Azərbaycan regionun
iqtisadi güc mərkəzidir
Son illər iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, sənayenin yüksək texnologiyalar əsasında dinamik şəkildə şaxələndirilməsi, ölkədə rəqabət qabiliyyətli sənaye məhsulları istehsalının daha da artırılması və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi Azərbaycanın dinamik inkişafına təkan verib. Məhz bunun nəticəsidir ki, əvvəlki dövrlərdə olduğu kimi, 2014-cü ilin ötən aylarında da ölkə iqtisadiyyatında artım tendensiyası davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 10 ayı ərzində ölkə üzrə ümumi daxili məhsul istehsalı 2,8 faiz artaraq 49,2 milyard manata çatıb. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyanın başlıca hədəfi sayılan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin də müsbət nəticələri getikcə daha çox hiss olunur. Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkənin qeyri-neft sektorunda 6,6 faizlik artım qeydə alınıb ki, bu da dünya üzrə olduqca yaxşı göstərici hesab sayılır.
2014-cü ilin yanvar-noyabr aylarında
ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən
29,8 milyard manatlıq məhsul istehsal olunmuş və
xidmətlər göstərilmişdir. Sənaye məhsulunun
70,4 faizi mədənçıxarma
bölməsində istehsal edilmişdir. İlin
ötən dövründə ölkəmizdə 38,4 milyon ton neft,
17 milyard kubmetr əmtəəlik
təbii qaz və digər məhsullar hasil olunmuşdur. Emal bölməsində
istehsalın həcmi sənayenin ümumi
məhsulunun 23,4 faizini təşkil etmiş, qida, içki, tütün məmulatlarının,
toxuculuq, geyim, kimya, tikinti
materiallarının, hazır metal məmulatlarının,
elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair
nəqliyyat vasitələrinin və s.
məhsulların istehsalında artım müşahidə edilmişdir.
Cari ilin ötən dövründə
Azərbaycan iqtisadiyyatının əsasını təşkil
edən sənayenin inkişaf etdirilməsi
üçün ölkədə rəqabət
qabiliyyətli müasir istehsal
sahələrinin yaradılması, sənayenin infrastruktur
təminatının yaxşılaşdırılması sahəsində
çoxsaylı layihələrin icrası davam etdirilmiş, bu istiqamətdə
stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir.
Bir sözlə, bu
sahədə mühüm malların
istehsalının davam etdirilməsi
ölkə sənayesinin iqtisadiyyatda xüsusi çəkisini qoruyub
saxlamışdır. Bütövlükdə isə, son yeddi ildə ölkədə
sənaye istehsalının real həcmi təqribən
üç dəfə
artmışdır. Bu da heç
şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda
həyata keçirilən uğurlu sənayeləşmə
siyasətinin məntiqi nəticəsidir.
Hesabat dövründə ölkənin qeyri-neft sənayesində əhəmiyyətli
inkişaf baş vermişdir. Bu da ondan irəli
gəlir ki, son illər
ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsal və emal müəssisələri yaradılır,
idxalı əvəzləyən rəqabətədavamlı məhsul
buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya
bazarlarında maraq da getdikcə
çoxalır. Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün
yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş
meydan verilməsi nəticəsində sənayedə
qeyri-dövlət bölməsinin payı artmaqdadır.
Əgər
bir neçə il bundan əvvəl Azərbaycanda enerji təhlükəsizliyinin təminatı prioritet sayılırdısa, artıq ölkənin
malik olduğu zəngin
neft və qaz
ehtiyatlarından düzgün və səmərəli
şəkildə istifadə olunması, ən
başlıcası isə ulu öndər
Heydər Əliyevin rəhbərliyi
ilə işlənib hazırlanmış yeni
neft strategiyasının ardıcıl
şəkildə icra edilməsi nəticəsində
bu məsələ öz
müsbət həllini tapmışdır. Artıq
uzun illərdir ki, Azərbaycan
hətta digər ölkələrin də enerji
təhlükəsizliyinin təminatına mühüm
töhfələr verir. İndi
qarşıya qoyulmuş mühüm
vəzifə ölkənin ərzaq təhlükəsizliyinin
təminatına nail olmaqdan
ibarətdir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu mühüm hədəfə
çatmaq üçün
bütün zəruri tədbirlər həyata
keçirilir.
