Cümhuriyyətin yadigarı:

Bakı Dövlət Universiteti

 

Bakı Dövlət Universiteti – 95

 

Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Tarixdə xalqlar öz sayına görə yox, elm, təhsil, mədəni səviyyəsinə görə tanınır və yad olunur. Belə ki, qədim dövlətlər olan - Misir, Yunanıstan,  Hindistan, Çin və Mesopotamiya apardıqları saysız-hesabsız müharibələrə görə yox, bəşər mədəniyyətinə və elminə verdikləri töhfələrə görə tarixə düşmüşlər. Xalqı kütlə düşüncəsindən ayıran, cəmiyyətin fəal üzvünə çevirən, onu mübariz edən elm və təhsildir. VII əsrin ortalarından başlayaraq Azərbaycanda İslam dini yayılmağa başladı və bu, burada yaşayan xalqların vahid etnos halında formalaşmasına təkan verdi. İslam dini təbliğ edirdi ki, elm Çində olsa belə, onun ardınca getmək lazımdır.

 

IX əsrin II yarısından başlayaraq Azərbaycan hökmdarları maarif və elmin inkişafına xüsusi qayğı göstərir, qabaqcıl elm adamlarını saraya toplayır, möhtəşəm məscidlər ucaldır, mədrəsələr açdırırdılar. Azərbaycanın bütün Şərqdə məşhur olan Gəncə, Bərdə, Marağa, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və başqa şəhərlərində mükəmməl təhsil verən çoxlu məktəb və mədrəsələr fəaliyyət göstərirdi. Məscidlərdə “Qurani-Kərim”lə yanaşı, müxtəlif elm sahələrinə dair ilkin məlumatlar verilir, mədrəsələrdə dini biliklər, şəriətlə yanaşı, məntiq, Şərq dilləri və təbiət elmlərinin öyrənilməsinə xüsusi diqqət yetirilirdi.

Avropada ilk universitetlər XI əsrdən təsis olunmağa başladı. Amma bu yol nə qədər şərəfli olsa da, onun uğurla başa çatdırılması çətin və üzücü olurdu. Belə ki, orta əsrlər Avropasında kilsə hər şeyi öz təsiri altına almışdı. Din xadimlərinə belə gəlirdi ki, din adamları savad sahibi və hər şey haqqında hökm vermək iqtidarında olduqları üçün dünyəvi təhsilə ehtiyac yoxdur. Ona görə ayrı-ayrı adamların dünyəvi təhsillə bağlı çağırışları uğursuzluğa düçar olurdu. Amma zaman öz sözünü deyirdi, dini hakimiyyət yavaş-yavaş zəifləyir, dünyəvi elmlər üçün yollar açılırdı. Buna ən bariz nümunə 1088-ci ildə İtaliyada Boloniya Universitetinin təsis edilməsi oldu. 1096-cı ildə Oksford, 1209-cu ildə Kembric, 1303-cü ildə Roma, 1348-ci ildə Praqa, 1365-ci ildə Vyana, 1453-cü ildə Barselona və İstanbul universitetləri fəaliyyətə başladı.

Vaxtilə Nəsrəddin Tusinin Marağa şəhərində açdığı rəsədxana, Rəşidəddinin Təbrizdə təsis etdiyi “Dar-üş şəfa” (müalicə kompleksi), “Nizamiyyə” mədrəsəsi, Şah İsmayıl Xətainin dövründə Təbrizdə açdırdığı kitabxana xalqımızın ən böyük uğurları sırasında yer almışdır. Təbriz kitabxanasının yaradılmasının nəticəsi idi ki, bu saraya “Şərqin Rafaeli” adı ilə məşhurlaşmış, Nizami Gəncəvinin “Xəmsə”sinin əlyazmasına çəkilmiş miniatürləri ilə hazırda İstanbulun Topqapı və Londonun Britaniya muzeylərini bəzəyən Kəmaləddin Behzad kimi rəssamlar toplaşdı.

