Ən qiymətli milli sərvətimiz olan ana

dilimizi göz bəbəyi kimi qoruyaq

 

İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.

 

Heydər ƏLİYEV,

ümummilli lider

 

İnternet meydana çıxandan sonra həyatımıza “elektron-media” deyilən bir məfhum daxil olub. Olsun, nə deyirəm, mən yeniliyin heç vaxt əleyhinə olmamışam. Bu məqamda əleyhinə olduğum məsələ heç “jurnalist” sözünü düz-əməlli yazmağı bacarmayanların internet-qəzet təsis edərək özlərini jurnalist adlandırmalarıdır. Belələri nəinki adi xəbər yazmağı, heç müsahibləri ilə əməlli-başlı danışmağı, dialoq qurmağı da bacarmırlar. Ən pisi isə odur ki, onlar doğma Azərbaycan dilimizi korlamaqda sanki bir-biri ilə bəhsə girmişlər.

 

Mətbuat sahəsində 30 ildən artıq fəaliyyətim dövründə ustadlarımızdan hər sözün, hər cümlənin üstündə əsməyi öyrənmişəm. Azərbaycan dilinin qayda-qanunlarının keşiyini çəkmək bizim tək peşə yox, həm də vətəndaşlıq borcumuzdur. Çünki bunu bizə ustadlarımız–jurnalistikanın korifeyləri olan Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi kimi müəllimlərimiz öyrədib, tövsiyə ediblər. Bəzən adicə bir yazının üslub və formasını tapmaq üçün gözümüzün nurunu, ürəyimizin yağını əritmişik. Hansısa bir sözün, ifadənin yerinə düşməsi üçün saatlarla fikirləşmişik.

Ancaq indiki bir para internet-qəzetçilər nə yazının üslubuna fikir verirlər, nə formasına diqqət yetirirlər, nə də dilin qayda-qanunlarına, qrammatikasına əməl edirlər. İnsanın şərəf və ləyaqəti də onların yazılarında önəmli deyildir. Belələri faktın dəqiqliyini yoxlamadan, çayxana söhbətlərini ictimailəşdirməkdən də usanmırlar. Təki söz şousu yaratsınlar, özlərini cəmiyyətə tanıtsınlar. Bundan sonrası isə məlumdur...

Bəşəri dəyərlərə söykənən demoktarik prinsiplər müasir Azərbaycanda dövlət idarəçiliyinin, ictimai həyatımızın və vətəndaş cəmiyyətinin əsas normalarından birinə çevrilmişdir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Konstitusiyasının və digər qanunvericilik aktlarının demokratik dəyərlərə və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində çox mühüm addımlar atılmışdır. Ölkəmizdə insan hüquq və azadlıqlarının əsas göstəricisi kimi söz və mətbuat azadlığı tam təmin olunmuşdur. Dövlət siyasətinin bu istiqamətdə aparıldığını, bu islahatların dərinləşdiyini və dönməz xarakter aldığını vurğulayan möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Bütün azadlıqlar – söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur... İndi bir milyondan artıq Azərbaycan vətəndaşı “facebookda fikirlərini paylaşır və yaxud, hansısa məlumatı əldə edir...Heç də hər bir ölkədə belə deyil, senzuralar, məhdudiyyətlər vardır. Bizdə isə bu, sərbəstdir, azaddır. Çünki Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir”.

İndi ölkəmizdə 5 minə yaxın kütləvi informasiya vasitələrinin  uçota götürülməsi və ya qeydə alınması, çoxlu sayda qəzet, jurnal, internet-medianın fəaliyyət göstərməsi Azərbaycanda demokratik islahatların  müsbət nəticəsidir, uğurlu göstəricisidir. Ölkəmizdə digər kütləvi informasiya vasitələri kimi, internet-mediadasosial şəbəkələrdə də informasiyanın yayımı tam azaddır. Jurnalistlər sərbəst şəkildə məlumat əldə etmək və onu yaymaq imkanına malikdirlər.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş Konstitusiyamızda Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması rəsmi qaydada təsbit edilmişdir. Bundan sonra keçən müddət ərzində ana dilimizin dövlət dili kimi işləkliyinin təmin edilməsi, statusunun qorunması, onun tədqiqinin, tədrisinin və təbliğinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən bir sıra müvafiq sənədlər qəbul edilmişdir.

