Rəssam Şəhribanu Əbdüləzizin

“Rəngli duyğular” sərgisi açılıb

 

Xalça Muzeyində açılmış bu sərgi rəssamın 19 adda əsərini əks etdirir. Simvollar əsasında yaradılmış bu əsərlərdə əsasən sarı  rəng üstünlük təşkil edir. Rəssamın dediyinə görə, bu rəngi ona görə seçib ki, sarı rəng istilik rəmzidir. Çünki insanlar bu rəngə tamaşa edəndə özlərini gümrah hiss edirlər. Bu rəng Günəş, istilik rəmzidir. Şəhribanu xanım deyir ki, bu onun ilk böyük fərdi  sərgisidir, indiyədək bir neçə sərgidə iştirak edib.

 

Məlumat üçün bildirək ki, Şəhribanu xanım Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Bir müddət burada işləyib, hazırda Milli Elmlər Akademiyasının Arxitektura və İncəsənət İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva ilə söhbətimizdə bildirdi ki, tədbirin Xalça Muzeyində keçirilməsi təsadüfi deyil, xalçalarımızda olduğu kimi, bu əsərlərdə də xalq ruhu var, adət-ənənələrimiz əks olunub. Buradakı “Həyat ağacı” tablosu bunun əyani sübutudur. Doğrudan da, rəssam Azərbaycan xalçalarında tez-tez rast gəlinən əjdaha, Günəş, mavi səma, sus. bu kimi qədim, ənənəvi simvolları özünəməxsus formada işləyərək onlara yeni həyat və nəfəs verib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərgi  haqqında öz  fikirlərini  belə ifadə etdi: “Bu əsərlərə baxarkən Şəhribanu Əbdüləzizin rəsmə məhəbbətini görürük. Rəssam üçün bu, başlıca amildir. Əsərlərdə rəssamın fikirləri, hissləri, özünəməxsus dünyagörüşü qabarıq şəkildə özünü göstərir.”

Müəllifin “Qoğal”, “Xarı bülbül”, “Həyat ağacı”, “Qobustan gəmiləri”, “Bakı buxtası” və digər rəsmləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır, rəssamın dediyi kimi, onlara əsl mənada hərarət bəxş edir. Çünki bu əsərlər əsasən əlvan, isti rənglərlə işlənib. Bir çoxu mənzərə janrında olan bu tablolarda həm milli naxış nümunələrinə, həm də Azərbaycanın tarixi abidələrindən olan Qobustan qayaüstü təsvirlərini xatırladan rəmzlərə rast gəlmək olar.

Rəssamın atası fəlsəfə elmləri doktoru Əziz Əbdüləziz Şəhribanunun əsərlərinə yüksək dəyər verən sənət adamlarına və sərgiyə gələnlərə təşəkkürünü bildirmişdir.

Sərgi dekabrın 26-dək davam edəcək.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 19 dekabr.- S.7.