Heydər Əliyev və
Azərbaycanın iqtisadi inkişaf
strategiyasında sistemli
transformasiya
Bazar iqtisadiyyatı prinsipləri əsasında milli iqtisadiyyatın inkişafını təmin etmək üçün Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri iqtisadi demokratiya, mülkiyyət münasibətləri, mülkiyyətin forma və növ müxtəlifliyi, mülkiyyətin idarəçiliyində xalqın iştirakı məsələsi idi. Siyasi demokratiyanın əsasında hakimiyyət dayanırsa, iqtisadi demokratiyanın əsasında mülkiyyət, ölkənin milli sərvətinin, onun əmlakının idarə olunmasında xalqın iştirakı dayanır. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə ölkənin malik olduğu milli sərvətdə hər bir vətəndaşın payı olduğu bəyan edilmiş, pay bölgüsü prinsipi ilə dövlətsizləşdirmə və özəlləşdirmə aparılmışdır.
Ulu öndərin
1995-ci il 30 iyun tarixində özəlləşdirmənin həyata
keçirilməsi ilə əlaqədar Milli Məclisə
ünvanladığı tarixi müraciət diqqəti
xüsusi cəlb edir. Müraciətdə deyilirdi ki, möhkəm
və inkişaf etmiş iqtisadiyyata əsaslanmayan siyasi
müstəqillik heç də real suverenliyin göstəricisi
ola bilməz: “Azərbaycanın müstəqil bir dövlət
kimi bərqərar olmasından sonra hakimiyyətə gələn
müxtəlif qüvvələr tərəfindən
iqtisadiyyatda köklü dəyişikliklər
aparılması üçün heç bir şey edilməmişdir
və nəticədə əhalinin həyat səviyyəsi
olduqca aşağı düşmüşdür. İqtisadi
böhrandan, əsas çıxış yolu dövlət
mülkiyyətinin özəlləşdirilməsindədir,
ona görə ki, dövlətin iqtisadi sahədə yeganə
inhisarçı olduğu şəraitdə heç bir
islahatın aparılması mümkün deyildir. ”Azərbaycan
Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun 1993-cü il
yanvarın 7-də qəbul edilməsinə və bu qanunun
qüvvəyə minməsi haqqında qərarla Dövlət
Əmlak Komitəsinin rəhbərliyinə dövlət
mülkiyyətinin özəlləşdirilməsi haqqında
proqramın təqdim edilməsi üçün 1993-cü il
martın 1-dək vaxt verildiyinə baxmayaraq, nə göstərilən
müddətdə, nə də sonra bu
tapşırıqların öhdəsindən gələ
bildilər".
“Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin
özəlləşdirilməsinin Dövlət Proqramı”
özəlləşdirmənin təşkilati, hüquqi,
iqtisadi əsasları ilə yanaşı, mülkiyyətin
özəlləşdiriləcəyi sahələri, istiqamətləri,
müddəti və mərhələləri də
özündə əks etdirirdi.
Özəlləşdirmə
prosesinin miqyasının genişləndirilməsi, yeni
sahibkarlar ordusunun formalaşdırılması məqsədilə
Heydər Əliyev 2000-ci il avqustun 10-da dövlət əmlakının
özəlləşdirilməsinə dair ikinci Dövlət
Proqramının təsdiq edilməsi barədə fərman
imzaladı. İkinci Dövlət Proqramının əsas məqsədləri
iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, rəqabət
mühitinin formalaşdırılması yolu ilə milli
iqtisadiyyatın səmərəliliyinin təmin olunması,
mülkiyyətçilər təbəqəsinin genişləndirilməsi
idi. Lakin aydın məsələdir ki, özəlləşdirmə
bütün problemləri qısa müddət ərzində həll
edəcək sehrli vasitə deyildir. Bu proses sadəcə
mülkiyyət sahibini əvəz etməklə kifayətlənməməli,
yeni sahibkarlar sinfini formalaşdırmalı, iqtisadi yüksəliş
üçün yetərli zəmin hazırlamalıdır,
müxtəlif sosial-iqtisadi təbəqələr və ictimai
institutlar arasında rəqabətə və
qarşılıqlı əlaqəyə şərait
yaratmalıdır.
