Bakıda TÜRKSOY-a üzv ölkələrin
UNESCO üzrə
Milli komissiya və komitələrinin 5-ci iclası
işə başlayıb
Dekabrın 18-də Bakıda
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli
komissiya və komitələrinin beşinci iclası öz
işinə başlayıb. AzərTAc xəbər verir ki,
iclasın keçirilməsində məqsəd türkdilli
ölkələrin UNESCO-da əməkdaşlıq
imkanlarının araşdırılması, müxtəlif
layihələrin həyata keçirilməsi, birgə
nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi
kimi önəmli məsələlərin müzakirəsi və
ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.
Tədbir
iştirakçıları əvvəlcə “Biz
sülh tərəfdarıyıq” adlı
uşaq rəsmlərindən ibarət sərgi
ilə tanış olublar.
Dövlət
və hökumət rəsmilərinin, TÜRKSOY-a
üzv ölkələrin UNESCO üzrə
Milli komissiya və
komitələrinin nümayəndələrinin iştirak etdikləri iclası Xarici
İşlər naziri, UNESCO üzrə Azərbaycan
Respublikasının Milli
Komissiyasının sədri Elmar Məmmədyarov
açıb.
Nazir bildirib ki, bu il
həm də UNESCO üzrə Azərbaycan
Respublikasının Milli
Komissiyasının yaradılmasının 20 illik
yubileyi qeyd edilir. TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin
beşinci iclası da
Komissiyanın 20 illik yubileyinə həsr olunur. Bu illər ərzində
ölkəmiz UNESCO ilə təşkilatın bütün
vacib istiqamətləri, o
cümlədən təhsil, elm, mədəniyyət,
kommunikasiya və digər sahələr
üzrə sıx əməkdaşlıq edir.
Azərbaycan təşkilatın demək olar
ki, bütün
konvensiyalarına qoşulub, onun müxtəlif komitələrinin üzvü olub, bir çox beynəlxalq tədbirlərinə
ev sahibliyi edib.
E.Məmmədyarov deyib: “Azərbaycan Prezidenti
İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizdə sosial, iqtisadi, mədəni
və digər sahələrdə sürətli
inkişafı təmin etməklə yanaşı, dövlətimizin
dünyada sülhün,
əmin-amanlığın, həmçinin qlobal
mədəniyyətlərarası dialoqun
və dinlərarası tolerantlığın gücləndirilməsi
sahəsində fəaliyyəti də genişlənib. Bu istiqamətdə UNESCO və TÜRKSOY-un
iştirakı ilə keçirilən Ümumdünya
Mədəniyyətlərarası Dialoq və
Bakı Beynəlxalq Humanitar
forumlarının əhəmiyyətini xüsusi
qeyd etmək lazımdır. Hər il təşkil olunan Bakı Beynəlxalq Humanitar
Forumunda dünyanın tanınmış
dövlət xadimləri, Nobel
mükafatı sahibləri, beynəlxalq təşkilatların
rəhbərləri və digər nüfuzlu
şəxslər iştirak edərək öz dəyərli fikirlərini
bölüşürlər”.
Qeyd olunub ki, eyni qədim tarixə,
kökə, dil və mədəniyyətə
malik olan
xalqlarımız indi bir-birinə daha da
yaxınlaşır. Mütəmadi olaraq dövlət başçıları səviyyəsində
keçirilən türkdilli ölkələrin
zirvə görüşlərində qəbul edilən qərarlara
əsasən türkdilli dövlətlərin
bir-biri ilə əməkdaşlıq
imkanlarını daha da
genişləndirən qurumlar
yaradılır. Bu isə qardaş türk
xalqlarının bir-birinə bağlanmasında və
qarşılıqlı etimada əsaslanan
möhkəm birliyə çevrilməsində vacib rol oynayır. Yaxın zamanlarda fəaliyyətə
başlayacaq Türk İrsi və Mədəniyyəti Fondu da türkdilli
xalqların mədəniyyətlərinin qorunması istiqamətində
müxtəlif layihələri həyata keçirəcək,
bu irsin gələcək
nəsillərə ötürülməsinə öz töhfələrini verəcək.
Vurğulanıb
ki, Azərbaycan-UNESCO münasibətlərinin
inkişaf etdirilməsi, mədəni irs nümunələrimizin dünyada
təbliği, onların qorunması və gələcək nəsillərə
ötürülməsində Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun gördüyü işlər xüsusi
əhəmiyyət kəsb edir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf
etdirilməsi, ölkəmizin maddi və qeyri-maddi irsinə qayğı göstərilməsində,
həmçinin Azərbaycanda və xarici
ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası,
məktəblər, uşaq
bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və
sosial mərkəzlərin
açılmasında Heydər Əliyev Fondunun
böyük xidmətləri var.
