Ömür bir nağıldır”

 

Hər yazıçı öz həyatını yazır. Bunun mənasını həyat və tale yollarını qələmə alan yazıçı-publisist Fərəc Fərəcovun “ Ömür bir nağıldır” xatirə-romanını oxuyandan sonra bir daha dərindən anladım. Bu kitabı oxuduqca ömrümüzün ötən illəri, çox uzaqlarda qalmış acılı-şirinli xatirələr xəyalıma gəldi. Çünki əsər müəllifi ilə həyatımızın böyük bir dövrü “Şərq qapısı” qəzeti ilə bağlı olduğundan romanda təsvir edilən hadisələr məni qəlbən ofsunladı.

 Romanı oxuduqca məlum olur ki, əsərin qəhrəmanı müəllifin özüdür. O, iki yaşında atasını itirmiş, anasının və digər doğmalarının qayğı və nəvazişləri ilə böyümüşdür. Həyatı boyu başına gələn hadisələri, xüsusilə, ölümün pəncəsindən dəfələrlə xilas olduğunu danışmaqla müəllif həyatının dar və ağır anlarında həmişə Allaha təvəkkül edərək bu fəlakət, qəzalardan xilas olduğunu bildirir. Orta məktəbi bitirən sinif yoldaşlarının – 16 nəfərin taleyini oxucuya danışan müəllif qeyd edir ki, Naxçıvanın qədim təhsil ocaqlarından sayılan Culfa rayonunun Yaycı məktəbi XIX əsrin ikinici yarısından fəaliyyətə başlamışdır. O, uzun və şərəfli yol keçən bu məktəbin şöhrətli yetirmələrindən fərəhlə söz açır. Azərbaycan Elmlər Akademiyasının prezidenti, akademik Həsən Abdullayev, akademik Məhərrəm Məmmədyarov, Kənd Təsərrüfatı naziri Məmməd Əsgərov, alimlər Hacı Hacıyev, Adil Allahverdiyev, yazıçı Nağı Nağıyev və neçə-neçə tanınmış adamlar bu məktəbin yetirmələridir.

Fərəc Fərəcov əmək fəaliyyətinə qəzetdə müxbirlikdən başlayıb. “Şərq qapısı” qəzetinin bölgə müxbiri, “Zəfər” rayon qəzetinin redaktoru, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, Naxçıvan Mətbuat Şurasının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı pillələrinə yüksəlmiş, publisistik məqalələr, şeirlər, hekayələr,romanlar müəllifi kimi yaradıcılığa davam etmişdir.

Əsərdə müəllifin yazıçı-publisist kimi qələm təcrübəsi, kamilliyi, istedadı, fəallığı, həssaslığı özünü göstərir. Müəllif dövrün ictmai-siyasi hadisələrindən yaxşı baş çıxararaq ölkəmizdə zaman çərçivəsində baş verən tarixi hadisələri, prosesləri jurnalist araşdırmasının süzgəcindən keçirir. Bu fakt və rəqəmlər dövrün salnaməsini əks etdirir. Ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyası, xalqın dərd-sərinə ürəkdən yanaşması, xalqı xilas etməsi onun yaradıcılığında diqqəti cəlb edir. Hazırda ölkədə aparılan quruculuq işlərinin geniş vüsəti, Bakının, Naxçıvanın, digər şəhər və rayonların gözəlliyi əsərdə bədii şəkildə öz əksinə tapmışdır.

“Aydın sabahlar” romanında müəllif ötən əsrin 90-cı illərinin əvvəlləri və ortalarında rayonlarımızda baş verən ictimai-siyasi prosesləri, cərəyan edən hadisələri qələmə almışdır.

Müəllifin “Müstəqillik yollarında” kitabında fenomen şəxsiyyət Heydər Əliyevin qüdrəti, əzəməti və siyasi uzaqgörənliyi tərənnüm olunur. Kitabın üçüncü bölməsi ulu öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezidentimiz İlham Əiyevə ,son bölməsi isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova həsr olunmuşdur.

Azərbaycan Yazıçılar Birliyində kitabın təqdimat mərasimində çıxış edən tanınmış yazıçılar, şairlər və jurnalistlər əsər haqqında yüksək fikir söylədilər.

 

Afət SADIQOĞLU

 

Xalq qəzeti.- 2014.- 21 dekabr.- S.6.