Elmimiz: bu gündən
sabaha doğru
Azərbaycan
alimlərinin birinci qurultayı qarşısında qeydlər
Çağdaş dünyada elmi-intellektual potensial davamlı inkişafın əsas meyarına çevrilmişdir. Təcrübə göstərir ki, iqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. İqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm amillərdən biri də məhz elmin, təhsilin, nanotexnologiyaların inkişaf səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə güclü insan kapitalının formalaşdırılmasıdır.
Bəşəriyyət və elm
Bəşər
övladı çox-çox sonralar fəhm etdi ki,
sivilizasiyanın ən erkən çağlarında, ibtidai səviyyəsində
belə təsadüf hesab etdiklərimiz,
mənbəyini, səbəbiyyatını dərk etməkdə
çətinlik çəkdiyimiz çox şeyin təməlində
elə elm dururmuş. Sadəcə, şüur və
idrakın dərketmə gücü bunu isbatlamaqda acizdi.
Zamanında
istər Qərbdə, istərsə də Şərqdə
dinin həm felən, həm də ruhən həqiqi
anlamını, ali təyinat və məqsədini inkar edib
sxolastikaya, cəhalət girdabına yuvarlananlar elmi, onun bəşər
sivilizasiyasına bəxş etdiyi töhfələri
danmış, elm və irfan adamlarını şaqqalayıb odlara yaxmışlar.
Müqəddəs
kitabımız Qurani-Kərimin ilk ayələri “oxu”, “qələm”
və “öyrətmək”
sözləri ilə başlayır. Quran bilənlə
bilməyəni fərqləndirir: “De: Heç bilənlərlə
bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!
Yalnız ağıl sahibləri ibrət alar.”
Hz. Məhəmməd
(s.ə.s.) buyurmuşdur : “Elm
oxumaq üçün bir saat oturmaq Quranı on iki min dəfə
xətm etməkdən üstündür”, yaxud “Mənim ümmətimdən hər
bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi
eşitmək, onu öyrənmək, yaymaq və ona əməl
etmək”.
Gəlin, bu gün
elmin inkişaf etdiyi coğrafiyanı nəzərdən
keçirək; Qərbi Avropa,
Uzaq Şərqdə ötən yüzilliyin 70-80-ci illərində
sənayeləşmədən sürətlə bilik
iqtisadiyyatına keçən Yaponiya, üçüncü
minilliyin fenomenlərindən Cənubi Koreya, Sinqapur,
Çin... okeanın o tayında ABŞ, Braziliya. Bu sırada
Afrika boyda nəhəng bir qitədən neçə ölkənin
adını çəkmək mümkündür? Yoxsulluq və səfalət girdabında boğulan, əhalisinin
əksəriyyətinin bir qarın çörəyə
möhtac olduğu bir coğrafiyada ciddi elmi
araşdırmalardan və kəşflərdən bəhs etmək
yəqin ki, ən çılğın təxəyyülün
belə qarşısında aciz qaldığı
reallıqdır.
Elm cəmiyyətə
bəşəri dəyərlər, yeni kəşflər,
rasional düşüncə sistemi gətirdiyinə və məhz
seçilmişlərin “fəaliyyət sahəsi” olduğuna
görə müxtəlif qüvvələr tərəfindən
bəşər tarixinin İntibah dövrünə qədər
çox ciddi şəkildə
təqib olunmuşdur. Ptolemeyin nümayəndəsi olduğu
İsgəndəriyyə elmi məktəbi 640-cı ildən
sonra ərəblər tərəfindən bu şəhərin
işğalı zamanı məşhur İsgəndəriyyə
kitabxanasının yanması ilə süqut etdi.
1428-ci ildə Əmir
Teymurun nəvəsi və Teymurilər sülaləsinin
başçısı olan Uluqbəy tərəfindən
tikilmiş observatoriya ölümündən sonra dini fanatiklər
tərəfindən yerlə yeksan edildi.
