İnformasiya
azadlığı, yoxsa milli
təhlükəsizlik üçün potensial təhdid?!.
Müasir
qloballaşma dövründə azad və müstəqil kütləvi
informasiya vasitələrinin mövcudluğu cəmiyyətin həyatına
əhəmiyyətli təsirə malikdir. KİV-in
başlıca vəzifəsi cəmiyyəti onu maraqlandıran
məsələlər barədə məlumatlandırmaq, zəruri
informasiyalarla təmin etməkdir. Siyasi mədəniyyətin
formalaşmasında, siyasi plüralizmin dərinləşməsində
müstəsna rola malik medianın əsas funksiyası məhz
ictimaiyyətin obyektiv informasiyaya olan tələbatını
ödəməkdir. Media bu missiyanı qanunvericiliyə zidd
olmayan üsullarla informasiyaları toplayıb hazırlamaq və
yaymaqla həyata keçirməlidir.
Mətbuat cəmiyyətin
siyasi həyatının müxtəlif tərəfləri barədə
balanslaşdırılmış, obyektiv, qərəzsiz və
dolğun informasiya verilməsi yolu ilə siyasi mədəniyyətin
təkmilləşdirilməsinin başlıca vasitələri
sırasında yer alır. Tirajlanan söz, eyni zamanda ictimai rəyə
- əhalinin geniş kütlələrinin əhval-ruhiyyəsinə,
davranışlarına, beləliklə də siyasi proseslərə,
bütövlükdə siyasətə təsir göstərir.
Bu təsirin mahiyyəti ondan ibarətdir ki, kütləvi
informasiya vasitələri əldə etdiyi məlumatın
hazırlanması, ötürülməsi və
yayılmasının müxtəlif üsullarından istifadə
etməklə, habelə həmin məlumatı öz şərhləri
ilə birlikdə yaymaqla insanlarda müəyyən
ideyaların, təsəvvürlərin, mövqelərin
formalaşmasına əhəmiyyətli təsir göstərir,
cəmiyyətdə müəyyən davranış və fəaliyyət
üçün meyillərin yaranmasına kömək edir.
KİV cəmiyyətlə
dövlət, ictimaiyyətlə və vətəndaşlarla
hakimiyyət strukturları arasında bir növ əlaqələndirici
həlqə rolunu oynayır. Bu mənada yazılı mətbuat,
elektron kütləvi informasiya vasitələri yeni dövrdə,
sadəcə informasiya vermək, maarifləndirmək və əyləndirmək
kimi funksiyalarla məhdudlaşmır. Onlar, eyni zamanda ictimai nəzarətçi,
tənqidçi, müdafiəçi kimi funksiyaları
özündə daşıyırlar. Bundan başqa, media cəmiyyət
həyatının müxtəlif sahələrinə aid
aktual problemlər, ictimaiyyəti maraqlandıran
ayrı-ayrı məsələlər üzrə ictimai
müzakirə açmaqla, diskussiyalar təşkil etməklə,
müxtəlif rəylər formalaşdırmaqla kommunikativ
funksiya həyata keçirir.
İnformasiya
azadlığı həm də fərdi hüquqi məna
daşıyır - insanın mümkün qədər
çoxsaylı mənbələrdən dolğun və
obyektiv məlumat almaq, öz fikirlərini və
dünyagörüşünü genişləndirmək,
şəxsiyyət kimi formalaşmaq, özünü ifadə
etmək tələbatını ödəyir. İnsanın ətraf
aləmə, cəmiyyətə, dövlətə,
ictimai-siyasi proseslərə münasibəti daha çox onun
KİV-dən aldığı informasiyalar əsasında
formalaşır. Söz azadlığı insanın öz
fikirlərini yazılı, şifahi və başqa formalarda
ifadə etmək, ətraf aləmə münasibətini
bildirmək, bu münasibəti başqalarına
çatdırmaq sərbəstliyidir.
Demokratik dəyərlərə
yüksək sadiqlik nümayiş etdirən Azərbaycanda bu
gün kütləvi informasiya vasitələrinin sərbəst
fəaliyyəti, jurnalistlərin müstəqilliyi, bir sözlə,
açıq cəmiyyət quruculuğu istiqamətində
kompleks tədbirlər həyata keçirilmiş, söz və
mətbuat azadlıqları təmin olunmuşdur. Lakin
müşahidələr göstərir ki,
yaradılmış yüksək şərait bəzi hallarda
söz və mətbuat azadlıqlarından sui-istifadəyə
gətirib çıxarır: nəinki cəmiyyət üzvlərinin
Konstitusiya və qanunlarla qorunan şərəf və ləyaqətinə
toxunulur, eyni zamanda, dövlətin və xalqın milli təhlükəsizliyinə
real təhdidlər meydana çıxır. Uzağa getməyək,
elə bu il avqust ayının əvvəllərində cəbhə
bölgəsində vəziyyətin gərginləşməsi
zəminində cərəyan edən proseslər respublikada bir
çox kütləvi informasiya vasitələrinin - xüsusən
də elektron medianın ekstremal şəraitdə informasiya
siyasətinə hazır olmadığını göstərmişdir.
