Şirin bir xatirətək
qalacaqdır
dünyada...
Ölüm vaxtsız-vədəsiz qarşıladı onu. 2013-cü ilin 5 sentyabrı həyatının son günü oldu. Ömrün baharı fəslin payızına təslim oldu. O günün səhəri xəbər portalları o faciəli ömür sonluğu ilə bağlı xəbər yaydı: “Səs” qəzetinin əməkdaşı, 22 yaşlı Murad İsmayılzadə Bakı-Quba yolunun 20-ci kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində yol qəzasında dünyasını dəyişib...
...Hələ Bakı
Dövlət Universitetində oxuyarkən jurnalistikaya həvəs
göstərirdi. “Səs” qəzetilə əməkdaşlıq
edirdi. Hərbi xidmətdən geri dönəndə də bu qəzetin
redaksiyasına gedib, baş
redaktora burada işləmək arzusunu bildirmişdi. Tələbəlik
dövründə “Səs”lə sıx təması, kollektivlə
qaynayıb-qarışması, ən başlıcası isə
özünü istedadlı jurnalist kimi tanıtması onun
işə qəbul edilməsini tezləşdirmişdi.
Qısa müddətdə
“Səs” qəzetinin, “Səs” TV-nin seçilən əməkdaşlarından
biri kimi hörmət qazanan Murad İsmayılzadə
üçün həmin gün qeyri-adiliyi ilə
seçilirdi: ilk maaşını almışdı. Bu sevinci
əvvəlcə baş redaktor
Bəhruz Quliyevlə bölüşmüşdü.
Kabinetinə gedib onu işə götürdüyünə
görə utana-utana minnətdarlığını
bildirmişdi. Hətta Bəhruz müəllimin səmimiyyətinə,
ürəkaçıqlığına əsaslanıb demişdi ki, siz mənə etimad,
qayğı göstərmisiniz, zəhmətimi dəyərləndirmisiniz.
Ona görə də ilk əmək haqqımı
aldığım bu gün yoldaşlarımla birgə sizin
qulluğunuzda durmaq, bir ata, böyük qardaş kimi bir
süfrə arxasında əyləşmək istərdim.
Baş redaktor isə Muradın
səmimi təklifini işin çoxluğundan başqa bir
vaxta saxlamışdı. Amma bilsəydi ki, bu, onunla sonuncu
görüşdü, bəlkə də qərarını dəyişərdi...
Bəhruz Quliyev Murad İsmayılzadə ilə bağlı xatirəsini belə bölüşür:
– Murad xudahafizləşib
evə getdi. Amma heç ağlıma gəlməzdi ki, biz bir
neçə saatdan sonra yenə də görüşəcəyik.
Amma necə?.. Harada?.. Həmin gecə Murad bir amansız qəzanın
qurbanına çevrildi. Və mən onu həmin gecə
görəndə... o mənim tanıdığım Murad
deyildi... Çünki heç bir sualıma cavab vermir, mənim
gəldiyimi hiss etmir, uzandığı yerdən qalxmırdı...
və sanki sükutu ilə deyirdi: “Siz məni
bağışlayın, axı mən sizinlə
vidalaşdım...”. Və beləliklə, bizi buraxıb getdi
Murad...
Hikmət Babaoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Bakı Dövlət Universitetinin dosenti:
– Murad jurnalist həmkarımız
olmaqla yanaşı, həm də tələbəm idi.
Universitetdə dərs demişdim. Yaddaşımda sakit təbiətli, tərbiyəli,
düşüncəli tələbə kimi
qalmışdı. O ilk baxışdan laqeyd təsiri
bağışlayırdı, hansısa bir işin öhdəsindən
gələ bilməyəcək təsəvvürü
yaradırdı. Əslində isə fəal, işgüzar,
eyni zamanda, ona verilən tapşırığı uğurla
yerinə yetirmək gücündə idi. Daim öz üzərində
işləyir, axtarışlar aparır, yenilik edirdi...
...Muradın “Səs”
qəzetində işə başladığını
eşidəndə sevindim. Tez bir zamanda redaksiyanın
işgüzar və sevimli üzvünə
çevrilmişdi. Lakin təəssüf ki, hərbi xidmətdən
dönəndən sonra jurnalist fəaliyyəti ilə cəmi
bircə ay məşğul ola bildi...
...Yaşasaydı,
hansı uğurları qazanmayacaqdı?!. Yaşasaydı, təkcə
yaşıdlarından seçilməyəcəkdi, özündən böyüklər
arasında da fərqlənəcəkdi, bəlkə də
zamanında nüfuz sahibi də olacaqdı. Amma əcəl
macal vermədi...
