Azərbaycanda yerli özünüidarənin
formalaşması və seçkilərin bu prosesdə
rolu Bələdiyyə seçkiləri
qarşısında
Azərbaycanda müxtəlif dövrlərdə yerli özünüidarəetmə institutu və ya buna bənzər qurumlar mövcud olsa da, yalnız 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz əsl demokratik dəyərlərə malik bələdiyyələri yaratmaq imkanı qazanmışdır. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası bu imkanı reallığa çevirmişdir. Yerli demokratiyanın həyata keçirilməsinə zəmin yaradan və siyasi-iqtisadi cəhətdən müstəsna əhəmiyyət kəsb edən yerli özünüidarə orqanlarının – bələdiyyələrin yaradılması Konstitusiyada təsbit olunmuşdur.
Müstəqilliymizin
ilk illərində dövlət quruculuğunun əsaslarının
yaradılması, ölkənin ərazi bütövlüyünün
qorunub saxlanılması və dövlət
müstəqilliyinin möhkəmləndirilməsi baxımından
hakimiyyətin güclü mərkəzləşdirilməsinə
haqq qazandırmaq olardı. Lakin artıq bu prosesin davam etməsi strateji
baxımdan dövlətin və cəmiyyətin səmərəli
idarəetmə sisteminin
formalaşmasını, hüquqi, demokratik dövlət və vətəndaş
cəmiyyəti quruculuğunu, ölkənin
gələcək inkişafını ləngidə bilərdi.
Buna
görə də Azərbaycanda səmərəli dövlət
idarəetmə sisteminin
formalaşdırılması strategiyasının əsas
prinsiplərindən biri kimi
yerli özünüidarəetmə sisteminin yaradılması yolu
ilə dövlət funksiyalarının əks-mərkəzləşdirilməsi
xətti müəyyənləşdirildi ki,
bu da öz
əksini ölkə Konstitusiyasında tapdı.
Respublikamızda həyata keçirilən əks-mərkəzləşdirmə
prosesinin əsas məqsədi dövlət
idarəetməsinin əsaslarının demokratikləşdirilməsindən,
ölkənin sosial-iqtisadi inkişafının
həm cari, həm də perspektiv
məsələlərinin həlli zamanı müvafiq
idarəetmə səviyyələrində dövlətin
öz funksiyalarını səmərəli
şəkildə yerinə yetirməsinə şərait yaratmaqdan, demokratik dövlətin
əsası kimi, yerli
özünüidarəetmənin tətbiqindən və onun inkişaf etdirilməsindən
ibarət idi. Beləliklə,
Azərbaycanda idarəetmə sisteminin əks-mərkəzləşdirilməsi
yolu ilə yerli
özünüidarəetmə sisteminin
formalaşdırılması prosesi
ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu, dövlətin
və cəmiyyətin idarə olunmasının səmərəliliyinin
artırılması istiqamətində atılan ən əhəmiyyətli
addımlardan biridir.
Respublikamızda
yerli özünüidarəetmə sisteminin yaradılmasının əhəmiyyəti
və bunun yerli məsələlərin
həllinin demokratik prinsip
olması Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 12 dekabr 1999-cu il tarixdə bələdiyyə
seçkiləri ilə əlaqədar xalqa
müraciətində öz əksini
tapmışdır: “Bələdiyyə
seçkiləri Azərbaycanda gedən demokratiya
prosesinin böyük bir hissəsi, böyük
bir qoludur. Demokratik, hüquqi dövlət,
dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir... Biz Azərbaycanda tam müstəqil
yerli özünüidarəetmə
orqanları yaradırıq. Bu, həm
demokratiyanın inkişafı deməkdir, eyni
zamanda, ölkəni idarə etməkdə
vətəndaşlarımıza imkanlar
yaradılmasının göstəricisidir”.
Göründüyü kimi, demokratik
prinsiplərin, insan hüquq
və azadlıqlarının Konstitusiyamızda geniş əks olunması cəmiyyətimizdə
yerli demokratiyanın inkişafına və
insanların özünüidarəetmənin mütərəqqi
formalarından istifadəsinə şərait
yaratmışdır. Konstitusiyaya görə,
Azərbaycan Respublikasında yerli
özünüidarəetməni bələdiyyələr həyata
keçirirlər. Konstitusiyanın 13-cü maddəsində
mülkiyyətin dövlət, xüsusi və
bələdiyyə mülkiyyəti növünə
bölünməsi təsbit olunmuşdur.
Qeyd edilmişdir ki, mülkiyyət toxunulmazdır və
dövlət tərəfindən müdafiə olunur. Dövlət səlahiyyətlərinin
müəyyən hissəsinin yerlərə ötürülməsi
yolu ilə yerli
özünüidarəetmə orqanları olan
bələdiyyələrə verilməsi, Əsas Qanunumuzun 142-146-cı və 150-ci maddələrində
yerli özünüidarəetmənin təşkilinin
təsbit olunması ilə əks-mərkəzləşmə
prosesinin və bələdiyyə
orqanlarının hüquqi əsasları
yaradılmışdır.