Həmin günlərdə bir sıra xəbər
portallarında, eləcə də yazılı mətbuatda
reallığı əks etdirməyən, rəsmi mənbələrə
deyil, emosiyalara əsaslanan əsassız, qeyri-ciddi məlumatların
“ayaq tutub yeriməsi”, hərbi sirlərin yayılması
informasiya təhlükəsizliyi məsələsini ölkəmiz
üçün yenidən aktuallaşdırmışdır.
Ümumiyyətlə, müşahidələr göstərir
ki, söz, fikir və mətbuat azadlığı
üçün respublikamızda yaradılmış liberal və
tolerant mühit bəzi hallarda bu sahədə müəyyən
problemlərin ortaya çıxmasına, xüsusən də
informasiyanın toplayıcısı və cəmiyyətə
ötürücüsü funksiyasını yerinə yetirən
kütləvi informasiya vasitələrində qanunların və
peşə davranışı normalarının kobud şəkildə
pozulması hallarına da gətirib çıxarır. Ciddi mətbuatın
nisbətən azlığı, bir sıra qəzetlərin və
saytların öz fəaliyyətlərini şantaj üzərində
qurmaları, insanların şərəf və ləyaqətini
təhqir etmələri, şəxsi toxunulmazlıq
hüququnun pozulması, ən başlıcası, milli
maraqların nəzərə alınmaması cəmiyyətdə
haqlı narazılıq doğurur, insanlığın ali zinəti
olan sözün ucuzlaşmasına, dəyərdən
düşməsinə səbəb olur.
Cəmiyyətdə
qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və
azadlıqlarının təminatı prosesində fəal
mövqe tutmalı olan bir çox qəzetlərin fəaliyyəti,
təəssüf ki, tamamilə əks mənzərə
yaradır. Mətbuat azadlığına, əks fikrə,
informasiya yayımına maksimum şəraitin
yaradılması, dövlət məmurlarının,
ictimai-siyasi xadimlərin dözümlü, tolerant münasibəti
məsuliyyətsiz “yazarları” daha da “pərvazlandırır”,
onların qanunları açıq-aşkar pozmasına şərait
yaradır. Cəzasızlıq mühitindən ruhlanan belə
“yazarlar” artıq həm də təhqir və böhtana
görə hüquqi məsuliyyətdən azad edən yeni
qanunların qəbulunu israrla tələb edir, mətbuat xaosu
üçün presedent formalaşdırmağa
çalışırlar.
Mətbuat
Şurasının İdarə Heyətinin üzvləri ilə
2010-cu il 22 iyul tarixdə keçirilmiş görüşdə
dövlət başçısı İlham Əliyev mətbuatın
müstəqilləşməsi, obyektivlik və tərəfsizlik
nümayiş etdirməsi, siyasiləşmə meyillərindən,
qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi
dəyərlərə hörmətlə yanaşması,
ümummilli məsələlərdə vətəndaşlıq
mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli
tövsiyələrini vermişdir. Dövlət
başçısı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı məsələdə
Azərbaycan mətbuatının birmənalı mövqedən
çıxış etməsi zərurətini də önə
çəkmişdir: “Bu, milli məsələdir, ümummilli
məsələdir. Bu məsələdə siyasi maraqlar kənara
qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət
münasibətləri, ümumiyyətlə,
olmamalıdır. Bu məsələ ilə bağlı
heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir,
əsas məsələmizdir, əsas problemimizdir.
Bütün Azərbaycan xalqı birləşərək bu məsələni
həll edə bilər. Ona görə bu məsələ ilə
bağlı həm ölkə daxilində, həm də
xüsusilə sizin beynəlxalq media nümayəndələri
ilə əlaqələrinizdə biz daha da fəal iş
aparmalıyıq”.
Prezident İlham
Əliyevin mətbuatla bağlı müxtəlif dövrdə
verdiyi açıqlamalar bir daha göstərir ki, ölkə
rəhbəri demokratik proseslərin dərinləşdirilməsində,
mülki cəmiyyət quruculuğunda medianın
imkanlarını və rolunu yüksək dəyərləndirir.
