Azərbaycan
Respublikasının milli inkişaf və
təhlükəsizlik siyasətinə dair dəyərli
elmi əsər
1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən - şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyinin əsas vəzifələrini, istiqamətlərini və prioritetlərini ehtiva edən yeni milli inkişaf və təhlükəsizlik siyasəti formalaşdırıldı, sonrakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və həyata keçirilməyə başlandı.
Azərbaycanın
milli inkişaf və təhlükəsizliyinin təmin
olunmasında və bu sahə üzrə dövlət siyasətinin
müəyyənləşməsində vahid milli ideyanın
– azərbaycançılığın formalaşdırılması
və rəsmi dövlət siyasəti səviyyəsinə
qaldırılması mühüm əhəmiyyətə
malik olub. Xüsusən dövlət müstəqilliyinin bərpası
və möhkəmləndirilməsi,
ölkədə milli mənəvi dəyərlərin qorunub
saxlanılması və inkişafı, dünya azərbaycanlılarının
müstəqil dövlətçilik amalı ətrafında
birləşdirilməsi və s. sahələrdə bu
ideya ötən müddət ərzində
əvəzsiz rol oynayıb.
Son on il ərzində
Azərbaycan xalqı və dövləti sürətli
inkişaf dövrünü yaşayıb, problemlərin
böyük hissəsi öz həllini tapıb, istənilən
istiqamət üzrə konkret proqramlar icra edilib. Ötən
illərdə dünyada baş verən qlobal böhran fonunda
Azərbaycan iqtisadiyyatının davamlı inkişafı,
bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin
əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər
üzərində qurulmasının əyani göstəricisidir.
Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən
Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən
mühüm amillərdən biri olan enerji, ərzaq və
ekoloji təhlükəsizliyin təmin edilməsi,
iqtisadiyyatın şaxələndirilməsi, bütün sahələrdə
davamlı inkişaf strategiyası uğurla həyata
keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda
müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi
ilə bağlı həyata keçirilən siyasətin
mühüm nəticəsi hesab etmək olar. Xüsusilə,
Azərbaycan zəngin enerji resurslarından daxil olan valyuta
ehtiyatlarını səmərəli şəkildə sərf
etməklə, iqtisadiyyatın bütün sektorlarının
dinamik inkişafı üçün əlverişli baza
yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə
biləcək strateji bölməyə çevrilib.
2003-2013-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi
inkişaf, demokratik və müasir dövlət quruculuğu
sahəsində mühüm mərhələ olub. Son illər
ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahələrdə
böyük uğurlara imza atıb. Bu uğurlar bugünkü
Azərbaycan reallıqlarını əks etdirir.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının ictimai siyasi-məsələlər
şöbəsinin müdiri, tarix elmləri doktoru, professor
Əli Həsənovun bu yaxınlarda rus dilində nəşr
olunmuş “Azərbaycan Respublikasının milli inkişaf və
təhlükəsizlik siyasəti” adlı elmi əsəri bu
problemin tədqiq olunması sahəsində yeni bir istiqamət
açaraq dövlət siyasətinin elmi əsaslarının
sistemli şəkildə öyrənilməsinin təməlini
qoyub.
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının beynəlxalq münasibətlər və
xarici siyasət kafedrasının dosenti, “Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin
müdiri Elçin Əhmədovun elmi təhlilində Azərbaycan
Respublikasının milli inkişaf və təhlükəsizlik
siyasəti sistemli şəkildə araşdırılan və
mühüm əhəmiyyət kəsb edən bu əsərin
önəmindən bəhs olunur. AzərTAc həmin
yazını təqdim edir.
Professor Əli Həsənovun
dərin təhlilə əsaslanan sanballı əsəri
müstəqilliyimiz dövründə Azərbaycanın həm
milli inkişaf, həm də təhlükəsizlik siyasətinin
öyrənilməsi baxımından çox dəyərli
bir tədqiqat işidir. Bu baxımdan əsər çox
mühüm elmi-siyasi, eləcə də praktik əhəmiyyət
kəsb edir.
Müəllif Azərbaycan
milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları,
məqsəd və vəzifələri, həyata keçirilmə
mexanizmləri və istiqamətləri ilə bağlı
geniş elmi təhlil aparır, ölkəmizin həyatının
bütün sahələrində - iqtisadi, hərbi, sərhəd,
nəqliyyat-tranzit, ərzaq, informasiya və s. həyata
keçirilən təhlükəsizlik siyasətini kompleks
şəkildə tədqiq edir, dövlətimizin milli, regional
və beynəlxalq təhlükəsizlik sahəsində fəaliyyətini
araşdırır.