Nadir şahın ölümündən sonra Azərbaycanda yaranan müstəqil xanlıqların daim təhdid altında olması, həm xaricdən, həm də daxildən təhlükələr elmin və təhsilin inkişafı üçün maneələr törədirdi. Xanlıqların əsas məqsədləri öz ərazilərini  qorumaqdan ibarət olduğundan, çox təəssüflər olsun ki, Azərbaycanda rahat yaşamaq, müstəqil söz sahibi olmaq, öz dini dəyərlərinə etiqad etmək və ən nəhayət, bu torpağın sahibi kimi hökm vermək uzun çəkmədi. XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalına başlandı. Xanlıqların müstəqilliyinə son qoyan 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Şimali və Cənubi Azərbaycan bölgüləri meydana gəldi. Türkmənçay müqaviləsinin XV bəndi xalqımızın gələcək həyatı üçün faciələrin bünövrəsini qoydu: İran ərazisində yaşayan ermənilər istənilən vaxt Azərbaycan ərazisinə köçə bilər, Azərbaycanın istənilən torpağında yurd sala bilərdi və s. Çar Rusiyası gəlmə erməniləri hər vasitə ilə və açıq şəkildə  himayə edirdi. Bu, azmış kimi, çar I Nikolay Azərbaycanın tarixi torpaqları olan Naxçıvan və İrəvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılması haqqında fərman verdi.

Beləliklə, zorla işğal edilən Azərbaycan torpaqlarında özgə dil, özgə din, özgə hakimiyyət fəaliyyətə başladı. Bu o vaxtlar dünyada mövcud olan portəgiz, ispan və ingilis işğalına bənzəmirdi. Bu işğalın mahiyyətində təkcə əsarət zənciri yox, həm də erməniyə dayaq durmaqla yerli müsəlman əhalisinin torpaqlarının əlindən alınıb yadlara verilməsi və min illər boyu bu ərazidə məskunlaşan insanlara qarşı soyqırımı siyasəti var idi.

Çar Rusiyası Azərbaycan xalqını öz mənəvi dəyərlərindən məhrum etmək üçün Şimali Azərbaycanı müsəlman qonşularından təcrid etməyə nail oldu. Albaniyanın keçmişi ilə bağlı tarixi abidələri məhv etdi və ya erməni idarəçiliyinə verdi. Hətta 1836-cı ildə Alban kilsəsini ləğv edərək onun bütün səlahiyyətlərini erməni kilsəsinə verdi.

XIX əsrin 40-cı illərində çar Rusiyası tərəfindən həyata keçirilən inzibati islahatlar azərbaycanlıları çox şeydən məhrum etdi. İnzibati islahat adı altında mülkədar-bəylərin irsi torpaqları əllərindən alındı. Yerli xalq milli-mənəvi dəyərlərindən uzaqlaşdırıldı. Din adamlarının ən barışmaz zümrə olduğunu hiss edən çarizm Tiflisdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsini təsis etdi. Ədalət naminə qeyd etmək lazımdır ki, bu idarə çarizm tərəfindən təşkil olunsa da, bütün fəaliyyəti dövründə öz xalqının maraqlarına zidd heç bir hərəkətə yol vermədi. Əksinə, milli-mənəvi dəyərlərimizi qorumaq üçün ziyalılarımızla əl-ələ verdi.

XIX əsrin ortalarından başlayaraq Azərbaycan xalqının tarixində yeni bir istiqamət formalaşmağa başladı. Çarizmin işğalına qədər bütün fəaliyyətini müsəlman ölkələri ilə quran Azərbaycan xalqı özündən asılı olmayaraq, üzünü Rusiyaya çevirməyə məcbur edildi. Azərbaycanın yeni ziyalı nəsli yetişməyə başladı. Azərbaycan tarixşünaslığının banisi, maarifçi-demokratik istiqamətin ilk nümayəndəsi Abbasqulu ağa Bakıxanov çarizmə qarşı mübarizənin daha sivil yolunu seçdi. 1837-ci il Quba üsyanının təşkilatçılarından sayılan A.Bakıxanov bu hərəkatın uğur qazana bilməməsinə ancaq təəssüflənə bildi. Üsyan iştirakçılarının hamısı ağır cəzalandırıldı.

Xan ailəsindən çıxan, işğal ağrılarını yaşayan və uğursuzluğun şahidi olan A.Bakıxanov azərbaycanlı əhalinin savadlanması üçün təhsil ocaqlarının - məktəblərin açılmasını vacib sayırdı. Hətta bu barədə ən yuxarı instansiyalara məktublarla müraciət etdi. A.Bakıxanov maarifçi-demokratik istiqamətin ilk qaranquşu idi.

A.Bakıxanov Quba kimi bir əyalət şəhərində elə bir kitabxana yaratmışdı ki, həmin mənbələr əsasında Şərq və Qərb tarixinə, fəlsəfə və coğrafiyaya, məntiq və əxlaqa dair qiymətli elmi əsərlər qələmə alınmışdır.

A.Bakıxanovun maarifçi missiyası M.Kazımbəy, M.F.Axundzadə, M.Ş.Vazeh, M.C.Topçubaşov və başqaları tərəfindən uğurla davam etdirildi.

