Milli dəyərlərimizdən ilham alan şair
Oqtay
Rza-80
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, geoloq alim, əməkdar müəllim Oqtay Rzanın anadan olmasının 80 illiyi münasibətilə ölkənin ədəbi, elmi və pedaqoji ictimaiyyətinin iştirakı ilə təntənəli yubiley mərasimi keçirildi. Məclisdə yurdsevər ziyalıya xalqımızın layiqli ehtiramı və xoş arzuları çatdırıldı.
Yazıçılar Birliyinin birinci katibi, xalq şairi
Fikrət Qoca təmsil etdiyi
qurumun rəhbərliyinin və üzvlərinin
yubilyar şairə səmimi təbrikini
çatdırdı, ona AYB-nin
hədiyyəsini təqdim etdi. Oqtay Rzanı
poetik sozün məsuliyyətini
və cəmiyyət qarşısında ziyalı borcunu dərindən anlayan
şair- vətəndaş kimi səciyyələndirən Fikrət Qoca onun həm də sədaqətli
dost olduğunu, hər
sınaqdan üzüağ
çıxdığını vurğuladı.
Məclisin
aparıcısı, AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, filologiya
üzrə elmlər doktoru, professor Asif Rüstəmli
Oqtay Rzanın xalqa
xidmətdə keçən mənalı ömür
yolundan söz
açdı, onun çağdaş
poeziyamızın işıqlı simalarından olduğunu bildirdi. Yubilyarın 25-dək poetik toplunu əhatə edən,
ölkəmizdə və xaricdə çap
olunan
şeirləri ilə anadilli
poeziyamıza ideya və mövzu
əlvanlığı gətirdiyini söyləyən ədəbiyyatşünas
qeyd etdi ki, şairin ədəbi
yaradıcılığında milli məfkurəyə
dərin bağlılıq aparıcı yer
tutur. “Rəsul Rza”,
“Mikayıl Müşfiq”, “Cəfər
Cabbarlı”, “Qızıl qələm” mükafatlarına layiq görülən Oqtay
Rza sevimli sələflərinin
uca sənət məramına daim sadiq
qalmışdır. Onun ən böyük mükafatı isə
çoxsaylı oxucuların rəğbəti, saysız-
hesabsız dostlarının sevgisidir.
Tanınmış
tənqidçi, filologiya üzrə elmlər
doktoru Vaqif Yusifli Oqtay Rzanın poetiya yoluna ətraflı
nəzər salaraq bildirdi
ki, gələcək şair
ədəbiyyata hələ yeddinci sinifdə
oxuyarkən Salyan rayon
qəzetində çap etdirdiyi
şeirlə gəlmişdir. 1952-ci ildə, on
səkkiz yaşı olanda böyük
şairimiz Səməd Vurğun
Azərbaycanın müxtəlif bölgələrində yaşayan istedadlı gənc şairlərin
sırasında Oqray Rzanı da öz yanına dəvət
etmişdi, onlara
şeirin-sənətin çətin yollarından, şərəfli
missiyasından söz
açmışdı. Sonralar, ədəbi
mühitə alışandan sonra Rəsul
Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov,
Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəbi Xəzri, Qabil,
Xəlil Rza, Məmməd Araz,
Söhrab Tahir, Fikrət
Sadıq kimi simalar Oqtay Rzanın həyatında silinməz izlər
buraxan ustadlar və dostlar olmuşlar. Belə
bir mühitdə milli
poeziyamıza sıra nəfəri kimi qoşulan gur nəfəsli
şair ədəbi kimliyini
nişan verən sənət eşqini bu misrada bəyan etmişdi:
“İlham ürəyimdə coşur “Cəngi"tək.”
Natiq daha sonra
qeyd etdi ki, Oqtay Rza
təbiət vurğunudur, səyahət
eləməyi, yaxın- uzaqları gəzib-dolanmağı çox sevir, rayonlara, kəndlərə güzar
eləyir. Onun şeirlərindəki təbiət
mənzərələri, rəngarəng peyzajlar,
bəzən suyun
şırıltısı, biçənəklərin xoş ətri, yağışın səsi
aydınca duyulur. “Günəşin
adından” adlı bir şeir
kitabını “Azərbaycanın şeirlə
yazılmış canlı xəritəsi” də adlandırmaq
olar. Adətən, şairlərin
adları qarşısında “təbiət şairi”,
“vətənpərvər şair”,
“gözəllik şairi” və s. təyinlər işlədirlər. Oqtay Rza bunların
hamısına aid olan
bir şairdir. Onun şair ilhamı bütün mövzularda öz poetik əksini
tapır, nədən yazırsa-yazsın, həmişə yeni bir fikir
söyləməyə çalışır, duyğulara təzə rəng, naxış
vurmağı bacarır. Onun şeir yolu Səməd Vurğun məktəbindən qaynaqlansa
da, bütün
şeirlərində Oqtay Rzanın özünü görərsiniz.
