Şərəfli ömür yolu
Azərbaycan
elminin inkişafı tarixində XX əsrin xüsusi yeri var. Məhz
həmin dövrdə ölkəmizdə elmin ən müxtəlif
sahələrinin sistemli inkişafı və çiçəklənməsi
mərhələsi başlanır.
Bütün zamanlarda
xalqımıza hörmət və şöhrət gətirən
görkəmli şəxsiyyətlərimiz–alimlərimiz, mədəniyyət
və incəsənət xadimlərimiz olub.
Bu mötəbər sırada keçən
əsrdə Azərbaycan mikrobiologiya elminin inkişafında xüsusi
xidmətləri olan biologiya elmləri
doktoru, professor, Əməkdar
elm xadimi Həbibə
Süleyman qızı Qasımovanın da adı var. Həbibə
xanım o alimlərdəndir ki, çalışdığı elm sahəsində keçilmiş
yollarla deyil,
açılmamış cığırlarla irəliləyib.
Başqa sözlə, öz
ziyası ilə elmin hələ öyrənilməmiş,
yaxud az öyrənilmiş
səhifələrinə işıq saçıb .
Professor Həbibə Süleyman
qızı Qasımova 1922-ci il avqustun 24-də Bakı şəhərində
anadan olmuşdur.
1939-cu ildə Azərbaycan Dövlət Universitetinin
biologiya fakültəsinə daxil olmuşdur. Əla
qiymətlərlə oxuduğu və ictimai işlərdə fəallığı
nəzərə alınaraq o, 1942-ci ildə Stalin təqaüdünə layiq görülmüş və 1944-cü ildə
universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Fitri istedada malik və çalışqan, işini sevən, məsuliyyəti, intizamı
və məqsədyönlülüyü ilə fərqlənən
gənc mütəxəssis biologiya
fakültəsində assistent-müəllim vəzifəsində
saxlanılmışdır.
Elm mücahidi olan Həbibə
xanım təhsilini davam etdirmək məqsədilə,
1946-cı ildə mikrobiologiya ixtisası
üzrə universitetin aspiranturasına daxil olmuşdur. O,
respublikanın cənub zonasında Azərbaycan
torpaqlarının “penisillium” növlü
göbələklərini tədqiq edərək onların növ tərkibini müəyyənləşdirmişdir.
O, çoxsaylı antibakterial göbələklərin
fəal növlərini ayırmış, hətta yeni “Penisillium agdamicus cass” növünü də elmə gətirmişdir.
Həbibə xanım
Qasımova 1949-cu ildə “Azərbaycanın penisillium
göbələkləri” mövzusunda
tamamladığı dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik
dərəcəsini almışdır.
1950-ci ildə
fakültənin dosenti seçilən Həbibə
xanım müəllimliklə yanaşı, “Antibiotiklər” problem laboratoriyasına müdir
təyin olunmuşdur.
O, 1952-ci ildən
1987-ci ilə kimi biologiya
fakültəsinin ibtidai bitkilər və mikrobiologiya
kafedrasının müdiri vəzifəsində
çalışmışdır. Qazandığı
müvəffəqiyyətlərdən heç
vaxt arxayınlaşmayan, özünə
qarşı çox tələbkar, həmişə
axtarışda olan, nailiyyətlərini böyük zəhmətlə əldə edən
professor H.Qasımova, bir
qayda olaraq, elm qarşısında duran
və həllini gözləyən ən aktual
problemləri tədqiqat obyekti seçmişdir.
Həbibə
xanım elmi tədqiqat işlərini davam etdirərək kənd təsərrüfatı
istiqamətinə yönəlmiş və 1962-ci ildə
“Qazıntı üzvi maddələrin
torpağın mikroflorasına və bitkilərin məhsuldarlığına təsiri” mövzusunda
doktorluq dissertasiyasını müdafiə
edərək biologiya elmləri doktoru alimlik dərəcəsi və 1963-cü ildə
isə professor elmi
adını almışdır.
Professor H.Qasımova elmi
axtarışlarında artıq təkcə göbələkləri
deyil, Azərbaycanın müxtəlif
torpaqlarında həm göbələklərin, həm də
bakteriyaların yayılma dinamikasını, növlərini,
onların məhsuldarlığa təsirini tədqiq etmişdir.
Həbibə xanımın apardığı bütün
tədqiqatlar torpaq mikrobiologiyası ilə
əlaqədar olmuş və bu sahədə o, ilk elmlər doktoru, professor adına layiq görülmüşdür.