Nə qədər təəccüblü
olsa da eyni zehniyyət sahibləri XX əsrin 90-cı illərinin
əvvəllərində Azərbaycanda da peyda oldular. Dünya elm xəzinəsinə qədərincə
düha bəxş etmiş bir ölkədə hakimiyyətdə
olduğu bir il ərzində bircə “düstur” belə həll
edib laboratoriya üçün
bircə kolba belə almamış bədnam AXC-Müsavat
iqtidarı Elmlər Akademiyasını ləğv etmək barədə
düşünürdü. Yalnız 1993-cü ilin iyununda
ulu öndər Heydər Əliyevin tarixi
qayıdışı Azərbaycanın elm məbədini
“milli Herostrat”ların cinayətkar qəsdindən xilas etdi.
AMEA-nın 2011-ci il
aprelin 26-da keçirilmiş illik
yığıncağında çıxış edən
Prezident İlham Əliyev həmin günləri xatırlayaraq
deyirdi: “... Azərbaycan müstəqilliyə qovuşanda isə
müxtəlif fikirlər var idi. Hətta, - siz yəqin
ki, bunu yaxşı xatırlayırsınız, - 1992-ci ildə
akademiyanın ləğvi barədə, bağlanması
haqqında təkliflər irəli
sürülmüşdür. Əgər 1993-cü ildə
Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda
siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki,
akademiyanın taleyi çox acınacaqlı ola bilərdi.
Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün
dövrlərdə göstərdiyi diqqət və
qayğı nəticəsində elmin inkişafı sürətlə
aparılırdı”.
Bugünün elmi
özündə nələri ehtiva edir? Bu meydanda təkbaşına
mücadilə etmiş Tusi, əl Biruni, Bruno, Lomonosov, Faradey,
Maksvell və başqalarının dövranı artıq geridə
qalıb. Müasir elm dövlət büdcəsindən
ayrılan az sayılmayacaq vəsait hesabına fəaliyyət
göstərən böyük alimlər kollektivi, müasir
qurğu və avadanlıqları olan təcrübə-sınaq
zavodları və laboratoriyalar deməkdir. Müasir “elmi sistemlərin”
formalaşması sahəsində əldə edilən nailiyyətlər
artıq lokal coğrafiyaları aşaraq bir neçə
dövlətin büdcə vəsaitlərinin təmərküzləşməsi
hesabına baş verir. Və elə təkcə bu fakt onu göstərir
ki, artıq yeni biliklərin əldə edilməsi
yönündə çəkilən xərclər
ayrılıqda götürülmüş bir ölkənin
imkanları xaricindədir.
AMEA – ölkənin intellektual elitası
Azərbaycan
Prezidentinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasına əsasən,
uzunmüddətli davamlı iqtisadi inkişafın təmin
edilməsi, bilik iqtisadiyyatının
formalaşdırılması, elmtutumlu texnologiyanın, məhsulun
(işin, xidmətin) yaradılmasının sürətləndirilməsi məqsədilə
innovasiya fəaliyyətinin genişləndirilməsi 2020-ci ilədək
əsas istiqamətlərdən biri olacaqdır. Bununla əlaqədar
elmin inkişafı onun ölkəmizdəki tarixinə və
dünyada gedən meyillərə əsasən prioritetləşdiriləcək
və mütərəqqi dünya elminə səmərəli
inteqrasiya prosesi davam etdiriləcəkdir. Elmi infrastruktur təkmilləşdiriləcək,
elmin maddi-texniki bazası müasirləşdiriləcək və
bu sahədə informasiya təminatı sistemlərinin elektron
formaya keçirilməsi təmin ediləcəkdir. Eyni zamanda, elmin maliyyələşdirilməsinə
dövlət büdcəsi resursları ilə yanaşı,
digər mənbələrin də cəlb olunması
stimullaşdırılacaq ki, bu da nəticə etibarilə elmi fəaliyyətlə məşğul
olan insanların sosial müdafiəsini gücləndirməklə
“beyin axını”nın qarşısını
alacaqdır. Ölkədə innovativ iqtisadiyyatın
yaradılması məqsədilə elm və istehsal
arasındakı əlaqələrin gücləndirilməsi,
tətbiqi elmi araşdırmaların bazarın tələbatına
müvafiq olaraq aparılması məqsədilə zəruri
mexanizmlər yaradılacaqdır.