Azərbaycanda özəlləşdirmənin
həyata keçirilməsi nəticəsində ölkənin
ümumi daxili məhsulunun strukturunda qeyri-dövlət bölməsinin
payı durmadan yüksəlmişdir. Belə ki, ÜDM-də
dövlət bölməsinin xüsusi çəkisi 1991-ci
ildəki 85 faizdən 2013-cü ildə 14,6 faizə enmiş,
özəl sektorda isə müvafiq olaraq 15 faizdən 85,4 faizə
yüksəlmişdir.
Təkcə son 10 il ərzində
ümumi daxili məhsul istehsalı 3,4 dəfə, qeyri-neft
sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə artmış,
yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə,
işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə
enmiş, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə
başlamış, 1,2 milyondan çox daimi iş yeri
yaradılmışdır.
Qeyd etmək
lazımdır ki, bu yüksək göstəricilərin əldə
olunmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin
11 fevral 2004-cü ildə imzaladığı “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)”nda və 14 aprel
2009-cu il tarixli “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin
uğurla reallaşdırılması mühüm rol
oynamışdır.
Regionların
sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramında nəzərdə
tutulan tədbirlər nəticə etibarilə üç
qrupa bölünür:
- makroiqtisadi sabitliyin
və davamlı inkişafın təmin olunmasına yönəlmiş
tədbirlər;
- iqtisadi rayonlar səviyyəsində
görülən tədbirlər;
- hər bir rayonun
regional spesifik xüsusiyyətləri nəzərə
alınmaqla müəyyən edilmiş tədbirlər.
II Dövlət
Proqramında regionlardan gələn təkliflər nəzərə
alınmaqla orada yaşayan insanların prioritet hesab etdiyi məsələlər
öz əksini tapmışdır.
Aparılan islahatlar,
düşünülmüş iqtisadi strategiya ölkənin
hərtərəfli inkişafına təkan verdi. Yeni iş
yerlərinin yaradılması, qeyri-neft sektorunun üstün
sürətlə inkişafı, əhalinin məşğulluq
səviyyəsinin və gəlirlərinin
artırılması, özəl sektorun xüsusi çəkisinin
yüksəldilməsi, müxtəlif sektorlarda restrukturizasiya
tədbirlərinin aparılması, şəhər və
rayonlarda, kənd yerlərində abadlıq-quruculuq işlərinin
həyata keçirilməsi, mövcud problemlərin aradan
qaldırılması Dövlət Proqramlarının
qarşısında duran və uğurla
reallaşdırılan vəzifələrdəndir.
Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının
icrası istiqamətində görülən işləri
Prezident İlham Əliyev çox yüksək dəyərləndirir:
“İki proqramın icra edilməsi nəticəsində sənaye
istehsalı 2,7 dəfə artmışdır. Əgər
proqramın icrasının ilk illərində iqtisadiyyat və
sənaye daha çox neft sektoru hesabına artırdısa, son
illərdə qeyri-neft sektoru ölkənin uğurlu
inkişafını təmin edir. Təsadüfi deyildir ki,
keçən il qeyri-neft sektorunun artımı 10 faiz təşkil
etmişdir. Bu, dünya miqyasında ən böyük göstəricilərdən
biridir”.
Prinsipiallıq,
zamanında sözünü demək, radikal tədbirlər həyata
keçirilərkən ehtiyatlılıq və ilk növbədə,
xalqın rifahının nəzərə alınması
ölkənin inkişafını, müxtəlif sferalarda
qazanılan uğurları şərtləndirən
mühüm amillərdəndir.
2013-cü ildə “Azəri”
- “Çıraq” - “Günəşli” yatağından neft
hasilatına başlanmasının 16-cı ili tamam oldu. Bu
müddət ərzində ölkə üzrə neft
hasilatı təqribən 5 dəfə artaraq 1997-ci ildəki 9
milyon tondan 2013-cü ildə 43,5 milyon tona
çatmışdır. Ölkə üzrə ən
yüksək hasilat isə 2010-cu ildə qeydə
alınmışdır. Həmin il 50,7 milyon ton neft
çıxarılmışdır və bu rəqəm
ölkəmizin neft sənayesi tarixində rekord göstəricidir.
Bütövlükdə, ötən illər ərzində “Azəri”
- “Çıraq” - “Günəşli” yataqlar blokundan 334 milyon
ton neft və 80 milyard kubmetr qaz hasil olunmuşdur.
