Naxçıvan Muxtar
Respublikası
1995–2014-cü illərdə
Blokada şəraitində hərtərəfli tərəqqiyə nail olmaq düsturu
“İntibah” anlayışı hansısa bir tarixi inkişaf dövrünü əks etdirən termin kimi hələ orta əsrlərdə italyan mütəfəkkirləri tərəfindən işlədilib. “İntibah” oyanış, canlanma, dirçəlmə, yenidən yüksəliş deməkdir. İntibah o yerdə baş verir ki, orada bütün sahələrin kompleks inkişafına nail olunur. Bəşər tarixində blokada şəraitində intibah yaratmağın hələlik bizə məlum yeganə nümunəsi Naxçıvandır.
Əlbəttə,
intibaha aparan yol əvvəlcə iqtisadi inkişafdan
keçir. İqtisadiyyat inkişaf etdirilməlidir ki, mədəniyyətin,
təhsilin, səhiyyənin və digər sahələrin
inkişafı təmin olunsun. Bu mənada
Naxçıvanın intibah tarixinin dərindən öyrənilməli
və təhlil olunmalı məqamlarından biri iqtisadi
inkişafın Naxçıvan modelidir. Bu modelin əsas
uğuru isə blokada vəziyyətində, ölkənin əsas
ərazisi ilə birbaşa əlaqənin olmadığı
şəraitdə inkişafı təmin etməsi, eyni
zamanda, inkişafın davamlı xarakter daşıması və
sürətli təkamül yolu ilə getməsindədir.
İqtisadi
və nəqliyyat əlaqələrinin məhdud olduğu
şəraitdə yüksək iqtisadi fəallığa nail
olunması, istehsal potensialının hərəkətə gətirilməsi,
davamlı quruculuq işləri, sosial problemlərin həlli və
ən əsası əhalinin rifah halının
yaxşılaşdırılması inkişafın
Naxçıvan modelinin
xarakterik xüsusiyyətləridir. Məhz bütün bunlar
tariximizin 1995-ci ildən sonrakı dövrünü “Muxtariyyətin
intibah dövrü” adlandırmağımıza imkan verir.
Blokadanın çətinliklərinə baxmayaraq,
1995-2014-cü illərdə muxtar respublikada böyük
quruculuq proqramı gerçəkləşdirilib, bütün
sahələrdə mühüm nailiyyətlər əldə
olunub. Naxçıvan Muxtar Respublikasında son 19 ildə
aparılan genişmiqyaslı quruculuq tədbirləri, regionun
hərtərəfli inkişafı adilikdən uzaq,
möcüzəyə bənzər həqiqətlərdir.
Beş minillik şəhər mədəniyyəti tarixinə
malik Naxçıvanda, çətin ki, son 19 il qədər
heyrətamiz bir dövr olsun. Bəs bu yüksəlişə
necə nail olunub?
“Əsas məsələ
Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola
bilər, o qədər böyük olmaya da bilər. Amma əgər
Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox
iş görmək olar”. Azərbaycan Prezidenti İlham
Əliyevin bu sözləri blokada şəraitində
yaradılan intibahın səbəblərini izah edir.
Hələ
1996-cı ildə keçirilən müşavirələrin
birində “Yaxşı bəhanə tapıblar, hər
nöqsanı, hər çatışmazlığı və
özlərinin fəaliyyətsizliyini blokada ilə əlaqələndirirlər”,
- deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov blokadanın inkişaf
üçün əngəl olmadığını açıq-aydın bəyan edib.
Naxçıvanın inkişafdan intibaha qovuşması
düzgün idarəetmənin nəticəsi, Vətən
sevgisi, yurd sahibliyinin misilsiz nümunəsidir.
Məhəmməd
Peyğəmbər hədislərinin birində buyurub: “Vətəni
sevmək imandandır. İnsanların ən
yaxşısı camaatın xeyrinə
çalışandır”. Deməli, Vətən naminə
çalışmaq ən savab, ən xeyirxah əməldir.
Son 19 ilin nəticələri sübut edir ki,
Naxçıvanda görülən işlər böyük vətənpərvərliklə
həyata keçirilib və yalnız insan amilinə xidmət
edib.
