Nizami rayonunun
sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Son illər müasir Avropa şəhərinə çevrilmiş doğma Bakımız günbəgün yeniləşir, gözəlləşir. İndi paytaxt Bakı ən yeni tarixinin möhtəşəm yüksəliş dövrünü yaşayır. Bu da təsadüfi deyil. Çünki hər bir ölkənin gücü-qüdrəti, mədəniyyəti, hər şeydən əvvəl, onun paytaxtından bəlli olur. Bu mənada Azərbaycanın paytaxtı Bakı dünyanın ən gözəl şəhərlərindən hesab olunur. Bunu təkcə biz yox, paytaxtımızın əcnəbi qonaqları da təsdiqləyirlər.
Ölkəmizdə
gedən ümumi inkişaf və tərəqqi fonunda ən
çox dəyişən, yeniləşən məkanlardan
biri də paytaxtın Nizami
rayonudur. Böyük mütəfəkkir şairimiz Nizami Gəncəvinin
adını daşıyan bu rayon əsası 1980-ci ildə
respublikamızın o zamankı rəhbəri,
xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır.
Respublikamızın mühüm sənaye müəssisələrinin
cəmləşdiyi Nizami rayonunun inkişaf salnaməsinin
mühüm bir dövrü ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Təkcə onu
qeyd etmək kifayətdir ki, ötən əsrin 70-80-ci illərində
rayon ərazisində
yaradılmış iri sənaye müəssisələri,
mühüm sosial və ictimai-iaşə obyektləri, eləcə
də bir sıra təhsil və səhiyyə müəssisələri
məhz ümummilli liderimizin xeyir-duası ilə fəaliyyətə
başlamışdır. Müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, ümummilli lider Heydər Əliyev
1993-cü ilin yayında xalqın təkidli xahişi ilə
yenidən ölkə rəhbərliyinə gəldikdən
sonra da Nizami rayonunun
sosial-iqtisadi inkişafına xüsusi diqqət və
qayğı göstərmişdir. Təsadüfi deyil ki,
ölkəmizin iqtisadi həyatında mühüm yer tutan
“Bakı Qida və Yağ Sənayesi” Açıq Səhmdar Cəmiyyətinin,
iri sənaye obyektlərindən sayılan “Peyk” zavodunun və
“Evropean Tobacco-Baku” ASC-nin yenidənqurmadan sonra
açılış mərasimlərində iştirak edən
ulu öndər müxtəlif vaxtlarda sakinlərlə
çoxsaylı görüşlər keçirmiş, rayonun
gələcək inkişafı ilə bağlı göstəriş
və tövsiyələrini vermişdir.
Ulu öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi düzgün tərəqqi
yolunu, onun əsasını qoyduğu sosial-iqtisadi inkişaf
strategiyasının Azərbaycanın dövlət
başçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi, bütün ölkədə
olduğu kimi, Nizami rayonunda da sürətli inkişaf və tərəqqi
ilə müşayiət olunur. Günbəgün müasirləşən,
gözəlləşən Bakımızın
yaraşıqlı guşələrindən birinə
çevrilmiş Nizami rayonu, həm də ölkəmizin
sosial-iqtisadi inkişafına mühüm töhfələr
verir. Son illər rayonun elə bir sahəsi yoxdur ki, orada
müsbət dəyişikliklər, dinamik inkişaf baş
verməsin.
Azərbaycanda yeni
istehsal münasibətlərinin bərqərar olduğu,
ölkə iqtisadiyyatının şaxələndirilməsi
xəttinin prioritet seçildiyi indiki şəraitdə Nizami
rayonu, əvvəlki dövrdə olduğu kimi, bu gün də
Bakı şəhərinin mühüm iqtisadi zonalarından
biri kimi statusunu qoruyub saxlayır. Təkcə onu qeyd etmək
kifayətdir ki, hazırda ölkəmizin iqtisadi
inkişafına mühüm töhfələr verən Heydər
Əliyev adına Bakı Neft Emalı Zavodu, “Bakı Yağ və
Qida Sənaye”, “Zəhmət-Ruzi”, “Bakı Şərab-1”,
“Evropean Tobacco Baku” açıq səhmdar cəmiyyətləri,
“Ulduz” şokolad fabriki, “NJT-2000” firması, “Kaspi Yıldız”
MMC və digər iri istehsal sahələri məhz bu rayonun ərazisində
yerləşir. Yeri gəlmişkən, müasir texnologiyalara əsaslanan
yeni istehsal sahələrinin fəaliyyətə
başlaması Nizami rayonunda məşğulluq
strategiyasının da uğurlu həllinə geniş imkanlar
açıb. Təkcə onu qeyd etmək kifayətdir ki, bu
ilin doqquz ayında rayonda 1003 yeni iş yeri yaradılıb.