Son illər neft
gəlirlərindən səmərəli istifadə edilməsi,
iqtisadiyyatın şaxələndirilməsi bütün
digər sahələr kimi, aqrar bölmənin də inkişaf
etdirilməsi üçün əlverişli
imkanlar yaratmışdır. Onu da deyək ki, hazırda əhalisinin
təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar
sahənin böhrandan
çıxarılması, daxili
bazarın mühüm kənd təsərrüfatı
məhsullarına olan tələbatının
ödənilməsi mühüm əhəmiyyət
kəsb edir. Məhz bunun
nəticəsidir ki, kənd təsərrüfatı
getdikcə ölkə iqtisadiyyatının prioritet
sahələrindən birinə çevrilir. Bu baxımdan Prezident İlham Əliyev
tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş
ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət
Proqramı müstəsna əhəmiyyət kəsb edir. Ötən müddətdə proqramın
icrası ilə bağlı həyata keçirilmiş
mühüm tədbirlər nəticəsində
kənd təsərrüfatında əhəmiyyətli
artım baş vermiş,
yerli istehsal
hesabına daxili bazarda
məhsul bolluğu
müşahidə olunmuşdur.
Ölkəmizin özünü ərzaq məhsulları ilə
tam təmin etmək, həmçinin xaricə
məhsul ixrac etmək üçün
bütün imkanı var.
Təsadüfi deyil ki,
bu yaxınlarda Prezident
İlham Əliyev Azərbaycanın kənd
təsərrüfatı məhsullarının Rusiya bazarlarında satılması üçün yaxşı əməkdaşlıq
potensialının mövcudluğunu
vurğulamışdır. Bunun üçün isə, ilk
növbədə, bitkiçilik və
heyvandarlığı inkişaf etdirmək,
burada intensiv metodlara daha çox üstünlük
vermək lazımdır. Elə dövlətimizin
başçısı da bu
sahənin prioritet olduğunu
dəfələrlə bəyan etmişdir.
Göründüyü kimi,
Azərbaycan iqtisadiyyatının prioritet
sahələrindən biri olan
kənd təsərrüfatının inkişaf
etdirilməsinə dövlət tərəfindən göstərilən
diqqət və qayğı ildən-ilə artır.
2014-cü ilin ötən dövründə
də bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmiş, aqrar sahədə
bir sıra layihələr gerçəkləşdirilmişdir.
Azərbaycanda aqrar sektorun
inkişafı, ərzaq təhlükəsizliyinin təmin
edilməsi ilə bağlı məsələlərə diqqət
getdikcə artırılır. Bu məqsədlə”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti,
Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı
Kreditləri üzrə Dövlət Agentliyi
tərəfindən kifayət qədər maliyyə vəsaitləri
ayrılır. Təkcə onu qeyd etmək kifayətdir ki,
aqrar sahənin daha da təkmilləşdirilməsi üçün gələn ilin
büdcəsindən əlavə 55 milyon manat vəsaitin ayrılması nəzərdə
tutulmuşdur.
Son illər iqtisadiyyatın şaxələndirilməsini
özünün sosial-iqtisadi
tərəqqinin prioriteti elan
edən Azərbaycanda özəl bölmənin
inkişafına xüsusi önəm verilir, sahibkarlığa dövlət dəstəyi
getdikcə gücləndirilir. Artıq ölkəmizdə bazar iqtisadiyyatının başlıca hərəkətverici
qüvvəsi olan geniş
sahibkarlar ordusu mövcuddur. Bu gün Azərbaycan dövləti
özəl bölmənin inkişafı ilə bağlı öz iradəsini nümayiş
etdirir, ölkəmizdə iş
adamlarına daim diqqət göstərilir,
onlara
güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi,
fermerlərə subsidiyaların ayrılması,
bütövlükdə kənd təsərrüfatını,
eləcə də sahibkarlığı stimullaşdıran
dövlət proqramlarının qəbul olunması və
onların müvəffəqiyyətlə icra
olunması ölkədə sahibkarlığın
inkişafına münbit şərait
yaradıb. Təkcə onu qeyd
etmək kifayətdir ki, ötən on ildə ölkəmizdə
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın layihələrinin maliyyələşdirilməsinə
1,2 milyard manat güzəştli
kredit verilib. Həmin
layihələrin işlək mezanizmə çevrilməsi nəticəsində
ölkədə 110 minədək yeni iş yeri yaradılıb.