Dünya şöhrətli
rus yazıçısı Lev Tolstoy yazırdı ki, “Vətənpərvərlik
təkcə Vətəni sevmək deyil. Bu daha dərin bir
hadisədir. Bu, özünün Vətəndən
ayrılmaz olduğunu dərk etmək, xoşbəxt və
ağır günlərini onunla birlikdə yaşamaqdır”.
Ötən əsrin 90-cı illərinin əvvəllərində
– ağır günlərdə muxtar respublika sakinləri bu
torpağa qırılmaz tellərlə bağlı
olduqlarını sübuta yetirdilər. Müasir
Naxçıvanın indiki sevincli günlərində də
belədir: insanlar qurub-yaradır, muxtar respublikanın daha da
inkişaf etməsi üçün var qüvvə ilə
çalışırlar.
Yeni Naxçıvan
bugünkü firavan və xoşbəxt günlərinə
asanlıqla nail olmayıb. Ötən əsrin 80-ci illərinin
sonu və 90-cı illərinin əvvəllərində
naxçıvanlılar çox əzab-əziyyətlər
çəkiblər. Naxçıvan şəhərində
yaşayan bir müəllimimin o dövrün çətinliyi
ilə bağlı danışdığı hadisə
yaddaşımdan heç vaxt silinməyəcək.
Müsahibim deyirdi ki,
90-cı illərin əvvəllərində mən ali məktəbdə
oxuyurdum. Səhər tezdən dərsə getməmişdən
əvvəl qardaşımla çörək növbəsinə
gedirdik. Dəriəvəzedici materialdan hazırlanmış
bir gödəkçəm var idi. Bir dəfə çox
gözlədikdən sonra, nəhayət, çörək
almaq növbəsi bizə gəlib çatdı. Yenicə
sobadan çıxmış çörəyi satıcı mənə
verəndə əlim yanmasın deyə, gödəkçəmin
ətəyini qatlayıb onu tutdum. Bir neçə metr
uzaqlaşmışdım ki, istidən gödəkçəmin
əridiyinin fərqinə vardım. Çörək əlimdən
yerə düşdü. Naxçıvanın o çətin
və şaxtalı günlərində çörəksizlikdən
dəhşətli heç nə yox idi. Evdəkilər həmin
gün çörəyin içini yeməyə məcbur
olmuşdu.
XX əsrin
90-cı illərindəki vəziyyət,
yağışın və qarın altında,
Naxçıvanın sümüyə işləyən
şaxtalı günlərində çörək növbələri,
sənə çatdıqda satıcının çörəyin
qurtardığını deməsindən doğan dəhşət
hissi, yəqin ki,
naxçıvanlıların əksəriyyətinə
tanışdır. Məhz belə bir vəziyyətdə
yaşayan Naxçıvanda –
elektrik enerjisinin günlərlə verilmədiyi, təbii
qazın olmadığı, mövcud infrastrukturun iflic vəziyyətinə
düşdüyü, ərzaq qıtlığının
yarandığı muxtar respublikamızda cəmi 19 ildə
intibaha nail olunub.
Vətən
sevgisi üzərində ucaldılan müasir
Naxçıvanda genişmiqyaslı tikinti və quruculuq
işlərinin aparılması, yolların və
körpülərin salınması, istehsal müəssisələrinin
yaradılması, iqtisadiyyatın sürətli
inkişafı, on minlərlə yeni iş yerinin
açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin,
kənd və xidmət mərkəzlərinin inşası,
yaşayış binalarının yenidən qurulması,
elektrik, qaz və su təminatının
yaxşılaşdırılması regionda həyata
keçirilən tədbirlərin yalnız görünən
tərəfidir. Naxçıvanın işıqlı gələcəyi
naminə elə möhtəşəm tədbirlər həyata
keçirilir ki, indi biz onların mahiyyətini tam dərk edə
bilmirik.
Bu gün muxtar
respublikada əksər ərzaq və qeyri-ərzaq məhsullarına
olan tələbat daxili imkanlar hesabına ödənilir və
Naxçıvanın ixrac potensialı günü-gündən
genişləndirilir. Qarşıya qoyulan məqsəd muxtar
respublika əhalisinin bütün məhsullara olan tələbatının
yerli istehsal hesabına ödənilməsi və idxal məhsullardan
asılılığın tamamilə aradan
qaldırılmasıdır. Bu xüsusda muxtar respublikada əldə
olunan ən böyük uğurlardan biri, bəlkə də, ən
başlıcası regionun enerji və ərzaq təhlükəsizliyinin
tam təmin olunmasıdır. Vaxtilə enerjiyə olan tələbatını
idxal hesabına ödəyən Naxçıvan indi elektrik
enerjisi ixrac edir. Muxtar respublika 100 faiz
qazlaşdırılıb.
