Şuşaya qayıtmaq
onun ən
böyük arzusu idi
Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan Xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Tədbirdə çıxış edənlər milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan sənətkarın zəngin yaradıcılıq yolundan, onun ustad sənətkar kimi qoyub getdiyi sənət incilərindən söhbət açdılar.
Ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth etmiş, əsl xalq məhəbbəti qazanmış, “Azərbaycan səhnəsinin Cülyettası” adlandırılan Barat xanım klassik və çağdaş dramaturqlarımızın əsərlərindəki bənzərsiz ifaları ilə milli teatr sənətimizin unudulmaz nümayəndələrindən birinə çevrilməyə nail olub. Yüksək zövqü, dərin mütaliəsi, səhnə mədəniyyəti, dünyagörüşü ilə seçilən Barat Şəkinskaya yaradıcılığının tacı sayılan Cülyetta, Dezdemona, Luiza, Viola kimi mürəkkəb obrazlarının məharətli ifaçısı idi.
Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyev Barat xanımın 100 illiyinin keçirilməsi barədə sərəncam da imzalayıb.
Barat xanımın həyat yolu o qədər də hamar olmayıb.Ömrünün 85 ilinin 60-dan çoxunu sənətin əzablı yollarında keçirən Xalq artisti öz xalqı üçün yaradıb, onun mənəvi dünyasının zənginləşməsinə xidmət edib. O, dünyaya gələndə doğulduğu torpaqdan çox-çox uzaqlarda I Dünya müharibəsi başlamışdı. Və nə biləydi ki, doğma Şuşasını da Qarabağ müharibəsində, 1992-ci ilin 8 may tarixində itirəcək. Deyirdi ki, mən 100 il yaşayardım, məni Şuşanın dərdi aparacaq.
Barat xanım 28 iyun 1914 -cü ildə Şuşada, bəyzadə ailəsində anadan olmuşdu. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Böyüdüyü mühit onun gələcək taleyinə güclü təsir göstərmişdi. O, ilk təhsilini də doğma Şuşada almışdı.
1923 -cü ildə o da ailəsi ilə birlikdə Gəncəyə köçərək oradakı 2 saylı qız məktəbində oxuyub. Şuşada Sultan xanımdan, Gəncədə Sayalı xanım Dilbazidən və Həmid Araslıdan dərs almışdı. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak etməyə başlayıb. Burada teatrla, onun yaradıcıları ilə tanış olub. İlk rollarını da elə Gəncədə yaratmışdı. 1935-ci ildə o, Bakıya köçəndən sonra Akademik Milli Dram Teatrında fəaliyyət göstərməyə başlayıb. Bu teatrın güclü yaradıcı kollektivi aktrisanın formalaşmasında müstəsna rol oynayıb. Yenidən Gəncəyə qayıdan Barat xanım 1943-1945-ci illərdə burada aktyorluq edib. Bakıda müəyyən təcrübə toplayan aktrisa ikinci gəlişində Gəncə səhnəsində Afaq (“Nizami”, Mehdi Hüseyn), İntizar (“Vəfa”, Rəsul Rza),Gülnar (“Vaqif”, Səməd Vurğun), Bahar (“Bahar”, Məmmədhüseyn Təhmasib), Hürü (“Məhəbbət”, Mirzə İbrahimov) rollarını yaradıb. Barat Şəkinskaya bəzən oğlan rollarında da çıxış edirdi və çox da uğurlu alınırdı. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazı yüksək bədii-estetik məziyyətləri ilə teatr tariximizə yazılıb. Aktrisa həm də çox sayda uşaq rolları oynayıb. Son dəfə uşaq rolu oynayanda Barat xanımın 37 yaşı var idi. Bu, Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub.
1935-ci ildə Xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunan aktrisanın ifa etdiyi uşaq rolları balaca tamaşaçıların sevimlisinə çevrilmişdi. Onun iştirakı ilə hazırlanan “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”, “Sirk gəlir” və onlarca bu səpkili tamaşalar Teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır.
Aktrisanın 70-ci illərdə, hələ “formada” olduğu bir vaxtda səhnə ilə vidalaşma səbəbini İlham Rəhimli belə izah edir: “Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Mən bir də gördüm yuxu məni basır. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim hə, Barat, səninki burada qurtardı”.
Onu filmlərə də tez-tez çəkirdilər. 50-ci illərin ortalarından başlayaraq o, filmlərdə bir neçə yaddaqalan rol yaradıb. İndi o filmlərə baxanda Barat xanımın necə güclü istedad sahibi olduğunu müəyyənləşdirmək çətin deyil. 1955-ci ildə Barat Şəkinskaya kinorejissor Tofiq Tağızadənin “Görüş” filmində Şövkət roluna dəvət alır. Bu rol, əslində, o qədər də sadə personaj deyildi. Barat xanım bu kolxozçu qadınının obrazını çox ustalıqla yaradıb. O, filmin qəhrəmanlarından biri olan Əbülfəzin həyat yoldaşıdır. Əliağa Ağayevin oynadığı Əbülfəz tənbəl, özünü işə verməyən, kəndin çayxanasında gün keçirən bir tüfeylidir. Amma həyat yoldaşı Şövkət, onun əksinə olaraq işgüzar qadındır. Kolxozun bütün işlərində fəal iştirak edir. Barat xanım Şövkətin daxili dünyasını açır, onu əsl Azərbaycan qadını kimi təqdim edir. “O olmasın, bu olsun” filminə isə o, 1956-cı ildə çəkilmişdi. Həmin filmdə qulluqçu Sənəmi oynayırdı. Maraqlı obraz idi. Aktrisa, həmçinin ,"Qızmar Günəş altında"(1956), “ Qəribə əhvalat” (1961), “Telefonçu qız” (1962), “Azərbaycan teatrının ustaları” (1966) , “Evin kişisi” (1978) , “Onun bəlalı sevgisi” (1980) və digər filmlərdə yaddaqalan rollar ifa etmişdir.
Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə dünyasını dəyişib. Onun nurlu xatirəsini xalqımız heç zaman unutmayacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 20
dekabr.- S.6.