Kənd təsərrüfatının
siyahıyaalınması - 2015
Son illər iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da ciddi dinamik inkişafa nail olunmuşdur. Bu uğurlar həyata keçirilən düzgün siyasətin nəticəsidir. Aqrar siyasətin işlənib hazırlanması kənd təsərrüfatına dair müfəssəl, dolğun və etibarlı statistik məlumatlara əsaslanmaqla mümkündür. Belə məlumatları isə yalnız kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi nəticəsində əldə etmək olar.
Azərbaycanda kənd
təsərrüfatının ümumi
siyahıyaalınması ilk dəfə
1921-ci ildə keçirilmişdir. Sonrakı illərdə kənd təsərrüfatında
kollektiv təsərrüfatların
formalaşması (kolxoz, sovxoz və s.) nəticəsində ümumi
siyahıyaalmalara ehtiyac
qalmamışdı. Müstəqillik illərində həyata
keçirilən çoxsaylı islahatlar
nəticəsində meydana çıxan yeni iqtisadi şərait kənd
təsərrüfatında yenidən ümumi
siyahıyaalmaların keçirilməsi zərurətini
yaratmışdır. Bu baxımdan, 2005-ci
ildə müstəqil Azərbaycan Respublikasında ilk kənd təsərrüfatı
siyahıyaalması keçirilmişdir.
Kənd
təsərrüfatının növbəti
siyahıyaalmasının gələn
il - 2015-ci il iyun ayının 1-30-da keçirilməsi nəzərdə
tutulmuşdur. 1,3 milyondan
çox müxtəlif təşkilati-hüquqi
formalı təsərrüfatı əhatə edəcək kənd
təsərrüfatı siyahıyaalınmasının hüquqi əsaslarını “Azərbaycan
Respublikasında ərzaq təhlükəsizliyi
proqramının təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli
sərəncamı, “2013-2017-ci illərdə Azərbaycan
Respublikasında rəsmi statistikanın inkişafı Dövlət
Proqramının təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 21 dekabr tarixli sərəncamı, “2015-ci ildə Azərbaycan
Respublikasında kənd təsərrüfatı
siyahıyaalınmasının keçirilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 28 dekabr tarixli qərarı, habelə “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanunu və
Dövlət Statistika Komitəsinin müvafiq əmr və göstərişləri
təşkil edir.
Kənd
təsərrüfatının siyahıyaalınmasının
hazırlanıb keçirilməsı üzrə sənədlər işlənərkən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO) tərəfindən tövsiyə olunan “Ümumdünya kənd
təsərrüfatı siyahıyaalınması proqramının 2010-cu il raundu və MDB ölkələrində
keçirilən kənd təsərrüfatı
siyahıyaalmaları nəzərə alınmaqla kənd təsərrüfatı
siyahıyaalınması proqramının təkmilləşdirilməsinə
dair tövsiyələr”, bir
sıra dünya ölkələrinin bu sahədəki əməli təcrübəsi
və yerli xüsusiyyətlər nəzərə
alınmışdır. ƏKTT-nin tövsiyəsinə
əsasən kənd təsərrüfatı
siyahıyaalınmasının hər 10 ildən bir keçirilməsi məqsədəuyğun
sayılmışdır. Əksər ölkələrdə,
o cümlədən MDB ölkələrində
siyahıyaalma hər 10 ildən bir keçirilir. Almaniya
və Hollandiyada kənd təsərrüfatının
siyahıyaalınması hər 4, ABŞ və Kanadada isə hər 5 ildən bir
keçirilir.
Siyahıyaalmanın
keçirilməsində əsas məqsəd kənd təsərrüfatının
strukturuna və vəziyyətinə, onun ehtiyat
potensialının mövcudluğu və
istifadəsinə dair dövlət informasiya ehtiyatlarının
formalaşdırılması, müxtəlif regionlar
üzrə müvafiq məlumatların əldə
edilməsi, kənd təsərrüfatı sahəsində statistik uçot sisteminin təkmilləşdirilməsi,
siyahıyaalmalararası dövrdə statistik
göstəricilərin hesablanmasında baza
məlumatları kimi istifadə olunan ətraflı informasiya
alınması və aparılması nəzərdə tutulan müxtəlif seçmə
müşahidələr üçün
əsas meyarların müəyyənləşdirilməsindən
ibarətdir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun
olaraq siyahıyaalmanın işlənib
hazırlanaraq keçirilməsi Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsi və onun yerli orqanları tərəfindən
yerinə yetirilməli və kənd təsərrüfatı
siyahıyaalınmasının bütün zəruri məsələləri müvafiq təşkilat planında öz əksini tapmalıdır.