Yeri gəlmişkən, Azərbaycan dövlətinin
özəl bölmənin inkişafı və dəstəklənməsi
ilə bağlı həyata keçirdiyi
davamlı və ardıcıl tədbirlər məntiqi cəhətdən
bir-birini tamamlayır. Qanunvericilik bazasının
təkmilləşdirilməsi, sahibkarlığa dövlət
dəstəyinin genişləndirilməsi, vergi
yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, “bir pəncərə” prinsipinin
tətbiqi, güzəştli kreditlərin verilməsi və
digər tədbirlərin nəticəsidir ki,
hazırda ölkəmizdə güclü
özəl sektor
formalaşmışdır. Təkcə 2013-cü ildə Azərbaycanda
yeni sahibkarlıq fəaliyyəti ilə məşğul
olan 7879 hüquqi
şəxs qeydiyyata
alınmışdır ki, bu da əvvəlki dövrlə
müqayisədə yaradılan müəssisələrin
sayından 40,5 faiz çoxdur.
Bütövlükdə isə son 10 ildə
ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə
artmış, məşğulluqda özəl sektorun
payı 73,9 faizə, vergi
daxilolmalarında 72,4 faizə yüksəlmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər
nəticəsində özəl sektorun
ölkənin sosial-iqtisadi
inkişafında və ümumi daxili məhsul istehsalında xüsusi
çəkisi artmışdır. Təkcə onu qeyd etmək kifayətdir
ki, hazırda
ÜDM-in həcmində özəl sektorun payı 83 faiz təşkil
edir. Bununla belə, aqrar sektor, sənaye, ticarət,
mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi
istehsal və xidmət sahələrində
qeyri-dövlət bölməsinin payı 70-99 faiz
arasında dəyişir.
Azərbaycanda
sahibkarlığın inkişaf göstəricilərinin
dinamikası, heç şübhəsiz, bu sahədə həyata keçirilən iqtisadi islahatların uğurlu
nəticələrinin əyani təsdiqidir. “Ölkəmizin gələcək
inkişafı sahibkarlığın inkişafından
asılıdır” deyən Prezident İlham Əliyev ötən illərdə Azərbaycanda iş
adamlarının əsl himəyadarı kimi
çıxış etmiş, özəl
bölməyə hər cür diqqət
və qayğı göstərmişdir. Elə
bu il mart
ayının 3-də “Sahibkarlığın inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanı da
sahibkarlığın inkişafına göstərilən
diqqət və qayğının, bu sahəyə
verilən böyük önəmin,
özəl bölməyə dövlət dəstəyi
tədbirlərinin ardıcıllığının göstəricisidir.
Xatırladaq ki,
sahibkarlığın inkişafının yeni
mərhələsinin hüquqi əsaslarını
özündə əks etdirən bu mühüm konseptual sənəd
Azərbaycanda biznes mühitinin
daha da
yaxşılaşdırılması, onun
ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi
istiqamətində mühüm tədbirlərin
həyata keçirilməsi üçün
əsas olmaqla yanaşı,
qarşıdakı illərdə sahibkarlığın
inkişafı üçün geniş imkanlar
açır. Prezident İlham
Əliyevin bu ilin yanvar ayında imzaladığı fərmanla
2014-cü il ölkəmizdə “Sənaye
ili” elan olunmuşdur. Heç
şübhəsiz, bu mühüm
sənəd sənaye sahəsində də
sahibkarlığın inkişafına genişmiqyaslı təkan
verəcəkdir.
Yeri gəlmişkən, Azərbaycanda
sahibkarlığın inkişaf etdirilməsi
ilə bağlı aparılan siyasət, görülmüş
işlər nüfuzlu beynəlxalq təşkilatlar
tərəfindən də yüksək qiymətləndirilir.
Belə ki, Davos İqtisadi Forumunun
hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət
qabiliyyətliliyi üzrə dünya
miqyasında 148 ölkə arasında 38-ci yerdədir və ardıcıl
olaraq 5 ildir ki, MDB ölkələri arasında birincidir. “Doing Business 2014” hesabatında isə Azərbaycan
189 ölkə arasında 70-ci yerə yüksəlmişdir.