XXI əsrin ən nəhəng
neft ixrac boru kəmərlərindən olan Bakı - Tbilisi -
Ceyhan xətti Avropanın enerji təhlükəsizliyi sahəsində
uğurla fəaliyyət göstərir. İllik
ötürücülük qabiliyyəti 60 milyon ton olan bu kəmərlə
hər gün 1,2 milyon barrel Azərbaycan nefti dünya
bazarına çıxarılır.
2013-cü ilin
yaddaqalan hadisələrindən biri də, ölkənin
iqtisadi həyatı üçün mühüm əhəmiyyət
kəsb edən Bakı gəmiqayırma zavodunun istifadəyə
verilməsidir. Dövlət Neft Şirkətinin sifarişi ilə
istifadəyə verilmiş bu nəhəng istehsal sahəsi təkcə
Azərbaycanın deyil, region ölkələrinin də su nəqliyyatına
olan tələbatının ödənilməsinə töhfə
verəcəkdir.
2004-2013-cü illərdə
ölkə üzrə qaz hasilatı artaraq 5,5 milyard kubmetrdən
29,5 milyard kubmetrə çatmışdır. Bu
artımın başlıca səbəbi “Şahdəniz”
yatağının birinci işlənmə mərhələsi
çərçivəsində hasilatın uğurla davam
etdirilməsi olmuşdur.
2013-cü il
sentyabrın 19-da “Şahdəniz - 2" layihəsi çərçivəsində
hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən
artıq hissəsinin İtaliya, Yunanıstan və
Bolqarıstanda satışı üzrə doqquz şirkətlə
25 il müddətinə müqavilə imzalanması Azərbaycanın
yeni əsrdə mühüm ”mavi yanacaq" ixracı
marşrutu olan “Cənub” qaz dəhlizinin əsas təchizatçısı
kimi rolunu daha da artırır.
2013-cü il
dekabrın 17-də Bakıda “Şahdəniz - 2" layihəsi
çərçivəsində yekun investisiya qərarının
imzalanması ilə həmin yatağın tammiqyaslı
işlənməsi həlledici mərhələyə qədəm
qoymuşdur. Yatağın ikinci işlənmə mərhələsi
çərçivəsində qaz hasilatı 2018-ci ilə
planlaşdırılır. İlkin qiymətləndirməyə
görə, “Şahdəniz - 2” layihəsində investisiya
qoyuluşu 40 milyard dollara bərabər olacaq. Bu vəsaitin 20
milyard dolları Azərbaycanda həyata keçiriləcək
işlərə sərf olunacaq. Göründüyü kimi,
“Şahdəniz” yatağının tammiqyaslı işlənməsi
Azərbaycanın dünyanın əsas qaz təchizatçıları
sırasında mövqeyini daha da möhkəmləndirəcək.
Diqqətəlayiq
pozitiv məqamlardan biri də budur ki, 2013-cü ildə
qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi 58,4
faiz olduğu halda, 2017-ci ildə 72,4 faizə qədər
artırılması proqnozlaşdırılır. Beynəlxalq
Valyuta Fondu (BVF) 2013-2017-ci illərdə Azərbaycan
iqtisadiyyatının orta hesabla ildə 5,1 faiz, o cümlədən
qeyri-neft sektorunun 8 faiz artacağını
proqnozlaşdırır. Ölkə iqtisadiyyatının
növbəti dörd ili üçün hökumətin
makroiqtisadi proqnozu ilə dünyanın ən önəmli
maliyyə qurumu hesab edilən BVF-nin hesablamalarının
üst-üstə düşməsi proqnozların
reallığa söykəndiyini göstərir.
Hər bir iqtisadi
sistemdə iqtisadiyyatın başlıca problemi müxtəlif
variantlarda həll edilir. Sistemin bu və ya digər formasına
uyğun olaraq ayrı-ayrı ölkələrdə müxtəlif
modellər tətbiq edilir. Sosial-iqtisadi proseslərin bazar və
dövlət vasitəsilə birgə tənzimlənməsinə
əsaslanan ABŞ və Çin modeli, əmək məhsuldarlığının
yüksək səviyyəsi ilə səciyyələnən
Yaponiya modeli, sosialyönümlü bazar iqtisadiyyatı ilə
fərqlənən Almaniya modeli mütərəqqi iqtisadi
inkişaf modelləridir.