...İşgüzarlığı,
səmimiliyi ona qədərincə dost, yoldaş
qazandırmışdı. Həyatının istiqaməti,
yönü apaydın idi. Orta məktəbdə, universitetdə istedadı ilə müəllimlərinin
diqqətini çəkmişdi, hərbi xidmətdə əsgər
yoldaşlarının sevimlisinə çevrilmişdi. “Səs” TV-də verilən reportajları Muradın gələcəkdə
daha böyük auditoriyalarda geniş tamaşaçı, dinləyici sevgisi
qazanacağından xəbər verirdi... Çox təəssüf ki,
ömür yolu yarıda
qırıldı...
Murad hələ tələbəlik illərindən
ictimai-siyasi proseslərə baxışını ortaya qoyur,
təhlillər aparırdı. “Səs” qəzetində
jurnalist kimi qısa müddətdə fəaliyyət göstərəndə
də gələcəkdə istedadlı politoloq kimi tanınacağına heç kəs
şübhə etmirdi.
...O, könül
dünyasında böyük bir məkan yaratmışdı -
coşğun dəniz kimi çağlayan qəlbinin istəkləri böyük, sonsuz idi.
Arzularını gerçəkləşdirmək
üçünsə çox tələsirdi. Üzərinə
düşən öhdəlikləri layiqincə, vaxtında həyata
keçirməyə çalışırdı.
Bu gün doğmaları,
dostları, iş yoldaşları onun belə gənc yaşında faciəli
ölümü ilə barışmır,
ömrünün bu cür
tamamlanmasına çərxi-fələyin ədalətsizliyi,
haqsızlığı kimi
baxırlar.
İndi Muradla
bağlı yaşanılanlar doğmalarının,
dostlarının qəlbində unudulmaz bir əfsanə kimi,
nağıl kimi hər saat, hər gün yada salınır. Elə “Azərbaycan”
nəşriyyatında yenicə çapdan çıxan “Erkən
əsdi ömrümün xəzan yelləri” kitabında
toplanan məqalələrdə də nakam bir ömrün
xoşbəxt ayları, illəri xatırlanır,
könül dünyası gözlərimiz önündə
canlanır.
Bir zamanlar Murada dərs
deyən müəllimlər, onunla
eyni vaxtda təhsil alan orta, ali məktəb
yoldaşları, dostları, işlədiyi “Səs” qəzetinin
əməkdaşları adıçəkilən kitabda onu məhəbbətlə
xatırlayırlar. Bakıdakı 240 nömrəli orta məktəbdə
Murad İsmayılzadəyə dərs deyən Gülnarə
müəllimə o illərə belə qayıdır:
“...Sakit və təmkinli, intizamlı və səliqəli
olmaqla yanaşı, son dərəcə çalışqan
idi. Dərslərə həmişə hazırlıqlı gələrdi.
Verilən tapşırıqları məsuliyyətlə yerinə
yetirərdi. Buna görə də pedaqoji kollektivin rəğbətini
qazanmışdı...”.
Bakı Dövlət Universitetinin politologiya və sosiologiya kafedrasının müəllimi, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Könül Mədətqızı:
“...Murad mühazirələri
diqqətlə dinləyər, səliqə ilə qeydlər
aparar, dərs vaxtı, dərsdən sonra onu
düşündürən suallarla bağlı bizə
müraciət edərdi. Mövzulara yaradıcı şəkildə
yanaşar, elmi müzakirələrə həvəslə
qoşulardı...”.
“Səs” TV-nin şöbə müdiri Məmməd Bağırov:
“...Murad
bacarığı və işgüzarlığı ilə
kollektivin seçilən əməkdaşlarından biri idi.
Qısa müddətdə hamının hörmətini
qazanmışdı. Dərin analitik təhlil
bacarığı ilə diqqət çəkirdi. Geosiyasi
mövzularla bağlı qələmə aldığı
yazılarında hadisələrə öz baxışı
ilə fərqlənirdi...”.
...Murad
İsmayılzadə qısa ömründə istedadlı
jurnalist, politoloq kimi, rəftarı, münasibəti ilə
etibarlı dost, yoldaş kimi, ümidləri doğruldan
yaxşı oğul, övlad kimi hörmət, sevgi
qazanmışdı. Buna görə ölümün onu
heç zaman unutdurmağa
gücü çatmayacaq. Çünki məhşur bir
şeirdə deyildiyi kimi:
...Şirin bir xatirətək
qalacaqdır dünyada
Sevərək yaşayanlar,
sevilərək ölənlər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 20 dekabr.- S.6.