Son illər dünyada baş verən maliyyə böhranı Azərbaycan
iqtisadiyyatının sadəcə neft amili üzərində qurulmadığını
birmənalı olaraq sübut
etmişdir. Məlum olduğu
kimi, hazırda dünyanın neft bazarında sürətli ucuzlaşma
tendensiyası müşahidə olunur. Bunun isə Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə
yaradacağı gözlənilmir. Prezident İlham
Əliyevin bəyan etdiyi kimi,
bu zərərli tendensiyanın
qarşısının alınması üçün
hazırlanmış qabaqlayıcı tədbirlər, müxtəlif
ssenarilər neftin qiymətinin hətta 60 dollar olacağı təqdirdə belə, Azərbaycan
iqtisadiyyatı sabit inkişafını davam etdirəcək. Elə
Azərbaycanın Maliyyə naziri Samir Şərifov da bu yaxınlarda jurnalistlərə müsahibəsində
bildirib ki, qısa
müddət ərzində neftin qiymətinin
40 faizdən çox ucuzlaşması, xammal bazarlarında hökm
sürən qeyri-sabitlik və qeyri-müəyyənlik
hökumət tərəfindən də qiymətləndirilir,
araşdırılır və buna uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Onun sözlərinə görə, neftin ucuzlaşmasının bilavasitə
dövlət büdcəsinin gəlirlərinə bir o qədər də mənfi
təsiri gözlənilmir. Neftin qiymətinə
yenidən baxılması büdcə gəlirləri üçün ən vacib
məsələ deyil. Çünki dövlət büdcəsinin gəlirləri
müəyyən mənada sığortalanıb.
Qeyd etdiyimiz kimi, Azərbaycan
iqtisadiyyatının inkişaf
dinamikasında qeyri-neft sektorunun
xüsusi çəkisi getdikcə
yüksəlir, şaxələndirmə tədbirlərinin,
sahibkarlığın inkişafının, investisiya
və biznes mühitinin
daha da
yaxşılaşdırılması nəticəsində
adıçəkilən sahənin dinamik
inkişafı davam edir. Elə son illər ÜDM-in artımının, əsasən, qeyri-neft sektoru hesabına
təmin edilməsi də bunu təsdiqləyir. Belə ki, son üç ildə qeyri-neft sektorunda təqribən
10 faizlik, qeyri-neft sənayesində
isə orta hesabla 8 faizlik artıma nail olunmuşdur. Qeyri-neft sektorunun ÜDM-də payı 2011-ci ildəki
48,8 faizdən 2013-cü ildə 56,6 faizə yüksəlmişdir.
Bütün bu nailiyyətlərin
dünyada baş verən
maliyyə böhranı fonunda
qazanılması isə Azərbaycan
iqtisadiyyatının dayanıqlığını bir daha sübut
edir. Artıq iqtisadi sahədə keçid
dövrünü uğurla
başa vuran Azərbaycan
hazırda malik olduğu
iqtisadi potensiala və
bu sahədə həyata keçirilən
səmərəli islahatların uğurlu
nəticələrinə görə nəinki postsovet
məkanında, bütövlükdə, dünya
miqyasında mühüm rolu olan dövlətə çevrilmişdir.
Hazırda Azərbaycan
iqtisadi inkişafının keyfiyyətcə
yeni, daha yüksək
mərhələsinə qədəm qoymuşdur.
Milli iqtisadiyyatın dayanıqlı və
sabit inkişafı üçün
qeyri-neft sektorunun
gücləndirilməsi, sahibkarlığın
inkişafının daha da
sürətləndirilməsi bu mərhələnin
əsas səciyyəvi cəhətləridir. Yerli təbii və iqtisadi resurslara əsaslanan
müəssisələrin yaradılması, mövcud
müəssisələrin modernləşdirilməsi, ənənəvi
istehsal sahələri ilə
yanaşı, yenilərinin fəaliyyətə
başlaması, sənaye parklarının, sənaye məhəllələrinin
təşkili, regionlarda sənaye
potensialının gücləndirilməsi, aqrar bölmənin, turizmin
və digər vacib sahələrin inkişaf etdirilməsi Azərbaycanın iqtisadi gücünü və
beynəlxalq nüfuzunu bir
qədər də artıracaq.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 14 dekabr.- S.1.