Bütün bunları nəzərə alaraq, Dövlət Statistika
Komitəsi “2015-ci ildə Azərbaycan Respublikasında kənd
təsərrüfatı siyahıyaalınmasının
keçirilməsi haqqında”
Nazirlər Kabinetinin qərarını 2014-cü il 9 yanvar tarixli əmrlə statistika orqanlarına çatdıraraq onun
icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər planı
hazırlayıb təsdiq etmiş,
Dövlət Statistika Komitəsinin
aparatında kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin tərkibində
2014-cü ilin may
ayından 6 nəfər ştat vahidindən ibarət siyahıyaalma sektoru yaradılmışdır.
Tədbirlər
planına uyğun olaraq
siyahıyaalmanın keçirilməsi üzrə lazımi sənədlər
Kənd Təsərrüfatı, İqtisadiyyat
və Sənaye, Ekologiya və Təbii Sərvətlər,
Maliyyə nazirliklərinin, Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsinin, Kənd Təsərrüfatı
Akademiyasının, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun,
Elmi-Tədqiqat Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili İnstitutunun
təklifləri nəzərə alınmaqla
hazırlanmışdır. 2014-cü il sentyabr ayında Dövlət Statistika
Komitəsində aidiyyəti dövlət
orqanlarının nümayəndələrinin
iştirakı ilə bu sənədlər
bir daha geniş müzakirə olunmuş,
irad və təkliflər nəzərə
alınmaqla 2014-cü il noyabr
ayının 3-də müəyyən olunmuş
qaydada təsdiq edilmişdir.
Həmin sənədlər içərisində kənd təsərrüfatı
siyahıyaalınmasının keçirilməsi üzrə
təşkilat planı da yer
almışdır.
Təşkilat
planına əsasən,
Naxçıvan Muxtar Respublikasının
Dövlət Statistika Komitəsi, rayon (şəhər) statistika
idarələri kənd təsərrüfatının
siyahıyaalınmasına lazımi hazırlıq görməli,
onun keçirilməsi üzrə öz təşkilat
planlarını hazırlamalı və bu
planda
siyahıyaalmanın
rayonlaşdırılması, siyahıyaalmaya cəlb ediləcək
müvəqqəti işçilərin sayının müəyyənləşdirilməsi,
işə cəlb ediləcək işçilərin təsdiqi
və onların təlimatlandırılması, kütləvi
izahat və məlumatlandırma işlərinin
aparılmasına dair tədbirlər
planının hazırlanması, mebel və
inventarla təmin olunmuş,
telefon əlaqəsi yaradılmış məntəqələrin
müəyyən edilməsi və digər məsələlər öz əksini tapmalıdır.
Təsdiq
edilmiş normativlərə uyğun olaraq
bütövlükdə respublika üzrə
kənd təsərrüfatı
siyahıyaalınmasının keçirilməsi məqsədilə
hər 100 təsərrüfata bir nəfər
sayıcı hesabı ilə 12600 sayıcı, hər 10 sayıcıya
1 nəfər olmaqla 1260 təlimatçı-nəzarətçi cəlb ediləcəkdir. Bu zaman, hər sayıcı üçün
30, təlimatçı-nəzarətçi üçün
45 təqvim günü
müəyyən edilmişdir.
Siyahıyaalmanın
müvəffəqiyyətlə həyata keçirilməsini
təmin etmək məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən
növbəti ildə Bakı şəhərində bütün rayon, şəhər
statistika orqanları rəhbərlərinin
iştirakı ilə seminar-müşavirənin keçirilməsi
nəzərdə tutulmuşdur. Seminar-müşavirədən sonra təsdiq edilmiş
qrafikə uyğun olaraq
rayonlarda və ayrı-ayrı siyahıyaalma
şöbələrində siyahıyaalma kadrları ilə üç günlük seminarlar
keçiriləcək və onların görəcəkləri
işlər üzrə bilikləri yoxlanılacaqdır.
Siyahıyaalmanın
keçirilməsi qaydalarını, tətbiq olunacaq sənəd və məlumatların
işlənməsi üzrə proqramı sınaqdan
keçirmək məqsədilə Nazirlər Kabinetinin qərarına uyğun
olaraq cari ilin iyun ayında Quba rayonunda kənd təsərrüfatının
sınaq siyahıyaalınması
keçirilmişdir.