İnkişaf
etmiş ölkələrin təcrübəsi göstərir
ki, elm və təhsilin müasir tələblər səviyyəsində
inkişafı böyük məbləğdə investisiya tələb
edir. Azərbaycan dövlətinin iqtisadi
imkanları artdıqca sivil dəyərləri, qabaqcıl
ölkələrin elmi-texniki yeniliklərini, “nou-xau”
texnologiyalarını dərindən mənimsəyən gənc,
kreativ düşüncəli, vətənpərvər
kadrların hazırlanması məsələsinə
xüsusi diqqət yetirir. Müqayisə
üçün bildirək ki, 2003-cü ildə elm xərclərinə
cəmi 16,6 milyon manat vəsait ayrıldığı halda,
2015-ci ildə bu rəqəm 142,5 milyon manat təşkil edəcəkdir.
2015-ci il elm xərclərində elmi tədqiqat layihələrinin
Elmin İnkişafı Fondu vasitəsilə həyata
keçirilməsi üçün 7,6
milyon manat, latın qrafikalı kitabların çap edilməsi
üçün 5 milyon manat, elmi obyektlərin yenidən
qurulması və əsaslı təmiri üçün 2
milyon manat, elmi-tədqiqat təminatının möhkəmləndirilməsi,
müasir laboratoriya avadanlıqlarının alınması
üçün 4,9 milyon manat və digər tədbirlərin
həyata keçirilməsi üçün vəsait
ayrılması nəzərdə tutulmuşdur.
Ümumiyyətlə,
müəyyən problemlərə, çətinliklərə,
əsaslı və əsassız tənqidi yanaşmalara
baxmayaraq, son 11 ildə Azərbaycan elminin böyük
inkişaf və tərəqqi yolu keçdiyi danılmaz
reallıqdır.
Azərbaycan Prezidenti
İlham Əliyev Elmlər Akademiyasındakı məlum
çıxışında demişdir ki, ölkənin əsas
elm müəssisəsində Azərbaycanın intellektual
elitası cəmlənib. Akademiyanın
inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir
göstərir. Əgər inkişaf etmiş ölkələrin
təcrübəsinə nəzər salsaq görərik ki, həmin
ölkələrin uğurlarının təməlində
ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır.
Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə
islahatlar apararkən müasirləşməyə
üstünlük veririk. Müasir dövlətin qurulması
elmin inkişafı olmadan mümkün deyildir.
... Hesab edirəm ki,
Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət
göstərir.
“Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı” elm sahəsində həyata
keçiriləcək islahatların konseptual əsaslarını
özündə əks etdirir. Milli Strategiya əsasında son
illərdə Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi,
dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə
müvafiq şəkildə təşkili, iqtisadi inkişafda
elmin rolunun artırılması; yüksək ixtisaslı
kadrların hazırlanmasının təmini, fundamental və
tətbiqi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi
istiqamətində tədbirlər diqqət mərkəzində
saxlanılmışdır.
Azərbaycanda elmin
inkişafı üçün geniş maddi-intellektual
resurslar mövcuddur və bundan səmərəli istifadə cənab
İlham Əliyevin müəyyənləşdirdiyi
başlıca prioritetlərdən biridir. Dövlət
başçısının 2009-cu il oktyabrın 21-də
imzaladığı sərəncamla Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun yaradılması da tədqiqatların
stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi
diqqəti çəkmişdir. Fondun
yaradılması fundamental elmi tədqiqatların
stimullaşdırılması, ölkənin təbii
resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin
gücləndirilməsi, elmin müxtəlif sahələrində
aparılan araşdırmaların səmərəliliyinin
artırılması məqsədi ilə əsaslandırılır.