Bu istiqamətdə
görülən işləri yüksək qiymətləndirən
ölkə başçısı İlham Əliyev
demişdir: “Bu gün Naxçıvan nəinki
özünü enerji ilə tam şəkildə təmin
edir, hətta ixrac edir. Ən önəmlisi ondan ibarətdir
ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa
olunan enerji növləri hesabına ödənilir. Bu da, deyə
bilərəm ki, dünyada çox nadir hallarda müşahidə
edilən bir mənzərədir”.
Enerji təhlükəsizliyinin
təmin olunması muxtar respublikada sənayenin
inkişafına zəmin yaradıb. Vaxtilə ümumi daxili məhsul
istehsalında aqrar sahənin ağırlıq təşkil
etdiyi muxtar respublika bu gün sənaye-aqrar regionuna
çevrilib. Sənaye sahəsinin aparıcı mövqedə
olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində
həyata keçirilən tədbirlər nəticəsində
son illər ciddi uğurlar qazanılıb. Fəaliyyəti
dayandırılmış sənaye müəssisələrinin
1996-cı ildən başlayaraq fəaliyyətinin bərpa
edilməsi və yeni istehsal sahələrinin
yaradılması, nəticə etibarı ilə, əvvəllər
istehsal olunmayan yeni sənaye məhsullarının
istehsalına və ümumilikdə, sənaye məhsulu
istehsalının dinamik artımına səbəb olub.
Əgər
2003-cü ilin sonunda muxtar respublikada 66 sənaye müəssisəsi
fəaliyyət göstərirdisə, 2013-cü ilin sonunda bu
göstərici 7 dəfə artaraq 438-ə çatıb.
2003-cü illə müqayisədə 2013-cü ildə sənaye
məhsulunun həcmi 49 dəfə artıb. Bu gün Naxçıvanda ərzaq məhsullarından
tutmuş avtomobilə qədər,
demək olar ki, hər şey istehsal olunur.
Sənaye ilə
yanaşı, aqrar sahənin inkişafı da diqqət mərkəzindədir.
Suvarma suyuna olan tələbatın ödənilməsi,
aqrolizinq xidmətinin yaradılması nəticəsində kənd
təsərrüfatı texnikaları ilə təminatın
yaxşılaşdırılması əkinçini torpaqdan
ikiəlli yapışmağa sövq edib. Bunun nəticəsidir
ki, əkin sahələri və məhsul istehsalı ilbəil
artırılır.
Əkinəyararlı
torpaqlar tam şəkildə əkin dövriyyəsinə
qatılmaqla 2013-cü ilin məhsulu üçün 60 min 127
hektar sahədə əkin işləri həyata
keçirilib. Strateji ərzaq məhsulu olan taxıl
istehsalının artırılması ilə yanaşı,
taxıl ehtiyatı anbarlarının qurulması ərzaq təhlükəsizliyinin
təmin olunmasına xidmət edir.
Kənd
adamının rifah halının
yaxşılaşdırılması məqsədilə kənd
təsərrüfatının inkişafı istiqamətində
görülən işlərlə paralel olaraq, əhalinin həyat
şəraiti də müasir standartlar səviyyəsinə
çatdırılıb.
Muxtar respublikanın kənd yaşayış məntəqələrində
tikilib istifadəyə verilən müasir məktəb
binaları, kənd və xidmət mərkəzləri,
müasir tələblər səviyyəsində yenidən
qurulan avtomobil yolları şəhərlə kənd
arasındakı fərqin aradan qaldırılmasına, kəndlərdə
şəhər rahatlığının yaradılmasına gətirib
çıxarıb.
Hər hansı bir
regionun inkişafı, ilk növbədə, o yurdun təhsilli
insanlarından asılıdır. Əgər savadlı
insanlar, mütəxəssislər varsa, bütün sahələrin
inkişafına nail olmaq mümkündür. Odur ki, muxtar
respublikada təhsilin inkişafı əsas vəzifələrdən
biri kimi qarşıya qoyulub. Son 19 ildə muxtar respublikanın
şəhər, qəsəbə və kəndlərində
300-dən çox təhsil müəssisəsi tikilərək
və ya yenidən qurularaq istifadəyə verilib. Muxtar
respublikanın ən ucqar dağ kəndində tikilən məktəb
binası ilə Naxçıvan şəhərində
inşa olunan təhsil ocağı arasında heç bir fərq
yoxdur.