İsveçrə
modeli iqtisadi sabitliyin və gəlirlərin yenidən
bölüşdürülməsinin təmin edilməsində
dövlətin fəal iştirakı ilə xarakterizə
olunur. Vergilərin yüksək səviyyəsi, işsizliyin
minimuma endirilməsi, əhalinin sosial təminatının
yaxşılaşdırılması, ölkənin ixrac
qabiliyyətinin sürətli artımı bu modelin cəlbediciliyini
artırır.
Yaponiya modelində
dövlətin və özəl sektorun fəaliyyəti
yüksək səviyyədə əlaqələndirilir.
İqtisadiyyatın ayrı-ayrı sahələrinin səfərbəredici
və yönəldici imkanları nəzərə alınaraq
hazırlanan planlar dövlət proqramı statusuna malik olsa da,
dövlətin proqnozları və planları tövsiyə
xarakterlidir. İqtisadiyyatın ehtiyaclarının digər
ölkələrdən idxal hesabına ödənilməsi
istehsalın təşkili və idarə olunmasının səmərəli
sisteminin yaradılmasına imkan verir. Bu modeldə ümummilli
mənafe fərdi mənafedən üstün tutulduğundan
onun digər ölkələrdə tətbiqi heç də həmişə
gözlənilən nəticəni vermir.
Amerika modelində
iqtisadi mahiyyət daşıyan əsas qərarlar bazar
situasiyasına və oradakı qiymət dəyişkənliyinə
uyğun olaraq qəbul edilir. Dövlət istehsal-təsərrüfat
əlaqələrində, biznesin tənzimlənməsində,
təhsilin inkişafında mühüm rol oynayır, güzəşt
və təqaüdlər hesabına əhalinin minimum həyat
səviyyəsini təmin edir.
Əmək məhsuldarlığına,
səmərəli şəxsi təşəbbüslərin
dəstəklənməsinə xüsusi yer verən Amerika
modeli sosial bərabərlik prinsipini qəbul etmir, nəticədə
sosial təbəqələşmə kəskin paradoks
yaradır.
İstehsal
resurslarından səmərəli istifadə və
istehsalçılara iqtisadi azadlıq verilməsi ilə fərqlənən
Almaniya modeli sosialyönümlü bazar iqtisadiyyatı ilə
xarakterizə olunur.
Bu modelə
üstünlük verən Almaniya və Avstriyada dövlət
xırda və orta sahibkarlığa böyük qayğı
göstərir, qiymət siyasətinə, gömrük ödənişlərinə,
texniki normativlərə fəal müdaxilə edir.
İqtisadi proseslərin
təşkili, iqtisadiyyatda müxtəlif qurumların
qarşılıqlı təsir mexanizmi və onun strukturu
milli iqtisadiyyata müəyyən xarakterik cəhətlər gətirir.
Ölkədə iqtisadi sistemin ayrı-ayrı elementləri nəzərə
alınmaqla milli-iqtisadi inkişafın liberal, korporativ,
sosialyönümlü bazar modelləri də tətbiq oluna bilər.
Liberal modelin tətbiq
olunduğu ölkələrdə dövlət makro və
mikroiqtisadi proseslərin tənzimlənməsində fəal
rol oynayır. Bu model xüsusi mülkiyyətin dövlət
mülkiyyətinə nisbətən üstün mövqeyi,
istehsal, investisiya, satış, işçi qüvvəsindən
istifadə barədə qərarların aparıcı
xarakteri, əmək qanunvericiliyinin aşağı səviyyəsi,
əmək sərfinin hüquqi və inzibati müdafiəsi,
minimal əmək haqqının olmaması və ya zəif
olması, məşğulluq siyasətinə o qədər də
diqqət yetirilməməsi ilə səciyyələnir.
ABŞ, Kanada, Fransa, Böyük Britaniya, İrlandiya,
İtaliya bu modelə daha çox bağlıdırlar.
Korporativ modelin tətbiq
olunduğu ölkələrdə dövlət
iqtisadiyyatın tənzimlənməsində intensiv iştirak
edir. Demokratik korporativliyə üstünlük verən
İsveçrə və Avstriyada iqtisadi artım yolu ilə əhalinin
sosial-rifahının yaxşılaşdırılmasına
xüsusi diqqət yetirilir. Yaponiyada isə dövlətin
sahibkarlıq sahəsində payı az olsa da, dövlət
resurslardan istifadənin tənzimlənməsində fəal
iştirak edir. Ona görə də Yaponiya modeli iyerarxik
korporativ model kimi çıxış edir.