Qəzetlərin fəaliyyətindəki
çatışmazlıqları, üstün cəhətləri
incəliklərinə qədər diqqətə
çatdıran dövlət başçısı ölkədə
jurnalist peşəkarlığının
artırılması, KİV-in iqtisadi müstəqilliyinin təmini
üçün reklam bazarının inkişaf etdirilməsi,
peşə etikasına ciddi riayət edilməsi, milli mənəvi
dəyərlərin qorunması, vətənpərvərlik təbliğatının
gücləndirilməsi ilə bağlı da fikirlərini
açıqlamışdır.
Qərbdə
demokratiyaya yanaşmada onilliklər boyu dəyişməz
qalmış bir prinsip mövcuddur: “Sənin
azadlığın başqalarının hüquqları
başlayan yerdə bitir”. Bu müddəa 2009-cu il 18 mart
tarixində keçirilmiş referendumla Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsində də
təsbit edilmişdir: “Hər kəsin hüquq və
azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən
edilmiş əsaslarla, habelə digərlərinin hüquq və
azadlıqları ilə məhdudlaşır”.
Şübhəsiz,
informasiya və mətbuat azadlığı da məhz
qanunların imkan verdiyi hüquqi çərçivədə
tənzimlənir. Hər bir dövlətdə demokratiyanın
səviyyəsi söz və mətbuat
azadlığının müəyyən olunmuş səviyyəsi
ilə ölçülür. KİV-in, jurnalistikanın vəziyyəti,
söz və mətbuat azadlığının səviyyəsi
demokratiyanın “barometridir”. Şübhəsiz ki, hər bir
hüquq kimi söz və mətbuat azadlığı da
mütləq xarakter daşımır, onun müəyyən
çərçivələri, sədləri var. Şübhəsiz,
müəyyən bir qəbildən olan hüquq və
azadlıqların hüdudsuzluğu digər qəbildən
olan hüquq və azadlıqlarla toqquşaraq, hüquqi
dövlətin əsas prinsipləri ilə bir araya
sığmayan hüquqi xaosa gətirib çıxara bilər.
Hüquq və azadlıqlar hüquqi vəzifələrlə
uzlaşdırılmaqla digər qəbildən olan hüquq və
azadlıqlarla təmas xətti dəqiq müəyyən edilməlidir
ki, heç kim hüdudsuz hüquq və azadlıqlara malik
olmasın. Çünki hüdudsuz hüquq və
azadlıqlar yalnız digər hüquq və
azadlıqların pozulması hesabına reallaşır. Belə
hallar isə hüquqi dövlətdə yolverilməzdir.
Hüquq və azadlıqların hüquqi vəzifələrlə
uzlaşdırılması Azərbaycan Respublikası
qanunvericiliyində dünya təcrübəsinə uyğun
olaraq sivil formada həllini tapmışdır. Məsələn,
“Kütləvi informasiya vasitələri haqqında” qanunda
jurnalistlərin hüquqları ilə yanaşı, vəzifələri
də geniş əksini tapmışdır. Qanunun 10-cu maddəsində
kütləvi informasiya azadlığından sui-istifadənin
yolverilməzliyi göstərilmişdir: “Azərbaycan
Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq,
mövcud konstitusiyalı dövlət quruluşunu
zorakılıqla devirmək, dövlətin
bütövlüyünə qəsd etmək, müharibəni,
zorakılığı və qəddarlığı, milli,
irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ
etmək, mötəbər mənbə adı altında vətəndaşların
şərəf və ləyaqətini alçaldan şayiələr,
yalan və qərəzli yazılar, pornoqrafik materiallar
çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər
törətmək məqsədilə kütləvi informasiya
vasitələrindən istifadə olunmasına yol verilmir”.
Bununla belə,
müşahidələr göstərir ki, ucuz şöhrət,
asan qazanc dalınca qaçan cızmaqaraçılara
qarşı birgə mübarizə aparmaq, jurnalistikanın təməl
prinsiplərinə kökündən zərbə vuranlara
layiqli yerlərini göstərmək əvəzinə, bəzi
KİV yazarları bu məsələdə fərqli mövqe
tutaraq öz narahatlıqlarını göstərirlər. “Reket”
jurnalistikanın müdafiəsinə hesablanan bu tip yazılar
“qələm qoçuları”nın geniş əl-qol
açmalarına şərait yaradır ki, bu da
bütövlükdə həqiqi jurnalistikaya arxadan vurulan zərbədir.
Buna isə heç bir vəchlə imkan vermək olmaz.