E.Məmmədyarov
çıxışında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
də bəhs edib. Diqqətə
çatdırılıb ki, iyirmi ildən artıqdır Azərbaycana məxsus
Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan
silahlı qüvvələrinin işğalı
altındadır. Bir milyondan
artıq soydaşımızın fundamental
insan haqları kobudcasına pozulub və onlar
qaçqın və məcburi köçkün
həyatı yaşamağa məcburdur. Nazir deyib: “Bizim təşəbbüsümüzlə UNESCO-nun Silahlı münaqişələr
zamanı mədəni mülkiyyətin qorunması üzrə
komitəsi Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmiş
ərazilərdə mədəni mülkiyyətin
qorunmasına dair qərar qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik
Şurası tərəfindən qəbul edilmiş
qətnamələrin, nə də UNESCO-nun
bu qərarının tələblərini
yerinə yetirməyib. Ermənilər işğal
altında olan Dağlıq Qarabağda və digər ətraf
rayonlarımızda bütün maddi mədəniyyət abidələrini məqsədyönlü
şəkildə məhv edib,
dağıdıb, habelə muzeylərimizi talan
ediblər.
Xarici siyasət idarəsinin rəhbəri TÜRKSOY və
UNESCO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada
tanıdılması istiqamətində əməkdaşlıq
imkanlarının genişləndirilməsi və gələcək
nəsillərə sağlam mədəni
irsin çatdırılması işində
səylərin qətiyyətlə
davam etdirilməsinin vacibliyini
vurğulayıb.
Azərbaycanın beynəlxalq
tədbirlərə uğurla ev sahibliyi etdiyini
deyən TÜRKSOY-un baş
katibi Düsen Kaseinov təşkilatın fəaliyyətinin UNESCO-nun ideya istiqamətlərinə
uyğun olduğunu bildirib. O deyib ki, iki gün
davam edəcək iclasda
aparılacaq müzakirələr əməkdaşlığa
öz töhfəsini verəcək.
Sonra TÜRKSOY-un baş katibi tərəfindən
Azərbaycan tərəfinə xatirə hədiyyələri
təqdim olunub.
Daha sonra UNESCO-nun
baş direktoru İrina Bokovanın tədbir
iştirakçılarına müraciəti oxunub.
Müraciətdə
Azərbaycan-UNESCO münasibətlərindən bəhs edilib, əlaqələrin inkişafında
Heydər Əliyev Fondunun rolu
xüsusi vurğulanıb. Bildirilib
ki, Bakıda keçirilən iclas milli komissiya
və komitələr arasında mədəniyyət, elm, təhsil sahələrində vacib addımların atılması üçün daha bir fürsətdir.
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə,
Təhsil naziri Mikayıl Cabbarov,
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev,
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası baş katibinin
müavini Abzal Saparbekuli, Beynəlxalq Türk
Akademiyasının prezidenti Darhan
Kıdırali, TürkPA-nın baş katibi Jandos Asanov
birgə əməkdaşlığın əhəmiyyətindən
danışıb və iclasın işinə uğurlar
arzulayıblar.
TÜRKSOY-a üzv ölkələrin
UNESCO üzrə Milli komissiya
və komitələrinin beşinci
iclası öz işini
plenar müzakirələrlə davam etdirib. Əvvəlcə
TÜRKSOY-un fəaliyyətinə dair film nümayiş
olunub.
Plenar iclasda “TÜRKSOY-a üzv ölkələrin
UNESCO üzrə Milli komissiya
və komitələri arasında əməkdaşlığın
möhkəmləndirilməsi, fikir və
təcrübə mübadiləsi, birgə layihələrin həyata
keçirilməsinin perspektivləri” üzrə təqdimatlar
olub.
UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva ölkəmizlə
bağlı təqdimatla çıxış edərək iyirmi il müddətində
qazanılan nailiyyətlər barədə danışıb. Qeyd edib ki,
bir araya gəlməyimizdə
və ortaq əməkdaşlıq
imkanlarının müəyyən edilməsində TÜRKSOY-un rolu böyükdür. Bu görüş onu deməyə
əsas verir ki,
ölkələrimiz arasındakı işbirliyini
belə davam və inkişaf
etdirməyimiz xalqlarımızı bir-birinə daha da
yaxınlaşdıracaq. Biz bu imkanları dəyərləndirməli və
əməkdaşlığı daha da genişləndirməliyik.