Apardığı elmi işlərin
yeniliyinə görə SSRİ-nin və
respublikanın iki müəlliflik şəhadətnaməsini
almışdır.
Yüksək təşkilatçılığı,
məsuliyyət hissi və iş qabiliyyəti ilə seçilən professor H.Qasımova 1963-1968-ci illər ərzində
universitetin biologiya
fakültəsinin dekanı vəzifəsində
çalışmışdır.
Professor H.S. Qasımova 1980-ci ildə “Əməkdar
elm xadimi” fəxri
adına layiq görülmüşdür.
1986-cı ildə o, ABŞ-ın İllinois ştatının Elmlər
Akademiyasına üzv seçilmiş
və 2006-cı ildən ömrünün
sonuna qədər Heydər Əliyev Fondunun təqaüdçüsü olmuşdur.
Görkəmli alim 250-dən artıq elmi
əsərin, 4 kitabın müəllifidir.
O, 30 nəfərdən artıq elmlər namizədinin rəhbəri
və bir neçə doktorluq
dissertasiyasının məsləhətçisi olmuşdur.
Professor H.Qasımovanın elmi-pedaqoji
fəaliyyəti 1944-cü ildən ömrünün
sonuna qədər Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur.
Universitetin və respublikanın ictimai həyatında
həmişə fəal iştirak etmiş, hətta Böyük
Vətən müharibəsinin (1941-1945) arxa
cəbhə iştirakçısı, biologiya
fakültəsinin “özünümüdafiə qrupunun” siyasi rəhbəri,
rəis müavini, fakültənin komsomol bürosunun katibi işləmişdir. Həbibə
xanım həmçinin universitet komsomol komitəsinin katibi,
təbliğatçı və s. vəzifələrdə
çalışmışdır. Uzun
müddət universitet partiya
komitəsinin üzvü olmuşdur.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm
BDU-nun və həm də digər ali məktəblərin biologiya
fakültəsinin tələbələri üçün
proqramlar, metodik
göstərişlər tərtib etmişdir.
Onun müəllifliyi ilə Azərbaycan
dilində “Mikrobiologiyadan praktikum”
(1978), “Mikrobiologiya” (1975), “Mikrobiologiya
və virusologiyanın əsasları” (1985), “Torpaq
mikrobiologiyası” dərs vəsaitləri
hazırlanmışdır. O, Vətən
qarşısında xidmətlərinə görə müxtəlif
illərdə 5 medal və digər mükafatlarla təltif olunmuşdur.
Professor H.S. Qasımova
yüksək ixtisaslı elmi
kadrların hazırlanmasındakı xidmətlərinə
görə Azərbaycan SSR Ali Sovetinin (1980-ci il) və Azərbaycan
Respublikası Təhsil Nazirliyi
kollegiyasının (2000-ci il) fəxri fərmanları ilə təltif olunmuşdur. O,Vyetnam,
Əfqanıstan, Suriya və digər xarici ölkələr üçün
tələbə və alimlərin hazırlanmasındakı xidmətlərinə
görə də iki dəfə
mükafatlandırılmışdır.
Həbibə
xanımın nümunəvi ailəsi olmuşdur.
Onun həyat yoldaşı, biologiya elmləri doktoru, professor, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Yusif Ələkbər
oğlu Əbdürrəhmanov AMEA Zoologiya İnstitutunun ixtiologiya laboratoriyasının müdiri
olmuşdur. Onların üç
övladı – bir oğlu
və iki qızı, beş
nəvəsi və bir nəticəsi
vardır. Övladları analarının
davamçılarıdır, hər üçü
bioloqdur.
Həbibə
xanım 18 noyabr 2014-cü ildə 92
yaşında dünyasını dəyişmişdir. Şərəfli
ömür yolu keçmiş, böyük
ürəyə, dərin ağıla sahib,
öz qüruru, təvəzökarlığı,
xeyirxahlığı ilə seçilən professor
Həbibə xanım Qasımova Azərbaycan biologiya
elmində dərin iz qoymuş görkəmli
alim kimi yeni nəsillər üçün
nümunə olacaqdır. Onun
işıqlı xatirəsi əzizlərinin,
dostlarının, həmkarlarının, tələbələrinin,
onu tanıyan bütün
insanların qəlbində
silinməz bir xatirə olaraq
həmişə yaşayacaqdır.
Xudaverdi QƏNBƏROV,
Bakı Dövlət Universiteti mikrobiologiya kafedrasının müdiri,
biologiya elmləri doktoru, professor
Xalq qəzeti.- 2014.- 21 dekabr.- S.5.