləri yekunlaşmaqdadır.

Dövlət başçısının xüsusi nəzarətində olan əhalinin sağlamlığının qorunması, səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində Qaradağda görülən işlər bu sahənin də ümumi inkişaf dinamikasından geri qalmadığını göstərir. İndi istifadəyə verilən və müasir avadanlıqla təchiz edilən səhiyyə müəssisələri rayonda səhiyyənin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu deməyə əsas verir. 2014- cü ilin artıq başa çatmış tikinti-quraşdırma işləri sırasına daxil edilən Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatan qəsəbəsindəki yeni müasir xəstəxana binalarındakı şərait də bunun əyani təzahürüdür.

Geniş əraziyə malik olan rayonda abadlıq-quruculuq işləri sırasında qəsəbələrarası və məhəllədaxili küçə və yolların yenidən qurulmasını, müasir işıqlandırma sisteminin quraşdırılmasını, əhalinin mədəni istirahətini təmin etmək məqsədilə parkların, nümunəvi məhəllələrin salınmasını, xeyir-şər evlərinin tikilməsini də xüsusi qeyd etmək olar. Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə bu ilin doqquz ayında 51 min kvadratmetr asfalt döşənib, 11 min 224 metr beton bordür qoyulub, 4200 metr səki mişar daşı ilə hörülüb, səkilərə və xiyabanlara 15 min 500 kvadratmetr tamet döşənib.  Qobustan qəsəbəsində sakinlərin yol-hərəkəti təhlükəsizlinin təmin olunması məqsədilə yerüstü keçid inşa edilərək əhalinin istifadəsinə verilib.  Bütün bunlar bir daha onu göstərir ki, Qaradağ rayonunun, on-on beş il əvvəl geridə qalan və kasıb kəndləri xatırladan qəsəbələrinə “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”larının qəbul olunmasından və reallaşmasından  sonra yeni həyat gəlib, onların görkəmi büsbütün dəyişib, əhalinin sosial-məişət qayğıları minimuma endirilib.

Bu gün özünün yeni qurulan infrastrukturu, diversifikasiyalı iqtisadiyyatı, sənaye müəssisələrinin və yaşayış tikililərinin inkişafı üçün ərazi perspektivləri olan  Qaradağ, sözün əsl mənasında, Bakının çoxfunksiyalı dinamik inkişaf edən sənaye rayonuna çevrilib. Paytaxtın investisiya cəlb etmək strategiyasında mühüm məkan əhəmiyyəti daşıyan Qaradağın investisiya layihələrinin reallaşması və sənaye  klasterlərinin inkişafı üçün infrastrukur imkanları sürətlə genişlənir. Hazırda rayonun Səngəçal qəsəbəsi ərazisində yeni neft-qaz emalı və neft-kimya kompleksinin  salınması üçün 1875 hektar yer ayrılıb. Ümumi sahəsi 3850 hektara çatacaq bu kompleksin ərazisində yeni yaşayış massivləri salınacaq, parklar, otellər, idman meydançaları, mədəni istirahət yerləri  və digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin yaşayışı üçün ən müasir standartlara uyğun şərait yaradılacaq.

Prezident İlham Əliyevin Qaradağ rayonuna çoxsaylı səfərləri zamanı söylədiyi “rayonun iqtisadi və sənaye inkişafı sürətli gedir, Qaradağ rayonu Azərbaycanın güclü sənaye mərkəzinə çevrilir,” sözlərindən ruhlanan rayon rəhbərliyi bu rayonun daha gözəl görkəm almasına çalışır. Burada bir istək də ondan ibarətdir ki,  insanlar zəhmətlərilə Qaradağın özünəməxsus koloritinə yeni rənglər qatsınlar, rahat və firavan yaşamaqla bərabər bu rayonun sakini olmaqdan qürur duysunlar.

 

İlqar RÜSTƏMOV,

“Xalq qəzeti”

 

Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün.

 

Xalq qəzeti.- 2014.- 14 dekabr.- S.6.