Bu sırada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə

9 aprel 2013-cü ildə qəbul edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı xüsusi yer tutur. Bu sənədə uyğun olaraq, kütləvi xarakter daşıyan və əhalinin daha çox üz tutduğu mətbuat vasitələrinin də üzərinə çox ciddi vəzifələr düşür. Gəlin görək, onlayn qəzetlərdə, sosial şəbəkələrdə, internet-mediada dilimizin qrammatik qayda-qanunlarına, orfoqrafiya qaydalarına, cümlələrin quruluşuna, yazı üslubunas. diqqət yetirilirmi? Azərbaycan dilinin təmizliyi gözlənilirmi?

Konkret faktlarla fikrimi təsdiqləmək istəyirəm.  Az. Politika.info” gündəlik siyasi-ictimai onlayn qəzetindən başlayaq. Təhlilə keçməzdən əvvəl bu internet medianın adına öz etirazımı bildirmək istəyirəm. “Azburada təbii ki, “Azərbaycan” sözünün qısaldılmış formasıdır. “Politika” isə “siyasət” sözünün əcnəbi variantıdır. Məgər özümüzün daha gözəl səslənən və dilimizin qayda-qanunlarına uyğun gələn sözdən istifadə etmək olmazdımı? Halbuki, söhbət Azərbaycandan gedir və hansısa bir yad sözün onunla qoşa yazılmasının özü yolverilməzdir.

Həmin portalın 1 noyabr 2014-cü il sayında “Administrasiya Şeyxi təcrid edir!” sərlövhəli yazıda oxuyuruq: “Elə dinlə bağlı dövlət komitəsində keçirilən tədbirə Qafqaz Müsəlmanları İdarəsindən heç kimin dəvət olunması da bunun təsdiqi sayıla bilər”. Əvvəla, bu cümlədəki “Dinlə bağlı dövlət komitəsi” ifadəsi düzgün deyildir, çünki bu komitənin konkret olaraq qəbul edilmiş adı vardır. İkincisi isə, “olunması” əvəzinə “olunmaması” yazılmalı idi. Elə həmin yazıda çoxlu sayda orfoqrafik səhvlərə yol verilməsi də Azərbaycan dilinin qrammatik normalarının pozulması deməkdir.

Sosial mediada yol verilən dil, üslub xətaları, orfoqrafik səhvlər barədə kifayət qədər digər misallar də gətirmək olar. Yəqin ki, bu məqamda onların təmsilçiləri etiraz edib deyə bilərlər ki, belə hallar ənənəvi qəzetlərdə də mövcuddur. Etiraf edirik ki, bu, acınacaqlı hal olsa da, həqiqətdir. Bu yerdə ayrı-seçkiliyə yol vermədiyimizi bir daha təsdiqləmək üçün yenə də faktlara müraciət etməli oluruq.

 “Qərb xəbərləri” ictimai-siyasi qəzetinin 14 sentyabr tarixli sayında dərc olunmuş “Şərəfli ömür yolu” sərlövhəli yazıda oxuyuruq: “Alim dərrakəsi hər dəfə xəstəsi olanda yeni-yeni kəşflər edir, çalışır ki, xəstəsi öz sağlığına qovuşsun, həkimin əlindən şəfa tapsın”.

 Bu cümləni oxuyanda, (buna cümlə dediyimə görə oxucular məni bağışlasın), etiraf edim ki, heç nə anlamadım.

Yaxud, həmin məqalədən başqa bir cümləyə diqqət yetirək: “Həkim! Bu adı dilə gətirəndə göz önümüzdən sağlamlıq, saflıq tərənnümü olan bir varlıq keçir”. Həmin cümlədə “göz önümüzdən”, “sağlamlıq, saflıq tərənnümü” kimi ifadələr yanlışdır. Burada müvafiq olaraqgözümüzün önündən” və “sağlamlıq, saflıq təcəssümü” kimi yazılsaydı bəlkə də tənqid hədəfi olmazdı.

Dilə təkcə ünsiyyət vasitəsi kimi baxmaq olmaz. O, insanları yaxınlaşdırır, mədəniyyətləri yayır, milli-mənəvi dəyərlərin formalaşmasında, onun zənginləşməsində, nəsildən-nəsilə ötürülməsində ən önəmli vasitə, başlıca şərt hesab edilir. Buna görə də aqillərimiz dili millətin mənəvi sərvəti, onun pasportu  hesab edirlər.