Tənqidçi
çıxışını bu sözlərlə
bitirdi: “ Son illərdə
Oqtay müəllimin
yaradıcılığında iki məqam
müşahidə olunur. O, çoxlu ithaflar yazır
və tanıdığı, dostluq etdiyi adamların misralarla portretini
yaradır. İkinci
bir hal odur
ki, Oqtay Rza Azərbaycan poeziyasının rübai janrına yeni nəfəs
və məzmun gətirib. Bu yığcam
formada təzə, insanları
düşündürən söz deyə
bilir. Əgər
Oqtay Rza
yaradıcılığının yetkinliyini
düymaq istəyirsinizsə, onun rübailərini oxuyun”.
Mədəniyyət və
Turizm Nazirliyinin idarə
rəisi, şair- jurnalist
Vaqif Bəhmənli yubilyarı nazirliyin kollektivi
adından təbrik edərək dedi ki, Oqtay Rza
səmimi dost, pak insan, yetkin ziyalı, poeziyada öz sözü və yeri olan xəlqi şairdir. Oqtay müəllim şeirlərində duyğu- düşüncələrini sadə,
səlis və koloritli ifadə edir. O, müxtəlif şəxsiyyətlərə
həsr etdiyi ithafları ilə ədəbiyyatımızda
bədii portretlər silsiləsi yaradıb. Şair
gənclərə də daim
bacardığı dəstəyi verir. Bu baxımdan onun
davranışları ədəbi aləmdə bir əxlaq nümunəsidir.
Son illərdə ağır xəstəlikdən
əziyyət çəkən xalq şairi Zəlimxan Yaqubun öz şair dostunu təbrikə gəlməsi
hamını təsirləndirdi. O bildirdi ki, son illərdə Natəvan
klubunu bugünkü kimi gur gördüyü
az olub. Bu izdiham oxucularının, tələbələrinin,
dostlarının Oqtay müəllimə böyük hörmətinin açıq
göstəricisidir. Xalqını sevən sənətkarı
xalqı da öz
növbəsində uca tutur.
Oqtay Rzanın ədəbiyyata təmənnasız
xidmətini, təbii olaraq, onun şəxsiyyətinin saflığı
tamamlayır. Şair
yaradıcılığa başladığı gündən
Azərbaycan ədəbiyyatına xidməti həyat amalı kimi gerçəkləşdirməkdədir.
Milli Məclisin üzvü, şair- publisist Sabir Rüstəmxanlı Oqtay
Rzanın milli-azadlıq hərəkatında yaxından
iştirakını yada saldı, onun gənc nəslə istiqlal
düşüncəsi, milli kimlik şüuru
aşılayan təsirli poetik nümunələr
yaratdığını vurğuladı. Yubilyarın ədəbi
mühitdə fəal iştirakının
sənət fədakarlığı olduğunu
söyləyən şair dostu
Oqtay Rzanın ədəbiyyatımza
layiqincə xidmət göstərdiyini bildirdi.
Poeziya sahəsində mütəxəssis, filologiya
üzrə elmlər doktoru Qurban Bayramov, şairlərdən
Çingiz Əlioğlu, Adil
Cəmil, jurnalist Zemfira
Məhərrəmli və digər çıxış edənlər
də Oqtay Rzanın şair,
alim, müəllim kimi
xalqına dəyərli xidmətlərindən, onun 80 illik barlı-bəhrəli ömrünün
örnəklərindən söz
açdılar, bu nurlu
insana möhkəm cansağlığı,
təravəti sönməyən yaradıcılıq
arzuladılar.
Məclisdə
aktyorlar və Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs dediyi
tələbələr Oqtay Rza şeirlərindən seçmə
nümunələri səsləndirməklə onun poetik irsinin
estetik tutumunu sərgilədilər,
məclisdə söylənən mülahizələrəi
qüvvətləndirdilər.
Sonda Oqtay Rza ömür yoluna və
yaradıcılığına verdikləri yüksək qiymətə,
söylədikləri xoş sözlərə
görə sənət dostlarına, məclisə
toplaşmış pərəstişkarlarına
razılığını bildirdi. Şair son nəfəsinədək ədəbi ənənələrimizə,
milli
dəyərlərimizə sadiq
qalacağını söylədi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2014.- 18 dekabr.- S.10.