Çağdaş jurnalistikamızın
görkəmli nümayəndəsi
Şirməmməd Hüseynov – 90
Onun haqqında danışanda adının önündə çoxsaylı epitetlər qoymağa çalışırlar: “böyük alim”, “görkəmli tədqiqatçı”, “jurnalistikamızın patriarxı”, “qeyrətli vətəndaş”, “fədakar insan”, “mehriban ailə başçısı” və s. Beləcə, ildən-ilə pərəstişkarları onun kimliyini, şəxsiyyətini layiqincə xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona olan, lakin özünün iddiasında bulunmadığı bir mənəvi borcun öhdəsindən gəlməyə, əvəzini verməyə çalışırlar. Son günlərdə eşitdiyim “məfkurə mühəndisi”, “millət müəllimi” kimi ifadələr də professor Şirməmməd Hüseynova ziyalı rəğbətinin, tələbə məhəbbətinin doğurduğu səmimi duyğulardan qaynaqlanır.
Bəxtiyar Vahabzadə
Şirməmməd Hüseynov haqqında öz səmimi duyğularını belə
ifadə etmişdi:
Şirməmməd - əxlaqın,
haqqın öz səsi ,
Ləyaqət, dəyanət
mücəssəməsi!
Bəli,
özünün ürək dostu, qəlb sirdaşı, vicdan
və məslək qardaşı Şirməmməd Hüseynov haqqında bu
heyrətamiz misraları poetik
düşüncənin mükəmməl ifadə tərzində
yalnız Bəxtiyar Vahabzadə kimi dahi söz
ustadımız deyə bilərdi.
Çoxları onun haqqında çox dəyərli
fikirlər söyləyir. Şirməmməd Hüseynova
məfkurə mücahidi kimi
baxırlar, onun milli
sevgisinə həsəd aparırlar. Doğrudan
da, bir insanın on minlərlə insanı bir
peşənin vurğununa və fədaisinə
çevirməyi bacarması böyük düha tələb edir. Bu gün jurnalist peşəsini
özünün həyat tərzinə çevirmiş, özünü
bütövlükdə bu peşəyə
həsr etmiş, öz
varlığını bu peşə fəaliyyətindən
kənarda təsəvvür etməyən minlərlə tələbəsi
bu dühanın cəmiyətimizdəki
görüntüləri, cəmiyyətin yoluna işıq saçan
qığılcımlarıdır.
Ona
“bənzəri olmayan natiq” də deyirlər. Həqiqətən, minlərlə insanın nəfəs dərmədən,
zamanı hiss etmədən,
yorulmadan, usanmadan qulaq asmağa hazır olduğu bir natiqə tarixdə çox nadir hallarda rast gəlinir.
O əsl natiqdir. İnamlı
duruşu ilə, ona qulaq kəsilənlərin
gözlərinə zillənən
iti baxışları
ilə dediyi sözləri dinləyənlərin
zehnlərinə birdəfəlik
həkk etməyi bacaran bir natiq.
Şirməmməd Hüseynov sadə
bir natiq deyil. O, bəzən söylədiyi fikirlərin
arxasında gizlətdiyi
ən vacib məna və mahiyyət çalarlarını
dinləyicisinə səsinin
ahəngi ilə, üzünün ifadəsi
ilə asanlıqla anlatmaq kimi qeyri-adi
bir məharətə
sahib olan natiqdir. Elə bir natiq ki,
söylədiyi hər
bir cümlə, hər bir fikir,
hər bir mülahizənin təkzibi
mümkün olmayan bir aksiomdur.
Ona
“fədakar araşdırmaçı”
da deyirlər. Tədqiqatçılar illərlə kitabxana
rəflərində qalıb
toz basmış ədəbiyyatla çalışmaqdan,
indiyədək elmi dövriyyəyə çıxmamış
bilgiləri öyrənib
bu bilgilər əsasında yeni bir elmi əsər
ortaya qoymaqdan zövq alır və haqlı olaraq bununla fəxr edirlər. Şirməmməd Hüseynov isə
adi tədqiqatçı
deyil. O, sadəcə
əsər yazmır,
o, milli düşüncəmizin
keçmişində bugünümüzü
və gələcəyimizi
araşdırır. O, dahi
Mirzə Fətəlinin,
Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin,
Əhməd Ağaoğlunun,
Ömər Faiq Nemanzadənin, Məmməd
Əmin Rəsulzadənin,
Üzeyir bəyin bugünümüzə gəlib
çatmış saralmış
arxiv sənədlərinin
hər sətrində
bu millət fədailərinin düşüncələrini,
arzu və istəklərini, sonsuz vətən eşqini aşkar edir.
Bütün
bu bilgiləri öz qəlbinin genişliyindən, öz dərrakəsinin və ruhunun süzgəcindən
keçirib bugünümüzə
gətirir və bizimkiləşdirir. O, özünün
elmi tapıntılarını
yalnız alimlərin oxuyacağı elmi əsərə yox, aydın və məntiqli şərhləri
ilə millətini sevən hər bir vətəndaşın
həyat amalına və fəaliyyət proqramına çevirə
bilir. Belə idrak, belə peşəkarlıq, millətin
gələcəyi qarşısında
belə bir məsuliyyət hissi və nəhayət, belə bir vətənsevərlik
bütün tədqiqatçılara
xas olan keyfiyyət
deyil.