Türkiyənin
tanınmış alimlərindən professor İbrahim Ethem
Atnur Naxçıvanda olarkən Şahbuz rayonunun Biçənək
kəndində gördüyü məktəb binası barədə
təəssüratlarını sosial şəbəkələrdə
belə paylaşmışdı: “Naxçıvanın ucqar
bir dağ kəndində beşmərtəbəli bir bina
gördüm. Mənə dedilər ki, bura məktəb
binasıdır. Heyrətləndim. Gəzdiyim ölkələrin
heç birində ucqar dağ kəndində beşmərtəbəli
məktəb binası görməmişdim. O məktəb
binası bəzi Avropa ölkələrindəki universitet
binalarından daha sanballı idi. Bu, öz xalqının təhsilli
gələcəyini düşünən insanların Vətəninə
böyük xidmətidir. Naxçıvan blokadaya baxmayaraq,
sürətlə inkişaf edib. Orada 50 ilə görüləcək
işlər 15-20 ildə görülüb”.
Naxçıvanda
təhsilin orta, orta ixtisas və ali təhsil pillələrinin
inkişafı istiqamətində görülən işlər,
tikilən məktəb binaları, yaradılan müasir
universitet şəhərcikləri Azərbaycanın xoşbəxt
gələcəyinə xidmət edir. Təhsil sahəsinə
göstərilən böyük diqqət və
qayğının nəticəsidir ki, bu gün ucqar Tivi, Ləkətağ,
Şada və ya Havuş kəndlərindəki müasir məktəb
binalarında təhsil alan şagirdlər ən son model
kompüter texnologiyalarından istifadə edərək
internet vasitəsilə dünyaya səyahət edir, ali məktəb
müəllimləri və tələbələri isə
heç bir çətinlik çəkmədən
dünyanın ən qabaqcıl ölkələrinin
universitetləri ilə videokonfrans əlaqəsi yaradırlar.
Təhsil sahəsində
həyata keçirilən tədbirlər savadlı,
dünyagörüşlü, vətənpərvər gəncliyin
yetişdirilməsinə şərait yaradıb. Gənclərlə
iş muxtar respublikada ciddi diqqət yetirilən sahələrdən
biridir. Ona görə ki, ölkəmizin gələcəyi gənclərdən
asılıdır. Hələ 1996-cı ilin fevral ayında
keçirilən Naxçıvan Muxtar Respublikası Gənclərinin
Birinci Forumunda bu sahədə görüləcək işlərin
vacibliyinə diqqət çəkən Ali Məclisin sədri
Vasif Talıbov demişdir: “Dövlət və ictimai təşkilatların
yaxından köməyi olmadan gənclərin üzləşdikləri
problemləri onların öz gücləri ilə aradan
qaldıracaqlarını güman etmək yersizdir. Dövləti
vəzifə ilə yanaşı, insanlıq borcunu da
düşünmək lazımdır. Gəncliyin problemi
hamımızın probleminə çevrilməli, sosial cəhətdən
zəif olan bu təbəqəyə bacardığımız
qədər kömək əlimizi uzatmalıyıq”.
Müasir
Naxçıvanın intibah tarixinin əsasının
qoyulduğu 1995-ci ildən sonra bu sahədə həyata
keçirilən ardıcıl tədbirlər artıq öz
bəhrəsini verməkdədir. Vətənə
xidmət amalı ilə yetişdirilən bugünün gəncləri
nazirdir, komitə sədridir, deputatdır, fəlsəfə və
elmlər doktorudur, Avropa və dünya çempionudur, mükəmməl
kompüter mühəndisidir, uğurlu açıq ürək
əməliyyatı aparan həkimdir. İndi yetişən gəncliyin
vətənpərvərlik tərbiyəsi çox
yüksək səviyyədədir. Bu gün hər bir gəncin
qarşısında bir tarixi vəzifə qoyulub: Vətənin
keşiyində duraraq ona xidmət etmək, bununla ölkəmizin
inkişafına nail olmaq, Azərbaycanın dövlət
müstəqilliyini daha da möhkəmləndirmək.