Dilimizin yaşamasında, yad təsirlərdən qorunmasında, inkişaf edib zənginləşməsində mütəfəkkirlərimizin, dilçi alimlərimizin, böyük şair və yazıçılarımızın, tanınmış dövlət xadimlərimizin gördüyü misilsiz işlər bizim üçün örnək olmalıdır.

Milli mətbuatımızın banisi olan Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin hələ birinci nömrəsinin ilk sətirlərində oxuyuruq: “Əgər idarəyə (redaksiyaya—M.E.) göndərilən məktublarda ədəbdən kənar və ya təhqirli, nalayiq sözlər olsa da ol vəqtdə qəzetin münşisində ixtiyar var ki, o məktubu çap etməsin, ya o nalayiq sözləri bir kənar edib, sonra çap etsin”.

Belə bir xəbərdarlıq qəzetin dilə münasibətdə istiqamətini müəyyənləşdirir və bu, hər bir mətbuat orqanı üçün nümunə sayılmalıdır. “Əkinçi” milləti dilin dayağı, dili isə millətin əsası, onun ən mühüm əlaməti hesab edirdi. Dili anaya bənzədir, Vətənlə müqayisə edirdi. Doğma dilə xəyanəti anaya, Vətənə xəyanət kimi qiymətləndirirdi. Elə bu mənada bu gün dilimizə qənim kəsilənlər, onun qayda-qanunlarını pozanlar  milli xəyanətkarlarla müqayisə edilə bilər.

Yeri gəlmişkən, dilə münasibətdə bir məsələni də xüsusi qeyd etmək istəyirəm: Son vaxtlar sosial şəbəkələrdə (elə ənənəvi çap mediasında da) kütləvi şəkildə dilimizə yabançı olan əcnəbi sözlərə meyillilik hiss olunur. Həm də adamda belə bir təəssürat yaranır ki, bu cür yad sözlərin aludəçiləri olan qələm sahibləri bununla fəxr edir, özlərini sanki novator hesab edirlər.  Məsələn, götürək “treninqsözünü. Əgər dilimizdə çox gözəl səslənən “məşğələ” yaxud “təlim” sözü vardırsa, həmin ifadəni yerli-yersiz işlətməyə nə ehtiyac var? Eləcə də kütləvi informasiya vasitələrində tez-tez işlətdiyimiz, adamın dili tutmayandistrübyütorluq”, “inteqrasiya”, “transfer”... və s. kimi əcnəbi sözləri götürək. Dilimizin qayda-qanunları ilə heç cür uzlaşmayan belə sözlərin Azərbaycan dilində qarşılığı olduğu halda, niyə də onlardan istifadə etməyək. Belə olarsa, bundan oxucu da qazanar, ana dilimiz də, elə müəllifin özü də...

Mən özüm obrazlı şəkildə desək, “Əkinçi”nin şumladığı torpaqda yetişən köhnə jurnalist kimi, heçbizim ənənəvi çap mediasına alternativ olan sosial mediyaya “düşmən” mövqeyində deyiləm. Əsrimiz  texniki tərəqqi, sürət əsridir və buna uyğun olaraq informasiyanı kimin daha tez çatdırması da onun obyektivliyindən, necə yazılmasından az əhəmiyyət daşımır. Bu baxımdan etiraf etməliyik ki, sosial medianın üstünlükləri çoxdur. Hər hansı bir xəbərin hazırlanması ilə onun sosial şəbəkədə paylanması, yəni ənənəvi jurnalistikanın dili ilə desək, çap olunaraq oxucuya çatdırılması arasındakı zaman fərqi, demək olar ki, aradan qaldırılır. Bu isə ilk qəzetlər çap olunandan bəri mətbuatın həmişə qarşısında duran məsələlərdən biri olmuşdur. İndi sosial media xəbəri hadisənin olduğu, baş verdiyi anda yaymaq imkanına malikdir. Bu, əlbəttə, təqdir olunmalı bir haldır. Lakin bu imkanlardan sui-istifadə edərək gözəl ana dilimizin korlanması yolverilməzdir. Buna qarşı hamılıqla mübarizə aparmalı, belələrini ictimai qınaq hədəfinə çevirməliyik. Yoxsa, gec olacaq...

 

Elbrus MƏMMƏDOV,

“Bərdə” qəzetinin redaktoru

 

Xalq qəzeti.- 2014.- 21 dekabr.- S.5.