Bazar iqtisadiyyatına, liberal və demokratik dəyərlərə
əsaslanan keçid dövrünün, ölkədə
aparılan genişmiqyaslı islahatlar prosesinin, sosial-iqtisadi
inkişaf sahəsində diqqətəlayiq uğurların,
dünya iqtisadiyyatına sürətli inteqrasiyanın elmi təhlili
Azərbaycanın iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərini
müəyyənləşdirməyə imkan verir. Bu modelin
qısa zaman kəsimindəki uğurları Heydər
Əliyevin iqtisadi strategiyasında iqtisadi islahatların
gerçəkləşdirilməsinin istiqamət və hədəflərinin,
düzgün və məntiqi ardıcıllıqla müəyyənləşdirilməsini
təsdiq edir. Azərbaycanın iqtisadi inkişaf modelinə
xas olan xüsusiyyətlərdən çıxış edərək
bu modelin milli maraqlara xidmət edən, demokratik dəyərlərin
ehtiva olunduğu, dünyaya açıq
sosialyönümlü iqtisadi model olduğunu söyləmək
mümkündür. Bu modelin səciyyəvi xüsusiyyətləri
aşağıdakılardır:
- genişmiqyaslı, sistemli islahatlar yolu ilə yeni
iqtisadi münasibətlərə, bazar iqtisadiyyatına
keçid;
- neft strategiyasının
həyata keçirilməsindən gələn gəlirləri
ölkənin sosial-iqtisadi siyasətinin strateji hədəflərinə,
sosialyönümlü diversifikasiyalı milli iqtisadiyyatın
formalaşmasına, o cümlədən müasir texnologiyaya əsaslanan
qeyri-neft sektorunun inkişafına yönəltmək;
- xüsusi mülkiyyətin dövlət mülkiyyətinə
nisbətən daha üstün mövqeyinin təmin
olunması;
- makro və mikroiqtisadi
proseslərin tənzimlənməsində dövlətin fəal
rolunun təmin edilməsi;
- beynəlxalq iqtisadi
inteqrasiyada çoxqütblülüyə üstünlük
verilməsi;
- ölkəyə xarici
investisiyaların cəlbinin stimullaşdırılması;
- iqtisadi infrastrukturun
modernləşdirilməsi, təsərrüfatçılıq
mexanizminin təkmilləşdirilməsi;
- sahibkarlığın və
regionların sosial-iqtisadi inkişafının dəstəklənməsi;
- əhalinin məşğulluğunun
təmin edilməsi, əmək və təsərrüfatçılıq
fəaliyyətinin stimullaşdırılması, sosial
müdafiə mexanizmlərinin təkmilləşdirilməsi
yolu ilə cəmiyyətin rifahının yüksəldilməsi.
Qərb və Şərq dəyərlərinin sintezini əks
etdirən Azərbaycan reallığı ölkəmizə
regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və
mədəni proseslərdə fəal iştirak etməyə,
müstəqil mövqe nümayiş etdirməyə geniş
imkanlar yaradır. Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən
artıq paya malik olan Azərbaycan regionda əsas söz sahibinə
çevrilərək, mürəkkəb geosiyasi şəraitdə
belə müstəqil siyasət həyata keçirir. Ölkənin
ərazi bütövlüyünün bərpası, regionda
sabitliyin və təhlükəsizliyin gücləndirilməsi,
Xəzər hövzəsinin demilitarizasiyası, Avroatlantik
strukturlara inteqrasiya bu siyasətin prioritetlərindəndir.
Azərbaycan dövləti Avropa İttifaqı ilə
ikitərəfli əlaqələri genişləndirərək
ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına
inteqrasiya olunmaqla yanaşı, Avropa təhlükəsizlik
arxitekturasının etibarlı tərəfdaşı kimi
“Avropa qonşuluq siyasəti”nə qoşulmuş, 2006-cı
ildə Avropa İttifaqı ilə enerji məsələləri
üzrə strateji tərəfdaşlığa dair anlaşma
memorandumu imzalamış, 2008-ci ildə isə “Şərq tərəfdaşlığı”
proqramına qatılmışdır.
