Türk gəncləri dostluq

və qardaşlıq qurultayında

 

Qədim və əsrarəngiz İstanbul dörd gün qucağını  türk dünyasının müxtəlif bölgələrindən gəlmiş gənclərə açdı. Balkanlardan Altaya, Qafqazdan Saxaya qədər nəhəng coğrafiyanı əhatə edən XVI Türk Dünyası Gənclik günləri və qurultayı səmərəli  müzakirə və təkliflərlə yadda qaldı. İstanbulda Dünya türk gəncləri birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gerçəkləşən möhtəşəm qurultay türk gəncləri arasında dostluq və qardaşlıq münasibətlərinin güclənməsində, gələcək əməkdaşlıq layihələrinin yaranmasında  mühüm rol oynadı.

 

Qurultayın açılış mərasimində  çıxış edən Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev iştirakçıları salamladı. Dünya Türk Gəncləri Birliyinin yarandığı gündən keçdiyi inkişaf yolundan, türk gəncliyinin təşkilatlanmasında görülən işlərdən danışdı. O bildirdi ki, DTGB  gələcəkdə də dünya türk gənclər təşkilatları arasında birlik və həmrəyliyin güclənməsi üçün mühüm layihələr həyata keçirəcək.   Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri  Fuad Babayev  Gənclər və İdman naziri Azad Rəhimovun qurultay iştirakçılarına məktubunu oxudu. Azərbaycan dövlətinin son illər türk dünyası ilə bağlı tədbir və layihələrdə fəal olduğunu vurğuladı. Qeyd etdi ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşən qurultay türk dünyası gənclərinin  gələcək əməkdaşlığında mühüm rol oynayacaq. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə DTGB-nin  türk gənclərini bir araya gətirən mühüm mərkəz olduğunu bildirdi. Qeyd etdi ki, Gənclər Təskilatları Milli Şurası ilə DTGB  gələcəkdə də  səmərəli əməkdaşlıq edəcək. Daha sonra Şahin Seyidzadə türk dünyası gənclərinin inkişafındakı roluna və xidmətlərinə görə DTGB-nin rəhbəri  Əkrəm Abdullayevə mükafat təqdim  etdi. Tədbirdə, həmçinin  Türk Konseyinin baş katibi Ramil Həsənov, Makedoniya parlamentinin deputatı Enes İbrahim, Moldova parlamentinin keçmiş deputatı Oleq Qarizan və digərləri  çıxış  edərək qurultayın türk dünyası, xüsusilə də türk gəncləri üçün əhəmiyyətindən söz açdılar. Daha sonra türk xalqlarının nümayəndələri  Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayevə öz hədiyyələrini təqdim etdilər.

Ənənəvi olaraq iki ildən bir keçirilən qurultayda  “Türk dünyasının iqtisadi inkişafı və Türk dövlətləri və xalqları arasında ticari perspektivlər”, “Türk xalqlarının milli mübarizəsi və regional münaqişələrin təsirləri”, “Türk dünyası gəncliyi: müasir təşkilatlanmalar və gənclik platformlarının qurulmasının önəmi” və “Türk dünyasında ilətişim gəlişmələri” kimi panellərdə müzakirələr keçirildi. Avrasiya Gənc Girişimcilər Dərnəyinin (AVGİD) rəhbəri Demet Onuşun rəhbərliyi ilə  keçən paneldə türk dövlətləri arasında iqtisadi münasibətlər, sərmayə yatırımları və gələcək perspektivlər müzakirə edildi.  “Çox geniş coğrafiyanı əhatə edən türk dünyası başda insan potensialı olmaqla, zəgin resurslara və potensiala malikdir.  Türk dünyası iqtisadiyyatının  yüksək texnologiyaya malik istehsal və məhsuldarlığını artırmaq zamanı gəldi.”-deyə təşkilat rəhbəri əlavə etdi.