Əsərdə
müasir dövrdə qloballaşmanın, eləcə də
regionda gedən transmilli geosiyasi proseslərin tələbləri
və çağırışları fonunda ölkənin hərbi-geostrateji,
siyasi, iqtisadi, enerji, denmoqnranfik, ekoloji, informasiya və digər
həyati əhəmiyyətli sahələrində
müşahidə olunan proseslər araşdırılır,
bütün bu sahələrdə yürüdülən təhlükəsizlik
siyasətinin səviyyəsi, effektivliyi tədqiq olunur və
qiymətləndirilir, gələcəkdə daha çevik təhlükəsizlik
siyasəti yürüdülməsinin zəruriliyi əsaslandırılır.
Professor Əli Həsənov
əsərində qeyd edir ki, 1993-2003-cü illər ölkəmiz
üçün həlledici illər olub. Məhz həmin illərdə
dövlətçiliyimizin möhkəm təməli qoyulub.
Bu illərdə Azərbaycanın istər daxili, istərsə
də xarici siyasətlə bağlı strateji xətti müəyyən
edilib, ölkə dünya birliyinə inteqrasiya edib. Azərbaycan
beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı,
onların işlərində müntəzəm, fəal surətdə
iştirak edib. Səmərəli əməkdaşlıq
ölkəmizin problemlərini dünya ictimaiyyətinə
çatdırmaq üçün mühüm əhəmiyyət
daşıyıb. Həmin illərdə çox ciddi
islahatlar aparılıb, bazar iqtisadiyyatı prinsipləri
üstünlük təşkil edib, Azərbaycana böyük
həcmdə investisiyaların cəlb olunması geniş
vüsət alıb. Müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası qəbul edilib, siyasi
sistem möhkəmləndirilib və ölkəmizin uğurlu
inkişafı üçün möhkəm zəmin
yaradılıb. Bu illər ərzində
görülmüş işlər hazırda ölkəmizin
uğurlu inkişafını şərtləndirib, o dövrdə
başlanmış layihələr bu gün çox uğurla
davam etdirilir.
Müəllif əsərə
Azərbaycanın milli inkişaf strategiyasının mahiyyətinin
açılması, səciyyəvi cəhətlərinin, əsas
vəzifələrinin, hədəflərinin təhlili ilə
başlayır, milli inkişafın formalaşmasını və
əsas mərhələlərini izah edir. Əsərdə Azərbaycanın
milli maraqlarının meyarları təhlil edilərək
bilavasitə milli təhlükəsizlik siyasəti ilə əlaqələndirilir,
milli təhlükəsizlik siyasətinin əsas vəzifələri
və mexanizmləri, hərbi və sərhəd təhlükəsizliyi,
iqtisadi inkişaf, insan ehtiyatlarının idarə edilməsi
və maliyyə təhlükəsizliyi siyasəti, enerji, ərzaq,
nəqliyyat, tranzit-dəhliz və infrastruktur təhlükəsizliyi,
informasiya və ekoloji təhlükəsizlik siyasətinin
mahiyyəti elmi-nəzəri cəhətdən
araşdırılır.
Bütün bu məsələləri
özündə əks etdirən “Azərbaycanın milli
inkişaf siyasəti, geosiyasi kodu və beynəlxalq təhlükəsizlik
sahəsində xarici siyasət strategiyası” adlı fəsildə
ölkəmizin milli strategiyasının və inkişaf siyasətinin
əsas vəzifələri göstərilir. Eyni zamanda, Azərbaycanın
milli inkişaf və təhlükəsizliklə bağlı
xarici siyasətinin əsas prinsipləri, vəzifələri,
prioritetləri, resursları və istiqamətləri göstərilir.
Bundan əlavə, əsərdə
Azərbaycanın geosiyasi kodunun müəyyənləşdirilməsi,
respublikamızın region dövlətləri və
dünyanın aparıcı ölkələrinə
münasibətdə siyasətinin əhəmiyyəti,
geosiyasi əlaqələri ilə bağlı fəaliyyət
proqramının hazırlanması üçün
qarşıda duran vəzifələr
araşdırılır. Ölkəmizin geosiyasi
üstünlük əldə etməsində geosiyasi kodun və
fəaliyyət kodunun yeri və rolu göstərilir.