Çünki yazdığı fikrə görə məsuliyyət
hiss etməyən, mənəvi senzura hissindən xəbərsiz
olan reket “yazarlar” normal əxlaqlı insanın özünə
rəva bilmədiyi hər cür nalayiq sözü, təhqiri,
söyüşü qəzet səhifələrinə gətirir,
heç bir fakta, dəlilə əsaslanmayan
cızmaqaraları ilə məkrli məqsədlərini
gerçəkləşdirməyə
çalışırlar. Bu gün Azərbaycanın bir
sıra mətbuat orqanlarında bilərəkdən yalan,
böhtan xarakterli, yaxud qeyri-dəqiq informasiyaların dərci,
vəzifəli şəxslərin, ictimai-siyasi xadimlərin
heysiyyətinə toxunan, onların nüfuzuna xələl gətirən
əsassız, sifarişli yazıların dərci də sanki
adi hal almışdır. Bu gün əksər “qəzetlər”də
açıq təhqirlərə, söyüşlərə,
hətta qarğış və hədyanlara da rast gəlmək
olar. Qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə
obyektiv baxış kimi ümdə jurnalistika prinsipləri bu
“informasiya vasitələri” üçün tamamilə
yaddır.
Kütləvi
informasiya vasitələrində özünü göstərən
neqativ tendensiyalar heç də ölkə
Konstitusiyasının və qanunlarının kobud şəkildə
pozulması, peşə etikasına riayət olunmaması ilə
məhdudlaşmır. Normal jurnalist fəaliyyəti ilə
auditoriya əldə edə bilməyən və yaxud buna
peşəkarlığı çatmayan bu cür kütləvi
informasiya vasitələri “çıxış yolu” kimi əsasən
sensasiya xarakterli, insanları qorxu, vahimə, gərginlik və
stress içində saxlayan informasiyalara daha çox yer verirlər.
Bu yanaşma aqressiv
müxalifət partiyalarının təsir dairəsində
olan qəzetlərə münasibətdə özünü
daha qabarıq göstərir. Təəssüf doğuran
haldır ki, bu “qəzetlərdə” bir dənə də
olsun, müsbət məzmunlu, ürəkaçan, insanda
xoş təəssürat oyadan informasiyaya, yazıya rast gəlmək
olmur. İfrat siyasiləşmiş partiya qəzetləri Azərbaycandakı
daxili vəziyyəti faciələşdirmək, ölkənin
qazandığı uğurlara kölgə salmaq
üçün ən ağlasığmaz üsullara əl
atırlar. Radikal müxalifət partiyalarının ifrat nihilizm,
inkarçılıq, pozitiv proseslərə neqativ rakursdan
yanaşmaq kimi mənfi məziyyətləri onların təsirində
olan mətbu nəşrlərin mövqeyində daha qabarıq
görünür. Müxalifət qəzetlərində
çalışan bəzi jurnalistlər özlərini partiya
funksionerləri kimi aparır, ölkənin uğurlarına
sevinmək əvəzinə yasa batırlar. Özünü
Azərbaycan vətəndaşı hesab edən belələrinin
milli maraqlara, ölkənin taleyüklü problemlərinə
nihilst, etinasız yanaşması, qazanılan uğurları
şübhə altına almağa çalışması təəssüf
hissi doğurur. Sanki bu gün Azərbaycanda heç bir
müsbət iş görülmür, heç bir mütərəqqi
yenilik yoxdur. Bu cür siyasiləşmiş mətbuatda obyektiv
jurnalistika prinsiplərindən danışmaq isə
qeyri-mümkündür.
Azərbaycanda
hökumətin guya azad mətbuatın fəaliyyətinə
maneələr yaratması ilə bağlı iftiradan uzağa
getməyən iddiaların hansı məqsədlərə
xidmət etdiyi də yaxşı məlumdur. Cənubi Qafqaz
kimi mürəkkəb məkanda Azərbaycanın müstəqil
siyasət yeritməsi, iqtisadi cəhətdən qüdrətlənməsi,
demokratikləşmə yolunda ciddi uğurlar qazanması, problemlərini
daxili imkanlar hesabına həll etməsi müəyyən
dövlətlərin və təşkilatların
maraqlarına cavab vermir. Məhz buna görə də
respublikada mətbuatla bağlı məsələlər daim
süni şəkildə şişirdilir, müxtəlif cinayətlərə
görə məsuliyyətə cəlb edilən bəzi cızmaqaraçıların
adları qondarma “siyasi məhbuslar” siyahısına
salınır.