Məlum olduğu
kimi, Prezident İlham Əliyev bu il yanvarın 10-da
imzaladığı sərəncamla Azərbaycan
Respublikasında 2014-cü ili “Sənaye ili” elan edib. Ölkə
iqtisadiyyatının şaxələndirilməsində, onun
dinamik inkişafının bir qədər də sürətləndirilməsində
xüsusi əhəmiyyət daşıyan bu mühüm
dövlət sənədinin icrası istiqamətində Nizami
rayonunda da mühüm işlər görülüb. Cari ilin
ötən dövründə rayon ərazisində fəaliyyət
göstərən sənaye müəssisələrində məhsul
istehsalının artırılmasına xüsusi diqqət
yetirilib, yeni istehsalat sahələri açılıb,
mövcud müəssisələr
genişləndirilib. Belə ki, il ərzində Heydər
Əliyev adına Bakı Neft Emalı Zavodunda bir sıra vacib
qurğular əsaslı təmir olunub, istehsal olunan neft məhsullarının
keyfiyyəti dünya standartlarına
uyğunlaşdırılıb. Bundan əlavə, texnoloji
qurğuların soyutma sisteminin təkmilləşdirilməsi
məqsədilə zavodun ərazisində su soyutma
qurğusunun və qazdoldurma estakadasının tikintisi sürətlə
davam etdirilir.
Ölkəmizin qida
istehsalı sahəsində ən iri müəssisələrindən
sayılan “Ulduz” fabrikində görülən işlər də
bu baxımdan diqqət çəkir.
Yeri gəlmişkən, şokolad istehsalı üzrə
regionun iri istehsal sahələrindən sayılan bu fabrik
Almaniya və digər aparıcı Avropa ölkələrindən
gətirilən, beynəlxalq standartların tələblərinə
cavab verən ən müasir avadanlıqlarla təchiz olunub. “Sənaye
ili” çərçivəsində müəssisədə həyata
keçirilən tədbirlər, xaricdən alınıb
quraşdırılan avadanlıqlar fabrikin istehsal
gücünün saatda 3200 kiloqrama
çatdırılmasına imkan yaradıb. Cari ilin ötən
dövründə burada 148 yeni iş yeri açılıb.
Bu il Nizami rayonunda daha
8 sənaye müəssisəsi fəaliyyətə
başlayıb. Hazırda rayon üzrə istehsal təyinatlı
270 müəssisənin 94-də sənaye malları istehsal
olunur. İl ərzində rayonun bütün sənaye müəssisələrində
bir çox yenidənqurma işləri aparılıb, bunun da
nəticəsində istehsal əvvəlki illərə nisbətən
artıb. Belə ki, 2014-cü ilin doqquz ayı ərzində
rayonda fəaliyyət göstərən müəssisələr
tərəfindən 347,4 milyon manat dəyərində məhsul
istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə
nisbətən 13,6 faiz çoxdur. Cari ilin ötən
dövründə rayon üzrə mühüm növ qida məhsullarından
sayılan zeytun, kakao, günəbaxan yağları və
marqarin, eləcə də sousların və süd məhsullarının
istehsalı əvvəlki ilin eyni dövrünün səviyyəsini
xeyli üstələyib. Bundan əlavə, ilin ötən
dövründə rayonda beton, gips, sement məmulatlarının,
plastik qutuların və tikinti materiallarının istehsalı
da xeyli artıb.
Nizami rayonunda
infrastruktur layihələrinin icrası da getdikcə sürətlənir. Elə rayonda yol-nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi, müasir
standartlara cavab verən körpü, yolötürücü və
tunellərin, yeraltı və yerüstü piyada keçidlərinin
inşası, tıxacların aradan qaldırılması məqsədilə
yeraltı avtomobil dayanacaqlarının tikintisi, magistral
küçə və prospektlərin əsaslı şəkildə
yenidən qurulması burada quruculuq işlərinin miqyası
barədə aydın təsəvvür yaradır. Son illər müxtəlif dövlət
proqramlarında nəzərdə
tutulmuş abadlıq-quruculuq işlərinin və infrastruktur
layihələrinin uğurla reallaşdırılması
rayonun simasına əlavə yaraşıq gətirir. Əsasən
sənaye zonası kimi formalaşmış Nizami rayonunda
köhnə, lüzumsuz istehsal sahələri, yöndəmsiz
tikililər ləğv edilir, nümunəvi məhəllələr
salınır. Boş yerlərdə zamanla səsləşən
nadir memarlıq abidələri, bir-birindən
yaraşıqlı ictimai-iaşə obyektləri tikilir.
İstismar müddətini başa
çatdırılmış kommunikasiyalar təzələnir,
müasirləşdirilir, xidmət sahələrinin fəaliyyəti
genişləndirilir. Əvvəllər şəhərin mərkəzi
hissəsi ilə uyuşmayan Keşlə qəsəbəsi də
irimiqyaslı abadlıq-quruculuq işlərindən sonra tədricən
rayonun abad, yaraşıqlı bir guşəsinə
çevrilir.