Konstitusiyanın
qəbulundan dərhal sonra müvafiq
sahə üzrə münasibətləri tənzimləyən
qanun layihələrinin Milli
Məclisin müvafiq komissiyasında
işlənilməsinə başlanmış, qısa müddət
ərzində “Bələdiyyələrə seçkilərin
qaydaları haqqında”, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunları qəbul
edilmişdir. 12 dekabr
1999-cu il tarixdə ölkədə keçirilən
ilk bələdiyyə seçkilərində
22 min nəfərdən artıq bələdiyyə
üzvü seçilmiş
və 2667 yerli özünüidarəetmə
orqanları təşkil olunmuşdur.
Bu orqanlarda 25 min nəfərə yaxın müxtəlif
peşə sahibləri bələdiyyə qulluğuna
qəbul edilmişdir.
Azərbaycanda 2004-cü
il dekabrın 17-də ikinci
bələdiyyə seçkiləri keçirilməklə yerli özünüidarəetmə
orqanlarının inkişafının yeni
mərhələsi başlanmışdır. Həmin
seçkilərdə 2731 bələdiyəyə 20356 bələdiyyə
üzvü seçilmişdir.
Ölkəmizdə
2009-cu il dekabrın 23-də bələdiyyələrə
keçirilmiş növbəti – III
seçkilərdə mühüm siyasi tədbir kimi, böyük önəm
daşımışdır. Azad, demokratik və şəffaf şəraitdə
keçirilmiş seçkilər nəticəsində
15591 nəfər bələdiyyə üzvü
seçilmişdir. Seçilmiş
bələdiyyə üzvləri 10 siyasi
partiyanı təmsil etmişdir. Olduqca əlamətdardır ki,
seçilmiş bələdiyyə
üzvləri sırasında qadınların və gənclərin
xüsusi çəkisi əvvəlki
seçkilərdən fərqli olaraq xeyli artmışdır. Belə ki, qadınların sayı 4243 nəfər, gənclərin
sayı isə 4000 nəfərdən çox
olmuşdur.
Bir neçə gündən sonra – dekabrın 23-də ölkəmizdə sayca IV bələdiyyə seçkiləri
keçiriləcəkdir. Məlum olduğu kimi, Mərkəzi
Seçki Komitəsi tərəfindən
“Seçki Məcəlləsi”nin tələblərinə
uyğun olaraq, seçkinin təşkili işləri daha da təkmilləşdirilmiş
formada artıq başa
çatdırılmışdır. Azərbaycanda bələdiyyə
seçkilərində iştirak etməklə
bağlı MSK-nın məlumatından məlum olur ki, bu
seçkilərdə 37100 nəfərdən çox
namizəd qeydə alınmışdır. Bu da, əvvəlki
seçki ilə müqayisədə 7 min nəfər çoxdur.
Ötən dəfə hər bələdiyyə
üzvlüyünə orta hesabla 2-yə yaxın namizəd
düşürdüsə, builki
seçkilərdə hər bələdiyyə yerinə 2,5
namizəd qeydə alınıb. Nəzərə alsaq ki, bələdiyyələrin
sayı əvvəlki seçkilərə nisbətən
azalıb, amma, bələdiyyə
seçkilərinə maraq böyükdür. Demək olar
ki, müraciət edənlərin 99 faizi qeydə alınıb. Bu
heç də təsadüfü deyil, çünki 15
yaşı tamam olan
respublikanın bələdiyyə institutu
müəyyən inkişaf mərhələsi
keçmişdir. Qeyd etmək lazımdır ki, bu inkişaf
mərhələsində yerli
özünüidarə orqanları təşkilat-struktur
nöqteyi-nəzərindən tam formalaşmış,
səlahiyyətləri çərçivəsində bələdiyyə
mülkiyyətinin idarə olunmasında, bələdiyyənin
maliyyə mənbələrindən istifadədə, əhali
ilə münasibətlərin tənzimlənməsində
və xüsusi olaraq
hakimiyyət orqanları ilə əlaqələrin
qurulmasında xeyli təcrübə
toplamışlar. Bu təcrübə nəticəsində Azərbaycanda
bələdiyyələr demokratik inkişaf yolu keçərək,
əhali qarşısında yerli
özünüidarə orqanlarının əsas əlamət
və məqsədlərini müəyyənləşdirməklə
fəaliyyətlərini səmərəli şəkildə qura bilmişlər. Eyni zamanda,
onlar əhali qarşısında cavabdehlik məsuliyyətini dərk edərək vətəndaşların
da yerli
özünüidarənin təşkilində
iştirakına şərait yaratmaqla, cəmiyyət
qarşısında mütəmadi olaraq hesabat vermək təcrübəsi
qazanmışlar. Həmçinin, bələdiyyələr
respublikanın sosial-iqtisadi inkişaf proqramlarının həyata
keçirilməsində yaxından iştirak
etmişlər. Bu mənada bələdiyyələrin
fəaliyyətinə cəmiyyətdə maraq
artmışdır.