Günay Əfəndiyeva vurğulayıb ki, Azərbaycan-UNESCO əlaqələrindən
danışarkən Heydər Əliyev Fondu,
onun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etmək
lazımdır. Təkcə Azərbaycanın deyil,
dünya mədəni irsinin
qorunub saxlanmasında, gələcək nəslə
çatdırılmasında onun böyük zəhməti var.
Baş katib diqqətə
çatdırıb ki, bu
gün Azərbaycan bütün
prioritet istiqamətlər üzrə
UNESCO ilə sıx əməkdaşlıq edir.
G.Əfəndiyeva
UNESCO üzrə Azərbaycan Respublikası Milli
Komissiyasının gördüyü
işlərdən söhbət açıb və müvafiq təkliflər verib.
Baş katib bu il səslənən ortaq mədəni irslə bağlı təklifin
sonrakı görüşdə ikinci mərhələ
kimi nominasiya
faylına daxil edilməsinin zəruriliyini
diqqətə çatdırıb. Qeyd edib ki, hər il səsləndirilən
təkliflərin ikinci mərhələyə
keçirilməməsi səmərəliliyi azaldır. Bu baxımdan
hər ölkədən “dəyirmi masa”lar üzrə ən azı bir
nəfər əlaqələndirici müəyyən olunaraq, onların mütləq digər
görüşlərdə iştirak etmələri
işin səmərəliliyini daha da artırar. Təcrübə göstərir ki,
indiyədək təşkil olunmuş görüşlər
çərçivəsində “dəyirmi masalar”da iştirak edən şəxs
bir sonrakı toplantıya
qatılmadığından onun yerinə
gələn başqa nümayəndə əvvəlki
illərdə müzakirə edilmiş məsələlərdən
xəbərsiz olur.
Türk xalqlarının qədim tarixə və zəngin mədəniyyətə
malik olduğunu deyən
G.Əfəndiyeva bu mədəniyyətin
antologiya və reyestr
şəklində bir araya
gətirilməsi, daha sonra
UNESCO çərçivəsində qorunmasının təmin
edilməsi ilə bağlı qərar
çıxarılmasına dair təklifini də irəli sürüb.
Bildirib ki, bununla əlaqədar 3
cilddən ibarət kitab hazırlanmalı
və həmin kitab özündə maddi, qeyri-maddi və sənədli
irsi əks etdirməlidir. Ölkələrin
sahib olduğu irsin kitaba daxil
edilməsi ilə bağlı öz təkliflərini
göndərmələri məqsədəuyğun olardı. Eyni zamanda, onlar arasında ortaq mədəni
irs nümunələrinin müəyyən
edilərək UNESCO-nun siyahılarına daxil edilməsi üçün
müvafiq iş
aparıla bilər. Bu, sahib
olduğumuz irsin
başqaları tərəfindən mənimsənilməsinin
qarşısını almağa da imkan verər.
2015-ci
ildə UNESCO-nun 70 illik
yubileyinin keçiriləcəyini deyən
G.Əfəndiyeva bu yubileylə
bağlı türk xalqlarının tarixi bütövlüyünü,
mədəniyyətini, dilini və digər
məsələləri özündə birləşdirəcək
elmi konfransın təşkilini də məqsədəuyğun hesab edib.
Baş katib deyib: “Biz, eyni
zamanda, türk
dünyası tarixinin, mədəniyyətinin
araşdırılmasına gənc alimlərin də cəlb
edilməsi məqsədilə müsabiqələr keçirə
və mükafatlar təsis edə bilərik”.
Məlumat verilib ki, UNESCO üzrə
Azərbaycan Respublikasının Milli
Komissiyası Moldova üzrə Komissiya ilə ortaq layihə
həyata keçirir. Hər iki xalqın folklorunda yer alan nağıllar
uşaqların gözü ilə rəsm
əsərlərinə çevrilir və
bir folklor digər
xalqın nümayəndələrinin düşüncəsində
olduğu kimi, bir qədər fərqli çalarda
təqdim edilir. Bir
sözlə, bir əsərdə iki xalqa aid
mənəvi keyfiyyətlər bir araya gətirilmiş olur.
Tədbir
çərçivəsində “Biz sülh tərəfdarıyıq” adlı uşaq rəsmlərindən ibarət sərginin
nümayiş olunduğunu
xatırladan G.Əfəndiyeva qeyd edib ki,
toplantılarımız, qəbul etdiyimiz
qərarlar uşaqların da sülhə dair ideyalarına dəstək olacaq.
Plenar iclasda digər
ölkələrin təqdimatları da
dinlənilib.
Dekabrın 19-da işini davam etdirəcək
iclas çərçivəsində mədəni
və təbii irs, qeyri-maddi
mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd “dəyirmi masa”
keçiriləcək.
Xalq qəzeti.- 2014.- 19 dekabr.- S.2.