Mirzə Fətəli ilə davam olunan yola inqilabçı-demokratların ilk qaranquşlarından olan Həsən bəy Zərdabi qoşuldu. Həsən bəy bütün ömrünü millətin təhsilinə həsr etdi. Hətta öz evində məktəb açdı, şagirdlərin kitablarını da, müəllimlərin məvacibini də öz cibindən ödəməli oldu. Xalqına xidmət baxımından Həsən bəy zirvədir.

XX əsrin əvvəllərindən başlayaraq hümmətçilik düşüncələrindən millətçiliyə qədəm qoyan milli ziyalılarımız ağır bir yükün altına girdilər. Bu işdə milli burjuaziya milli ziyalılara yaxından dəstək oldu. Milli burjuaziya var-dövləti ilə, milli ziyalılarımız isə milli düşüncələri ilə azərbaycançılıq məfkurəsinin yaradılmasına başladılar.

Gəncənin vətənpərvər ziyalılarından olan Ələkbər bəy Rəfibəyli yazırdı: “Nə qədər ki, milli məktəb yoxdur, milli tərbiyə də olmayacaqdır”. Gəncədə milli məktəbin açılmasına təkid edən Ələkbər bəy Rəfibəyliyə çar üsul-idarəsinin rəsmiləri belə cavab verdilər: “Qoy, sizin cocuqlar rus məktəblərində Quranı rus dilində oxusunlar, sonra da sizə axundluq, mollalıq və yaxud da əfəndilik etsinlər”. 100 il ərzində Azərbaycan xalqı təhsillə bağlı çar idarələrindən buna oxşar cavablar alırdılar.

Bir əsrdən çox Cənubi Qafqazı işğal altında saxlayan çarizm süqut edənə qədər burada ali məktəb açmadı. Bu çarizmin müstəmləkəçilik, qeyri-rus xalqlarına zülm etmək və onları mənəvi əsarətdə saxlamaq siyasətinin bilavasitə təzahürü idi.

1914-cü ildə I Dünya müharibəsi başlandı. Çar Rusiyası Fransa və İngiltərə ilə müttəfiq olaraq Almaniya bloku ilə vuruşurdu. Osmanlı Türkiyəsi də Almaniya tərəfdən bu müharibəyə qoşuldu. Uzun sürən müharibə Rusiyanı çökdürdü və 1917-ci ilin fevralında Rusiyada 300 ildən artıq hakimiyyətdə olan  Romanovlar sülaləsi devrildi. Rusiya əsarətindən qurtulmaq üçün xalqlar yollar arayırdı. Bu mücadilədə ilk qurtulan, müstəqilliyə qovuşan polyaklar və finlər oldu. Azərbaycanın milli düşüncəli ziyalıları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqaları Azərbaycanın gələcək siyasi xəritəsini cızdılar. Bu yolda kifayət qədər çətinliklər vardı. Gah tatar, gah dağıstanlı, gah müsəlman, gah  türk, gah da müxtəlif adlar altında milli-dini zülmə məruz qalan Azərbaycan xalqı istiqlala qovuşmaq üçün fürsəti əldən vermək istəmirdi. Bədnam qonşumuz da dinc dayanmırdı, Azərbaycan torpaqları hesabına qondarma “böyük erməni dövləti” yaratmaq xülyasını reallaşdırmağa çalışırdı. Bu işdə ona həm Qərb, həm də Rusiya kömək edirdi. Azərbaycan xalqını öz tarixi torpaqlarından didərgin salmaq üçün S.Şaumyanın başçılığı ilə Bakı Soveti qurumu yaradıldı. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum daşnak qüvvələri ilə birləşərək 1918-ci ilin martında təkcə Bakı şəhərində 11 mindən artıq insanın həyatına son qoydu. Şamaxı qəzasında 18 min, Quba qəzasında 16 min, Qərbi Azərbaycanda 10 minlərlə, Zəngəzurda 10 min, Cənubi Azərbaycanda 80 min günahsiz insan soyqırımına məruz qaldı. 10 minlərlə insan qaçqın və köçkün vəziyyətinə salındı. Bu qırğınlar işıqlı səhərə gedən yolun zülmət gecəsi idi. Azərbaycanın demokratik ziyalıları yüz il əsarətdə olduğu Rusiyadan əlini üzərək üzünü Osmanlıya tutdular.