Bu gün Azərbaycanda
bəzi qəzetlərin ölkəmizin dövlətçilik
maraqları əleyhinə işləyən müəyyən
xarici qüvvələr tərəfindən maliyyələşdirilməsi
ilə bağlı cəmiyyətdə əsaslı
şübhələr və narahatlıqlar mövcuddur.
Qeyri-şəffaf maliyyə mənbələri olan həmin qəzetlər
xarici qüvvələrin diktələri əsasında hərəkət
edir, süni problemlər yaratmağa və çirkin məqsədlərini
həyata keçirməyə çalışırlar. Nə
qədər acınacaqlı olsa da, ölkənin və
xalqın mənafeyi onları qətiyyən
maraqlandırmır. Onlar bəzən xarici KİV-lərdə
belə Azərbaycan dövləti və iqtidarı haqqında
cəfəng kampaniya təşkil edir, beynəlxalq ictimaiyyəti
çaşdırmağa çalışırlar.
Siyasi mübarizədə
polemika mədəniyyəti son dərəcə vacib keyfiyyətlərdən
sayılır. Bu gün ən müxtəlif mövzular barədə
sivil polemikaya girməyi, ölkənin davamlı
inkişafı, cəmiyyəti maraqlandıran məsələlərlə
bağlı əsaslandırılmış fikir irəli
sürməyi bacarmayan aqressiv müxalifətin bu neqativ cəhəti
həm də onun təsir dairəsində olan qəzetlərdə
özünü daha qabarıq büruzə verir. Yalan
yazmağı bir növ vərdiş etmiş bu qəzetlər
cəmiyyətdə münasibətlərin sivil
inkişafına xidmət edən ən mütərəqqi təklif
və ideyaları belə qərəzlə
qarşılayır, cılız siyasi maraqlarına uyğun
şəkildə şərh etməyə çalışırlar.
Əslində, bu həm də aqressiv müxalifətin sivil və
demokratik mübarizə imkanlarının məhdudluğu ilə
şərtlənir. Onlar istənilən dəyərli təklif
və ideyaları ilk gündən kölgə altına salmaq,
ona şübhə ilə yanaşmaq, cəmiyyətdə
çaşqınlıq yaratmaq kimi köhnə vərdişlərindən
əl çəkmək istəmirlər. Onlar böhtan, təhqirlə
dolu olan yazıların mətbuat səhifələrində
yer almasına mənfi münasibət bildirən dəyərli
ziyalıların ünvanına heç bir əsası olmayan
ittihamlar yağdırır, beləliklə, cılız, dar təfəkkür
sahibi olduqlarını bir daha nümayiş etdirirlər. Azərbaycan
cəmiyyətində geniş müzakirə predmetinə
çevrilən məsələ ilə bağlı
tutarlı arqumentlər gətirmək əvəzinə,
yazı müəllifini hədəfə alır, etik normalarla
bir araya sığmayan fikirləri öz qəzet səhifələrinə
gətirirlər. Bu və digər məqamlar ifrat radikal
müxalifətin və onun təsir dairəsində olan qəzetlərin
siyasi polemika mədəniyyətindən kənar olduğunu
bir daha təsdiqləyir.
Azərbaycan hansı
siyasi mövqe və əqidədə olmasından
asılı olmayaraq hər bir azərbaycanlının Vətənidir.
Belə olan təqdirdə, milli maraq anlayışı da
siyasi düşərgəsindən asılı olmayaraq hər
bir jurnalist və media qurumu üçün əsas
olmalıdır. Lakin bəziləri hələ də arxaik təsəvvürlə
“Azərbaycana nə qədər pisdirsə, bizə bir o qədər
yaxşıdır” prinsipindən çıxış edir,
milli maraqları zərbə altına alırlar.
Son illər cəmiyyət
həyatının bütün sahələrində əsaslı
keyfiyyət dəyişiklikləri hiss olunur, bir çox məsələlər
də məhz ictimai qınaq və məzəmmət yolu ilə
aradan qalxır. Respublikamızın dünya informasiya məkanına
daxil olması və informasiyalı cəmiyyətə
keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin
informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə,
kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə
və müasir dövrün tələblərinə
uyğunlaşmasına ehtiyac yaradır. Azərbaycan mətbuatı
keyfiyyətcə yeni mərhələdə sağlam
jurnalistika dəyərləri əsasında fəaliyyət
göstərməli, ifrat siyasiləşmə meyillərindən
qaçmalı, cəmiyyət qarşısındakı sosial
məsuliyyətini unutmamalıdır. Mətbuatda milli-mənəvi
dəyərlərə, dövlətçilik maraqlarına
hörmət prinsipi bütün konyunktur maraqlardan öndə
dayanmalıdır. Əslində, bunu müharibə şəraitində
yaşayan, ərazisinin 20 faizi işğal olunan bir dövlətdə
xalqın milli maraqları tələb edir. Digər tərəfdən,
bu gün demokratik cəhətdən özünün ən
yüksək inkişaf mərhələsinə
çatmış bir çox dövlətlərdə də
müharibə şəraitində medianın milli maraqları
nəzərə alması, xüsusən də hərbi sirrin
yayılmaması ilə bağlı sərt hüquqi və mənəvi
normalar mövcuddur. “Dövlət sirri haqqında” qanuna əsasən,
Azərbaycanda da hərbi sirlərin yayılmasına yol
verilmir.