Sınaq
siyahıyaalınmasında rayonun dağ, dağətəyi və aran ərazilərindən 6 inzibati-ərazi
dairəsi üzrə 2000 təsərrüfat əhatə olunmuş, siyahıyaalmaya sayıcı, nəzarətçi və kompüter
operatorları cəlb olunmuşdur.
Quba rayonunda sınaq
siyahıyaalınmasının keçirilməsi
zamanı metodoloji
kömək göstərmək məqsədilə komitənin
mütəxəssisləri
vaxtaşırı rayona ezam edilmiş, siyahıyaalmanın gedişi
ilə tanış olmaq və müəyyən
təcrübə əldə etmək məqsədi ilə bir sıra
rayon statistika idarələrinin
rəisləri Quba rayonunda
olmuşlar.
Siyahıyaalma
zamanı ən cox qarşıya
çıxan problemlər (təsərrüfat
başçısının evdə olmaması və ya sorğudan
yayınması, sorğu
formasındakı bəzi sualların düzgün
başa düşülməməsi,
sayıcılar arasında təsərrüfatların bərabər
sayda paylanmaması və s.) aradan
qaldırılmış, sayıcı və təlimatçılara
verilən suallar yerində
cavablandırılmışdır. Bundan əlavə,
siyahıyaalma zamanı yerli əhali tərəfindən sorğu vərəqəsinin ikinci bölməsi
üzrə əkin sahələrinin ölçü
vahidinin təkmilləşdirilməsi, mal-qara və quşların cins
tərkibinə görə bölgüsünə yenidən
baxılması kimi təkliflər irəli
sürülmüş, bu
təkliflər müvafiq təşkilatların
nümayəndələri ilə müzakirə edildikdən sonra məqsədəuyğun
hesab olunaraq sorğu formasının son
variantında nəzərə alınmışdır.
Sınaq
siyahıyaalınması başa
çatdıqdan sonra sorğu
formaları rayon statistika
idarəsində qəbul edilmiş və
məlumatların real vaxt
rejimində kompüterlərə yığılmasına
başlanmışdır. Bu zaman Dövlət Statistika
Komitəsinin Baş Hesablama
Mərkəzi tərəfindən
hazırlanmış müvafiq proqram təminatından istifadə olunmuş və məlumatlar birbaşa
komitənin mərkəzi serverinə yüklənmişdir. Rayona göndərilmiş
kompüterlər quraşdırılıb yoxlanmış, məlumatların
kompüterə daxil edilməsi üçün işə qəbul edilmiş dörd nəfər
kompüter operatoru təlimatlandırılaraq
sınaq məqsədilə ayrı-ayrı məlumatların
kompüterə yazılmasına başlanmış, işin gedişi zamanı
proqramda aşkar edilmiş bəzi çatışmazlıqlar
yerində aradan
qaldırılmışdır.
Sınaq
siyahıyaalınması 2015-ci
ildə aparılacaq ümumi
siyahıyaalma üçün müsbət
təcrübə olmuş,
hazırlanmış sorğu formaları,
proqram təminatı və s. təşkilat işləri sınaqdan keçirilmişdir.
Kənd təsərrüfatı
siyahıyaalınmasının hazırlanıb keçirilməsi
məsələləri Dövlət Statistika
Komitəsi rəhbərliyinin və rayon
(şəhər) icra hakimiyyətlərinin daim diqqət mərkəzindədir.
Siyahıyaalma ilə bağlı məsələlər
vaxtaşırı Dövlət Statistika
Komitəsinin kollegiyasında müzakirə edilir
və işin daha səmərəli
təşkili üçün müvafiq qərarlar qəbul edilir.
Siyahıyaalma ucdantutma qaydada kənd təsərrüfatı
istehsalı ilə məşğul olan bütün təsərrüfatlardan məlumatların
sorğu yolu ilə
alınması sorğu vərəqələri
əsasında
aparılacaqdır.