Beləliklə, 1918-ci ilin mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Milli Hökumət iyunun 17-də Gəncəyə, sentyabrın 15-də isə Qafqaz İslam Ordusunun köməyi ilə Bakı şəhərinə köçdü. Milli Hökumət ilk gündən xalqın maariflənməsini ön plana çəkdi. Hökumətin xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərindən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi ilə bağlı verdiyi qərar oldu. Təhsil sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi idi. Hökumətin qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Hökumətin xüsusi qərarı ilə Xalq Maarif Nazirliyində ali və orta ixtisas təhsili, xalq təhsili və peşə təhsili işləri üzrə şöbələr yaradıldı. Ölkənin hər yerində müxtəlif pillələrdən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları və kitabxanalar açılırdı.

Hələ 1917-ci ildə Romanovlar sülaləsinin devrilməsindən sonra Müvəqqəti Hökumət keçmiş imperiyanı, o cümlədən Cənubi Qafqazı əlində saxlamaq üçün Tiflis Şəhər Dumasına göndərdiyi şifrəli teleqramda Tiflisdə Rus Universitetinin təşkili üçün təcili surətdə layihə və smeta tərtib olunmasını təklif etmişdi. Bu məqsədlə Tiflis ali qadın kurslarının professorlarından ibarət komissiya yaradıldı. I Dünya müharibəsi ilə bağlı Qafqaz ordusunun baş cərrahı təyin olunmuş V.Razumovskiyə ali qadın kurslarının tibb fakültəsi üçün layihə hazırlamaq tapşırıldı. İşin öhdəsindən uğurla gələn V.Razumovski universitet komissiyasının sədri təyin edildi. Beləliklə, V.Razumovskinin başçılıq etdiyi komissiya universitetin layihə və smetasını hazırlayıb, Zaqafqaziya Komissarlığının müzakirəsinə verilməsi üçün Maarif naziri Fətəli xan Xoyski ilə görüşdü. Universitetin layihə və smetası hazırlanan dövrdə Cənubi Qafqazın siyasi həyatında mühüm dəyişikliklər baş verdi. 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklər çevriliş yolu ilə hakimiyyətə gəldilər. Müvəqqəti Hökumət devrildi. Çevrilişə etiraz olaraq Zaqafqaziya Komissarlığı Rusiyadan ayrıldığını elan etdi. Belə bir vaxtda Maarif naziri F.Xoyski universitetin Bakıda açılmasını Komissiya sədrinə təklif etdi.  Siyasi hadisələr bir-birini əvəz etməyə başladı. Zaqafqaziya Komissarlığı istefa verdi, onu Zaqafqaziya Seymi əvəz etdi.

1918-ci il mayın 26-da gürcü deputatlar Zaqafqaziya Seymindən çıxaraq Gürcüstanın müstəqilliyini elan etdilər. 1918-ci ilin iyulunda Tiflisdə V.Razumovskinin rektor seçildiyi və tədrisin rus dilində aparılması nəzərdə tutulan Zaqafqaziya Universiteti açıldı. Əslində, bu ali məktəb üç xalqın maraqlarını təmin edə bilən təhsil qurumu kimi nəzərdə tutulmuşdu.  Eyni zamanda, ali məktəbin maliyyə xərclərini də bu üç respublika ödəməli idi.

Tarixi Azərbaycan torpaqlarında erməni dövlətini təşkil edən  Ararat Respublikası Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir, eyni zamanda, Ermənistanla Gürcüstan arasında Borçalı torpaqları üstündə müharibə yaşanırdı. Ermənistan Qafqaz Universitetinə maliyyə yardımı göstərməkdən imtina etdi. 1918-ci ilin fevralında yaradılan Tiflis Universiteti həmin ilin sentyabrında Tiflis Dövlət Universitetinə çevrildi. (Tiflis Universitetinin ilk rektoru, gürcü tarixçisi İvane Cavaxişvili olmuşdur. Bu universitet hazırda onun adını daşıyır). Beləliklə, gürcü dilində tədrisə başlayan Tiflis Universiteti ilə rəqabət aparmaqda çətinlik çəkən rusdilli Zaqafqaziya Universiteti ya fəaliyyətini dayandırmalı, ya da başqa şəhərə köçməli idi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi məsələsini müzakirə etmək üçün Xalq Maarif nazirinin müavini Həmid bəy Şahtaxtinskini Tiflisə danışıqlara göndərdi. Milli Hökumət Zaqafqaziya Universitetinin bütün çatışmazlıqlarına baxmayaraq, onun Bakıya köçürülməsində israrlı idi.