Doğmaları
onu “mehriban ata”, “qayğıkeş həyat yoldaşı”, “məsuliyyətli ailə başçısı” adlandırırlar. Lakin o, sadə bir ailə
başçısı deyil.
O, həm də həyatının hər
gününü sevdiyi
peşəni başqalarına
sevdirməyə həsr
edən, bilik və bacarığını
əsirgəmədən bölüşən
bir müəllimdir. Şirməmməd müəllim onu
sevən on minlərlə
tələbənin, bir
ölkədə bir peşə fəaliyyətində
çalışan bütün
insanların mənəvi
atasıdır. Onu prinsipial,
mübariz, üsyankar
kimi də sevirlər. Çünki o, gördüyü işin doğruluğuna inanan və həm də inandıran, fədakar və mübariz ruhlu siyasi-ictimai xadimdir.
Adətən,
belə insanlar haqqında deyirlər ki, onlar özləri
üçün yaşamırlar. Şirməmməd Hüseynov da
bu qəbildən olan, lakin adi
bir ictimai-siyasi xadim qəlibində olmayan şəxsiyyətdir.
İçərisində bulunduğu
cəmiyyətin çatışmazlıqlarına
dözməyən və
qəzəblənən, eyni
zamanda, yeri gəldikcə, sözü
və əməlləri
ilə başqalarını
qəzəbləndirən, heç bir təzyiq qarşısında,
heç zaman, heç bir halda öz inamından
dönməyən üsyankar
birisinin evin kandarından içəridə
– ailə ocağında
mərhəmətli bir
insana, sevimli bir ataya, qayğıkeş
bir həyat yoldaşına çevrilməsi,
doğrudan da, inanılmaz bir iradə, qibtə olunacaq bir dözüm
və nəhayət, nəcabət dəyərlərinə
əsaslanan yüksək
əxlaq tələb edir. Bu mənada
Şirməmməd Hüseynovun
ailə məhəbbəti,
doğma ocaq sədaqəti əsrlərin
təcrübəsindən yoğrulmuş
milli əxlaq mərtəbəsinə yüksəlir
və onun etalonunu özündə əks etdirir.
Milli fikir tariximizdə,
milli istiqlal mücadiləmizdə və
milli əxlaq xəzinəmizdə millətin
başını ucaldan,
milli qürur gətirən, zaman-zaman fəth olunmuş şöhrət zirvələrimiz
var. Bu zirvələrdə Nizami,
Nəsimi, Mirzə Fətəli, Həsən
bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məmməd
Əmin Rəsulzadə,
Üzeyir bəy Hacıbəyli kimi mütəfəkkirlərimiz dayanır.
Öz həyatı, mübarizəsi,
ictimai fikir cərəyanı ilə bu sırada qərarlaşan və öz varlığı ilə milli sərvət xəzinəmizi
daha da zənginləşdirən
şöhrət zirvələrimizdən
biri də Şirməmməd Hüseynov
zirvəsidir. Bu, elə bir möhtəşəm
zirvədir ki, bugünkü və gələcək ziyalı
nəsillərimiz üçün
belə bir yüksəkliyi fəth etmək müşkül görünür. Bütün bunlara
baxmayaraq, Şirməmməd
Hüseynov özü
haqqında danışmağı
xoşlamır. Jurnalistlər nə qədər çalışsalar da tərifdən və onun şəxsiyyətinə
səmimi pərəstişdən
xoşhal olduğunu sezmək, verəcəyi cavabların başında
onun dilindən “mən” sözünü eşitmək mümkün
deyil. Onun haqqında yazılmış
çoxsaylı məqalələrdə,
dəyərli ziyalılarımızın
çıxışlarında “istiqlal aşiqi”, “haqq-ədalət carçısı”
adlandırılan bu bənzərsiz insanın ətrafında baş verən və onun şəxsiyyətinə
sevgidən doğan pərəstiş həyəcanlarına
reaksiyası təəccüb
doğuracaq dərəcədə
sadədir. Buradan da onun portretinə yeni bir cizgi, adının
önünə isə
yeni bir epitet yaranır - təmənnasız insan.
Şirməmməd Hüseynova umacaq
anlayışı yaddır.
O, “təmənna” adlı
hissiyatdan çox uzaqlarda və çox yüksəklərdə
dayanan bir insandır.
Şirməmməd
Hüseynovdan danışarkən,
onun haqqında düşünərkən təmənnasız
olmaq mümkün deyil. Təmənnamız isə ondan ibarətdir ki, Ulu Tanrı Şirməmməd Hüseynova
uzun ömür, möhkəm can sağlığı
bəxş etsin, bu böyük ustada hələ uzun illər yazıb-yaratmaq xoşbəxtliyi
və ən müqəddəs arzularına
qovuşmağı nəsib
etsin.
Millətin şərəfini
uca tutmağı özünün şərəf
işi hesab edən, bu günlərdə
Prezident İlham Əliyevin sərəncamı
ilə “Şərəf”
ordeninə layiq görülən şərəfli
müəllimimiz Şirməmməd
Hüseynova 90 illik yubileyi münasibətilə
ən səmimi arzularımızı çatdırırıq.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 21 dekabr.- S.7.