Muxtar respublika rəhbərinin
Vətən sevgisi, doğma torpağa
bağlılığı, qətiyyət və iradəsi,
böyük yaradıcılıq enerjisi hər kəsə
nümunədir. Və bu nümunənin
işığında böyük vətənpərvərlər
ordusu, yaradıcı, qurucu gənclik yetişir. O gənclik
ki, gələcəkdə nəinki Naxçıvanı daha
böyük tərəqqiyə qovuşdurmaq, onun zorla əlindən
alınmış tarixi torpaqlarını belə bərpa etmək
əzmindədir.
İstənilən
yaradıcı, qurucu fəaliyyətin təməlində insan
sağlamlığı dayanır. Ona görə də
Naxçıvanda səhiyyənin inkişafı istiqamətində
ardıcıl tədbirlər görülür. Son 19 ildə
muxtar respublikada 230 səhiyyə müəssisəsi
üçün binalar tikilərək və ya yenidən
qurularaq istifadəyə verilib. Muxtar respublikanın paytaxtı
Naxçıvan şəhərində və rayon mərkəzlərində
tikilib istifadəyə verilən xəstəxana binaları, kəndlərdə
yaradılan həkim ambulatoriyaları müasir tibbi
avadanlıqlarla təchiz olunub. Artıq ucqar
Şahbulaq kəndinin sakini səhhətində yaranmış
kiçik problem üçün, məsələn, təzyiqini
ölçdürməkdən ötrü rayon mərkəzinə
gəlmək, ürəyində ciddi qüsuru olan
Naxçıvan şəhər sakini isə açıq
ürək əməliyyatı olunmaq məqsədilə
qonşu ölkələrə getmək məcburiyyətində
deyil.
İnsanların
sağlamlığının qorunmasına, ekoloji vəziyyətin
daha da yaxşılaşdırılmasına istiqamətlənmiş
tədbirlərdən biri də yeni yaşıllıqların
salınmasıdır. Əgər ötən əsrin
90-cı illərinin əvvəllərində muxtar
respublikanın ərazisinin cəmi 1 faizi yaşıllıq idisə, hazırda
Naxçıvanın ümumi ərazisinin 10 faizindən
çoxunu yaşıllıqlar əhatə edir.
Muxtar respublika ərazisində
təbii mühitin unikallığı, maddi-mənəvi sərvətlərin
zənginliyi, flora və fauna müxtəlifliyi bu ərazilərin
xüsusi qorunmasını zəruri edir. Naxçıvan
MR Ali Məclisi sədrinin müvafiq sərəncamları ilə
“Arazboyu” Dövlət Təbiət Yasaqlığının və
“Arpaçay” Dövlət Təbiət
Yasaqlığının yaradılması flora və fauna
ehtiyatlarının qorunmasına, ekoloji balansın təmin
edilməsinə müsbət təsir göstərib.
İnsan amilinin daim
ön planda olduğu muxtar respublikada xüsusi qayğıya
ehtiyacı olanlar da diqqətdən kənarda qalmır. Qaçqın və məcburi köçkünlərə,
mənzilə ehtiyacı olanlara mənzillərin verilməsi,
müxtəlif dövlət qurumları tərəfindən
mütəmadi olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrə
baş çəkilməsi muxtar respublika əhalisi tərəfindən
minnətdarlıqla qarşılanır.
Muxtar respublikadakı
yeniləşmə və intibah yalnız tikinti-quruculuq işləri
ilə məhdudlaşmır. Buna paralel olaraq,
Naxçıvanın tarixinin öyrənilməsinə, tədqiq
olunmasına da ciddi diqqət yetirilir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin təşəbbüsü
ilə Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsinin yaradılması
Naxçıvan tarixinin kompleks şəkildə
araşdırılmasına və tədqiq olunmasına şərait
yaradıb. Bu istiqamətdə görülən işlər
yalnız tariximizin tədqiqi ilə məhdudlaşmayıb.
Əldə olunan nəticələrin ictimaiyyətə təqdim
edilməsi sahəsində də əhəmiyyətli işlər
görülüb.