 

Gənc jurnalistlər təşkilatlanırlar

 

Qurultay çərçivəsində gənc jurnalistlər Türk Dünyası Gənc İlətişimcilər Birliyinin təşkilatçılığı ilə türk dünyası mediası ilə bağlı müzakirələr apardı. Təşkilat rəhbəri doktor Şəmsəddin Kuzəçinin rəhbərliyi ilə baş tutan paneldə ümumtürk mediasının vəziyyəti, sosial medianın açdığı imkanlar və gələcək əməkdaşlıqdan söz açıldı.  “Xalq qəzeti”nin əməkdaşı, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü Ə. Ələsgərli Azərbaycan mediası barədə dolğun məlumat verdi və Azərbaycan KİV-nin türk dünyasının mədəni irsi, baş verən önəmli hadisələrə geniş yer ayırdığını vurğuladı. Artıq türk dünyasınına aid bir sıra nəşrlərin (“Türküstan” qəzeti, “Birlik” jurnalı və s. ) olduğunu vurğulayan natiq, həmçinin türk dünyası mediasında vahid informasiya sisteminin formalaşdırılması ilə bağlı təkliflər də səsləndirdi. Qeyd edildi ki, gələcəkdə gənc türk jurnalistlərinin şəbəkəsinin formalaşdırılması  sistemli halda fəaliyyətə müsbət təsir edəcək.  Şəmsəddin Kuzəçi bildirdi ki, Rumıniyada keçirilən qurultayda qurulan Türk Dünyası Gənc İlətişimcilər Birliyinin artıq 10 yaşı tamam olur. Onun sözlərinə görə, bundan sonra yaradılan gənc jurnalistlər şəbəkəsi öz ölkələrində daha səmərəli çalışacaqlar.

 

Münaqişələr və onların

türk coğrafiyasına təsiri

 

Qazaxıstan təmsilçisi Nurgali Jusipbayın  moderatorluğu ilə gerçəkləşən “Türk xalqlarının milli mübarizəsi və regional münaqişələrin təsirləri” panelində  əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi yad edildi. Yaxın Şərqdə, Krımda, eləcə də digər bölgələrdə baş verən münaqişələrin türk xalqlarına, ümumilikdə insanlığa vurduğu ziyandan danışıldı. İlk olaraq çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Şurasının rəhbəri Şahin Seyidzadə  ulu öndər Heydər Əliyevin ictimai xadim, görkəmli siyasətçi kimi türk dünyasında rolu və fəaliyyətindən söz açdı. Qeyd etdi ki, ulu öndər hər zaman milli mənəvi dəyərlərin qorunmasına, türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin güclənməsinə töhfələr verib. Natiq bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman  türk xalqları və dövlətləri ilə dostluq münasibətlərinə xüsusi diqqət verir. Sevindirici haldır ki, Azərbaycan artıq türk dünyası ilə bağlı müxtəlif  beynəlxalq tədbirlərə ev sahibliyi edir. Krım-Tatar Gənclər Mərkəzinin təmsilçisi  Lemara Useynova son dövrlər Krımda baş verən olaylar barədə məlumat verdi.  Dünya Türkməneli Vəqfinin təmsilçisi Mustafa Kemal Mahdum  Əfqanıstanda yaşayan türk əhalinin durumundan, qarşılaşdığı problemlərdən söz açdı. Bildirdi ki, qardaş Türkiyənin dəstəyi ilə açılan bir sıra məktəblər  gənclərin maariflənməsində mühüm işlər görür. Bu baxımdan türk xalqlarının və dövlətlərinin bir-birinə dəstək verməsi önəmlidir. Muhammed Gökkaya İraqda yaşayan türkman xalqının tarix boyu silahlı münaqişələrdən əziyyət çəkdiyini bildirdi. Türkmənistan təmsilçisi Murat Toylu türk-müsəlman xalqlarının keçdiyi tarixi mərhələlərdən danışdı. Onların dövlətçilik ənənələri barədə məlumat verdi. Qaqauz Yeri parlamentinin keçmiş deputatı  Oleq Qarizan qaqauz xalqının milli-mənəvi dəyərlərinə sahib çıxmasından danışdı. Bildirdi  ki, siyasi müstəvidə baş verən proseslərdən asılı olmayaraq, qaqauz xalqı öz milli mənsubiyyəti, keçmişi və adət-ənənələrini qorumaqda daim mübarizdir. Qırğızıstan təmsilçisi, jurnalist  Nazirə Aytbekova   türk dünyası  kültürünün zəngin olduğunu vurğuladı.  Bildirdi ki, gələcəkdə ortaq kültürümüzü, mədəni irsimizi daha yaxından tanımaq üçün mədəni layihələrin gerçəkləşməsi daha böyük səmərə verər. Tatarıstan  təmsilçisi Nail Nabiulla “Azattık” gənclər təşkilatının gördüyü işlərdən danışdı. Bildirdi ki, hər il Xocalı soyqırımı, eləcə də türk xalqları tarixində baş vermiş digər hüznlü və önəmli hadisələrin ildönümü  anılır. Suriya türkmənlərinin təmsilçisi Enes Türkmənoğlu türk-müsəlman əhalinin müharibədən əziyyət çəkdiyini, qətllərə məruz qaldığını vurğuladı. Qeyd etdi ki, böyük şair İmadəddin Nəsiminin məzarı belə müxtəlif silahlı qruplaşmaların hədəfində olduğundan oranı ziyarət etmək çox təhlükəlidir. Üzvü olduğum Dünya Gənc Türk Yazarlar Birliyi adından Nəsiminin qəzəllərindən ibarət şeir kitabını hədiyyə etməyim natiqin ürəyincə oldu. Qurultayın son günü nümayəndə heyətləri müxtəlif təkliflər səsləndirdilər.