1919-cu il mayın 19-da V.Razumovskinin başçılıq etdiyi universitet komissiyası Milli Hökumət tərəfindən təsdiq olundu. Mayın 21-də universitet komissiyasının ilk iclası keçirildi və qısa müddət ərzində universitetin yaradılması ilə bağlı layihə Xalq Maarif Nazirliyinə təqdim olundu. İyulun 7-də Milli Hökumət universitetlə bağlı layihəni geniş müzakirə edərək qəbul etdi.

Universitetin təsis olunması ilə bağlı layihə parlament müzakirəsinə çıxarıldı.

1919-cu ilin avqustun 18-də Azərbaycan Parlamentinin 66-cı iclasında universitetin təsis edilməsi haqqında qanun layihəsinin ilkin müzakirəsinə başlandı. İclasın sədri Həsənbəy Ağayev ilk sözü Mustafa Mahmudova verdi. M.Mahmudov təklif etdi ki, universitetin açılması ilə bağlı məsələ onların fraksiyalarında müzakirə olunmadığı üçün gələn iclasa qədər təxirə salınsın. Məsələnin müzakirəsi səsvermə yolu ilə növbəti iclasa keçirildi.

Avqustun 21-də parlamentin 67-ci iclası bütövlükdə universitetin təşkili haqqında məsələyə həsr olundu. İlk əvvəl “Müsavat”ın üzvü Mehdi bəy Hacınski hökumətin universitetin təşkili ilə bağlı gördüyü işlər haqqında ətraflı məlumat verdi. Məlum oldu ki, universitetin təşkili ilə bağlı parlamentə qədər və parlament müzakirələrində iki fikir mövcuddur. Birinci fikrin tərəfdarları heç bir səbəb göstərmədən universitetin tezliklə açılmasının tərəfdarı idilər, ikinci fikrin müdafiəçiləri isə vaxtın azlığını nəzərə alaraq hələlik gözləməyi məsləhət bilirdilər. Mehdi bəy Hacınski parlamentə xitabən sual etdi: “Bakıda darülfünun olması mümkündürmü? Hökumət bəyan edir ki, mümkündür, çünkü professor-müəllim heyəti Bakıya gəlməyinə etiraz etmir, tədris müəssisəsi kimi kommerçeski məktəbin binası hazır, tibb şöbəsi üçün alət-avadanlıq nümunələri var və s. Universitetin açılması üçün daha nə lazımdır?”

“Əhrar” partiyasının sədri Qara bəy Qarabəyli universitetin açılmasına etiraz etmirdi, amma iddia edirdi ki, bilmirik, universiteti kimlər açır, kimlər oxuyacaq, şərtlər necə olacaq?

Məmməd Əmin Rəsulzadənin parlamentdəki çıxışı uzun olsa da məzmun etibarilə hətta opponentlərini də razı saldı. Çıxışın ana xəttini aşağıdakılar təşkil edirdi: “Bizə nə üçün universitet lazımdır? Biz nə üçün rus dilində təhsilə möhtacıq? Milli darülfünun arzusunda olanlar nə üçün dərd çəkməməlidir?” M.Rəsulzadə dedi: “Elmin vətəni yoxdur, rus dilində hər hansı bir elmin tədrisi rus işğalı üçün şərait yaratmır. Rus darülfünunlarında təhsil edənlərdən zərər görən olmayıb. Ən əsası, bu darülfünun get-gedə milliləşəcək”. Əslində, M.Rəsulzadənin bu çıxışı universitet təşkil etməklə nəyə nail ola bilərik, təşkil etməsək nələri itirə bilərik sualına ən tutarlı cavab idi. O, çıxışını bu sözlərlə bitirdi: “Heç bir millət tarixin ilk addımında milli bir darülfünunə sahib olmamışdır. Əvvəlcə özgələrdən istifadə edərək, sonra get-gedə qüvvət kəsb etmişdir. Darülfünun hər dildə olsa da olsun, açıb oxumalıyıq. Çünki bu müəssisə ilə biz bir ürfan müəssisəsi qururuq və öz gənclərimizi onun vasitəsi ilə ziyalandırıb, istədiyimiz milli professorlarımıza tədricən sahib olacağıq”.

“Əhrar” partiyasının təmsilçisi iddia edirdi ki, büdcə get-gedə xalqımızın boynunu əyir, əgər darülfünun büdcəsini də bura əlavə etsək, insanların vəziyyəti daha da ağırlaşacaq. Nə qədər ki, milli tələbələrimiz yoxdur, nə qədər ki, milli müəllimlərimiz yoxdur, darülfünun açılmasına da hələlik ehtiyac yoxdur.