AMEA-nın
infrastrukturunun, maddi-texniki bazasının, iş şəraitinin
yaxşılaşdırılması da diqqət mərkəzindədir.
Son illərdə Mərkəzi Elmi Kitabxana, “Azərbaycan
Milli Ensiklopediyası” Elmi Mərkəzi üçün yeni
inzibati binalar inşa edilmiş, Azərbaycan Milli Tarix Muzeyində,
Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat
Muzeyində, AMEA-nın Rəyasət
Heyətinin binasında, habelə akademiyanın əsas
binasında təmir işləri başa
çatdırılmışdır. Bundan əlavə,
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Milli Tarix Muzeyi və Nəsrəddin Tusi adına Şamaxı
Astrofizika Rəsədxanasının təmiri və yeni
avadanlıqların alınması, Arxeologiya və Etnoqrafiya
İnstitutuna arxeoloji qazıntıların davam etdirilməsi, əşyaların
bərpası və yeni materialların alınması
üçün Tarix Muzeyinə vəsait
ayrılmışdır.
XXI əsr bilik iqtisadiyyatı əsridir
Ötən
əsrin 50-60-cı illərində ABŞ
iqtisadçılarının tədqiqatlarında insan
kapitalı nəzəriyyəsi önə çıxdı.
İşçi qüvvəsinin
formalaşdırılması problemləri, insanın
yaradıcılıq və faydalılıq imkanlarının
artırılması bu nəzəriyyənin əsas hədəfləri
kimi müəyyənləşdirilmişdir.
Həmin dövrdən başlayaraq elm və təhsilə
yönəldilən vəsaitlər ictimai-siyasi proseslərin
qaçılmaz məsrəfləri kimi deyil, davamlı
inkişafın təmin edilməsi üçün
mühüm investisiyalar kimi qəbul edilməyə
başlanmışdır.
Son onillikdə elmi
biliklərin daha sürətli inkişafı müşahidə
edilir və bu mənada, XXI əsri haqlı olaraq “bilik iqtisadiyyatı
əsri” adlandırırlar. Bu gün dünyanın inkişaf
etmiş ölkələri yeni iqtisadiyyat – biliklərə əsaslanan
iqtisadiyyat qururlar. Burada başqa göstəricilər, yəni
elmi, innovasiyaları, intellektual mülkiyyəti və mədəniyyəti
xarakterizə edən indekslər əsas
götürülür.
Hazırda inkişaf
etmiş ölkələrdə milli sərvətin 60-80 faizini
insan kapitalının təşkil etməsi də elmin
inkişafının, başqa sözlə, bilik
iqtisadiyyatının təzahürüdür. ABŞ
iqtisadçısı və sosioloqu D.Bell haqlı olaraq, gələcəkdə
əhalinin (xalqların) yüksək sosial təbəqəyə
aid olan və aid olmayan hissələrə bölünməsini
onların maddi vəziyyətlərinə görə deyil,
intellektual potensialı - yeni bilik daşıyıcıları
“knowledge stratum” ilə müəyyən
olunacağını qeyd edir. Təcrübə
göstərir ki, cəmiyyətdə baş verən hər
bir tərəqqi əsasən iki mərhələdən:
birincisi, elmin inkişafı və elmi nəticələrin
istehsala tətbiqindən; ikincisi, insana kapital qoyuluşunun səmərəliliyindən
ibarətdir.