İki cilddə
“Naxçıvan ensiklopediyası”nın, “Naxçıvan abidələri
ensiklopediyası”nın, “Naxçıvan tarixi
atlası”nın, üç cilddə “Naxçıvan
tarixi”nin birinci cildinin və onlarla belə nəşrin
işıq üzü görməsi dediklərimizə əyani
misaldır. Vaxtilə tarixinin orta əsrlər dövrü belə,
dərindən tədqiq edilməyən Naxçıvan bu
gün 5 minillik şəhər mədəniyyətinə
sahib olduğunu beynəlxalq aləmə ciddi elmi arqumentlərlə
sübut edir. Naxçıvanın tarixi ilə bağlı
aparılan tədqiqatların yekunları təkcə kitab nəşri
ilə tamamlanmır.
Bu elmi nəticələrin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
də ardıcıl tədbirlər görülür.
1996-cı ildən bəri muxtar respublikada keçirilən
beynəlxalq simpozium və konfranslar bu mənada xüsusi elmi əhəmiyyətə
malikdir. İlkin yaşayışın və şəhərsalma
yerinin arqumentləri kimi
Naxçıvandakı tarixi abidələrin
pasportlaşdırılması və bərpası işinə
ciddi diqqət yetirilməsi, Naxçıvan Duzdağ mədəniyyətinin
yeni elmi istiqamət kimi müəyyənləşdirilməsi
doğma Vətən tarixinin düzgün
araşdırılması zəruriliyinə diqqətdən
qaynaqlanır.
Muxtar respublikanın mədəni
həyatı da bu gün öz qaynarlığı ilə
seçilir. Mədəniyyət müəssisələri
üçün yaradılan şərait yeni-yeni uğurlara
aparır. Bu gün muxtar respublikada Xalq Çalğı Alətləri,
Kamera, Estrada orkestrləri fəaliyyət göstərir. Zəngin
ənənələrə malik Naxçıvan
teatrının inkişafı üçün mühüm qərarlar
qəbul olunub, teatrın binası yenidən qurulub. Ali Məclis sədrinin Naxçıvan
teatrını himayə etməsi, aktyor və rejissorlarla
birbaşa təmasda olması, onlara dəyərli tövsiyələrini
verməsi bu sənət məbədinin yaradıcılıq
uğurlarının daha da artmasına səbəb olub.
Bu gün muxtar respublikada fəaliyyət göstərən
xalq teatrları, musiqi kollektivləri insanların asudə
vaxtının səmərəli təşkilində əhəmiyyətli
rol oynayırlar.
Müasir
Naxçıvanın əldə etdiyi ən mühüm
tarixi nailiyyətlərdən biri də burada güclü hərbi
kadr potensialının yaradılmasıdır. Muxtar respublikada
gənc hərbi kadrların yetişdirilməsi məqsədilə
ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 13 mart tarixli sərəncamı
ilə Naxçıvanda Hərbi Lisey yaradılıb.
Bugün ulu öndər Heydər Əliyevin adını
daşıyan Hərbi Liseyin məzunları Azərbaycan
Ordusunda öz xidməti vəzifələrini şərəflə
yerinə yetirirlər. Liseydə Naxçıvan
torpağının yetirmələri olan Kəngərli
generallarının layiqli davamçıları yetişir.
Muxtar
respublikada hərbi kadrların yetişdirilməsi ilə
yanaşı, ordunun maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində də ardıcıl tədbirlər
görülür. Ölkə rəhbəri İlham Əliyev
Naxçıvan Muxtar Respublikasına səfərlərinin
birində hərbi quruculuq sahəsində görülən
işləri yüksək
qiymətləndirərək demişdir: “Ordu quruculuğu sahəsində
Naxçıvanda çox böyük işlər
görülür. Bu hərbi hissə Azərbaycandakı hər
bir hərbi hissə üçün nümunə, örnək
ola bilər. Burada olan şərait ən yüksək
standartlara cavab verir. Azərbaycan Ordusu məhz bu cür
olmalıdır”.
Naxçıvanda
Əlahiddə Ümumqoşun Ordusunun yaradılması muxtar
respublikanın təhlükəsizliyinin təmin olunmasına
xidmət edən çox mühüm tarixi qərardır.
Dövlət başçısının da dediyi kimi, indi
Naxçıvan ordusu nəinki muxtar respublikanın sərhədlərini
etibarlı müdafiə edir, həm də istənilən hərbi
vəzifəni icra etməyə qadirdir.