1
nömrəli siyahıyaalma formasını kənd təsərrüfatı
ilə məşğul olan bütün kənd təsərrüfatı
müəssisələri və sair təşkilatlar-kollektiv-birgə
təsərrüfatlar, kənd təsərrüfatı
istehsalı kooperativləri, müxtəlif tipli
səhmdar cəmiyyətləri, sort-sınaq, tədris-təcrübə
təsərrüfatları, damazlıq və toxumçuluq
təsərrüfatları, tədris müəssisələri,
yardımçı kənd təsərrüfatları və
digər təşkilatlar müvafiq uçot sənədləri və inventarizasiya sənədlərinə əsasən
dolduraraq yerli statistika orqanlarına təqdim edəcəklər.
2 nömrəli
siyahıyaalma forması siyahıyaalmaya cəlb edilmiş sayıcılar tərəfindən sorğu aparmaqla fərdi sahibkar, ailə kəndli təsərrüfatları,
ev təsərrüfatları və bağ evi təsərrüfatları
üzrə doldurulacaqdır.
Siyahıyaalmaya başlamazdan əvvəl təşkilat
planına uyğun olaraq
sayıcılar onlar üçün
ayrılmış sahələri
gəzməklə bir daha
dəqiqləşdirəcəklər. Siyahıyaalmanın
keçirilməsi üçün onlara çanta, tələb
olunan sayda sorğu vərəqələri, təlimat və
göstərişlər, habelə dəftərxana ləvazimatları
veriləcəkdir. Siyahıyaalmanın gedişi
təlimatçı-nəzarətçi və yerli statistika
orqanlarının nümayəndələri tərəfindən
daim nəzarətdə saxlanılaraq qarşıya çıxa biləcək
çətinliklər operativ surətdə
aradan qaldırılacaqdır.
Sayıcı
məntəqəsi üzrə siyahıyaalma tam
başa çatdıqdan sonra
təlimatçı-nəzarətçi tərəfindən
siyahıyaalma materialları
sayıcıdan hesabi və məntiqi
qaydada yoxlanılaraq qəbul ediləcək
və onlar rayon statistika idarələrinə təhvil veriləcəkdir. Rayon (şəhər)
statistika idarələrində cəlb ediləcək operatorlar tərəfindən
siyahıyaalma materialları 2015-ci il iyul ayının 15-dən başlayaraq
6 ay müddətində kompüterlərə
daxil ediləcəkdir.
Yerli statistika orqanları
siyahıyaalma materiallarını işləyib qurtardıqdan sonra həmin materiallar hərtərəfli
yoxlanılaraq ölkə üzrə yekun
nəticələri almaq məqsədilə
çıxış cədvəlləri
hazırlanacaqdır.
Hər bir təsərrüfat üzrə fərdi məlumatlar
məxfi saxlanmaqla yalnız toplu, ümumiləşdirilmiş statistik məqsədlər üçün
istifadə olunacaqdır. Siyahıyaalma məlumatları
ölkənin kənd təsərrüfatındakı mövcud vəziyyəti düzgün
və hərtərəfli qiymətləndirməyə imkan verəcəkdir.
Siyahıyaalma
zamanı təsərrüfatların mənsubiyyəti, torpaq mülkiyyəti, icarə münasibətləri,
torpaqdan və gübrələrdən
istifadə, gəlir mənbəyi,
kənd təsərrüfatı bitkilərinin əkin sahələri,
çoxillik əkmələrin növləri
üzrə ağac və kolların
sayı, tətbiq edilən suvarma
üsulları, mal-qara və
quşların cins və yaş
tərkibinə görə mövcudluğu,
göl və nohur
balıqçılığı,
bina və tikililərin, kənd təsərrüfatı
texnikası və avadanlıqların mövcudluğu,
kənd təsərrüfatında işçi
qüvvəsi və s. barədə geniş məlumatlar toplanılacaqdır.
Bu
məlumatlar ölkənin kənd təsərrüfatının
gələcək inkişafı istiqamətlərinin müəyyənləşdirilməsində
mütəxəssislər, tədqiqatçı
alimlər, iqtisadçılar və bütövlükdə məlumat istifadəçiləri üçün, eləcə də müxtəlif
növ statistik
müşahidələrin aparılması üçün
mühüm informasiya
mənbəyi olmaqla bu
sahədə düzgün qərarların
qəbul edilməsində əhəmiyyətli rola
malik olacaq, eyni zamanda, kənd təsərrüfatı
statistikasının beynəlxalq tələb və tövsiyələrə
uyğunluğu təmin edilmiş
olacaqdır.
Həmid
BAĞIROV,
Dövlət Statistika Komitəsi
sədrinin birinci müavini,
iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2014.- 20
dekabr.-S.6.