Ustad jurnalistə

həmkarlarının dərin ehtiramı

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri peşəkar jurnalistikamızın tanınmış nümayəndəsi, ömrünün 80 illik zirvəsinə çatmış Şamil Şahməmmədovu yaşadığı mənzilində ziyarət etdilər, nüfuzlu qələm sahibinə həmkarlarının və dostlarının xoş arzularını çatdırdılar.

 

Ustad jurnalistlə səmimi hal-əhvaldan sonra Əflatun Amaşov  ömrünün yarım əsrdən çoxunu milli jurnalistikamızın inkişafına həsr etmiş  “Şöhrət” ordenli və  Əməkdar jurnalist, Prezident təqüdçüsü Şamil Şahməmmədovun xidmətlərini bir daha yada saldı, onun məhsuldar jurnalist və redakror fəaliyyətinin çağdaş media işçilərinə örnək olduğunu söylədi. AMŞ-in sədri bütün bunların unudulmadığını, Şamil müəllimin adının bu gün də ölkəmizin nüfuzlu və fədakar mətbuat xadimlərinin sırasında tez-tez xatırlandığını vurğuladı və bu qədirbilənliyin nişanəsi olaraq Azərbaycan Mətbuat Şurasının xüsusi xatirə diplomunu qocaman jurnalistə təqdim etdi.

Çay süfrəsi arxasında davam edən söhbətdə Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov səhhətində yaranmış ciddi problemdən sonra sevimli peşəsindən aralı düşmüş, uzunmüddətli müalicə prosesində gümrahlığını və nikbinliyini saxlamış həmkarı və dostu Şamil Şahməmmədovu insan üçün hər şeydən zəruri olan səmimi və qayğıkeş ailə mühitində gördüklərindən yaranan məmnunluğu xüsusi qeyd etdi. Birgə iş və peşə əməkdaşlığı illərinin şirin xatirələri yada düşdü. Çox sayda jurnalistin, eləcə də onların hər ikisinin taleyində önəmli rol oynamış universitet müəllimləri,  “Bakı” və “Baku” qəzetlərinin redaktoru, görkəmli mətbuat xadimi Nəsir İmanquliyev barədə ibrətli epizodlar milli mediamızın bugünkü təcrübəsini zənginləşdirmiş peşə dəyərləri kimi xatırlandı.

Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə isə Şamil Şahməmmədovla “Xalq qəzeti”ndə (keçmiş “Kommunist”) çalışdığı illərdən söz açdı, həmyaşıdı olan jurnalistlərin həmişə ondan diqqət və qayğı gördüklərini, canlı jurnalistika dərsi aldıqlarını bildirdi.

Görüşdə Şamil Şahməmmədovun “Bakı” və “Baku” qəzetlərinin uzun illər əvəzedilməz məsul katibi, sonra isə redaktoru vəzifələrində işləməsi, “Kommunist” qəzetinin unudulmaz redaktor müavinlərindən olması, dövlət müstəqilliyinin ilk illərində “AzərTAc”ın direktor müavini kimi bu qurumun yeni şəraitdə mövqeyini və rolunu düzgün müəyyən etməsi və Prezident Heydər Əliyevin o məsul dövrdə bu cəfakeşliyi yüksək qiymətləndirərək onu agentliyə baş direktor təyin etməsi qocaman jurnalistin ömrünün şərəf kitabı kimi vərəqləndi.

Şamil Şahməmmədov həmkarlarının qədirbilənliyinin ona yüksək əhval gətirdiyini söylədi, razılığını bildirdi, həmkarlarına onun salamlarını və xoş  arzularını çatdırmağı xahiş etdi. Ustad jurnalist daha sonra dedi ki, səhhətində davam edən problem yazmağa imkan verməsə də, mətbuatı ardıcıl izləyir. Ev sahibi jurnalistikamızın dəyərli ənənələrinin yaşadılması, gənc jurnalistlərin peşəkarlığının, KİV-in vətəndaşlıq mövqeyinin   yüksəldilməsi, media sahəsinin sosial problemlərinin həlli ilə bağlı ölkədə görülən ardıcıl işlərin, Azərbaycan Mətbuat Şurasının və onun himayəsi ilə Ahıl Jurnalistlər Məclisinin uğurlu fəaliyyətinin onu ürəkdən sevindirdiyini bildirdi.

Ümummilli lider Heydər Əliyevin jurnalistikanın müstəqil dövlətimizin möhkəmləndirilməsində rolu barədə dahiyanə mülahizələrini yada salan, onun KİV- in fəaliyyətinin yenidən qurulması ilə bağlı tarixi xidmətlərinə ayrıca toxunan Şamil Şahməmmədov çağdaş jurnalistlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan, dünyanı heyran qoyan yeniləşmə və yüksəliş xəttinə öz sözləri ilə dəstək vermələrinin məsul vəzifə, həm də ciddi vətəndaşlıq borcu olduğunu onun adından həmkarlarımıza çatdırmağımızı söylədi.

Sonda media təmsilçiləri yaxınlaşmaqda olan Yeni il münasibətilə qocaman həmkarımızı, canlı jurnalistika müəllimini səmimi təbrik etdilər, ona möhkəm cansağlığı, xoş günlər arzuladılar.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 19 dekabr.- S.7.