Müəllifin
sistemli olaraq milli təhlükəsizlik siyasətinin məqsədlərini,
təhlükəsizlik mühitinin formalaşması və beynəlxalq
imicin qazanılmasını, məkan əlamətləri,
milli təhlükəsizliyə olan təhdidləri, daxili və
xarici təhdidləri müəyyənləşdirməsi,
milli təhlükəsizliyin təmin olunmasının əsas
vasitələri və ehtiyatlarını təhlil etməsi və
gəldiyi nəticələr uğurludur.
Bundan əlavə,
müəllif əsərdə Cənubi Qafqazın geosiyasətinə
diqqət yetirməklə yanaşı, transmilli dünya
güclərinin və region dövlətlərinin Xəzər-Qara dəniz hövzəsindəki
geoiqtisadi maraqlarını və transmilli siyasətini
açıb göstərir. Əsər Xəzər hövzəsinin
karbohidrogen ehtiyatlarının dünya bazarlarına
çıxarılması marşrutları və onun geosiyasi
nəticələrinin öyrənilməsi baxımından da
əhəmiyyətlidir. Monoqrafiyada dünya siyasətinin
geoiqtisadi ölçüsü nəzərdən
keçirilir, eləcə də Azərbaycanın neft
diplomatiyası assimmetrik müzakirələrdə uğur
strategiyası kimi qiymətləndirilir.
Əsərdə
müasir beynəlxalq münasibətlər sisteminin
xüsusiyyətləri ilə yanaşı, Azərbaycan
Respublikasının müasir dünya siyasətində
iştirakı məsələləri tədqiq edilir. Müəllif,
eyni zamanda, beynəlxalq təhlükəsizlik sistemində, o
cümlədən enerji təhlükəsizliyinin təmin
edilməsində Azərbaycan Respublikasının yeri və
rolunu araşdırır. Qeyd edilir ki, bu siyasətin nəticəsində
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata
keçirilməsi və təhlükəsizliyinin təmin
edilməsi mümkün olub.
Professor Əli Həsənovun
əsərində, eyni zamanda, beynəlxalq təhlükəsizlik
sahəsində Azərbaycanın xarici siyasət
strategiyası tədqiq edilir. Bununla yanaşı, əsərdə
NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz
hövzəsi və Cənubi Qafqazda regional təhlükəsizlik
siyasəti və Azərbaycanın hərbi-geostrateji
maraqları araşdırılır. NATO-nun Cənubi Qafqazda
qüvvələr balansında yeni keyfiyyət dəyişikliyi
yaratması, eləcə də bu təşkilatın Cənubi
Qafqazda siyasəti və onun region ölkələri ilə
münasibətləri geniş təhlil edilir.
Avratlantik məkana
inteqrasiyanın əhəmiyyətinin öyrənilməsi
baxımından dəyərli olan bu əsərdə Avropa təhlükəsizlik
sisteminin etibarlı tərəfdaşı kimi ölkəmizin
qitənin enerji təhlükəsizliyinin təmin
olunmasında əhəmiyyətli rolu diqqətə
çatdırılır. Əsərdə beynəlxalq
münasibətlərin əsas güc mərkəzləri, o
cümlədən beynəlxalq və regional təşkilatların
müasir dünya siyasətində yeri və rolu təhlil
edilir. Eyni zamanda, Azərbaycan Respublikasının xarici siyasət
strategiyası tədqiq edilərək, ölkəmizin milli
maraqları və xarici siyasətinin əsas istiqamətlərindən
biri olan beynəlxalq təşkilatlarla əməkdaşlığı
araşdırılır.
Müəllif qeyd edir
ki, müasir dövrdə Xəzər-Qara dəniz hövzəsi,
xüsusən də Cənubi Qafqaz yer kürəsinin ən
qeyri-sabit, münaqişəli, lakin, eyni zamanda, ən
mühüm beynəlxalq əhəmiyyətli geosiyasi məkanı
hesab olunmaqla yanaşı, burada dünya ölkələrinin
geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqları, müxtəlif
sivilizasiyalar, dini konfessiyalar, mədəniyyətlər və
etnik mənafelər uzlaşır, üz-üzə gəlir və
toqquşur.
Bununla yanaşı, əsərdə
Xəzər-Qara dəniz hövzəsi və Cənubi
Qafqazın təhlükəsizlik mühiti öyrənilir, Azərbaycanın
beynəlxalq və regional maraqları geniş təhlil edilir.
Dünya siyasətinin müəyyənləşdirilməsində
mühüm rol oynayan Rusiya və ABŞ-ın regional təhlükəsizliyə
təsiri və Cənubi Qafqazda yürütdükləri siyasət,
eləcə də Azərbaycanın hərbi geostrateji
maraqları ayrıca araşdırılır.