Müasir
dövrdə təbii sərvətlərin bolluğu dövlətin
inkişafının əsas göstəricisi deyil,
başlıca məqsəd bu sərvətləri cəmiyyətin
hərəkətverici qüvvəsi olan insan kapitalına
çevrilməsini təmin etmək olmalıdır. ABŞ, Yaponiya, Cənubi Koreya və digər
inkişaf etmiş ölkələr malik olduqları maddi
resurslardan daha çox, təhsil sisteminin yetişdirdiyi insan
kapitalından böyük gəlirlər əldə etmişlər.
Dünya Bankının apardığı tədqiqatın nəticələrinə
əsasən, ABŞ-ın milli sərvətinin 76 faizini insan
kapitalı, 19 faizini istehsal, 5 faizini təbii resurslar təşkil
edir. Avropa ölkələrində isə insan kapitalı 74
faiz, istehsal 24 faiz, təbii resurslar yalnız 2 faiz təşkil
edir.
Dünya bazarında
neftin qiymətlərinin siyasi konyunktur əsasında müəyyənləşdiyi
son siyasi-iqtisadi reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın
uğurlu gələcəyi, ilk növbədə, elmin, təhsilin
inkişaf səviyyəsi ilə şərtlənir. Dövlət başçısı İlham
Əliyev də haqlı olaraq bildirir ki, neft Azərbaycan
üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini
təmin etmək üçün vasitədir. Ölkəmiz
neft ehtiyatlarına görə dünyada 19-cu, istehsalına görə
isə 29-cu ölkə olsa da, hazırda həyata keçirilən
siyasətin məqsədi neftdən sonrakı
inkişafın təməlini yaratmaqdır.
Ona görə də
təsadüfi deyildir ki, son illər Azərbaycanda gerçəkləşdirilən
milli layihələr insana, onun həyat keyfiyyətinin yüksəldilməsinə
yönəldilmiş sərmayələrdir. Milli layihələrin
səciyyəvi xüsusiyyəti, ilk növbədə,
onların innovasiya yönümlü olmasındadır.
Dövlət inkişafın elə bir istiqamətlərini dəstəkləyir
ki, onlar qabaqcıl texnologiyalardan istifadə və bu
texnologiyaların sənayedə tətbiqi ilə
bağlıdır.
Ölkənin
innovativ inkişafa keçidinin zəruriliyi insan
kapitalının reallaşdırılmasına və ümumi
rifah səviyyəsinin təkmilləşdirilməsi məqsədi
ilə insanların potensial imkanlarının səmərəli
tətbiqinə əsaslanan elmi strategiyanın
hazırlanmasını zərurətə çevirmişdir. Doğrudur, son illərə qədər
belə hesab edilirdi ki, texnologiyaların, əmək vasitələri
və alətlərinin prinsipial yenilənməsinə əsaslanan
texnoloji istehsal üsulları ictimai inkişaf dövrlərinin
dəyişməsində həlledici rol oynayır. Bu gün isə ümumi qənaət bundan ibarətdir
ki, insan kapitalı olmadan ictimai istehsalın bundan sonra da
davamlı, dinamik və səmərəli inkişafı, sabit
iqtisadi yüksəliş, artan ictimai tələbatın təmini
ilə bağlı hər hansı problemləri həll etməyə
qabil deyildir. Başqa sözlə, müasir reallıqda
fokus nöqtəsi insana, onun intellekt və vərdişlərinə,
innovativ sistemlər yaratmaq qabiliyyətinə, gələcəyini
kreativ əsasda modelləşdirmək və qurmaq
bacarığına yönəlmişdir.
Çətin, uzun, doğru yol
Ötən illərdən
bəri AMEA sistemində həyata keçirilən islahatlar son
bir ildə daha geniş vüsət almış, bu məqsədlə
konrket fəaliyyət konsepsiyası
hazırlanmışdır. AMEA-da aparılan struktur
islahatlarında məqsəd akademiyanın fəaliyyətini
mövcud qanunvericiliyin tələblərinə uyğun təmin
etmək, hüquqi təminat bazasını möhkəmləndirmək
və idarəetmə strukturunu təkmilləşdirməkdir.