“Dövlət sirri
haqqında” Azərbaycan Respublikasının Qanununda
yayılması məhdudlaşdırılan informasiyaların
dairəsi dəqiqliklə göstərilmişdir. Qanun Azərbaycan
Respublikasının təhlükəsizliyini təmin etmək
məqsədilə məlumatların dövlət sirrinə
aid edilməsi, mühafizəsi və istifadə edilməsi,
onların məxfiləşdirilməsi və ya məxfiliyinin
açılması ilə əlaqədar yaranan münasibətləri
tənzimləyir. Qanunun 1-ci maddəsinə əsasən
(Əsas anlayışlar) “dövlət sirri - dövlətin hərbi,
xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və
əməliyyat-axtarış fəaliyyəti ilə
bağlı olub, dövlət tərəfindən mühafizə
edilən və yayılması Azərbaycan
Respublikasının təhlükəsizliyinə ziyan vura bilən
məlumatlardır”.
Qanunun tələbinə
əsasən dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat,
əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti
ilə bağlı olub, dövlət tərəfindən
mühafizə edilən və yayılması Azərbaycan
Respublikasının təhlükəsizliyinə ziyan vura bilən
məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir. Həmin
qanun dövlət sirrini mühafizə etməyə məsul
şəxsləri və icra strukturlarını, hərbi sirr
təşkil edən məlumatları sadalayır, eyni zamanda,
milli qanunvericiliyimiz bu sirrin yayılmasına görə məsuliyyət
müəyyən edir.
Hazırda bir çox
ölkələrdə hərbi sirlərin mətbuatda
yayılması cinayət hesab edilir və qanunla cəzalandırılır.
Bu il avqust ayının 29-da keçirilən müşavirədə
də qeyd olunduğu kimi, hələ II Körfəz
müharibəsi zamanı ABŞ-ın sabiq dövlət katibi
Kolin Pauell Qətər dövlətindən “Əl-Cəzirə”
telekanalının müharibə haqqında informasiyalarına
nəzarət edilməsini xahiş etmişdi. Bu il avqustun 9-da
ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində
polisin qara dərili gənci öldürməsi geniş
etirazlara səbəb oldu. ABŞ hakimiyyətinin həyata
keçirdiyi tədbirlər göstərdi ki, bu ölkədə
sosial narazılığı artıran materiallardan söhbət
getdikdə, media əməkdaşlarının informasiya əldə
etmək və yaymaq hüququ daha sərt şəkildə məhdudlaşdırılır,
jurnalistlər təzyiqlərə, həbslərə məruz
qalırlar.
KİV-lərin ən
mühüm funksiyalarından biri də milli maraqları hər
şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti
vahid məqsəd uğrunda səfərbər etməkdir. Bu
baxımdan ölkə mediası Azərbaycanın konstitusiya
quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik
və digər bu kimi məsələlərdə kifayət qədər
həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin
nümunəsini təqdim etməlidir. Əlbəttə,
ölkənin iqtisadi imkanlarının artdığı,
demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə
qədəm qoyduğu bir şəraitdə mətbuatın
üzərinə düşən vəzifələr nisbətən
fərqli mahiyyət kəsb etməlidir. Yeni mərhələnin
siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə
rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini
artırır. Yayımlanması qanunla tənzimlənməyən
xəbər milli maraqlara xələl gətirirsə, onun
tirajlanması mənəvi-etik baxımdan yolverilməz
sayılmalıdır. Mətbuatın inkişafına göstərilən
bu yüksək diqqət və qayğı müqabilində
ölkə rəhbərliyinin mətbuatla bağlı gözləntiləri
isə tamamilə obyektiv xarakter daşıyır. Daha dəqiqi,
mətbuatdan yalnız qanunlara, peşə etikasına hörmət,
milli-mənəvi dəyərlərə sədaqət,
dövlət və xalq maraqlarına təəssübkeş,
vətənpərvər münasibət istənilir.