Monoqrafiyada regional və
beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində
Azərbaycanın apardığı regional təhlükəsizlik
siyasəti, eləcə də Türkiyə, İranın
ayrı-ayrılıqda regiona yanaşması məsələləri
tədqiq olunur. Eyni zamanda, Cənubi Qafqazda hərbi- geostrateji
bloklaşma meyilləri təhlil edilir və bununla
bağlı proqnozlar irəli sürülür.
Əsərdə
Rusiyanın regional təhlükəsizlik siyasəti və Azərbaycanın
təhlükəsizlik maraqları, Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı və Azərbaycanın hərbi-geostrateji
maraqları, ABŞ, NATO və Avropa İttifaqının Xəzər-Qara
dəniz hövzəsi və Cənubi Qafqazda regional təhlükəsizlik
siyasəti və Azərbaycanın hərbi-geostrateji
maraqları, Rusiyanın ABŞ, NATO və Avropa İttifaqı
ilə münasibətlərinin Cənubi Qafqazın və Azərbaycanın
geosiyasi mövqelərinə və regional təhlükəsizliyə
təsiri, Türkiyə və İranın region siyasətinin
mahiyyəti və onun Azərbaycanın təhlükəsizlik
maraqlarına təsiri, Azərbaycanın regional təhlükəsizlik
siyasəti məharətlə araşdırılır.
Bundan əlavə,
elmi əsərdə ümumiləşmələr əsasında
qeyd edilir ki, region ölkələrinin öz aralarında
mövcud olan bir çox geosiyasi, geoiqtisadi və hərbi-geostrateji
ziddiyyətlər də daxil olmaqla, transmilli dünyanı
neçə illərdir təhdid edən münaqişələr,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,
Gürcüstandakı Abxaziya və Cənubi Osetiya problemləri,
Rusiyanın Şimali Qafqaz əyalətlərindəki
silahlı qarşıdurmalar, Moldovanın Dnestryanı bölgəsindəki
separatçılıq hərəkatı və s.
regiondakı vəziyyəti gərginləşdirməkdə
davam edir. Əsərdə beynəlxalq təşkilatların
Ermənistan-Azərbaycan münaqişəsinə dair
mövqeyinə diqqət yetirilir, bu istiqamətdə Azərbaycanın
diplomatik fəaliyyəti öyrənilir.
Cənubi Qafqazın hərbi-siyasi
problemləri və Azərbaycanın təhlükəsizlik
siyasəti geniş təhlil edilir, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi regionun əsas təhlükəsizlik
predmeti kimi göstərilir. Müəllif haqlı olaraq qeyd
edir ki, ölkəmizin əsas təhlükəsizlik problemi
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
nəticəsində yaranmış Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycan ərazisinin bir hissəsinin
işğalı və bu işğalın ağır
sosial-iqtisadi nəticələridir.
Monoqrafiyada Ermənistanın
Azərbaycana qarşı təcavüzünün
araşdırılmasına Dağlıq Qarabağ
münaqişəsinin tarixi kökləri təhlil edilməklə
başlanılır. XX əsrin sonlarında Ermənistanın
Azərbaycana qarşı ərazi iddiaları və sovet rəhbərliyinin
ermənipərəst Qafqaz siyasəti, Azərbaycan ərazilərinin
Ermənistan silahlı qüvvələri tərəfindən
işğalı və münaqişənin BMT Təhlükəsizlik
Şurasında müzakirəsi, ATƏT-in Minsk qrupunun
yaradılması və fəaliyyəti, digər beynəlxalq
təşkilatların münaqişəyə dair mövqeləri
və qəbul etdikləri sənədlər, Azərbaycanın
diplomatik fəaliyyəti də geniş təhlil edilir.
Beynəlxalq
münasibətlər sahəsində çoxsaylı əsərləri
olan professor Əli Həsənovun Azərbaycanda, eləcə
də onun hüdudlarından kənarda nəşr edilmiş
elmi-siyasi əsərləri sırasında dərin təhlilə
əsaslanan və müasir dövrdə böyük
aktuallıq kəsb edən “Azərbaycan Respublikasının
milli inkişaf və təhlükəsizlik siyasəti”
adlı əsəri bu problemin öyrənilməsi
üçün mühüm əhəmiyyət kəsb etməklə
yanaşı, alimin elmi-nəzəri və sistemli ümumiləşdirilmələri
baxımından da Azərbaycan siyasi elminin böyük nailiyyətidir.
Xalq qəzeti.- 2014.- 19 dekabr.- S.3.