Həmişə müxalif yönümlü çıxışları ilə diqqəti cəlb edən sosialistlərin nümayəndəsi Səmədağa Ağamalıoğlu nə üçün bizə univeristet lazımdır sualını belə cavablandırdı: “Burada söyləyirlər ki, universitet 18 milyon pul aparır. Ona görə onu hələlik açmaq olmaz. Mən isə deyirəm ki, universiteti açmaqla biz gələcəkdə 18 milyon yox, bəlkə 18 milyard mənfəət götürdük. Bu universitet bir palıd ağacına bənzəyir, basdırarsan, iyirmi ildən sonra nəhəng ağaca çevrilər. Bir halda ki, fürsət və məqam özü gəlib, professorlar var, özləri gəlib işləmək istəyirlər, onları əldən buraxmaq olmaz”.

Sosialist Əliheydər Qarayev universitetin açılmasına tərəfdar olduğunu belə izah etdi: “Doğrudur, darülfünun öz ana dilimizdə milli olmalı idi. Bir mədəniyyət ki, füqərayi-kasibə üçün gəlir, siz barmağınız ilə onu tutmayın, qoyun, o işıq Azərbaycan füqərayi-kasibəsi üzərinə düşsün”.

Gərgin keçən müzakirələrin sonunda Maarif naziri Rəşid bəy Kaplanov və Mehdi bəy Hacınski universitetin tezliklə açılması üçün hamını həmrəyliyə çağırdı. İclasın sonunda layihənin maddə-maddə səsə qoyulması qərara alındı.

Avqustun 25-də parlamentin 68-ci iclasında Mehdi bəy Hacınski darülfünun təşkili haqqında qanun lahiyəsini maddə-maddə səsə qoymağı təklif etdi. “İttihad”ın sədri universitetə muxtariyyət hüququnun verilməsini yolverilməz saydı. Onun fikrincə, yabancı professorlardan ibarət bir quruma muxtariyyət hüququ verilə bilməz. Məsələyə aydınlıq gətirmək istəyən Mehdi bəy Hacınski bildirdi ki, 72 maddədən ibarət darülfünun nizamnaməsində universitetə muxtariyyət hüququ verilir və bu muxtariyyət nizamnamə daxilində olacaqdır. Bu maddəyə münasibət bildirən Məmməd Əmin dedi: “Onların muxtariyyəti siyasi bir muxtariyyət deyil, nizamnamə daxilində elmi muxtariyyətdir. Darülfünunu bu şəkildə qəbul edib, ona muxtariyyət verilməlidir. Əgər muxtariyyət verilməsi ilə bir təhlükə mövcud olsa, hökumət əlinizdədir, hər şeyi yapa bilərsiniz”.

Avqustun 28-də parlamentin 69-cu iclasının ikinci məsələsi qanun lahiyəsinin ikinci müzakirəsi idi. Lakin vaxt çatışmazlığı üzündən məsələnin müzakirəsi növbəti iclasa keçirildi.

Sentyabrın 1-də parlamentin 70-ci iclasında qanun layihəsinin üçüncü qiraəti keçirildi. Bu məsələ ətrafında parlament üzvlərindən Əliheydər Qarayev, Rəhim Vəkilov, Mehdi bəy Hacınski və Qasım bəy Camalbəyov fikir mübadiləsi apardılar. Təkliflər səsə qoyulub, qəbul edildi.

Həmin iclasda Azərbaycan Parlamenti Hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil alması üçün xarici ölkələrə göndərilməsi haqqında qanun qəbul etdi. Parlament xaricə göndərilən gəncləri seçmək üçün Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə Mehdi bəy Hacinski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyevdən ibarət xüsusi müsabiqə komissiyası yaratdı. Komissiya iki həftə ərzində müsabiqəni uğurla həyata keçirərək bu barədə hökumətə yazılı açıqlama verdi. Nəticədə Xalq Maarifi Nazirliyi tələbələrdən 49 nəfərə Almaniya, 27 nəfərə Fransa, 4 nəfərə İtaliya, 1 nəfərə İngiltərə, 6 nəfərə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilməsi haqqında rəsmi sənəd verdi. Rusiyada vətəndaş müharibəsi getdiyi üçün müsabiqədən keçən 13 nəfər gənci ora göndərmək mümkün  olmadı. 1920-ci ilin aprelində Şimaldan əsən soyuq bolşevik küləyi böyük ümidlərlə xaricə yola salınan bu gəncləri acı və məşəqqətli həyat yaşamağa məhkum etdi.

Sentyabrın 18-də parlamentin 74-cü iclasında universitet professorlar şurasında tələbələrə yer verilməsi, rektorun iki və ya üç illiyə seçilməsi, seçilən rektorun Maarif naziri tərəfindən təsdiq edilməsi maddələri qızğın mübahisəyə səbəb oldu.