Hazırda Nizami
rayonunun müasir mənzərəsində təkcə yeni
ictimai-iaşə obyektləri, bir sıra nadir tikililər
deyil, yeniləşmiş ərazilər, geniş
yaşıllıqlar, müasir yollar və yol qurğuları
da diqqəti cəlb edir. Bu baxımdan Heydər Əliyev və
Ziya Bünyadov prospektlərinin kəsişməsindəki
müxtəlif səviyyəli yol qovşağı, Babək
prospektində, eləcə də Qara Qarayev prospekti ilə
Naxçıvani küçəsinin
kəsişməsindəki yeraltı piyada keçidləri, Nəqliyyatın
İntellektual İdarəetmə Mərkəzi, Bakı
Metropoliteninin əsaslı yenidənqurmadan sonra istifadəyə
verilmiş “Koroğlu”
stansiyasının
yaxınlığındakı park və digər istirahət
mərkəzləri rayonun ümumi mənzərəsini xeyli
yaxşılaşdırmaqla yanaşı, sakinlərin
rahatlığının təminatı baxımından da
mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu
kimi, gələn il Azərbaycan
paytaxtı son dərəcə mötəbər bir idman
yarışmasına - Birinci Avropa Olimpiya Oyunlarına ev
sahibliyi edəcək. Bu məqsədlə paytaxtımızda ən
müasir infrastruktur yaradılıb, möhtəşəm
idman qurğuları inşa olunub. Bakının nadir idman
qurğularından sayılan Gimnastika Kompleksi məhz Nizami
rayonunda yerləşir. Unikallığı ilə diqqət
çəkən kompleksin fasad hissəsində
quraşdırılmış ən müasir
işıqlandırma sistemi gecə saatlarında ətrafda
xoş bir mənzərə yaradır, görənləri,
sözün əsl mənasında valeh edir. Elə
yaxınlıqda
salınmış “Atletlər
kəndi” də öz möhtəşəmliyi və əzəməti
ilə müasir şəhərsalmanın ən nadir nümunələrindən
biri kimi diqqət çəkir. Xatırladaq ki, Avropa
Oyunlarının keçiriləcəyi əsas idman komplekslərinə
– Olimpiya Stadionuna, Su İdmanı Növləri Mərkəzinə,
Gimnastika Kompleksinə və Hava Limanına yaxın olmaqla yanaşı,
şəhərin müxtəlif istiqamətlərinə
gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə
yerləşən “Atletlər kəndi” 13 yaşayış binası və
yardımçı binalardan ibarətdir.
Yeri gəlmişkən,
Bakını dünyanın ən yaraşıqlı bir şəhərinə,
müasir meqapolisə çevirməyi qarşıya məqsəd
qoymuş ölkə Prezidenti İlham Əliyev bütün
abadlıq-quruculuq işlərinin xüsusi zövqlə
aparılmasını tövsiyə etmişdir. Məhz bunun nəticəsidir
ki, rayon rəhbərliyi abadlıq-quruculuq işlərinin,
yaşıllaşdırma tədbirlərinin yüksək səviyyədə
həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu
yaxınlarda IDEA İctimai Birliyinin təşəbbüsü
ilə ölkəmizdə reallaşdırılan
“Ümumrespublika yaşıllaşdırma marafonu”na birincilər
sırasında qoşulmuş Nizami rayonunda üç mindən artıq
müxtəlif növ ağac və bəzək kolları əkilib.
Humanizm və xeyriyyəçilik
missiyasının daşıyıcısı olan Heydər
Əliyev Fondu da Nizami rayonunun sosial həyatına mühüm
töhfələr verir. Ölkənin birinci xanımı,
Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik
etdiyi fondun rayon ərazisində əsaslı təmir etdirdiyi,
tikdirdiyi məktəb və uşaq bağçaları şəhərin
ən müasir təhsil və tərbiyə
ocaqlarındandır. Yeri gəlmişkən, son illər Nizami
rayonu təhsil sahəsində qazandığı yüksək
nailiyyətləri ilə də seçilir. Belə ki, bu il qəbul
imtahanlarında ölkə üzrə ən yüksək bal
toplayaraq ali məktəblərə daxil olmuş 7 nəfər
abituriyentin 3-ü məhz bu rayonun məzunudur.
Bu gün Nizami rayonu,
sözün əsl mənasında, birgə səylərlə
yenidən qurulur, abadlaşdırılır, gözəlləşdirilir.
Bu isə hamının bu rayona yüksək mədəni
meyarlarla yanaşmasını, abadlığı
qorumasını, təmizliyi gözləməsini tələb
edir. Bakı şəhərinin və ətraf qəsəbələrin
inkişafına dair yeni Dövlət
Proqramında Nizami rayonu üzrə həlli vacib məsələlər öz əksini
tapıb. Bu mühüm sənədə rayonun xidmət sahələrinin,
sahibkarlığın, turizm və idmanın
inkişafını, təhsil, səhiyyə və mədəniyyət
obyektlərinin təmir və tikintisini, ekologiya, eləcə də
sakinlərin sosial problemlərinin həllinə dair bəndlər
daxil edilib. Bütövlükdə isə Dövlət
Proqramında nəzərdə
tutulmuş tədbirlərin ardıcıl həyata
keçirilməsi Nizami rayonunun sosial-iqtisadi mənzərəsini
bir qədər də zənginləşdirəcək, sakinləri yüksək həyat
standartlarına qovuşduracaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
Məqalə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdikləri müsabiqəyə təqdim olunur.
Xalq qəzeti.- 2014.- 18 dekabr.- S.4.