Bütün bunlar da sırf peşəkarlıqla bağlı
məsələlərdir. Azərbaycanda jurnalist adına iddia
edən bəzi təbəqənin peşəkarlıq səviyyəsinin
lazımi səviyyədə olmaması etiraf ediləsi
reallıqdır. Dövlət başçısı İlham
Əliyev də çıxışlarında bu məqama
xüsusi diqqət çəkmişdir. Söhbət ondan
gedir ki, Azərbaycanın inkişafının hazırkı mərhələsində
mətbuatın keçid dövrü üçün
xarakterik olan bəzi ziyanlı vərdişlərdən əl
çəkə bilməməsi, fəaliyyətində
qeyri-obyektivliyə, qərəzə, tərəfkeşliyə
yol verməsi, qanunların aliliyini gözləməməsi cəmiyyətdə
ciddi narahatlıqlar doğurur.
Mövcud vəziyyət
həm də qeyri-sağlam rəqabətlə şərtlənir.
“Yağışdan sonrakı göbələk” kimi artan
çoxsaylı internet saytları, qəzetlər oxucu
auditoriyası toplamaq üçün yalan, əsassız,
sensasiya xarakterli “xəbər”lərə, daha dəqiqi,
dezinformasiyalara geniş yer verirlər. Lakin bu rəqabət
keyfiyyətsiz, qeyri-obyektiv, müxtəlif mənbələrdən
dəqiqləşdirilməmiş, qərəzli, qanunların
tələblərinə, milli maraqlara zidd “məhsul”un
istehsalı və yayımı hesabına
aparılmamalıdır.
Nəzərə
almalıyıq ki, hazırda bütün planeti öz təsiri
altına alan qloballaşma prosesi bir sıra mütərəqqi
cəhətləri ilə yanaşı, xalqların tarixən
formalaşmış dəyərlər sisteminə təhdidlər
də doğurur. Belə bir şəraitdə KİV-də
milli-mənəvi və əxlaqi dəyərlərə
lazım olduğundan daha az diqqət yetirilməsi mənəvi
aşınma prosesinə rəvac verə bilər. Milli-mənəvi
dəyərlərin, mütərəqqi adət-ənənələrin
qorunması zərurəti həm də müxtəlif
dünyagörüşü və həyat tərzlərinin,
mədəni dəyərlərin, dini konfessiyaların
qovuşduğu Azərbaycanın milli-etnik tərkibi etibarilə
dünyanın tolerant dövlətlərindən biri olması
ilə bağlıdır. Xalqımız yalnız zəngin
milli-əxlaqi keyfiyyətlərini, milli “Mən”ini, heysiyyətini
qorumaqla gələcək yaşam fəlsəfəsini
düzgün müəyyənləşdirə, dünya
miqyasında layiqli yerini, mövqeyini təmin edə bilər.
Lakin bu proseslərdə heç də bütün kütləvi
informasiya vasitələri yaxından iştirak etmirlər. Bəzən
mətbuatda Azərbaycanın mənəvi-əxlaqi dəyərləri
ilə uzlaşmayan, cəmiyyətə açıq hörmətsizlik
ifadə edən yazılara rast gəlinir. Yəni, mətbuat
ictimai rəyi mütərəqqi ruhda kökləmək əvəzinə,
əks mövqe tutur, cəmiyyət qarşısındakı
məsuliyyət hissini, vəzifələrini unudur.
Şübhəsiz,
yaranmış vəziyyət hərbi sirlərin qorunması
sahəsində qanunvericiliyin təkmilləşdirilməsini tələb
edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 25
sentyabr 2014-cü il tarixli “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Ermənistan respublikası
silahlı qüvvələri ilə təmas xəttində bəzi
təhlükəsizlik tədbirləri haqqında” sərəncamı
bu baxımdan müstəsna əhəmiyyətə malikdir.
Belə bir sərəncamın imzalanması təmas xəttinə
bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini
gücləndirmək, milli təhlükəsizlik və
müdafiə təyinatlı obyektlərin dislokasiyası, təyinatı,
silahlı birləşmələrin strateji, operativ və səfərbərlik
üzrə yerləşdirilməsi, hərbi hissələrin
təşkilati strukturu, şəxsi heyətinin sayı barədə
məlumatların, eləcə də “Dövlət sirri
haqqında” Azərbaycan Respublikasının Qanununa görə
dövlət sirri təşkil edən hərbi sahəyə
aid digər məlumatların kütləvi informasiya vasitələrində
və internet informasiya ehtiyatlarında, o cümlədən
sosial şəbəkələrdə yayılmasının
qarşısını almaq məqsədi daşıyır.