Təhsil və kadr siyasətinin müasir səviyyədə
qurulması, informasiya və elmin kütləviləşdirilməsi
sahələrində fəaliyyətin səmərəliliyinin
artırılması da islahatların hədəflərindəndir.
Bu məqsədlə AMEA Rəyasət Heyətində
müasir dövrün idarəetmə sistemlərinə
uyğun yeni akademik bölmə və şöbələr
yaradılmış, idarəetmə sisteminin müasirləşdirilməsi
istiqamətində tədbirlər həyata
keçirilmişdir. İdarəetmədə çevikliyin və
aparılan islahatların səmərəsinin
artırılması, elmi müəssisələr
üçün aktual məsələlərin geniş
müzakirəsi, problemlərin səmərəli həll
yollarının tapılması məqsədi ilə AMEA Elmi
Müəssisələrinin Direktorlar Şurasının
yaradılması da mühüm yeniliklərdən biri
olmuşdur. AMEA-da magistratura pilləsinin
açılması ilə yanaşı, hazırda doktorantura
təhsilinin təkmilləşdirilməsi istiqamətində
tədbirlər də davam etdirilir.
Yüksək
ixtisaslı gənc alim və mütəxəssislərin
yetişdirilməsi, onların intellektual səviyyələrinin
yüksəldilməsi üçün AMEA-da gənc alim və
mütəxəssislər şuralarının təsis
olunması mühüm yeniliklərdən biridir. Həmçinin, İnnovativ Layihələrin
Ekspertizası və Koordinasiyası Şurasının
yaradılması əldə olunan elmi nəticələrin
praktikada tətbiqi istiqamətində aparılan islahatların
uğurlu davamıdır. AMEA biznes təşkilatları və
QHT-lərlə innovativ fəaliyyətini genişləndirmək,
təcrübə-sənaye zavodunun işinin gücləndirmək
istiqamətində tədbirləri də diqqət mərkəzində
saxlayır.
Gənc
alimlərinin zəhmətinin stimullaşdırılması
son dərəcə vacib məsələlərdən biridir.
2014-cü ildə Prezident İlham Əliyevin dəstəyi ilə
10-dan çox gənc tədqiqatçı Avropanın elmi
müəssisələrində fəlsəfə doktoru və
elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilmişdir. Elmin
inkişafına böyük töhfələr verən və
mühüm nailiyyətlər qazanan alimlərin
yaradıcılığını stimullaşdırmaq məqsədi
ilə “Nizami Gəncəvi adına Qızıl medal”ın təsis
olunması da mühüm yeniliklərdən biri olacaqdır.
Bundan başqa, hazırda AMEA əməkdaşlarının
mənzil problemlərinin həlli, müasir tələblərə
cavab verən səhiyyə, ticarət və istirahət mərkəzlərinin
yaradılması istiqamətində də mühüm işlər
həyata keçirilir.
Noyabr ayında
keçirilmiş Elm festivalı ölkənin elm təsərrüfatının
cari durumunu nümayiş etdirməklə qalmamış,
potensial imkanlar və perspektiv gözləntilər, elmi
axtarışların prioritet və trendləri barədə də
müfəssəl təsnifat vermişdir. Bu günlərdə Azərbaycan
alimlərinin I qurultayı keçiriləcəkdir. Bu tədbir
elm sahəsində mövcud vəziyyətin təhlili və
qarşıda duran strateji vəzifələrin düzgün
müəyyənləşdirilməsi baxımından vacib
hadisədir. Qurultay ərəfəsində “Azərbaycan alimləri”
adlı bələdçi kitabın hazırlanması da
mühüm yeniliklərdən biridir. Bundan başqa, qurultayda
“Elm Günü”nün təsis edilməsi ilə bağlı
ölkə rəhbərliyinə müraciətin qəbulu
gözlənilir.