Müzakirələr bitdikdən sonra DTGB -yə yeni sədr seçilməsi üçün  səsvermə keçirildi. Birlik üzvlərinin yekdil səsverməsi ilə Dünya Türk Gəncləri Birliyinin hazırkı sədri Əkrəm Abdullayev yenidən birliyin sədri seçildi. Göstərilən etimada görə təşəkkür edən sədr bundan sonra da türk dünyası gənclik təşkilatları arasında mədəni və ictimai əlaqələrin inkişafına, türk gəncliyinin dünyada güc kimi formalaşmasına töhfə verəcəyini vurğuladı.

Qurultay boyu ən çox bəyəndiyim və heyranlıqla izlədiyim gənclərin milli geyimlərində xalq mahnı və rəqslərini ifa etmələri  oldu. Ustad sənətkar Kaya Kuzucunun ifasında səslənən türkülər, xüsusilə də “Çırpınırdı Qara dəniz” və “Turan marşı” gənclərdə xoş ovqat yaratdı. Hər kəs dillər əzbəri olan bu mahnıları sevə-sevə oxudu. “Ayrılıq” mahnısının xorla oxunması iştirakçıları lirik ovqata köklədi. Azərbaycan, Altay, Qaraçay-Malkar, Krım, Balkan, Noqay milli mahnı və rəqslərinin hər biri özünəməxsusluğu və rəngarəngliyi ilə seçilirdi.  “Kadınca” qaqauz rəqsi, Krım türklərinin “Qaytarma”sı, başqırd gəncin kuray adlı milli nəfəs alətində ifası, Altay qızın  milli nəfəs aləti – xomusda çalması hamıya xoş gəldi. Kiçik bir nəfəs alətində təbiət gözəlliklərinin ab-havasını yaratmaq, quşların civiltisini, bozqurdun hayqırtısını səsləndirmək əsl möcuzə idi.  Gənclərin milli musiqiləri və rəqsləri ilə tanış olduqca hər kəs içində bir-birindən  bir zərrə olduğunu gördü.   Zaman və məkan bizləri nə qədər ayırsa da, ortaq dəyərlərimiz, mədəni irsimiz və doğma türkcəmiz  birləşdirir, aramızda körpü yaradır.

 ...Yenicə qaynayıb-qarışmış dostlarla sağollaşmaq  çətin idi. Ancaq buna baxmayaraq, İstanbuldan xoş duyğularla ayrıldıq, çünkü içimizə dolan gözəl duyğular və yurd sevgisi bizə yenə də hansısa türk elində görüşəcəyimizi pıçıldayırdı...

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2014.- 21 dekabr.- S.7.