Müzakirələrə parlament üzvlərindən Əhməd bəy Cövdət, Əliheydər Qarayev, Mehdi bəy Hacınski, Stanislav Vonsoviç, Şəfi bəy Rüstəmbəyov qoşuldular. İclasın sonunda nizamnamənin ikinci fəsli səsvermə yolu ilə qəbul olundu.

Sentyabrın 22-də parlamentin 76-cı, sentyabrın 29-da parlamentin 79-cu iclaslarında qanun layihəsinin müzakirəsi davam etdirildi.

İclasın sədri Həsən bəy Ağayev universitetin nizamnaməsinin üçüncü qiraətinə keçdi. Nizamnamə bütün təklif və əlavələrlə qəbul olundu.

İclasın sonunda Sultan Məcid Qənizadənin növbədənkənar bəyanatı oldu: “Darülfünun layihəsini qurtardıq. Bu gün nizamnaməsi də oxunub təsdiq olundu. Bu gündən darülfünuna iqdam olunacaq. Tazə bina qoyduğumuz darülfünunun iki böyük məktəbdə - kommerçeski və gimnaziyada olacaqdır. Güman edirəm parlamanın üzvləri ərz edəcəyimi unutmamış olsunlar. Keçmiş mart ayında bir hadisə oldu. O hadisədən bir neçə gün qabaq Milli Şuranın ixtiyarında olan əsgərlər Lənkəranda idilər. Məşhur Hacı Zeynəlabdin Tağıyevin övladı Məhəmməd də orada idi. Orada bir faciə oldu. Məhəmməd föt oldu. Onun cənazəsi bura gətirilib dəfn edildikdə, neçə min adam müşayiət edirdi. O vaxt Hacı cənabları adamların hüzurunda uca səslə dedi: “Həzarət! Mən hazırlaşırdım ki, oğluma toy edim. Lakin qəza belə gətirdi ki, oğlum əlimdən getdi. Ona görə mən oğlumun yadigarı olaraq millətin xeyri üçün, gələcəkdə cavanlar xoşbəxt olsunlar deyə, istəyirəm ki, burada bir darülfünun təsis olunsun. Onun təsisindən ötəri öz passajımı darülfünuna bəxş edirəm". İndi özümüz Cümhuriyyət olduq və özümüzün darülfünunu olduğu üçün Hacının vəd etdiyi bu təmiratı bu darülfünun ixtiyarına alaq. İndi təklifim budur ki, Hacı ilə bu məsələni danışaq və həmin passaj darülfünun təsrüfünə verilsin”.

1919-cu il avqustun 21-dən başlanan parlament müzakirələri sentyabrın 29-da başa çatdı. Parlament yetmiş iki maddədən ibarət universitet nizamnaməsini qəbul etdi.

Beləliklə, 1919-cu il sentyabrın 1-də Bakı Universiteti haqqında qanun, sentyabrın 29-da isə Bakı universitetinin nizamnaməsi təsdiq olundu. Parlamentin qəbul etdiyi qanunla universitetin tarix-filologiya (Şərq şöbəsi daxil olmaqla), fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət təşkil olunması nəzərdə tutuldu.

1919-cu il sentyabrın 8-də universitetin təşkilat komissiyası V.Razumovskini rektor, N.Dubrovskini tarix-filologiya fakültəsinin, professor İ.Şirokoqovoru tibb fakültəsinin dekanı seçdi. Yeri gəlmişkən, 1909-cu ildə Saratovda, 1918-ci ildə Tiflisdə, 1919-cu ildə isə Bakıda universitetlərin  əsasını qoymaq şərəfi V.Razumovskiyə nəsib olmuşdur.

1919-cu il noyabrın 10-da Universitet Şurasının ilk iclası keçirildi. İclasda professor-müəllim heyətinin tərkibi təsdiq olundu, noyabrın 15-i universitetdə ilk dərs günü elan olundu.

1919-1920-ci tədris ilində tarix-filologiya fakültəsinin I kursuna 509 həqiqi tələbə qəbul edildi. Onlardan 125 nəfər müsəlman, 178 nəfər yəhudi, 121 nəfər rus, 67 nəfər erməni, 5 nəfər gürcü, 13 nəfər polyak və alman idi.

Bakı Universitetinin fəaliyyətə başlaması münasibətilə V.Razumovski yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl yandı”.