Əlbəttə, əldə
olunan mühüm uğurlarla yanaşı, hazırda elm sahəsində
həllini gözləyən müəyyən problemlər də
var və bu, ən yüksək səviyyədə etiraf
edilir. Bu baxımdan diqqət, əsas problemlərdən
biri kimi, elmin maliyyə təminatının lazımi səviyyədə
olmaması faktına yönəldilir. Ümumiyyətlə,
elmin strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi
olub-olmaması, ilk növbədə, hər bir ölkənin
ümumi daxilil məhsulunda (ÜDM) elm sahəsinə ayrılan
maliyyə vəsaiti əsasında müəyyənləşir.
Müqayisə üçün bildirək ki, bu göstərici
Avropa Birliyi ölkələrindən İsveçdə 3,9
faiz, Finlandiyada 3,5 faiz, Almaniyada 2,5 faiz, Fransada 2,1 faiz,
Böyük Britaniyada 1,7 faiz, İspaniya və İtaliyada isə
1,1 faizdir.
Azərbaycanda
1980-1990-cı illəri əhatə edən dövrdə
büdcədən elmə ayrılan xərclərin ÜDM-də
payı 0,3-0,5 faiz hüdudlarında idisə, 2005-2010-cu illər
ərzində bu rəqəm 0,5 faiz təşkil etmişdir.
Hazırda bu göstərici qismən yüksəlsə də,
bu artımla dünya miqyasında texnoloji
sıçrayış etmək
çətindir.
Elmi
işin təşkili ilə məşğul olan mütəxəssislər
tərəfindən müəyyənləşdirilmiş və
müxtəlif ölkələrin inkişafı timsalında
öz tədqiqini tapmış normativ bir qənaət var: əgər
hər hansı ölkədə elmin maliyyələşdirilməsi
ÜDM-in 1 faizini təşkil edirsə, elm o ölkə üçün olsa-olsa
sosial-mədəni funksiyanı yerinə yetirə bilər. Yəni, bu halda elm həmin cəmiyyətin
sosial-iqtisadi, mədəni-mənəvi və ictimai-siyasi həyatında
proseslərə ciddi təsir göstərmək imkanına
malik olmayan dekorativ fon statusunda mövcud olur. Əgər maliyyələşmənin
həcmi ÜDM-in 2 faizini təşkil edirsə, elm bilik
istehsal edər, 3 faizini təşkil edirsə,
sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsinə
çevrilər. Bu, dünyanın həm inkişaf etmiş,
həm də inkişaf etməkdə olan ölkələrinin
timsalında təsdiqini tapmış faktdır.
Elmin maliyyələşdirilməsi
sahəsində əsas problem büdcədən maliyyələşdirmə
sisteminin və mövcud mexanizmlərin müasir tələblərə
cavab verməməsidir. Hazırda elmin maliyyələşdirilməsi
akademik, sahəvi və ali məktəblərin mövcud elmi-tədqiqat
subyektlərinin, ştat vahidlərinin, elmlər
doktorlarının, elmlər namizədlərinin və digər
kontingentin sayı baxımından həyata keçirilir. Elmin
maliyyələşdirilməsində
ünvanlılığın və prioritetliyin təmin edilməsinə
ciddi ehtiyac var. Bunun üçün AMEA-da kadr və struktur
islahatlarının davam etdirilməsi, bir-birinin təkrarlayan
elmi-tədqiqat institutlarının birləşdirilməsi də
səslənən təkliflər sırasındadır.
Azərbaycanda elmin
özünümaliyyələşdirmə sisteminə
keçidinin təmin edilməsindən danışmaq hələ
tezdir. Ola bilər ki, tətbiqi və fundamental elmlərlə
bağlı elmi-tədqiqat institutları beynəlxalq qrant və
patentlər əsasında yeni maliyyə mənbələri əldə
edə bilirlər. Amma bunu ictimai və humanitar
yönümlü elmi-tədqiqat institutlarına şamil etmək
çətindir.