Sərəncama əsasən,
“Müdafiə məsələləri üzrə əlaqələndirmə
şuralarının yaradılması və hərbi birliklərə,
hissələrə hamilik haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 9 yanvar tarixli 667 nömrəli
fərmanına uyğun olaraq yaradılan müdafiə məsələləri
üzrə əlaqələndirmə şuraları Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ermənistan
respublikası silahlı qüvvələri ilə təmas xəttinə
bitişik ərazilərdə müdafiənin möhkəmləndirilməsi,
habelə əhalinin ayıq-sayıqlığının
artırılması məqsədilə həmin zonada yerləşən
yaşayış məntəqələrində yerli əhali
arasından könüllülərdən ibarət patrul dəstələrinin
formalaşdırılması üçün zəruri tədbirlər
görməlidirlər. Sərəncama görə, Azərbaycan
Respublikasının Nazirlər Kabineti 1994-cü ildə qəbul
olunmuş “Hərbi vəziyyət haqqında” Azərbaycan
Respublikası Qanununun (o cümlədən cəbhəboyu
zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə
rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni
redaksiyasını üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etməlidir.
“Dövlət sirri
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq dövlət sirri təşkil edən məlumatların
yayılmasına görə məsuliyyətin gücləndirilməsi
də zəruri hesab edilmişdir. Jurnalistlərin cəbhəboyu
zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti
ezamiyyətlərinin Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi ilə razılaşdırılması
qaydalarının Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq edilməsi qaydası həmin
sərəncamda müəyyən edilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası cəbhəboyu
zonada yerləşən yaşayış məntəqələrinin
sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi
və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan
Respublikasının milli təhlükəsizliyinə xələl
gətirə bilən digər məlumatların
yayılmasının yolverilməzliyi barədə izahat
işini təşkil etməlidir. Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi cəbhəboyu
zonadakı vəziyyət barədə məlumatların əhaliyə
çatdırılması ilə bağlı nazirliyin mətbuat
xidmətinin fəaliyyətinin çevikliyini artırmaq
üçün tədbirlər görməlidir. Sərəncama
əsasən nazirlik kütləvi informasiya vasitələrində
və internet informasiya ehtiyatlarında, o cümlədən
sosial şəbəkələrdə cəbhəboyu
zonadakı vəziyyətlə bağlı verilən məlumatların
mütəmadi monitorinqini təmin edəcəkdir. Monitorinq nəticəsində
“Dövlət sirri haqqında” Azərbaycan
Respublikasının Qanununa görə dövlət sirri təşkil
edən məlumatları yayan şəxslər müəyyən
edilərək qanunla müəyyən edilmiş məsuliyyətə
cəlb olunacaqlar. Sərəncamda Azərbaycan Mətbuat
Şurasına hərbi sahədə Azərbaycan
Respublikasının milli təhlükəsizliyinə xələl
gətirə bilən məlumatların kütləvi
informasiya vasitələrində və internet informasiya
ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə
yayılmasının qarşısının alınması məqsədilə
kütləvi informasiya vasitələri və əhali
arasında təbliğat-izahat işini təşkil etmək
tövsiyə olunmuşdur.
Yeni dünya düzəninin diktə etdiyi qaçılmaz reallıqlar fonunda hər bir dövlətin milli təhlükəsizlik konsepsiyası onun təbii-bioloji ehtiyatlarından, iqtisadi potensialından, dünya siyasətindəki rolundan asılı olaraq müxtəlif məqsədlər üzərində qurulur. Milli təhlükəsizlik problemi özlüyündə mürəkkəb struktura malik olmaqla, dövlətin milli maraqlara hədəflənən müstəqil və qətiyyətli siyasət yürütməsini, habelə ictimai quruluşun, insan hüquq və azadlıqlarının qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərini özündə ehtiva edir. Bu mənada, yeni dövrdə ölkə mediasının da üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Demokratik cəmiyyətdə bütün məsələlərin inzibati yolla tənzimlənməsinin qeyri-mümkünlüyü nəzərə alınmaqla, jurnalistlərin xəbər yayımında ehtiyatlı davranmaları, bu zaman milli təəssübkeşlik mövqeyi nümayiş etdirmələri yeni dövrün diktə etdiyi obyektiv reallıqdır. Çünki söhbət hamımızın doğma vətəni olan Azərbaycanın təhlükəsizliyindən gedir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2014.- 19 dekabr.- S.5.