P.S. Salam, xalqımın, ilk ali təhsil ocağı, 95 yaşlı Bakı Dövlət Universitetim! Bu vaxta qədər sənin tarixinlə bağlı çox yazılıb. Min-bir əziyyətə qatlaşıb səni təsis edənlər ittiham da olunub, böhtanlara da məruz qalıb. Bəzən sənin təşkilində haqqı olanları haqsız çıxarmaq üçün yaranma tarixini bir il qabağa atanlar da olub. Əsas məqsəd səni 1917-ci il oktyabr çevrilişinin (inqilabının) yetirməsi kimi qələmə vermək idi. Sovet dönəmində  yazılan məqalələrin, nəşr edilən kitabların, keçirilən yubileylərin çoxunda isə sənin yaranma tarixin Azərbaycanın sovet Rusiyası tərəfindən işğal edilməsinin ildönümünə salınırdı.

Ey böyük elm məbədi, sənin şərəfli tarixin Vətən tarixçilərini sınağa çəkdi. Bəziləri göz görə-görə, faktları təhrif edə-edə sənin təsis olunmağında əməyi olanları gözdən salmağa cəhd etdilər.  Heç on il olardı-olmazdı ki, yaranmışdın, yorulmusan deyə, səni sahə institutlarına böldülər. Amma bacarmadılar, yenidən əvvəlki adla bərpa olundun və yaşadın.

Uzun illər ərzində gözünün qarşısında sənə həyat verən Cümhuriyyət xadimləri nə qədər tənqid olunub, böhtanlara məruz qalıb, sən bunların hamısının şahidisən. Amma ümidini itirmədin. Bilirdin ki, sənə həyat verənlər bu xalqın gözünün işığı olublar. Bu gün uşaqdan – böyüyə hamı Fətəli xan Xoyskinin səninlə bağlı bu fikrini əzbər bilir: “Bəs niyə Tiflisdə? Bəlkə də universiteti Bakıda açmaq daha düzgün olardı”.

Sən elə bir dövlətin, elə bir hökumətin, elə bir parlamentin yadigarısan ki, bizim hamımız – uşaqdan-böyüyədək onunla fəxr edirik. O dövlətin himni, bayrağı bu gün də başımız üstündə şərəflə dalğalanır. Sən Cümhuriyyətin yadigarısan. Onun səndən böyük övladı olmayıb. Sən də böyük övlad adını şərəflə doğrultmusan.

1920-ci ilin aprelində Cümhuriyyətin 23 ay dalğalanan bayrağını əydilər, ancaq endirə bilmədilər. Sən də onun ən əziz yadigarı kimi bu 70 il ərzində çox şeylərin şahidi oldun. Sənin müqəddəs tribunandan çoxları danışıb. Bəziləri tarixə çevrilib, bəziləri isə elə həmin gün yaddan çıxıb.

 Sən elm və təhsil məbədisən, heçdən yaranan bir dövlətin şah əsərisən. Sənin yolun millət yoludur, sənin yolun haqq yoludur. Sən bütün dövrlərdə xalqımızın taleyi ilə bağlı məsələlərin həllində öndə durursan. Xalqımızın, ölkəmizin həyatı ilə bağlı hansı uğurlarımıza imza atılırsa, o xoş xəbəri sənin çoxsaylı auditoriyalarından eşitmək olur. “Vətəni sevmək imandandır”–deyən də, Vətən üçün ilk şəhidləri verən də sən olmusan. Buna ən böyük nümunə şəhidlərin şərəfinə öz qucağında ucaltdığın abidədir.

Sən 20 ildən artıqdır ki, rahat addımlar atırsan. Yubileylərin təntənəli, təmtəraqlı keçir, hər yerdə, hər evdə bayram edilir. Çünki sənin verdiyin diplomla ailəsinə çörək qazanan insanların sayı-hesabı yoxdur.

Sənin yaxın hədəfin bəllidir.  Beş ildən sonra 100 yaşın tamam olacaq. Bütün xalqımız həmin tarixi möhtəşəm təntənə ilə qeyd edəcək. Axı, sən müstəqil dövlətimizin ən böyük ali təhsil ocağısan.  Əziz və doğma universitetim, 95 yaşın mübarək! Bizim sənə bir borcumuz da var: Səni təsis edənləri heç vaxt unutmamaq! Sənin haqqında yazanda, düşünəndə gərək ədalətli olaq ki, yazdıqlarımız sənə layiq olsun! Yaşa, min yaşa, mənim doğma universitetim!

 

Anar İSGƏNDƏROV,

Bakı Dövlət Universitetinin kafedra müdiri,

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 17 dekabr.- S.11.