Ümumiyyətlə,
bəşəriyyətin misli görünməmiş tərəqqi
yolu keçdiyi ötən əsrdə sənayeləşmə,
elmi-texniki, hərbi modernləşmə, kosmik tədqiqatlarla
bağlı daha çox fundamental elmlər önə
çıxmışdısa, XXI əsrin obyektiv
reallıqları ictimai və humanitar elmlərin ictimai həyatdakı
rolunu əhəmiyyətli dərəcədə yüksəltmişdir. Əslində,
söhbət qarşısıalınmaz qloballaşma prosesi
fonunda hər bir xalqın milli kimliyinin qorunub saxlanması
vacibliyindən, bu mürəkkəb prosesdə ictimai və humanitar elmlərin rolunun əhəmiyyətli
dərəcədə artmasından gedir.
Akademik
Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində
baxış” adlı məqaləsində
də bu məqamlar ciddi təhlil süzgəcindən
keçirilərək göstərilir ki, ictimai və humanitar elmlər hər
zaman cəmiyyətdə milli birliyi və milli
özünüdərki təmin etməklə dövlətin suverenliyinin və milli təhlükəsizliyin
qarantı olan mənəvi immuniteti, həmçinin, ölkənin
dayanıqlı inkişaf konsepsiyasının əsasını
təşkil etmişdir.
Problemi
aktuallaşdıran həm də odur ki, XXI əsrdə
qarşısıalınmaz qloballaşma prosesləri tarixən
özünəməxsusluğunu qoruyub saxlamağa müvəffəq
olmuş hər bir xalqı yad təsirlərə,
yabançı “dəyərlər”in, ictimai düşüncədə
həzm olunmayan “ənənələrin” hücumuna məruz qoyur. Ayrı-ayrı
xalqların qəlibləşmiş milli mənəvi-əxlaqi
dəyərlərini, mədəniyyətini sıradan
çıxarmağa yönələn belə “kosmopolit” dəyərlərin
təbliği daha geniş vüsət almışdır. Sivilizasiyalarası dialoq, fərqli mədəniyyətlər
arasında ortaq təmas nöqtələrinin tapılması,
transmilli korporasiyaların sərhəd tanımayan fəaliyyəti
kontekstində dünya iqtisadiyyatının sürətlə
qloballaşması, nanotexnologiyaların inanılmaz templə
inkişafı bəzən kiçik xalqların milli mədəniyyətinə,
mənəvi dəyərlər sisteminə potensial təhdid
qismində çıxış edir. Bəşəri və
milli ideallar, zəngin dəyərlər ifrat praqmatikləşmiş
sosial münasibətlər fonunda müəyyən
aşınmaya məruz qalır, total mədəniyyət təzahürləri
hakim mövqeyə keçir. Belə bir şəraitdə
xalqın milli “Mən”inin, mənəviyyatının, mədəniyyətinin,
adət-ənənələrinin qorunması vacibliyi elm xadimlərinin,
ziyalıların, ümumən cəmiyyətin intellektual kəsiminin
qarşısında yeni vəzifələr qoyur, onları
neqativ meyillərə qarşı səfərbərliyə
çağırır.
* * *
Elm - təhsil, bilik,
müasirlik, savad, gələcəyə
açılmış qapı deməkdir. Prezident
İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə
yeni mərhələsində Azərbaycan xalqının
intellektual gələcəyini təmin etməyin yeganə
yolunu məhz bu sahələrin ən müasir tələblər
səviyyəsinə çatdırılmasında
görür. Görülən işlər
deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda
elm və təhsil sahəsində özünü göstərən
qlobal problemlər əsaslı surətdə aradan qalxacaq,
milli elmimizin keyfiyyət göstəricisi daha da yüksələcəkdir.
Xalid NİYAZOV,
Əməkdar jurnalist
Xalq qəzeti.- 2014.- 18 dekabr.- S.8.