İzmirdə beynəlxalq
turizm sərgisi:
Turizmdə Türkiyə
cazibəsi
Türkiyənin İzmir şəhərində 2007-ci ildən bəri hər il düzənlənən “Travel Turkey İzmir” beynəlxalq turizm sərgi və konfransı bu il dekabrın 4-dən 7-dək yenidən öz möhtəşəmliyi ilə qonaqlarına ev sahibliyi etdi. Tədbirin hava yolu sponsoru Türk Hava Yollarının (THY) yüksək keyfiyyətli xidmətindən yararlanaraq İzmirə gələn ziyarətçilər arasında mən də var idim.
Türkiyənin
İstanbuldan sonra ikinci böyük liman şəhəri olan İzmir bizi özünəməxsus
mülayim havasıyla qarşıladı.
Dekabr ayı olmasına baxmayaraq,
sanki payız yenicə qədəm
basmışdı bu yerlərə. Egey dənizinin zümrüd
sularıyla əhatələnən bu qədim
şəhərın ruhu nədənsə mənə Bakını
xatırladır. Bəlkə də İzmirlə
Bakının qardaşlaşmış şəhərlər
olmasının bir səbəbi də budur.
İzmirə gəlmə
səbəbimiz olan beynəlxalq turizm sərgisi şəhərin ən böyük yaşıl məkanlarından olan İzmir Kültür Parkında, nəhəng sərgi
salonunda
düzənlənmişdi. Türkiyə
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü, İzmir Böyükşəhər Bələdiyyəsi,
İzmir Mədəniyyət, İncəsənət
və Sərgi Xidmətləri Agentliyi (İZFAŞ), Türkiyə Turizm Agentlikləri Birliyi
(TÜRSAB) və “Hannover Fairs
Turkey” sərgi xidmətləri qurumunun təşkilatçılığı
ilə gerçəkləşən və 902 şirkətin
təmsil olunduğu tədbirə
dünyanın 67 ölkəsindən və Türkiyənin 52
vilayətindən toplam 28 min
73 ziyarətçi gəlmişdi. Əsas mövzusu
Türkiyənin zəngin və sərhədsiz turizm imkanlarını və bu
sferadakı yenilikləri tanıtmaq olan sərgidə partnyor
ölkə kimi Almaniya,
partnyor şəhər kimi
Adıyaman çıxış edirdi. İtaliya, Argentina, Avstriya, Bolqarıstan, Hindistan,
Koreya, Gürcüstan,
İran, Portuqaliya və
sair kimi 30 ölkənin öz turizm potensialını təqdim etmək
imkanı qazandığı tədbirdə
Türkiyənin Trabzon, Adana,
Kostomonu, Kutahya, Kayseri,Van və s.
bölgələri də öz stendləri
ilə iştirak edirdi.
Dünyanın
müxtəlif ölkələrinin, eləcə də Türkiyənin ayrı-ayrı bölgələrinin əsrarəngiz təbiətinin, tarixi abidələrinin, mədəniyyət və incəsənətinin, musiqisinin, mətbəxinin, adət-ənənələrinin
və turizm
baxımından diqqət cəlb edən digər özəlliklərinin sərgiləndiyi tədbirdə iştirakçılar həm də
önəmli iş bağlantıları qurmaq imkanı əldə etmiş
oldular.
Tədbirdə ziyarətçi
qismində iştirak edən ölkələr
arasında Azərbaycan da var idi.
Ölkəmiz öz stendiylə təmsil olunmasa da, xüsusi
dəvətlilər arasında yer
almışdı.
Tədbir çərçivəsində keçirilən konfransda dünya turizminin əsas inkişaf
istiqamətləri, bu sahədəki
yeniliklər və turizm xidmətlərinin
səviyyəsinin yüksəldilməsi məsələləri
müzakirə edildi.
Rəngarəng
görüntülər, şou-proqramlar,
zəngin satış-yarmarkalarla müşayiət olunan turizm sərgisi 4 gün boyunca qonaqlarına xoş
əhval-ruhiyyə yaşatdı. Türkiyənin bir-birindən
gözəl, hər birinin fərqli,
özünəməxsus koloriti olan bölgələrini, şəhərlərini
qarış-qarış gəzmək arzusunda olan
biri kimi bütün bunları bir
yerdə görmək imkanı mənə böyük
sevinc bəxş etdi.
Kastamonu
qonağı (o bölgəyə xas ev forması), Kutahya çiniləri, Vanın məşhur pişiyi və gümüş
zinət əşyaları, Manisanın əfsanəvi məcunu, Kayserinin məşhur
delikatesləri, Adıyamanın ləzzətli
şirniyyatları, Trabzonun gözoxşayan mənzərələri və
bunları müşayət edən milli
musiqilərin yaratdığı ab-hava
ziyarətçilərin üzündəki xoş
ifadədə öz əksini
tapmışdı.
“Travel
Turkey İzmir” sərgi-konfransı daxilində qədim
Aqora və Efes şəhərlərinə
səyahət, “Məryəm ana” məbədini
ziyarət təşkilatçıların bizə xoş sürprizi oldu. Efesə və “Məryəm
ana” məbədinə ikinci
gəlişim olsa da,
təəssüratım ilk gündəki
kimi xoş idi. Əsrlərin yaddaşını yaşadan bu əfsanəvi,
sirli məkanlar bütün
dünyada mövcud olan unikal abidələr
sırasında özünəməxsus yer
tutur. Türkiyə ərazisində isə belə məkanlar
saysız-hesabsızdır. Dörd dənizlə
əhatələnən ölkənin əsrarəngiz təbiət
gözəlliklərini, koloritlər çələngini və Avropada birinci olan THY-nin
xidmət səviyyəsini də nəzərə alsaq Türkiyənin
turizm baxımdan cazibəsi danılmazdır.
Aida AYSA
Xalq qəzeti.- 2014.- 21 dekabr.- S.7.