BMT-nin İnkişaf Proqramının “İnsan
inkişafı indeksi”nə əsasən, Azərbaycan yüksək
insan inkişafı ölkələri qrupuna daxil edilmişdir.
ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin
birgə hazırladığı “İqtisadi Azadlıq
İndeksi - 2014" hesabatında ölkəmiz yüksək
xal toplayaraq, 186 ölkə arasında layiqli yer tutmuş, azad
iqtisadiyyata malik ölkələr sırasına daxil
edilmişdir. 2013-cü il hesabatı ilə müqayisədə
Azərbaycan 6 pillə irəliləmiş və azadlıq
indeksini xeyli yaxşılaşdırmışdır.
Dünya İqtisadi Forumunun “The Qlobal Competitiveness Report
2012-2013” hesabatında “Qlobal rəqabətqabiliyyətlilik
indeksi” üzrə Azərbaycan əvvəlki mövqeyindən
9 pillə irəliləyərək dünyanın 144 ölkəsi
arasında 46-cı yeri, 2013-2014-cü illər hesabatında isə
39-cu yeri tutaraq yenə də MDB məkanında öz
liderliyini qoruyub saxlamışdır. Azərbaycan ən dinamik
inkişaf edən ölkələr sırasında
olduğundan “Fitch Ratings” Agentliyi ölkəmizə investisiya
reytinqi vermişdir. Bu indeksin müəyyən olunmasında
istifadə edilən “hökumətin büdcə balansı”
subindeksinə görə Azərbaycan 5-ci, “məcmu əmanət
norması” subindeksinə görə 8-ci, “dövlət borcu”
subindeksinə görə isə 12-ci yeri tutur və
dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətini
qabaqlayır.
Böyük tarixi
şəxsiyyətlərin rolunu, onların yerinə yetirdiyi
missiyanın ictimai-siyasi əhəmiyyətini tam adekvat qiymətləndirmək
çətin olsa da, Heydər Əliyev strategiyasının Azərbaycanın
müasir inkişafının ideya əsası olduğunu və
ölkəmizdə tarixən formalaşmış dəyərlər
sisteminə söykəndiyini qətiyyətlə söyləmək
mümkündür. Bu strategiya və onun quruculuq, inkişaf məfkurəsi
üç fundamental məqsədə - güclü dövlət,
səmərəli iqtisadiyyat və azad insan amalına xidmət
edir.
Real iqtisadi
situasiyanın elmi-nəzəri təhlili, ictimai gerçəkliyin
inkişaf məntiqinin diqqətdə saxlanılması, şərqçiliklə
qərbçiliyin, milliliklə ümumbəşəriliyin, ənənəviliklə
novatorluğun vəhdəti, milli dövlətçilik xətti
ilə mədəni-mənəvi dəyərlər sisteminin
qarşılıqlı əlaqələndirilməsi
qloballaşan dünyada Azərbaycanın öz siyasi dəst-xətti
olan suveren milli dövlət və müstəqil subyekt qismində
çıxış etməsini təmin etdi.
Heydər Əliyevin
ideya irsinin, siyasi kursunun strateji konsepsiyasının əhatə
dairəsi zaman və məkan etibarilə böyük mərhələ
təşkil edir.
Siyasi liderin
böyüklüyü zamanın
çağırışlarını və obyektiv
inkişaf meyillərini vaxtında dərk edərək, milli
maraqları bu zəminə keçirmək bacarığı
ilə ölçülür. Bu mənada ulu öndər Heydər
Əliyevdən sonra Azərbaycanın siyasi-iqtisadi
reallığına yaxşı bələd olan, ali məqsədləri
cari məqsədlərdən məharətlə fərqləndirməyi
bacaran, hadisələrin fonunda mahiyyəti aydın görən,
dövlətçilik nəzəriyyə və
praktikasını yaradıcılıqla inkişaf etdirməyə
qadir olan cənab İlham Əliyevin hakimiyyət
sükanının arxasına keçməsi Azərbaycanın
dövlət müstəqilliyinin daimi, dönməz və əbədi
xarakter almasına möhkəm zəmin yaratdı.
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru
Xalq qəzeti.- 2014.- 18 dekabr.- S.5.