Bütün bunlarla
yanaşı, bələdiyyələrin fəaliyyətində,
təbii ki, ilk illərdə
və sonrakı dövrdə işin təşkili
ilə bağlı müəyyən nöqsanlara
və qanunsuzluqlara da yol verilmişdir. Belə halların aradan
qaldırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq maarifləndirici,
hüquqi tədbirlər, eyni
zamanda beynəlxalq təcrübələrin
öyrənilməsinə rəğmən metodoloji
və hüquqi yardımlar həyata keçirilmişdir. Söz yox
ki, bu tədbirlər
bələdiyyələrin işinin təşkilinə
müsbət təsir göstərmiş, yol
verilən nöqsanlar əhalinin bələdiyyə
idarəçiliyinə nəinki marağın azalmasına, əksinə
vətəndaşlarımızın yerli
özünüidarəetmə sisteminə yaxından iştirak etmək kimi
istək və həvəslərinin artmasına səbəb olmuşdur. Təbii ki, hər
seçki prosesində bu
hal müşahidə olunmuş
və bu, bir daha növbəti seçki
prosesi ərəfəsində də özünü aydın göstərmişdir.
Respublikamızda bələdiyyələrin
fəaliyyətinin effektivliyini artırmaq
məqsədilə beynəlxalq təcrübələrə
istinadən səmərəli institusional
tədbirlər həyata keçirilir. Bunlardan biri kiçik bələdiyyələrin birləşərək
iri özünüidarə orqanına
çevrilməsidir. Belə ki, 2009-cu ildə
ölkəmizdə 2754 bələdiyyə mövcud
idi. Onlardan 1570-ci birləşmək
barədə qərara gələrək Milli
Məclisə müraciət etdi. Bundan sonra Milli
Məclis “Azərbaycan Respublikasında bələdiyyələrin
birləşməsi yolu ilə yeni bələdiyyələrin
yaradılması haqqında” 29 may 2009-cu il tarixli Qanun qəbul etdi. Birləşmədən sonra
1719 (46 rayon üzrə 535 yeni
bələdiyyə yaradılmış, 1035 bələdiyyə
isə ləğv edilmişdir) bələdiyyə
fəaliyyət göstərmişdir.
2014-cü
ildə birləşmədən əvvəl 1717 bələdiyyə
mövcud olmuşdur.
30 may 2014-cü il
tarixdə qəbul edilmiş “Azərbaycan
Respublikasında bələdiyyələrin birləşməsi
yolu ilə yeni bələdiyyələrin
yaradılması haqqında” Qanunla 21 rayon üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 yeni
bələdiyyə yaradılmış, 110 bələdiyyə
isə ləğv edilmişdir. Hazırda
1607 bələdiyyəyə 15035 bələdiyyə üzvünün seçilməsi nəzərdə
tutulmuşdur.
Azərbaycan
Respublikası Konstitusiyasının III fəslinin 56-cı maddəsində
seçki hüququ təsbit
olunmuşdur. Vətəndaşların seçki hüququndan
istifadə etməsi, seçki sisteminin təşkili hər bir
sivil ölkə üçün
həm siyasi, həm hüquqi,
eyni zamanda, tarixi baxımdan əhəmiyyətli hadisədir.
Həmçinin, seçkilərin hakimiyyətin
formalaşmasına birbaşa aidiyyəti
vardır. Bu mənada seçki
bir institut kimi sistem
adlandırılır və dəqiq sistemlərdə olduğu kimi, müəyyən
subyekt və elementlərdən ibarət
olması ilə bir-biri ilə
bağlı dəyərlərdən təşkil olunur. Monolit bir sistem kimi
onun hər hansı bir
elementinə edilən müxtəlif xarakterli
təsir, o cümlədən müsbət
xarakterli təsir bu sistemin əhəmiyyətini nəzərəçarpacaq
dərəcədə artıracaqdır. Təbii
ki, bu təsir qüvvəsinə
malik olanlar seçki hüququna malik vətəndaşlardır ki, onlar öz
hüquqlarından səmərəli və qanunauyğun
şəkildə istifadə edərkən sistemin
müsbət effektli cəhətləri
qabarıq şəkildə özünü
göstərir. Seçkinin cəmiyyətdə
bu mənada əhəmiyyəti çox böyükdür.
Hesab edirik ki,
növbəti bələdiyyə seçkilərində də
seçki hüququ olan vətəndaşlarımız mütəşəkkil
və fəal iştirak etməklə öz konstitusion
borclarını ləyaqətlə yerinə yetirəcək və
demokratik cəmiyyətimizin mənafeyi
baxımından yerli özünüidarə
sisteminin təşkilində öz töhfələrini
verəcəklər.
Mehdi SƏLİMZADƏ,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Bələdiyyələrlə İş Mərkəzinin rəisi
Xalq qəzeti.- 2014.- 20 dekabr.- S.5.