Görülən
işlər nəticəsində Naxçıvan Muxtar
Respublikası blokadanı çoxdan yarıb. Şəhər
və kəndləri sürətlə yeniləşən,
beynəlxalq tədbirlər və idman yarışları
keçirilən, ildə 350-400 min turisti qəbul edən,
beşulduzlu otellər fəaliyyət göstərən, yerli xammala əsaslanan istehsal müəssisələri
yaradılan, ixrac imkanları getdikcə artan, əhalisinin
bütün sosial ehtiyacları ödənən, bir sözlə,
blokada şəraitində intibah yaradan Naxçıvan
üçün, sadəcə, sözdə blokada
anlayışı var.
Muxtar respublikaya gələn
qonaqların əksəriyyətinin yekdil fikri belədir:
Naxçıvan sürətli inkişaf yolundadır, bura
çox təmiz və təhlükəsiz regiondur. Bütün bunlara görədir ki, amerikalı
jurnalist Mark Hey Naxçıvanı Qafqazın San-Fransiskosu,
sloveniyalı jurnalist Stefano De Françesçi qədim
diyarımızı müasir inkişaf və tərəqqi
göstəricisi, Naxçıvanın əksər xarici qonaqları
buranı Azərbaycanın Strasburqu adlandırıb.
Müasir
Naxçıvan ümummilli
liderimiz Heydər Əliyevin görmək istədiyi kimi
qurulur. Ulu öndərimiz hələ 1996-cı il oktyabrın
30-da muxtar respublika ictimaiyyətinin nümayəndələri
ilə görüşündə Naxçıvanda işlərin
düzgün qurulduğunu bildirərək demişdi:
“Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən
son vaxtlar həyata keçirilən tədbirlər şəxsən
məni sevindirir. Onların müsbət nəticəsi sizin
gözünüz qarşısındadır. Mən bu barədə
mütəmadi olaraq məlumatlar alıram və bu işlərə
nəzarət edirəm. Amma, eyni zamanda, dünən də, bu
gün də Naxçıvan şəhərində artıq
baş vermiş böyük müsbət dəyişiklikləri
və burada yaranmış mühiti, əhval-ruhiyyəni
görərkən daha da çox sevinirəm. Hesab edirəm
ki, Naxçıvan Muxtar Respublikasının dövlət rəhbərliyi
düzgün yoldadır. Siz birlikdə bu yolla böyük
nailiyyətlər əldə edə biləcəksiniz”.
Bu tarixi
çıxışdan 18 il sonra Azərbaycan Prezidenti
İlham Əliyev deyəcəkdi: “Naxçıvanda
görülən işlərlə bir daha tanış olarkən
gördüm ki, nə qədər böyük işlər
görülür, Naxçıvan rəhbərliyi muxtar
respublikanın inkişafı üçün nə qədər
böyük sevgi ilə, diqqətlə səylər göstərir.
Hesab edirəm ki, bu gün Naxçıvanın gələcək
inkişafı ilə bağlı əlavə sözlərə
ehtiyac yoxdur. Çünki bütün işlər burada ən
yüksək səviyyədə görülübdür. Bir
daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri
- quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi,
hərbi potensial, infrastruktur layihələrin icrası, ərzaq
təhlükəsizliyi məsələlərini həll
etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə
etmək lazımdır”.
Vətən,
yurd sevgisinin, torpaq təəssübünün nəticəsi
budur. Çəkilən zəhmətin itmədiyi nümunəvi
bir regionda çoxdan bizi düşmən blokadası,
qarlı qış, boş mağaza vitrinləri, çörək
növbələri qorxutmur. Əgər iqtisadi cəhətdən
yüksək səviyyədə
inkişaf etmiş, əhalisinin bütün ehtiyacları
ödənilən, daimi elektrik enerjisi, təbii qazı, təmiz
suyu olan, təhlükəsiz bir yerdə firavan ömür
sürmək, qapını da qıfıllamadan rahat yaşamaq
istəyirsənsə... Bura Naxçıvandır.
Naxçıvanlılar
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini il
boyu böyük sevinc hissi ilə, möhtəşəm
uğurlarla qeyd etdilər. Unutmayaq ki, bu uğurlar blokada şəraitində
qazanılıb. Əgər blokada olmasaydı,
Naxçıvanla inkişafı müqayisə olunacaq yer
çətin tapılardı.
Tural SƏFƏROV,
“Şərq qapısı” qəzetinin
baş redaktoru,
Naxçıvan
Xalq qəzeti.- 2014.- 16 dekabr.- S.5.